AYB-də Qərib Mehdinin 90 illik yubileyi qeyd olunub

İyn 13, 2026 - 00:30
İyn 13, 2026 - 00:33
 0  15
AYB-də Qərib Mehdinin 90 illik yubileyi qeyd olunub

İyunun 11-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış nasir, şair, publisist və dramaturq Qərib Mehdinin anadan olmasının 90 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

YAZİCİ.AZ xəbər verir ki, tədbirdə Azərbaycan ədəbi ictimaiyyətinin nümayəndələri, ziyalılar, Qərib Mehdinin yaratdığı “İlham” ədəbi məclisinin üzvləri, media təmsilçiləri, dostları və doğmaları iştirak edib.

Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli açaraq görkəmli ədibin zəngin yaradıcılıq yolundan, Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən, nəsr, poeziya, publisistika və dramaturgiya sahələrindəki xidmətlərindən ətraflı bəhs edib. O, Qərib Mehdinin yaradıcılığının milli ədəbi mühitdə xüsusi yer tutduğunu vurğulayaraq, tədbiri aparmaq üçün sözü şair, yazıçı və jurnalist Qəşəm Nəcəfzadəyə verib.

Qəşəm Nəcəfzadə çıxışında Gəncədə keçən tələbəlik illərini xatırlayıb. O, Qərib Mehdinin rəhbərlik etdiyi “İlham” ədəbi birliyinin gənc qələm sahiblərinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Şair bildirib ki, Qərib Mehdi onların yaradıcılıq yolunda istiqamət göstərən, ədəbi zövq formalaşdıran, daim dəstək verən ziyalılardan biri olub. Qəşəm Nəcəfzadə yubilyarla bağlı xatirələrini bölüşdükdən sonra sözü digər çıxışçılara verib.

Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin direktoru Gülnarə Rəfiq, şair-publisist Ağacəfər Həsənli, “Ulduz” jurnalının şöbə müdiri Təranə Vahid, şairlər Xosrov Natil, Şöhlət Abbas, Gəray Göyyurd, Rəfail Həbiboğlu və İlqar Türkoğlu, yazıçılar Təranə Musayeva, Zəhra Səfaralıqızı və Əli bəy Azəri, Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Fizuli Kərimov, Beynəlxalq Əlillər Cəmiyyətinin sədri Tahir Xudiyev, Tovuz Xeyriyyə Cəmiyyətinin üzvü Yaqub Namazov, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin redaktoru İradə Aytel çıxış edərək Qərib Mehdinin zəngin yaradıcılığından, Azərbaycan ədəbiyyatında tutduğu özünəməxsus mövqedən və gənc ədəbi nəslin formalaşmasındakı xidmətlərindən bəhs edib.

Çıxışlarda bildirilib ki, yazıçının əsərləri milli-mənəvi dəyərlərin, vətənpərvərlik duyğularının, insan talelərinin və cəmiyyət problemlərinin bədii ifadəsində xüsusi əhəmiyyətə malikdir.

Tədbirdə çıxış edən Daxili İşlər Nazirliyinin ehtiyatda olan zabiti, Azərbaycan Ağsaqqallar Şurasının Gəncə təşkilatının sədr müavini Ramiz Sadıxov Qərib Mehdinin 90 illik yubileyi münasibətilə hazırlanmış plaketi yubilyarın ailə üzvlərinə təqdim edərək bildirib ki, plaket Qərib müəllimin sağlığında hazırlanıb, lakin tale buna imkan vermədi və onu şəxsən özünə təqdim etmək qismət olmadı.

Yubiley tədbiri boyunca Qərib Mehdinin zəngin yaradıcılıq irsi, ədəbi və ictimai fəaliyyəti haqqında xatirələr səsləndirilib, onun Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verdiyi töhfələr yüksək qiymətləndirilib. Tədbir iştirakçıları görkəmli söz adamının xatirəsinin daim ehtiramla anılacağını vurğulayıblar.

Sonda Mədəbiyyət və İncəsənət Universitetinin tələbəsi, Qərib Mehdinin nəvəsi Nuray Mehdiyeva ailə adından Azərbaycan Yazıçılar Birliyinə, tədbirin təşkilatçılarına və yubiley mərasiminə qatılan qonaqlara dərin minnətdarlığını ifadə edib. O, babasının xatirəsinə göstərilən diqqət və ehtiramın ailə üzvləri üçün böyük mənəvi dəyər daşıdığını bildirib.

Qeyd edək ki, nasir, şair, publisist və dramaturq Qərib Mehdi Azərbaycan ədəbi mühitində özünəməxsus dəsti-xətti, çoxşaxəli yaradıcılığı və gənc ədəbi nəslin formalaşmasında göstərdiyi xidmətlərlə yadda qalan görkəmli söz adamlarından biridir. Onun 90 illik yubileyi münasibətilə keçirilən tədbir yazıçının zəngin irsinə verilən yüksək qiymətin və ona olan ehtiramın daha bir ifadəsidir. (kultur.az)

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0