Dişi canavar - Təken Alimkulov

Sen 8, 2026 - 18:04
Sen 9, 2026 - 18:06
 0  9
Dişi canavar - Təken Alimkulov

Yazici.az ədəbiyyat portalının "Qazax ədəbiyyatı" rubrikasının bu həftəki qonağı nasir Təken Alimkulovdur. 

Taken Alimkulov (Təken (Tanirbergen) Əlimkulov, 1918, 22 noyabr – 1987, 13 aprel) –nasir, şair, tənqidçi

T.Alimkulov Türküstan vilayəti, Sozak rayonu Babaata aulunda doğulub. Yeniyetmə yaşlarından işləməyə başlayıb. M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirib (1953), dövri nəşrlərdə çalışıb, sonralar QYİ-da məsləhətçi olub (1956-1974).

T.Alimkulov yaradıcılığa müharibədənsonrakı illərdə başlayıb., bir neçə poetik toplusu nəşr olunub. 60-cı illərdən isə “Seytekin melodiyası” (1966), “Doğma aulda” (1968), “Qəhvəyi çay” (1971), “Boz çalağan” (1972), “Kertolqau” (1973), “Bütün həyat irəlidədir” (1974), “Çöl dilə gəldi” (1976), “Nəğməkar qəlb” (1977), “Mavi Ay” (1984) hekayə və povestlər topluları, “Ağboz at” (1962), “Kəhərlərin taleyi” (1975) romanları nəşr olunub. O, abayşünas alim kimi də bir sıra elmi-tənqidi əsərlər qələmə alıb, eyni zamanda, dünya ədəbiyyatından bir çox əsərləri qazax dilinə çevirib. Əsərləri xarici dillərə çevrilib

T.Alimkulov yaradıcılıq fəaliyyətinə görə, bir sıra dövlət təltiflərinə layiq görülüb.

 

DİŞİ CANAVAR

(hekayə)

 

Bu qədim dağlar ucsuz-bucaqsız çölü yarıya bölüb yüz kilometrlərlə günçıxandan günbatana doğru uzanıb gedirlər. Daim də cizgilərini dəyişir, gah əlində nizə olan süvariyə, gah uzun karvan zəncirinə, gah da xaxırmış dəvəyə oxşayırlar. Dağların adı da görkəmlərinə uyğun gəlir.

Yalnız bir dağ Bulek, yəni, Ayrı adlanır, çünki dağ silsiləsindən və zəncirindən kənarda yerləşir. Yollar o dağın ətrafına dolanıb keçir, yalnız vəhşi heyvanların dolaşdıqları ensiz çığırlarla əvəz olunur.

Bir dəfə yazın erkən çağlarında o ucqar guşədə iki canavar məskən saldı. Onlar əvvəllər öz həmcinsləriylə Bulek dağlarının ayrıldığı dağların ətəklərində yaşayırdılar. Anadangəlmə təcrübələri və hiyləgərlikləri ahıl çağlarınacan ömür sürmələrinə imkan vermişdi. Canavarlar qonşu aullara toxunmur, uzaq məskənlərə basqın eləyirdilər. Buna görə də o tərəflərdə yırtıcıların qanına susamış adamlar yox idi. Gəzən söz-söhbəti eşidənlər yalnız istehzayla gülümsəyirdilər: “Qoy o iki yolsuz öz keflərində olsunlar”.

Canavarların sakit həyatına gözlənilmədən son qoyuldu. Qar əriyəndə dağlarda adamlar peyda oldular. Gurultu-partıltı vadini doldurdu, gah burda, gah orda alov qalxmağa, torpaq və daş parçaları, onlarla birgə də canavar yuvaları göyə uçmağa başladı. O yerdə yalnız yanıbalalı sallaqqulaq dovşanlar qaldılar.

Elə həmin vaxt da canavarlar Bulekə qaçdılar. İri qarınlı dişi canavar qabaqda gedirdi. O tez-tez dayanır, belə məqamlarda da erkək canavar təpələrin üstündən ətrafa nəzər salır, sonra da yenə yola düzəlirdilər.

Canavarlar doğma yurdlarından birdəfəlik ayrılırdılar, bu da dişini haldan çıxarırdı: o isinişdiyi yerdə çoxlu bala böyütmüş, sonra həmin balalar dünyaya yayılmışdılar.

Canavarlar dağın, az qala,  lap zirvəsinə qalxdılar, orda, sıldırım qayayla üzbəüzdə sarımtıl-qəhvəyi rəngli daşların arasında özlərinə mağara seçdilər. Cütlük josı adlanan həmin daşlardan yurtların karkasına sürtmək üçün boya düzəldildiyini hardan biləydilər?!

Dişi canavar balalayanacan erkək şikara tək çıxmalı oldu. Amma sonra, dişi özünə gələndə vəziyyətləri xeyli yaxşılaşdı. İndi çölə cüt gedir, həmişə də qənimətlə geri dönürdülər.

Vaxt hiss olunmadan ötürdü. Yay girdi. Yeni məskəndə onları, demək olar, heç kəs narahat eləmirdi. Yalnız berkut arabir başları üstündə süzür, sonra da dərənin o tərəfində, mağarayla üzbəüzdəki sıldırım qayaya qonurdu. Onun da yemləməli olduğu balaları vardı. Bir də onları elə hey “ququ, ququ, ququ” eləyən ququ quşları bezdirirdi...

Canavarlar sərt qışı yola verib cana gəldilər, bu məqamda da qəlblərində küt qüssə hissi özünə yer eləməyə başladı. Onlar tez-tez atıb gəldikləri qədim dağları, öz cavanlıqlarını, bununla birgə də qayğısız çağlarını xatırlayırdılar. Artıq balaları da böyümüşdülər, tez-tez ulayır, səslərini sınaqdan çıxarırdılar.

 

***

Bir dəfə onların ulartısına cavan canavar gəlib çıxdı. O arıq idi, heydən düşmüşdü, daha çox yava iti xatırladırdı. Çəkinə-çəkinə dişi canavara yaxınlaşdı, tüklü quyruğunu bulaya-bulaya imsiləməyə başladı. Dişi canavar da onu imsilədi, qəribə tərzdə zingildəyib kənara sıçradı. Bəlkə, yad məxluqu itkin düşmüş balasına oxşatmışdı? Oyun zamanı onun anadangəlmə yar-yaraşığı – ensiz başı, qüvvətli gövdəsi, əzələli qıçları - xüsusilə nəzərə çarpırdı. Qalın boz-qonur tükü azca parıldayırdı...

Cavan canavar qoca erkəkdən qorxub aradan çıxdı. Onunla birgə dünyaya səpələnmiş balalarını bir sürüyə yığmaqla bağlı son ümidini itirən dişi canavar da ümidsizlik içində mırıldaya-mırıldaya erkəyin üstünə cumdu, onu dişləməyə, pəncələriylə vurmağa başladı.

Canavarları balalar barışdırdılar. Onlar artıq xeyli böyümüşdülər, daha çox yemək tələb eləyirdilər, çünki tezliklə yuvalarından çıxıb getməliydilər. Erkək və dişi canavarlar şikar dalınca daha tez-tez yola çıxmalı olurdular...

Əvvəlcə birgə yaylağa sarı üz tutdular. İns-cins olmayan vadidə tək-tənha bitmiş iri, qollu-budaqlı çingil kolunun yanında dayandılar. Təsadüfi yolçular qədim adətlərə əməl eləyib ağacın budaqlarına rəngbərəng əsgi parçaları bağlamışdılar. Amma canavarları bu maraqlandırmırdı. Ağacsa onlara məxsus idi, səmti müəyyənləşdirmək və görüşmək üçün vasitəydi. Birinci hansı qayıdırdısa, burdan keçir, kolluğu isladır, iz qoyur, hər şeyin qaydasında olduğunu bildirirdi.

Canavarlar çingil kolunun yanında xeyli müddət dayanıb vadini doldurmuş səsləri dinlədilər. Narahatlığa əsas olmadığına əminlik duyandan sonra oynaşmağa başladılar. Get-gedə həvəsə gəlib bir-birinin boynunu dişləyir, pəncələriylə bellərinə vururdular. Bu, bir növ ayrılıq ərəfəsində vidalaşma, uğur arzulama mərasimiydi...

Yemək istədiyinə görə, dişi canavar hiddətlənmişdi. Bu da onun qətiyyətini artırırdı. O birbaşa yaylağa yollandı, erkək canavarsa çölə qayıtdı. Yaylağa kəsə yolla getmək təhlükəliydi – irəlidə çılpaq düzənlik uzanıb gedir, yalnız yeganə dağ silsiləsi çölün ətrafına ensiz zolaqtək dolanıb qəsəbəyə yaxınlaşırdı. Dişi canavar da həmin yolla getdi. O ordan hər şeyi görür, amma özü nəzərə çarpmırdı. Hədəfə yaxınlaşıb dərənin kənarındakı çaqqalqanqalı kolunun arxasında dayandı. Lap aşağılarda yurtlar gözə dəyirdi. Mal-qara hələ aulun yaxınlığındakı otları tapdalamamışdı, hələ də yurtların yanında otlayırdı.

Dişi canavar risqə getməyib geri döndü. Daşlı Degirez təpəsinin ətəyində bildirçin dəstəsini hürküdüb pərən-pərən saldı, yuxarı qalxanda da qartal yuvasına rast gəldi. Yuvanın ətrafında balaca tısbağaların sümükləri ağarışırdı. İri tısbağaları balalarına, adətən, güclü qartallar gətirir, zəif qartallarsa kiçiklərlə kifayətlənirdilər. Zəif qartal qisas almaq iqtidarında olmur. Dişi canavar bunu bildiyinə görə, cəsarətlə yuvaya cumdu. Ətcəbalalar bir qədər irilənmiş olsaydılar, havaya qalxmağa macal tapardılar, amma yuvadakılar sakitcə öz qismətlərinə boyun əymişdilər, fəlakətlə üz-üzə gəldiklərini yalnız dişi canavarın pəncəsinə düşəndə dərk elədilər. Biçarələr aciz-aciz hələ bərkiməmiş qanadlarını çırpır, şikayət dolu səslə ciyildəyirdilər...

Dişi canavar geri qayıdanda erkək tayı hələ gözə dəymirdi. O xeyli sonra da gəlib çıxmadı. Hava işıqlaşan kimi, dişi canavar axtarışa çıxdı.

Bu da budaqlarına rəngbərəng əsgi parçaları bağlanmış tanış çingil kolu. Dişi canavar kola yaxınlaşıb imsiləməyə başladı: yox, erkək tayı burdan keçməmişdi. Ona görə də çölə cumdu...

 

***

Bu yerlərdə Büğıbay adlı bir ovçu yaşayırdı. Düzdü, o, axır vaxtlar, demək olar, ova-filana çıxmırdı, tənbəlləşmişdi, bir də ki, ətrafda vəhşi heyvanlar azalmışdı. O, başqa bir, daha dinc və sərfəli işlə məşğul olur, köçəri heyvandara daim lazım olan yurt üçün karkas düzəldirdi.

Büğıbayın məmulatları sənaye kombinatında düzəldilənlərdən yüksək dəyərləndirilirdi, çünki o, bu sahədə istifadə olunan ağac növlərindən daha yaxşı baş çıxarır, karkasların və damın ölçülərini daha dəqiq hesablayır, bir sözlə, bu çətin peşəni mükəmməl bilirdi. Üstəlik, cürbəcür məişət əşyalarını da məharətlə düzəldirdi. Yalnız yəhər işinə yaxın durmurdu, bunun da səbəbi bacarmamasıyla deyil, prinsipiylə bağlıydı: hələ müharibə vaxtı ferma müdiri, Büğıbayın fikrincə, onun yeganə atını ordu üçün növbədənkənar müsadirə eləmişdi.  O vaxtdan ovçu atı olan adamların hamısına həsədlə baxır, ferma müdirinəsə açıq-aşkar nifrət bəsləyirdi. Bu səbəbdən də yəhər işinə girişmirdi. Özü dəvəylə gəzirsə, başqalarına necə at yəhəri düzəldə bilərdi axı?

Yay günlərinin birində aulda toya hazırlıq getməsinə baxmayaraq, Büğıbay yola çıxmaq üçün yır-yığış eləməyə başladı.

-Neylədiyindi, - arvadı hiddətləndi, - məni hamının yanında rüsvay eləmək istəyirsən? Hara yığışmısan? Ferma müdiri hamını toya dəvət elədiyi bir vaxtda ova gedirsən?

Büğıbay dəvənin belinə qalxıb qəzəblə cavab verdi:

-O müdir atımı əlimdən aldı. Nədi, cıdıra dəvəylə gedəcəyəm? Yox, yaxısı budu, gedim dağlardan josı (təbii boya materialı) gətirim, çünki kombinatın boyaları qərənfil iyi verir...

Büğıbay auldan aralanmağa macal tapmamışdı ki, dörd atlıyla rastlaşdı. Atlılardan birinin yedəyində tünd-boz rəngli üçşyaşar ürgə vardı. “Görünür, müdirə bəxşiş aparırlar...” – ovçu beynindən keçirdi, içində hiddət qaynamağa başladı.

Büğıbay xeyli getdi, Degirezin bərabərinə çatanda sağa buruldu. Həmin məqamda da diqqətini maşın izi cəlb elədi. İz hündür təpənin başına doğru uzanırdı. “Bir buna bax, - ovçu düşündü, - əvvəllər atla bu dik təpənin ətrafına dolanıb keçirdilər, indi isə başına maşınla qalxırlar. Mən də dəvəmlə dırmaşmağa cəhd eləyim”.

Büğıbay təpəni çətinliklə aşıb çiy cəngəlliyinə endi. Adətən, qadınlar ilin bu vaxtı yurt örtüyü üçün çiy yığırdılar. Amma indi heç kəs gözə dəymirdi. Ovçu artıq yoluna davam eləmək istəyirdi ki, qəfildən erkək canavar gördü. Dal ayaqları tələyə ilişmiş yırtıcı yamaca sərilmişdi, çətinliklə hərəkət eləyirdi. Dişi canavar da yanında dayanmışdı.

Bunu görən Büğıbay köhnə berdankasını götürmədiyinə təəssüfləndi. O, uzun qamçısını havada vıyıdatdı. Dəvə nərildədi. Büğıbay da səs-küy salmağa başladı. Qorxmuş dişi canavar gözdən itdi. Büğıbay da erkək tayını öldürmək qərarına gəldi. Amma necə öldürəcəkdi? Yırtıcının qabaq pəncələri zədələnməmişdi, qanla dolmuş gözlərisə təhdidkar tərzdə parıldayırdı.

Büğıbay canavara yaxınlaşmaqdan çəkinib onu aralıdan daşla vurmağa başladı. Heyvan mırıldayır, zingildəyir, hər zərbədən get-gedə zəifləyirdi. Amma son qüvvəsini topladı, ümidsizcəsinə həmlə eləyib yamac aşağı dığırlandı. Qızışmış Büğıbay nəfəsini çətinliklə dərib aşağı endi, artıq qorxub-çəkinmədən canavara yaxınlaşdı. Yırtıcı az sonra canını tapşırdı.

Daha yola davam eləməkdən söhbət belə, gedə biməzdi. Büğıbay canavarı dəvənin belinə aşırıb aula tələsdi ki, yeyib-içən camaatın qarşısında lovğalansın, hələ canısulu olduğunu sübuta yetirsin.

Büğıbay yol gedə-gedə təəccüblənirdi ki, belə bir yırtıcı dişi canavar tələyə necə düşə bilərdi. Tələ, yəqin ki, çiy cəngəlliyində çox rast gəlinən tülkülər üçün qurulmuşdu. Görünür, canavar tülkü tutmaq istəmiş, həvəsə gəlmiş, tələni görməmiş, buna görə də ilişmişdi. Ümumiyyətlə, nadir hadisəydi...

“Yox, ovçuluq, hər halda, uyşilikdən1 daha yaxışı peşədi, - o, düşünürdü. Amma bunun üçün gərək adamın atı olsun. Onda yalnız tələ qurmaq və gözləməkdən başqa bir iş qalmır”. Büğıbay tələ quran ovçunu ələ salan akının beytini xatırladı: “Sən məndən əl boydaca, / Bir sədəqə istəyirsən...”

Yox, o, amansız, gizli və kortəbii qüvvə olan tələ qurmayacaq...

Büğıbay evə gec çatdı. Toyun lap qızğış çağıydı. Camaat uyşinin (yurt düzəldən usta) canavarla qayıtdığını görəndə əməlli-başlı təəccübləndi. Büğıbay əvvəlcə yeyib-içənlərə yuxarıdan-aşağı nəzər saldı. Amma aclıq və susuzluq öz işini gördü...

Büğıbay ağır yüküylə yurta necə gəlib çatdığını xatırlamırdı. Bərk sərxoş olsa da, əvvəlcə canavarın dərisini müştəri gözüylə nəzərdən keçirdi, onu neçəyə sata biləcəyini beynində götür-qoy elədi.

Elə bu məqamda da gözlənilmədən ayıldı: dəri bir neçə yerdən qarsalanmışdı!

 “Vay, dərim əldən çıxdı! – Büğıbay təəssüfləndi. – Onu orda, dağda soymalıydım”.

Ovçu gecə uzun müddət yata bilmədi, elə hey gözləri qarşısında toyda xəyanətkarcasına korlanmış dəri canlanırdı. “Yəqin, bu da müdirin əməlidi!” Axırda dərinin hələ qalın tüklə örtülmədiyini ağlına gətirib özünə təskinlik verdi: “Dəyəri o qədər də çox olmazdı...”

“Yox, ovçuluq naşükür peşədi, - o, yuxuya gedə-gedə beynindən keçirirdi, - uyşiliklə məşğul olsam, daha yaxşıdı”.

 

                                                           ***

...Büğıbay səhəri gün o boz canavarların, güman ki, balalarının ola biləcəyinə ümid bəsləyə-bəsləyə erkəndən yenə josı arxasınca yollandı. Bu dəfə də dəvəylə gedirdi, amma az sonra təəssüfləndi: köşəyi aulda bağlı qalmışdı, ana həvəssiz addımlayır, balasının həsrətini çəkirdi. Büğıbay heyvanı qamçıyla vurmaqdan yorulmuşdu.

O, Bulekə ancaq nahara yaxın çata bildi. Dəvəni şoranlıqdakı qalın kolluğa bağladı, daşlardan yapışa-yapışa dağa dırmaşmağa başladı. Axır ki, nəfəsi ağzından çıxa-çıxa josı olan yerə çatdı.

Büğibay Bulekin zirvəsində dərin mağara olduğunu bilirdi. Həmin mağarayla bağlı ziddiyyətli əfsanələr dolaşırdı. Bəziləri deyirdilər, onun dərinliklərində nəhəng ilan məskən salıb, digərləri, guya, orda monqolların nə vaxtsa böyük xəzinə gizlətdiklərindən söz açırdılar, və s., və i.a...

Büğıbay mağaranın girişindəki iti daşların üzərində boz tüklər gördü. Canavarların özlərinə məhz burda sığınacaq tapdıqlarına inanmaq çətiniydi. Amma deyəsən, beləydi. Ovçu başını yarığa uzadıb havanı iylədi – canavar yuvasının iyini hiss elədi. Buna görə də quru budaqlar yandırıb girişi işıqlandırdı, içəridəki gəmirilmiş sümükləri gördü. Şübhə yeri qalmırdı, canavarlar burdaydılar. “Bir  hiyləgərlərə bax, gör balalarını harda gizlədiblər!” – Büğıbay heyvanların təcrübəsini dəyərləndirdi.

Ovçu mağaranın içinə tüstü verməyi qət elədi. O, ətrafdan quru ot, budaq yığdı. Girişdə qaladığı tonqal alovlananda acı, zəhərli tüstü yavaş-yavaş içəri sürünməyə başladı, az sonra ordan balaların zingiltisi eşidildi: biçarələr qorxu içində vurnuxur, bir-birini itələyə-itələyə çıxışa doğru cumurdular. Büğıbay onları bir-bir tutur, josı üçün götürdüyü iri, ağzı rezinli kisəyə atırdı.

Canavarların cəmi üç balası vardı. Bu, ovçunu təəssüfləndirdi. Amma götür-qoy eləyib sevindi: adətən, cins canavarların balası az olur. O, balalar böyüyəndən sonra dərilərinin daha qiymətli olacağına əminiydi.

Büğıbay düşünüb-daşınıb hələ bircə bala götürmək qərarına gəldi. “Oğlumla oynayarsan”, - ovçu dilləndi, şikarının arxa pəncəsini topuğundan kəsdi ki, qaçmasın, sonra yenə kisəyə atdı. Qalan iki balanı qışa yaxın, analarından ayrılanda götürməyi qət elədi. Xəncərlə də gözlərini oyub yenə mağaraya atdı. “Bax, indi məndən heç yana qaça bilməzsiniz!” – o, dilləndi, dağdan enməyə başladı, elə bu məqamda da yerindəcə donub qaldı – dişi canavar ağzında şikar aşağıda dayanmışdı.

Yırtıcı hələ dağın ətəyində kolluğa bağlanmış dəvəni görmüş, dəfələrlə gizlincə çöldə yiyəsiz otlayan heyvana yaxınlaşıb qıçlarını gəmirdiyini xatırlamışdı. Axır ki, dəvə yerə yatanda belinə sıçramış, dişlərini yumşaq, yağlı hürgücünə batırmışdı. Amma indi dəvəlik halı yox idi. Xoşagəlməz bir şey baş verdiyini duyub cəld yuxarı cumdu və olub-keçəni dərk elədi....

 İri, yaraşıqlı, boz-qonur boynu olan dişi canavar atılmağa hazır halda yerindəcə donub qaldı. Gözlərində hiddətli qığılcımlar oynaşırdı. Ovçu qışqırıb əlini xəncərinə atdı, yelləyib heyvanı qorxutmağa çalışdı. Canavar sıçrayıb uzaqlaşdı.

Büğıbay xəncərin dəstəyini bərk-bərk sıxmış halda dağdan endi, özünü dəvəyə yetirib qışqırdı:

-Hə, xaxır görək!

O, yalnız dəvənin belinə qalxandan sonra özünü təhlükəsizlikdə hiss elədi.

Dişi canavar uzun müddət ovçunun arxasınca getdi. Çiy cəngəlliyinin yanından ötəndə erkəyinin burda çox səfehcəsinə tələyə düşdüyünü xatırladı. O qoca canavarın tələyə düşmüş əsl erkəklərtək dal ayaqlarını gəmirib qurtulmamasının səbəbini dərk eləyə bilmirdi.

Hiddətlənmiş dişi canavar, adətən, qadına, ya da yeniyetməyə hücum eləyir. Qaraboyun yırtıcı qorxunu unudub yalnız balası barədə düşünə-düşünə qətiyyətlə ovçunun dalınca gedirdi. O yalnız aul görünəndə ayaq saxladı. Sonra kiçik dərədən keçib aulun yaxşı göründüyü təpəyə qalxdı.

Dişi canavar Büğıbayın aula girdiyini, balasını kisədən çıxarıb yurta bağlanmış köşəyin  yanına atdığını gördü. O boğuq səslə uladı, tükləri biz-biz oldu, gözlərisə qanla doldu.

Orda nə vaxtacan duracağı məlum deyildi, amma Allah bilir, hardan çıxan, düz üzərinə şığıyan atlıları görəndə cəld geri döndü, həvəssiz halda, arabir geri boylana-boylana dağlara tərəf getdi. Başını aşağı salıb, dilini çıxarıb yavaş-yavaş irəliləyirdi. Beləcə, yorulub-usanmadan lap uzaqlara gedib çıxa bilərdi.

Canavar mağaraya axşama yaxın qayıtdı. İçəri girəndə hər şeyi dərk elədi...

Günbatan tərəfdə qürub çəhrayı rəngə boyanmışdı. Rənglər yırtıcının gözlərində dəyişir, tutqunlaşır, sanki heyvan xoşbəxtliyinin ötüb-keçəriliyini nəzərə çarpdırırdı. Yalnız qayadakı çatdan möcüzə kimi çıxmış tənha lalə dağ mehinin altında yırğalanırdı. Batan Günəşin şüaları al-qırmızı təngə boyadığı pırtlaşıq canavar tüklərinin üzərindən sürüşüb keçdi,

Canavarların əbədi düşməni olan Ay doğdu. O səmada asta-asta üzür, sanki yırtıcını ələ salırdı: “Ey canavar, ömür möhlətin başa çatır!”

Dişi canavar üzünü Aya tutub uladı, sonrasa çölə cumdu...

 

***

O nəhs gündən qaraboyun canavarın həyatı kəskin şəkildə dəyişdi. O gündüzlər çöldə, daşların arasında gizlənir, qaranlıq düşəndə aula amansızcasına basqın eləyirdi. Səhərə yaxın, adamlar dərin yuxuda olanda bu cür basqınlar daha da mərhəmətsiz çəkil alırdı. Basqınların hədəfisə yalnız Büğıbayın yaşadığı aul idi. Dişi canavar digər aullara toxunmurdu.

Əvvəllər sürüyə hücum eləyəndə qoyundan qopardığı bir parça quyruqla kifayətlənirdi, indisə bütün qoyunları ağına-bozuna baxmadan boğurdu. Qanlı qırğın yalnız başlarını itirmiş qoyunlar mələyəndə, itlər hürüşəndə, çobanların haray-həşiri onu aralanmağa məcbur eləyəndə başa çatırdı.

Bütün yayı beləcə davam elədi. Düzdü, bəzən çobanlar tüfəngə əl atır, qaranlığa bəxtəbəxt atəş açırdılar. Amma bunun nə xeyri vardı? Ancaq patron sərf eləyirdilər. Kimsə xatırlamışdı ki, canavarlar oddan qorxurlar. Yandırmağasa bir şey yox idi. Basqınlar payızda olsaydı, çökəklərdəki yovşanları asanca yığardılar. Sürünü yırtıcıdan qorumaq üçün başqa bir yol vardı, örüşün ətrafına kəndir çəkmək olardı, canavarın insan iyini aldığı o kəndirin üstündən atılmağa cəsarəti çatmır. Belə də elədilər - örüşün ətrafını kəndirlə dövrələdilər. Amma bu da qəzəbli dişi canavarın qabağını ala bilmədi. O hələ də kəndirin üstündən atılıb qisas alırdı.

Bunu görən aul kişiləri məşvərətə yığışdılar. Neyləyə bilərdilər? Hər kəs öz təklifini bildirdi, axırda da eyni fikirlə razılaşmağa məcbur oldular: yırtıcını uzaqlaşdırmaq lazımdı. Yalnız ağsaqqallardan biri dedi:

-Qorxuram ki, bu, qisas olsun, çünki o götürülmüş balanın anasıdı. Deməli, hər şeyin günahkarı Büğıbaydı. O, canavarlarla qəddarcasına rəftar eləyib. Özü də bunun bədəlini ödəməlidi. Aulumuzdan çıxıb getsə, dişi canavar bizdən əl çəkər.

Ferma müdiri qocaya tərəfdar çıxdı:

-Hə, Büğıbay, - o, üzünü ovçuya tutdu, - aulumuza bəlanı sən gətirdin, sən də canavarı zəhərləməlisən. Bacarmasan, auldan getməlisən!

Büğıbay başını aşağı salıb oturmuşdu, dillənmirdi. Sonra ağzına nas atdı, gözləri dumanlandı, tüklü yanaqları tərpəndi, kəkələdi:

-Sən yeganə atımı əlimdən aldın... Nədi, canavarı dəvəylə qovacağam?

Büğıbaya minik atı verdilər, ovçu köhnə berdankasını götürüb yola düşdü.

O, əvvəlcə Bulekin zirvəsinə qalxıb mağaranı boş gördü. Girişin ağzında iki balanın leşi vardı. “İki dəri də əldən çıxdı!” – Büğıbay hiddətlənib yuvanı daşa tutdu. Sonra bütün ətrafı gəzdi, amma dişi canavardan bir iz tapmadı.

Büğıbay aula qaşqabaqlı qayıtdı. O, qəribə tərzdə sınmış, bir çiyni çökmüş, kürəyi canavar belitək donqarlanmışdı. Deyəsən, ilk dəfəydi ki, əməlindən xəcalət çəkirdi. Ovçu, nəhayət, qəddarlığın qəddarlıq törətdiyini dərk eləmişdi...

Evə çatıb uzun müddət dişi canavarı necə öldürəcəyini götür-qoy elədi. Axırda qərara gəldi ki, yırtıcının sürüyə hücum eləməsini gözətləmək üçün müvəqqəti çobanlıq eləsin. Amma qaraboyun canavar gözə dəymirdi.

Payızın axırlarında Büğıbay çobanlarla birgə sürünü dağların lap yuxarısına apardı. Bu dəfə bəxti gətirdi. Bir gün hava toranlaşanda qaya arxasından çıxmış canavar qulaqları gördü. Qaraboyun canavar idi. Yırtıcı sürüyə basqın eləyəndə Büğıbay bəxtəbəxt atəş açdı. Güllə düz qulağının dibindən ötüb dişi canavarı qorxutdu, yırtıcı bir göz qırpımında, deyəsən, birdəfəlik yox oldu...

Aul sakitləşdi. Qisasçı dişi canavarla bağlı söz-söhbət get-gedə yatdı. Büğıbay qalib görkəmlə uyşi peşəsinə qayıtdı. Arabir bala canavarını bu yerlərdə əməlli-başlı artıb-törəmiş qaçağan çöl siçanlarının üstünə qısqırtmağa başladı. Hətta itlər belə, o siçanları tuta bilmirdilər, canavarlarsa buna qabil idilər. Dal ayağından axsadığına görə, bala canavar siçanları çətinliklə haqlayırdı. Bunu görə ovçu Maymaq adı verdiyi yırtıcının topuğunu çərtdiyinə təəssüfləndi. Büğıbay onu ət-südlə bəslədiyinə görə, bala canavar tədricən mahir köməkçisinə çevrildi. O, hər ehtimala qarşı, Maymağı gecələr zəncirlə yurtun qabağına bağlayırdı ki, qaçmasın

Bala canavar yuvadan birbaşa kisəyə düşmüşdü. O azadlığın nə olduğunu bilmirdi, buna görə də əsarətə tez öyrəşdi. Maymaq hətta gecələr itlərə qoşulub hürürdü. Amma hürüşü boğuq çıxır, səsində qüssə və narahatlıq sezilirdi. Bəlkə də bala canavar anasının hər axşam hava qaralanda aula yaxınlaşdığını duyurdu...

Maymaq hürür, it hürüşünü çox xatırladan bu səs dişi canavarı əməlli-başlı  hiddətləndirirdi, çünki hər şeydən çox balasının müəyyən qədər nifrət bəslədiyi itlərə oxşayacağından qorxurdu.

Zülmət gecələrin birində dişi canavar aula lap yaxınlaşdı. Hələ Ay doğmamışdı. Aşırımdan külək əsirdi. Külək yatanda itlərin hürüşü eşidildi. Qəfildən dişi canavar həmin səslərin arasında balasının səsini aydınca eşitdi. O hürüş şikayəti xatırladırdı. Dişi canavar silkindi, uladı,, hər şeyi unudub aula cumdu.

Yurtların qabağında ocaqlar qalanmışdı, o ocaqların üstündəki iri qazanlarda süd qaynayırdı. Canavar hər şeyi görür, amma onu qaranlıqda heç kəs sezmirdi. Yırtıcı Büğıbayın yastanada qurulmuş yurtunu asanlıqla axtarıb tapdı. Yurtun qabağında zəncirlə bağlanmış balası it camından laqqalaqla süd içirdi.

Yurtun yanı açığıydı, dişi canavar içəridəki qəddar düşmənini dərhal gördü. Büğıbayın qucağında uşaq vardı. Sonra uşağı qadına vardi. Ana oğlanı bayıra çıxarıb yerə qoydu.

Bu məqamda bala canavar anasının iyini alıb zingildədi. Bu da yırtıcı üçün təkan oldu, qaranlıqdan çıxıb onun üstünə cumdu. O ağlagəlməz hiddətlə buxovu gəmirir, parçalamağa çalışırdı, amma polad zəncir canavar dişlərindən möhkəm idi.

Bunu duyan ana canavar oğlana sarı cumdu, köynəyindən yapışıb bir göz qırpımında yox oldu.

Təxminən bir kiolmetr qaçandan sonra, həmişə quzu aparanda elədiyi kimi, uşağı çiyninə aşırıb dağlara üz tutdu.

Aulda qarğaşa başladı. Adamlar bayıra tökülüşdülər. Kişilər yəhərlənməşiş atları minib dişi canavarın arxasınca çapdılar.

Ay yavaş-yavaş buludların arxasından çıxırdı...

Tərcümə: Nəriman Əbdülrəhmanlı

 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru