Mən burda, sən orda, həsrət arada - Azad Yaşarın şeirləri

Apr 20, 2026 - 17:16
 0  8
Mən burda, sən orda, həsrət arada - Azad Yaşarın şeirləri

Yazıçı Ədəbiyyat Portalı şair, tərcüməçi Azad Yaşarın 65 illik yubileyi münasibətilə şeirlərini təqdim edir.

Qərib-qərib dolaşaram

Qərib-qərib dolaşaram
qara geyər ağım mənim.
Macalım yox göz açmağa
dərddir solum, sağım mənim.

Yad bağın gülün qoxlamam
dəribən dəstə bağlamam
gülən könüllər dağlamam
var sinəmdə dağım mənim.

Qara bulud başım üstə
əhdim kəsər, durar qəsdə
yetməz əlim yara-dosta
dağlar çəkməz dağım mənim.

1981

El yorulmaz

Gözəl yarım, usanmadın
Evim yıxmaqdan-yıxmaqdan?!
Göydə ay tək saralmışam
Sana baxmaqdan-baxmaqdan.

Könül heç açılmaz-gülməz
Xəyalım səndən üzülməz
Gözüm yaşı aram bilməz
Qanlı axmaqdan-axmaqdan.

Bir yazı yazılmış bizə
Heç əcəl də durmaz gözə
El usanmaz eşqimizə
Qara yaxmaqdan-yaxmaqdan.

1981

Gözlərim yoldadır

Bir vaxtlar mən səni sevirdim…
ancaq
ayrıldı yolumuz, mənzillərimiz.
Necə özgələşdik, yadlaşdıq?
Necə?
De, necə
soyudu dost əllərimiz?


Məhəbbət - ümiddir,
yaşamaz onsuz,
sənsə
anlamadın könlüm deyəni.
Mənim ilk sevgimdin -
ləkəsiz, donsuz -
gözüm görə-görə
itirdim səni.


Buz kimi olardı əllərin bütün.
gülərdin:
"Qəlbim də belədir - soyuq.
Yanmarıq bir yerdə,
yanmamız çətin -
birimiz - alovuq,
birimiz - suyuq!"


Mənsə arxalanıb eşqin adına
düşündüm:
"Soyuqluq
çox çəkməz yəqin.
Birlikdə isinər sevgi oduna
sənin ürəyinlə
mənim ürəyim."

Həmişə sorardın,
sorardın ki, mən
sənin buz qəlbindən
nə gözləyirəm.
Gözlərim yoldadır…
Bilmirəm nədən
yenə də
hər gecə
sənsizləyirəm.

… Dağları, daşları yandırar, yaxar
indi min harayım,
min ahım mənim.
Anlaram
- dönüncə bir gün yoxluğa -
səni sevməyimmiş
günahım mənim.

Düzü, unutmazdım sevdanı bir an,
görməzdim heç nəyin
öz qiymətini.
Bir sözünə bənddim -
atardım hər an -
ayağın altına…
səadətimi.

Adi sözümə də hazırdı tənən
məni "uşaq" deyə
lağa qoyardın.
İndi anlayıram
ki, buz ürəynən
sən
mənim sevdamı
necə duyardın?!

Yox, yox,
tərk eləməz ilk sevgim məni
ötsə də
onillər göz qırpımı tək.
Dəyanətin varsa -
mənim eşqimi -
onun acığına unutma,
ÜRƏK!

Görüş yerimizə gəlirəm hərdən.
Bilsəm də gəlməzsən,
mən…
gözləyirəm.
Gözlərim yoldadır…
bilmirəm nədən
yenə də
hər gecə
sənsizləyirəm…

1979

Qarlı bir gün idi

Qarlı bir gün idi…
Tək qoydun məni
qar altdan boylanan ilk nərgiz kimi.
Yıxmazdı
min boran, min çovğun məni
gedəndə dediyin bircə söz kimi.

Getdin…
bir nöqtəyə döndün uzaqda…
dönüb geriyə də baxmadın bir dəm.
Qırov yük olsa da kirpiklərimə
mən
səndən
gözümü çəkə bilmirəm.

Asandır toxunmaq özgə könlünə,
sənin də tək buna çatarmış gücün.
Yazdan küsən durna
deyiləm sənə
eşqin payızında…
cənuba köçüm.

Məni öz eşqimdə sınağa çəkdin,
bir söz də tapmadım sənə deməyə.
Mənə ki, bir dünya verməyəcəkdin
bəs niyə könlümü qırırdın?
Niyə?!

1978

Yelkənli gəmi

Yadında,
mən sənə yelkənli gəmi,
oyuncaq bir gəmi vermişdim onda.
Vermişdim vüsala bələdçi kimi
bizi qovuşdursun
ömür yolunda.


Tale o gəmini daşlara çaxdı
Hicran dəryasında qərq etdi bizi.
İndi ayrılmışıq
bir xeyli vaxtdır
Şaxtalar sarıbdır ürəyimizi.


Gör, nələr eylədi taleyin əli -
mən ki, inanmazdım ona,
gülərdim.
Özümü bir Məcnun,
səni bir Leyli
o saf eşqimizi - əzəl bilərdim.

Daha bəxtimizdə rüzgarlar əsir
sevda nağılımız bitdi,
tükəndi.
İndi
bu möhnətin ahı-naləsi
arabir saçımdan boylanan dəndir.

Əridə bilərmi ayrılıq qarın
bir sevən ürəyin ahı-harayı?!
Əzəldən
yoxuşda
ayrılanların
Vüsal zirvəsində payı olmayıb.

"Əşi, tale nədir - deyib,
gülərdim -
ürəklər sadiqsə, məhəbbət - təmiz?"
Mən belə bilirdim,
belə bilərdim
daşlara dəyməmiş
vüsal gəmimiz.

Sənə tuş gətirdi həyatda məni
sonradan
nisgillə ayıran tale.
Necə rəhmsizdir
ona güləni
dözülməz kədərlə doyuran tale!

Yadında,
mən sənə yelkənli gəmi,
oyuncaq bir gəmi vermişdim onda.
Vermişdim vüsala bələdçi kimi
bizi qovuşdursun
ömür yolunda.

1980

Mən burda, sən orda,
həsrət - arada

Mən burda,
sən orda,
həsrət - arada
Mən - sənin susuzun,
sən - mənim acım…
Lənətə gələydi həsrət yaradan -
adamın başına gör nələr açır!

Həsrət acısıyla ötən hər günüm
sənsiz üzüntüdür, sənsiz əzabdır.
Səni itirdiyim o gündən məni
haraya getdimsə…
ayrılıq tapdı!

Həzin duyğuların kövrək düzümü
çökür duman kimi könlümə hərdən.
… Bir də görərəmmi
gülər üzünü?
Qismətmi
saçını oxşayım bir də?

Könlüm dayanmayır ayrılığına:
nə yapdıq həsrətə - ayırdı bizi?
Bizi rəva bildi sinə dağına,
Acı göz yaşıyla doyurdu bizi?!

Tale oyununa hər zaman təzə
bir ölüm,
bir sevda qurban qoyulur.
Ömür - göz qırpımı…
bir görüş bəzən
görürsən bir ömrə bərabər olur.

Min yol əl açıram göylərə,
ordan
hər dəfə,
hər dəfə boş dönür ovcum.
Mən burda,
sən orda,
həsrət - arada
Mən - sənin susuzun,
sən - mənim acım…

1984

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0