Hitlerin bığı, Cakondanın göz yaşları - Hekayə

Avq 26, 2026 - 16:58
 0  13
Hitlerin bığı, Cakondanın göz yaşları - Hekayə

Yazici.az ədəbiyyat portalı Məhsəti Musanın "Hitlerin bığı, Cakondanın göz yaşları" hekayəsini təqdim edir.

- Bəsdi də. Nə sifət sallayırsan mənə? Gərək yalandan tərifləyəydim?

- Yalandan tərifləmə e. Amma o cür əsərdən yadında qalan elə bu oldu?

- Qadan alım, illərdir eyni mövzulu hekayə-roman oxumaqdan bezdik e. Hə, bir cavan oğlan oxudu, ali təhsil aldı, şəhərdə işləməyə başladı, sonra dədəsi-nənəsi onu geriyə - kəndə çağırdı, o da getdi orda zorla evləndirildi... Ə, başqa mövzu tapın də...  Sən Allah, yorulmadınız?

- Nəysə, Ümid, nəysə... Onsuz da heç nəyi, heç kimi bəyənmirsən. Bircə dahi var, o da sənsən!  Söhbəti bağladıq. Telefonun zəng çalır, get ona cavab ver. Yəqin doğma kəndinizdəndir. Allahıma qurban olum, nə ola, deyələr ki, gəl kəndə, səni evləndiririk...

Ümid otaq yoldaşına yumruğunu göstərib telefona tərəf getdi. Bir azdan qonşu otaqdan onun səsi əsəbi şəkildə ucaldı:

- Ata, qurban olum, burada mənə yaxşı iş təklifi var. Həm yaxşı qazancım olacaq, həm də ürəyimcə olan işdir.

- Ümid, söz güləşdirmə! Elə mən də burada sənə iş tapmışam. Gələn kimi əmrin veriləcək, işləməyə başlayacaqsan.

- Ata!..

lll

Gecə keçirdi. İllər öncə anasının rayon alverçisi Kubra arvaddan aldığı kvadrat formalı, içində süni güllər olan saat eynilikdən bezmiş şəkildə kürəyini divara söykəyərək aramsız çıqqıldayır, divanda uzanıb öz-özünə suallar verən Ümid də bu çıqqıltıları dinləyə-dinləyə xatirələrini qurdalayırdı. Rəsm Qalereyası rayonlarında nə vaxt yaradılmışdı? Bəs onun niyə xəbəri yox idi? Ürəyi həyəcanla çırpınırdı. Xeyli çək-çevirdən sonra: "Əşi, nə yaxşı ki, heç olmasa, mənə uyğun iş oldu, yoxsa ürəyim partlayardı burada", - deyib, gələcək üçün xəyallar qurmağa başladı. Hələ uşaq vaxtlarından qeyd dəftərinə yazdığı və elə ona görə də yadından çıxarmadığı "qızıl palçıqda da parıldayar" deyimini xatırlayıb qalereyadakı gələcək fəaliyyəti ilə bağlı maraqlı lahiyələr fikirləşərək yuxuya getdi...

lll

- Ata, bəs sən mənə qalereya demişdin?!

- Hə dana, bura qalereyadır.

Ümid çiy kərpicdən tikilmiş köhnə, istismar müddəti çoxdan bitən binaya göz gəzdirdi. Ötən əsrin 90-cı illərində erməni işğalçılarından canını qurtararaq öz dədə-baba torpaqlarından didərgin düşən məcburi köçkünlər bu köhnə uşaq bağçasının binasına sığınmışdılar. İllərlə hərə öz yaşadığı otağın "üst-başına" əlavələr etmişdi. Qırılmış pəncərə şüşələrinin yerinə faner, köhnə, paslı dəmir parçaları, camaatın "göy çadır" adlandırdığı branda kəsikləri tutulmuş, həmin  brandalar da küləyin, günəşin təsiri ilə tikə-tikə olmuşdu. Qara günlərin qara hislə yazılmış xatirələri pəncərələrin soba boruları çıxan hissələrində əbədi iz salmışdı.

Başı hisli pəncərələrin aşağı hissəsində isə təkrar-təkrar çaynikdən yaxalanıb çölə tökülərkən divarlara sıçrayan, zamanla daha da tünd rəng alan çay ləkələri artıq buranı tərk etmiş məcburi köçkünlərin şəraitsiz həyatının daha bir təsviri olaraq qalmaqda idi. O vaxtlardan bəri əl gəzdirilməyən, dünyanın ən pis üzünə şahidlik edən, "dərisi" cadar-cadar, beli əyri bina dizlərini yerə atıb son günlərini yaşayırdı. Hər yer toz-torpaq, çirkab içində idi. Tavandan sallanan qalın tozlu hörümçək torları nəinki keçən əsrin 90-cı, bəlkə də 80-ci illərinin mirası idi. O torlarla yaşıd olan uşaqlar indi özləri oğul-qız, nəvə-nəticə sahibi idilər. Divarlar ətsiz-sümüksüz bişirilən vermişel şorbası qoxuyurdu. Hələ də dəhlizdə dayanan Ümid heyrət içində ətrafa boylandı. Burada bütün otaqların qapısı çıxarılmış, döşəmələr çürümüşdü. Binada tək bircə otağın qapısı var idi. Həmin qapıya çəkilmiş ağ boya nəmişlikdən qabarıb qopduqca onun altından tünd göy rəngli boya kədərlə öz varlığını göstərirdi. Qalereyanın bütöv adı qeyd olunan sarı lövhə  paslı, iri və başı əyri mismarlarla onsuz da canı çıxan bu heysiz qapının köksünə sancılmışdı. Lövhə ünvandan çox, günahsız yerə çarmıxa çəkilmiş bir məhkumu xatırladırdı.

Ata ilə oğul yaxınlaşıb qapını tıqqıldatdılar. Bir az dinşəyəndən sonra sanki zamanın dibindən bir səs eşitdilər:

- Gəl!

Darısqal otaqda iki ədəd məktəbli partasının birini eninə, digərini dikinə qoyaraq özünə "T" şəkilli "rəhbər stolu" düzəltmiş gödək, iddialı görünüşü olan direktor onları görcək sovet dövrünün pafosu ilə salamlayaraq əyləşmək üçün yer göstərdi. Ümid bu cıqqılı kişinin əlini uzatdığı stullara baxdı. Biri uzun, biri ondan xeyli gödək olan hər iki məktəb stulunun söykənəcəkləri bir vinti düşdüyü üçün it qulağı kimi sallanırdı. Oturacaq hissələrinin küncləri isə əyləşənin geyimini didikləməyə hazır vəziyyətdə idi. Ata və oğul ehtiyatla stulları çəkib möhkəmliyini yoxladıqdan sonra əyləşdilər. Cıqqılı kişi saçlarını gicgahlarından başlayaraq səliqə ilə sola tərəf daramış, soldan da arxaya tərəf meyilləndirmişdi. Ağ, təmiz, xirtdəyinə qədər düymələnmiş kraxmallı köynək, şux, qara, üzərində nazik ağ milləri olan kostyum, zoğalı qalstuk onun rəhbər işə vurğunluğunun göstəricisi idi. Ümid gözləri direktorun dodağının üstündə yer almış, təraş fırçasını xatırladan bir çəngə bığa zillənib qaldı. O, bu bığdan harada, kimdə görmüşdü? Bu kişini kimə bənzədirdi? Ha fikirləşsə də, xatırlaya bilmədi. Cıqqılı kişinin  burun deşiklərinədək tıxanan qara bığlara baxdıqca Ümidin nəfəsi daraldı. Ağzını açıb həm özünün, həm də kişinin əvəzinə dərin bir nəfəs aldı.

Nəhayət, Əbülfət kişi söhbətə başladı. Oğlu ilə direktoru tanış etdi. Razılaşdılar ki, hələ əmri verilməsə də, Ümid elə bugündən işə başlasın. Əbülfət kişi sonra bir daha onların hər ikisinə uğurlar arzulayıb xudahafizləşdi. Ümid lazımi sənəd-sünədi direktor deyilən bu cıqqılı kişiyə təqdim etdikdən sonra iş otağının yerini soruşdu. Kişi başını aşağı əyib eynəyin üstündən ona bic-bic baxaraq boğazını arıtladı:

- Hələlik otaq yoxdur. Burada, mənim yanımda əyləşəcəksən.

- Bəs o biri işçilər?

- Onlar işə gəlmir.

- Necə yəni?

- Əşi, otaq olanda gələcəklər. Bura bax, yaxşısı budur, sən öz işinlə məşğul ol.

- İndi mənim işim nədən ibarətdir ki?

- Hələ ki, heç nə, gəl-get, təcrübə topla.

Ümid bir anlıq başını qaldırıb bu darısqal otağa göz gəzdirdi və burada hansı təcrübəni toplayacağını anlamağa çalışdı. Sol tərəfdə Nuh əyyamından qalma, şüşə qapılarından biri sınmış köhnə kitab şkafı dururdu. Sağda isə  üstünə türk müğənniləri Sibel Canın, Ebru Gündeşin və Burak Kutun gənclik illərinin şəkilləri yapışdırılmış köhnə, tozlu bir televizor altlığı və onun üzərində qabarıq ekranlı, artıq cıqqırı da çıxmayan bir televizor miskin şəkildə dayanaraq otağı daha  cansıxıcı edirdi. Kirli divar kağızının qopmuş hissələrinə "skoç" deyilən yapışqanlı lent vurulmuş, amma görünür, yaxşı yapışmadığı üçün əlavə olaraq üstünə xırda mıxlar çalınmışdı. Divarın həmin hisəsində qanadları açılmış qartal formalı saatın nəmişlikdən paslanıb xallamış əqrəbləri əbədi susaraq otağa ölüm sükutu çökdürmüşdü. Direktorun başı üzərində, divardan asılmış iri çərçivədəki Mona Liza bu gənc oğlanın üzünə gülümsəməyə çalışsa da, alnının ortasında dayanaraq ov gözləyən iri hörümçək, qadının təbəssümünü acı istehza ilə əvəzləyirdi. Ümidin bir anlıq ona ürəyi ağrıdı. Sonra düşünəndə ki, artıq bugündən özü də Mona Liza ilə bərabər bu gördüklərinə şahidlik edəcək, onun da üzündə kədər ilə  gülüş sintez olundu... Bu arada direktor ciddi obraz alaraq, əlindəki kitabı vərəqləyir, ona əhəmiyyət vermir və bu davranışı ilə yəqin ki, işçi ilə öz arasında məsafə saxladığını bildirmək istəyirdi. Hər dəfə kitabın digər səhifəsinə keçmək istəyəndə boğazını arıtlayıb hayxırır, cütləmiş olduğu şəhadət barmağı ilə orta barmağının "sifətinə" loqqa ilə tüpürür, sonra  "vitaminli" barmaqları ilə vərəqi çevirirdi. Dəqiqələr keçir, Ümidin ürəyi getdikcə daha da sıxılırdı. Nəhayət ortaya söz atıb sükutu pozmağa çalışdı:

- Müəllim, deyəsən, mütaliəyə  meyillisiniz?

- Kiməəə?

- Mütaliə etməyə, oxumağa.

- Həəə, ölmürəm kitablar üçün?!

- Kimləri oxuyursunuz? Necə kitabları sevirsiniz?

- Həə, mən ujdantutma hamını oxumuram. Yalnız əsl söz adamlarını izləyirəm. Yoxsa bir yığın təzəçıxmış uşaq-muşaq var eeyy. Özdərinə şair, yazıçı deyillər. İndikilər axı nə bilir yazmağı?

- Niyə, müəllim, elə gəlin götürək Aqşin Yeniseyi... Onun yaradıcılığı həqiqətən...

- Ə, kəs!

- Niyə, müəllim?

- Ə, o xalx düşmanıdı.

- Səhviniz var...

- Dedim ki, xalx düşmanıdı...

- Nəyə əsasən deyirsiniz axı?

- Ayəə, əsasən nədi eey? Deyirəm ki, o, bu millətə düş-man-dı. Vəssalam!

- Oxumusunuz yazdıqlarını?

- Yoox, dərdim-sərim kutarıf.

- Bəs oxumamış necə deyə bilirsiniz bunu?

- Ə, bunu bilməyə nə var? Onu niyə oxumalıyam ki? Əsas odur ki, onun düşmən olduğunu bilirəm!

- Amma oxumadan bunu demək haqsızlıqdır.

- Ə, məni öyrədəssən?

- Yaxşı, müəllim, bəs ümumiyyətlə, müasirlərdən kimi oxumağı məsləhət görürsünüz?

Direktor sol qaşını yuxarı qaldırıb onun üzünə çəpəki nəzər salandan sonra qəfil aşağı əyilib stolun altından bir qənd yeşiyini dartıb çıxardı. Başı aşağı, arxası yuxarı vəziyyətdə xeyli qurdalandıqdan sonra yeni zirvə fəth etmiş kimi qürurla başını qaldırıb, arxasını endirdi. Təraş fırçasına bənzəyən bığının altında özündənrazı halda qımışaraq stolun üstünə bir kitab tulladı:

- Budeeey ha... Əlööösət Qəlbiçatdaq... Gör nələr yazıb eeey... Koppayoğlu, əsl xalq dilində, bağça uşağının da başa düşəcəyi dildə yazır. Mən ölüm, bir bu bəndə bax:

Sevirəm mən səni, ellər gözəli,

Maya budlarının aşiqiyəm mən

Pambıq əndamını qucaqlayaydım,

Aylı gecə olaydı, bir də göy çəmən ...

Direktor dili ilə ağzının qırağında yaranmış sarımtıl köpüyü ləzzətlə yalayıb içəri ötürəndən sonra davam etdi:

- Sən fəlsəfiyə bax şeirdə. Bənzətmiyə bax. Təbiətin gözəlliyi ilə qadının gözəlliyini nətəər birləşdirib zalım oğlu. Su kimi axıb gedir misralar... Yoxsa... Yox bir, Akşin Yenisey-Menisey...

Ümid artıq eşitdiyi bənddən sonra onunla söz güləşdirməyin mənasızlığını dərk etdi. Gözü yenə "Mona Liza"nın küskün simasına sataşdı. Heç olmasa rəssamlıqdan, məşhur rəsm əsərlərindən danışmaq ümidi ilə söhbətin istiqamətini dəyişməyə çalışdı. Göz işarəsi ilə direktorun başı üzərində asılmış reproduksiyanı göstərərək: "Müəllim, görünür, "Cakonda"nı çox sevirsiniz", - dedi. Əslində "Mona Liza" deyəcəkdi, amma qəsdən məhz nisbətən az işlənən adı söylədi. Direktor diksinib ciddi görkəm aldı:

- Cakonda kimdəəə?

- Cakonda... Deey, şəklini asmısınız başınızın üstündən.

Direktor qanrılıb onun işarə etdiyi şəklə baxdı. Yekəxana və qalibanə bir tərzdə hırıldadı:

- Ayə, ay rəssam, ay akademiya məzunu, başqa yerdə demə, saa güləllər, "Mona Liza"dı ey o!

Ümid qımışaraq: "Eləmi? Olsun "Mona Liza", - dedi. -  Deyəsən, bu əsəri çox bəyənirsiniz"

- Vallah əslində hamı tərifliyir, mən onda bir məna görmürəm. Saallah, indi nədi ki o? Eşşəh İsrafilin bayıssı keçəl Məleykiyə oxşuyur. Onun da qaşdarı tökülüf bununku kimi, - deyərək necə qəhqəhə çəkdisə, qızıla qərq olmuş protez dişləri diksinərək ağzından çölə atılmağa çalışdı. Amma o, buna imkan verməyib, əks həmlə ilə protezi yerinə oturtdu. Sonra Əlövsət Qəlbiçatlağın kitabı ilə masanın üstündəki iri, qara milçəyin suyunu çıxararaq sözünə davam etdi: - Düzünə qalsa, hi...hi...hi...  bunu da başımın üstünə kefimnən vurmamışam. Orda peç turbasını çıxartmaq üçün qaşqınnar o vaxt yekə deşik açmışdı. Çox pis görünürdü, həm də içəri quş-muş girirdi deyə, bu bajını başqa şəkillərin içinnən tapıf gətirdim ki, açıq yeri tutum.

- Burda var rəsmlər? Haradadır? - deyə soruşan Ümidin gözləri işıldadı.

- Əh, orda bir otax var, yığmışam ora.

- Müəllim, nə olar, gedək baxaq də. Bəlkə çox maraqlı işlər var içində, yaxşı nə isə etmək olar, sərgilər keçirərik, təbliğ edərik...

Direktor ona tərs-tərs baxsa da, bir söz deməyib ayağa qalxdı. Əlini şalvarının cibinə salıb bir topa açar çıxartdı. Baxmayaraq ki, bu binada ona cəmi üç açar lazım olurdu, amma əlinə keçən açarları halqaya yığıb özü ilə hərləyirdi. Görünür, bu da rəhbər obrazının daha bir rəmzi idi. Yəni məkanın tək sahibi mənəm.

Otağın qapısında iki ədəd iri, paslı halqa və bu halqaları birləşdirən, onlardan da paslı bir qıfıl var idi. Direktor açarların yeddisini yoxlayandan sonra, nəhayət, səkkizinci ilə qıfılı aça bildi. Otağa daxil oldular. Ümid yerində quruyub qaldı. Bura sanki bomba düşmüşdü. Yerə çoxlu kağız, qəzet parçaları, boş karton qutular səpələnmişdi. Üstünü toz basmış stolun da üstündə qələmlə cızma-qara şəkillər çəkilmiş kağız-kuğuz qalaqlanmışdı. Pəncərələr taxta parçaları ilə tutulduğu üçün otaq havasız və alaqaranlıq idi. Həmin taxta parçalarının arasından günəş işığı güc-bəla ilə içəri təpilirdi. Bu qəfil və gözlənilməz gəlişdən hürkən iki saralıb-solmuş kərkəntələ sıçrayıb divarın dəlmə-deşiklərində yoxa çıxdılar. Ümid küncdə, bir stulun üstündə qalaqlanmış xeyli  çərçivə gördü və onlara tərəf getdi. O, addımladıqca, insan hənirtisini çoxdan unutmuş otağın quru döşəməsi sümükləri sızıldayan qarılar kimi şivən qoparırdı...

Ümid çərçivədəki tozlu plakatları, kətan üzərində çəkilmiş rəsmləri bir-bir götürüb baxmağa başladı; Əbdürrəşid Bakuvi, Kolumb, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Babək, Koroğlu kimi müxtəlif sahələr üzrə məşhur alimlərin, şairlərin, qəhrəmanların rəsmləri toz-torpaq içində küskün-küskün gənc rəssamın üzünə baxırdılar. O, bir anlıq duruxub sonra dilləndi:

- Müəllim, belə rəsmlər əvvəllər məktəblərdə, sinif otaqlarında olurdu, məncə. Yadımdadır, rayon məktəbləri üçün bu portretlərin də çoxunu qonşumuz Sabir müəllim çəkirdi. Rəhmətlik gipsdən yaxşı daxıllar, heykəlciklər də hazırlayırdı...

  Direktor əlini daraqlayıb sol tərəfə ayrılaraq geriyə sığallanmış saçına bir daha əl gəzdirdi. Fırça bığının altında qımışdı:

- Hə, gördüm məktəblərdən birində təmir vaxtı tullayırlar, hamısını yığıb gətirdim. İndi məktəb üçün hazır klyonkalar var ey, onnan hazırrıyırlar.

Ümid yenə də bu bığla, bu saçla direktoru kimi bənzətdiyini düşünə-düşünə dedi:

- Banner!

- Nə?

- Banner adlanır onlar.

- Ə, nə bilim, yadımda qalmır adı... Hər nədirsə, ta məktəblərdə ancaq onlardan işlədirlər. Hə, mən də bunları yığdım gətirdim ki, yoxlama-zad olanda atım qabağına.

- İndi bunlar elə burada qalacaq? Otaqlardan birini səliqəyə salaq, təmir edək, özüm də kömək edəcəyəm, əlimizdə nə varsa, sərgiləyək.

- Ə, kiri, bilirsən neçiyə başa gələjəh? Deyirəm farağat durmaq istəmirsən ey. Ə, saa lazımdı bu? Əlıı qoy civaa, ayın başında maaşıı al dana.

Ümid heyrət içində onun üzünə baxırdı. Ürəyindən həmin anda bircə şey keçirdi. Bu yaramazı təpiyinin altına salıb yaxşıca əzişdirmək... Amma susdu. Çünki evdə, ailədə ona böyük qarşısında susmağı, tabe olmağı öyrətmişdilər. Qəbul etməsə də, barışmasa da, bəzi məqamlarda susmağa məcbur olurdu. Amma haradək susa biləcəkdi, bunu özü də bilmirdi.

lll

Gənc rəssam hələ ki taleyi ilə barışmağa çalışırdı. Əyləşdikləri otağı səliqəyə salmaq üçün səhər obaşdan durub gəlmişdi. Hələ dünən söhbət zamanı otaqdakı televizorun heç yerə qoşulmadığını, ümumiyyətlə işləmədiyini və düzəlmək ehtimalının da olmadığını öyrənmişdi. Direktor bu televizoru əvvəlcə evindən ustaya gətiribmiş. Usta da düzəlməyəcəyini söyləyincə evdəki altlığını da götürüb hər ikisini gətirmişdi iş otağına. Ümid birinci elə bu qara, tabuta bənzəyən, yöndəmsiz televizor altlığını və onun üzərindəki televizor "meyitini" sürüyüb dəhlizə çıxartdı. Qapıdan içəri girən kimi miskin görünüşü ilə adamın həyat eşqini öldürən sınıq-salxaq şkafı çəkib onun yerinə qoydu. Şkafın üstündə qalaqlanmış tozlu, boş karton yeşikləri qapısız otaqlardan birinə daşıdı. Stulların sallanan söykənəcəklərini evdən gətirdiyi vintlərlə yerinə bərkitdi. Qələm yığılmış qulpuqırıq, xallı fincanı zibilqabına atıb içindəkiləri dünən mağazadan aldığı qələmqabına yığdı. İçində güldən başqa hər şey -  köhnə çay qalıqları, konfet kağızı, kibrit çöpünün qırıqları və daşlaşmış torpaq olan iki gül dibçəyini də çölə çıxartdı. Otağın torunu aldı, direktorun stolunun üstünü yığışdırdı. Heç bir yerə qoşulmayan, nuh əyyamından qalmış tozlu telefonları götürüb silərək şkafa qoydu. Kağız-kuğuzu səliqəyə salarkən onların arasından yerə bir şəkil düşdü. O, əyilib şəkili götürdü və birdən öz-özünə qışqırdı:

- Tapdım! Hitler! O, özünü Hitlerə bənzədir. Vay sənin... 

Başını bulaya-bulaya Hitlerin fotosunu təzədən kağızların arasına qoyub geri çevriləndə ona elə gəldi ki, Mona Lizanın dodaqları hər iki qulağına tərəf dartılıb.

lll

- Bu nədir, ayə!

- Müəllim, özüm tezdən gəldim ki, əl gəzdirəm, səliqəyə salam buraları.

- Ə, onu demirəm, televizoru niyə çıxartmısan çölə?

- Ay müəllim, işləmir də, otaq da darısqaldır, yer tutur.

- Sənə kim deyib əl gəzdir? Ayə, otağın vidin niyə itirmisən?

- Vid?

- Hə, vid! Bura direktor otağıdır. Burada televizor olmalıdır. Şkaf girişdə dayanmalıdır. Sən aləmi qatmısan bir-birinə! Ə, telefonlar hanı bəs? Otağı tööləyə oxşatmısan. Sən kimsən axı? Nə ixtiyarla özbaşınalıq edirsən?

"T" şəkilli partalara, taygöz şkafa, didik-didik stullara bir daha nəzər salıb sonra üzünə zabitə verməyə çalışan bu "mini Hitler"ə baxanda Ümidi gic gülmək tutdu. "Hitler" boğazına qədər qızarıb əl-qolunu ölçə-ölçə ona yerini, həddini göstərməyə çalışırdı. Ümid gülməyini gizlətmək üçün başını qaldırıb ətrafa boylananda gözü  yenə "Mona Liza"ya sataşdı. Qadının dodaqları hələ də qulaqlarına tərəf dartıla qalmışdı. Bu dəfə dişləri də azacıq görünürdü deyəsən. Birdən Hitlerin fotosu Ümidin yadına düşdü. Ciddi görkəm alıb dedi:

- Müəllim, bağışlayın! Bir də olmaz. Bilirsiniz, ilk tanışlıqdan sizi bir insana bənzətdim. Onun kimi  kəsərli, zabitəli birisiniz. İstədim otaq da sizə yaraşan, səliqəli olsun. Pis niyyətim yox idi.

Direktor bic-bic gözlərini qıydı. Sual dolu nəzərlərlə Ümidin üzünə baxdı.

Ümid:

- Əslində bəlkə də başqaları eşitsə, bu bənzətməyə görə qınayar bizi. Amma Hitler də Hitler olub ha. Kim onun sözünün qabağına söz deyə bilərdi ki? Deyirəm zahirən də ona bənzəyirsiniz, elə xaraktercə də onun kimi qətiyyətlisiniz.

Direktor yavaş-yavaş yumşaldı, daha doğrusu, eşitdiklərinin qarşısında məsti-xumar olub, şotka bığının altında qımışaraq stula yayxandı.

Ümid qeyri-ixtiyari Mona Lizanın şəklinə baxdı. Bu dəfə Mona Liza nəinki gülürdü, hətta gözlərindən süzülən yaş yanaqlarında bərq vururdu.

lll

"Hitler"in üçstəkanlıq, tutacağı yapışqan kir bağlamış termosunu bir daha görməmək üçün Ümid evdən elektrik çaydanı, dəm çayniki, qəndqabı, fincan, quru çay və digər ehtiyacları gətirib taygöz şkafa yığmışdı. Bu sükunətin içində heç olmasa arada bir çay içib fikrini dağıtmaq istəyirdi.

- Müəllim, qəşəng çay dəmlədim. Stəkanınız varsa, verin, süzüm.

"Hitler" tələsik stolun siyirməsindən saralmış bir armudu stəkan çıxarıb ona tərəf uzatdı. Stəkanı əlinə alan Ümidin ödü ağzına gəldi:

- Müəllim, məndə əlavə təzə fincan var, istəyirsiniz, onda süzüm.

Hitler:

- Paaa... Sən nə danışırsan? Bu armudu stəkanda çayın öz ləzzəti var. Bilirsən, köhnə kişilər niyə armudu stəkanda çay içməyi sevir?

Sonra cavab gözləmədən ağzını marçıldadaraq davam etdi:

- Sən fikir ver, bu stəkan kadın bədəni formasındadır. Bu bir həzdir. Çay bu stəkanda içiləndə sanki daha ləzzətli olur. Sən kadını hiss edirsən, incə belindən yapışıb içinə çəkirsən - deyərək qızıl dişlərin arasından havanı ləzzətlə içəri sümürdü...

Ümid əlindəki stəkana baxdı. Düzdür, biçimli qadın bədəninə bənzəyirdi, amma aylarla çimməyən, dişlərini sürtməyən, həmin sürtülməyən dişlərinin arasında yumurta sarısından tutmuş bir həftə əvvəl yediyi ət qırıntısınadək yurd-yuva salmış qadına! Düşündüklərini dilə gətirməsə də, "Hitler"i bir az dolaşığa salmaq istədi:

- Hə, müəllim, ağlıma batdı. Bəlkə də əvvəllər buna heç "armudu" yox, "arvadı" stəkan deyiblər. Sonradan söz deformasiyaya uğrayıb, "armudu" olub.

Hitlerin qaşları yuxarı dartıldı. "Hmm" eləyib fikrə getdi. Fikri də baş alıb hansısa gensinəli, ətli-budlu qadının yanına uçdu...

Bu arada, Mona Lizanın iki əlini cütləyərək Hitlerin başına "qaramat" atdığını təkcə Ümid görə bildi.

lll

- Ata, qurban olum. Vallah, mən orada çürüyəcəyəm. Başa düşürəm, təksən, amma sən də mənimlə birgə gedə bilərsən. Yaşlı adamsan, gedək Bakıya, sən otur evdə, dincəl, mən də işləyim, başımızı saxlayaq.

- Mən dədəmin yurdunu qoyub heç yerə gedən deyiləm. Sən də oturassan yanımda. Müdürün də büyünnüh-sabaxlıxdı. Yaşı çoxdan keçib. Bir-iki ilə görəssən işdən çıxartdılar. Gedən kimi səni keçirtdirəjəm onun yerinə.

- Ata!

- Ümid, pərdəni götürmə! Hər şeyi bilirəm. Ora kimə görə qayıtmaq istədiyini də bilirəm. Amma bil ki, mən o qızı özümə gəlin edə bilmərəm. Nə bilək kimdi, nəçidi... Odeey, elə sənin müdirin Şahnəzər kişinin qəşəng bir qızı var. Növrəstə bibaa demişəm. Gedəjəh, anasıynan danışajax...

- Ata, sən nə danışırsan? "Əhməd haradadır - 2" filmi çəkirik?  Şahnəzərin qızı ilə evlənmək nədir, sən Allah? Hansı əsrdir, hansı zamandır?

- Ə, film də həyatdan götürülür dana. Görürsən, elə filmdə də axırda evlənirlər. Ağıllı ol, bala, dədəmin yurdunu boş qoyası deyilik ha. Deyir elini hürküt, axsağından yapış...

Bütün gecə Ümid yuxuya gedə bilmədi. Gözünü yuman kimi atasının səsi əks-səda verərək qulaqlarından sinəsinə çökürdü: "Elini hürküt, axsağından yapış..."

Nəhayət yuxuda növbəti diksinəndən sonra Ümid ayağa qalxıb əynini geyindi. Barmaqlarının ucunda atası yatan otağın qapısına yanaşdı. Bir neçə dəqiqə açıq qapının yanında sakitcə dayandı, dəmir çarpayıda qollarını qatlayaraq başının altına qoyub xoruldayan atasına baxdı. İllər necə sürətlə keçmişdi. Kişi necə yaşlaşmışdı. Uşaqlıq illəri bu bir neçə dəqiqədə sürətlə Ümidin gözləri önündən keçdi. Anasının səsini eşitdi. Əynində sarı günəbaxanlı don olan qadın, həyətdəki masada səhər süfrəsi aça-aça onları çağırırdı. Atası həmişəki kimi oğlunu yatağından qaldırıb çiyninə alır, Ümid də daha bərk dayanmaq üçün balaca əlləri ilə onu tutan güclü biləklərdə yapışırdı. Ona elə gəlirdi ki, atasının qolları dünyanın ən güclü qollarıdır və onlardan yapışanda heç vaxt yıxıla bilməz. Bu vaxt Əbülfət kişinin xorultusu bir anlıq möhkəmləndi, sonra qırıq-qırıq xırıltıya, daha sonra isə fısıltıya çevrildi. Ümid yavaşca çarpayıya yaxınlaşdı. Atasının üzünə diqqətlə baxdı. İllər kişinin görünüşündən çox şeylər aparmışdı. Ümidin dünyaya gəlişini çox gözləmişdi atası. Ona görə də indi oğlu gənc olsa da, özü xeyli yaşlı idi. Amma qolları əvvəlki kimi güclü görünürdü. Ya da bu Ümidə elə gəldi. O, əyilib kişinin hələ də sıx olan ağ saçlarını qoxuladı. Sonra ehmalca dünyanın ən güclü qollarını öpdü və səssizcə otaqdan çıxdı.

lll

Qalereyanın həyətində həyatından bezmiş, başdan-ayağa qotur tökmüş küçə itləri sərələnərək arabir bitlənir, sonra yenə başlarını yerə qoyurdular. Gecə vaxtı hənirti duyub qımıldansalar da, Ümidi görəndə yenidən laqeyd halda əvvəlki vəziyyətlərinə qayıtdılar. Zülmət qaranlıqda telefon işığının hesabına giriş qapısını açan Ümid bir neçə dəqiqədən sonra direktorun otağında Mona Liza ilə üzbəüz dayanmışdı. Bir müddət sükutla baxışmalar davam etdi. Birdən Mona Liza gülümsəyərək əlini ona uzatdı:

- Gəl, Ümid! Gəl, hər ikimiz bezdik bu çərçivələrdən. Sındır onları, ver əlini mənə. Gəl, çıxaq gedək.

Ümid əlini ona doğru uzadanda qəfil şaqqıltı qopdu. Sonra hər şey ildırım sürətilə davam etdi. Nə isə qırılıb yerə töküldü. Onlar uzun bir tuneldən keçdilər. Tunel qaranlıq da deyildi, irəlidə işıq da yox idi. Hər tərəfi ağ mərmərdən ibarət, elə özü başdan-ayağa işıqlı bir tunel idi. Tunelin sonundakı qapıdan sonra isə rəngarəng bir yol başlayırdı. Burada bütün rənglər maşın kimi hərəkətdə idi. Bu rənglər hərəkət etdikcə bir-birinə qarışır, bu qarışıqlıq eybəcərlik yaratmır, əksinə, daha fərqli, daha gözəl rənglər alınırdı. Mona Liza gülümsəyərək əli ilə Ümidə yolu göstərdi. Ümid həyəcanla irəli atıldı. Hər ikisi bu qapıdan keçərək  rənglərə qarışdılar.

lll

Səhər Şahnəzər müəllim otağın qapısını açıb içəri girəndə donub qaldı. Yerdə qırılıb tökülmüş çərçivə var idi. Başını qaldırıb divara baxanda gördü ki, Mona Lizanın şəkli yoxdur. Onun yerində isə Hitlerin A3 kağızında çap olunmuş şəkli skoçla yapışdırılıb. Şahnəzər müəllim qapıya söykənib əli ilə ürəyini tutdu. Hikkə ilə: "Alçaq! Bu, sənin işindir. Mən sənə göstərərəm", - deyərək şəklə tərəf addımladı. Həmin an qapı açıq olduğu üçün bayaqdan başlayan güclü küləyin şəklin arxasındakı boşluqdan içəri təpilməsinə şərait yarandı. Şahnəzərin əlini uzatması ilə şəklin pırr edib yuxarıda dövrə vurması və yerə səpələnmiş çərçivə qırıqlarının üstünə düşməsi bir oldu. Hətta Şahnəzərə elə gəldi ki, kimsə "Heyl Hitler!" deyə qışqırdı. Küləklə bərabər, o eybəcər dəlikdən içəri günəş işığı da sızdı. Şahnəzər müəllim dinməzcə həmin boşluğa və oradan içəri dolan günəş şüasına baxdı. Ona elə gəldi ki, günəş işığını ömründə ilk dəfə görür.

525.az

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru