"Bakılı oğlan" Lənkəranda..
Yazıçı Ədəbiyyat Portalı Elşad Səfərlinin "Bakılı oğlan" kitabı haqqında Ziya Dilsuzun yazısını təqdim edir.
İstedadlı şair-alim, tədqiqatçı, Lənkəran Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Elşad Səfərlinin sayca 26-cı - "Bakılı oğlan" kitabı yenicə çapdan çıxmışdır. Kitabın redaktoru və "Ön söz"ün müəllifi professor Kamran Kazımovdur. 136 səhifəlik, 300 tirajla "Qanun" nəşriyyatında nəfis tərtibatda hazırlanan bu kitaba şeirlər, balladalar və böyüklər üçün nəzərdə tutulmuş ""N" sayda kitab sahibi" adlı poema daxil edilmişdir.
Professor Kamran Kazımov kitaba yazdığı "Ön söz"ündə Elşad Səfərlinin universal şair olduğunu qeyd edir. Doğrudan da, belədir. Elə bir janr tapmaq çətindir ki, Elşad Səfərli qələmini orada sınamasın.
Uşaq ədəbiyyatına müraciət etmək şairdən olduqca böyük zəhmət tələb edir. Çünki, ilk növbədə, uşaq psixologiyasını dərindən bilmək və bu sahədə ciddi araşdırma aparmaq lazımdır. "Bakılı oğlan"a diqqət yetirdikdə görürük ki, şair ciddi araşdırmalar aparmış və dərin ümumiləşdirmələr əsasında güclü, sanballı əsər ortaya qoymuşdur. Kitab "Ana-ata sevgisi" adlı şeirlə başlayır:
"Sevdiyin hərf hansıdır?" -
Sual verdim Məryəmə.
Düşünmədən bir anda
"A"dır söylədi mənə.
Soruşdum, niyə bəs "A"? -
Cavabına bir baxın:
- Ana-ata sözləri
"A"ynan başlayır axı.
Öncə uşağın adı diqqət cəlb edir və cəlb etməlidir də. Məryəm! Niyə məhz Məryəm? Burada şair böyük bir ustalıqla həzrət Məryəmin məsumluğunu uşaq obrazı ilə əlaqələndirir. Həzrət Məryəmin məsumluğunu poetikləşdirərək şeirə gətirir. Çünki şair ciddi şeirin müqəddəsliyini qəbul edir.
Şeirin son misrasına diqqət yetirək. Şair "Ana-ata sözləri A ilə başlayır axı" misraları ilə şeiri tamamlayır. Bir növ, oxucunun düşünməsi üçün də yer saxlayır. İlk baxışda "ana" və "ata" sözlərini görən hər bir diqqətli oxucu eyni zamanda bu sözlərin a ilə bitdiyini də müşahidə edir. Şair burada bədii-fəlsəfi ümumiləşdirmə apararaq ana və atanın həyatın başlanğıcı olduğunu vurğulayır.
Kitabda yer alan digər şeirlərə hermenevtik baxımdan yanaşdıqda görürük ki, müəllif alim olmasına baxmayaraq, təvazökarlıq nümayiş etdirir, insanın hər zaman öyrənməli və öyrətməli olduğunu vurğulayır. Elşad Səfərli müəllimlik peşəsini seçməyi qürur mənbəyi hesab edir, öyünür.
İnsan yaşatmalıdır,
Səni yaşatdım, alça.
Bu iki misranın insan şüuruna ötürdüyü mənəvi mesaj olduqca zəngindir. Şair insanları hər şeydən əvvəl humanist olmağa səsləyir. O, "İnsan yaşadıqca deyil, yaşatdıqca daha çox insandır" düşüncəsini oxucuya aşılayır. "Səni yaşatdım, alça" deməklə isə xeyirxah əməl sahibi olmağın dəyərini poetik dillə ifadə edir. Eyni zamanda, kamil insan kimi formalaşmaq üçün təhsilin, məktəbin, çalışmağın və əlaçı olmağın əhəmiyyətini oxucunun diqqətinə çatdırır.
Gördüm ki, bu dünyanın
Sərini kimsəlik yox:
Dünya bir pəncərədir,
Açmağa nəfəslik yox.
Bəh-bəh! Uşaqlar üçün yazıldığını nəzərə alsaq, bir neçə tərəfdən bu misraları təhlil etmək olar.
Öncə uşağın saflığı və müqəddəsliyi əsas dəyərlərdəndir. "Dünya bir pəncərədir" daşlaşmış ifadəsinə yeni bir nəfəs verilmişdir. Şair burada öncə dilin saflığını qorumaq məqsədilə bilərəkdən "nəfəslik" sözünü işlədir. Çünki bu söz dilimizdə neologizmlər sırasında yer alır. Bununla da məktəblilərin dildə yeni yaranmış sözlərlə tanış olmaq və dilimizə xələl gətirən alınma sözlərdən yayınmaq kimi vərdişi formalaşır. Dünyanı pəncərəyə bənzədən və nəfəslik arzulayan şair məhz payız havasıyla sərinləmək, dincəlmək istəyir. Əbəs yerə payız şair fəsli adlandırılmır.
Diqqətimi daha çox cəlb edən şeirlərdən biri də "Babanın məsləhəti" şeiridir:
Uşaqlara söylədim,
Boşuna az əylənin.
İndi kitab əsridir,
Oxuyun... və öyrənin.
Nəvələrinə həsr etdiyi bu şeirdə baba, bugünkü dünyada xaosun, müharibələrin və bir sıra mənfi halların hökm sürdüyü bir dövrdə uşaqlara yalnız kitab oxumağı, öyrənməyi və elmə yiyələnməyi tövsiyə edir. O bilir ki, dünyamızı fəlakətlərdən xilas edəcək əsas qüvvə təhsil və elmdir.
Diqqətimi cəlb edən digər məqam isə budur ki, kitabda yer alan şeirlərin əksəriyyəti təhsilə, təbiətə, Vətənə, doğma yurda və torpağa həsr olunmuşdur. Bu, şairin Vətənə olan dərin sevgisinin və mənəvi bağlılığının əyani sübutudur. Bu fikri şair "Sərçə" şeirində də poetik şəkildə ifadə edir:
Sərçə yurdsevən olur,
Şahidəm bu gerçəyə.
Onun üçün bağlanmışam
Mən bu qədər sərçəyə.
Diqqət etsək görərik ki, şair Azərbaycan təbiətini, Vətənini qarış-qarış tanıyır. O, Vətənin flora və faunasını dərindən bilir və bunu poetik ustalıqla oxucuya çatdırır. Sərçənin yurduna bağlılığını məhz vətən sevgisi ilə əlaqələndirir. Bununla da oxucuda doğma torpağa bağlılıq hissini gücləndirməyə çalışır.
Şair bəzən müəllim kimi haqlı olaraq öz narahatlığını da dilə gətirir. Əvvəlki kimi zirək olmayan, tənbəlləşən tələbələrini qınayır. Dərsə hazırlıqsız gələn tələbələrin davranışına görə onların yerinə utanır, xəcalət çəkir.
İlyas Tapdığın "Şəxsi tələb" şeirinə cavab olaraq qələmə aldığı şeirində işlədilən "saçlarımın qarasından keçirən" ifadəsi əsl müəllimin öz tələbələrinə bəslədiyi sevginin və fədakarlığın poetik ifadəsidir. Həmin şeirdə şair xəbis niyyətli insanların varlığından xəbərdar olduğunu da diqqətdən kənarda qoymur.
Hər mövzuda, hər janrda qələmini məharətlə sınayan şairin oğluna həsr etdiyi ikihecalı balladası da xüsusi diqqət çəkir:
Elmdən
Güc al,
Dərsdən
Güc al.
Oxu,
Oxu,
OXU,
Ucal!
Şairin sonda "oxu" sözünü üç dəfə təkrar etməsi təsadüfi deyil. Bununla o, təhsilin və elmin əhəmiyyətini xüsusi vurğulayır. Oxucuya çatdırmaq istəyir ki, Vətən elmli, savadlı və uğur qazanmış övladların çiyinləri üzərində yüksəlir. Bu fikir eyni zamanda Məhəmməd Peyğəmbərə aid edilən "Beşikdən qəbrə qədər elm öyrən" hikmətli kəlamının ruhu ilə də səsləşir.
Təbrizdən yana -
Dağlar qoynuna
Sığınıb, ona
Boylanır Lerik.
Kim bilir, bəlkə,
Qardaşlarına
Haylanır Lerik.
Şair Lənkəranda doğulub boya-başa çatsa da, Lerikə həsr etdiyi şeirlər oxucuda unudulmaz təəssürat yaradır. O, Cənub həsrətini yanğılı və təsirli bir dillə ifadə edir, o taylı-bu taylı Azərbaycan ideyasını xatırladır. Lerikin timsalında Cənubi Azərbaycandakı soydaşlarımıza salam və mənəvi bağlılıq mesajı ünvanlayır.
Kitabda yer alan şeirlərin bir qismi isə tapmacalardan ibarətdir. Uşaqlar üçün son dərəcə maraqlı olan bu tapmacalar rəngarəng və poetik dillə qələmə alınmışdır. Şair tapmacalarında qaranquşu qanadlarını işlədərkən dirijora , qarışqanı isə irəliləyən zənci karvanına bənzədir. Bu tapmacalar tamamilə yeni təşbehlər və orijinal bənzətmələrlə zəngindir.
Şairin tapmacaları həm bədii təsvir baxımından, həm də tərbiyəvi məzmununa görə xüsusi diqqət çəkir. Məsələn:
Başında odunluq var,
Gözündə aydınlıq var.
Ona qıyan adamın
Canında nadanlıq var.
Cavab: Maral
Şair demək istəyir ki, başında buynuzu, gözlərində isə məsumluq və aydınlıq olan bu gözəl canlıya heç vaxt qıymaq olmaz. Bununla o, uşaqlarda təbiətə, heyvanlara qarşı sevgi və mərhəmət hissi aşılayır.
Digər bir tapmaca isə belədir:
Səsi ilk gələr,
Sonra görünər.
Göydə gəzər,
Yerdə əyləşər.
Cavab: Təyyarə
Bu tapmacanı müasir dövrlə səsləşən ən uğurlu nümunələrdən biri kimi qiymətləndirmək olar. Pedaqoq kimi hesab edirəm ki, ümumilikdə bu kitabda yer alan tapmacaların orta məktəb dərsliklərinə salınması məqsədəuyğun olardı. Çünki bu tapmacalar uşaqların təfəkkürünün, dünyagörüşünün və məntiqi düşüncəsinin formalaşmasında müstəsna rol oynaya bilər.
Məncə, "Bakılı oğlan" təkcə məktəblilər üçün deyil, eyni zamanda valideynlər üçün də stolüstü kitablardan biri olmalıdır.
Kitabın sonunda böyüklər üçün nəzərdə tutulmuş ""N" sayda kitab sahibi" adlı avtobioqrafik-lirik poema yer alır. Bu poemada şair öz həyat yolu, yaradıcılığı və daxili dünyası haqqında düşüncələrini oxucularla bölüşür. O, bəzən haqlı olaraq öz kədərini, gileyini və narahatlığını da poetik dillə ifadə edir:
Qəlbi ona "yarat" deyər,
Üzünü sözə yönləyər.
Şeir adlı siyahıda
Amma gözə az-az dəyər
"N" sayda kitab sahibi.
Bəzilərinə az tanış olan bu imza bölgədə yaşasa da, bütöv Azərbaycanın dərdini öz dərdi kimi yaşayır. Elə şairin özünün də dediyi kimi:
Yoruldu,
Heydən düşmədi
"N" sayda kitab sahibi.
Poemada şair mənəvi dəyərlərə də geniş yer verir. O, Qədr gecəsinin fəzilətlərindən bəhs edir, bu mübarək gecənin bərəkətinə sığınaraq Uca Allahdan kömək və mərhəmət diləyir. Bu da müəllifin milli-mənəvi dəyərlərə bağlılığını və dini-mənəvi dünyagörüşünü əks etdirən mühüm məqamlardan biridir:
Baxma günün çıxmasına,
Yellər əsir daxmasına.
Bir dərdlinin çarasına
Tələs, tələs, Qədr gecəsi!
Poemada şair öz yaradıcılıq yolunda ona dəstək olan insanları da minnətdarlıqla xatırlayır. O, Şəkər Aslanın vaxtilə ona yazdığı "Uğurlu yol"u böyük fəxarətlə yada salır və onu özünə ustad hesab etdiyini bildirir:
Qəbri nurla dolsun, Şəkər Aslanın.
Onu ustad kimi xatırlayıram.
Bu gün sənətinin işığında mən
Sözümü ard-arda sıralayıram.
Poemanın sonunda isə şair həyatın faniliyini dərin fəlsəfi düşüncə ilə ifadə edir. O vurğulayır ki, hər bir insan kimi, bir gün özü də bu fani dünya ilə vidalaşacaq. Bununla oxucunu həyatın keçiciliyi haqqında düşünməyə sövq edir və əsəri təsirli, düşündürücü notlarla tamamlayır:
Yenə də yüyrək, çaparaq
Ömür qopur yarpaq-yarpaq.
Mən gəlirəm, qara torpaq,
Unutma yer ayırmağı.
Halallığı var azından -
İki qardaş, bacısından.
Şair gedir, qapısından
Assınlar qara bayrağı.
Bu misralarda şair həyatın faniliyini, insan ömrünün keçiciliyini dərin poetik duyğularla ifadə edir. Ölümü həyatın qaçılmaz gerçəkliyi kimi qəbul edir və bunu böyük səmimiyyətlə oxucuya çatdırır.
Sonda isə bu möhtəşəm kitab münasibətilə müəllifi səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0