Sənin də yuxuna daş qarışdımı? - El Romandan yeni şeirlər
Yazıçı Ədəbiyyat Portalı El Romanın yeni şeirlərini təqdim edir.
Səhralara ismarış
Bu gecə batmadım qızılgüllərə,
sənin də yuxuna daş qarışdımı?
Yağan yağışdımı?
görən, yağmağa
sən evdən çıxanda başlamışdımı?
Səni xar edəni indi yar etmək,
sanki bir diyarı min diyar etmək.
Yağışlı havada intihar etmək
bütün səhralara ismarışdımı?
Sevgilim,
Allaha bu yer kürəndə
halallıq vermişdim hər öskürəndə.
Bərk-bərk tapşırmışdım, səni görəndə
demişdim, xoş danış, xoş danışdımı?
Gəlirəm heç nəsiz,
sənsiz, atasız,
belim tapançasız, cibim fotosuz,
bıçağım itisiz, köynək ütüsüz,
gedəndə baxaydın kaş, qırışdımı?
Buludlar solumdan, quşlar sağımdan
yanına uçardı Qoşqar dağından.
Görəsən, hələ də baş barmağından
saçının ucuna beş qarışdımı?
Bu gecə batmadım qızılgüllərə,
sənin də yuxuna daş qarışdımı?
Yağış tanışdımı?
görən, yağmağa
Mən evdən çıxanda başlamışdımı?
Bir
“Bir qəbrimiz olsaydı, ölərdik...” (İlqar Fəhmi)
Bir ömrümüz olsaydı, sürərdik,
Bir eşqimiz olsaydı, anardıq.
Bir ruhumuz olsaydı, görərdik,
Bir Rəbbimiz olsaydı, danardıq.
Bir cismimiz olsaydı, asardıq,
Bir arzumuz olsaydı, tutardıq.
Bir yaşımız olsaydı, susardıq,
Bir başımız olsaydı, qatardıq.
Bir cöngəmiz olsaydı, baxardıq,
Bir toğlumuz olsaydı, kəsərdik.
Bir bətnimiz olsaydı, doğardıq,
Bir oğlumuz olsaydı, küsərdik.
Bir haqqımız olsaydı, gülərdik,
Bir ağrımız olsaydı, olardıq.
Bir məğzimiz olsaydı, ölərdik,
Bir fərqimiz olsaydı, qalardıq.
Bir səhvimiz olsaydı, edərdik,
Bir nurumuz olsaydı, çilərdik.
Bir dünyamız olsaydı, gedərdik,
Bir dünyamız olsaydı, gələrdik.
O qız
O qız papaq atar bizim qapıya,
o qız papaq atar,
qırmızı papaq...
Tapsanız, razıyam, lap sizin olsun,
axtaraq,
birtəhər o qızı tapaq.
O qız sürməsini baş barmağıyla
çəkər gözlərinin yaş tərəfinə.
O qızın falında hərfin heç biri
bənzəməz adımın baş hərifinə.
O qızı uzaqdan tanımaq olar,
dünyanın ən gözəl qızıdı o qız.
Bütün gəncliyini bu gündən sonra
mənə qurban verən quzudu o qız.
O qızı gözümdən nə sala bilər?
O qızın önündə neçə qız sınır.
O qızın qəlbinə dəyməyin, onun
qəlbi yumurtadan daha tez sınır.
O qızın qəlbində tonqal qalanar,
sönməyən tonqalın butası mənəm.
O qızın atası mən olmasam da,
o qızın qızının atası mənəm.
O qız papaq atar bizim qapıya,
O qız papaq atar,
qırmızı papaq...
Qorxuram, bilələr itirdiyimi,
qorxuram, bir nəfər o qızı tapa...
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0