Bir dəstə qızılgül - Ayaz İmranoğlunun hekayəsi

May 9, 2026 - 22:58
 0  24
Bir dəstə qızılgül - Ayaz İmranoğlunun hekayəsi

Yazıçı Ədəbiyyat Portalı Ayaz İmranoğlunun "Bir dəstə qızılgül" hekayəsini təqdim edir.

Bu yaz təbiət tez oyanmışdı. Yaz günəşi torpağı isitdikcə torpaq da yaşıllaşırdı. Dünənki tumurcuqlar bu gün çiçəkləyirdi. Təbiət gül-çiçəkdən xalı toxuyurdu.

Buzovnaya, qardaşımgilə, anamı görməyə getmişdim. Gecə nə illah elədimsə, yata bilmədim. Elə gözümü yumurdum, atam yuxuma girirdi. Deyirdi, gör nə vaxtdı mənə baş çəkmirsən.

 Səhər açılırdı. Kəfkirli saata baxdım ki, altıya işləyir. Qardaşımın idman formasını geyinib həyətə və ordan da baxçaya girdim. Haraya baxırdım, atamla bağlı xatirələr gözümün qarşısında canlanırdı. Bu alma, nar, əncir, ağ şanı, qara şanı, hamısını atam öz əlləri ilə əkmişdi. Bir anda elə hiss etdim ki, bu ağacların hamısı insandır, mənimlə danışa biləcək. Hətta, “sabahın xeyir”, “günaydın” deyən səslərini də eşidirdim.

Cürbəcür qızılgüllər açmışdı, üstlərindəki şeh damcıları onları necə də təravətli göstərirdi. Bağın hər yanını ətir qoxusu bürüyüb. Xüsusən, iydə ağacı çiçəklədiyindən ətri bir başqa aləm idi. Nədənsə, iydə çiçəyinin qoxusunu həmişə sevmişəm.

Gızılgüldən bir qom dərib qərara aldım ki, elə bu səhər atamın qəbri üstünə qoyacam.

Qardaşımgil, anam hələ də yatırdılar. Həyət qapısın açıb üzü Buzovna qəbirsandlığına tərəf yollandım. Burdan qəbristanlığa 10-15 dəqiqəlik yol ancaq olar.

Qəbirsandlığa çatanda dənizdən günəşin qızartısı görünürdü. Sanki günəşdə gecə yuxusunu qaçırıb, mürgülü gözlərini ovuşdura-ovuşdura dənizdən tənbəl-tənbəl qalxırdı.

Qulaqlarıma musiqi səsi dəydi. Bu nədi? Mən ani olaraq yerimdə durub musiqi səsinin hardan gəldiyini aydınlaşdırmaq istədim. Yanılmamışdım. Səs elə qəbristanlıqdan gəlirdi. Səhər çağı qəbristanlıqda bu nə çal-çağırdı, görəsən? Özü də, saz üstə “Baş sarıtel” havası çalınırdı.

Hələ də yerimdə donub qalmışdım. Qəbristanlıqdan gələn bu çal-çağır məni xoflandırırdı. Elə bu an nənəmin söylədiyi bir rəvayət yadıma düşdü. Rəhmətlik babam qonşu kəndə, dəyirmana dən üyütməyə gedibmiş. Dəyirmanda işi ləngidiyindən səhərə yaxın dənini üyüdüb başa çatdıra bilir. Qatır boyda olan eşşəyinə yükləyib üz tutur kəndimizə. Kəndimizlə dəyirman olan kənd arasında iri bir qəbristanlıq varmış ki, babam mütləq ordan keçməliymiş. Özü də səhərin gözü hələ təzə-təzə qızarırmış. Qəbristanlığın aşağı hissəsindəki torpaq yolla bir az gedibmiş ki, eşidir, qəbiristanlıqdan çal-çağır səsi gəlir. Boylanıb görür bir topa insana oxşar məxluqlar qəbirisstanlığın dərəsində şənlik edirlər. Babam eşşəyi dümsükləyib tez oradan uzaqlaşır. Nənəm deyir ki, baban necə qorxmuşdusa, neçə vaxt xəstə yatdı. Nənəm deyir, həmin vaxt cinlər padşahı qızına toy edirmiş. Babamı görsəymişlər nə olacağını bir allah bilir. Elə o vaxtdan həmin dərəyə “cin-şeytan” dərəsi deyilir.

Bu rəvaət hardan yadıma düşdü? Lap qorxaq olmuşam... 

Bu cür fikirləri başımdan qovub yoluma davam etdim. Atamın qəbri olan istiqamətdən gəlirdi musiqi səsi. Çünki atamın qəbrinə yaxınlaşdıqca mahnının səsini daha aydın eşidirdim. Ruhuma doğma idi bu mahnı. Özü də aşıq Xanların ifasında bənzərsiz ifadır.

Budur bir maşın dayanıb. “Baş sarıtel” mahnısı da maşından gəlir.

Maşında kimsə yox idi. Elə ətrafa, qəbirlər olan cərgəyə baxmışdım ki, orta - 40-45 yaşlı kişinin bir qəbir qarşısında qol götürüb oynadığını gördüm. Təəccüb məni bürüdü. Bir anda beynimdən keçdi ki, dəli olub. Sakitcə durub baxırdım. Mahnı ritminə uyğun gözəl oynayırdı. Bir neçə dəqiqə də keçdi, musiqi başa çatdı. Kişi taqəti kəsilmiş halda qara mərmər daşının qarşısında durub danışmağa başladı:

-Oğlum, söz vermişdim ki, əsgərliyini başa vuran kimi 20 yaşının tamamında səni evləndirəcəm. Bu gün ad günün, 20 yaşın tamam olur. Toyunda aşıq Xanları dəvət edib “Baş sarıtel” havasına oynayacaqdım. Gəldim ad gününü təbrik edəm, “Baş sarıtel” oynayam. Oynadım... - deyib kişi qəbri qucaqlayıb hönkür-hönkür ağladı.

Ani olaraq ona tərəf getdim: “Səbirli ol, qardaşım, səbirli” - deyib əlimi onun kürəyinə qoydum. O sakitləşib ayağa durdu, cibindən dəsmal çıxarıb göz yaşlarını sildi. Onun qoluna girib qəbirdən aralanmışdım ki, qulaqlarıma səs gəldi. Elə bil kimsə məni arxadan səsləyirdi. Dönüb qəbrə baxdım ki, qəbrin üstündə çəkmələr var:

-A, qardaş bu nə çəkmələrdi qaldı? - dedim. 

Kişi geri qayıdıb çəkmələri götürdü. Qəbirdən boylu-buxunlu əsgər geyimində bir igid baxırdı. “Şəhid İnam” sözlərin oxuyub çəkmələrin də əsgər çəkmələri olduğunu indi anladım.

-Hər dəfə oğlumu ziyarət edəndə bu əsgər çəkmələrini də gətirirəm. Elə bilirəm oğlum əsgər çəkmələrinin qoxusunu hiss edir. O gecə yuxuda dedi ki, Qarabağ azad olanda o çəkmələrin tozunu qəbrimə sürtərsən. Ruhum rahatlıq tapar. O çəkmələr Qarabağ torpağını dolaşıb. O torpağın izi var onda.

Gətirdiyim qızılgülləri şəhid İnamın qəbrinə düzdüm.

Çəkmələri də götürüb yenidən maşına doğru gəldik. Uzaqdan atamın baş daşı mənə baxırdı. Onun əkdiyi qızılgülləri şəhid qəbrinə qoyduğuma görə, sanki məmnun qalmışdı. Atamın qəbrinə baxa-baxa düşünürdüm:

- Həmişə belə olmusan, ata. Özünə çatacaq yeməyi də bizə yedizdirərdin. İndi burda da şəhid qəbrinə gülləri düzdüyüm üçün inanıram ki, ruhun şad olacaq!

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0