Balaca əsgər - Çingiz Aytmatovun hekayəsi
Bu gün Qırğızıstanın Xalq yazıçısı, ictimai xadim Çingiz Aytmatovun anım günüdür.
Yazıçı Ədəbiyyat Portalı bu münasibətlə görkəmli yazıçının "Balaca əsgər" hekayəsini təqdim edir.
O, atasını ilk dəfə kinoda gördü. Onda beş yaşlı uşaq idi.
Bu hadisə hər il qoyunların qırxıldığı böyük, ağımsov ağılda baş verdi. Üstü şiferlə örtülmüş həmin ağıl indi də sovxoz yerləşən qəsəbənin o tərəfində, dağın ətəyində, yolun kənarında qalır.
Bura anasıyla birgə gəlmişdi. Anası, sovxoz poçt şöbəsinin telefonçusu Ceengül hər yay qırxın mövsümü başlayanda yun qırxını məntəqəsində fəhlə işləyirdi. O, bunun üçün məzuniyyət götürür, həm də səpin və becərmə dövründə kommutatorun yanında keçirdiyi gecə-gündüz əlavə işi əvəzində izin alır, qırxının son gününəcən çalışırdı. Qırxında əməkhaqqını görülən işə görə ödəyirdilər, buna görə də əməlli-başlı qazanc əldə eləmək olurdu. Onun, ərini cəbhədə itirmiş dul qadın üçün isə hər artıq qəpik göydəndüşməydi! Ailəsi böyük olmasa da – özü, bir də oğluydu, - fərqi yox idi, ailənin ehtiyacları tükənmir: qış üçün yanacaq ehtiyatı görmək lazımdı, bahalaşmamış un almaq lazımdı, geyinib-keçinmək lazımdı... Bəyəm, az şey gərək olur?
Evdə elə bir adam yox idi ki, oğlunu onun yanında qoysun, buna görə də özüylə iş yerinə aparırdı. Uşaq ağılda səhərdən-axşamacan toz-torpağa bulaşmış, amma xoşbəxt halda qırxınçılar, çobanlar və tüklü çoban itləri arasında ora-bura qaçırdı.
Oğlan səyyar kino maşınının ağılın həyətinə girdiyini hamıdan əvvəl gördü, bu həddən artıq sevindirici hadisə barədə camaata xəbər vermək üçün hamıdan əvvəl qaçdı:
-Kino gəldi! Kino!
Filmi işdən sonra, hava qaralanda göstərməyə başladılar. Buna qədər isə oğlan intizardan özünə yer tapa bilmirdi. Əvəzində şəkdiyi əzabın mükafatını aldı. Film müharibə haqqındaydı. Ağılın o başındakı iki dirək arasına çəkilmiş ağ mələfənin üzərində döyüş başladı, güllələr atıldı, raketlər qaranlığı yara-yara, yerə qısılmış kəşfiyyatçıları işıqlandıra-işıqlandıra fışıltıyla göyə şığıdı. Raketlər sönəndə kəşfiyyatçılar yenidən irəli şığıyırdılar. Pulemyotlar isə gecənin qaranlığında elə qaqqıldayırdılar ki, oğlanın nəfəsi tutulurdu. Əsl müharibəydi!
Oğlan anasıyla birgə lap axırda, yun çuvallarının üstündə oturmuşdu. Burdan hər şey yaxşı görünürdü. O, əlbəttə ki, lap birinci sırada, sovxozdan qaçıb gəlmiş uşaqların yanında, ekranın düz qabağında oturmaq fikrindəydi. Onlara tərəf cummaq istəyirdi ki, anası qolundan yapışdı:
-Bəsdi, səhərdən-axşamacan ora-bura qaçırsan, yanımdan aralanma, - deyib onu dizləri üstündə oturtdu.
Kinoaparat çıqqıldayır, müharibə gedirdi. Adamlar gərgin halda baş verənləri izləyirdilər. Anası köks ötürür, arabir qorxudan diksinir, tank düz üzərlərinə şığıyanda onu sinəsinə daha bərk sıxırdı. Yanlarındakı çuvalın üstündə oturmuş bir qadın hərdən nırçıldayır, astadan deyirdi:
-İlahi, nələr baş verir, ilahi!..
Oğlan isə o qədər də qorxmurdu, əksinə, hətta bəzən faşistlər yerə səriləndə əməlli-başlı sevinirdi. Bizim əsgərlər yıxılanda isə ona elə gəlirdi ki, sonra qalxacaqlar. Ümumiyyətlə, adamların davada yyerə sərilmələri maraqlıdı. Eynilə uşaqların dava-dava oynayanda yıxılmalarını xatırladır. O da bu cür, qaçaraqda, badalaq vurulmuş kimi yerə aşmağı bacarır. Düzdü, ağrılı olur, zədələnirsən, amma bunun eybi yoxdu, qalxıb yenidən hücuma keçirsən. O əsgərlərsə qalxmırlar, yıxılıb torpağın üstündə tutqun təpəciklər kimi qalırlar. Oğlan başqa cür də, sanki qarnına güllə dəymiş kimi də yıxılmağı bacarırdı. Əsgərlərsə dərhal yerə sərilmirlər, əvvəlcə qarınlarını tutur, sonra əyilir, sonra əllərindən silahı salıb asta-asta otluğa yıxılırlar. Ardınca oğlan öldürülmədiyini bildirir, yenidən döyüşürdü. Bu əsgərlərsə qalxmırdılar.
Müharibə gedirdi. Kinoaparat çıqqıldayırdı. İndi ekranda topçular görünürdülər. Döyüşçülər sürəkli atəş altında, partlayış və tüstü içində tankvuran topları nişangah yerinə aparır, dərə yamacıyla yuxarı itələyirdilər. Yoxuş uzun, geniş idi, az qala, sonu görünmürdü. Partlayışların tutqun dalğalarıyla qaynayan həmin uzun və geniş yoxuşla isə bir dəstə topçu irəliləyirdi. Onların hərəkətlərində, görkəmlərində oğlanın ürəyini sinəsində çıxmağa, qürurla, ağrıyla, qorxunc və böyük bir hadisənin intizarıyla dolmağa məcbur eləyən nəsə vardı. Topçular yeddi nəfər idilər. Paltarları tüstülənirdi. Aralarında biri görkəmcə rusa oxşamırdı. Anası olmasaydı, bəlkə, oğlan ona fikir verməyəcəkdi. Qadın pıçıldadı:
-Bax, o, sənin atandı...
Həmin andan da o adam oğlanın atası oldu. Film də başdan-ayağacan onun – atası – haqqındaydı. Atası sovxoz qəsəbəsində yaşayan oğlanlar kimi, lap gənc idi. Ortaboylu, girdəsifətiydi, oynaq gözləri vardı. Gözləri çirkdən və tüstüdən qapqara qaralmış sifətində qəzəblə parıldayır, özü pişik kimi cəld və çevik hərəkət eləyirdi. Bax, o, çiyini topa söykəyib aşağıdaki bir döyüşçüyə qışqırdı: “Mərmiləri gətirin! Tez olun!” Onun səsini də yeni partlayışın gurultusu batırdı.
-Ana, o mənim atamdı? – Avalbek anasından soruşdu.
-Nə? – Anası onun dediyini başa düşmədi. - Sakit otur, bax.
-Dedin axı, o, mənim atamdı.
-Hə, əlbəttə, atandı. Amma danıma, camaata mane olma.
Anası niyə belə dedi axı? Nəyə görə? Ola bilsin, elə-belə, təsadüfən, o məqamda düşünüb-daşınmadan söylədi, yəqin, ərini xatırlayıb həyəcanlandı. Qanmaz oğlansa başa düşmədi. Qəlbini hədsiz sevinc bürüdü, bu gözlənilməz, həm də naməlum duyğudan çaşdı, onlara, atasına və əsgərlərə görə qürurlandı. Bax, bu, əsl ataydı! Bax, o adam onun atasıdı, uşaqlarsa elə hey cırnadırlar ki, atan yoxdu. Qoy indi o uşaqlar Avalbekin atasını görsünlər, qoy çobanlar da görsünlər! Bu çobanlar, dağlarda sərgərdan dolaşan adamlar heç vaxt uşaqları əməlli-başlı tanımırlar. Avalbek çobanlara sürünü qırxın məntəqəsinin həyətinə salmağa kömək eləyir, boğuşan itlərini ayırır, onlarsa oğlanı sorğu-suallarıyla boğaza yığırlar. Rastına çıxan hər çoban mütləq soruşacaq:
-Hə, cigit, de görüm adın nədi?
-Avalbek.
-Kimin oğlusan belə?
-Toktosunun oğluyam.
Çobanlar söhbətin kimdən getdiyini dərhal dərk eləmirlər.
-Toktosunun? – Yəhərdən əyilib bir də soruşurlar. – O hansı Toktosundu axı?
-Mən Toktosunun oğluyam, - oğlan təkrar eləyirdi.
Anası bu cür cavab verməyi tapşırmış, kor nənəsi də atasının adını unutmamağı buyurmuşdu. Qarı sərt xasiyyətliydi, buna görə qulağını çəkərdi.
-Hə-ə, dayan, dayan, sən poçtda işləyən telefonçu qadının oğlusanmış. İncimə, çigit, bütün ili dağlarda oluruq, sizsə burda ot kimi böyüyürsünüz, çoluq-çocuğu tanımaq çətindi.
Sonra da öz aralarında onun atasını xeyli yada salırlar. Pıçıldaşırlar, deyirlər ki, lap cavanca çağında cəbhəyə getdi, çoxları artıq onu xatırlamır. Xoşbəxtlikdən, oğlu qalıb, nə qədər cavan subay getdi, adlarını daşıyan bir kəsləri də qalmadı!
İndi, anası Avalbekə “Bax, o sənin atandı!” sözlərini pıçıldayandan sonra ekrandakı əsgər oğlanın atası oldu. Avalbek artıq həmin əsgər haqqında öz atası kimi düşünürdü. O, həqiqətən, müəyyən cizgiləriylə atasının hərbi geyimli şəkillərinə, başında pilotka olan gənc əsgərə çox oxşayırdı. Həmin şəkli sonra böyütdürmüş, şüşəli çərçivədə divardan asmışdılar.
Filmə baxdığı məqamda isə Avalbek atasına oğul nəzərləriylə baxır, uşaq qəlbini indiyəcən duymadığı oğul sevgisi və şəfqətinin hərarətli dalğası bürüyürdü. Ekrandakı ata sanki oğlunun ona tamaşa elədiyini bilir, kinodakı ani həyatıyla özünü oğlanın yaddaşında əbədi qalmaq, ötən müharibənin əsgəri olmuş atasıyla fəxr etməsinə zəmin yaratmaq istəyirdi. Bu andan artıq dava da Avalbek üçün əyləncəli deyildi, adamların yerə sərilmələrində gülməli heç nə yox idi. Dava daha ciddi, əndişəli, vahiməli bir şeyə çevrilmişdi. O, ilk dəfə doğma, həmişə həsrətini çəkdiyi insana görə qorxu hissi keçirdi.
Kinoaparat çıqqıldayır, dava davam eləyirdi. İrəlidə hücuma keçən, torpağı tırtıllarıyla eş-eşə, qüllələrini döndərə-döndərə, dayanmadan atəş aça-aça tufan kimi irəliləyən tanklar göründü. Topçularımız isə var gücləriyə topu yuxarı dartırdılar. “Tez ol, tez ol, ata! Tanklar gəlir, tanklar!” – oğul atanı tələsdirirdi. Axır ki, topu dartıb çıxardılar, çeviz kollarının arasına itələyib tanklara atəş açmağa başladılar. Xeyli çox olan tanklar da cavab atəşi açırdılar.
Oğlanın qəlbinə qorxu çökürdü. Ona elə gəlirdi ki, özü də orda, atasının yanında, davanın od-alovu, gurultusu içindədi. Tanklar od tutub yananda, tırtılları çarxlarından çıxanda, sanki kor olmuş, qəzəblənmiş məxluq kimi yerlərində fırlananda oğlan anasının dizləri üstündə atılıb-düşür, topların yanındakı əsgərlərimiz yıxılanda isə susur, büzüşüb yumağa dönürdü. Topçuların sayı get-gedə azalırdı... Anası artıq ağlayırdı, od tutub yanan sifəti göz yaşlarından islanmışdı.
Kinoaparat çıqqıldayır, dava davam eləyirdi. Döyüş yeni qüvvəylə şiddətlənirdi. Tanklar get-gedə daha da yaxınlaşırdılar. Atası qoşqunun yanında aşağı sinib telefon dəstəyinə hiddətlə, həm də ucadan nəsə qışqırırdı, amma gurultu içinə heç nə ayırd eləmək mümkün deyildi. Bax, topun yanındakı daha bir əsgər də yıxıldı. Torpaq onun qanından tutqunlaşdı. Bax, cəmi iki nəfər – atası və bir əsgər – qaldı. Onlar bir, sonra daha iki atəş də açdılar. Amma tanklar irəliləyirdilər. Bax, topun yanına daha bir mərmi düşdü. Partlayış baş verdi. Od püskürdü, ardınca qaranlıq çökdü. İndi yerdən bircə nəfər, yalnız Avalbekin atası qalxırdı. O, yenidən topa cumdu. Doldurub nişan aldı. Bu, sonuncu atəş idi. Yenidən partlayış ekranı bürüdü. Atasının topu dəmir yığınına çevrilib kənara düşdü. Amma özü hələ sağ idi. O, ağır-ağır yerdən qalxır, əynində yanmış, tikə-tikə olmuş, tüstülənən paltar tankın üstünə gedir. Əlində qumbara var. Artıq heç nə görmür, eşitmir. Son qüvvəsini toplayır.
-Dayan, keçə bilməzsən! – Qumbaranı qulaylayır.
Sonra bu vəziyyətdə, nifrətdən və ağrıdan tanınmaz hala düşmüş görkəmlə bir anlığa donub qalır.
Ana oğlunun əlini elə bərk sıxdı ki, oğlanın nəfəsi, az qala, kəsiləcəkdi. Avalbek anasının qucağından çıxıb atasına doğru şığımaq istəyirdu, amma tankın pulemyotu sürəkli atəş açdı, o, dibindən kəsilmiş ağac kimi yıxıldı, yumbalandı, qalxmağa çalışdı, sonra qollarını geniş açıb yenidən üzüquylu yerə sərildi...
Kinoaparat susdu, dava yarıda kəsildi. Bu, son epizod idi. Kinomexanik lenti dəyişmək üçün işığı yandırdı.
Ağıl işıqlananda hamı kino aləmindən, davadan gerçək aləmə qayıda-qayıda gözlərini qıyıb, kirpiklərini qırpdı. Bu məqamda da oğlan sevinc dolu səslə qışqıra-qışqıra yun çuvallarının üstündən aşağı sürüşdü:
-Uşaqlar, o - atam idi! Gördünüz? Öldürülən mənim atam idi...
Heç kəs belə bir şey gözləmir, nə baş verdiyini dərk eləyə bilmirdi. Avalbek isə sevinc içində qışqıra-qışqıra ekrana doğru qaçırdı, orda, ilk sırada onun tay-tuşları oturmuşdular, onların rəyi oğlan üçün çox vacib idi. Bir anlığa ağıla qəribə, narahatlıq dolu sükut çökdü. Bu vaxtacan atasını heç görməmiş balaca oğlanın sevincindəki gülünc mənanı dərk eləyə bilmirdilər. Hamı çaşmışdı, çaşqın halda da susur, çiyinlərini çəkirdilər. Lent qutusu kinomexanikin əlindən yerə düşüb cingildədi, qapağı açılıb diyirlənməyə başladı. Amma heç kəs buna fikir vermədi, heç kinomexanik də götürməyə cəhd eləmədi. Həlak olan döyüşçünün oğlu – balaca əsgər isə hələ də dediyindən dönmürdü:
-Gördünüz ki... O, mənim atam idi!.. Onu öldürdülər!.. – Oğlan deyirdi.
Adamların sükutu nə qədər uzun sürürdüsə, oğlan o qədər vəcdə gəlir, onların sevinməmələrinə, atasıyla onun kimi fəxr eləməmələrinə təəccüblənirdi.
Yaşlılardan kimsə narazı halda çımxırdı:
-Ç-ç-ç, bəsdi, belə demə.
Amma başqa biri ona etiraz elədi:
-Burda nə var axı? Onun atası cəbhədə həlak olub. Yoxsa düz deyil?
Bu məqamda qonşuları olan məktəbli oğlan ona həqiqəti hamıdan əvvəl söyləməyi qət elədi:
-O, sənin atan deyil, e. Niyə qışqırırsan? Heç də sənin atan deyil, artistdi. Bax, o kinomexanik əmidən soruş.
Böyüklər oğlanı acı, eyni zamanda gözəl xülyadan məhrum eləmək istəmir, buna görə də gəlmə kinomexanikin hər şeyi olduğu kimi sözləyəcəyinə ümid bəsləyirdilər. Hamı üzünü ona sarı çevirdu. Amma kinomexanik də susurdu. Üzünü kinoaparatına çevirmişdi, guya, bərk məşğul idi.
-Yox, atamdı, mənim atamdı! – Balaca əsgər sakitləşə bilmirdi.
-Sənin atan hansı idi, hə? – Qonşu oğlan yenə dilləndi.
-Əlində qumbara tankın üstünə gedən. Bəyəm, görmədin? O, bax, belə yıxıldı!
Oğlan atasının necə yıxıldığını göstərmək üçün özünü yerə atıb yumbalandı. Həm də bunu eynilə kinodakı kimi elədi. O, ekranın qarşısında qollarını geniş açıb üzüquylu uzanmışdı.
Tamaşaçılar qeyri-iradi gülüşməyə başladılar. Oğlan isə ölü kimi uzanmışdı, gülmürdü. Yenə ortalığa çaşqın xoşagəlməz çökdü.
-Bu nədi belə, Ceengül, sən hara baxırsan axı? – Çoban qarı tənəylə dilləndi.
Hamı kədərli və ciddi görkəmli ananın gözlərindən yaş axa-axa oğluna doğru getdiyini gördü. Ceengül oğlunu yerdən qaldırdı.
-Gedək, oğlum, gedək. O, sənin atan idi, - qadın astadan oğluna dedi, əlindən tutub ağıldan çıxdı.
Artıq Ay yuxarı qalxmışdı. Tünd-göy rəngə çalan gecənin qoynunda dağların qarlı zirvələri ağarırdı, aşağıda isə nəhəng və gözişləməz gölü xatırladan çöl uzanıb gedirdi.
Oğlan yalnız indi, ömründə ilk dəfə itkidən doğan kədər duydu. O, qəfildən döyüşdə öldürülmüş atasına görə ağlagəlməz inciklik hiss elədi. Qəfildən anasını qucaqlayıb onunla birgə ağlamaq istədi. Amma anası susur, oğlan da yumruqlarını düyünləyib göz yaşlarını udurdu.
O, həmin məqamdan qəlbində çoxdan davada həlak olmuş atasının özünə yer tutduğunu bilmirdi.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0