Ata və oğul - Tatar yazıçının hekayəsi
Tatarstan nasiri Rüstəm Qaliullin (Röstəm Qosman ulı, 1987) Arsk rayonunun Nalas kəndində anadan olub, Kazan universitetinin tatar dili və filologiyası fakültəsini (2009) və aspıiranturasını bitirib. “İdel” jurnalının baş redaktoru, Dil və Ədəbiyyat İnstituitunn elmi katibi olub. Filologiya elmləri namizədi, “Kazan utları” jurnalının baş redaktorudur.
Yumoreskaları və hekayələri 2005-ci ildən dövri mətbuatda işıq üzü görüb. Tatar dilində “Hipnozçu oğlan” (2008), “Yolların ağ yeli” (2012), “Vəsiyyət” (2017), rus dilində “Tənhalıq” (2013) nəsr kitablarının müəllifidir. Bir çox publisistik yazıları işıq üzü görüb.
Beynəlxalq PEN-klubun üzvüdür, ədəbi uğurlarına görə, “İdel qağayıları” gənc yazıçılar müsabiqəsinin Baş Prizinə (2007), respublika “Büllur Qələm” (2009) və Musa Cəlil adına (2015) mükafatlara layiq görülüb.
Quşbaşı qar yağır. Səhər tezdən başlamış çovğun axşama yaxın da sakitləşmək bilmir. Üstəlik, hava get-gedə daha da soyuyur. Qalım baba dovşan dərisindən tikilmiş papağını gözlərinin üstünəcən basıb, içində yenə də ağır zəhmət nəticəsində belinin donqarı bilinən qalın başmetinə bürünüb, ayaqlarını çətinliklə sürüyə-sürüyə artıq dizə çatan qarın əsarətinə düşmüş alaqapıya yaxınlaşır, ayaqlarıyla qar yığınını kürüyür, əyilmiş sürgünü çəkib qısa, amma çox şikayətli nəğmə oxumağa vadar eləyib bayıra çıxır.
Kənd bomboş, ölgündü, yalnız burulan, bir-birinə toxunan qar dənəcikləri – bu yeganə ilahi varlıqlar – müəyyən həyat əlaməti bildirir. Uzaqdan, küçənin o biri başından qarın qalın pərdəsi arxasından telefon dirəyindəki yeganə fənər elə tutqun işıq saçır ki, qoca Qalım onu zorla sezir.
-Yaxşı ki, heç olmasa, kəndin girəcəyində fənər yanır, - o, ucadan söylədiyini, ya beynindən keçirdiyini ayırd eləyə bilmədi.
Baba əlinin arxasını rəhmsizcəsinə tökən qarın qabağına tutub o səmtə diqqətlə baxır, amma heç nə seçə bilməyib evə qayıdır.
-Bundan sonra da belə töksə, səhərəcən lap keçəl başımızacan çıxacaq, - o, donquldana-donquldana ehtiyat üçün alaqapını açıq qoyur.
Bayırda bir-birinə qarışa-qarışa uçuşan qar dənəcikləri sanki bunu gözləyirlərmiş kimi, özlərini həyətə saldılar, yayda qalın toz burulğanı üzündən daha qorxunc görünən qasırğanı xatırlatdı. Qoca qapının dəstəyini dartanda yan tərəfdən asılmış qıf sanki musiqinin ahənginə uyğun halda yellənə-yellənə yaxınlaşdı, zərblə sifətinə çırpıldı, soyuqdəyməli öükürək qarışıq bir neçə gülüş ifadəsi çıxarmasına səbəb oldu.
***
-Görmək olmur? – Zəkiyyə arvad bu gün neçənci dəfədi ki soruşur.
-Yox, - Qalım güclə eşidiləcək tərzdə cavab verir, nədənsə özünü suçlu sayır.
Qarı çarpayının paslanmış yayların cırıldada-cırıldada o biri böyü üstə çevrilir.
-Heç olmasa, zəng eləyəydin... - Qalım baba qətiyyətsiz halda dillənir.
-Neçə dəfə demək olar, dəstəyi götürmür axı. Sən bayırda olanda bir neçə dəfə cəhd elədim. Bir arvad rusca elə eyni şeyi deyir.
Qocalara mobil telefonu oğulları Qumar almışdı. Bir dəfə qonaq gələndə hədiyyəsini verib demişdi:
-Mən bu gün Kazanda, sabah artıq Moskvadayam. İşim belədi. Amma bununla hər gün zəng eləyə bilərsiniz. Bu telefonla heç bir ayrılıq qorxunc deyil. Həm mən sizə görə narahat olmayacağam, həm də, ümidvaram ki, siz mənə görə.
Qalım və Zəkiyyə qalın şüşəli eynəklərini taxıb oğullarıyla üzbəüz oturdular, qırışlı sifətlərində ciddi ifadə təlimatı dinlədilər, sonra da müxtəlif mümkün vəziyyətləri təcrübi şəkildə - nə vaxt qırmızı dəstəkli nə vaxt, yaşıl dəstəkli düyməni basmaq lazım gəldiyini - yoxladılar. Cəhdləri əbəs olmadı: əziz balalarının səsini, heç olmasa, həftədə bir dəfə eşidirdilər. Bir dəfə Zəkiyyə dedi, o əl boyda oyuncaq ikinci övladlarına çevrildi. Telefonu yuxarı başa, cilası tutqunlaşmış, qapıları əyilmiş servantın şüşəsi arxasına, gənclik çağlarının əllə rənglənmiş şəkillərinin yanına qoyurdular. İndi qocalar qısa müddətə evdən çıxıb – biri dükana gedir, o biri həyət-bacada iş görürdü – geri qayıdan kimi, əvvəlcə soruşurdular:
-Telefon zəng çalmamışdı?
Qumarla axırıncı dəfə təxminən on gün əvvəl danışmışdılar.
-Evdən ötrü darıxmışam. Sizi də çox görmək istəyirəm. Yeni il axşamı gələcəyəm, gözləyin, - onda söz vermişdi.
Telefon qocaları indiyəcən pis vəziyyətdə qoymamışdı. Bu günsə, çox vacib zəng eləməli olsalar da, əlaqə yaranmırdı. Qalım əlacsız qalıb televizoru yandırır.
-Bu nə səsdi? Söndür, lap beynimə düşdü! – Qarı deyinir.
Baba bir müddət bomboş gözlərini otağın qaranlıq küncünə zilləyib dönə-dönə oxuduğu, məzmununu əzbər bildiyi rayon qəzetini götürür.
-İndi də xışıldadır! – Zəkiyyə başını yastıqdan qaldırıb çəmkirir.
“Oh, bu gün zəhər tuluğusan, ay arvad, ilan kimi sancırsan”, - Qalım baba ürəyində arvadını tənbeh eləyir.
Düzdü, Zəkiyyə əvvəllər də dilsiz-ağızsız deyildi. Amma qocaldıqca günü-gündən daha sərt olur. Əvvəllər, güclü-qüvvəli vaxtlarında bəzən arvadının üstünə qışqırırdı, o da uzun müddətə olmasa belə, hər halda susur, ərinə boyun əyirdi. Nadinclik eləyən Qumarın sakitləşdirə bilməyən Zəkiyyə onu tez-tez atasının qəzəbiylə qorxudur, oğlu “Atanın acığı tutacaq!” sözlərindən ipək kimi yumşalırdı. Qumar böyüyüb kənddən gedəndən sonra Zəkiyyə qəfildən, hən də dərhal evdə şəriksiz hakim oldu. Acı dil Cavit əmi təqaüdə çıxıb, qanuni “qoca” adını qazanandan sonra bir dəfə mərəkədə söhbət vaxtı müdrikliyini Qalımın indi də əmin olduğu bir söz dedi:
-Eşidirsən, qonşu, sən demə, biz kişilər cilovu yalnız canımız sulu, uşaqlar balaca olanda tuta bilirikmiş. Amma belimiz büküləndə, evimiz kürəkən-gəlinlə dolanda qadınlar hökm eləməyə başlayırlar.
Qalım Zəkiyyəylə tək qalanda qarı səbəbsiz-filansız özündən çıxmağa, Qalımı nəyləsə günahlandırmaq üçün fürsət axtarmağa başladı. Daha əvvəlki “Şorba çox duzlu deyil? Çay çox isti deyil?” kimi mehriban sözləri eşidilmirdi, sevgi-filandan da danışmaq olmazdı. İndiki xasiyyətini Allah göstərməsin: elə söz deyər ki, ömrün boyu altından çıxa bilməzsən.
Qalım Cavit əmiyə çox hörmətlə yanaşır, amma bir dəfə sözləri çəp gəldi, onda eşitdiyi sözləri qocaya bağışlaya bilmir. Qısası Qalımın toyuqları Cavitin xoruzunun dalınca düşüb getmiş, qonşunun bağında yumurtlamağa başlamışdılar, bu səbəbdən də aralarında dava-dalaş başlamışdı. Qalım, ümumiyyətlə, xırdaçılıq eləmək istəmirdi, amma Zəkiyyənin sözünə qulaq asıb Cavit əmini başqasının yumurtasını mənimsəməkdə təqsirləndirdi. Söz sözü çəkdi, vəziyyət o yerə çatdı ki, qonşu ona ağlagəlməz yara vurdu:
-Toyuqların altını güdməkdənsə, o şorgöz Zəkiyyəyə göz olsan, daha yaxşıdı. İndiyəcən elə bilirsən, öz balanı böyütmüsən? Gözlərini aç: sizin Qumar o muzdur Xaydara oxşayır. Əbəs yerə demirlər ki, alma öz ağacından uzaq düşməz. Bir vaxtlar atası ailədən gedib oğlunu anasının öhdəsində qoydu, indi də oğul atasının yoluyla gedir. Görürəm ki, Qumarı da qan çəkir. Neçə ildi başını divarlara döyür, amma bir dəfə də olsun, yara almayıb...
Qalım bir həftə dinib kimsəylə danışmadı. Zəkiyyə arvad neyləyəcəyini, kimi günahlandıracağını bilmirdi. “Baba niyə belə dəyişdi axı?”
Səhərdən-axşamacan həyətdə dolaşan Qalım Cavitin sözlərini unuda bilmirdi: “Muzdur Xaydarın oğludu!” Heç vaxt işvəli qadın nəzərləriylə qarşılaşmamış, yeniyetmə vaxtlarında da, yetkinləşəndə də onların diqqətini cəlb eləməmişdi. Otuz yaşından sonra bu dünyada bitib-tükənməyən işdən başqa heç bir şey görməmiş Qalım o vaxt artıq alnına yumaq mümkün olmayan “qarımış qız” damğası vurulmuş Zəkiyyəylə yalnız anasının məsləhətiylə evləndi. Düzdü, kənddə söz gəzirdi ki, Zəkiyyə elə-belə qız kimi oturmayıb, sevgilisi Xaydarı gözləyir, muzdla işləyən cəngavər də nədənsə onun qarşısına çıxmaq üçün ağ atın belinə qalxmağa tələsmir. Qalımın bütün ömrünü çəkingən, quzu kimi sakit kişiylə keçirmiş anası kənddə gəzən şayiəyə, ittihamlara fikir verməyib Zəkiyyəni oğluna aldı.
Zəkiyyə sevgi sarıdan xəsis idi. Qalım da bu cəhətdən arvadına oxşamışdı. Bəlkə, elə buna görə Zəkiyyə Qumarı dünyaya gətirəndən sonra bir daha doğmaq istəmədi, bəlkə də səhhəti əl vermədi. Beləcə, Qumar ailədə yeganə uşaq oldu.
-Böyüdüb tərbiyə verdiyim balam necə ola bilər ki, qəfildən Xaydarın oğlu olsun? – Qalım yumruqlarını sıxdı. – Allaha şükür, Zəkiyyə namuslu qadın, sədaqətli arvaddı, bi nəfər belə onun barəsində pis söz söyləyə bilməz.
Qalımı bu qarmaqarışıq düşüncələrin hansı məqama çatdıracağını demək olmazdı, amma ailələri üçün çətin keçən həftənin sonunda Qumar kəndə gəldi. Qalım onun orta boydan bir az uca olan arğaz görkəminə, iri qulaqlarına, qalın qaşlarının altındakı bir cür yarıqdan işıldayan, qarşılaşdığı adamları, az qala, yandıran yaşılımtıl gözlərinə nəzər salıb oğlunda öz gənclik cizgilərini, gec olmasa, bircə cizgi tapmaq istəyirdu. Qumar səmimiyyətlə gülümsünüb əllərini uzatdı:
-Salam ata! – dedi, dərhal da qara fikirlər atanın arı yuvası kimi qaynayan beynindən çıxdı, daha doğrusu, dağıldı.
Yad diyarlar dolaşmaqdan bezmiş, qocalmış Xaydar doğma auluna qayıdanda Qalım Cavit əminin söylədiyi sözləri, həm də o sözlərdən doğan incikliyi xatırladı. Küçədə Xaydara rast gəlib qocalmış muzdurla oğlunun görkəmini dönə-dönə müqayisə eləyir, özündən çıxırdı. Bax, o, yenə küçəylə gedir. Əvvəlcə həmkəndliləri arasında seçilən, hamıdan, demək olar bir boy hündür olan Xaydar indi xeyli balacalaşmışdı, deyəsən, torpaq çəkirdi. Daha başını da qürurla dik tutmur, özünü camaata göstərməyə çalışmır, baxışları daha çox ayaqlarının altına dikilirdi. Ağarmış saçı hələ sız, amma həddən artıq pırtlaşıq idi. Arıq çiyinləri sallanmışdı, sanki üzərində ağır yük vardı, o yük üzündən Xaydar donqarlaqşmışdı. Sifətini dərin qırışlar bürümüş, yarıağarmış bığı sallanmışdı. Yox, sap-sağlam oğluyla o qoca arasında zərrə qədər də oxşarlıq yox idi. Qalım Qumarın doğma oğlu olduğuna get-gedə daha çox inandı, axırda tamamilə sakitləşdi. Muzdur Xaydar indi onda yalnız təəssüf və şəfqət hissi doğururdu. Biçarə yaxşı həyat dalınca çoxlu şəhərlər dolaşmış, amma heç nə qazana bilməmişdi. Bir dəfə Xaydarın yerli dost-tanışına həyatdan şikayətləndiyini öz qulaqlarıyla eşitdi:
-Yaxşı ki, qanım xüsusi, nadir qan qrupuna daxildi. Pulsuzlayanda qan verib qazanıram...
...-Ey, qoca, kar olmusan, nədi, kimə deyirəm, yoxsa divarla danışıram? Deyəsən, kimsə qapımızı döyür... –Zəkiyyə başını bir cüt yastığın üstündən qaldırıb ərinə qışqırır.
Qalım baba əynində yalnız köynək qapıya qaçır:
-Küləkmiş, - qayıdıb dillənir.
O, fikirli halda arvadını süzür: bu gün onun qəfildən ürəyi tutub. Ya bayırda Qumarı gözləyəndə soyuq dəymiş, ya da çovğun üzündən təzyiqi kəskin qalxmışdı – bu, məlum deyildi. Səhərdən bəri çarpayıdan qalxmır.
-Deyəsən, Qumar gəldi, -Zəkiyyə yenə başını yastıqdan qaldırıb dillənir.
Doğrudan da qapını döyürlər. Zəkiyyə yataqda dikəlib – buna necə güc tapdı? – yaylığını düzəldir. Gələn qonşu Cavit əminin oğlu Mansurdu. Əl işarəsiylə ev sahibini çağırıb, astadan, sözləri donmuş dodaqları arasından asta tərzdə çıxara-çıxara deyir ki, Alla eləməsin, Zəkiyyə arvad eşidər:
-Qalım əmi, Qumar qəzaya düşüb.
-Ah! – Zəkiyyə qısaca içini çəkdi: pıçıltını necə eşitdiyi məlum deyildi. – Sağ-salamatdı?
-Sağ olmağına, sağdı, amma vəziyyəti ağırdı. Maşın bir neçə dəfə aşıb, sonra dirəyə çırpılıb. Çoxlu qan itirib...
-Hardadı? – Qalım Mansurun sözünü kəsib soruşur.
-Xəstəxanada. Mən Kazandan qayıdırdım, gördüm yolun kənarında çoxlu maşın yığışıb. Qumarı dərhal tanıdım. Apardıqlarını öz gözlərimlə gördüm.
-Ah, oğlum, Qumar!.. – Zəkiyyə dil deyib ağladı.
-Belə başa düşdüm k, vəziyyəti çox ağırdı, Qalım əmi. Haydı, xəstəxanaya gedək. Maşında gözləyirəm.
Qalım baba bir həmlədə köhnə başmetini asılqandan götürüb çiyninə salır, keçə çəkmələrini geyinir, papağını qapıb Mansurun dalınca çıxır.
-Hara gedirsən? Mən də gəlirəm! – Qalım baba Zəkiyyənin titrək addımlarla qapıya yaxınlaşdığını görüb geri qayıdır.
-Qalım əmi, gecikərik, - Mansur qışqırır.
-Bu dəqiqə, bu dəqiqə. Arvad, mümkünsə, sən sakitləş, çay qoy, bizim qayıtmağımızı gözlə. Tezliklə də Qumarla gələcəyik, - o, arvadını dilə tutub çıxır.
Bayırda qalın qar vardı. Mansur da, sən demə, maşını kəndin girəcəyində saxlayıbmış. Qalım baba, maşına necə çatdığını, xəstəxanaya nə müddətə yetişdiyi bilmədi. Yol boyu sanki kimsə başına yoğun dəmir boruyla döyəcləyirdi. Xoşagəlməz, ağrılı tappıltı ümidsiz “Nəyə görə? Niyə? Oğlum, Qumar!” qışqırtılarına qarışırdı.
***
…Xəstəxanaya necə girdiklərini, qapıçının müqavimətini qırıb Qumarlın yatdığı reanimasiya şöbəsinə necə çatdıqlarını özləri də hiss eləmədilər. Qayda üzrə ağ xalat geyinmiş, yanağında çapıq olan orta yaşlı növbətçi həkim, eyni cür ağ xalatlı tibb bacısı qarşılarını kəsməyə çalışan mühafizəçinin əlindən çıxıb palataya soxulmağa çalışan Mansur və qoca Qalımı görüb bir anlığa çaşdılar.
-Sakit olun, görək, hər şey qaydasındadı, - növbətçi həkim dilləndi. – İndisə çıxın, zəhmət olmasa, işləməyə maneə törətməyin!
Tibb bacısı bir tərəfdən, Mansur digər tərəfdən qovanın qolundan yapışıb dəhlizə çıxardılar.
-Sağdı? – Qalım baba yalvarış dolu səslə tibb bacısından soruşdu.
-Sakit olun, - qız həkimin dediklərini təkrar elədi.
-Oğlum, Qumar!
-Sakit olun, sizə yalvarıram. Dəhlizdə gözləyin!
Qalım baba dar dəhlizdəki stulda otursa da, sakitləşə bilmirdi, havası çatmır, ürəyi şiddətlə döyünür, başı aramsız fırlanırdı.
-O, çoxlu qan itirib. Ehtiyat qandan vurduq, yaralarını sarıdıq...
-Sağalacaq? – Baba tibb bacısının sözünü kəsdi.
-Əlbəttə, - qız qəti şübhə eləmədən dilləndi. – Arabir şüuru özünə qayıdır. Ağıllı oğlandı, özünə gəlib, hətta qan qrupunu da xatırladı. Yeri gəlmişkən, çox nadir qan qrupu var, dördüncü qrupdu. Yaxşı ki, xəstəxanada kifayət qədər ehtiyatımız var. Üstəlik, bu qrupdan olan donorların dalınca maşın göndərmişik, tezliklə gəlməlidilər.
-Nə gözləyirsiniz, məndən götürün! – Qalım baba təklif elədi.
-Sizin qan qrupunuz dəqiq dördüncüdü?
-Yəqin ki. Atasıyam axı! Hə, götürün də...
-Sakit olun! Dedim axı, donorlar indi gələcəklər.
-Mən onun atasıyam, qanımız eyni qrupdandı!..
-Yalvarıram sizə, dayanın. Əmi, hər şey belə sadə deyil, uşaqların qan qrupu heç də həmişə valideynlərinin qan qrupuna uyğun gəlmir...
-Qalım əmi, sakit ol, - Mansur köməyə gəldi.
-Məndən alın! – Qalım baba təkid eləyirdi. – Atasıyam!
-Fəqərəsi də, daxili orqanları da zədələnib. İndi baş həkimlə cərrah gələcək, - tibb bacısı gizlicə Mansura pıçıldadı.
-Məndən niyə qan almırsınız? – Dərddən ağlını itirmiş qoca yerindən sıçradı.
-Bəsdi, Qalım əmi, sakit ol, - Mansur onu yerində oturtdu.
Tibb bacısı palataya getdi.
-Oğlum, Qumar... – Qalım baba inildədi.
Bu məqamda bir dəstə adam ucadan danışa-danışa dəhlizə girdi. Xaydar da onların arasındaydı. Onlar üst paltarlarını soyunub stulların üstünə qoydular, tələsik qollarını çırmamamağa başladılar.
-Bura gəlin, - tibb bacısı Xaydarı Qumarın yatdığı palataya dəvət elədi.
Qalım baba Mansurun əlindən qopub güllə kimi qapıya cumdu.
-Uzanın, - növbətçi həkim Qumarın çarpayısı yanındakı qatlama çarpayını göstərdi.
Nəzərlərini laqeyd halda dümağ xəstəxana tavanına zilləmiş Xaydarın yanında növbətçi tibb işçiləri vurnuxurdular. Bu məqamda Qumarın ağır iniltisi eşidildi.
-Oğlum! – Qalım baba xırıltılı səslə qışqırıb ona tərəf cumdu.
-Sakit olun! Onu səsləməyin!
-Ata... A-ta...
-Qumar!
-A-ta...- Qumar var gücünü toplayıb dilləndi, sonra susdu, ağırlaşmış başı böyründə uzanmış Xaydara sarı döndü.
-Oğlum! – Dili-dodağı qurumuş Qalım baba dilləndi.
Qorxmuş Xaydar aciz nəzərlərini gah həkimə, gah Qalıma, gah da tibb bacısına dikdi. Tibb bacısı cəld özünü ələ alıb iynəni Xaydarın şah damarına yeritdi.
Palataya sükut çökdü. Yalnız Qalim büzüşmüş halda üzünü divara çevirib, əsə-əsə, qırış basmış yanaqlarına axan göz yaşlarını qabarlı əlləriylə silə-silə səssizcə ağlayırdı. Onun dodaqlarından, elə bil, uzaq, hardan gəldiyi məlum olmayan rabitəsiz əks-səda qopurdu:
-Oğ-oğ-lu-u-um, o-ğ-l-u-m...
Tərcümə: Nəriman Əbdülrəhmanlı
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0