Adın tək dərsimi əzbərləyirəm - Qəşəm Nəcəfzadənin şeirləri

Apr 1, 2026 - 09:44
 0  27
Adın tək dərsimi əzbərləyirəm - Qəşəm Nəcəfzadənin şeirləri

Yazıçı Ədəbiyyat Portalı tanınmış şair Qəşəm Nəcəfzadən şeirlərini təqdim edir.

QORXMA

Get ağ balıncına saçlarını tök,
Heç qorxub eləmə gözlərini yum.
Sən Allah, sinəndən qolunu aç, tök,
Bu ölmək fikrini bir tərəfə at.
Gözünü yummağa qorxursan, quzum,
Mən səni sevirəm, ölməzsən heç vaxt.

Gördün, mən deyəndi dünyanın işi,
Könlün istəyəni milyon əlli tut.
Qara gözlərinə ölüm ilişsə,
Qorxma,
Mən səni sevirəm, ölməzsən heç vaxt.

Qorxma, üstündədi gözüm həmişə,
Ölüm bir tükünə toxuna bilməz.
Qorxursan, gəl düşək torpağın üstə.
Düşək ayaqyalın yeriyək, quzum.
Düşək qatarlardan, təyyarələrdən,
Düşək tuflilərdən, mərtəbələrdən,
Düşək torpaq dadsın ayaqlarımız,
Enək çiçəklərə, güllərə nolar.
Əgər ayaqyalın yeriyə bilsək,
Düşüb dalımızca gələr adamlar.

Hələ qatardayıq, təyyarədəyik,
Hələ güllə üstə, bomba üstəyik.
Nə olsun,
Mən səni sevirəm, get arxayın yat.
Ürəyin ağrısa, qatar yıxılsa,
Təyyarə sürüşsə göyün üzündən
Qorxma,
Mən səni sevirəm, ölməzsən heç vaxt,
Ölməzsən heç vaxt.

SƏNİN DƏRSİN

Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.

Ağzı yanmışların yoxdu xəbəri,
Mən sənin önündə lal dayanıram.
Dəftərə qırmızı düzəliş kimi,
Varaq yanağımda al dayanıram.

Adın tək dərsimi əzbərləyirəm,
Sevgi baxışına boyanmaq üçün.
Ömrümü, günümü qurban verərəm,
Şagird tək önündə dayanmaq üçün.

Vaxt axır… şagirdlər duymurlar səni,
Gör necə qıyırlar kövrək səsinə.
Hardan bilsinlər ki, həsrət qalmışam
Qırx beş dəqiqənin bir dəqiqəsinə.

Səhvdi misalları, məsələləri,
Dərdini artırıb yüz eləyərlər.
Ölürəm mən sənin “üç”ündən ötrü,
Verdiyin “beş”lərə naz eləyərlər.

Təbaşir ləçəkli çiçək əllərin,
Lövhənin üzündə kəpənək olar.
Dəsmala bənzəyər göyçək əllərin,
Bir oğlan balanı bələmək olar.

Misra dodaqların yorular hərdən,
Saçların pırtdaşar, əllərin əsər.
Bir gözəl, bir göyçək oğlumuz olar,
Bu dəcəl qızların səsini kəsər.

Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.

AY VƏTƏN

Təndir çörəyini kökə elədik,
Torpağını seçdik bölgə elədik.
Böldük səni tikə - tikə elədik,
Bacın ölsün, anan ölsün, ay Vətən!

Səni vurduq sonra sözlə bələdik,
Körpəlikdən babamıza bələdik.
Göyçə gölün Sevan gölü elədik,
Durnan ölsün, sonan ölsün, ay Vətən!

Şeir yazdıq, bəlkə təzə ev alaq,
Tərif dedik, bircə pillə ucalaq.
İndən belə başımıza əl çalaq,
Əli - ələ çalan ölsün, ay Vətən!

Mən bilmirəm axşam nədi, gün nədi?
Qız- gəlinin əsir- yesir gündədi.
Şuşam getdi, bir balam var, dinmədim,
Mənim kimi balan ölsün, ay Vətən!

Al qılıncı, vur düşməni böl iki,
Bu düşmənlər səni elə bölüb ki ...
İndən belə şeir vaxtı deyil ki,
Bu şeiri yazan ölsün, ay Vətən!

NƏ OLAR

Ayaqların qaçan saniyələrdi,
İşə tələsirsən dayan, nə olar.
Elə bu küçədə aç gözlərini,
Otuz il yatmısan, oyan, nə olar.

Bu şeiri də yazdım əlvida kimi,
Bax elə bu sətrim son vida kimi.
Mən ölsəm misra tək, sən nida kimi,
Başımın üstündə dayan, nə olar.

Canım, bundan sonra “yaşa”, “öl” kimi,
Qanatdın qəlbimi sarıtel kimi.
Qoşa əllərini qoşa gül kimi,
Sinəmin üstünə qoyam, nə olar.

Ah çəkim, ahımdan dağ-dağ olum mən,
Səni gəzə – gəzə çıraq olum mən.
Çürüyüm bir ovuc torpaq olum mən,
Sən də çıx üstümdə dayan, nə olar.
Bəlkə onda səndən doyam, nə olar!

EVƏ QAYIDANDA

Həyat yoldaşım Tabəs xanım üçün

Evə qayıdırarn uşaqlar yatıb,
Sənin də gözündən yuxu sürüşüb.
Adımı əlinin içinə yazmaq,
Görəsən hayandan yadına düşüb?!

Mən sənin ən pinti, dəcəl balanam,
Hər gün üst-başımı təmizləyirsən.
Məni dəli kimi sevdiyin üçün,
Mənimlə bir qabda yemək yeyirsən.

Yaşın otuz üçü keçibdi çoxdan,
Qız xasiyyətini dəyişməmisən.
On səkkiz yaşında qaldığın üçün,
Hələ zəmanəyə uyuşmamısan.

Qadın ol, ana ol, qız olma daha,
Sevginlə başıma oyun açırsan.
Başında on səkkiz yaşm sevdası,
Məni qayğılarda qoyub qaçırsan.

Sevirəm mən səni bu həyat kimi,
Sənə sevgilərim yüz cürə donda.
Harda şeirlərim qafıyəsizdi,
Uşaqların üstün örtmüşəm onda.

Çörək-su dalınca çıxmışam evdən,
Məni pis adamlar yüz yerdən sıxıb.
Evə qayıtmışam axşamlar, bəzən,
Sevirəm söyləmək yadımdan çıxıb.

Gör necə ucadı qəlbimdə yerin,
Sən ki aşağıda dayanmamısan.
Sənin haqqındadı hər sevgi şerim,
Sən bu xoşbəxtliyə inanmamısan.

MƏNİ ALDADAYDIN

Məni aldadaydın payıza kimi,
Solan yarpaqlara çataydım barı.
Məni aparaydın payıza kimi,
Məni ağlayaydı payız toyları.

Elə bahar kimi sevəydin məni,
Bir ağac olaydım baxışlarında.
Açıb hisslərimi qız saçı kimi,
Axıb durulaydım baxışlarında.

Bir məktub yazaydın mənim adıma,
Tufanlı dənizdə ada tapaydım.
Bir məktub yazaydın mənim adıma,
Yerimi məktubda salıb yataydım.

Yaşıl yarpaqlarda ölə bilmirəm,
Məni bu baharda düşürməyəydin.
Məni aparaydın payıza kimi,
Orda yarpaqlarla ölüb gedəydim.

Orda bir qatara minik başlanıb,
Məni aldadaydın payıza kimi.
Orda yollar toylu, göylər yağışlı,
Üzəydim, üzəydim dənizə kimi.

SƏNƏ QIŞ PALTARI ALIRAM İNDİ

Heç fikir eləmə qurvanın olum
Adam başqasını gedib sevər də...
Adam sevdiyini ata bilər də...
Təzə iş deyil ki, başıma gələn,
Başına dönüm.

Adam sevilər də, unudular da,
Gedib başqasına uymaq da olar,
Bir gün yada düşər atıb getdiyin
Sonra peşman olub qayıtmaq olar,
Adam bağışlar da, bağışlamaz da...

Heç yüz il keçməmiş atıb getdiyin,
Yerindən durunca uçub gələrsən.
Üstünü çırpınca baxıb gülərsən,
Gözünü açınca çıxıb gedərsən.

Heç fikir eləmə qurvannın olum,
Adam aldanar da, peşman olar da...
Sənə yalvarıram özünü üzmə
Ürək yerə düşüb qəfil sınar da,
Nə olsun,
Ürək sınmayanda bəs nə sınacaq?

Yerimdən durunca,
Üstümü çırpınca,
Gözümü açınca
Sən çıxıb getdin,
Nə olsun,
Adam sevdiyini atıb gedər də...

Məni o yandırır, o yandırır ki,
Sənə qış paltarı alıram indi.
Nə olsun,
Adam soyuyar da, adam yanar da...

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0