Arvanada dəfn - Əlabbasın hekayəsi

Avq 15, 2026 - 11:29
 0  59
Arvanada dəfn - Əlabbasın hekayəsi

Yazici.az ədəbiyyat portalı Əlabbasın "Arvanada dəfn" hekayəsini təqdim edir.

Hamıdan irəlidə Ağca gedirdi. Dəstəbaşı  o idi.

Gün yarı olanda balaca təpəciyi aşıb yarğanın kənarı ilə dərəyə sarı üz tutdular. Külək yal-yamacın qarını sovurub çalaçökəyə doldurduğundan donmuş çayacan qalan uzun məsafəni keçmək o qədər də vaxt aparmadı. Yolun çətini və ən sərt yeri ordan o yana idi. Amma göz gözü görməyən çovğunda o cür qətiyyət və inamla ki, pay-piyada qafiləni çəkib ardınca aparan başçı irəliləyirdi, deyərdin bəs gənclik illərində olduğu kimi, bu ahıl çağında da qarşıdakı sərt və sürüşkən yamacı birnəfəsə qalxmaq fikrindədi.

Ehtiyac oldu-olmadı, sinəsini irəli vermək şakəri və kişiyana hərəkətləri onu qırx ildən çox idi, ikiadlı eləmişdi: Erkək Ağca… Zirək cücə yumurtasından tanınan kimi, o var ki, onun da cümlə əlamətləri inqə deyən saatdan bəs-bəlli idi; anadan dişli və belibütöv doğulmuşdu, bir əlində dörd, o birində altı barmağı vardı, gəldi sonralar da təzə bir adət öyrəndi: biləyini dirsəyəcən qaynar yağa salar, intəhası nə ağrı-filan hiss edər, nə də yerində yanıq izi, çapıq-mapıq qalardı. Əslində elə belə şeylər idi onu adamların gözündə bir ayrı məxluqa döndərən. Olmağına bir kimsəylə işi olmazdı, əksinə, arvada yaraşmayan dəli-dolu danışığına rəğmən istiqanlı idi, di gəl ağzını açandan pıçıltı ilə də olsa, ondan çəkindiyini eşidərdin.

Dağ adamları da bir-birini ayaması ilə çağırmağı xoşlayırlar, nəinki adları. Qalmışdı o da beləsindən ola: Erkək…

Birdən-birə bu sayaq ağlagəlməz müşkülə urcah olmaq günün bu günorta çağı tək arxadangələnlərin yox, heç başçının öz yadında da deyildi. Hiss etdiyinə görə, iki gün yarımın içində hamıda qəribə bir itaət əhvalı da yaranmışdı. Az danışır, nəsə etmək istəyir,  vaxt getməsin deyə tək onu eşidir, addım belə onsuz atmırdılar.

Yol yoxuşa diklənəndə başçı dayanıb geri döndü. Dərindən nəfəs dərib əlindəki başı əygəmli uzun əsanı xəncər tək, dizi döyən ağappaq qara sancdı. Bunu görüb ağırsanballı gələn qafilə də dayandı. İri dəmir təkərləri qalın qara kip oturduğundan köhnə at arabasının cırıltısı belə eşidilmədi.

Əynindəki belidar nimdaş palto, qulaqlı kişi papağı, tiftikli qalın əlcək və uzunboğaz, boz keçə çəkmə üzü dəstəyə dayanmış sarbanı həmişə olduğundan daha şaqqalı və qollu-budlu göstərirdi. Çovğunun aram-aram sovurduğu iri qar dənəcikləri dolmasın deyə göy gözlərini qıymaqla baxan qadın üzünə mülayim bir görkəm verib birnəfəsə:

-Burdan belə dolama getməliyik,-dedi,-yoxsa meyiti salarıq. Yoxuş sərtdi.

Kimsə dillənmədiyindən onun dediklərini hətta hamıdan axıra qalan Dəftər arvad da apaydın eşitdi. Dolama getsələr, fikirləşdi, yol ikiqat uzanacaq. Can lazım idi, bu qarqiyamətdə ona tab gətirə.

-Bəlkə, qayıdasan, a dəftəri bağlanmış, mənzilbaşına dinməzcə bir ömrün yolu var.

Adəti üzrə bu dar macalda da qız-gəlinlə cici-bacı, tay-tuş kimi danışıb, amma işini başçı kimi görən bu adamın davranışı Dəftəri – Allaha pay aparan qadın yolboyu qar üstdə uzanıb gələn naxışlı ləpirlərin sonunda əcaib nida işarəsi tək ucalırdı – qətiyyən təbdən çıxarmadı, əksinə, axıra qalmağın xəcalətini duzlu danışığı ilə birtəhər ört-basdır eləməyə can atdı:

-Sonra da desinlər, xeyrə-şərə yaramayan köpəkqızı, həə? Kimin uşağından kəməm, aaz?

Şaxtamı amanını kəsmişdi, dərə-təpəmi taqətdən salmışdı, ya nəydi, arvad elə danışırdı, elə bil ağzında çörək gəvələyirdi.

-Sən burda lazım deyilsən. Görürəm, ayağın da dalınca gəlmir,-ittihamı başçının dilində nə qədər sərt səslənsə də, arvad üzə durmadı; çəm-xəm, çəkişmə yeri deyildi, xalq nə hayda, o nə hayda? Neçə gün idi bir meyitin əlində aciz-avara qalmışdılar. Axır ki, bu gün Ağca “kişilərin qədrini indi bilərsiniz” deyib dəstəni üzünün zoruna yola çıxartmışdı. İki saat olardı, yıxıla-dura yol gəlirdilər, nə qədər də gedəsi idilər, bilən yox idi. Ayın-şayın vaxt olsaydı, başqa məsələ… İndi hər saniyə dar, dolama döngələrdən dərəyə yuvarlana bilərdilər. Biabır olmaları heç, ara yerdə meyiti bihörmət elərdilər. Vaxt keçər, vədə ötər, nə zamansa hamı Arvanada baş verən bu rüsvayçılıqdan həm də görsətmə bir şey kimi söz açardı: ki, bəs ötən əyyamlarda Əsgərxan adında bir kişi olub, tabutu Qara yoxuşdan düz dərənin dibinə yum-balanıb. Gör nə qədər günah yiyəsi imiş ki, meyiti də ələ gəlməyib.

Onda nə üzlə Gülgəzin qabağına çıxardılar? Elə xəcalətləri özlərinə bəs idi. Adama deməzlər ki, başın girməyən yerə bədənini niyə soxursan? Sizə deyən vardı irəli durun?... Ağbirçəklik eləyən olublar. Yaramazlar.

Nə var, yox ortada idi, amma gərək insafı da unutmayasan: Erkəyin kimliyi, nəçiliyi, bir qayda olaraq, həmişə bu cür ağır anlarda üzə çıxardı. Oxşayır ki, məharəti də elə bunda idi. Yoxsa o cür ayamanı bəyəm hər yetənə deyirdilər? Heç ona da arvadlara xas olmayan nataraz cüssəsinə, kosa saqqalına, sarı seyrək bığına görə verməmişdilər, həm də ona görə vermişdilər ki, əndamıyanmışın dilçəyi dilindən də uzun idi.

Hələ bir həftə əvvəl, qocanın gedər-gəlməz yolunu bərk-bərk tutduğu gün kimi aydın olanda Gülgəzin xəstəni süzə-süzə naəlac halda verdiyi suala cavabı da çox aydın və yığcam olmuşdu:

-Aaz, Əsgərxan ölür, biz də ölməmişik ki!

Yəni ki, fikir eləmə! Allah var, rəhm əlini kəsməz. Həlbət bir çarə qılarıq.

Ötüb-ötənlərdə elədikləri heç, götür elə ta srağagündən bərini… Hər şeyin çəmini tapır, çarəsini qılır, bir adam da sözünə qulp qoya bilmirdi. İki uzun qış gecəsini sübh səhərəcən Gülgəzlə cənazənin yanında kim qalmışdı? O. Nəyi necə etmək lazım olduğunun tədbirini kim tökmüşdü? O. Ölünü kim yuyub-kəfənlətmişdi? Yenə O. Kim elərdi bunu?

Başqalarından olsaydı, meyit hələ də ortalarda idi. İllah da Gülgəz. Söyüş qabı olmaq istəmirdi deyə, iki ayağını bir başmağa dirəmişdi ki, göylərin hikkəsi toxtayana, çovğun yatana qədər gözləsinlər. Bilmək olmaz, bəlkə, onacan əsgərlər də Xanın başını yerə qoyduğundan xəbər tutub özlərini yetirdilər. Ümidi hələ də üzülmədiyindən yazıq qarı onun-bunun üzünə baxa-baxa, nagüman halda:

-Demirlər, yer qulaqlıdı?-soruşdu,-indi nə olub? Aparsın da xəbər.

İntəhası Erkək çağırıb evin bir küncündə qulağına nə pıçıldadı-pıçıldamadı, ev yiyəsi ağlayıb-kirimiş yas əhlini suçlu baxışlarla süzə-süzə havanı kəsik-kəsik qoxulayıb üzünə mələfə çəkilmiş uzundraz nəşi bir daha gözdən keçirdi və:

-Yox ağlım, mən də deyirəm, görən, içərinin havası niyə saatdan-saata belə ağırlaşır?-soruşdu,-düz deyirsən, iylənib meyit. Nəfəs almaq olmur.

Ölü sahibinin razılığından ağbirçəyin ayağı yer aldı:

-Gərək ləngitməyək. Sonra camaat cəmdəyimizə tüpürər,-deyib daha kimsəyə məhəl qoymadan Çəmənnaza beş-altı bazburutlu qız-gəlin qoşub çeşt vaxtına az-maz qalanda qəbiristanlığa göndərdi ki, meyit götürülənə qədər qəbri qazıb hazır eləsinlər. Üstəlik məzarçılara gorun eni, uzunu, şamın dərinliyi, qiblənin yönü-yöntəmi haqda da bir saat moizə oxudu ki, görəcəkləri işi başdansovdu yox, urvatlı eləsinlər.

Ondan iki gün irəli, meyit yuyulub-kəfənlənəndə də sinəsini birinci irəli verən o olmuşdu. Üzə deməsələr də, Ağca olan yerdə hamının içində bir arxayınlıq vardı. Əmin idilər ki, çıxış yolunu tapsa-tapsa yenə o tapacaq. Belə məqamlar ona nəinki ən ağır və müşkül iş, lap can əmanət etmək olardı. Bəs nədi, adama yox yerdən, elə-belə Erkək deyərlər?

Nə qədər ki, cəsəd suata uzadılmamışdı, hər şey öz vamında gedirdi. Mərhumu soyundurmaq məqamı ki çatdı, gülə-gülə olsa da, hərə turşumuş üzünü bir yana tutdu. İş bu minvala çatanda bayaqdan özünü iş bilən, hər şeyə qabil kimi göstərən bir nəfərdən də cınqır çıxmadı; kişi ola, özgə kişisi, o da meyit, gəl görüm kimi qınaya bilərsən?...

-Bacı, mənnən uzaq elə!

-Oy, oy, mənnən də!

-Sizdən uzaq, mənnən dünənnən uzaq!

ılpaq kişi görəndə ürəyim qalxır.

-Altına yıxılanda necə, qalxmır ki?... Ləçər yenə deyə, meyit görəndə eymənirəm, deyərsən, cəhənnəm, yoxsa ki, ürəyi qalxır! – cavabını ərklə araya deyən Erkək söhbəti uzatmağın yersiz olduğunu görüb öz-özünə mızıldanırmış kimi, bədbəxt gəlin, sən ilnən kişi üzü görürsən ki, çılpağı, ya paltarlısı da ola, soruşdu. Ardın-dan da ötkəm-ötkəm, kənar dursunlar, dedi, baxsınlar işi necə görürlər. Yoxsa sizin kimi? Yaxşı qoyalar xəlbirnən su daşıyasınız.

Sonra da qol-qıçını çırmayaraq çiynini ağır yük altına verirmiş kimi:

-Ya sahib əz-zaman, mədəd qıl, – deyibən işə girişdi.

O, məsləhətindən də qalmır, arada dediyini deyir, göstərişini verir, həm də qız-gəlini ruhdan düşməyə qoymurdu:

-Gözünüzü ondan çəkin ki, beş-on ağac o yandan əsgər gəlib sizə meyit dəfn eləyə. Onlara kim dəfn əsgərləri deyib, atasına min təsbeh rəhmət. Amma göylərdən bağlanan yola əsgər neyləsin, ya qeyrisi? Gərdişi-dövran elə gəlib ki, indi sağ gözün sol gözə xeyri yoxdu. Odu ki, özünüzü qoyub, bir ayrısına umud olmayın. Nə var, bu əziz günün yiyəsinin əlindədi.

Qarı ortaya pərdə çəkdirib aralarında Gülgəz də olmaqla özünə beş köməkçi götürdü. Hərəsinə bir iş tapşırıb vacibatı tələsmədən, səbrlə, tamam-kamal yerinə yetirdi. İşin lap sonunda isə:

-Sidri-qüsl verirəm meyti-hazır üçün, vacibül-qür-bətən illəllah, – deyə mərhumu necə lazımdı, eləcə suya tutdu, arvadının əli ilə qurulatdı, yaxasız köynəyi də mərhumun əyninə onun köməyi ilə keçirtdi və bütün bunları cavan buyruqçularına təmkinlə, bittə-bittə başa saldı.

-Goruma aparmayacam ki,-dedi,-öyrənin, nə necə olur?-cənazə tabuta qoyulandan sonra isə,-həə, ta ürəyiniz qalxmaz,-söyləyib çəp baxışlarla hərcayı sözün pərtlikdən pul kimi qızaran yiyəsi Şahsənəmi taparaq üzünü elə ona da tutdu:

-Hər əhli-islamın borcudu, yeddi müsəlman yuyub-kəfənləyə. Bunu kim edərsə, yeri behiştdi. Amma ta beləsindən yox. Neyləyək indi, gedək qonşu kənddən kişi gətirək bizə ölü yuyub paklasın? Nəmənədi bilmənəm, intəhası qiyamətin əlamətidi bu. Açın qulağınızı eşidin. Vur-tut iki başıpapaqlımız qaldı. Məllim, bir də Dağbəyi.

Birbəbir hamıya göz qoyan mürdəşir:

-Belə ki, baxıram,-dedi,-innən belə ordan-burdan gələnlərin də əziyyəti bizim boynumuzdadı. Dünyanın o başında ölənləri də gətirib gəlirlər. Nədi, nədi, arvanalıdı. Allahın ver günü də bir ölüm xəbəri çıxır. Bu da Qurban olduğumun əmridi, durub dava açası  deyilik ha. Kim görmüşdü, arvad kişiyə mürdəşirlik eləyə? Olmaya eşidən olub, mən yaddan çıxarmışam? Sizdən soruşuram, eşidən olub belə şey? Odu ki, deyirəm, işinizi bəri başdan bilin. Göylərdən bəla gəlir. Sizi göz açmağa qoymayan bu tufan da, bu dar dərələrin dibində arxa-dayaqsız qalmağınız da onun bir əlaməti, nəm-nişanıdı. Sizə anladır ki, vaxt-vədə yaxınlışır, hazır olunİndi bilin ki, nə var, Qurban olduğumun əlindədi. Bu da onun bir imtahanıdı. Yaratdığının səbrini yoxlayır. Dua eləyin, bəlkə, ününüz bir yerə yetdi, mən Yasin oxuyanacan hava da açdı… Qaldı ki, mərhuma, o, əşrəfi-kainatın ən düz adamıydı, haqqınızı halal eləyin ona.

Hamı birağızdan:

-Halal xoşu olsun! – dedi.

 

***

-Axsamağıma baxma, gedəcəm, üzüm bərkdi. O getməsin, bu getməsin, bə kim getsin? – bədavaz olsa da, Dəftər arvad elə qətiyyətlə dilləndi ki, razılıq əlaməti olaraq sarban onu başa düşdüyünü başını yüngülvarı tərpətməklə bildirdi. Bu, kimin bərkdə əlinin nə qədər olub-olmağından da çox, adət-ənənəyə sədaqət və etibarının dəqiq ölçü-biçisi bilinən bir an idi. Odur ki, kim-sə addım geri qoymaq fikrində deyildi. Sallana-sallana gələn arvadı yarıyoldan qaytarmağı da dəstəbaşı elə o səbəbdən lüzumsuz bildi. Əksinə, istədiyi o idi ki, hamı nəyə qadir olduğunu məhz bu çətin gündə sübut eləyə bilsin. Əlinin içi kimi bilirdi ki, on-on beş nəfərlik bir dəstənin bu gün burda, bu qandonduran şaxtada nəyi necə elədiklərinin səs-sorağı cik-bikinəcən daha haralardan gələcək, illər sonra da cəmi arvanalılar onu necə həvəslə yozub-yoracaqlar.

Qılıncı asan və tezcənə qına qoymaq istəməyən hacıleylək kimi uzun arvadın cavabından və başçının başla işarəsindən sonra qollu-budlu iki nəfər arabaya qalxmaqla qalanları da yerdən köməkləşib hıqqana-hıqqana üstünə güllü, ensiz xalça açılmış zindan kimi mafəni az-maz irəli sürçüdə bildilər: bəxtlərindən tabutdakı adam tək Arvananın deyil, bəlkə də, cəmi yer üzünün ən zəbərdəst kişisi idi…

İşdən razı qalan nizamçı:

-Həlbət biləniniz oldu niyə sizi seçmişəm?-soruşmaqla üz tutduğu adamların tək işinə qiymət yox, həm də qoltuqlarına qarpız vermiş oldu.

– Bəlkə, bir nəfəsimizi dərək? – istəyi bu an hamının ürəyindən keçsə də, onu ilk dilə gətirən sifətini çovğun və iri qar dənəciklərinin qıpqırmızı pazıya döndərdiyi Tıntın Fizzə oldu.

-Nə dediyindi, qız, deyirsən, tərli-tərli dayanıb, donaq, ya gedib qaranlığa düşək? Gün də dönüb. Məni eşidin. Əsas işimiz ordadı. Allah qoysa, neynəmişik hələ? Elə bilirsiniz, Çəmənnaz iş yarıdandı? Gedib qəbri özümüz qazmasaq, yaxşıdı, – deyib dəstəbaşı daha kimsəni dinləmədən əsasını qardan çəkib yola düzəldi.

Buna bəndmiş kimi tərli canından hələ də buğ qalxan qara ayğır da bir-iki dəfə dartınmaqla cənazə ilə bərabər xeyli dəfn ləvazimatı –  bir neçə bel, kürək, ling, iri su bidonu və enli sal daşlar yüklənmiş zindan kimi arabanı çəkib qardan çıxararaq cilovdarın dalınca düşdü.

Qafilə ağır-ağır yerindən tərpəndi. Çovğunun təntitdiyi on-on beş nəfərlik altdan geyinib üstdən qıfıllanmış dəstə yenidən hərəkətə gəldi.

-Nəfəs dərmək! – dolama yolu əlinə alıb gah topuğu ancaq görən, gah da rahatca dizi döyən tül tək çinlənmiş qarda it zülmü ilə irəliləyən başçı öz-özünə deyindi, – o dünyada o qədər nəfəs dərəcəksiniz haa… Biri elə yanınızdakı. Gözünüzə su verin, görün necə nəfəs dərirlər?...

Cırıltısından qulaq tutulan sınıq-salxaq at arabasında aparılan yükün yolunu orda, yalın o biri üzündə, iri yastandakı aramgahda gözləyirdilər.

 

***

Qoca sübh çağı, pəncərədə bir anlığa da olsa, dan şəfəqləri sayrışıb yox olanda keçindi. Olsun ki, heç o cür deyildi, amma deyərdin bəs qığılcıma bənzər o ötəri işıqla bərabər otağa inanılmaz bir yüngüllük və rahatlıq da gəldi. Sanki bununla da günlərdən bəri acı bağırsaq tək uzanan şaxtalı qış gecələrindən daha biri, axır ki, sona vardı, hər şey bitdi, qurtardı, nə var, arxada qaldı.  Bət-bənizi ağappaq ağarmış meyitə başını yırğalaya-yırğalaya son kərə nəzər salıb heysiz halda qapıya üz tutan qarı da artıq hayında deyildi ki, onunçün də hər şey bitib, birkərəmlik yapyalqız qalıb, daha bir kimsənəsi, həyan duranı yoxdu. Beş addım o yanda buza dönmüş ərindən yeganə fərqi eləcə quru nəfəsinin gedib-gəlməyidi.

Qapını açmağı ilə örtməyi bir oldu. Taxta döşəməli eyvanın tən yarısı topuğacan qar idi, çovğun az qalırdı sovurduğu püsəyi də içəri doldursun.

-Allah, sən saxla!-qarı dizinə döyə-döyə heyrətdən səksənib geri çəkildi. Arxada meyit, irəlidə qar-qiyamət – arvad həm də ona görə vahimələnmişdi ki, əri yorğan-döşəyə düşən gündən nədən ki, ehtiyat eləyirdi, məhz o başına gəlmişdi.

Onsuz da indidən kimsəyə əziyyət vermək fikri yox idi. Deyirdi, bəlkə, obaşdan çıraqlarını yanan görüb, Dağbəyinin qayıdıb-qayıtmadığını bilə bilər. Amma Arvana elə zülmət idi, sanki tək yüz ildən üzü bu yana divar-divara söykəndiyi qonşuda yox, bütöv kənddə bir inni-cinni qalmamış, nə vardı, həmişəlik torpağa gömülmüşdü. Xoruzların birinci banı idi, heç olmasa indi iftara duranların işığı gəlməliydi, görəsən, onlar harda itib-batmışdılır? Bu cür də yatıb yuxuya qalmaq olardı?

Belə… Bu da sənə qonşu… Şəhərə getməyə vaxt tapdı. Gecə-gündüz etibardan, vəfadan dəm vuran vələdüzna elə bil xəstənin qəsdinə durmuşdu. Binəva qoca halsız-halsız xahiş edəndə ki, sənə işim düşüb, a dağlar bəyi, gəl mənə xatir beş-on gün getməyini təxirə sal, onu da məzəyə düzdü, gülə-gülə, Əsgər əmi, gələn ilə söz vermirəm, dedi, amma nağdı bu il sənə ölüm yoxdu, namxuda, lap buz baltası kimisən, yüz yox, lap milyon faiz arxayın ola bilərsən.

O an xəstə heç mülhaz etmək iqtidarında da deyildi ki, öz pəjmürdə halı və zarımağı ilə kəlpeysərin çörəyinə necə yağ çəkmiş oldu. İstədiyi cibxərcliyini qopartmağın əsl məqamının gəlib çatdığını külli-məxluqatın ən mağmını belə hiss elərdi, qalmışdı gözdən tük qapanın, kəmfürsətin biri ola.

Qoca deyəndə ki, yaman yerdə haqlayıb fələk onu:

– Söz vermişəmsə, demək, boynumun borcudu səni götürmək, – cavabını aldı, – bəs hansı günün qonşusuyuq?

Sonra da basıb-bağlayasan ki, gedib-gəlməyi nə çəkər axı onun? Haca-zada getmir ha, deyələr, belə-filan, inşallah, bir həftəyə burdadı.

– Agzında deyirsən Dağbəyi. Mənim orda-burda nə işim, mənimki dağ-daş, dərə-təpə, çöl-bayırdı. Arvad burda, uşaq burda… Adama da nə lazımdı?

O bir həftə, bu bir həftə, az qala bir aya yaxın idi, fırıldaqdan xəbər yox idi, harda itib-batmışdı, arvadı da bilmirdi. Yerəbaxan qadın deyib-danışmasa da, atdığı hər addımdan onların da şəhərdə özlərinə yurd-yuva eləməyin bərk eşqinə düşdükləri aydınca görünürdü; iki günün biri ərinin ayağı orda idi, üstəlik qadının özü də son zamanlar oturub-durub səbəbsiz-filansız şəhəri tərif idi ki, eləyirdi. Xeyir ola?

Qonşuları səhərin gözü açılmamış, alatorandan çağırıb həyətə tökməyin ziyanı olmasa da, heç xeyri də yox idi. Allah qoysa, Ağcanın, Şahbikənin, Şəhrizadın, Mahidövranın, getdikləri neçə saat olardı? O birilər də onun kimi. Biri gəlir, biri gedir, bu üzücü dəqiqələrdə xəstəni və onu başsız qoymurdular. İllah da gecələr… Bu qonşuluq haqqı,  hörmət-izzət axırı ev yiyəsini dilə gətirdi, ərini az-maz eyniaçıq görən kimi qəhərlə:

-Siz Xanı elə-belə oğul bilirdiniz?-eşitdirdi,-bu dönə də kəfəni yırtsa, yazacan ölüm yoxdu ona. Durun gedin, bir şey olsa, özüm xəbər elərəm. Girinc-giriftar olmusunuz ta, üzüqarayam yanınızda.

– Xanın yox, əsgərin olmuşam sənin, – neçə gündən bəri cınqırı da çıxmayan halsız-hərəkətsiz xəstənin birdən-birə dirçəlib, özü də o cür kəllə işlətməsi gələnlərin əhvalına bir xeyli dad-duz qatdı. Eynləri açıldı, deyib-güldülər, zarafat zarafata calandı, misal misalı çəkib gətirdi.

-Belə kişinin qadasını alasan, – ər sarıdan üzü heç vədə gülməyən Əbəçi Yazgül ordan-burdan danışıb axırda yenə başladığı söhbətin davamına qayıtdı,-yoxsa bizim yesir kimi? Məni söyə-söyə öldü gorbagor.

…Ev yiyəsinin getmək barədə xəbərdarlığı hamıdan əvvəl Şahbikənin qat-qırışığını açdı:

-Xəcalət düşmənin olsun, a Gülgəz, maşallah, yönü bəridi sənin Xanının, – dedi və getməyə həvəsiyənlərə bəhanə vermiş oldu, yoxsa kim idi xəstəni can üstə qoyub aradan çıxan; qayda varıdı, qanun varıdı, niyə sonra diligödək, başıaşağı olaydılar? Neçə gün idi yığışırdılar, ağı deyib ağlaşırdılar, amma dağılışmırdılar. Çoxdan idi burda, insan həniri hələ də kəsilməyən bu balaca aulda hamı qəbilə halında yaşayır, özlərilə birgə minillik adət-ənənəni də yaşadır, hələ üstəlik yeri gələndə bu cavabdehlikdən bir məmnunluq da duyurdular.

Dövran da o dövran deyildi daha,  qonşuda bir həyəcanlı səs eşidən kimi adamlar tökülüb gələ, hərə bir işin qulpundan yapışa. Ocaq çatan, halva çalan, çay tədarükü görənlər bir-birinə qarışıb, gördükləri işdən də çox, ölü yiyəsinə dərd unutduralar. Hər şey kimi, ötənlərdən fərqli ölüm-itim də indi bu yaşayış məskənində bir ayrı tövr olmuşdu.

Yazdan söz salmaqda qarının elə bir məqsədi-filanı yox idi, sadəcə özünə toxtaqlıq, ürək-dirək verirdi. Qonaq-qaraya hiss etdirməsə də, nəsə gətirmək adıyla xəs-tənin halı qarışan gündən bəri hər gecə neçə kərə çıxıb baxmış, yeri-göyü baxıcı kimi xüsusi nəzərlərlə gözdən keçirmiş, hər dəfə də ürəyində Allaha yalvarmışdı ki, nə olurdu olaydı, bircə qar yağmaya, Düz Yurdla əlaqə kəsilməyəydi. Onsuz da onlar qış aylarını dünyadan bixəbər, təcrid olunmuş halda yaşar, yalnız yaz açılanda eşidərdilər ki, dünyanın harasında nələr baş verib? Hələ onu da eşitsəydilər… Yenə qışın o oğlan çağı idi: hər yan sal buz, gorgah xirtdəyəcən qar, qəsəbəyə gediş-gəliş yox, çovğun da bir tərəfdən… Bu gedişatla ola bilərdi, bu qış Arvanadan bir adam salamat çıxmasın. Allah eləməmiş, ərinə bir şey olub eləsəydi, başına haranın küllərini tökərdi? Əsgərlərin də gələn yolu bağlansaydı, vay halına. Bir o qalırdı, ayağını uzadıb o da ölənlə ölə.

Xəbər eləyən olsaydı, kim bilir, bəlkə də, anasıölmüşlər çovğuna, borana baxmaz, özlərini pay-piyada Arvanaya yetirərdilər. Hamı danışırdı ki, son vaxtlar qəsəbə və ətraf kəndlərdə nə qədər ağır iş var, onlara gördürürlər. Amma bu ilikdonduran qan-qiyamətdə o xəbəri kənddən əsgərlərə apara bilən adamı tapmağın özü bir igidlik idi. Allah qoysa, Arvanada kişi qalmışdı ki? Beş-üç nəfər yeniyetmə oğlanı başına yığıb, bir ölünü basdırmaq daha əfzəl idi, tərslikdən indi onlar da Düz Yurdda məktəbdə idilər, nəinki adam tapıb hərbi hissəyə xəbər göndərmək.

Qarın aramsız yağmağı yox, daha dünyanın dağılmağı da vecinə deyildi. Necə ki, qarnıtox yırtıcı qənimətini gizlədər, qar da yer-yurdu o cür xəlvətcə ört-basdır eləmişdi. Qarı qonaq-qarasını həyətdən yola salıb qayıdanda qara yellərin hənirtisi ayın-şayın hiss olunsa da, uca göylərin ələyi hələ qar ələmirdi… Nə olmuşdu, son ikicə saatda olmuşdu. Hələ onda bilmirdi, Dağbəyi şəhərdən quşun qanadında qayıdası olsa belə, bu tüpü-boranın ucbatından dağ boyda kişinin meyiti sər-tamam iki gün yarım damların küncündə qalacaq.

Bu da onun bəxtindəndi, yoxsa başına vaxt qəhət idi zalımıçıxmışın? Qızılı payızın qupquru, gözəl-göyçək günlərini qoyub, gör nə vaxt ölümlə salam-sabah elədi? O vaxt ki, Arvanada dərd ölünün yox, dirinin dərdiydi. Üç ilə yaxın idi, kəndin kişiləri bir əlin vur-tut üç barmağı ilə sananırdı: yaş sırası ilə əvvəl Lətif müəllim gəlirdi, sonra Əsgərxan, axırda da Dağbəyi. Üç-dörd nəfər də vardı ki, onlar Arvananın adını ancaq yaydan-yaya tutardılar. Soyuqlar ki düşdü, oğula-qıza qoşulub şəhər deyibən gedər, havalar düşənəcən kənd üzü tanımazdılar.

Qaldı Lətif müəllimə, daha o halda deyildi, xəstə üstə gedə, naəlac qalıb meyit götürə. Bu saat bir molla onun özünə lazım idi; gündə azı üç dəfə o dünyaya dəyib-qayıdırdı. Ömrü uzunu can qoysa da, Arvanadakı məktəbi onillik eləmək ona qismət olmadı ki, olmadı. Kənd uşaqları, əsasən də oğlanlar, hələ də var qonşu Düz Yurda ayaq döyürlər. Yüz də desinlər, Arvananın dağılması elə belə şeylərin ucbatından oldu. Gedən gəlmədi, gələnsə Sarıyaldan, Düz Yurddan bəri keçmədi. Birdəfəlik köçənlərdən başqa, ailəsini qoyub qazanc dalınca gedənlərin də say-hesabı çoxdan itmişdi.

Kimi soruşurdun, hərənin sorağı bir dərədən gəlirdi. Ocağa yiyə duran beş-üç nəfər də dünənə-srağagünə qədər yalnız direktoru Lətif müəllim olan o uçuq-sökük məktəbin hesabına buralarda duruş gətirmişdi.

Düzünə qalanda, onların da bir ayağı şəhərdə idi. Daha gedib toylarını da orda eləyirdilər. Bir o qalırdı, aparıb ölülərini də orda basdırsınlar. Nə qədər sadəlövh olsalar da, dövranın gedişatından hiss eləyirdilər ki, gec-tez bu yerlərdən gedəsidilər. Daha onda qəbirləri niyə burda qalaydı? Amma kiminsə o zarafatı ki, indi Qarabağı almaq asandı, nəinki şəhərdə qəbir yeri, vaxt ötdükcə bu işin aşkarca əngəl-kələfinə çevrildi. Yoxsa bir inni-cinni barmağını qatlayıb deyə bilməzdi, bu işdə yol əziyyəti, xəcalət hissi və el qınağı onların qarşısını kəsmək qüdrətindədi, ya yox?

Qarı qapını yenidən açası oldu. İndi nə olmuşdu, olmuşdu, barı Allah bundan sonra iş avandlığı verəydi, Xanı ağır-əziz eləyə, köməkləşib torpağa tapşıra biləydilər. Tək ağlaşma ilə iş bitmirdi ki?! Onsuz da neçə gün idi o ki var, gözyaşı tökmüşdülər. Ağlamaqdan gözlərində yaş da qalmamışdı.

Səma azacıq işarsa da, gecənin duvağı hələ üzündə idi. Kəllə otağın sobasına indidən od salmalıydı ki, buzxana qonaq-qara gələnə qədər pis-yaxşı isinsin. Qəhvə-xana o qədər qız-gəlini götürməzdi.

Əri yay uzunu təkbaşına doğradığı oduncağı, gərmə-nefti  səliqə-sahmanla eyvanın bir küncünə yığardı ki, onun Gülgəzi qarda-buzda əziyyət çəkib həyət-bacaya düşəsi olmasın. Onsuz da qocalıq axırlarına çıxmışdı. Çənələrinin dizlərinə dirənən vaxtında yıxılıb bir xəsarət də bu yandan alsaydılar, başlarını bəlaya salardılar. Qarı da gənclik illərində olduğu kimi, indinin indisində də gecə-gündüz əqrəbsiz saat kimi işləyən kişisinə ha əzizlənərdi ki, kaş o, başdan-binadan  qədirbilən olmazdı. Görərdi əvəzində Allah ona təmənnasında olduqlarını verir, ya yox? Niyəsə həmişə biveclərin, kəmetinaların bəxti gətirir.

Xan öz aqilanə cavabı ilə elə o zaman da, sonralar da arvadının qəlbini bir ney kimi ustalıqla çalmağı bacarmışdı: “Səndən savayı, bir şey dilədim ki, o da verməsin?”

Bələd idi qulaq yoldaşına, ərimək bilməyən dərdini təkrar-təkrar ərz etməkdən usanmırdı ki, usanmırdı: durub-oturub bir kimsəyə yamanlıq etməyə-etməyə niyə axı bu cəzanı çəkməli idilər, soruşardı, əl boyda ət parçası nə matah oldu ki, Qurban olduğum onusa da qıymadı bizə? Adam var, şeytan şəridi, amma nə sirdisə, Allah da onun tərəfindədi. Nə günah işlətdik axı biz? Ya şahi-mərdan, budu sənin böyüklüyün?

-Ayranını iç, qulağın dinc, a Gülü, qarışma onun işinə.

Onu da cavanlıq illərində, o vaxt ki, oğul-uşaq sarıdan bəxtlərinin bağlanıb, kilid-açarının da dərin-dərin dəryalarda olduğunu Bakıda qızıl-qırmızı üzünə deyən həkim diliyanmışdan da qabaq Gülgəz özü hiss eləmişdi, Əsgərxan hələ onda soruşmuşdu ki, olanların hansının barmağı bala batıb, qalıb onlar?

– İş elə baldadı? – soruşan əzizgirami gəlin qəhər içində, – get başının çarəsini qıl, məndən sənə haray yoxdu, – deyəndə güman da eləməzdi ki, anlaşılmaz və qəfil qərarı ərinin damarına necə toxuna bilər. Etibar və sədaqə-tin haqqı nəyi tələb edirsə, yersiz mülahizəyə qətiyyən vaxt itirməyən Əsgərxan da onu bir qul itaəti ilə etməyə hazır olduğunu əməlindən də əvvəl, sözü ilə ortaya qoydu:

-O şey ki, Allahdan qismət deyil, özünü oda vursan da, xeyir tapmazsan. Gör nəyi özünə dərd eləyir? Uşağı! Sən tək gözəllə keçən bir günüm min təxtü-Süleymana dəyər.

Ərinin, işıqsız çöhrəsini məhz bu dəm cod kəndli əlləri ilə oxşamağı onu eşitdiklərindən heç də az kövrəltmədi. O bu qadını kəndli dili ilə əzizləyəndə dünyanın ən məşhur dilmancına dönərdi. Amma bu, o vaxt idi, evləndiklərindən vur-tut dörd-beş il sonra. Çox da ki, həkim bir söz idi demişdi. Bəyəm hər deyilən söz düz çıxır? Əstəfrullah, Allahıdı, nəydi o, hər şeyi bilə?

İman Allah amanatıdı, kim zamin dura bilərdi ki, günün birində o bunu eləməz? Tez-tez təkrarlayan olmaya bir özgəsi idi ki, inşallah, gözəl qızlarını necə dəm-dəstgahla, cer-cehizlə ər evinə köçürəcək, oğlanlarını oxudub nə cür qulluq yiyəsi edəcək?...

Yox, səbəb tək o deyildi ki, onu yüz gözəlin içindən seçib-sevmişdi. Özü də elə-belə yox, canının bir parçası kimi… Bəlkə, həm də o idi ki, elə o ərəfədə bu bietibar dünyanın qonşu Qoçəlinin başına gətirdikləri onu yolundan həmişəlik saxladı: nər kimi dörd oğlu ola-ola qonum-qonşunun qucağında keçinmək hansı xabi-qəflətdə olanı ayıltmazdı axı?

Əsgərxanın da misalları dərhal belə məqamlarda işə düşərdi:

-Buna nə deyirsən, ay gözümün işığı? Bir balan gəlib dəfninə çata bilmir. Biri əsgərdi gələmmir, biri uzaqdadı, əli çatmır, o biri damdadı, ixtiyarı özündə deyil, birinin də on ildi öldü-qaldısından xəbər yoxdu ki, barı deyələr, evdə nə baş verib. Sən mənə bu oğul-uşağın etibarından danışırsan? Yoxdu heç nəyin axırı, nə var puçdu sonu. Özümdən qiyas götürürəm, mən öz ənkə-böyüklərimə nə elədim ki, onlar da olub neyləyələr?

Özü də bir demir, iki demir, hey təkrarlayırdı ki, yaxşıya da kopoyoğlu deyirlər, pisə də. Barı olanda da yaxşısından olasan.

Evləndiklərinin beş-altı ili tamam olsa da, Xanın hələ telli-toqqalı vaxtları idi, atını hara gəldi dördnala çapır, həyatın bərk-boşuna indi-indi düşüb-çıxırdı. Ağzı isti yerdə olan adam özgə nə deməli idi?

Amma bir yastığa baş qoyduqları altmış ilin ərzində qadın onun övlad sarıdan peşmançılığının, baş bulamasının şahidi olmadı. Tək bircə dəfədən savayı… Onda da ərinin damağına toxunan adına deyilən “son-suz” sözündən də çox, onu deyənin dünənəcən canbir qəlbdəki “dostu”nun olmağı idi.

Hadisədən neçə gün sonra da o özünə gələ bilmədi. Növbəti həftəsini isə çöllərdə, meşəbəyinin qalaçasında yola verdi ki, kəndə dönüb qəhr-qəzəbini kimsənin üstünə tökməsin. Evə bivaxt qayıtmağı da xəcalətinə görə idi. Əskik işi olan adam kimi tərslikdən arvadının da üzünə çıxa bilmirdi. Əksinə, qadın onu görən kimi irəli yeriyib günahı öz üstünə yıxdı:

– Bekara yerə o vaxt qulaq asmadın mənə. Yoxsa nə hərcayı söz eşidər, nə də bu əzabları çəkərdin, – dedi, – hər şeyə mən bais oldum, mən bəxtiqara.

Həmişə beləydi o, vur-tut iki-üç günün ayrılığından, ağır çöl işlərindən, ot biçinindən, dərz bağlamaqdan uzaq səfərdən qayıdan kimi qayıdardı: həvəsli, hər şeyə qəribsəmiş, darıxmış halda… və özünü elə aparardı ki, guya, Gülgəzin yoxluğu onunçün hər şeyin sonu ola bilər.

Bu dəfə də elə oldu:

 – Sözümü demişəm axı mən. Niyə bir də ona qayıdırıq? – soruşdu və çörəyi dizinin üstə olan təvərəpapaq “dostuna” inanmaqda necə səhv etdiyini və üzüntülərini dəfən-dəfən dilə gətirdi. Ona xəcalətli halda arabir göz qoyan qadın:

– Sənə demirdim ki, bu bietibara bel bağlama? Söz var deyərlər, birə nədi, büzüyü də nə ola? – soruşdu, – gör kimdən nə umursan? Müştəbadan… Yeməklə dost olan ömürlük düşmən olar…

Bu heyndə qonşu qadınlardan kiminsə barının o üzündən uzada-uzada:

– Gülgəəəz! Ay Gülgəəz! Aaz, nə xəbər var Xandan?  – deyən səsi eşidiləndə qarını yenə zəhrimara qalmış o dərd girinc eləmişdi ki, onları ömrünün, bəlkə də, o gü-nü olmamışdı, xəyalından keçirməsin: görəsən, ərinə qulaq asmayıb üzüqara qonşunun o düşük söhbəti kəndlə bir olanda heç olmasa o özü qətiyyətli bir addım atmağı bacarsaydı, indi yarıqaranlıq otağın bir bucağında buza dönmüş ərini görəsən, hansı aqibət gözləyərdi? Doğrudan, kişinin qarşısını kəsən, dilini-ağzını bağlayan o oldu? Doğrudan, onun gözəlliyi ərini başdan çıxarıb bala-bulasız qoydu?... İşdi-şayəd, o, bir başqa arvaddan oğul-uşaq tapsaydı, onda necə? Nə dəyişən idi? Guya, Arvanada oturub bu gün atalarına qarovul çəkən idilər? Bəs onda başqaları niyə çəkmirdi? Hardaydı bu kənddə doğulub-törəyən yüzlərlə oğul-uşaq?...

 

***

Üstünə torpaq qalanmış qəbrin böyür-başında qalan ayın-oyunu arabaya yükləyən bir-iki məzarçıdan başqa, hamı sakitcə gözünü başçının ağzına dikmişdi, səbirsizliklə onun yasini nə vaxt tamamlayacağını gözləyirdi. Bu arada çovğun elə bil acığa bir az da şiddətlənmişdi, yolqırağı təpələrin, yal-yamacın qarını sovurub dəlmə-deşiyə, qəbrin yan-yörəsinə elə pərçimləyirdi ki, deyirdin bəs malakeş divara gəc çəkir.

Moizəxan isə səmadan sonsuz səxavətlə ələnən qarda, sanki uca göylərin sahibini köməyə çağırmaq üçün hansısa müqəddəs bir ayini icra edirmiş kimi gah gözlərini yummaqla əllərini və üzünü yuxarı qaldırır, gah salavat çevirir, arada yenidən ətrafdakılara göz qoya-qoya ucadan nəsə deyib səsini təkrar qısaraq ehmalca pıçıltıya keçir, yalnız “fatihə” verməyə tələsmirdi.

mart, 2013

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru