Əl uzadıb qızınıram dərdə mən - Zabil Pərvizin şeirləri

İyn 6, 2026 - 22:15
 0  14
Əl uzadıb qızınıram dərdə mən - Zabil Pərvizin şeirləri

Yazıçı Ədəbiyyat Portalı Zabil Pərvizin şeirlərini təqdim edir.

SEVGİ DALĞALARI

Mәndәn әsirgәmә gülüşlәrini,

Sәn bağlı qönçәsәn, mәn ilk baharam, –

Bir an qar altından duysam әtrini,

Sәnә nәfәsimlә yollar açaram...

Mәndәn әsirgәmә baxışlarını,

Şimşәksiz, buludsuz bahar olarmı, –

Qara qağayıtәk qara qaşların

Tufanlı könlümdә qanad çalarmı?!

Mәndәn әsirgәmә әdalarını,

Duyum payızını, sevim yazını, –

Güllәri oxşayan külәklәr kimi

Dolanım başına, çәkim nazını...

Mәndәn әsirgәmә hәsrәtini dә,

Hicran sәadәti ucuz satmasın, –

Çırpınım...Әlçatmaz gözәlliyinә

Bir әlim çatsa da, biri çatmasın...

SƏN GEDƏLİ...

Sən gedəli susub qaynar bulaqlar,

Tək qalmışıq, göydə Allah, yerdə mən.

Buz bağlayıb yanar odlar, ocaqlar,

Əl uzadıb qızınıram dərdə mən.

Sən gedəli ömür mənə dərd olub,

Sənli yollar daşa dönüb, sərt olub.

Sənin adın dodağımda vird olub,

Qurban olum o çarəsiz virdə mən.

Çətin bir də mən bu bağa gələrəm,

Qönçə vaxtı qırılmağa gələrəm,

Təkcə... sənə vurulmağa gələrəm

Gələ bilsəm bu dünyaya bir də mən...

XATİRƏ

Mən elə bilirdim, sönüb bu ocaq,

Külünün altında közü qalıbmış.

O şirin kədərin, qəmin dalınca

Bu dəli könlümün gözü qalıbmış.

Mən elə bilirdim, unutdum səni,

Bir də oyatmaram olub keçəni.

Dağılıb könlümün çiskini, çəni,

Bu dağı keçmişəm, düzü qalıbmış.

Deyirdim, bu dərdin uyğusu dərin,

Susubdur aylardan, illərdən bəri.

Yanıq yarasıymış xatirələrin,

Ömürlük göynəyən izi qalıbmış...

OLAN OLMUŞ, KEÇƏN KEÇMİŞ

Ürəyimdə yanan ocaq, sahibin hanı,

Ocaq daşı, ocaq başı indi kimindir?

Öz odunda qovrulursan, yanırsan özün,

İşığına xatirələr yığışıb indi.

Ürəyimdə yanan ocaq, kimdir günahkar,

Soldu qızıl qanadların qızılgül kimi,

Hanı dəli sevdaların gözəl tufanı,

Külək vurur, qan ağlayır qırıq yelkənin...

Bağlanan yol açılar da - qulağın səsdə,

Elə bilmə bağlayıblar həmən yolları.

Gedən gedib, uçan uçub, nə gəz, nə səslə,

İlahidən qeyb olubdur güman yolları.

Yad ocaqlar başındadır o pərvanə də,

Bilmədi ki, yad ocaqda qızınmaq olmaz.

Boyun əyib boynubükük taleyinə də

Kül olunca öz-özündən alacaq qisas...

Ürəyimdə yanan ocaq, sən mənə həmdəm,

Arzumuzla taleyimiz barışmaz ancaq.

Əlində qəm piyaləsi neçə xatirəm

Alovunda zaman-zaman əl qızdıracaq...

GECİKMİŞ NƏĞMƏ

Bu yerlər, bu göylər tanışdır mənə

Saçları pərişan küləklərindən.

Bu yerlər, bu göylər danışdı mənə

Bir ötən afətin kələklərindən.

Bu yerdə həsrətim dil deyib ağlar,

Qurumuş kollara gül deyib ağlar,

Könül deyib ağlar, dil deyib ağlar

Bir dəli sevdanın çiçəklərindən.

O gülü, gülşəni qaytarmaq çətin,

Qırdıq qanadını bəxtin, qismətin.

Ətrini alıram o səadətin

Yellərə sovrulan ləçəklərindən.

O ki bir əsimlik meh idi, keçdi,

Könlümün gözündə şeh idi, keçdi,

Bir ömrü yandıran ah idi, keçdi

Dəvəsi ölmüşün diləklərindən.

O dəli sevdadan nə qaldı mənə,

Əlim çatanlar da xəyaldı mənə.

Ağrılar, acılar oyanır yenə

Qəfil yuxuların şimşəklərindən...

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0