Şəkidə şimal-qərb bölgəsinin yazarlarının elmi-nəzəri konfransı keçirilib

İyn 9, 2026 - 16:08
İyn 9, 2026 - 16:19
 0  16
Şəkidə şimal-qərb bölgəsinin yazarlarının elmi-nəzəri konfransı keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin Şəki, Oğuz və Zaqatala bölmələrinin dəstəyi ilə iyunun 9-da Şəki REM-də "Tarixin söz körpüsü" mövzusunda elmi-nəzəri konfrans keçirilib.

YAZİCİ.AZ xəbər verir ki, tədbirdə Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından 60-dan çox şair və yazıçı iştirak edib.

Elmi-nəzəri konfransda bölgə yazarlarının müxtəlif illərdə nəşr olunmuş kitablarından ibarət sərgi təşkil olunub. Sərgidə Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarını təmsil edən müəlliflərin poeziya, nəsr, publisistika və ədəbi-tənqidi əsərləri nümayiş olunub.

Konfransda ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Eyni zamanda Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan yazıçı Yusif Şükürlünün xatirəsi ehtiramla anılıb.

Konfransı AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov açaraq bölgə ədəbiyyatının milli-mədəni irsin qorunması və inkişafındakı rolundan danışıb. O, belə tədbirlərin ədəbi mühitin canlanmasına və yaradıcılıq əlaqələrinin genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, şair və tədqiqatçı Vaqif Aslan "Azərbaycanın bölgə ədəbiyyatı kontekstində Şəki ədəbi mühiti və ədəbi prosesin inkişaf tendensiyaları" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Şəki ədəbi mühitinin Azərbaycan ədəbiyyatının inkişafındakı yeri və müasir ədəbi prosesin əsas istiqamətləri təhlil olunub.

Məruzəçi Azərbaycan ədəbiyyatının zəngin və çoxşaxəli inkişaf tarixində bölgə ədəbi mühitlərinin xüsusi yer tutduğunu və bu mühitlərin milli ədəbi fikrin formalaşmasında, xalqın mənəvi dəyərlərinin qorunub gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığını qeyd edib. 

Vaqif Aslan bölgənin folklor irsi, dastanları, aşıq yaradıcılığı, bayatıları və xalq arasında yaşayan zəngin şifahi ənənələrin müasir ədəbi yaradıcılığın da mühüm qaynaqlarından biri olduğunu, yazıçı və şairlərimizin bu qaynaqlardan bəhrələnərək milli ruhu yaşatdıqlarını, onu müasir dövrün bədii-estetik tələbləri ilə uzlaşdırmağa çalışdıqlarını vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin Zaqatala bölməsinin sədri Əlmaniz Ələkbərli "Bədii yaradıcılığın Qax, Zaqatala və Balakən ədəbi mühitlərində inkişaf dinamikası" mövzusunda məruzəsində Qax, Zaqatala, Balakən ədəbi ənənələri və müasir yaradıcılıq prosesindən bəhs edib. Qeyd edib ki, Qax, Zaqatala və Balakən ədəbi mühitlərinin inkişaf tarixini nəzərdən keçirdikdə müxtəlif dövrlərdə burada fəaliyyət göstərən söz adamlarının milli ədəbi düşüncənin formalaşmasında mühüm rol oynadıqları görünür. Diqqətə çatdırıb ki, onların yaradıcılığında vətən sevgisi, torpağa bağlılıq, milli-mənəvi dəyərlər, insan və təbiət münasibətləri, eləcə də ictimai problemlər geniş şəkildə əks olunmuşdur.

AYB-nin Oğuz bölməsinin sədri Vüsal Oğuz isə "İsmayıllı, Qəbələ və Oğuz rayonlarında ədəbi proses: tarixi, müasir vəziyyəti və inkişaf perspektivləri" mövzularında məruzə ilə çıxış edib. 

Vüsal Oğuz çıxışının sonunda bölgələrdə ədəbi prosesin daha da canlandırılması üçün bir sıra təkliflər irəli sürüb. O, nəşriyyatların iştirakı ilə kitab yarmarkalarının keçirilməsinin, tanınmış şair və yazıçıların rayonlarda oxucularla görüşlərinin təşkilinin, eləcə də yaradıcılıq qabiliyyəti ilə seçilən gənclərin aşkar edilərək onlara ustad dərslərinin keçirilməsinin vacibliyini vurğulayıb. Məruzəçi həmçinin ədəbi birliklər arasında əməkdaşlığın gücləndirilməsi, yaradıcılıq gecələri və almanaxların təşkili, yerli müəlliflərin mətbuatda və ədəbi platformalarda tanıdılması, eləcə də istedadlı qələm sahiblərinin Azərbaycan Yazıçılar Birliyinə üzv olmalarına dəstək göstərilməsinin əhəmiyyətini qeyd edib.

Konfrans çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin müxtəlif bölgələri təmsil edən üzvləri çıxış edərək bölgə ədəbiyyatının aktual problemləri, inkişaf perspektivləri, ədəbi əlaqələrin genişləndirilməsi və yaradıcılıq mühitinin zənginləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçıları konfransı bölgənin ədəbi-mədəni həyatında mühüm hadisə kimi dəyərləndiriblər. 

Çıxışlarda xüsusilə regionlarda ədəbi mühitin fəallığının qorunub saxlanılması, gənc istedadların aşkara çıxarılması və onların yaradıcılıq fəaliyyətinin dəstəklənməsi məsələləri diqqət mərkəzində olub.

Tədbirin sonunda şairlər öz yaradıcılıqlarından nümunələr səsləndirərək poeziya saatında iştirak ediblər.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0