Görünməz divar - Yeni İmza
Yazıçı Ədəbiyyat Portalı "Yeni İmza" layihəsində Nuray Rəşidlinin "Görünməz divar" hekayəsini təqdim edir.
Mətbəxdə eşidilən qabların çaqqaçaq səsindən başqa heç nəyi eşitmək olmurdu. Əslində, fikirləri beynində o qədər səs-küy salırdı ki, sanki o səsləri susdurmaq üçün qabları bir-birinə daha bərk vururdu. Qab-qacağı yuyarkən köynəyinin dəzgaha toxunan hissəsinin islanmasını belə hiss etmirdi.
Birdən çiyninə toxunan sərt əllə diksindi. Yoldaşı əsəbi halda:
— Yüz dəfə adını çağırdım, eşitmirsən? — deyə səsini ucaltdı.
Aynaz təlaşla suyun səsini, qabların səs-küyünü bəhanə gətirməyə çalışsa da, yoldaşı artıq dinləmək həvəsində deyildi. Əlindəki saatı qoluna taxıb demək istədiyi sözdən vazkeçmiş kimi soyuq bir tərzdə:
— Çöldə işim var, — deyib cavab gözləmədən qapını arxasınca çırpıb çıxdı.
Su hələ də krandan sakitcə axırdı. Aynaz kranı bağlayıb islandığını yeni hiss etdiyi köynəyinə baxdı. Bir vaxtlar üzünü görəndə yerə-göyə sığmayan Aynaza indi onun səsi də, varlığı da yük kimi gəlirdi.
Onlar yeni tanış olanda yoldaşı dövlət işində çalışırdı. Qısa müddət ərzində tanış olub evləndikləri üçün Aynazın onun işi, gündəlik rejimi və ya xarakteri haqqında elə də dərin məlumatı yox idi. İlk gündən bu günə aralarındakı dialoqların sayı keçib gedən günlərlə eyni nisbətdə azalmağa başlayırdı. Bu sükut onların arasına hörülmüş, günbəgün ucalan görünməz bir divara çevrilirdi. Aynaz bu divarın arxasındakı insanı artıq görə bilməməyə başlamışdı. Murad isə o qədər diqqətsiz idi ki, divarın varlığından belə xəbəri yox idi, nəinki Aynazı görə bilsin…
Aynaz əlini dəsmala silib, onun axıra qədər içmədiyi çay stəkanını götürdü və suyun altında yaxalamağa başladı. Öz-özünə stəkana baxa-baxa düşündü ki, Murad nəinki çayı axıra kimi içmir, ümumiyyətlə, hər şeyi yarı-yarımçıq buraxan, heç nəyi sona çatdırmayan biridir. Nə diqqəti tam idi, nə sevgisi, nə münasibəti, nə də gördüyü işlər… Hər şey yarı-yarımçıq. Sırf bu xasiyyətinə görə idi ki, işlədiyi dövlət işindən də ayrılmışdı və neçə aydan bir fərqli-fərqli işlərə girib-çıxırdı. Aynaz nə qədər onunla söhbət etməyə, bu evliliyin və həyatın məsuliyyətini ona anlatmağa çalışsa da, faydasız idi.
Bəziləri elə düşünür ki, insanlar illər keçdikcə dəyişir. Amma bu, ən böyük yalan idi. İnsanlar doğrudan da dəyişmirdi. Sadəcə zamanla bir-birinə uyğunlaşırdılar. Murad isə nəinki dəyişmək, hətta bu evə, bu həyata uyğunlaşmaq üçün belə zərrə qədər çabalamırdı.
Aynaz stəkanı dəzgaha qoyub qonaq otağına keçəndə nəzərləri güzgüdəki əksiylə toqquşdu. Yavaş-yavaş güzgüyə yaxınlaşıb əllərini üzündə gəzdirdi. Yalnız güləndə gözlərinin kənarları qırışan Aynazın indi ifadəsiz, mimikasız simasında qırışlar çox aydın görünürdü.
Bir zamanlar gözlərinin içi gülən, həyat dolu o qadından geriyə nə qalmışdı? Ən qəribəsi də bu idi ki, o, hər şeydən çox Muradın yanında itirdiyi, onunla birgə solub gedən “özü” üçün darıxırdı…
Sözünü deməyə belə çəkinər olmuşdu. Ona görə də bu dəfə ona bir şey demək, izah etmək əvəzinə susqunluğu seçdi. Çünki anlayırdı ki, eşitmək istəməyən birinə qışqırmaq da faydasızdır, susmaq da. Nə bir dava olacaqdı artıq, nə də uzun-uzadı son söz. Nə vaxtsa bu evdən gedəcəksə belə, fırtınalar qoparmadan, səs-səmir çıxarmadan çıxıb gedəcəkdi.
Artıq bu münasibətin aqibəti nə davanı haqq edirdi, nə də “son söz”ü…
Ona görə heç nə demədən sakitcə yataq otağına keçib şkafı açdı, paltarlarına baxdı. Qərarsız qalsa da, bu cəsarəti dəyərləndirməli idi. Hər şeyinə baxa-baxa, hər xatirəsini xatırlaya-xatırlaya əşyalarını çantasına yerləşdirməyə başladı.
Evin hər bucağına, divarına, qarışına toxunurdu. Çünki bir daha buraya qayıtmayacaqdı. Evlə, ümidlərinin hopduğu divarlarla səssizcə sağollaşıb evdən çıxdı.
Taksi sifariş edəndə Muradın “Neynirsən?” mesajını görsə də, cavablamadı. Çünki bu dəfə neynədiyini yazmaq deyil, Muradın bunu öz gözləri ilə görməsini istəyirdi.
Aynaz taksiyə minib oradan uzaqlaşdıqca, içindəki narahatlığı geridə qoyurmuş kimi bir rahatlıq hiss edirdi.
Saat gecə 12-ni çoxdan keçmişdi. Murad cavabsız qalan mesajına belə fikir vermədən qapını açdı, açarı dəhlizdəki güzgülü komoda tulladı. İçəri keçib Aynazı səsləsə də, əsəbi şəkildə otaqlara baxanda evdəki o səssizlikdən narahat olmağa başladı. Aynaza aid heç nə qalmamışdı. Təlaşlanmışdı. Bilmirdi qapıya doğru getsin, yoxsa telefonu əlinə alıb zəng etsin…
Dözməyib zəng etdi, sonra ardınca mesaj yazdı:
“Yenə nəyə əsəbiləşmisən? Qab yuyanda sənə bir söz dedim deyə? Sən uşaqsan? Aç, sözüm var.”
Murad hələ də məsələnin səthi tərəfində idi. Divarın varlığını hiss etməyən adam, onun uçduğunu necə anlaya bilərdi ki?
Ona görə də gələn zəngləri və mesajları cavabsız qoyub telefonu çantasına atdı. Başını arxaya söykəyib gözlərini yumdu. İçindəki və həyatındakı o bitməyən savaşdan xilas olmuş kimi dərindən bir nəfəs aldı…(Kulis.az)
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0