Tbilisidə Axundzadənin gürcü dilinə tərcümə edilmiş əsərlərinin təqdimatı olub
Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində görkəmli mütəfəkkir və dramaturqun gürcü dilinə tərcümə edilmiş üç əsərinin, həmçinin muzeyin yeni rəsmi saytının təqdimatı keçirilib.
YAZİCİ.AZ xəbər verir ki, M.F.Axundzadənin anadan olmasının ildönümü münasibətilə təşkil olunan tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və Gürcüstanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycanın və Gürcüstanın mədəniyyət ictimaiyyətinin nümayəndələri, tarixçilər, elm adamları, soydaşlarımız və qonaqlar iştirak ediblər.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva bildirib ki, gürcü ictimaiyyətində böyük ədib və dramaturq M.F.Axundzadənin yaradıcılığına böyük maraq var. Məhz bu səbəbdən də bugünkü tədbir muzey üçün xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, təqdim olunan sayt muzeyin fəaliyyətinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edəcək, Axundzadənin gürcü dilinə tərcümə edilmiş əsərlərinin nəşri isə Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.
Direktor qeyd edib ki, Mirzə Fətəli Axundzadənin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunsa da, gürcü dilində indiyədək yalnız məhdud sayda əsəri nəşr edilmişdi. Bu baxımdan yeni nəşr Azərbaycan ədəbiyyatının Gürcüstanda daha geniş tanıdılması üçün mühüm addım hesab olunur.
Gürcü tarixçi-alimi Nikoloz Cavaxişvili çıxışında bildirib ki, M.F.Axundzadə Azərbaycan xalqının böyük oğludur. Onun həyatının mühüm bir hissəsi Tbilisi ilə bağlı olub. M.F.Axundzadənin gürcü şairləri, yazıçıları və mədəniyyət xadimləri ilə sıx dostluq münasibətləri Azərbaycan–Gürcüstan dostluğunun formalaşmasında mühüm rol oynayıb.
Tarixçinin sözlərinə görə, Mirzə Fətəli Axundzadənin Tbilisidə vəfat etməsi və burada dəfn olunması da iki xalq arasında dostluğun rəmzlərindən biridir.
Digər çıxış edənlər M.F.Axundzadə yaradıcılığından söz açıb, onun əsərlərinin bu gün də maraqla oxunduğunu qeyd ediblər.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0