Mənim Tanrım gözəllikdir, sevgidir - Hüseyn Cavidin şeirləri
Bu gün dahi Azərbaycan şairi, dramaturq Hüseyn Cavidin doğum günüdür.
Yazici.az ədəbiyyat portalı görkəmli ədibin seçmə şeirlərini təqdim edir.
MƏNİM TANRIM
Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım gözəllikdir, sevgidir.
Gözəl sevimlidir, cəllad olsa da;
Sevgi xoşdur, sonu fəryad olsa da,
Uğrunda mənliyim bərbad olsa da,
Son dildarı gözəllikdir, sevgidir.
Gözəlsiz bir gülşən zindana bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə etsəm güzər,
Həp duyduğum gözəllikdir, sevgidir.
QIZ MƏKTƏBİNDƏ
— Quzum, yavrum! Adın nədir?
— Gülbahar.
— Pəki, sənin anan, baban varmı?
— Var.
— Nasıl, zənginmidir baban?
— Əvət, zəngin, bəyzadə...
— Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
— Var əfəndim, var... lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
- Çox doğru söz... Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
— Ən çox sevdiyim ilkin
O Allah ki, yeri-göyü, insanları xəlq eylər.
— Sonra kimlər?
— Sonra onun göndərdiyi elçilər.
— Başqa sevdiklərin nasıl, yoxmu?
— Var...
— Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar...
QADIN
Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən
Yaxar düşüncəmi bir şölə, bir zəhərli dikən.
Bütün həyatı çiçəkləndirən fəqət o... niçin,
Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!
Qadın-günəş, çocuq-ay...nuru ay günəşdən alır,
Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.
Qadın əlilə fəqət bəxtiyar olur şu cihan.
O bir mələk... onu təqdis edər böyük yaradan.
O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,
Onun ayaqları altındadır fəqət cənnət:
Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
GET
Bana anlatma ki eşq, aləmi-sevda nə imiş?
Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.
Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!
Duydum artıq sənin eşqindəki məna nə imiş!..
Bivəfasən, mələk olsan belə uymam daha, get!
Kim ki uymuş sana, könlüm kibi divanə imiş.
Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get!
Anladıq şəfqəti-ayini-məsiha nə imiş!
Səni bir sadədil, azadə mələk sanmış idim,
Neyləyim!.. Ah... könül ruhuna biganə imiş.
Səni təqdis edərək bir daha sevməm əsla,
Nə imiş sanki bu eşq!? Aşiqi-şeyda nə imiş!
Aləmi-zevqi-səfadən bana bəhs etmə, saqın!
Bildik artıq bu cihan mülkü nə viranə imiş!..
Niyə getdin? Niyə döndün? Niyə baxdın?
Gəldin də, niçin pəmbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Sərpildi alev ruhuma süzgün baxışından,
Sarsıldı da həp bənliyim, ey afəti-devran.
Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Verdim o gün ki, zülfi-pərişanə könlümü
Verdim o gün ki, zülfi-pərişanə könlümü,
Saldı nigar o zülfdə zindanə könlümü.
Yalvardım əczinən ona, bəlkə xilas edə,
Zənciri-zülfə bağladı divanə könlümü.
Hər qədr uydum ol büti-tərsa cəmalinə,
Yandırdı şəmi-hüsnə çü pərvanə könlümü.
Gülzari-hüsnə Yusifi-dil çıxdı seyr edə,
Saldı o yar çahi-zənəxdanə könlümü.
Etdikcə mən məhəbbət o kafər balasına,
Etdi cəfayi-naz ilə viranə könlümü.
Vəslə yetirməyib, gecə-gündüz fəraqdə,
Təbdil edibdi laləsifət qana könlümü.
Bəzmi-vüsalə həsrəti-ümmidvar idim,
Saldı bəlayi-firqətə məstanə könlümü.
Gülçin binəva idim, oldum müridi-şeyx,
Yandırmışam mən atəşi-hicranə könlümü.
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0