İlqar Fəhminin yaradıcılıq gecəsi keçirilib

İyl 3, 2026 - 21:13
 0  4
İlqar Fəhminin yaradıcılıq gecəsi keçirilib

İyulun 1-də Beynəlxalq Muğam Mərkəzində (BMM) yazıçı-dramaturq, şair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhminin yaradıcılığına həsr olunmuş “Məni axtar darıxanda” adlı ədəbi-bədii gecə keçirilib.

Bu barədə YAZİCİ.AZ-a BMM-dən məlumat verilib.

Tədbirdə AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir İlqar Fəhminin çoxşaxəli yaradıcılığı, dramaturgiya, poeziya və publisistika sahəsində qazandığı uğurlarından, eləcə də Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına verdiyi töhfələrdən söz açıb.

Bildirilib ki, İlqar Fəhminin əsərləri dərin fəlsəfi məzmunu, milli-mənəvi dəyərlərə söykənən ideyaları və özünəməxsus bədii üslubu ilə geniş oxucu auditoriyasının rəğbətini qazanıb. Onun yaradıcılığı milli-mənəvi dəyərlərin, söz sənətinin və muğam mədəniyyətinin təbliğində də xüsusi əhəmiyyət daşıyır.

Gecənin proqramı müəllifin yaradıcılığının müxtəlif istiqamətlərini əhatə edən musiqi və ədəbi kompozisiyalarla zəngin olub.

Xanəndələr İlqar Fəhminin qəzəlləri ilə muğam parçaları ifa edib, qiraət ustaları müəllifin şeirlərindən və dram əsərlərindən seçilmiş parçaları səsləndiriblər. Həmçinin onun yaradıcılıq motivləri əsasında hazırlanmış səhnə kompozisiyaları təqdim olunub.

Gecənin ən yaddaqalan məqamlarından biri isə onun müəllifin öz aparıcılığı ilə keçirilməsi olub.  

İlqar Fəhmi yaradıcılıq yolundan, əsərlərinin ərsəyə gəlmə tarixçəsindən, poeziya və dramaturgiyaya baxışından, sənətin insan həyatındakı rolundan söz açıb, müxtəlif dövrlərdə qələmə aldığı əsərlərlə bağlı maraqlı xatirələrini və düşüncələrini tamaşaçılarla bölüşüb.

Musiqi, poeziya, muğam və bədii qiraətin harmonik vəhdətində keçən proqram iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Sənətin müxtəlif sahələrini bir araya gətirən yaradıcılıq gecəsi tamaşaçılara zəngin mənəvi-estetik təəssürat bəxş edib.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0