Mən qoğal olsam - Aləmzər Əlizadənin uşaq şeirləri

İyn 15, 2026 - 17:16
İyn 15, 2026 - 17:22
 0  51
Mən qoğal olsam - Aləmzər Əlizadənin uşaq şeirləri

Yazıçı Ədəbiyyat Portalı Aləmzər Əlizadənin uşaq şeirlərini təqdim edir.

 

Kaktusun balaları

 

Bizim kaktus elə bil,

Qarmondu yupyumruca.

Nə vaxtdır gözləyirdik

Gözəl çiçəklər aça.

 

Səhər nənəm sevincək,

Dedi: - Gördünüzmü siz?

Külfət basıb kaktusu,

Olmayıb xəbərimiz.

 

Baxdıq ana kaktusa,

Qucağında balalar.

Balaların da sarı,

İti tikanları var.

 

Tikanlar bir-birini,

Nə ağrıdıb, nə deşib.

Səkkiz balanın üçü,

Qopub dibinə düşüb.

 

Göydən düşən qız

 

Hərdən nənə

Deyir mənə:

Mənim balam

Göydən düşüb

“Göy zənbillə”.

Tez baxıram

Mən zənbilə.

Bizdə qəşəng,

Göy zənbil var.

Kiçik bacım

Güclə sığar.

Yəqin elə

Bacım boyda

Olanda mən,

Bu zənbillə

Düşdüm göydən.

 

"Qa-qa" dır salamları

 

Bağımızın yolunda

Dənlənir beş dənə qaz.

Keçəndə yanlarından

Salam verməsəm olmaz.

Salam, qazlar, salam!

Qa-qa, qa-qa.

Salam, qazlar, salam!

Qa-qa, qa-qa.

Uzun boyunlarını,

Uzadır mənə sarı.

Danışa bilmir onlar,

“Qa-qa”dır salamları.

 

Günəş üçün

 

Səhər gedirəm,

Bağçaya özüm.

Günəş də gedir,

Qamaşır gözüm.

Axşam yenə də,

Tək gəlirəm mən.

Günəş boylanır,

Başımın üstdən.

Gedib-gəlirik,

Beləcə hər gün.

Nəğmə oxudum,

Mən günəş üçün.

 

Kal nar

 

Uşaqlar nar yeyirlər,

Əl-üzləri qırmızı.

Səadət də istədi,

Ağzı sulandı qızın.

Qardaşı verdi ona,

Yepyekə bir nar seçib.

Qız dişləyib gördü ki,

Ağdı, çiyiddi içi.

Hirsləndi, acıqlandı,

Uşaq daha neyləsin?

Narı tulladı dedi:

- Səni cücülər yesin!

 

Krossvord

 

Hələ kiçikdi Türkan,

Məktəbə çatmır yaşı.

Krossvord qəzeti var,

Həm yazan karandaşı.

Qaşını çatıb baxır,

Heç bilmir sual nədir?

Mızıldanır, guya ki,

O, krossvord həll edir.

Axı hələ bacarmır,

Onu, bunu yazmağı.

Yenicə öyrənibdi,

"A" nı, "B" ni yazmağı.

Gah fikirli göründü,

Gah baxdı ora-bura.

Öyrəndiyi hərfləri,

Yazdı boş xanalara.

 

Tezcə sağal

 

Gəzməyə aparırdın

Məni hər gün, babacan.

İndi xəstələnmisən,

Durmursan yatağından.

Baxacağam sözünə,

Ay baba, sağal təki.

Lap iynəni də bu gün,

Qoy mənə vursun həkim.

 

Mən qoğal olsam

 

"Qoğal"ın nağılını,

Nənəm söyləyir axşam:

- Undum, qoğal olmuşam,

Süd ilə yoğrulmuşam.

Özümə yol açmışam,

Nənədən də qaçmışam,

Babadan da qaçmışam,

Dovşandan da qaçmışam,

Ayıdan da qaçmışam,

Bəs səndən nə var qaçmağa?

- Ancaq mən qoğal olsam,

Özümə yol açmazdım.

Nənədən də qaçmazdım,

Babadan da qaçmazdım.

Eşitmirəm deməzdi,

Tülkü məni yeməzdi.

 

 Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 2
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0