50-ci Səməd Vurğun Poeziya Günü keçirildi
1976-cı ildən etibarən Ümummilli Lider Heydər Əliyevin sərəncamı əsasında "Səməd Vurğun poeziya günləri" qeyd olunur.
YAZİCİ.AZ xəbər verir ki, bu il də şairin anadan olduğu gündə Qazaxın Yuxarı Salahlı kəndində ulu öndər tərəfindən inşa etdirilmiş "Səməd Vurğunun poeziya evi"ndə 50-ci poeziya günü keçirilib.
Budəfəki poeziya bayramı S.Vurğunun heykəlinin ziyarətindən sonra "Bizdə şeir də vardır, sənət də vardır, şairə, sənətə hörmət də vardır" devizi altında başlamışdır.
AYB Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın aparıcılığı ilə baş tutan bu bayramda ilk söz Qazax RİHB-nin humanitar məsələlər üzrə müavini Gülayə Həsənovaya verilmişdir. O, xalq şairinin sənətkar qüdrətindən söz açmış, onun poeziyasına ümumxalq məhəbbətindən danışmış, sənətə və sənətkara dövlət qayğısını xüsusi olaraq qeyd etmişdir.
YAP Qazax rayon təşkilatının rəhbəri Anar Nəbiyev, S.Vurğun ocağının layiqli davamçısı Vurğun Vəkilov, alimlər - Hüseyn Xəlilov, Natəvan Dəmirçioğlu, Yusif Alıyev şairin poeziyasının incəlikləri ilə bağlı fikirlərini səsləndirmişlər.
Yuxarı Salahlı kənd məktəbliləri şairdən əzbər şeir parçaları söyləmiş, "Vaqif" pyesindən kiçik bir səhnəni təqdim etmişlər. Daha sonra şairlər - Tovuzdan, Ağstafadan, Qazaxdan olan AYB üzvləri N.Əhmədli, S.Qaratorpaq, A.Musazadə, R.Axundlu, M.Rasimoğlu, S.Hidayətoğlu, Ə.Sofoğlu, T.Poladlı, E.Süleymanlı və başqaları şeirlər oxumuşlar.
Aşıq Samir Cəlaloğlu, eləcə də kənddə fəaliyyət göstərən gənc aşıqlar qrupu S.Vurğundan şeirlər ifa etmişlər.
Kənd ağsaqqalı Məhəmməd Vəkilov poeziya bayramının iştirakçılarına S.Vurğun ocağı adından öz təşəkkürünü bildirmişdir.