VƏHY - Müasir Qazax hekayəsi

Noy 22, 2026 - 18:52
Noy 22, 2026 - 18:58
 0  13
VƏHY - Müasir Qazax hekayəsi

Yazici.az ədəbiyyat portalının "Qazax ədəbiyyatı" rubrikasının buhəftəki qonağı nasir Aynur Mendaliyevadır.

Qərbi Qazaxıstan vilayətinin Qaratöbə rayonunun Yegindiköl kəndində anadan olub. 1998-ci ildə qazax dili və ədəbiyyatı fənləri üzrə vilayət olimpiadasının qalibi olub və imtahansız M.Ötemisulı adına Qərbi Qazaxıstan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul edilib, 2002-ci ildə həmin təhsil ocağını bitirib. 2005-2007-ci illərdə Hüquq Akademiyasının qiyabi şöbəsində təhsil alıb. Dövlət qulluğunda, hazırda isə məhkəmə sistemində uğurla fəaliyyət göstərir.

Aynur Mendaliyevanın yaradıcılığı uşaq ədəbiyyatının inkişafı ilə sıx bağlıdır, gənc nəslə sözə və doğma mədəniyyətə sevgi aşılamağı hədəfləyir. 2025-ci ildə məşhur qazax şairi və yazıçısı Kadir Mırza Əlinin 90 illik yubileyinə həsr olunmuş Uralskda keçirilən regional ədəbi müsabiqənin qalibi olub. 

 

VƏHY

(hekayə)

 

Allahın özü də haqdır, sözü də haqdır…

(Abay)

 

Bir dəfə yuxumda Göyü və Yeri yaradan qüdrət sahibi, on səkkiz min aləmin sultanı Tanrı ilə müsahibə apardığımı gördüm.

– Ey Tanrım, Sizə bir neçə sual vermək istəyirəm.

– Soruş, – dedi Tanrı.

– Vaxtınız varsa…

Tanrı gülümsədi.

–       Mənim vaxtım - Əbədiyyətdir.

– İnsanların daxilində Sizi hər şeydən çox təəccübləndirən nədir? – soruşdum.

Tanrı cavab verdi:

– Onlar uşaqlıqdan bezir, tez böyüməyə tələsir, sonra isə yenidən uşaq olmağı arzulayırlar. O qədər sadə şeyləri anlamaqdan imtina edib hər şeyi mürəkkəbləşdirirlər ki, özləri də bundan zərər çəkirlər. Onlar pul qazanmaq üçün sağlamlıqlarını itirir, sonra isə sağlamlıqlarını bərpa etmək üçün qazandıqları pulu xərcləyirlər. Onlar keçmiş və gələcək haqqında düşünməyə o qədər vaxt ayırırlar ki, indiki zamanda yaşamağı unudurlar. Onlar heç vaxt ölməyəcəkmiş kimi yaşayır və sanki heç vaxt yaşamayıblarmış kimi ölürlər.

O, əlimi ovucuna aldı, bir müddət susduq.

– İnsanlar Sizin səmada olduğunuzu düşünürlər. Göydən hər şeyi izləyirsiniz?

– Mən onların qəlbindəyəm.

– Onların Sizinlə ünsiyyətə girməsi mümkündür? Bu olar bilər?

– Onlar hər zaman mənimlə ünsiyyətdədirlər.

– Necə yəni?!

– İnsanlar öz daxili səslərinə qulaq asmağı, qəlblərini dinləməyi, düşüncələrini və sözlərini idarə etməyi öyrənməlidirlər. Onlar Mənimlə vəhdətdədirlər.

– İnsanlar Tanrının qəzəbinə tuş gəlməkdən çox qorxurlar. Siz onları səhvlərinə görə cəzalandırırsınız?

– İnsanlar özləri-özlərini cəzalandırırlar.

– Bəs Siz insanları müxtəlif fəlakətlərdən, təhlükələrdən və həyatlarında baş verən xoşagəlməz hadisələrdən niyə qorumursunuz?

– Ehtiyat etsələr, qoruyaram.

– İnsanlar Sizə yalvarır, bilərəkdən və ya bilməyərəkdən etdikləri günahlarının bağışlanmasını diləyirlər. Günahdan təmizlənib Sizin rəhmətinizə və əfvinizə nail olmaq üçün insan nə etməlidir?

– Onlar həm özlərini, həm də başqalarını bağışlamağı öyrənməli, niyyətlərini təmiz saxlamalıdırlar.

– İnsanlar Sizdən dilək diləyirlər. Bəzilərinin hər istəyi qəbul olduğu halda, bəzilərini sanki heç eşitmirsiniz. Arzularının Tanrı dərgahına çatması üçün nə etməlidirlər?

– Onlar inamı unutmamalıdırlar… Əməl doğru olarsa, nəticə də doğru olar.

– İnsanlar din haqqında fərqli düşünürlər…

– Din – onların yaradılış qanunlarını öyrənmək, anlamaq və qorumaq yolundakı elmi, axtarışıdır. Mənim qanunlarım introduces – 18 min aləmin dəyişməz qanunlarıdır.

– Hər bir insanın həyata müəyyən bir məqsədi reallaşdırmaq üçün gəldiyini və alnına yazılmış  taleyi olduğunu deyirlər. O məqsəd nə üçün verilir, tale nədir?

Tanrı gülümsədi.

– Hər bir insanın məqsədi – xoşbəxt yaşamaq olmalıdır. Xoşbəxtliyini tapan insan – taleyini də, məqsədini də tapar.

– Elə bu!!

– Bəli, elə bu.

– Deyilənə görə, insan beyninin təbii imkanlarının yalnız beş-altı faizindən istifadə edir. Potensialını yüz faiz gerçəkləşdirsəydi, bəşəriyyət nələr eləyə bilərdi?

– Qabiliyyətindən yüz faiz istifadə eləsə, bəşəriyyət hər şeyə nal ola bilər. İstəsələr, zaman və məkanda sərbəst gəzib-dolaşa, hətta uça da bilərlər. İstəsələr, fikrən kainatın istənilən nöqtəsi ilə əlaqə yaradıb, hər hansı bir məlumatı ələ edərlər…

– İnsanlar xərçəng kimi sağalmaz xəstəliklərə qarşı nə edə bilərlər?

– İnsan üçün sağalmaz xəstəlik yoxdur. İstəsələr, özlərini hər hansı xəstəlikdən müalicə edərlər.

– İnsanlar digər planetlərdə canlıların olub-olmadığını yəqinləşdirmək məqsədilə kosmosa uçan aparatlar icad edirlər. Bəs, onları tapa biləcəklər? Yadplanetlilərlə ünsiyyət qurmaq mümkündür?

Tanrı yenə gülümsədi.

– Bunun üçün insanın kosmik gəmi icad etməsi mütləq deyil.

– Necə yəni?! Yadplanetliləri heç bir kosmik gəmi və aparat olmadan tapa bilərlərmi?!

– Mən insanın imkanlarının sonsuz olduğunu söylədim…

– Yaxşı, bəs insanların bundan niyə xəbəri yoxdur?

– Onlar telepatiyadan xəbərdardırlar.

– Xəbərdardırlarsa, öz imkanlarını niyə tam gerçəkləşdirmirlər?

– Bunu mən insanlardan soruşmalıyam.

– İnsanlar niyə öz qabiliyyətlərindən tam istifadə edə bilmirlər?

– Onlar öz imkanlarımızdan tam istifadə edə bilmədikləri fikrini haradan çıxarıblar?

- Sizin dediyiniz şeyləri etmək hər insanın əlindən gəlmir axı?!

– Mən əmin olmalıyam ki, insanların bu cür qabiliyyətləri yalnız xeyirli məqsədlər üçün istifadə etməyə şüurları və mənəviyyatları çatır. Hər bir insan – təkrarolunmaz yaradılışdır, ona görə də onlar gərək özlərini başqaları ilə müqayisə edə-edə, kimisə ötməyə çalışa-çalışa və ya özlərini kimdənsə əskik hesab saya-saya yaşamağın mənasız olduğunu bilsinlər. Onlar hər bir vəziyyətdə özlərinə hörmət etməli olduqlarını yadda saxlamalıdırlar. İnsanlar qüdrətli və heyrətamiz  varlıqdırlar. İnsanın öz gücünə sahib çıxa bilməməsi üçün heç bir səbəb yoxdur.

– İnsanlar həqiqəti bilmək istəyirlər. Onlar: “Biz kimik? Haradan gəlmişik? Necə yaradılmışıq? Necə yaşamalıyıq? Nəyi bilməliyik?” kimi bir çox suallara cavab axtarırlar, – dedim.

– İnsanlar bütün sualların cavabını bilirlər. Onlar sadəcə öz daxili güclərinə inanmalıdırlar. Sənin oyanmaq vaxtındır, – dedi Tanrı.

-Vaxt ayırdığınız üçün təşəkkür edirəm, – dedim yavaşca. - İnsanlara başqa bir şey demək istərdiniz? – axırda soruşdum.

Tanrı gülümsədi və  dedi:

-İnsanlar bilsinlər ki, mən onlar üçün buradayam… Hər zaman…

Tərcümə: Nəriman Əbdülrəhmanlı

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru