Qatil sağsağan - "Qazax ədəbiyyatı" rubrikasında..

Sen 24, 2026 - 16:31
 0  9
Qatil sağsağan - "Qazax ədəbiyyatı" rubrikasında..

Yazici.az ədəbiyyat portalının "Qazax ədəbiyyatı" rubrikasının növbəti qonağı yazıçı Askar Altaydır.

Askar Altay (1963, 12 fevral) – yazıçı, jurnalist

Şərqi Qazaxstan vilayətinin Zaysan şəhərində anadan olub, Abay adına Almatı Dövlət Universitetinin filologiya fakültəsini bitirib (1984). Rayon qəzetində, muzeydə, televiziyada çalışıb, “Juldız” jurnalının şöbə müdiri, baş redaktor müavini, “Er-Daulet” informasiya agentliyinin, “Finans” jurnalının baş redaktor müavini, “Bilim”, “Atamura” nəşriyyatlarının baş redaktoru işləyib, 2004-cü ildən “Arda” İA-nın direktorudur.

Yaradıcılığa ötən əsrin 80-ci illərindən başlayıb, nəsr əsərləri müxtəlif dövri nəşrlərdə çap olunub, “Kənd və şəhər hekayələri” (1998), “Altay hekayələri” (2001), “Bazar naxışları” (2003, kollektiv), “Qırmızı canavar” (2006, kollektiv), “Kazino” (2008), “Səmadakı qırmızı günəş” (2017) nəsr topluları nəşr edilib. Dünya ədəbiyyatından tərcümələri işıq üzü görüb. Əsərləri bir sıra xarici dillərə çevrilib.

A.Altayın əsərləri Qazaxstan Yazıçılar İttifaqı (1989, 1990), T.Aytbergenov adına və Beynəlxalq “Alaş” mükafatlarına layiq görülüb. “Qırmızı canavar” kitabı Beynəlxalq Soros Fondunun baş mükafatını (1997) qazanıb.

QATİL SAĞSAĞAN

(Gözyeyən)

Qayğısız həyatdan boyun qaçıran quş – hiyləgər sağsağandı...

O isə - həmin sağsağanın şüuruna itaət eləyən inşandı. Havayı yemək acgözü, ehtiras düşkünü kimi yaşayıb. Sağsağanın ifraz elədiyi quş zilini xatırladan bu hisslərsə idarəedilməz hala gəldi, eynilə o zıl kimi bulanıq olan şüuru də sanki qurudu.

Alabəzək qanadlı, ağ quyruqlu sağsağanın diriləri-ölüləri ovlamasından nə qədər ötüb?! Ölülərin meyiti, dirilərin artığı onun gözlərini heç cür doydurmurdu.

Bu gün də həyətdəki kiçik ağacın başında tənha sağsağan cikkildəyir. Çöl quşudu, odunun altında yumurtlamağa məcbur olub, atılıb-düşür, qısa boynunu uzadır, uzun quyruğunu tərpədir. Nəzərləri kölgədə dincələn sahibinə, qaraşın qocaya dikilib.

Əslindəsə sağsağanın nəzərləri acgöz tərzdə yekəpər, qaraşın qocaya yox, onun qabağındakı hisə verilmiş başa dikilib. Amma artıq xeyli vaxt ötüb, oğru sağsağan  hələ də başın keşiyini çəkir, isti qidanı baxışlarıyla acgözlüklə yeyir... Hər halda, quş zəhlətökən olsa da, hələ ətcəbala vaxtından əhliləşdirilib.

 

***

Qocanın qabağındakı, gün altında yanıb qapqara qaralmış hər iki baş çiy, həm də qanlıdı. Biri – iri, oraqşəklli buynuzu olan dağkeçisinindi. Digəri – sallaqqulaqlısı boz canavarındı. Başlar parçalanmayıb. Bütövdü. Görünür, baltayla düz boynun çiyinlə birləşdiyi yerdən kəsilib.

Hər iki baş quruyub, bir-birinə sıxılmış ağ dişləri ağarır, dərisinin üstdəki nazik qatı duzdan qaxaca dönüb. Gözləri görünmür. Dağkeçisinin məsum halda imdad diləyən, canavarın od-alov oynaşan gözləri yoxa çıxıb, yerlərində tutqun oyuq var. Başların qorxu doğuran, ürəyi çırpınmağa məcbur eləyən görkəmi dəhşətlidi. Amma qoca buna qətiyyən fikir vermir, sanki ölüb.

Qoca bayıra çıxıb qurğuşun kimi ağır başları yerə atanda yoğun odunun üstünə qonmuş sağsağan səsləndi... Quş indi də ac olduğunu bildirib yenə ucadan cikkildədi, qısa yarmaçanın üstündə atılıb-düşməyə başladı. “Qurdunu necə öldürəcəyi” barədə düşünə-düşünə, boş çinədanını əsdirə-əsdirə, dəlisov, ümidlə dolu nəzərlərini sahibinə dikmiş halda, uçuşa hazırlaşan şahintək qanadlarını çırpmağa başladı. Özünü hövlnak o başların üstünə salmaq istəyir, qıçına bağlanmış dəmir həlqəninsə onu heç yerə buraxmayacağını dərk eləyirdi. Təngnəfəs olmuş quş bunu bilir, üzünü sahibinə tutub acı, hiddətli cilkkiltisinə ara vermir, sanki nə qədər ac olduğunu göstərmək istəyir. Amma qoca yerindən daş kimi tərpənmir. Dünəndən quşa qarşı etinasız olub... Əməlli-başlı acmış ala-bəzək qanadlı quş da özünü başlara yetirmək üçün ümidsizcəsinə cəhd göstərə-göstərə narahatlığını büruzə verir. Kölgədə oturmuş sahibisə sifətindən axan təri sildi, nazik yaylığını daz qırxılmış başına saldı.

Biçarə sağsağanın aclıqdan, soyuqdan nəsibini alacağı günlər irəlidəydi. Bu, payızın axırlarında, həm də qışda baş verəcəkdi. İndi bürkülü iyul ayıydı. Adətən, çinədanı dolu, zılı yağlı olurdu. Elə qoca da qızmar yayda ondan heç nəyi əsirgəmirdi. Quş ancaq göz – qoyun gözü, it gözü, toyuq gözü – yeyir, ümumiyyətlə, bütün gözləri mədəsinə ötürürdü. Yeriməyə alışmaması, uçmağı yadırğamaması üçün sahibi axşamlar qıçına at tükündən nazik ip bağlayır, uzun çubuq götürür, onu uçmağa buraxırdı. Sağsağan da yerdə qaça, qanadlarının uyuşuğunu aça bilərdi.

Dağkeçisinin təpə kimi iri və canavarın ağzı üstə çevrilmiş piyaləyə oxşayan başları sağsağan üçün yediyi, qabağına atılan qida, yemək idi. Yeməyinin içindəki hər bir gözü dərhal mədəsinə ötürürdü. Həmin başlar onu qidalandırırdı, quş bəzən başların göz oyuqlarındakı qanlı əti, cürbəcür ət çərəzlərini də yeyir, hətta ora dolan suyu içib susuzluğunu yatırırdı... Dünəndən bəri bütün bunlar yoxa çıxmışdı, sağsağan aclığını və susuzluğunu heç cür yatıra bilmirdi.

Hiyləgər sağsağan cikkildəməyinə ara verib narahat halda hıçqırmağa başladı. Amma sahibi, deyəsən, qımıldanmaq fikrində deyildi. Kölgədə duzlanmış başlara baxa-baxa, keçmiş barədə düşünə-düşünə qanlı əti tikə-tikə doğrayır. Həmin parçaları barmaqlarıyla qəddar canavarın kəlləsində qaralan göz oyuğuna basır.

Sahibinin neyləmək istədiyini sözsüz-sovsuz başa düşən oğru sağsağansa yarmaçanın üstündə vurnuxur. Quş zılına bulaşmış tarın ətrafı irili-xırdalı sümüklərlə doludu. Sağsağan o sümükləri bıçaqla qaşıyan sayaq təmizləsə də, hər halda, artıqlarla qidalanan qusdu, caynaqları iti deyil, həmin sümükləri nə parçalaya, nə diri-diri uda bilir. O, hər şeyi havayı əldə eləməyə öyrəşmiş riyakar fahişəyə oxşayır...

Sağsağan dağkeçisi və canavar başlarına acgözlüklə baxa-baxa, fasiləsiz cikkildəyə-cikkildəyə, üstəlik, qəsdən özünü lovğa aparır, sanki demək istəyir: bəs, mənim mədəmi havayı qidayla nə vaxt dolduracaqsan?

Amma qoca heç tələsmək fikrində deyil. Tələsməli yeri var ki?!

O, Almatının yaxınlığındakı Duman auluna, demək olar, bu yaxınlarda gəlib. Bəyəm, qoca vaxtı yaşayış yerini dəyişmək istəyirdi?! Amma, hər halda, Xan-Tenqrinin zirvəsindən enməli oldu. Uzun əhvalatdı... O, buna həm də yeganə oğlu Kayratın, onun övladlarının – iki nəvəsinin - xətrinə razı oldu. Sən demə, gəlini daha bir uşağa hamiləymiş. Köçən kimi, xəstəxanaya düşdü. Qoca artıq məktəbə gedən iki nəvəsinə baxmaq üçün qaldı.

Dünən gecə gəlini sağ-salamat azad oldu. Amma oğlan dünyaya gözsüz gəldi. Körpənin gözsüz-qaşsız sifəti şumal, cansızdı. Həkimlər ataya belə halın yüz ildə bir baş verdiyini deyiblər. Gecədən xeyli keçəndən sonra ağlar görkəmlə evə gələn oğlu dilləndi:

-İndi neyləyək, ata?

Qoca onun sözünü kəsdi:

-Sus! Necə yəni, neyləyəcəyik? Ana bətninə yerləşmiş körpəyə bu dünyada da yer tapılar. Nə yaman acizsənmiş! Gəlin səni bu halda görməsin, ha!

-Ona hələ hətta uşağı belə göstərməyiblər...

-Rədd ol, boş-boş danışma! Uşaqlar yerdə tökülüb qalmayıb. O körpə necə olur, olsun, evə gətirin!

Karaş dedi, qurtardı.

İstər-istəməz qarısını xatırladı. Allahın təqdiriylə övladlarının hamısı dünyaya ölü gəldi, bütün itkilərdən sonra yeganə oğlu sanki “ölüm qonağı”ydı. Yaxşı ki, qarı dünyadan tez köçdü, bu dəhşəti görməli olmadı. Sağ olsaydı, bütün günahları onun üstünə yıxar, həmişəki kimi, hiddət, ümidsizlik içində “Sən günahkarsan!” – deyərdi. Bəli, qarı Allaha dua eləyər, bu dəfə də qocanı lənətləyərdi. İşıqlı dünya bunun şahididi! Bir də bu zirək, həyasız, ala-bəzək qanadlı sağsağan şahiddi! Günah da təqsir də bu qanadlarını xışıldadan sağsağandadı...

Bu müddət ərzində də ac sağsağan qidası olan iki girdə başa acgözlüklə baxa-baxa sanki deyirdi: “Ey qaniçən, onları ver görüm”.

 

***

İnadkar Karaş çətin vəziyyətdəydi...

Onu çətinliyə “sağsağanların” hökm sürdükləri bu qəddar dünya, insanın yaşadığı qısa, yalan həyat, ala-bəzək, cürbəcür simalı, ilğım kimi saxta, riyakar cəmiyyət, o cəmiyyətdə ömür sürən adamlar salmışdı. Elə özü də günahsız deyildi...

Beləydisə, nəyə görə riyakar sağsağanla məşəqqət çəkməliydi?!

O vaxt Karaş cavanıydı... Cavanlıq əyləncələri, coşğunluğuyla doluydu. Cəsur cavan otuz yaşa çatan kimi, Böyük Çin Səddindən Alayacan basqınlara gedir, uzunquyruq kəhərləri başqa ölkənin qaçağan atlarına dəyişir, həddən artıq təhlükəli təqiblərdən qurtulurdu. Böyük yolların tənha qulduru olmaq yolunu seçmişdi. Tövlələrdə yatır, gecələr səhərəcən oyaq qalır, beləcə, gəzərgi adamlara xas sərt həyat sürürdü.

Onu bu cür həyata aralarında ana tərəfdən qohumları olan Alay qazaxlarının qonşuluğunda məskən salmış yadelli Kosman alışdırmışdı. Altmış yaşı olsa da, at belindən düşməyən yadelliylə səfərlərinin birində tanış olmuşdu. Dağların arasında, uzaq, kimsəsiz çöldə, qarlı-buzlu aşırımlarda görüşür, kəhərlərin kəndirini bir-birinə verir, hər biri də öz yoluyla çıxıb gedirdi.

Onun yoldaşları dağ vadilərini bürüyən duman, boş çölləri yun kimi darayan qar çovğunlarıydı.

Zövqdən, sevincdən çox çətinlik, əziyyət verən səfərlər Karaşı əməlli-başlı yorurdu. Amma at kimi nəcib heyvan ona güc verir, qəlbini vəcdə gətirir, ölüm qorxusunu ovudur, həvəs oyadır, sərt mətanət, ciddi inadkarlıq təlqin eləyirdi. Karaşda qarşısıalınmaz acgözlük baş qaldırır, bu da onu fəaliyyətə sürükləyirdi.

E-e-h, keçmiş, xoşbəxt günlər!..

Təkbaşına səfərlər onu yadelli Kosmanla yaxınlaşdırmışdı - dağlar arasında eyni taleyi yaşayırdılar. İki quldur fasiləsiz qazaxlarla qırğızların yanaşı yaşadıqları qüdrətli Alataunun vəhşi heyvanlar keçən cığırlarında, Pamirin dağkeçiləriylə birgə əfqanlar və Bədəxşan tacikləri məskən salmış uca, zolaq-zolaq zirvələrində peyda olurdular.

İkisi də yalnız bir şeydən – hakimiyyətdən - qorxurdu... Əli uzun dövlətdən başqa bir təhlükə tanımırdılar. Çöl quşları və heyvanlarıyla yanaşı yaşamış çölçülər idilər. Adamları qarət eləyən, öz qəlblərini ehtiraslarının köləsinə çevirən quldurlar iyrənc əməllər sahibi olsalar da, öz aralarında xəyanətə yol vermirdilər, çünki eyni yolun yolçusuydular.

Kosman gec-tez ələ keçəcəyini bilirdi. Karaş da hiss eləyirdi ki, az sonra öyrəşdiyi həyata son qoyulacaq. Amma heç biri bu barədə ucadan danışmırdı. Əksinə, dağ cığırlarıyla daha inadla, daha qəddarlıqla şığıyırdılar. Bu cür arzuolunmaz fikirləri beyinlərindən atıb atları, mal-qaranı oğurlamağı ələkeçməz, taleyin seçdiyi adamların işi sayırdılar.

İlk görüşlərindən bir il sonra alaylı Kosman xan-tenqrili quldur Karaşa daimi məskənini göstərdi. Onda da o, sağsağanın qorxunc peşəsindən xəbər tutdu, dəhşətdən diksinib Kosmanın hiyləgərliyinə heyrətləndi. Əvvəlcə çəkinsə də, sonra belə bir quş sahibi olmağı şiddətlə arzuladı. Qəlbində acgöz ehtiras, amansız hiss oyandı.

Nəinki insanların, hətta quşların və heyvanların, bütün canlı aləmin də unutduqları Dolankaray diyarının Kuljat dağ vadisində məskən salan Kosman çobanmış, keçi otarırmış. Arvadı pamirli gənc qadın, özüsə naməlum mənşəli yadelliydi. Əsli-nəsli bilinmirdi. Görünür, Allah ona qohum-qardaş qismət eləməmişdi. Nə qazax, nə qırğız, nə tacik, nə bədəxşanlı, nə əfqan, hətta nə də pers idi, naməlum bir qədim xalqın törəməsiydi... Deyilənə görə, əcdadları Allah bilir, hardansa köçmüş gəlmələr idilər. Adamlar sığınacaq tapmaq istəyən tənha, bədbəxt yadellinin mənşəyi barədə cürbəcür fikirlər söyləyirdilər. Deyirdilər, o, rus torpağından gəlmiş “sibirli”, Çin tərəfdən qaçmış “çinli”, İran çöllərindən çıxmış “pers”di. Onun yalnız özündən sonra iz qoymayan adam olduğu açıq-aşkar aydın idi. İnsanlığı şübhə doğurmurdu, amma kimliyi sirr olaraq qalırdı.

Karaşla qazmanın, həyət tikililərinin qabağında dayananda çiynində ala-bəzək sağsağan olan cavan qadın bayıra çıxıb salamlaşdı. Kosman cəld yerə atıldı, sağsağanı arvadının çiynindən götürüb qolunun üstünə qoydu, quşu qara başından uzun quyruğunacan tumarladı, adıyla çağırdı. Sağsağansa sahibinin tumarından xoşhallandı, başını əyib onun yumruğuna sürtməyə başladı.

Quşun qıçına bıçaq və at tükündən, ucundakı həlqəyə bənd edilən nazik ip bağlanmışdı. Sahibi ipi dartıb əlini yellədi, quşu havaya buraxdı. Sinəsi ağ, qanadları ala-bəzək sağsağan ətrafda qanad çala-çala iştahını büruzə verdi, qadınsa evə cumub bir heyvanın tüklü başını gətirdi. Xallı bəbir başıydı. Karaş düşündü ki, yəqin, Pamir bəbirinindi. Qadın cəld onu iki dirəyin arasındakı taxta çatmanın üstünə qoydu. Həddən artıq həssas olan quş bunu duyub dirəklərə sarı şığımağa can atdı, yaxında dayanmış Kosmansa ipi dartır, sağsağanın bəbir başına çatmasına imkan vermirdi.

Karaş həmin məqamda çatmanın altında yerin quş zili, gəmirilmiş sümük, heyvan tükü, quş lələkləriylə dolu olduğunu gördü... Sağsağanın ora can atmasının səbəbini də başa düşdü. Bu müddətdə qadın qazmadan qab dolu yemək artığı gətirib bəbirin qaralan göz çuxuruna tökdü. Yırtıcı quş cəld uçdu, başın üstünə qonub yeməyi acgözlüklə dimdikləməyə başladı.

Karaş belə şeyi ilk dəfəydi görürdü, üstəlik, əməlli-başlı qorxdu. Bəbirin göz çuxurundakı qidanı acgözlüklə dimdikləyən qaniçənə dəqiq ad qoydu: “Gözyeyən”... Bu fikir şüurunda özünə yer tutdu. O, cansız-gözsüz başı acgözlüklə dimdikləyən quşun hərəkətinə qorxu içində göz qoyurdu. Bu kobud, qorxunc həyat həqiqəti onun şüuruna əbədi həkk olundu, sanki quş onun gözlərini dimdikləyirdi...

E-e-eh! Ağlasığmaz dünyadı!

...Kosmanın qorxusu əsassız deyilmiş. Az sonra qırğızlar onları tutub, Karabaltada mühakimə elədilər, yeddi il verdilər. Birini Sibirə, digərini şimaldakı mədənlərə göndərdilər. Allah insana dözüm verib! Karaş yeddi il yatıb Xan-Tenqriyə qayıtdı. Ailə qurdu, işləməyə başladı. Ona ilxı etibar eləmədilər, naxır otarmağa başladı.

Karaş qışda palçıqlı Dumanda yaşayır, yayı Karkaralı dağları yaylaqlarında keçirirdi. Vaxt civə kimi axır, ətrafdakı hər şeyi dəyişirdi.

Böyük sovet dövləti dağıldı. Qazax xalqı öz dövlətini qurdu. Elə həmin vaxt da yeganə övladı xoşbəxtliyini şəhərdə tapmağa getdi, Karaşsa qaldı, qarısıyla öz ocağını qorumağı qərara aldı. Amma qarı az sonra həyatdan köçüb əbədi dinclik tapdı. Kişi köhnə məskəndəki müqəvva kimi tək qaldı. Həmin vaxtdan da yoldaşı qədimdən insanın ətrafında fırlanan sağsağan oldu. Quş sadiqmiş. İndi köhnə məskəndə ikisi qalmışdı. Karaş işsizlikdən deyil, darıxdığına görə, quldur Kosmanın keçmiş məşğuliyyətini xatırladı... Zirək sağsağan onu tənhalıq duymağa qoymurdu.

Vaxt sürətlə şığıyan sağsağan kimi uçub  gedirdi, az sonra Karaşın yaşı yetmişi ötdü. Amma yenə də sağsağanla birgə ova çıxmaqdan əl çəkmədi. Gözyeyən məsum heyvanların gözlərini dimdikləməyə başladı. Elə dünən girinə boz canavar keçmiş, sağsağan onun axırına çıxmışdı. Qocanın öz gözyeyənindən narazı qalmağa əsası yoxdu.

Sağsağan sahibinin xətrinə nəinki dağkeçilərini, tülküləri, eyni zamanda, canavarları və bəbirləri də ovlayırdı! O, qırsaqqız gözyeyən idi axı? Quşa rəhmi gəlməsə, buraxardı? Bir də ki, hara buraxırdı? Qalpaqsız cəllad nələr eləməyə bilər? Kimlərin başına oyun açmaz? Kimləri göz altında saxlamaz?

Qoca yenə sağsağana nəzər saldı. Gözyeyənsə cikkildəyə-cikkildəyə, iti nəzərlərini göyə zilləyib, odun parçasının üstündə qaçağan dəvə kimi səkə-səkə neyləyəcəyini bilmədən ağzının seliyini udur...

Amma qara qanadlı oğru sahibinin ayaqları altındakı başa heç cür yaxınlaşa bilmirdi.

 

***

Dərrakəli sağsağan hər bir başın öz tarixçəsi, xüsusi faciəvi taleyi olduğunu bilir...

Bax, gözyeyən o canavar başını İli çayının kənarında dimdikləyib. Tutqun payız buludlarının bürüdüyü səmada şimşək çaxırdı. Günortaüstüydü. Boz atın belində gah səmaya, gah günbatan tərəfə baxa-baxa gedən sahibi arabir sağsağanı hazırlayır, irəli cumurdu. Baldakın üstündəki quş aralana bilməyəcəyini anlayır, səbirsizliklə atılıb-düşürdü.

Dərrakəli quş Çarın kanyonunun öz vətəni olduğunu başa düşürdü. Beş il əvvəl qoca onu hələ ətcəbala vaxtı ağacdakı yuvadan götürmüşdü. İndi bir vaxtlar əsir götürülmüş, artıq cəllada çevrilmiş bu quş Çarının İli çayına uzanan kiçik qolunun yamacındakı qalın iydə kolları arasında ova çıxmışdı.

Qoca onun yuvasından götürdüyü vaxtdan bəri gözyeyənin dimdiyi çöldə az qan içməmişdi. Sağsağan pələng kimi yırtıcı, şahintək amansız olmuşdu. Erkən dövründən dovşanlara öyrətmiş sahibi onu tülkünün və dağkeçisinin gözlərini dimdikləməyi öyrənənəcən məşq etdirdi. Quşun bəxti gətirdi. Hamının öhdəsindən gəlirdi.

Acgöz sağsağanın yemi çox günahsız gözlər olmuşdu. O, ox kimi şığıyıb heyvanın başına qonanda canlıların heç biri alabəzək sağsağan sarıdan təhlükə hiss eləməyə macal tapmırdı. Quş dimdiyinin iki cəld zərbəsiylə gözlərini çıxaranda biçarə qurban yalnız başını tərpədə bilir, qıçlarını dartır, tam zülmətə qərq olurdu. Quşsa bir göz qırpımında ehtiyatsız heyvanı bədbəxtliyə düçar eləyib öz faciəvi məharətindən narazı halda uçub gedirdi.

 Həmin məqamda da quşun sahibi kor edilmiş qurbanın üstünə şığıyırdı. Ucsuz-bucaqsız çöldə cəmi üç canlı – ovçu, kor edilmiş vəhşi heyvan, qaniçən sağsağan - qalırdı. Kor edilmiş qurbanını təqib eləyən gözyeyən bütün məharətini büruzə verirdi. Dünya işığını itirən ölü, cansız gözlər onun boğazından mədəsinə enirdi. Daha doğrusu, enirdilər... Sağsağan bu çöldə sağsağan saysız-hesabsız canlıların – dik yarğanların yamaclarındakı dağkeçilərinin, çöldəki cüyürlərin, hiyləgər tülkülərin, iri maralların, rastına çıxanların hamısının... – gözlərini çıxarmışdı.

İndi də gözyeyən-sağsağan daha bir vəhşi heyvanın gözlərini oymaq üçün marığa yatıb. Adətən, Çarın səs-küylü olur, amma bu gün qatı sükut var. Tutqun havada hər tərəf kədərli görünür. Havada İli çayı səmtdən rütubətli, sümüyə işləyən soyuq hiss olunur.

Sahibi bu dəfə sağsağanı Çarın kolluqlarında uçuşan qırqovulların üstünə salmadı. Elə sağsağan da buna bir elə maraq göstərmirdi. Quş səbir göstərir, iydə kollarına diqqətlə göz qoya-qoya yerindən tərpənmirdi.

Sağsağan və ovçu iydə kolluğunun başına dolanıb bir örkən boyu uzaqda ayaqlarını güclə sürüyən canavara rast gəldilər. Sahibi açmış quşu dərhal buraxdı. Arğaz gözyeyən quş qanadlarını çırpıb köndələninə uçdu. Boz canavar ovçudan qətiyyən qorxmadan yortmağa başladı. Sağsağan səssizcə vəhşi heyvandan quzey tərəfə üz tutdu. Yırtıcı canavar ala-bəzək qanadları olan quşa heç diqqət də yetirmirdi. Ovçusa öz-özünə and verdi: “İndi sənin kəlləni qanlı parçalara ayırarıq!” Sonra onun arxasınca getdi.

Sağsağan artıq zəngin koretmə təcrübəsinə malik olsa da, özünün yırtıcı sənətində kifayət qədər zirək idi. İndiyəcən bir dəfə də olsun, canavarla üz-üzə gəlməmişdi, amma aclıq, bir də sahibinin alışdırdığı qəddarlıq onu yırtıcı olmağa məcbur eləyirdi.

Əlverişli məqam gözləyib, canavar başını güney səmtdən yaxınlaşan atlıya sarı çevirəndə sağsağan caynaqlarıyla onun başından yapışdı. Sonra şikarının özünə gəlməsinə imkan verməyib dəqiq, ildırımsürətli zərbəylə gözlərini çıxardı. Bir an sonra yalquzaq yerə yıxıldı. Ovçu başını boş kisə kimi əsdirən, qabaq ayaqlarını nizamsızcasına hərəkət etdirib göz oyuqlarını gizlətməyə çalışan heyvanı çətinlik çəkmədən, heç atından da enmədən dəyənəklə öldürdü.

...Dağkeçisinin başısa sağsağanın caynağına Bartoqay zirvələrində keçmişdi. Bu dəfə kor edilmiş təkə çox asan şikar olmuşdu. Oraqşəklili buynuzları olan təkə dağın quzey yamacında otlayandan sonra uçurumun yamacında dayanıb ətrafı nəzərdən keçirirdi. Ovçu onu uzaqdan görüb gözyeyəni yuxarı qaldırdı, “Hop, hop!” qışqırıb havaya atdı.

Sağsağan dağkeçisini gördü, sanki gücünə heyfi gəlmədən cəld ona doğru uçdu. Quş əvvəlcə lap yuxarı qalxdı, sonra aşağı şığıyıb əzəmətli təkənin oraqşəkilli buynuzları arasına qondu, bir göz qırpımında qana bulaşmış qara gözlərini dimdiklədi, hürkmüş heyvan kənara atılanda da aralandı.

Ani müddətdə kor olan qayğısız təkə yamacda cəmi iki dəfə sıçrayıb uçurumun dibinə düşdü, boynu sındığına görə öldü. Düz yaz girəndən bəri qoca sahibi sağsağanı onun qurumuş kəlləsinin göz çuxurlarından yedirirdi...

Yırtıcı quş səbirsizlik göstərib qısa ağac parçasının üstündə hiddətlə var-gəl eləyir. Həssas sağsağan üçün ağac parçasının üstü bomboş çöldü, qaniçən quş da buna görə səbirsizlik göstərir...

 

***

Karaş qüssəlidi...

Dünya daimi yox, dəyişkəndi. O – keçisini və gələcəyini unutmuş adam da qəfildən qışqırıb oyanır, sanki qorxunc iblisin pəncəsində boğulur! Çıxış yolu qalmayan adam şahin kimi göydə qanad çalmaq istəyir!

Alay basqınçısı Kosmanın qovub gətirdiyi at ilxıları Alatau soyğunçusu Karaşın əlindən gəlib keçir, sonra basqınçı Oşmana verilir, Kızıljardan keçib uzaq Sibir çöllərində qeybə çəkilirdi. Atları qova-qova, yolüstü dəyişə-dəyişə böyük həvəslə, qurut sora-sora bomboş çöllərdən keçib gedirdilər. Amma o, bununla var-dövlət yiyəsi ola bilmədi...

Bax, indi tənha kötüyə çevrilib gözsüz doğulmuş körpəni gözləyə-gözləyə, taleyinə boyun əyib, “Allah belə məsləhət görüb”, - deyə-deyə Almatı ətrafındakı bir yerdə oturub, alabəzək sağsağana yem verir.

Allah bilir, hardan peyda olmuş gözsüz uşaq, qəddar sağsağan məhz bu gün onun məhrəm düşüncələrini ehtizaza gətirmişdi...

Kor körpə - kor inşandı. Kor insan işıqlı dünyanı görmür. Kor varis qarmaqarışıq bir cəmiyyətə gəlib. Kor nəsil – kor cəmiyyətdi. Kor, korlar... Korluq insanı nələrə vadar eləmir?!

Bəs, kor adamların, kor cəmiyyətin yaşadığı bu aləmdən nə gözləmək olar? Şikəst adam - acizdi. Şikəst cəmiyyət – imansızdı. İmansız cəmiyyətdən nə desən gözləmək olar, imansız cəmiyyət istənilən sözü söyləməyə məcbur eləyər!..

Amma bütün bunların qocaya nə dəxli var axı? Axı o da aciz, imansızdı.. Heydən düşüb, bir ayağı gordadı... İndi kimin dayağı, ümid yeri ola bilər?! O, yalnız qarşısındakı kəsilmiş, ömrü yarımçıq qalan, kor başlara cavab verir... Amma  törəməsinə, o gözsüz körpəyə, kor cəmiyyətə hökmü çatmır.

Bunlar böyük Yaradanın hökmündədi. Bu qayğısız aləm yalnız Allahın iradəsindən asılıdı. Allaha yalnız ləyaqətsiz cəmiyyət inanmır. Ləyaqətsiz cəmiyyət insanın əlindədi... O cəmiyyəti də inadkar adamlar yaradıblar. Cəmiyyətsə səndələyəcək, küləyə düşmüş kimi o tərəf-bu tərəfə yırğalanacaq, tufanın apardığı qoyun sürüsü kimi, inadkar adamın yönəltdiyi səmtə gedir. Həm də yalnız həmin adamın inadkar iradəsi qarşısında baş əyir.

Artıq kitabı bağlanan adamsa başın sahibidi. Daha doğrusu, kor başların sahibi o yox, sağsağandı. Həmin başlar olmadan sağsağanın axırı çatıb... O bu abırsız kor başların əsl yiyəsidi. Üstəlik, təkcə kor deyil, həm də hələ kor edilməmiş məxluqların sahibidi.

Bu ağır fikirlər Karaşı tərk eləmir, onu sanki at tükündən kəndirlə bağlayırdı.

Artıq günortaydı...

Əməlli-başlı acmış, ağac parçasının üstündə atılıb-düşən sağsağan cikkildədi. Karaş nəzərlərini qaldırıb iti gözlərini ağarmış qaşları altından quşa zillədi. “Yaramaz, başkəsən!” – o, donquldandı. Həssas sağsağan qocanın donqultusuna cikkildəməklə cavab verdi. Çinədanı çoxdan boş olan başkəsən quş hər şeyə razı olduğunu büruzə verdi...

Bu fani dünyada Karaş çox itigözlü qaniçən-sağsağan yemləmiş, öyrətmiş, əhliləşdirmiş, əksəriyyətinin ovda sınaqdan çıxarmışdı. Hamısı itaətkar idi, onun ümidini boşa çıxarmırdılar. Acgöz, küpəgirən qarı kimi zirək məxluqlar çox vəhşi heyvanların gözlərini oymuş, o oyuqlardan beyinlərini sormuşdular. Qurtula bilən, bomboş çöldə qalan kor qurbanlar zülmət içində dolaşa-dolaşa tələf olurdular. Bir gözlərini xilas eləyib qaçanların çıxarılmış gözləri quşların mədəsinə köçürdü.

Quldur Kosman lovğa-lovğa deyirdi: “Siz sağsağanla ov eləməyi bacarmırsınız. Mənşəyiniz imkan vermir, həddən artıq kübar ailədənsiniz, öz şərəfinizin üstündə əsirsiniz. Bu, sizin adətinizdi. Sağsağan nəinki vəhşi heyvanların, hətta insanların da gözlərini oyub beynini sorur! Qədim əcdadlarınız kor eləməyin qorxunc iş və ağır məsuliyyət olduğunu başa düşüb bu işi sizdən ötrü qadağan eləyiblər”.

O hiyləgər adamın dedikləri çin çıxdı! Karaşın günahları üzündən məsum törəməsi kor – gözsüz doğuldu. Allah tanrıları, peyğəmbərləri qəbul eləməyən acgöz bəndəsini cəzalandırıb nəvəsini dünya işığına həsrət qoydu. İlahi, onun təkcə nəvəsi kor olmayıb, özü də ömrünü kor kimi yaşayıb. Kor həyatı sürüb, sübut eləyib ki, bu aləmdə müdrik-filan yoxdu.

Bu aləm də, qəlbi də kor imiş.

İndi hətta onun ağır qara başı sağsağan üçün yemdən başqa bir şey deyil... Axı gözlərinin ağı da, şüuru da artıq tutqunlaşıb. Sağsağan bu dünyanı ondan ötrü zülmətə çevirib. Bir göz qırpımında kor edilən vəhşi heyvanlardan nə fərqi var axı?! Bütün gələcək zülmət içindədi!

Karaşın gücü tükənməyə, iradəsi, inamı zəifləməyə başladı. Ətrafdakı hər şeyi tutqun kölgə bürüdü. Qəfildən sağsağan yenə cikkildədi. Qoca dərhal özünə gəldi.

Oğlu bələkdəki övladı qucağında kiçik həyətin dəmir alaqapısını açıb içəri girdi. Karaş qalxmağa cəhd göstərdi. Amma ikinci dəfə güc versə də, dikələ bilmədi. Gözlərindən yaş axırdı.

Səhər erkəndən gözlərini ona dikmiş sağsağan ağac parçasının üstündə cikkildəyirdi...

Tərcümə: Nəriman Əbdülrəhmanlı

 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru