Şeirdən, xülyadan necə əl çəkim? - Şairlər Gününə..
5 iyun – Azərbaycanda Şairlər Günüdür.
Yazıçı Ədəbiyyat Portalı bu münasibətlə 5 iyunda anadan olan Azərbaycan ədəbiyyatının iki böyük şairindən seçmə şeirlər təqdim edir.
Mikayıl MÜŞFİQ
(5 iyun 1908 - 6 yanvar 1938)
Həyat sevgisi
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əllləşən
Dostdan, aşinadan necə əl çəkim?
Dönmə bir şəbnəmə yaz səhərində,
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim?
Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bir cəbhəyə tökülmüş kimi.
Uzaqdan-uzağa xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?
Təbiət varlıdır, təbiət xəsis,
İşlədərkən onu, sən ey mühəndis,
Mən də qart daşlara verdiyim bu hiss,
Bu incə mənadan necə əl çəkim?
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?
Həyat dedikləri bu keçməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
Qarşımda dalğalı dərin bir ümman,
Ümmanı sarsıdır bir acı tufan,
Bəyaz köpükləri bir çiçək yapan
Şeirdən, xülyadan necə əl çəkim?
Ulduzlar fikrimin çırağbanıdır,
Bulud xəyalımın karıvanıdır,
Səma ki, hissimin aşiyanıdır,
Böylə bir səmadan necə əl çəkim?
Mehriban sevgilim qarşımda durdu,
Yenə şairliyim başıma vurdu,
Məndən məcnun könül maraqla sordu:
-Bu saçı leyladan necə əl çəkim?
Xəzan acısına edib təhəmmül,
Gülün kölgəsində ötəndə bülbül,
– Həyat, həyat!- deyə çırpınır könül.
Könüldən, sevdadan necə əl çəkim?
Sən aldın aşını yeni hisslərdən,
Ey cavan qələmim, düşmə bəhərdən,
A dostlar, söyləyin, mən bu hünərdən,
Bu təbi valadan necə əl çəkim?
Sənin gülüşlərin
Qarşımda nazlanıb yenə gülürsən,
Bilsən gülüşlərin nəyə bənzəyir?
Mən desəm artıqdır, özün bilirsən,
Lalə yarmağında şehə bənzəyir.
Sənin gülüşlərin bir ruzgar kimi
Əsərkən arzumun gülü açılır.
Gülsə dodaqların ulduzlar kimi
Ruhuma bir sənin işıq saçılır.
Söylə, gözəllərin dodaqlarından
Bu oynaq gülüşlər umulmuşmudur?
Sənin hər qəhrəman ay kənarından
Keçən buludmudur, uçan quşmudur?
Sənin gülüşlərin yaz səhərindən
Hissimə, fikrimə sanki rəng alır.
Gül ki, şeirlərim gülüşlərindən
Qırılmaq bilməyən bir ahəng alır.
Sən güldüyün zaman bu şad günümdə
Açılır qarşımda, canlanır bahar,
Bə`zən baş ucumda, bə`zən önümdə
Şimşəklərim çaxar, sularım axar.
Cahan ki, solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən ölmək!
Yazıq o şəxsə ki, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülmək!
Ürək
Sən onun eşqilə, məhəbbətilə
Vurmadın ömrünü başa, ürəyim.
Sevgi hədəfinə nişan alanda
Dəydimi oxların daşa, ürəyim?!
Sevgi dəryasında ruhum bir ada,
Fırtınam ziyada, dalğam ziyada,
O ellər gözəli düşəndə yada,
Az qalır xəyalım şaşa, ürəyim!
Sən canı canandan ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın.
O, səni unutdu, sən unutmadın,
Yaşa, məhəbbətim, yaşa, ürəyim!
Yaşa könül!
Ah, bu uzun sеvda yolu
Vurulurmu başa, кönül!
Nişan aldım, кaman atdım,
Dəydi oхum daşa, кönül!
Bir od düşdü buluduna,
Yandı кönül еşq oduna,
Qaldın hicran umuduna,
Еy qırılan şişə кönül!
Tərlansan, göydən еnməzsən,
Bu torpaqda sеvinməzsən,
Mən dönərəm, sən dönməzsən,
Yaşa, кönül, yaşa, кönül!
Vaqif SƏMƏDOĞLU
Xalq şairi
(5 iyun 1939 – 28 yanvar 2015)
Günaha batmağım gəlib, ay Allah
Günaha batmağım gəlib, ay Allah,
Cəsarət dəmidir, saxlama məni,
Sənə inamdan da gözəl bir qız var,
Xəyanət dəmidir, saxlama məni.
Nə millət uğrunda, nə yurd uğrunda,
Nə türklük uğrunda, boz qurd uğrunda,
Sevdalı faciə, xoş dərd uğrunda
Fəlakət dəmidir, saxlama məni.
Özün bax, gör dünya nələrlə dolmuş.
Gör nələr olacaq, gör nələr olmuş,
Yalanla, şərabla, qəmlə yoğrulmuş
Həqiqət dəmidir, saxlama məni.
Qoy artsın dirimə, ölümə söyən.
Halıma ağlayıb dizinə döyən,
Baxtın şahə qalxan atı kişnəyən
Səadət dəmidir, saxlama məni.
Dəymə, qoy qəlbimə girsin bu ilan,
Onun zəhərinə indi can qurban,
Bütün qanunlara meydan oxuyan
Cinayət dəmidir, saxlama məni.
Qoy bu gün sevinim, utanım sabah
Yarımçıq çıxmasın sinəmdən bu ah,
Günaha batmağım gəlib, ay Allah,
Məhəbbət dəmidir, saxlama məni!
***
Allah,
Nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq
neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?
***
İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.
İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm…
***
Məzara bənzəyir yaxşı insan…
Məzar kimi
yaya, qışa dözümlü,
məzar kimi dinməz.
Gözə az-az görünür yaxşı adam
ildə bir-iki kərə baş çəkilən
məzar kimi.
Yaxşı insanın yanında
susmaq olur
o da danışdırmır heç kəsi,
sirr almır adamdan
məzar kimi.
Yaxşı insan da
bir yerə bağlanıb
məzar kimi.
Uzaqdan başdaşına
bənzəyir yaxşı insan
yaxından ağlaşmaya…
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0