Əllərin əlimdə göyərçin, qadın - Hamlet Kazımoğlunun şeirləri
Yazici.az ədəbiyyat portalı nakam istedadlı şair Hamlet Kazımoğlunun şeirlərini təqdim edir.
Üzündə gözəllik qaymaqlayacaq
Könlümüzdə dilə gəlməz sevgi var
Susacağıq illər boyu, deyəsən.
Nə vaxtsa dünyada ikimiz qalsaq,
Bir axşam qapımı gəlib döyəsən.
Döyəsən qapımı… açıb görəm ki,
Yüz illər qabaqca gördüyüm sənsən.
Bütün sevdiklərim arada qalsın,
İlk dəfə, son dəfə sevdiyim sənsən.
Ötən illər səni dəyişməyəcək,
Nəyin varsa elə, elə qalacaq.
Uzağı, uzağı, ey gözəl, sənin
Üzündə gözəllik qaymaqlayacaq.
***
…O yatıb içinə girdiyin yuxu,
ömründə əksidir bir heçin, qadın.
Sənə düşməyəcək gördüyün yuxu,
görə bilmədiyin yuxun çin, qadın.
Üzükdən qapım var, barmağın dəyər,
döyüb bu qapını yormağın dəyər,
Uçmaq sevincinə qonmağın dəyər,
əllərin əlimdə göyərçin, qadın.
Getsən də həsrətin bir sərt dayaqdı,
ölməyib qalaram, şərt – yaşamaqdı.
Sevgim göyə çıxıb, dedilər, haqdı,
söylə qalarsanmı mənimçün, qadın?!.
Təcnis
Gözəlliyin ilandilli odunda,
Sən ki mənim ürəyimi əritdin.
Üz tutacaq qibləm, yönüm qalmadı,
İndən belə yandır iman, ərit din.
Məndən ötrü gəlin də sən, a qız da,
İkimizik gəzən dildə, ağızda.
İçdən qopan ahı tutmaz ağız da,
Onu qaynar dodağınla ərit, din.
Üzün açıb demə: bahar, yazıq ki,
Qaralarla bəxtim yazıq-yazıq ki.
Kazımoğlu, təkcə sənə yazıq ki,
Ər tapıldın, itəndə də ər itdin.
Məni tap
Orda mənim qəbrim… bunu bir haqq san,
Hamı gəlib-gedir, sən isə yoxsan.
Gəlib mən ölmüşə bir sən də baxsan,
Gözümü yummuşam, gəl asanca tap.
Ömürdü odunda çox üşümüsən,
Gündü – göy əsgili günə düşmüsən.
Ev-eşiyə necə isinişmisən? –
Tökülsün göz yaşın, gözlərini qırp.
Sağ olsam neynirəm sənə söz deyəm,
Bəlkə heç olmazdın belə gərəyim.
Daha torpaq olub mənim kürəyim,
Barmaqların uzun…kürəyimi çırp.
***
Gəzəndə sahili bir qürub çağı
Qanıydı Günəşin üfüq yatağı,
Pıçıldadı birdən, əsdi dodağı
Sevgilim anamtək yalvardı mənə.*
Bu görüş anında həsrət olmadı,
Ayrı söz olmadı, söhbət olmadı,
Mənə yalvarmaqdan heç o doymadı
Sevgilim anamtək yalvardı mənə.
Mənə yalvarmağa gəlmişdi, nədi,
Doğacaq oğlumu bilmişdi, nədi?
Yoxsa daha anam ölmüşdü, nədi, –
Sevgilim anamtək yalvardı mənə.
…Mənmi tələsmişdim tez doğulmağa,
Omu gecikmişdi ana olmağa?
Qayıtdım bir bətnə mən yığılmağa
Sevgilim anamtək yalvardı mənə
* burada: sevgilim məni anamtək oxşadı, boyumu sevdi, nəvaziş göstərdi, dil tökdü anlamında
Mən azadlığam, sən -Bayraq
Gülüm, azadlıqdan məstəm,
Tut əlimdən ötüb gedək.
Uzundonlu bayraqların
Ətəyindən öpüb gedək.
Gözüm qanlı üfüqlərdə,
İçimdən sonsuzluq keçir.
Göz yaşı qurtuluş deyil,
İçimdən qansızlıq keçir.
Mən azadlığam sən – Bayraq,
Gülüm, dərdimiz tən qalsın.
Gəl, ikimiz qucaqlaşaq,
Vətən elə Vətən qalsın!..
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0