Adilxan Saxariyev - "Qazax ədəbiyyatı" rubrikasında..

Okt 25, 2026 - 21:17
 0  5
Adilxan Saxariyev - "Qazax ədəbiyyatı" rubrikasında..

Yazici.az ədəbiyyat portalının "Qazax ədəbiyyatı" rubrikasının bu həftəki qonağı

Adilxan Saxariyevdir.

Adilxan Saxariyev (Adilxan Saxari, 1982) – nasir, jurnalist, televiziya müxbiri

Almatı vilayətinin Sərkənd şəhərində anadan olub, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin (QazMU) jurnalistika fakültəsini bitirib, televiziya jurnalistikasında, o cümlədən, tanınmış Qazaxıstan televiziya kanallarında (“Xəbər” və “Jetysu”) istehsal redaktoru və müxbir kimi çalışır. Dəfələrlə ali jurnalistika mükafatları qazanıb.

Adilxan Saxariyev “Musaget” İctimai Fondu ədəbi ustad dərslərinin məzunu (2002) olub, Qazaxıstan Gənc Yazıçılarının Ədəbi Festivalında iştirak edib. Povestləri və qısa hekayələri (o cümlədən, “Kentavr sindromu”, “Qurd rəqsləri”, “Ulduzum” və “Mübarək”) “Novıy mir” və “Neva” kimi sanballı ədəbi jurnallarda dərc olunub. “Kentavr sindromu” (2014), “Qurd rəqsi” (2017) kitablarının müəllifidir. “Kentavr sindromu” povesti 2014-cü il Rusiya Mükafatına namizəd göstərilib.

MÜBARƏK

(hekayə)

Stansiyamızda heç kəs, hətta uşaqlar belə, Babaydan qorxmurdu. Çox güman ki, Babay onlardan qorxurdu. Sakit, xoşxasiyyətli oğlan idi. Bir qədər də qəribəydi. Çörək sexində işləyirdi.

Hər kəndin öz qəribə adamları var. Amma bizim kənddə onların sayı xoşagəlməz dərəcədə çox idi. Bəziləri bunun Semipalatinsk sınaq meydanından əsən külək nəticəsində bizim diyara hər cür yolxucu xəstəliklərin yayılması ilə bağlı olduğunu düşünürdülər. Lakin yaşlılar hər şeyin, guya, diyarla əlaqəli olduğunu deyirdilər: dəmir yolu çəkilən vaxtlar burda saysız-hesabsız Türksib tikinti işçisi həlak olubmuş. O vaxtdan bəri, guya, diyarın adamları da bu dünyanın adamlarına oxşamırlar. Tənha poçtalyon qadın Valya da vardı, yayda belə, keçə çəkmələrini ayağından çıxarmırdı. Hamının Trusik adlandırdığı yekəpər, zərərsiz Rusik də kəndçimiz idi: o, bütün günü “Mayak” radiosuna qulaq asır, dirriyinin o başında dayanıb yoldan keçənlərə səbəbsiz-filansız gülümsəyirdi. Müharibə zamanı kontuziya almış qoca Buğı  vardı – nadinc uşaqları onunla qorxudurdular. Bir çox başqaları da yaşayırdı. Hamısını sayıb-sadalamaqla qurtarmaz. Hər birinin də öz qəribəlikləri vardı. Axı, qəribəliklər də adi adamlar kimi cürbəcür olur. Amma Babay məndən ötrü fərqli insan idi, o cür də qalır. Bəlkə də bu, onun qonşuluqda yaşaması, tez-tez çaya çimməyə getməyimiz, yaxud da həddən artıq mehriban insan olmasıyla bağlı idi.

Babayı, az qala, dünyaya göz açan gündən tanıyırdım. Amma onu ilk dəfə yalnız pişik balasını xilas edəndən sonra gördüm. Biz, qonşu uşaqlar su kolonkasının yanında  əlləşir, yaş qumdan növbəti qəsr tikirdik ki, kimsə pişik balasının ayaqyolu dəliyindən çalasına düşdüyünü, Babayın da heyvanı çıxarmağa çalışdığını dedi.

Əlbəttə ki, hadisə yerinə qaçdıq: darıxan uşaqlar üçün kənd həyatının yeknəsəqliyini pozan hər şey hadisədir.

Babay dərhal gözümə dəymədi: ovaxtadək artıq ayaqyolunun yanına xeyli adam yığışmış, hadisə yerini əhatəyə almışdı, kürəkləri mənzərəni görməyimə mane olurdu. İrəli keçmək üçün dirsəklərimlə onları itələməli oldum. Taxta kabinə yanı üstə aşmışdı, çirkab dolu çuxur görünürdü. Solğun çılpaq bədəni olan qıvrım qırmızı saçlı Babay dizlərinə çatan çirkabın içində gəzir, hiyləgər tük yumağını tutmağa çalışırdı. Amma yumaq inadkarcasına oğlanın qorxunc, çömçəyə oxşar əllərinə düşməkdən yayınırdı. Balaca məxluqun inamsızlığı başadüşülən idi: doğulduğu andan onu lazımsız bir şey kimi atmışdılar.

Babay ayını xatırladırdı. Yekəpər idi, ləng hərəkət eləyirdi. Amma bədəni qüdrətli kişi bədəni deyildi, əksinə, yöndəmsiz, armud formasında idi: ensiz çiyinləri, solğun, yaşlı qadın döşlərinə oxşar sallaq döşləri vardı. Dodaqları da ayı dodaqlarına bənzəyirdi: nəmli, dolğun, mavitəhər çalarlı, gözləri xırda idi. Hətta ağır və mızıltılı nitqi belə ayı nəriltisini xatırladırdı.

Nəhayət, Babay pişiyi tutub çaladan çıxdı. Camaat “Vay, cindi! Vay, cindi!” deyə-deyə dağılışmağa başladı. O, heç nə olmamış kimi, kolonkaya tərəf getdi, yarım saat qumla yuyundu. Hətta beynimdən keçirdim ki, “cindi”, yəni “cisminə cin girib”. Babayı hər kəs tuta bilərdi, amma pis ruhun cənginə keçməzdi. Pis ruhlar pişik balalarını ayaqyoludan çıxarmırlar.

Nənəm Babayı “Tanrı nəzərində olan” adlandırırdı. Yəqin körpə vaxtı yıxılmış, yaxud əməlli-başlı qorxmuşdu. Əlbəttə ki, qızlar ondan uzaq gəzirdilər.

 

Ailə qurmaq vaxtı gələndə valideynləri ona tay tapdılar. Maşa da bir qədər qəribəydi. Amma yerli uşaqların dediyi kimi, beynində “doxsan doqquz top” olsa da, haqq-hesabı bacarırdı. Əbəs yerə yeməkxana bufetində piroq, pendirli tort və digər ləziz yeməklər satmırdı. Xüsusən də süd fabrikindən təzə xama gətiriləndə bütün növbələr Maşanın evinə uzanırdı. Buna görə o, heç də lazımsız adam deyildi.

Maşa və Babay sevgisiz, eyni zamanda ciddi dava-dalaş eləmədən yaşayırdılar. Məncə, dinclik  daha çox ərin xidmətiydi, çünki Maşa əsəbi, davakar qadın kimi tanınırdı. Gözləri isə oyur-oyur oynayır, adamın canına işləyirdi.

Digər tərəfdən, Babay sadə və xoşxasiyyətliydi. Çörək bişirmək onun təbiətinə uyğun gəlirdi – çörəkləri keyfiyyətli və ləzzətli (baxmayaraq ki, pişik balasının xilas edilməsindən sonra bəzi kəndlilər bir müddət, özləri üçün çörək bişirməkdən bezənədək çörəkxananın bişmişlərini almağa ara verdilər) olurdu. Çalışqan və sənətinə sadiq idi. Maşa onu tez-tez danlayırdı:

-Hamı işdən evə daşıyır, amma o evdən bayıra! Heç olmasa, bircə kilo un gətirəydin də.

Maşa nə deyir-desin, Babay yaxşı ər idi. Su gətirir, odun doğrayır, ya da köhnə, uçuq-sökük tövləsində dülusçuluq eləyirdi. Bəzən çaya gedəndə görürdüm ki, o, ağır iş günündən sonra eyvanın pilləkənlərində oturub siqaret çəkir - sanki  sonuncu günü idi. Biri “Prima” istəyəndə xəsislik eləməz, verərdi.

-Gəl çaya gedək! - Atamız yaşında olsa da, ona hörmətsiz-filansız, hətta ərkyana tərzdə müraciət edirdik.

-Ma-a-aşka məni içəri bu-u-raxmır, - onsuz da şişkin dodaqlarını boru şəklinə salıb kəkələdi.

-Yekə kişisən, amma arvadından qorxursan, - onu ələ salıb yolumuza davam elədik.

Babay dərhal kədərləndi, iri, tüklü başını zəhlətökən ağcaqanadlarla mübarizə aparan öküz kimi yelləyib siqaret çəkməyə davam etdi. Amma daha qullab vurmaqdan ləzzət almadığı sezilirdi.

Onunla birgə körpünün yaxınlığındakı sevdiyimiz sakit, iydə ağacları basmış körfəzdə balıq tutmağı çox sevirdik. Bütün günü əlində tilovla otura bilirdi (yeri gəlmişkən, qaralması onu narahat eləmirdi; yalnız rəngi qeyri-təbii qırmızıya çalmağa başlayır, yanıq yerini xatırladır, bir-iki gündən sonra sifəti yenidən solğunlaşırdı). Mən bu cür əzmkarlığımla öyünə bilməzdim. Ən çoxu bir saat davam gətirirdim. Sonra əldəqayırma tilovu kənara atıb suya girir, əllərimlə səssizcə, ehtiyatla balıq axtarmağa başlayırdım. Bu cür daha tez və daha çox tutmaq olurdu. Əlinizi çalaya və ya sualtı yuvaya salırsan, orada şümal, sürüşkən xaçbalığı dincəlir. Hətta onu ehmalca sığallaya bilərsən. Sonra möhkəm yapışıb kəskin hərəkətlə sahilə atırsan. Axırda da çıxıb kolluqları gəzir, balıqları giləmeyvə kimi yığırsan. Bu yolla bir neçə saat ərzində onlarla seçmə, böyük balıq tuta bilirdim. Amma Babay biri və ya ikisi ilə kifayətlənməli olur, həm də tilovuna yalnız xırda balıqlar düşürdü.

Bir gün uğurlu ovdan sonra ocağın yanında oturub balıq şorbası yeyəndə dedi:

-Belə balıq tuta olmaz.

-Niyə axı?

-Bu ədalətsizdir, - Babay şorbasını hortdada-hortdada məmnuniyyətlə burnunu çəkdi. - Onları yatmış vəziyyətdə tutursan.

-Nə olsun ki?

-Amma onların yarısını belə yığmadın. Qalanları əbəs yerə öldü. Daha çox yaşaya bilərdilər. - O, “gəbərdi” yox, ehtiyatla, hörmətlə, “öldü” dedi, ilk saiti uzatdı, sanki insan haqqında danışırdı.

-Balıq şorbasını sevirsən?

-Hə.

-Axmaqsan, Babay. Soyumamış ye.

-Axmaq deyiləm, - incik tərzdə dilləndi.

Ovun qalan hissəsini evə apardıq. Üzə vurmasam da, Babayın sözləri məni utandırdı (axmaq bir bax, mənə ağıl öyrədir!). Həqiqətən də balıq tutmağı sevirdim, amma onları axtarıb tapmaqdan, yığmaqdan zəhləm gedirdi.

Körpünün üstündə çayın o tayından gələn bir neçə avarayla qarşılaşdım. Yaşca məndən böyük idilər. Bu təsadüfün axırının yaxşı qurtaracağına ümid bəsləmədiyimə görə dodağımı dişlədim. Babaya bel bağlamaq olmazdı. Mən cəhənnəm, özünü qoruya bilməzdi. Bəzən internat-məktəbdən olan vəhşilər onu qomarğalanmış heyvan kimi mühasirəyə alır, ağacla böyürlərini vurur, söyürdülər, amma o, hətta əməlli-başlı gülə də bilmir, gülümsəyə-gülümsəyə üzr istəyir, uşaqlar bezib əl çəkənəcən çarəsizcəsinə bir küncə qısılırdı. Sonra silkinib heç nə olmamış kimi yolunsa davam eləyirdi. Bununla belə, qorxaq deyildi, sadəcə bu cür vəziyyətlərdə necə davranacağını bilmir, özünü itirir, çaşırdı. Ümumiyyətlə, adamlardan çəkinirdi. Özünü ifadə eləməyi heç bacarmırdı. Onu yalnız bir dəfə əsəbi halda gördüm. İnternat-məktəbin uşaqları mərhum valideynləri haqqında qəlbinə toxunan nəsə dedilər. Babay qəzəbdən qızardı, fınxırdı, burnunun pərələrini at kimi şişirtdi. Düşündüm, axır ki, içində haqlı qəzəb oyandı, yumruqlarını yelləyə-yelləyə hamını pərən-pərən salacaq. Amma belə bir şey baş vermədi. Qəlbini doldurmuş hisslər onu az qala boğurdu. Onsuz da az olan lüğət ehtiyatı tamam sıradan çıxmışdı. Yağlı  söyüş əvəzinə, dodaqlarından boğuq, incik səs qopdu: “Lənətə gələsən. Neyləyirsən?!” Hücum eləyənlər istehzayla gülməyə başladılar. Babay əməlli-başlı çaşqınlıq içindəydi, cavab tapa bilməyəndə isə qaçmağa başladı.

Bu dəfə yaxamı qurtardım: çayın o tayından gələnlər məni döymədilər. Yalnız tutduğum balıqları aldılar. Amma onların arxamca dedikləri sözlər həddən artıq təhqiramiz idi:

-İki axmaq balıqçı, - onlardan biri dilləndi.

-Ayrılmaz cütlük, - digəri əlavə elədi.

Onda xəcalət çəkdim: “Birdən hamı Babayın dostum olduğundan xəbər tutdu?” İçimdən özümə haqq qazandıran sözlər qopdu:

“Özü dalımca düşüb! Məndən əl çəkmir!"

Bəlkə də hər şey orada bitərdi - çayın o tayındakı uşaqlar güman ki, körpünün üstündəki görüşü dərhal unutmuşdular. Amma rahatlıq tapa bilmir, daim hiddətlənirdim. Qorxurdum ki, Babayla dost olmağımı hamıya yayacaq, sonra da məni lağa qoyacaqlar.

Babaydan uzaq gəzməyə başladım. Onunla üz-üzə gəlməməyə çalışırdım. Hətta zavod çörəyi almağa ara verdim, nənəmi dilə tutdum ki, özü bişirsin.

O məqamda uşaqların Babaya nifrəti daha da artdı. Onlar da ki bəzən çox qəddar olurlar. İnternat uşaqları - yetimlər, ucqar yataqlarda yaşayan çobanların övladları, çoxuşaqlı ailələrin balaları, həyatın xoş üz göstərmədiyi zavallılar - xüsusilə canfəşanlıq göstərirdilər. Hamının nəyə görə qəfildən Babaya qarşı çıxdığını söyləmək çətindir. Bəlkə də bunun səbəbi onun müqavimət göstərə bilməməsiydi. Ona daşa basır, lağa qoyurdular, amma Babay səssizcə dözür, yalnız lap dözülməz həddə çatanda gülə-gülə qaçan uşaqların ardınca kinlə gileylənirdi.

 

Təsadüf hər şeyi dəyişdi. Həmin yay dözülməz isti vardı. Biz çaydan və su kolonkasının altından heç çıxmırdıq. Qum o qədər isti olurdu ki, hətta ən dözümlülələr belə, üstündə ayaqyalın gəzə bilmirdilər. Ola bilsin, internat-məktəbdə baş verən yanğının səbəbi, ümumiyyətlə, isti deyil, nasaz naqillər və ya söndürülməmiş siqaret idi.

Camaat internat məktəbindəki yanğına baxmaq üçün cumdu. Biz də həyəcan və sevinc bürümüş halda alovlanan binanın ətrafında qaçışırdıq. Belə bir tamaşanı hər gün görmək olmur. Bəziləri səylə su daşıyır, bəziləri kürəklə qum atır, yanğını söndürməyə çalışırdılar. Bəziləri isə eləcə dayanıb baxırdılar – belələri də əksəriyyəti təşkil edirdi. Qorxmuş internat-məktəb uşaqları, adətən, cəsarətli və cəsur olanlar, indi qaranlıq damdakı toyuqlar kimi çardaqda oturmuşdular. Onların bu halına gizlicə sevinirdik. Nə biləsən, birdən qisas almaq qərarına gələrdilər.

Birdən internat-məktəbin müəllimi həyəcanla qışqırmağa başladı:

— O hardadı?! O hardadı?!

-Deyəsən, orda qaldı, - uşaqlar daha da qorxub çaşqın halda gözlərini qırpdılar.

Müəllim yardım istəyə-istəyə vurnuxmağa başladı. Sonra diz üstə çöküb ağladı. Ağlayan kişi görmək bizə qəribə gəlirdi.

Bu vaxt yanğın daha da şiddətləndi. Alovun dilləri tirləri, taxtaları və pəncərə çərçivələrini udurdu. Ətraf sükuta bürünmüşdü. Biz də susur, heyrət içində alova baxırdıq. Yalnız ocağın çırtıltısı eşidilirdi. Müəllim ağlamağa ara verdi. Görünür, vəziyyətlə barışmışdı. Yalnız gözlərində şüşə donuqluğu peyda oldu.

Qəfildən bir kişi izdihamın arasından cumub alovlanan qapıya tullandı. Hamı pıçıldamağa başladı: “Kimdi? Kimdi?” Nədənsə dərhal ağlıma Babay gəldi - yalnız onun belə bir ehtiyatsızlıq etməyə cəsarəti çatardı.

Bir neçə əzablı dəqiqə ötdü. Cəsur adamın öldüyü barədə şayiələr yayılmağa başladı. Lakin Babay tezliklə peyda oldu. Tək idi, qucağında uşaq görünmürdü. Qarsalanmış, qızarmış, sanki həddən artıq gün altında qalmışdı. Hətta tükləri belə yanmışdı. Yekəpər və qorxunc, Babay özünə yer tapa bilmirdi, keçirdiyi sarsıntıdan hələ də ayı kimi nərildəyə-nərildəyə, dövrə vurmağa, ayı kimi nərildəməyə başladı. Amma o, ağrıdan deyil, ümidsizlikdən nərildəyirdi:

-Tapmadım! Tapmadım!

Camaat onu sakitləşdirməyə başladı, əvvəllər heç vaxt söyləmədikləri ruhlandırıcı sözlər dedilər. Amma Babay onlara heç qulaq da asmırdı. O, elə hey nərildəyirdi.

Qəfildən də sevinc dolu səslə  qışqırdı:

-Budu, parazit! Tövlədə gizlənibmiş!

Hamımız birdən geri döndük. İnternat-məktəbin yardımçı binaları tərəfdən çirkli, ayaqyalın oğlanın əlindən tutmuş bir müəllim gülümsəyə-gülümsəyə  gəlirdi. Camaat uşağı əhatəyə alıb suallar verməyə başladılar. Amma binəva o qədər qorxmuş, çaşmışdı ki, bir kəlmə də deyə bilmədi.

Oğlanın ətrafındakı hay-küy, nəhayət, sakitləşəndə ​​Babayı xatırladılar. O, qumun üstündə eyni yerdə, sakitcə, haldan düşmüş, sifətində məmnunluq dolu təbəssüm oturmuşdu.

-Ay bədbəxt xilaskar! -  kimsə qışqırdı.  – Özünü ora niyə soxdun?

-Yəqin ki, qəhrəman ulduzu almaq istəyirsən! - izdiham şən səslə hayqırdı.

-Narahat olma, bəlkə növbəti dəfə kimisə xilas edə bildin.

-O, yalnız ayaqyoluda pişik balalarını tutmaqda mahirdir!

İzdiham qəhqəhə çəkdi. Babay da gülməkdən özünü saxlaya bilmədi.

 

Hadisədən sonra Babayın görmə qabiliyyəti kəskin şəkildə pisləşdi. Yanıq izləri bədənində həmişəlik, sanki xatirə olaraq qaldı. Amma artıq heç kəs ona ​​lağ eləmədi. Dəyib-dolaşmadılar. Amma bir daha onunla dostluğa can atmağa vicdanım yol vermədi.

Beləliklə, daha birgə çaya getmədik.

Ağrılı və gərgin 1990-cı illər gəldi. Daha yaxşı həyat axtaran valideynlərim şəhərə köçdülər, təbii ki, məni də özləri ilə apardılar. Stansiyaya nadir hallarda baş çəkir, sonra isə yalnız qısa müddətə üz tuturduq. Babayla bir neçə dəfə görüşdüm - qocalmış, arıqlamış, saçı tökülmüşdü. Sifəti qaralmışdı, həm də bunun səbəbi gün yanığı deyildi. Bir çox kənd kişiləri kimi, o da işsiz-gücsüz gəzir, araq içirdi. Yayda başqalarının bağında işləyirdi. Maşka onu atıb getmiş, başqa diyara köçmüşdü. Sonra Babay özü yoxa çıxdı. Bəziləri qohumlarının onu Rusiyaya apardığını, bəziləri isə öldüyünü söylədi.

 

Bir dəfə kəndə baş çəkəndə nənəm bizə yeni məscidə getməyi təklif etdi.

Məscid yanmış internat-məktəbin yerində tikilmişdi. Bu yanğını xatırlamaqla bağlı deyildi. Sadəcə, kəndin mərkəzində, ən görkəmli yerdə boş sahəydi, orda nəsə tikməliydilər. Darvaza bağlı idi.

-Bəyəm, içi boşdu? - soruşdum.

-Onun bizim üçün vaxtı yoxdu, - nənəm istehzayla gülümsəyə-gülümsəyə darvazanın məftilini açdı.

Bizi irəlidə başqa bir maneə gözləyirdi: məscidin qapısına qıfıl vurulmuşdu Amma bu da nənəmi yolundan döndərmədi. O, möhkəm dartdı, qıfıl açıldı. Görünür, elə-belə vurulmuşdu. Müqəddəs məkana girdik. Nənəm çarşafını başına çəkdi, diz çöküb əzbərlədiyi yeganə Quran surəsini oxumağa başladı. Həmişə mərhum qohumları üçün dua eləyəndə həmin duanı oxuyardı.

Heç vaxt dindar olmamışam, amma o məqamda mən də babam, dünyasını dəyişmiş digər qohumlarım üçün dua etməyə başladım.  Bir də Babayın üçün dua oxuyurdum. Baxmayaraq ki, bu, yəqin, axmaqlıqdan başqa bir şey deyildi: o, başqa dinə mənsub, çox güman ki, hələ də sağ idi. Allah məni bu cür abırsızlığa görə bağışlasın.

Mən, həqiqətən, Babaya könül xoşluğu və dinclik diləmək istəyirdim. Aramızda bir adam heç kəsə yük olmamaq üçün tək, diqqətdən kənarda yaşayırdı. Sanki varlığından utanırdı. Heç kəsə pislik istəmir, zərər vermirdi. O gedəndən sonra da kənd sanki boşalmışdı. Bəlkə də sadəlövh, səmimi və utancaq Babay hələ də hardasa, çaxtalı Sibir səhrasında gəzir. Çox ümid edirəm ki, orda onu heç kəs incitmr. Babay üçün bacardım kimi dua elədim. Çoxları daha yaxşısı dua oxuya bilərdi. Baxmayaraq ki, ola bilsin, mübarək adamların duaya ehtiyacı yoxdu.

Tərcümə: Nəriman Əbdülrəhmanlı

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru