Könlüm sevdadan yanadır - Xaqani Qayıblının şeirləri
Yazici.az ədəbiyyat portalı şair, tərcüməçi, ictimai xadim, professor Xaqani Qayıblının şeirlərini təqdim edir.
Qürbətdən vətənə
daşınan ömür
Bu qoca dünyada, qərib dünyada
Qəribə adamlar qərib yaşayar!
Qərib, ipə düzməz ağrılarını,
Dərdini günəşə sərib yaşayar!
Qəribə adamlar – qərib adamlar,
Ürəyi ağzında yaşayar ömrü!
Ürəyi ağzında… hər gün, hər gecə
Qürbətdən vətənə daşıyar ömrü!
Qəribə adamlar qərib ellərdə,
Dərdin hər üzünü görüb yaşayar!
Nə vaxtsa düşdüyü qürbət eşqinə
Ömrünü güdaza verib yaşayar!
Qəribə olurlar qərib adamlar –
Danışar lal, susqun baxışlarıyla,
Gülümsər alnının qırışlarıyla,
Soruşsan, vətənə gedən yolları –
Ölçər Göyüzünü qarışlarıyla…
Qəriblər qəribə yaşayar ömrü!
…Gedər, xəyallarda daşınıb gedər,
Ürəyi ağzında yaşanan ömür.
Daşınıb bir qəbir daşına dönər,
Qürbətdən vətənə daşınan ömür!
Məhşər günü
Tanrım, təpədən-dırnağa
Ağrıyam – Sözəm, bilirəm.
Məhşər Günü dərgahında
ağrıyan Sözəm! Bilirəm…
Ağrılarım Məhşər Günü
deşilib göz-göz olacaq…
Yenə hoyuma yetənim –
xilaskarım, Söz olacaq!
Məhşər Günü Səsə dönüb
şeir desəm öz ağzımnan,
məni Sözümə bağışla –
qurtar məni Söz ağzından!
Bilirəm, o Günün yadında
ya Söz, ya Dözüm qalacaq…
Qalsa, – məndə Dözümmü var? –
Yenə də Sözüm qalacaq!!!
Axır gəlib tapdın məni
Axır gəlib tapdın məni –
Könlüm sənə sirr deyilmiş.
Demək hələ yaşayıram,
Bu canım qəbir deyilmiş…
Gəldin, apar, çıxım gedim,
Neçə könül yıxım gedim…
Döşlərə gül taxim gedim –
Məni sevən bir deyilmiş!
Dost yox dik baxam gözünə,
Baxam, inanam sözünə…
Tfu, qürbətin üzünə –
Yaşanası yer deyilmiş!
Qəm dəryanda
təknən olum
Ölsəm, qoynunda basdır,
Yerimi bilən olmasın!
Kefi istəyəndə durub,
Üstümə gələn olmasın!
Olmasın qəbrimi bilən,
Bir qərib qədrini bilən…
Təkcə sən dərdimə bələn,
Dərdini bölən olmasın!
Tapılmasın nə daşqıran,
Nə saçın yolub qışqıran,
Nə də hıçqıra-hıçqıra
Gözyaşın silən olmasın!
Keşkə dərdin tək mən olum,
Qəm dəryanda təknən olum…
Çəkə bilsən çək, mən olum
Heç ayrı çilən olmasın!
* * *
oğlum Şərif-Turana
Çəkə tut, oğlum, çəkə
Çəkə tut atın başını!
Çalış bircə çəkə tutma
bu boş həyatın başını...
Çəkə tut – mənzil başına
rahat çatdırsın at səni.
Əllərini yanına sal –
Qoy aparsın həyat səni!
Çəkisini düzəlt atın,
Çəki nədir, həyat bilməz...
Çəksən başını həyatın –
Ömrün çiləsi çəkilməz!!!
Ölümdən bəri mənəm
Gəz, dolan Yer kürəsini
öz suçu var hərəsinin
min-min Tanrı bəndəsinin…
biri sənsən, biri mənəm.
Dar gələrsə Dünya bizə,
sığınaraq eşqimiziə
yeni Dünya quraq, Gözəl,
Göyü sən ol, Yeri mənəm.
Gəldik, tanıdıq Dünyanı,
sevdik – bəzədik Sevdanı…
bu Sevgi adlı karvanın
Sarbanı Sən, Nəri mənəm.
Bu karvana çoxu baxar,
Baxıb canın oda yaxar…
Qarşımıza dörd yol çıxar,
O dörd yolun sirri mənəm.
Biz gedən yollar güllənər,
Güllər dil açıb dillənər…
Sonu ölümə dirənər
Bil, ölümdən bəri mənəm!
Mən səni görməyə gəlirəm, gülüm
Mən səni görməyə gəlirəm, gülüm
Səbrim qarsalanıb yanar ahımda.
Mən səni görməyə gəlirəm, gülüm
Bundan xəbəri yox heç Allahın da.
Gəlirəm – qırılsın həsrətin beli,
İnan, toy bəhanə, yas bəhanədir.
Karıxma qəfildən üz-üzə gəlsək,
Halını soruşsam, sus! Bəhanədir.
Bir eşqiin yolunda, bilirəm, gülüm
Əridə bilmədim ömrü şam kimi.
Mən səni görməyə gəlirəm, gülüm
Çıx məni qarşıla yad adam kimi.
Bilirəm nə desəm gəlməz eyninə,
Özüm öz suçumu bilirəm, gülüm
Bütün günahları alıb çiynimə,
Mən səni görməyə gəlirəm, gülüm!
Bir gün olar...
Bir gün olar tanımazsan özünü,
Tanımazsan, üşənərsən adından!
Ya bu həyat bir gün səni unudar,
Ya da bir gün həyat çıxar yadından...
Anlamazsan bu həyatda yoxsanmı,
Yaşayırsan, ya ölübsən çoxdanmı...
Nə fərqi var yaş əllimi, doxsanmı
Yıxılarsan bir gün ömür taxtından!
Vədə yetər, “düş taxtından, düş!” deyər –
Həyat səni atqabağı döşdəyər...
Azar kimi iliyinə işləyər,
Bu dərd keçər sənin yeddi qatından!
Bir gün olar dağ görünər təpə tək,
Tək yaşayar öz ömrünü təpə, tək!
Bir gün olar yaşayarsan təpətək,
Dərd boylanar həyatın hər çatından.
Bir gün olar hər kəs səni tərk edər,
Artar elə günü-gündən bəlkələr...
Həyat səni ağac bilib silkələr,
Ayrılarsan çox sevdiyin qadından!
Bir gün olar unudarsan özünü,
Unudarsan, adın çıxar yadından!
Dünya
Həmid Ormanlıya
Bu da dünya dediyin –
İçi boş, yalan dünya!
Günaha sürükləyib,
Suçu xoş qılan dünya!
Gələrsən, xəbər tutmaz!
Dilərsən, hədər – tutmaz!
Gedərsən, səfər tutmaz –
Köçü nəş olan dünya!
Ölsən daldada, bilməz!
Fani – bal dada bilməz!
Məni aldada bilməz
Piçi beş filan dünya!
Hər səhər güzgüyə bax
Məni axtaran gözəl,
Ruhundakı sözdəyəm!
Üz tutub eşqə doğru
Yol aldığın izdəyəm!
Danmaz bu iz – Yol məni,
Bu Yol edib qul məni!
Su Pərim ol, bul məni
Dəryada – dənizdəyəm!
Xəyallar gerçək olsa,
Ömür-gün göyçək olsa –
Sən dönüb çiçək olsan,
Mən səhrada, düzdəyəm!
Ürəkdə sevgiyə bax,
Sevgidə ülgüyə bax –
Hər səhər güzgüyə bax,
Bax, məni gör – sizdəyəm!
Adın dilimi qanadır
Yayından çıxan ox kimi
Adın dilimə dartınır…
Sanki dan üzü yaz günü
Arı gülünə dartınır!
Çəkilməz pərim, bunca ah,
Desəm… deməsəm bir günah.
Adın içimdə dustaq,
İçim çölümə dartınır!
Adın dilimi qanadır…
Könlüm sevdadan yanadır.
Ruhum Tanrıma can atır –
Canım ölümə dartınnır!
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0