"Türkiyə etüdləri" - Nəriman Əbdülrəhmanlıdan yeni kitab

Sen 3, 2026 - 21:53
 0  33
"Türkiyə etüdləri" - Nəriman Əbdülrəhmanlıdan yeni kitab

Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının esse və məqalələrdən ibarət  “Türkiyə etüdləri” kitabı işıq üzü görüb.

Yazici.az xəbər verir ki, kitabın rəyçisi görkəmli türkoloq, filologiya elmləri doktoru, professor Əsgər Rəsulov, redaktoru tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlidir. 

Müəllifin Türkiyə ilə bağlı məqalə və esselərdən, səfər qeydlərindən və dialoqlarından ibarət olan bu kiçik toplu qardaş ölkəyə sonsuz sevginin və sayğının ifadəsidir.

Müəlllif gəzdiyi İstanbul, Ankara, Konya, Kappadokya, Bursa, Ədirnə, Çanaqqala, Qars, Ərzurum, Ərdahan, Bayburt, Trabzon..., görkəmli söz adamları Ahmet Hamdi Tanpınar, şəxsən tanıdığı Orxan Pamuk, İsgəndər Pala, Ahmet Ümit... haqqında tarix və mədəniyyət kontekstində söz açır və oxucuya şəxsi təəssüratları ilə yanaşı, zəngin tarixi məlumat da verir.

Müəllif yazır: “Türkiyə qan yaddaşımızla yanaşı, Rəşad Nuri Güntəkinin, Yaşar Kamalın, Orxan Kamalın, Səbahəddin Alinin, Ömər Seyfəddinin... romanlarıyla könlümüzdə yer tutub. Sonralar televiziya ekranlarında gördüyümüz, kinofilmlərdə tanıdığımız məmləkətə sevgimizi ilk duyğularımıza əlavə eləmişik.

Mən sonralar Türkiyəni, İstanbulu görkəmli söz ustası Ahmet Hamdi Tanpınarın kitablarında, Nobel mükafatı laureatı Orxan Pamukun, eləcə də İsgəndər Palanın, Ahmet Ümitin romanlarında, Bəhaəddin Özkişi, Rasim Özdənörənin hekayə və uzun hekayələrində kəşf elədim. Dilimizə çevirdiyim “Beş şəhər Türkiyənin tarix, mədəniyyət və ruh ensiklopediyası, “Mənim adım Qırmızı” romanı İstanbulun dünəni – altyapısı, B.Özkişinin, R.Özdənörənin əsərlərisə insanlarının təkrarsız duyğular səltənətidi”.

İnanırıq ki, bu toplu da müəllifin digər əsərləri kimi maraqla qarşılanacaq.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru