Mən yarı qürbətəm, yarı vətənəm - İbrahimxəlilin şeirləri

May 10, 2026 - 23:24
 0  79
Mən yarı qürbətəm, yarı vətənəm - İbrahimxəlilin şeirləri

Yazıçı Ədəbiyyat Portalı İbrahimxəlilin şeirlərini təqdim edir.

XXX

Borçalıda borc içində yaşadım...

ucqar bəxtim il təki at üstədi.

Mən bu qədər yaşamazdım bəlkə də;

borcum olan sağlığımı istədi.

Şair hara, axı əlli yaş hara? –

otuzumda damarımı kəsmədim.

...Borcum olan sağlığımı istədi,

palazqulaq sələmçidən küsmədim.

Yazan bircə borcu buza yazmadı, –

qəriblikdən gələn kimi görərsən.

Ümid mənə pıçıldayıb çox dedi:

kitab yazıb borclarını verərsən.

Borçalıda borc içində yaşadım...

Sınıq körpü mənim sınıq ruhummuş.

Kitab cildim çarmıxdadı hələ də,

qarı cəllad çapçılarla qohummuş?

Borc boğazı, demə, belə üzürmüş...

hərdən qələm, hərdən kağız borc aldım.

Xına qoysun yoxsulların padşahı:

mən payızın pencəyində qocaldım.

Dərdi qalın canın fikri hər payız:

qırx qapıdan qırxını da açmaqdı! 

...Uçub getdim göydə ulduz saymağa.

şairinki efirlərdə uçmaqdı;

...Süd Yolunda ağ dəvələr, karvanlar,

düzüm-düzüm barxanalar dağ olsun!

Öyüm yoxdu, göyüm ki var! deyirdim:

məni öysüz buraxanlar sağ olsun!

Yarı qürbət, yarı vətən

Mən yarı qürbətəm, yarı vətənəm…

demə ki: qanadı, əlbət, yarası!

Teli dan yerində durnalarsayaq

qalaram hey vətən – qürbət arası!..

Yenə verdiyinə şükür… nə deyim –

gündoğan yerinə qürub verirdi.

Heç nəyin yarısını istəmirdim mən;

verən verdiyini qırıb verirdi.

Görürsən? – vətən də yarı verilib…

qələmim qürbətin, dilim vətənin.

Ölməyə ki, vətən yaxşıdı… sən de:

hansı yarısında ölüm vətənin?

Heç nəyin yarısını istəmirdim mən…

ayrılıq… Araztək adında olar.

…Verən verdiyini qırıb verirdi;

pendir-çörək payım yadında olar!

Mənim dağlar payım… dənizlər payım…

…qubarın diliylə payız toz dinir.

Verən verdiyini… yarı verirdi;

bilirsən? – belə pay buza tez dönür.

Əsrim əsrar keçir Borçalıda, bax,

su ilə də keçmir odum nə vaxtdır.

Ay dost, təzə adlar taxta çıxalı – 

Sınıq körpü qalıb adım nə vaxtdır.

Bir də yarıkönül, yarıyuxulu…

Ruhumda bu duman, çən artardımmı?

Verən verdiyini yarı verməsə,

bütövlüyə belə can atardımmı?

Mən yarı qürbətəm, yarı vətənəm…

güneyin, quzeyin qarı qalmadı?

Vətən tərəfimiz əkizdi bizim,

qürbət tərəfimiz yarı almadı…

Ümid dayanacağı

Bu qürub çağında sanki günəş də

son damlasınacan içilib gedir.

Bircə mən qalıram dayanacaqda,

hərə yuvasına çəkilib gedir.

Naringi qabığı atılıb qalıb;

əzgil çəyirdəyi, qırıq tar simi...

Harda ki, dərd qalın, əyin yuxadır,

açan tapılarmı qarlı tilsimi?

Nə pul itirən var, nə mal, görünür,

hərə bir üsulla şəfa alıbdır?

...Di gəl ki, hərədən bir ümid düşüb,

hərədən bir ümid düşüb qalıbdır.

Yığvaldı... yığıram ümidləri mən,

şamı son axşamdan, nolar, qoparın!

Hərədən bir ümid düşüb qalıbdır;

düşən ümidləri gəlin aparın!

Bircə mən qalıram dayanacaqda...

...adam ümidini ürəksiz yeyir.

Ulduza baxaraq duza batırıb,

adam ümidini çörəksiz yeyir.

Orda isti xörək, isti də yataq,

orda yağlı düyü, yağlı ət olar.

Nə var bir adamın üşüməyinə;

ümid üşüyəndə qiyamət olar!

Düşən ümidləri gəlin aparın,

yoxsa hər ümid də baş alıb gedir.

Bir də görərsiniz dayanacaq da

məchul bir qatara qoşulub gedir...

Ən üzüqoylu

...onda vətəndaşlar – vətən daşları

ən ucqar sözümün başıydı, dağlar.

Hələ şahlıq quşu uçuran yoxdu,

padşah da bir vətən daşıydı, dağlar!

Sanırdım Nyuton alması düşür;

düşən – ümidləri bir-bir döyən daş.

Padşah da bir vətən daşıydı, dağlar,

vətən daşı olsun təki dəyən daş!

Daş atıb başını tutanda hamı

hansı daşdan sındı tütəyin sənin?

Daşı ətəyimdən tökmədim ki mən – 

daşlığa çevrilər ətəyin sənin!

Nyuton alması düşür elə bil...

...divanə duyğular dərinə gəlir.

Daşdan şikayətim nədən olsun ki? – 

başım döyüldükcə yerinə gəlir!

 

Padşah da bir vətən daşıydı, dağlar...

...oyuq gözlərim də quyu-çuxurmuş!

Nə qədər and içdim: mən daş deyiləm;

sıxanda daşın da suyu çıxırmış!

Günümə ağlayan tək kəsək oldu...

...ya kəsmə-şikəstə yaşanmış, dağlar?

...Budur, daş döşənir yolun ağına,

mən nə üzüqoylu daşammış, dağlar!

Nə qədər and içdim mən üzüqoylu...

göylər – üzüqoylu... yalan deməkdir?  

Kim bilir bəlkə də ən üzüqoylu

ən üzü Allaha olan deməkdir?!

O qızın dastanı

Üzükdən keçirmiş beli o qızın...

...bəxt çiçəklədimi – bahardan bilsin?

Dünya üzük-üzük oyunu kimi – 

belə zərif, məsum... o, hardan bilsin?

Puç olsun ad üstə ad qoyanları;

ar olsun uydurma armaxlarına!

...Üzükdən keçirmiş beli, di gəl ki,

üzük taxılmamış barmaqlarına!

Masmavi gözləri səmavi imiş...

...söndürmək üzrəymiş ayaz ağ şamı.

Budur, danışılan “günah”ı onun:

Aya göz vurubmuş bir yaz axşamı.

Masmavi gözləri səmavi imiş...

...rüzgarlar yar imiş yaraşığına.

Hal aparan azmı yaz axşamları? – 

bəlkə vurulubmuş Ay işığına!..

Zümrüd qaşlı üzük yağmış yoluna...

...üz verməmiş yüz yol üz vuranlara.

Aya göz vurubmuş bir yaz axşamı...

...cəza yox – günəşə göz vuranlara?

Nişan üzüyündən, bəxt üzüyündən

keçməmiş barmağı, əli o qızın.

Rüzgarlar yar imiş yaraşığına;

üzükdən keçirmiş beli o qızın...

Çəpgöz yalanlara yer olmaz bir gün...

...yağışlar çəpəki yağır, – deyirlər.

Aya göz vurubmuş bir yaz axşamı;

Ay qəbri üstündən doğur, – deyirlər.

Üzük – gah qurtuluş, gah da məhbəsdi...

...üzükdən keçirmiş beli o qızın.

Ay – qəbri üstündə qızıl üzüktək...

...üzüyə uzanır əli o qızın?!

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 1
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0