Dayancaqda görüş - Fikrət Qocanın POVESTİ
Yazıçı Ədəbiyyat Portalı Xalq şairi Fikrət Qocanın "Dayanacaqda görüş" povestini təqdim edir.
Bu dünya bir dayanacaq,
Allah bilir,
Kim nə qədər
Dayanacaq.
Soltan dedi:
- Allahım, mənə kömək elə.
Soltan müəllimə elə gəlirdi ki, olanların ona heç bir dəxli yoxdu. Gələnlər onun üstünə gəlirdi, onu qucaqlayırdı, kimi hönkürürdü, kimi kövrəlirdi, kimi də sakitcə onu qucaqlayır: "Allah sənə səbr versin" -pıçıldayırdı. Bunlar hamısı köhnə, səssiz kino lentlərinə oxşayırdı. Soltan müəllim elə bil özünə də kənardan baxır, bu köhnə, səssiz filmdə özünü əlacsız, yazıq vəziyyətdə görür, kömək edə bilmirdi. Bu olanlara hardansa uzaqdan, yuxarıdan baxırdı. Elə bu lentdə iyirmi bir yaşlı oğlu Qisməti mafaya qoyub adamlar çiynində aparırdı. Soltan müəllimin də qoluna girmişdilər, mafanın dalınca qəbiristanlığa aparırdılar. Elə bil ona sübut eləyirdilər ki, oğlun Qismət ölüb. "Bax, aparırıq dəfn etməyə, gedək gözlərinlə gör. İnan, daha onun hardansa qayıdıb gələcəyini gözləmə".
Molla Soltan müəllimə yanaşdı:
- Professor, qəbrə düşün, uşağın yanına, mən Quran oxuduqca ona toxunun.
Soltan istədi etiraz etsin, desin ki, "oğul atanın məzarına enər, ata oğulun yox", dili tərpənmədi, dodağı açılmadı. Məzara endi. Əlini kəfənə toxunduranda qəlbində qəribə bir ümid oyandı. "Bu çox yaxşı adətdi. Bəlkə uşaq ayıldı. Əlbəttə ki, yanında olmağım yaxşıdı. Ayılar, qorxar". Sonra qolundan yapışıb ona qəbirdən çıxmağa kömək elədilər. Qəbrin üstünə beton pilətələr düzdülər. Plitələrin üstünə beton suvaq çəkdilər. Elə bil deyirdilər: "bax, ölüb, görürsən, üstünü də örtdük". Kimsə kürəyi ona uzatdı. O, əyilib bir ovuc torpaq götürdü, məzarın üstünə atdı.
Soltan müəllim yas mərasimlərində çox olmuşdu. Bu adət-ənənəni əzbər bilirdi. Bunlar ona uzun, darıxdırıcı, üzücü görünürdü. Mərasim qurtaranda dərin bir nəfəs alıb qəbiristanlıqdan tez uzaqlaşmağa çalışırdı.
İndi Soltan müəllimin qoluna girib onu qəbiristanlıqdan çıxarmaq istəyəndə az qaldı qışqırsın: "Hara?! Nə tez?! Uşaq qaldı". Dili tərpənmədi, dodağı açılmadı, səsi çıxmadı. Əslində, Soltan müəllim kənarda idi, uzaqda, hardasa yuxarıdan bu mənzərəyə baxırdı. Heç nəyə qarışmağa, əlavə etməyə, dəyişməyə gücü çatmırdı. Onu qəbiristana aparan insan seli geri qaytardı. Çadıra gətirdi, onu məclisin başında otuzdurub, dalğa geri çəkildi. Hər kəs yerini tutdu və hər kəs öz qayğısına, öz söhbətinə qayıtdı.
Soltan müəllim bir anda özünü onun dərdinə, özünə yad adamların arasında hiss etdi. Ürəyi darıxdı, ətrafa boylandı. Yanında oturub yerini rahatlayan molla narahatlığını hiss edib ona tərəf əyildi:
- Professor, nə lazımdı? Nə istəyirsən?
Soltan müəllim biganə Adam kimi onun üzünə baxdı:
- Durub qaçmaq istəyirəm.
Molla onu başa düşən Adam kimi başı ilə təsdiq etdi. Əlini onun əlinin üstünə qoydu:
- Bismillahi rəhmani rəhim. Professor, özündən və ölümdən hara qaçmaq olur ki, qismət budu.
Qismət sözünü eşidəndə Soltan müəllim elə bil səksəndi, ayıldı:
- Qismət, Qismət - deyib, təslim adam kimi başı ilə təsdiq etdi.
- Bağışla, professor, cənnətliyin adının Qismət olduğu yadımdan çıxmışdı, bağışla...
- Allah bağışlasın, neynək. Qismət qismət olmadı, olmadı...
Axıra Nəsrin xanımın yanında qapı qonşusu Çiçək xanım qalmışdı. Qucaqlaşdılar, Çiçək kövrəldi, tez də göz yaşlarını sildi:
- Adam söz də tapmır deməyə, nə deyəsən. Bilirəm, işığın qaralıb. Bilirəm, belin qırılıb, bilirəm. Amma yenə sən güclüsən, güclü ol. Bundan betərindən Allah saxlasın.
- Ay bacı, bundan betər...bundan betər nə var ki...
- Vallah var, gündüz Soltan qədəşə fikir vermişəm. Bu iki gündə kişinin üzü çönkələ qalıb. Sən gərək ona dayaq olasan. Bilirəm ey, çətindi, Qismət elə bizim də balamız idi. Bir ağız dolusu xala deyirdi ki, üç-dörd dəfə can deyirdim, ürəyim soyumurdu.
- Bilirəm, ay bacı, bilirəm. Səni çox istəyirdi.
- Qurban olum, özünü ələ al. Kişini sınmağa qoyma. Ava-qavasına baxma, kişilər dərdə dözə bilən şey deyillər, əsas da övlad dərdinə. Ürək-dirək ver, qoru. Allah göstərməsin, ortada qalarsan. Kimin var ondan başqa?!
- Düz deyirsən, ay Çiçək. Haqlısan. Bu bəlkə qırıb-dağıtmağa gəlib. Düz deyirsən, gərək dirənək, dayana bilək.
Nəsrin Çiçəyin nə dediyini yaxşı başa düşürdü. Qərara almışdı ki, gərək Soltana mehribanlıq göstərsin. Xoş sözlər desin. Amma necə? Çünki lap əvvəldən evdə hökmranlıq Nəsrində idi. Onun bir sözü iki olmazdı. Acı sözünün üstündən keçilərdi. Nəsrinin atası İsmayıl Dağlaroğlu akademik, Fəlsəfə İnstitutunun direktoru idi. Soltan da universiteti bitirib, akademiyada mövzu götürüb, işə düzəlmişdi. Dağlaroğlunun əvvəl ona yazığı gəlirdi, bilirdi ki, atası, Soltan kiçik olanda rəhmətə gedib, ona anası baxıb. İki ay idi ki, institutda işləyirdi, anasının öldüyünü xəbər verdilər. İnstitutda pul yığdılar ki, ona versinlər. Götürmədi. Onun bu xasiyyəti akademikin xoşuna gəldi. Özü bir neçə alimlə kəndə yasa getdi. Soltangilin kəndində bu hadisə hələ də bir nağıl kimi yaşayır. Sonra Soltan daim İsmayıl Dağlaroğlunun himayəsində oldu. Namizədlik müdafiə etdi. Dağlaroğlunun evində hər məclisə dəvətli sayılırdı. Nəsrinlə yaxın münasibətləri yarandı. Toyları oldu. Amma Dağlaroğlu əvvəlcədən şərt qoymuşdu ki, gərək bizimlə yaşayasınız. Soltan razılaşmaq istəmədi. Gördü akademikin əməlli-başlı xətrinə dəyib. Sonra könlünü aldı. Dedi: "Belə çıxmasın mən gəlin gəlmişəm. İcazə verin ev tutum. Nəsrini ora gəlin aparım, bir-iki ay yaşayaq, sonra köçərik sizə". Elə də etdilər. Yaşadıqları bu illər ərzində Soltan bir dəfə də olsa Nəsrinin üstünə səsini qaldırmamışdı. Yox, yox qorxudan deyildi. Əvvəllər evdəki ağbirçəyə, ağsaqqala hörmət edirdi. Onlar dünyasını dəyişəndən sonra isə Nəsrini tək, qəlbisınıq sayırdı. Onun ərköyünlüyünü qoruyub saxlayırdı.
Çiçəyin "ortada qalarsan" sözü Nəsrini bərk qorxutmuşdu. Soltana mütləq dil-ağız etməli idi. Amma necə, nə desin? Çox sözlər fikirləşdi, çox götür-qoy elədi, layiqli bir-iki cümlə quraşdıra bilmədi. Soltan evə girəndə isə Nəsrinin ürəyində, beynində olan bütün ağrılar, sözlər pərən-pərən düşdü. Soltanın üstünə yeridi. Nəsrinin ixtiyarsız, əlacsız yerişi, mavi gözlərindəki ümidsizlik, boşluq, havasızlıq Soltanın dizlərini titrətdi. Ayaqları onu saxlaya bilmədi. Soltan kresloya çökdü. İki gün idi Soltan hər şeydən çox bu görüşdən qorxurdu. Nəsrinlə üz-üzə gəlməkdən, göz-gözə baxmaqdan qorxurdu. Nəsrin saçını yolub, yaxasını cırıb ondan oğlunu istəyəcəkdi. Nəsrin səssiz-səmirsiz gəlib kreslonun qabağında dizi üstə düşdü, qorxmuş uşaq kimi Soltanı qucaqladı, başını onun dizinə qoydu. Soltan titrəyən əlləri ilə Nəsrinin kürəyini sığalladı elə bil, "qorxma, sakit ol, mən burdayam" deyirdi.
Soltan-pıçıldadı Nəsrin. Soltandan səs çıxmadı, daha doğrusu, Soltan bir-birinə yapışmış dodaqlarını tərpədə bilmədi. Nəsrin bir də "Soltan" - dedi.
- Hı...
- Biz neyləyəcəyik, ay Soltan. Necə yaşayacayıq?
Soltan boğuq bir səslə "görək da"...-dedi.
Nəsrin alnına bir damla düşdüyünü hiss etdi.
- Ağlayırsan?! - deyib, cəld başını qaldırıb Soltanın üzünə baxdı.
Soltanın iri qara, işıqlı gözlərinin üstünə elə bil hansısa naşı rəngsaz qara rəng çəkmişdi. O rəng qurumuşdu, indi o rənglərin arasından su axırdı. Soltan onun baxdığını görüb özünü ələ aldı:
- Yox, yox, vallah ağlamıram, Nəsrin, ağlamıram. Su özü axır. Anam öləndə ağlamamışdım. Yığılıb daşlaşıb qalmışdı buramda - o hulqumundan yapışdı - burda neçə illər idi deşirdi boğazımı. İndi əriyib özü axır, ağlamıram.
Nəsrin bərk qorxdu, Soltanı daha bərk qucaqladı.
- Qurban olum, Soltan, Soltan, başına dönüm sən ölmə. Ölmə, qadan alım, ölmə sən - nə düşündüsə, tələm-tələsik ayağa qalxdı - dayan, sənə valerian gətirim - danışa-danışa otaqdan çıxdı və tez də bir əlində stəkan su, ovucunda iki sarı həblə gəldi - bu sənə yaxşı təsir eliyir. Gərginliyi götürür- Nəsrin bu sözlərin arasında həbi Soltanın ağzına qoydu. Uşaq yedizdirən kimi suyu içizdirdi. Onun üzündən, alnından öpdü və baxdı ki, Soltanın iri qara gözlərinin üstündən rəng yuyulub gedib, gözlər dirilib. Soltanın gözlərindən öpdü - gözlərinə qurban olum, ay Soltan. Soltanın dodaqları ağlamaq istəyən körpə dodaqları kimi titrədi, mavi gözlərindəki yaxınlaşan leysanı görüb Nəsrinin başını sinəsinə sıxdı.
- Ağla, Nəsrin- dedi, - ağla, doyunca ağla. Sən nə yaxşısanmış. Sən, sən beləsənmiş.
Onlar bir-birini tanıdığı otuz il ərzində heç vaxt belə yaxın, belə səmimi olmamışdılar. İndi dünyada iki tənha insan acı bir yağış altında bir-birinə qısılıb dayanmışdı. İyirmi beş il bir otaqda yaşayıb, bir-birini yenicə, indicə tapmışdılar.
Bir qədər sükutdan sonra Soltan sinəsindən, lap elə bil öz ciyərindən Nəsrinin pıçıltısını eşitdi.
- Sabah tezdən məni uşağın yanına apar.
Soltan öz-özüylə danışan adam kimi:
- Yaxşı, amma sən də orda özünü yaxşı apar.
Bir xeyli susdular. Nəsrin başını Soltanın sinəsinə bir az da bərk sıxıb:
- Yaxşı, yəni nə təhər?
- Onsuz da bizə olan olub. Nə bilim yaxşı, yəni elə belə.
Bu söhbətdənmi, boğazında daşa dönmüş göz yaşlarının əriyib axmasındanmı, valerian həbindənmi, Soltan özünə gəldi. Gərginlik yox, yorğunluq hiss etdi.
- Görəcəkli günlərimiz varmış, Nəsrin, - Nəsrinin başını öpdü - bu dərd biznən yaşamağa gəlib, buna öyrəşməliyik. Qalx, qalx, əzizim, gedək yataq.
Yerinə uzanan kimi Soltanı yuxu apardı. Nəsrin gözlərini tavana zilləyib gözləyirdi. Heç nə düşünə bilmirdi. Qismət doğum evindən gələn gündən Soltan hər dəfə bir bəhanə ilə gecə saat iki-üç arasında yuxudan ayılır,uşağın otağına keçir, Qismətə tamaşa edir. Nəsrin ayılıb soruşanda deyirdi: "elə bildim uşaq ağlıyır", "taqqıltı eşitdim, elə bildim yıxılıb", "hava soyuqdu dedim üstünü açmış olar". Sonrakı illərdə daha Nəsrin də soruşmurdu, Soltan da bəhanə axtarmırdı. Hər gecə yuxunun şirin vaxtı ayılırdı, tualetə getmək bəhanəsi ilə Qismətin otağını girirdi. Qismət də buna vərdiş etmişdi. Son illərdə çox vaxt atasının otağa girdiyini yuxuda hiss edirdi, gözünün birini açıb "ata, sənsən?" -deyirdi. Cavabı gözləmədən o biri üzə çevrilib yatırdı. İndi də Nəsrin gecənin o vaxtının gəlməyini qorxa-qorxa gözləyirdi. Nəhayət, o vaxt gəldi. Nəsrin haqlı imiş. Soltan yerində qurcalandı. Gözləri yumulu durub çarpayıdan ayağını salladı. Şətəlləri ayaqları tapdı, geydi. Yerdən gözləri yumulu qalxdı, tualet tərəfə getdi, çatanda dayanıb, geri, Qismətin otağına addımladı. Qapını açdı, gözlərini də elə indi qapı ilə bərabər açdı. Çarpayını boş görüb gözlərini bir az da geniş açdı, yuxusu tamam qaçdı. Yadına dünənki gün düşdü. "Off" - dedi. Keçib Qismətin çarpayısında oturdu, bir də "off" - dedi. Nəsrin özünü yuxuluğa vurub yatağından qalxmasa da, olanları eynilə belə təsəvvür edirdi. "Off" səsini eşidəndə hıçqırmaqdan özünü zorla saxladı, ağlaya-ağlaya:
- Can, anası ölsün Soltanın... - pıçıldadı.
- Allahım, mənə kömək eylə. Allahım...
Nəsrin gözlərini qurulayıb Soltanın yanına getmək istəyəndə, Soltanın qəzəbli səsini eşitdi:
- Bunu istəyirdin, Allahım. İstəyirdin sənə yalvarım. Bilirəm, bu qəza deyildi, cəza idi verdin mənə.
Nəsrin əllərini göyə qaldırıb Allaha yalvardı:
- Allahım, ona fikir vermə, dərd onu çaşdırıb, dərd belini qırıb, ağlını alıb, özün hamıdan yaxşı bilirsən, birliyə, böyüklüyə bağışla onu. - Nəsrin ara vermədən pıçıltı ilə Allaha yalvarırdı. Qismətin otağından Soltan daha qəzəblə dilləndi:
- Hə, indi yalvarıram sənə, ləzzət alırsan, al! Yer üzünü insan adlanan bu məxluqla doldurmusan. Altı milyard insan minlərlə dillərdə sənə dua edir, yalvarır. Tərif deyir, yaltaqlanır. Bu xaravod burulğanında məst olub həzz alırsan, al!
Nəsrin özünü saxlaya bilməyib otağa qaçdı. Soltan Qismətin çarpayısında oturub, əllərini göyə açıb, gözlərini tavana zilləmişdi. Elə bil orada kimi isə görürdü. O gördüyünə qarşı üsyan edirdi. Nəsrin gəlib onun əllərini aşağı saldı:
- Soltan, Soltan, başına dönüm sakit ol! Allahım, keç günahımızdan, bunu mən tənhaya, kimsəsizə bağışla, Allahım. Əstəğfürullah elə, Soltan. - Nəsrin elə qorxmuşdu, bütün bədəni əsirdi, danışa-danışa Soltanı otaqdan çıxarırdı. Nəsrinə elə gəlirdi, iki dalaşanın arasına girmişdi. Soltanı otaqdan çıxardı. Soltan da, Nəsrin də otaqdan çıxan kimi susdular. Dərin nəfəs aldılar. Hər ikisi bir az əvvəl Allahla üz-üzə dayandıqlarını sanırdılar. Qismətin otağından çıxan kimi, yaradanla onların arasına uzaq, çox uzaq, sonsuzluğa kimi uzaq bir məsafə çökmüşdü. Bu məsafənin belə uzaq olduğundan hər ikisi də rahatlandı, dərin bir nəfəs aldı. Dinməz-söyləməz yataq otağına keçdilər.
Günlər keçirdi, cümə axşamları eləməməyi qərara almışdılar, üç, yeddi verdilər. Onsuz da hər gün ev gələn-gedənlə dolu olurdu. Ən çətini hər gecədən səhərə çıxmaq idi. Bu günlər ərzində hər gecə Soltan yataqdan qalxanda, Nəsrin də ayılıb onun ardınca gedirdi. Soltan Qismətin otağına dönəndə Nəsrin onu ayıldırdı. O da tam ayılıb öz otağına qayıdırdı.
İndi də beləcə qayıtdı, yatağa uzandılar, bir müddət susdular. Soltan Nəsrinin saçlarını oxşadı...
- Nəsrin, sən məndən nigaran olma. Bu vərdişdi, bir növ, adətkər olmuşam. Gör, iyirmi bir ildi eyni vaxtda ayılıram. Mənə görə yuxunu qaçırma. Nigaran olma. Yadındadı, mən papiros çəkirdim, həm də çox çəkirdim. Qismət evə gələn gündən tərgitdim. İyirmi bir ildi çəkmirəm. Amma Nəsrin, bu iyirmi bir ilin gecələrinin çoxunda yuxuda papiros çəkə-çəkə deyinirəm "bu zəhrimarı belə çətinliklə tərgitmişdim, yenə başladım?" - deyirəm. İndi bunu da birdən-birə tərgitmək çətin olacaq. Sən məni bağışla.
- Başa düşürəm. Nigaran deyiləm. Bir sən özün-özünlə danışanda qorxuram. O qurban olduğuma ağ olanda qorxuram. Bu yeri-göyü yaradanla nə işin? Bizə övladı verən də o idi, alan da. Şükür böyüklüyünə, bizimki də bu qədərmiş.
- Əvvəla, mən onnan danışmıram, özüm-özümlə danışıram. Bir də axı sən bilmirsən, cicim kənddə namaz qılanda mən burda Allahsızlıqdan məruzələr oxuyurdum. Mən rəhmətlik sosializmin, ölüb getmiş ateizimin elmlər doktoruyam. Yoxdu, yoxdu deyə-deyə gəlib alim olmuşam, indi yoxdu dediyimlə necə danışa bilərəm. Nəsrin yerindən qalxıb oturdu, diqqətlə Soltana baxdı:
- A kişi, vallah məni qorxuzursan. Əstəğfürullah de. Tövbə elə, səndə günah yoxdur, o vaxt belə idi. Hərə bir yannan çörək qazanırdı. Sən də helə. Soltan, bilirəm yandığından nə gəldi danışırsan. Özünü ələ al. Sənə bir həb gətirim at!
- Yox, yox. Səni də yuxudan elədim. Yat, qorxma. Bağışla, mənə fikir vermə. Papiorosu tərgidəndə də bir müddət belə oldum. Qınımdan çıxdım. Yavaş-yavaş özümü qaytarıb qınıma salacam.
Nəsrin Soltanın danışığında bir qarışıqlıq, uyğunsuzluq hiss elədi. "Papiros tərgitmək hara, gözünün ağı-qarası bir oğlunun ölümü hara. Son gecələr evdə tək qalan kimi öz-özünə danışır. Bu yaxşı əlamət deyil. Sarsılıb, gərək onu psixoloqa göstərəm, vaxtında üstünə düşmək lazımdı" -qərara aldı Nəsrin.
- Yat, sən də yat, ay Soltan. Allah rahatlıq versin.
Səhəri gündən Nəsrin Soltanın hərəkətlərinə, sözlərinə diqqəti artırdı. Gördü evdə çox ehtiyatla yeriyir. Elə bil ayağının altında nəyinsə qalacağından qorxur. Bəzən ətrafına baxıb gülümsəyir. Bir gün Nəsrin xörəyin qaynar suyunu qazana süzüb qabyuyana atmaq istəyəndə Soltan onun qolundan tutdu. Qazanı əlindən aldı. Qabyuyana yanaşıb "bismillah" -dedi, boşaltdı. Nəsrinin ona diqqətlə baxdığını görüb gülümsündü.
- Rəhmətlik nənəm, elə cicim də, qaynar suyu bir yerə atmazdan əvvəl "bismillah" deyərdi. Bizim görmədiklərimiz, görə bilmədiklərimiz var. Odu, suyu qəfil töküb cinlərin uşaqlarının əl-ayağını yandıra bilərik. Bismillah deyəndə onlar eşidir, çəkilir. Yoxsa onlar da bizə ziyan verə bilər.
Nəsrin başını buladı:
- Ateistlərin axırını elə belə gördüm. Ya cindar olurlar, ya da faldar.
- Yaxşı, ay Nəsrin, onun buna nə dəxli? Sən şəhər uşağısan, bilmirsən. Bizim yerlərdə yol yanında qoca bir ağacın kölgəsinə girməmişdən ağaca salam verirlər. Bəlkə orda dincələnlər var. Ağacın kölgəsinə sığınırsan, barı özünə salam ver. Hələ də bizdə elə adamlar var, öz evinə girir, bilir ki, evində heç kəs yoxdu, öz evidi də. Amma qapını açan kimi evinə salam verir.
- Bağışla, Soltançik, bağışla. Ora lap dəlixanadır ki...
Soltan hirsini gizlədə bilmədi:
- Niyə dəlixana olur. Siz bəyəm yerin göbəyisiz! Dünyada boş yer var? Hər qarış torpağın minlərlə sakini var.
Nəsrin səhv etdiyini başa düşdü. Vəziyyətin ciddi olduğunu anladı. Onu sakitləşdirməyə çalışdı.
- Bağışla, zarafat eləmək istədim. Deyəsən mən yumor hissimi də itirmişəm. Sən allah, bağışla, ay Soltan. Bu dərd elə ağır, elə böyükdü, elə qəfil düşdü başımıza, bizi əyib içimizdə olan hər şeyi qatıb-qarışdırıb. Bir göz qırpımında uşağın qırxı çatdı. Allah, qırx gündü balam, oğlum, Qismətim yoxdu...Soltan ona yanaşıb qolunu Nəsrinin boynuna saldı, o yan-bu yana baxıb, xəlvət iş görən adam kimi, xanımının saçına dodaqlarını toxundurdu.
- Can, ay Nəsrin, sən od içində yanırsan, mən də hətərən-pətərən danışıram. Vaxt da elə ağır keçir. Bu uşağın yoxluğu qurtaran şeyə oxşamır. Ondan uzaqlaşmaqdansa, bu yoxluq hər saatla, hər günlə bir az da yaxınlaşır. Bizə kömək olun, ay evdəkilər, çöldəkilər, yerdəkilər, göydəkilər.
Nəsrin təəccüblə ona baxdı:
- Qırxa adamları çağırırlar. Gərək siyahı tutaq.
- Tut, Nəsrin, tut, verin bir-bir zəng etsinlər.
- Bəzilərinə özün gərək zəng edəsən, bilirsən kimləri deyirəm.
- Dəvət edərəm balamın toyuna...
Soltanın hərəkətlərində, danışığında nizamsızlığı, məntiq dolaşıqlığını Nəsrin görürdü, haqlı olaraq ciddi narahatlıq keçirirdi. Soltanın ruhi çaşqınlıq kimi nəzərə çarpan hərəkətləri, danışığı günbəgün daha qabarıq gözə çarpırdı. Nəsrin daha çox qorxuya düşürdü. Axır vaxtlar Soltana başı elə qarışmışdı ki, uşağın qırxının necə keçdiyini də bilmədi. Qəti qərara gəlmişdi ki, qırx çıxan kimi gərək Soltanı həkimə göstərim. Gərək Çiçəklə danışım. Bu işi elə görək ki, onsuz da həssas olan vəziyyəti daha da gərginləşdirməyək. Soltan alim də olsa, ömrünün qırx ilini şəhərdə yaşasa da, Nəsrin onu kəndli, kənd psixologiyası ilə yaşayan insan sayırdı. Ona desə ki, psixiatr həkim səni müalicə etsin, Soltan üçün bu, xüsusilə bu həssas vaxtında "səni dəlixanaya qoyaq" kimi səslənəcək. Və bunun nəticəsini təsəvvür etmək çətindir. Bunun deyiliş tərzini, formasını, xüsusilə Soltan anlaya biləcəyi dilini tapmaq lazım idi. Şəhərin baş psixiatrı Nəsrinin uşaqlıq yoldaşı idi. Soltanı da yaxşı tanıyırdı. Adı Cəfər idi. Nəsrin ona Cefri deyirdi. Burada bir incə məsələ vardı. Gənclik illərində Soltan Nəsrini Cəfərə qısqanırdı. Doğrudu, bu çoxdan olmuşdu, amma nə bilmək olar. Şübhənin doqquz canı var. İllər sonra ürəkdə münbit şərait yaranan kimi cücərib boylana bilər. Sevdiyin qadın, otuz il bir yerdə yaşadığın qadın kimi səni heç kəs tanıya bilməz. Hətta öz doğma anası da oğlu haqqında o qadının bildiklərindən az bilir. Qadın onu sevəndən sonra zərrə-zərrə araşdırır. Ürəyinin ən qaranlıq yerlərinə baş vurur. Onun düşüncəsinin məntiqini, hərəkətlərinin məntiqini, inkişafını öyrənir. Ona görə də ərinin hərəkətlərindəki ən kiçik uyğunsuzluq qadının gözündən qaçmır. Cümləsində ona aid olmayan, uzlaşmayan bir söz də qadının nəzərindən qaçmır. Ona xəbərdarlıq kimi səslənir.
Yerinə düşməsə də deməliyəm ki, oğlu ev, ailə, övlad sahibi olmuş analar oğul, gəlin üstündə hökmranlıq hissi ilə yaşayanda unutmamalıdırlar onların oğlunu onlardan daha yaxşı tanıyan qadın var. Onlar sizə qalib gələcəklər. Bir təsəlliniz var ki, sonra da onlara gəlinləri qalib gələcək. Amma gəlin ümidi də puça çıxmışdı. İndi Nəsrin xanımın atası, anası, oğlu, hamısı bir yerdə Soltan idi. O da belə. Əlbət ki, Soltanda olan bu dəyişikliyi onun yaşadığı faciənin üstünə atmaq olardı. Bu çox təbii də qəbul edilərdi. Amma Nəsrin xanım özünü aldatmaq istəyən, problemdən qaçan insan deyildi. O bilirdi ki, bu, başqa bir şeydi. Nəsrinin Soltanda görmədiyi bir şeydi. Soltanın həyatının Nəsrin bilməyən qaranlıq qatlarında mürgülü bir şey varmış və doğrudan da bu faciə ona təkan verib, oyadıb. Hər halda, bunu aydınlaşdırmaq lazım idi. Nəsrin yanılmamışdı. Qismətin üçü çox ağır keçmişdi. Səhər tezdən axşam qaranlıq düşənə qədər gələn-gedən əlindən dincəlməyə aman olmadı. Gecə hamı dağılandan sonra ər-arvad əldən düşmüş halda yatağa girdilər. Nəsrini elə həmin an yuxu apardı. Soltan bir müddət o üzə, bu üzə çöndü, nə vaxt yatdığını bilmədi. Amma gecənin bir aləmi həmişəki kimi oyandı. Yuxulu - yuxulu tualetə tərəf getdi, elə gözləri yarımyumulu Qismətin otağına tərəf döndü. Qapını açdı. Qismətin çarpayısının yanında, küncdə üç nəfər oturmuşdu. Onun gəldiyini görüb bir az kənara çəkildilər. Soltana elə gəldi ki, hələ tam ayılmayıb, yuxu görür. Gözlərini açdı. Yox, çarpayının yanındakılar ona baxıb mehribanlıqla gülümsünürdülər. Bu təbəssüm, mehribanlıq Soltanın ürəyindən keçən tükürpədən soyuq vahiməni götürdü. Soltan sakitləşdi. Nəsrini oyatmasın deyə pıçıltı ilə:
- Siz kimsiz? -soruşdu.
- Biz bir ailəyik, kölgəsizlərik.
- Burda neynirsiniz?
- Biz elə əvvəlindən burdayıq.
- Mən sizi görməmişəm.
- Siz nəyi görürsüz ki, biz həmişə burda olmuşuq, bu ev olmayanda da burda idik, ev tikildi, evin altında qalmalı deyildik, evdə yaşadıq. İndi gözünüz açılıb, görən kimi də salamsız-kəlamsız, "siz kimsiz" - deyirsiz.
- Nəsrin sizi görüb qorxacaq.
- O görməyəcək bizi.
- Bu yuxu deyil ki, siz yəni, doğrudan varsız?
- Əlbət ki, sən ateistsən, sizin üçün görmədiyiniz şey yoxdur deməkdir.
- Danışan hansınızdı, mən ayıra bilmirəm.
Bunlar işıqdan yaranmış insan siluetləri idi. Çarpayının baş tərəfində dayanan irəli yeridi.
- Mənəm - dedi.
- Sənin heç ayağının səsi də gəlmir.
- Bizdən işıq da, kölgə də sərbəst keçib gedə bilir. Biz nuruq. Axı bizim anamız, atamız Adəmlə Həvva kimi tamahı ucundan dünya meyvəsi yeməyib. Görünməzlərimiz görünməyə başlamayıb.
- Yəni belə şeylər var dünyada?
- Var. Sənin gözün açılıb, görürsən. Görməyənlər elə bilir dünya bunlar üçün yaranıb. Dünyada boş yer yoxdu. Ağıllı insanların çoxu görməsə də fəhmi ilə bilir ki, həyatda başqaları da var. Ağaca, oturmaq istədiyi ağac kölgəsinə salam verir. Bəzisi hətta öz evinə girəndə evə salam verir. Nənən, baban sənə deməyib ki, gecə çölə qaynar su, od atmazlar. Atası olsan, əvvəl "bismillah" de, səs çıxart, su, od düşən yerdən çəkilsinlər.
- Mən bunları eşitmişdim. Elə bilirdim boş şeydi.
- Ona görə də deyirdin Allah yoxdu, olsaydı görən olardı. Siz heç ətrafınızdakıları görmürsünüz.
- Mənim oğlum ölüb, Qismət.
- Hə...Qismət. Şən oğlan idi. Elə oyunlar çıxardırdı, elə tamaşalar göstərirdi bizə. Hey gülürdük.
- O sizi görürdü?
- Yox. Biz onu görürdük. İnsanlar evdə tək olanda elə bilirlər onları görən yoxdu. Əsl üzləri açılır, elə oyunlar çıxarırlar.
- Qismətim, oğlum öldü.
- Ölmədi, azad oldu.
- Nəydən azad oldu?
- Cəzadan.
- Hansı cəzadan?
- Sizin hər birinizin içində bizim kimi işıqlı bir nur var. Əslində, adam içinizdəki o nurdu. Siz ona ruh da deyirsiniz. O zərif ruha bu bədəni, piyi, əti, suyu, qanı yükləyirsiniz. Neçə kilosan?
- Yetmiş iki idim. İndi bilmirəm.
- Sənin zərif ruhun yetmiş iki kilonu necə daşıyır. Yazıq, yalnız bədən yatanda yazıq ruh qaçıb bir az dincəlir. Oğlun yükdən azad olub. Xoşbəxtdi.
- Mən onu görə bilərəm?
- O bizim işimiz deyil. Biz, adətən, heç bir işə qarışmırıq.
- Deyirsən Qismət sağdı...
- Ruh ölmür axı.
Nəsrin yuxudan ayılıb yanında Soltanı görmədi. Tez ayağa qalxdı. Qismətin otağına qaçdı. Qapı açıq idi. Soltan Qismətin çarpayısında uzanmışdı.
- Soltan, ay Soltan, oyan, canım. Oyan, ay Soltan.
Soltan oyandı, gözünü açmadan:
- Hı...elə gözəl yuxu görürdüm- dedi. Gözünü açdı, otağın küncündə həmin üç nəfər yenə dayanmışdı. Ona baxıb gülümsəyirdi: - Siz burdasız? - dedi. Üçlərdən biri ona əli ilə sus işarəsi elədi.
- Nəsrin qorxar, ehtiyatlı ol.
- Hə... - dedi, Nəsrinə baxdı.
- Hələ ayılmamısan?
- Yox, ayıldım, gedək.
- Xeyir ola, yuxuda kimi görmüşdün ki, mənə "siz" deyirdin?
- Oğlumuzu gördüm, gördüm ölməyib deyillər.
- Of, of, of, ay kişi, evimiz elə yıxılıb ki, bir də dikələn deyil. Gəl, gəl görək. Sən alim adamsan. Gərək reallıqla barışasan.
- Olmaz mənim kimi alimdən, ölmüş sosializmin ölüb çürümüş ideologiyasından yazıb, elmlər doktoru olmuş bir müqəvvayam.
- Yaxşı, sən Allah bəsdir. Başqaları kimi işini o, bu yazmayıb ki. Özün çesni yazmısan, müdafiə eləmisən. Yuxuda nə görmüşdün?
- Hə...yadımdan çıxdı. Yadıma düşəndə danışaram.
Soltan gördü ki, kölgəsizlərdən böyüyü onun yanı ilə gedir - hara belə - dedi.
Nəsrin ayaq saxladı, ona diqqətlə baxdı:
- Necə yəni hara? Gedək yataq. Səhərə hələ xeyli var.
Nəsrinin şübhəsinin əsası o gecə qoyuldu. Soltana diqqəti artırdı. Akademiyaya zəng edib institut direktoru ilə danışdı. Soltanın yorğun, çaşqın olduğunu dedi. Qırx çıxandan sonra da Soltanı bir müddət işə buraxmaq istəmədiyini dedi. Dedilər ki, Akademiyanın binası əsaslı təmir olunur. Toz-torpaq içindəyik. Gəlməsinə ehtiyac yoxdu. Maaş vaxtı-vaxtında hesabına keçiriləcək. Vacib iş olsa, zəng edərik. Biz bilirik ki, elmi kəşf etmək üçün Soltan müəllimin evində şərait burdan yaxşıdır -dedilər. Nəsrin bilmədi "kəşf" məsələsi zarafat idi, yoxsa sataşmaq idi. Ürəyində narahatlıq qalsa da, üstünü vurmamağı, Soltana da bu barədə deməməyi qərara aldı.
Soltan son günlər kölgəsizlərə elə öyrəşmişdi, görməyəndə darıxırdı, xüsusilə böyüyünü. Ailə başçısı da həmişə Soltanın yanında idi. Tək olan kimi söhbətə başlayırdılar. İndi də Soltan hava almağa həyətə düşmüşdü. Həyətdə yaşlılardan heç kəsin olmaması onu sevindirdi. Taxta oturacaq vardı. Soltan diqqətlə baxdı, oturacaq bulaşıq deyildi. Əlini yanındakı boş yerə vurdu, kölgəsizə oturmağa yer göstərdi.
- Qonşu, bu bədənin insana yük olması mənim üçün qaranlıq qaldı.
- Qonşu sözündən xoşum gəldi. Sən məni qəbul eləyirsən, deməli, inkişaf var.
- Sən mənə başa sal. Axı insan elə o bədənlə dünyaya gəlir.
- Dünyaya yox, anadan doğulur. Dünyaya anadan olandan doqquz ay əvvəl gəlib. Bir zərrə nur kimi. Sonra doqquz ay ona bədən geyindirirlər, yükləyirlər, dünya üçün hazırlayırlar. Əvvəl anasından yeyib bədəninə oturur. Nəinki bədəni gəzdirməyi, yeməyini də tapmağı boynuna çəkir. İnsan şəklinə düşür, dünyaya gəlir. Dünyaya gələn kimi necə ağır bir yükün altına girdiyini duyub ağlayır.
- Bəs niyə bədən çıxıb qaçmayır?
- Adəmi, Həvvanı yoldan çıxardan tamahdan onun övladlarında da var. Tamah qoymur. Sonra da Allah bu bədəni onların ruhuna zindan yaradıb. İnsan cəza çəkib təmizə çıxmalıdı. Cəza evindən qaçanı daha ağır cəza gözləyir.
- İnana bilmirəm, qonşu, insan ruhuyla, bədəniylə bir yerdə insandı. Bədən ona yük ola bilməz.
- Elə isə, niyə insan doğulan kimi yerimir, yüyürmür... aylarla sürünür, iməkləyir. Sonra səndələyə-səndələyə birtəhər bədənini qaldırır.
- Danışmağı da bacarmır.
- Xeyr, körpə doğulan kimi ağlayır, az sonra gülür, danışır - bizim kimi. Körpələr bizi görür, bizimlə danışır. Onlar tək qalanda biz onları əyləndiririk. Doğulduğu ailənin, xalqın dilini öyrənmək üçün ona xeyli vaxt lazım olur - bir an susdu.
- Nə oldu?
- Pəncərədən Nəsrin xanım sənə baxır.
Soltan dönüb pəncərəyə baxdı. Nəsrin ona baxırdı. Soltan ona əl eləyib döndü, söhbətə başlamaq istəyəndə kölgəsiz ona susmaq işarəsi verdi.
- Niyə susum, indi nə olub?
- O xanım məni görmür axı. Elə bilər ki, öz-özünlə danışırsan. Bu sizdə yaxşı əlamət deyil.
- Hə adamı dəli sayarlar. Başqa cür necə danışım?
- Bizim kimi.
- Necə?
- Diqqətlə bax mənə, üzümə bax.
Soltan fikir verdi, birdən hiss etdi ki, onun ağzı açılmır, dodaqlar tərpənmir. Amma danışmamış eşidilir.
- Bu necə olur?
- Sənin ruhunun gözü ilə yanaşı, qulaqları da açılıb. Sən mənim fikrimi eşidirsən. Sən də ürəyində düşünərək sual-cavab eləsən, biz eşidəcəyik. Yoxsa sənin başına çox işlər gələ bilər. İnsanlar dəli olmur ki, onlar ürəyindən keçənləri son dərəcə səmimi danışır və eləyir. Ətrafdakılar bu səmimiyyəti onlara bağışlaya bilmir. Aparıb salırlar dəlixanaya.
- İndi Nəsrin mənim haqqımda...
- Elə bilir ki, sarsılmısan, xəstəliyə doğru gedirsən.
- Bəlkə Nəsrinə də görükəsiz. Onu hazırlayaram, sizdən qorxmaz.
- Yox, lap biz istəsək də, o bizi görə bilməz, onun ruhunun gözü-qulağı açıq deyil. Bizim barədə ona heç danışma.
- Nəsrinə nə olar?
- Heç nə. Bir az qorxar. Amma səni aparıb qoyarlar dəlixanaya.
- Niyə?
- İnsanlar görmədiyinə inanmır, belə şeyləri deyənləri də ya dəli sayır, ya da yalançı.
- Belə getsə, məndən də qorxmağa başlayacaq.
Pəncərədən baxan Nəsrin Soltanın həyətdə tək olduğunu görüb əvvəl ona yazığı gəldi. Sonra diqqətlə baxanda onun özü-özü ilə danışdığını hiss etdi. Çiçəyə deməyi qərara aldı. Telefonu yığdı.
- Alo, Çiçək. Təksən? Lap yaxşı, bir bizə keç.
Dərhal qapının zəngi çalındı. Nəsrin qapını açdı. Çiçək elə danışa-danışa içəri girdi. Öpüşdü, görüşdü.
- Ay qız, vallah, Nəsrin, məndən olsa, sənin yanından bir an da əl çəkmərəm. Amma fikirləşirəm bu qədər gələn-gedən, ayaq altında qalmısız. Mən də bir yandan səni bezdirməyim. Soltan qədeş necədi? Evdədi?
- Yox - Çiçəyi pəncərənin qabağına gətirdi -odu e... Təkcə oturub.
- Darıxır da...
- Yox, ay Çiçək, qorxuram qara günlərim hələ bundan sonra başlaya...
- Niyə, nə olub?
- Diqqətlə bax. Öz-özünə danışır. Axır vaxtlar evdə də belədi, dolaşıq sözlər deyir.
- A...a...dönüb bizə baxır.- Çiçək pəncərədən çəkildi.
Soltan dönüb Nəsrinə əl yellədi - a...a.., Nəsrin bacı, o, hardan bildi ki, sən ona baxırsan. Elə bil səni görürmüş.
- Görür, Çiçək. Deyirəm da...
- Burda nə var ki. Baxışını hiss eləyib. Məhəbbətdəndi da... Ay qız, onun yerinə kim olsa havalanardı.
- Deyirəm bəlkə Cəfərə göstərək.
- Onda da dedin. Nə adla aparaq? İşi daha da çətinə salarıq.
- Bəlkə sən gedib məsləhətləşəsən.
- Ceflə?
- Hə?
- Deməz ki, Nəsrin, Soltan özü niyə gəlməyib.
- Deməz. Başımıza gələni bilir. Yasa da gəlmişdi. Soltanı ora aparmağa bəhanə tapsın.
- Bəlkə mən Qasançikə deyim.
- Yox, yox, ərin bilməsin. Ağzından söz qaçırar, kişi biabır olar. Ümumiyyətlə, bu mənim təşəbbüsüm olmasın. Cəfərə de ki, bir yol fikirləşsin, tapsın.
Soltan dönüb pəncərədən baxan Nəsrinə əl yelləyəndən sonra ürəyində danışmağı qərara aldı; düşündü.
- Düz deyirsən, dil danışanda baş, əl ona fikri izah etmək üçün köməkçi olur. Onda da adam kənardan özü ilə danışan dəli kimi görünür.
- Ay maşallah, öyrəndin. İnsanlar hamısı ürəyində danışır. Hamı ona ehtiyac duyur. Söz halını almamış fikir bəşəri dildir. Ən doğru fikirdi. Ruhun dilidi. Həmin fikir gəlib boğazda səsə, dildə, dodaqda sözə dönəndə bir xalqın dilinə dönür. Fikir içəridə çox təmiz və səmimi olur. Boğaza, dilə, dodağa gəlincə həyata yaxınlaşır. Fikrin həyatla uzlaşmadığını görüb dil-dodaq ruhun düşündüyünü bədənin, başın xeyrinə redaktə edir, bəzən isə bədəni, başı salamat olsun deyə, fikrin tərsini sözə çevirib deyir.
- Niyə axı bir şeyi fikirləşəsən, başqa şeyi deyəsən?
- Cəmiyyətdə hamı, elə sən özün də belə danışırdın.
- İndi yox!
- Əlbət ki, indi itirəcəyin şey qalmayıb. Qalanlar da hələlik sənə əhəmiyyətsiz görünür.
- Niyə, Nəsrin var!
- Nəsrini sən sevməmisən axı.
- Sevmişəm.
- Yox, sən rahatlığı sevmisən. Nəsrin rahat qadındı. Evi də rahatdı, atası, anası da rahat idi... zəmanən də rahat idi, iş yerin də, vəzifən də. Oğlun vardı, balan, canın. Onlara görə ağzında fikirlərini dəyişdirib danışırdın. Sap qırıldı, yuxarıda sadaladığın mirvarilər dağıldı. Bundan sonra da düşündüyünü deməsən, sənin ruhun bu bədənindən azad olanda daha ağır cəza olacaq. Bəlkə ruhuna fil bədəni yükləyəcəklər. Sən fili də daşıyacaqsan, üstündəki yükü də. Sus, gəlir.
- Kim gəlir?
- Nəsrin.
Nəsrin arxadan ona yanaşıb əllərini onun çiyinlərinə qoydu.
- Tək niyə oturmusan burda? Soyuq olar. Gedək evə.
- Bu boyda binada bir adam yoxdu ki, gələ oturub söhbət eləyəsən.
- Onları qınama, ay Soltan. Başımıza gələni hamı bilir. Yanına gəlib sənə nə desinlər?! Sən özünü onların yerinə qoy. Çölə çıxmaq istəyəni də səni görüb çıxmır. Sənə hansı söznən təsəlli vermək olar?
- Haqlısan, Nəsrin, haqlısan. Gedək evə. - "Gedək evə" sözü kölgəsizə aid idi.
Soltan müəllim indi pəncərənin qabağında dayanıb həyətə baxırdı. Bir az əvvəl oturduğu yerdə bir dəstə həyət adamı yığışmışdı. Kimi nərd oynayırdı, kimi də domino. Deyib-gülürdülər.
Soltan düşündü ki, "hə də...burdan baxıb, görüb ətrafda ins-cins yoxdu, amma mən danışıram. Yazıq Nəsrin. Ağlına nə desən gələr.“ Yanında kölgəsizi gördü.
- Düz fikirləşirsən - bunu kölgəsiz dedi - çağır söhbət elə.
- Deyərəm ki, qorxma, elə şey yoxdu.
- Yox, elə desən daha da çox şübhələnər. De ki, belə şeylər olan şeydi. İnsan həmişə düşünür. Yəni öz-özüylə danışır, ürəyində danışır. Bəzən yuxuda danışan kimi səsi bərkdən çıxır. Xüsusilə belə gərgin vaxtlarda. Olan şeydi. Amma keçib gedəcək. De ki, məndə də olur, bəzən səndə də olur.
- Onda olmur axı. Görməmişəm.
- İnsanların hamısı öz-özü ilə danışır, inanacaq.
- Nəsrin!
- Hay can!
- Xeyir ola, arvad. Mənə "can" deyirsən.
- Sənə demirəm ey...Səsin Qismətin səsinə oxşayır. Səsi eşidən kimi ixtiyarsız can sözü dilimdən çıxır.
- Dedim, belə can deməkdə bəlkə könlündən başqa...
Nəsrin gəlib ona yanaşır. Sözünü kəsir:
- Düz deyiblər, kişilərin beynində ancaq o məsələdi. Gör nə deyir, özü də bu gündə.
- Ay qız, zarafat elədim. Deyirəm ürəkdən ürəyə yol var ey...bayaq oturmuşam həyətdə, xəyalımda sənnən danışırdım, dönüb pəncərəyə baxdım, gördüm ordasan. Görünür, biotoklar məsələsi doğrudu.
- Düzü, Soltan, sən dönüb baxanda mən də çaşdım. Elə bil məni görürsənmiş. Baxan kimi əl elədin.
- Məndə elə şeylər olur, daha doğrusu, lap uşaq vaxtlarımda olardı. Yeriyən adamın yıxılacağını bir an əvvəl görürdüm, bir an sonra həmin adam elə mənim gördüyüm kimi yıxılırdı.
- Soltan, sən bunu doğrudan deyirsən? Yoxsa zarafatdı?
- Nə zarafat. Lap balaca olardım. Yəni üç yaşım olarmış. Anamın qucağında olmuşam. Görürəm anamın gözlərindən qan axır. Barmaqlarımla göz yaşı əvəzinə axan qanı silirəm, yenə axır. Gözünü sil, ağlama. Sonra bildim ki, o vaxtlar atam rəhmətə gedibmiş. Fikirləşdim, anam içində qan ağlayırmış.
- Bu dəhşətdi ki, sən bunu mənə heç danışmamısan.
- Hə, elə həmin vaxtda sərçə boyda quşlar görürdüm. Hər tərəfdə dörd qanadı vardı, hər qanadı bir rəngdə. Aradan əlli altı il keçib, hələ də gözüm o quşları axtarır.
- Ay Soltan, bəlkə bunları sən yuxuda-zadda görmüsən?
- Yox, arada elə mən də şübhələnmişdim. İnstituta daxil olan ili kənddə idim, cicimə dedim: "yadımdadı, qucağında idim, gözündən qan axırdı". Əvvəl boynuna almadı, sonra dedi hə... qızdırman vardı. Ağlayırdın ki, gözlərini sil, qan axır. Atan təzə rəhmətə getmişdi- dedi. Onda bildim ki, bunlar hamısı olub. Olub, keçib gedib. Yorulmuşam, gedim bir az uzanım.
Soltan yataq otağına keçən kimi Nəsrin özünü telefona yetirdi. Nömrəni yığdı. Mətbəxə keçdi.
- Alo...Çiçi. Soltan mənə elə şeylər danışdı, tüklərim biz-biz oldu. Yox, uşaq vaxtından. Telefon söhbəti deyil. Bunları da Cəfərin bilməyinin xeyri olar. Gəl, amma zəngi basma, qapını açıq qoyuram. Yatmağa keçib, oyatmayaq. Gəl elə indi...
Nəsringilin yaşadığı bina Bakıda sovet dövründə tikilən ən gözəl yaşayış binası idi. Sahildə bütün otaqları dənizə baxırdı. Əlbət ki, indiki binalar daha gözəl, daha geniş tikilir. Unutmayın ki, o bina əlli il bundan əvvəl tikilib. Həsən o dövrün ən məşhur neft mühəndisinin oğlu idi. Kişinin bir qızı, bir oğlu vardı. Qız bir idmançı rus oğlana vurulmuşdu. Atası razılıq vermirdi. Oğlan üzgüçülük üzrə respublika çempionu, SSRİ üzrə yarışda gümüş medal almışdı. Leninqrad yığması ilə danışıb ora köçürdü. Son günəcən hər şeyi xəlvət görmüşdü. Oğlan Həsənlə dostluq edirdi, köçməyə iki gün qalmış Nərgizə dedi ki, qoy Qasançikə deyim bilsin ki, səni də aparıram. Nərgiz qəti etiraz etdi:
- Nə danışırsan, olmaz! Qardaş mənimdi, tanıyıram ağzında söz qalan deyil. Bir saatdan sonra papamın ovucunda olacaq. Valentin, bax ha...Desən, əlini məndən üz.
İki gündən sonra yoxa çıxdılar.
Bir həftə sonra Şahsuvar Mərdanlı teleqram aldı. Ata, biz Valentinlə evlənmişik, xoşbəxtik, nigaran qalmayın. Axtarmayın.
Qız yoxa çıxandan, onsuz da xəstəhal olan Sənəm xanım yatağa düşmüşdü. Şahsuvar teleqramı gətirib Sənəmin yanında stolun üstünə çırpdı.
- Bu da sənin tərbiyə verdiyin qız. Papağını şök qoy. Aşığın alçı gəlib. Arvad qeyrətin mübarək.
Sənəm xanım ay yarımdan sonra rəhmətə getdi. Yalançı deyənlər olsun, guya Sənəmin ölümünə əsas səbəb bu hadisə olub. Deyilənə görə, arvad əri ilə küsülü ölüb. Deyirlər də...
Amma bir şey dəqiqdir ki, Şahsuvar qəzəblənib böyük vəzifədə olan ixtiyar sahibi bir dostunun yanına gedib. Onları tapdırıb gətirtməyi xahiş edib. Dostu onu diqqətlə dinləyib:
- Sən bunu başqa adama deməmisən ki?
- Yox.
- Otur. Yaxşı ki, deməmisən.
- Mümkün deyil? - Şahsuvar elə bil yuxudan ayıldı:
- Sən bilirsən ki, mən bu vəzifədən başqa ayrı bir idarədən də maaş alıram.
- Təxminən...
- Bilmirsənsə, bil!
- Sənin ağzın deyəni qulağın eşidincə, neçə yerdə eşidirlər -o, bir əli ilə tavanı, döşəməni, stolu, stulları göstərdi.
- Qaçırdıb ey qızı.
- Qız sənə yazıb ki, xoşbəxtik. Şübhəsiz, sən oğlanın rus olduğuna etiraz etmirsən. Rus bizim böyük qardaşımızdır. Müəllifin adını demiyəcəm. Bir şairin "atalar sözü" kimi səslənmiş iki misrası var:
Kimin arvadı rusdu
Onun işi dürüstdü - eşitmisən?
- Hə, eşitmişəm.
- Sən bu söhbəti eləməmisən. Mən də eşitməmişəm.
- Yəni heç bir...
Dostu qəsdən onun sözünü tələm-tələsik kəsdi:
- Şahsuvar, səni təbrik edirəm, xoşbəxt olsunlar. Səməd Vurğun gözəl deyib:
Dağ olsan da dağa arxalanmasan,
Didər səni torpaq kimi küləklər.
Sən böyük bir xalqla qohum olmusan.
Sənəmdən bir-iki ay sonra da kişi rəhmətə getdi. Günahı deyənlərin boynuna, guya kişini o dərd içəridən yeyib öldürüb. Qorxusundan heç xəstəlikdən də şikayət eləməmişdi. Bir gecə yatıb səhər oyanmamışdı. Kim bilir, yuxuda nə görüb ürəyi dözməyib. Dərdini də, sirrini də özü ilə aparıb o dünyaya. Bu qohumluğun keyfini Qasançiklə Çiçi çəkirdi. Hər yay on beş gün, bəzən bir ay gedib qalırlar Leninqradda, indiki Sankt-Peterburqda. Axşamdan bəri Çiçək xanım evə-eşiyə sığmırdı. Ürəyini söz deşir, Həsənə deməyə qorxur. Nəsrin xanıma söz verib. Həsən də hiss eləyib ki, Çiçəkdə söz var. Aclığı yadından çıxıb. Həsənə çörək, su vermə, xəbər ver, xoşbəxt olacaq.
- Çiçi, sən bilirsən ki, mən ağızdan möhkəməm.
- A...a...a, bilirəm, bilirəm, elə ona görə demirəm da...
- Sataşırsan mənə?
- Yox, niyə, deyirlər hardasa bir oğlun var, gör indiyə kimi bir dəfə ağzından qaçırmısan? - dedi.
- Çiçi, kim deyir, yalan deyir, bilirlər uşağımız olmur, uydururlar da...
- Desinlər, heç vecimə deyil. Qasançik, kasıb doğma anadan, varlı ögey ana şirin olur. Qoy bir az böyüsün, bir maşın alıb verərəm, olaram "Çiçi mama" - Bu yerini ürəyində düşündü. O da Qismət kimi çırpar özünü qayaya, olar "puçu bala" -düşündü. Həsənə baxıb gülümsündü.
- Vallah, Çiçi, gözəl olduğun qədər də ağıllısan. Heç sultanlara da belə gözəl qismət olmur.
- Sultan demə, elə bilərlər qonşu Sultandan danışırsan.
- Hə, nə oldu. De, səndə söz var. Soltan ha...Kasıb itinin adını Gümüş qoyar. Ağzına gələni yazıb olub elmlər doktoru.
-İnsafın olsun, deyə bilmərəm içində nə var, hər nə yazıb, özü yazıb. Adam var onun üçün yazılan doktorluq işini oxumayıb, akademik olub.
- Çiçi, bəlkə bir adam tapaq, mənə də bir doktorluq yazsın. Pulunu verərəm.
- Nəyinə lazımdı. Sənətkarsan. Torpağı iyləyəndə neftin harda, nə qədər olduğunu bilirsən.
- Nə bilim. İndi ölkənin pulu artır. Bir azdan ölkəyə ağıllı adamlar, alimlər də lazım olar.
- A kişi, pulun var, gətir xərcləyək. Biz o vaxtı görmərik.
- Çiçi, mazgimi xarab eləmə, de görüm bunlarda nə var, nə olub?
Çiçək səsini pıçıltıya qədər endirdi:
- Soltan qədeş xərəbliyib.
- Neyləyir ki...
- Dinmir, danışmır, xəlvətə düşən kimi başlayır öz-özü ilə danışmağa.
- Hı...nə bilmişdin. Kişinin o boyda oğlu dünən vardı, bu gün yoxdu. Ağır işdi. Keçər.
- Yox ey...Bunda əvvəllər də deyir belə şeylər olub.
- Onu kim deyir?
- Nəsrin.
- Nəsrin billə-bilə ona ərə gedib.
- Yox, Nəsrin də təzə bilib. Özü danışıb.
- Həkimə aparmaq lazımdı.
- Gərək başqa bir bəhanə tapaq. Yoxsa gəl səni aparaq psixiatra göstərək desək, sağlam adam dəli olar. Özü də bu vəziyyətdə.
- Çiçi, məni bu işə qatma. Onsuz da məndən xoşu gəlmir. Allah bilir nə fikirləşər.
- Yox, Nəsrin xahiş edib ki, mən gedim Cefri ilə məsləhətləşim.
- Vot tibe na!!! Yaxşı bəhanə tapmısan Cəfərin yanına getməyə.
- Ha-ha-ha - gülüb Həsəni qucaqlayır, - Qasançik, məni qısqanırsan?
- Da neet! Əşi, bu Cəfər nə belə matah olub. Camaatın əlli faizi dəlidi, iyirmi beş faizi də özünü dəliliyə vurub, nöşün ki, sərfəlidi. Bütün ölkə qalan o iyirmi beş faiz ağıllının çiynində gedir.
- Aaa... Sən nə danışırsan!
- Canın üçün, Çiçi, Cəfər bu gün özünü prezidentliyə namizəd versə, keçər və bu ölkədə dəlixana qanunlarını həyata keçirər. Xoşbəxtlikdən, Cəfər millət naminə gül kimi dəlixana azadlığını, prezident əsarətinə dəyişməz.
- Vay, vay, indi tapdım səni zavadit eləməyin yolunu. Qısqanclığından milləti dəli elədin, Cefrini prezident. Bu ölkədə ikicə ağıllı qaldı, biri sən, biri də mən.
- Yox, üç, biri də Nəsrin.
- Aha sözə gəlirsən, malades.
Nəsrin xahiş elədi ki, sənə deməyim, ağzı boşun birisən. Qonşuyuq, rəfiqəyik...
- Ağzı boş ha. Olaram da. Məclisdə oturanda onun ərinin əvəzinə də, öz əvəzimə də danışıram. Oluram ağzı boş. Cefri, Cefri, bu Cəfər nə vaxtdan Cefri olub.
- Əşi, neyniyək, sən özün də onu görəndə març-març öpüşürsən.
- Tfu, neynim ey, gəlir adamın üstünə... neynim. Vot tibe na...
Gecənin bir aləmində Soltanın ayılıb yataqda oturduğunu Nəsrin hiss elədi. Qəsdən qımıldanmadı. Soltan da oturduğu yerdə qalmışdı.
- Çox qaranlıqdı -Soltan pıçıldadı.
- Gecədi da, elə çox qaranlıq da deyil - Nəsrin yerindən qalxıb stolüstü lampanı yandırdı. Soltana baxdı, heyrətləndi. Soltan gözüyumulu oturmuşdu -gözünü yumub oturmusan, özün də deyirsən qaranlıqdı.
- Hə? - Soltan gözlərini açdı - doğrudan ey ...deyirəm axı. Həm işıqdı, həm də qaranlıq. Çarpayıdan düşə bilmirdim.
Nəsrinin canından üşütmə keçdi.
- Bismillah - dedi.
- Nə olub, Nəsrin? Səni yuxudan elədim?
- Yox, yox. Nə lazımdı, nə gətirim sənə.
- Heç nə. Özüm gedirəm. Sən yat.
- Yox, mən də gəlirəm.
- Sən rahat yat. Bəlkə mən elə Qismətin yerində yatdım. Sən dincəl.
Nəsrin istədi etiraz etsin, elə həmin an Soltanın başqa otaqda yatmasının ürəyincə olduğunu duydu.
- Nə deyirəm, yatırsan - yat.
Az sonra Soltanın qonşu otaqdan pıçıltılı səsini eşitdi.
- Salaməleyküm.
Nəsrin əllərini göyə qaldırıb, ürəyində dua etdi:
- Allahım, sən bizi el gülüncü eləmə. Ağlımızı alıb bizi dillərə salma, Allahım.
Nəsrinin gözünə yuxu getmədi, qorxurdu, amma ondan daha güclü bir hiss, maraq maqnit kimi onu Qismətin otağına çəkirdi. Soltan orada neyləyir? Yatıbmı? Yox, yatırdısa elə burda yatardı. Çarpayısından endi. Səs salmasın deyə şətəl də geymədi. Ayaqyalın, barmaqlarının ucunda, balerina kimi səssiz-səmirsiz gedirdi. Əslində, getmək istəmirdi, onu maraq, həyəcan ovcunda aparırdı. Elə bil ayaqları döşəməyə toxunmurdu. Qapı azca aralı qalmışdı. İçəri aydın görünürdü. Soltan çarpayıda bardaş qurub oturmuşdu. Gözlərini otağın küncünə zilləmişdi. Elə bil kimisə maraqla dinləyirdi. İçərini daha yaxşı görsün deyə qapını bir az da araladı. Həmişəki boş otaqdı. Soltanla söhbət eləyən kölgəsiz ona Nəsrinin qapının arasından baxdığını dedi. Soltan üzünü döndərmədən:
- Gəl içəri, gəl, Nəsrin - ürəyindən keçdi ki, burada kölgəsizlər yaşadığını, onları gördüyünü Nəsrinə desin - Gəl otur burda...
- Demə! Qorxacaq, dözməz, ürəyi dayana bilər - kölgəsiz dedi.
Soltan sözü dəyişdi:
- Gəl, burda Qismətin ətri qalıb, havası qalıb. Havam çatışmayanda bura mənə kömək eliyir, dərman kimi kömək eliyir.
Nəsrin gəlib onun boynunu qucaqladı. Sonra bir əli ilə oğlunun yatdığı yeri, çarpayını sığalladı. Az qala deyəcəkdi ki, "uşağa mane olma, qoy yatsın", özünü yığışdırdı. Soltanın qoluna girib çarpayıdan endirdi.
- Gəl, gəl gedək yerimizə. Allah bizə dözüm, səbr versin. Allah ruhumuza dinclik, gözümüzə yuxu versin. Gedək, Soltan.
- Özünü ələ al, bizim burada olduğumuzdan Nəsrini şübhələndirmə. Qorxudan evdən qaça bilər, havalanar. - Bunları kölgəsiz deyirdi, amma tam əmin deyildi, bu içində eşitdiyi özünün ürəyində düşündüyüdü, yoxsa kölgəsizin ona dedikləridi.
- Gedək, ay Nəsrin, gedək. Deyəsən mən sənə lap zülm eliyirəm.
- Niyə elə deyirsən? Allah eləməsin, ay Soltan, sənsiz bir günüm olmasın, Soltanım mənim.
Çiçək zəng edib vədə aldı. Cəfərlə görüşdü. Sonra bütün günü o görüşün təsiri altında buludların üstündə uçdu. Cəfərin Çiçəyə dediyi komplimentlərdə sözlərin parıltısı göz qamaşdırırdı. Elə cümlələr qururdu, elə bəlağətli sözlər deyirdi, heç bir qadın ürəyi ona biganə qala bilməzdi. O da ola yerişi kəpənək uçuşu kimi rəqs edən Çiçək ola. Çiçəyi dəlixananın seçilən-sayılan qadınlarının palatasına apardı. Çiçək xanımı Şah İsmayıl Xətai nəslindən qalmış yeganə nümayəndə kimi təqdim etdi. Zadəgan dəli xanımlardan bir neçəsi şahzadə Çiçək xanımın əlini öpüb xoşbəxt oldu. O gün, o saatlarda Çiçək xanım da onlardan daha çox xoşbəxt idi. Söhbətə başladılar. Nəsrinə görə hər ikisi də xeyli kədərləndi.
- Çiçi, Qasançik neyləyir?
- Qasançiki tanımırsan, Cef, yerin altında da, üstündə də, hər yerdə olur - evdən başqa.
- Eh, bu kişilər. Heç bir kişi öz xanımı kimi bir xəzinənin qədrini-qiymətini bilmir. Hara getsə sənin ayağına gələcək, Çiçi.
- Elədir, hara gedə bilər, ipi əlimdədir.
- Nəsrin xanım yəqin ki, sarsılıb - Cəfər mətləbə keçdi.
- Əlbət ki, sarsılıb.
- Yasa getmişdim. Onu görə bilmədim. Soltana təsəlli verdim, əlimizdən nə gəlir.
- Allah səbr versin onlara, ağır dərddi. Bir olub belə olunca, mənim kimi heç olmamağı yaxşıdı.
- Sənin olar, inşallah. Rəhmətlik Xəlilin neçə illər sonra uşaqları oldu.
- Ya qismət. Hə, Qismət demiş, mən elə Soltana görə gəlmişəm.
Olanları Cəfərə danışdı.
Cəfər Soltanı gətirmək üçün bəhanəni elə həmin an tapdı.
- Çiçi, siz deyin ki, Nəsrin bu boyda stress keçirib, sarsılıb. Srıv ola bilər. Həkimə aparmaq, bir məşhur psixiatrdan məsləhət almaq lazımdır. Əlbət ki, onu Soltan gətirməlidir. Məşhur psixiatrı hardan alacaq, əlbət ki, mənim yanıma gətirəcək. Mən adamları soyundurub baxmıram ki. Söhbət zamanı görəcəyəm nə var, nə yox. Gəlsinlər.
Həsən də boş qalmamışdı. Bu vaxt ərzində Soltanın xəstəliyini bütün instituta, bütün akademiyaya çatdırdı. Dedi günbəgün xəstəliyi artır, aqressivləşir. Gecələr yatmır, öz-özünə danışır.
Soltan evdə darıxıb aşağı endi. İstədi dənizkənarı parka keçsin. Maşınların sıx və sürətli hərəkəti gözünü qorxutdu. Yolun o üzünə keçmək ona ağır bir iş kimi göründü. "Bəlkə dağüstü parka gedən fünkulyora minim. Şəhidlər Xiyabanına qalxım?! Yenə məzarlar" - düşündü. Bu vaxt yanında taksi dayandı:
- Dayı, taksi lazımdı?
Soltan elə bil yuxudan ayıldı:
- Hə, bala -taksiyə oturdu.
- Dayı, hara gedək?
- Akademiyaya -maşın getdikcə Soltan şəhərə hardansa təzə gəlmiş adam kimi baxırdı. Bağların, evlərin əksəriyyəti hasara alınmışdı, təmir olunurdu. Yeni göydələnlər tikilirdi. Küçələri bir yandan tikirlər, bir yandan sökürlər. "İndiyə kimi haradaymış, bu qədər iş tökülüb qalıbmış. - Özü də ürəyində özünə cavab verdi. - İndiyə kimi başımız açıldı ki. İmperiya dağıldı, Qarabağ müharibəsi, xaos, sonra Qismətim getdi. Bura bax, kölgəsiz, mənim içimdə danışan sənsən, yoxsa mənəm? Yox, mənəm, sən olsan, səni görərdim.”
- Dayı, akademiyadı.
- Hə, düşüm - pul çıxartdı - sağ ol, bala.
- Gözləyim, dayı?
- Yox get, sağ ol.
Akademiyanın bağına girən kimi görənlər ona yanaşdı; maraqla, təəccüblə:
- A kişi, xoş gördük.
- Professor, sizdən nə yaxşı.
- Soltan bəy, əyləş bir nəfəsini dər.
- Taksidən elə indi düşmüşəm. Yorğun deyiləm.
- Bir əyləş görək, son qəmin olsun. Eşitdik bir az nasazlamısan.
- Yüngülvarı.
- Zarafatdı, o boyda faciədir?!
- Canım, nə zəhmət çəkib gəlmisiz. Toz-torpaq içindəyik. Təmir eliyirlər. Sağ olsun Prezident, böyük pul ayırıb, hər şey dəyişəcək.
- Necə yəni hər şey?
- Hər şey kompüterlər, stol, stullar, çıl-çıraqlar. Aləm olacaq.
Soltan müəllimin akademiyaya gəlmə xəbəri artıq bütün mərtəbələri gəzmişdi, kabinetlərin qapılarını döymüşdü. Dəhlizdəki qeybətlərin arasına girmişdi. Soltan da adamların ona böyük maraq göstərməsindən əvvəl xoşhal olsa da, marağın həddən artıq olmasından alındı. İnstitutun direktoru düşüb həyətdə onu qucaqlamışdı:
- Eşitdim gəlmisən, sevindim, həmişə ayaq üstə. Dedim qalxıb toz-torpağa bulaşma. Özüm aşağı endim. Maşallah, yaxşısan. Neynək, dünyadı, yas da, toy da ömrün iki qanadıdı. Gərək özün sınmayasan. Biz gərək gələk səni görək. Sən bizdən etibarlı çıxdın.
- Sağ ol, İsmayıl müəllim, yasda gəlməyiniz mənəvi dayaq oldu, sağ olun.
- Nə sözdü, hər gün xəbər alıram. İşdi-gücdü, gəlmək olmur. Təmir də bir yandan. Ay Həsən, mənim şoferimə de, kişini aparsın evinə.
- Zəhmət çəkməyin.
- Nə sözdü, nə lazım oldu zəng elə , gələrlər nə lazımdı edərlər. -Sürücü gəldi - bax bu sənin şoferindi. Hara desən aparacaq. Amma evə getsən yaxşıdır.
- Yox, lazım deyil.
- Etiraz qəbul olunmur.
Soltan hiss elədi ki, onu evə göndərmək istəyirlər. Onun gəlişi rahatsızlıq yaradıb. Bu gəlişi gözləmirlərmiş. Başa düşdü ki, onu maşına otuzdurub evinə göndərəcəkdi. Bu da belə bir əzab verən məhəbbət, ağrılı bir qayğıdır. Təslim olmaqdan başqa çarə yoxdur. Ürəyində qəribə bir fikir səsləndi: "Bu, deyəsən, akademiyaya mənim son gəlişimdi. Gəlsəm də məni qapıdan içəri buraxmayacaqlar deyəsən. Kölgəsiz, bu fikir mənimdir, yoxsa sənin? Yox mənim özümün hissimdi". Heç kəslə xudahafizləşmədən sürücünün qabağına düşüb maşına getdi.
* * *
Axır vaxtlar Nəsrin xanım Soltanın Qismətin otağına girib orda vaxt keçirməyinə mane olmurdu. Çünki otaqda keçən vaxtdan sonra elə bil Soltanın rəngi durulurdu. Əsəbləri nisbətən sakitləşmiş olurdu. Sözü-söhbəti öz köhnə ahənginə qayıdırdı. Bu gün də akademiyadan qayıdanda Nəsrin elə bildi dənizkənarı parkdan gəlir:
- Gəldin?
- Hə.
- Yorulmadın ki?
- Yox - dedi Soltan. Qismətin otağına keçdiyini Nəsrin hiss elədi:
- Dincəl - dedi. - Yemək hazır olanda çağıraram.
Soltan otağa keçdi. Kölgəsizlər üçü də çarpayının yanında həmin küncdə dayanmışdı.
- Siz elə beləcə, gecə-gündüz burda dayanırsız-dedi. Çarpayıda oturdu.- İşiniz-gücünüz yoxdu.
- Var, həm də çox işimiz var -böyük kölgəsiz idi cavab verən -amma bu iş bizim işimizdi. Sizin görməyiniz üçün görülən iş deyil.
- Axı mən sizin işi heç görmürəm bir yana. Heç hiss də eləmirəm. Sizi görürəm axı.
- Bizim işlərimiz də, zaman ölçülərimiz də fərqlidi. Mənim altı yüz on üç yaşım var. Nə qədər az iş görmüş olsam, müqayisədə çox-çox olar. Mənim işim başqa müstəvidə, başqa zaman ölçüsündədir.
- Niyə bizim ömrümüz belə qısadır?
- Dedim axı sizinki ömür deyil, cəzadır, siz cəza çəkirsiniz. Ömrünüz Adəmlə Həvvadan başlayıb sayılır. Bu çəkdiyiniz cəzadan sonra da davam edəcək.
- Mənə kömək eləyə bilməzsən?
- Sənə cəza kəsilib, mən kömək eliyəndə sənin cəzana şərik çıxıram. Sənin cəzanı mən çəkəndə biz kimi aldadırıq?
- Deməli, siz bizə şahidlik eləyirsiz.
- Bizim şahidlərimizə ehtiyac yoxdu. Sizin şahidiniz öz əliniz. Ayağınız, gözünüz, qulağınız, dilinizdir. Biz sizin işinizə heç qarışmırıq. Qarışmağa da ixtiyarımız yoxdu.
- İndi biz söhbət eləyirik.
- Sən bizi görürsən. Ona görə də danışırıq. Bu ailəni görürsən. Mən də bu gecə vaxtı başa salmaq istəyirəm ki, dünya təkcə sizin deyil. Sizinlə eyni dünyada, eyni yerdə paralel həyat sürənlər var. Siz özünüzü xəlvət, kimsənin görmədiyi yerdə sayıb min oyundan çıxanda unutmayın ki, minlərlə tamaşaçınız var.
- Mən sizi görürəm, bəs onları niyə görmürəm?
- Niyəsini deyə bilmərəm. Sən aldığın nəfəsi görürsən? Sən aldığın bir udum nəfəsdə neçə radio dalğası var. O dalğalarda nə qədər səslər. Nə qədər sözlər, nə qədər fikirlər var. Bunlar hamısı sənin içindən gəlir, keçir. Onlar həm yaşayır, həm də sizi yaşadır.
- Bizi necə yaşadır?
- Nəfəs almamış yaşaya bilərsən? Bax, belə havaya da şərikik. Hər şey hamınındı.
- Soltan, ay Soltan - Nəsrinin səsi gəldi.
- Bəli, eşidirəm.
- Yatmısan?
- Yox!
- Gəl, yemək hazırdı.
Kölgəsiz ona baxıb gülümsündü.
- Get, sizin əzablarınızın birincisi yeməkdi, ondan sonra ömrünüz boyu çəkdiyiniz əzablar, işgəncələr, məşəqqətlər, bax, o yeməkdən başlayıb törəyib, törəyib artıb. Get.
- Bəzən məndə şübhə oyanır ki, bəlkə mən heç səninlə danışmıram. Özüm-özümlə mübahisə edirəm.
- Bəlkə də...
- Bəlkə bu dəliliyin başlanğıcıdı?
- Dəlilik dahiliyin də, insanlığın da başlanğıcı, vicdanın oyanışı ola bilər.
- Necə bilək, nədi?
- Soltan, gəl, yemək soyuyur -Bu, Nəsrin idi.
- Get. Dəlilik bir tufandı, keçəndən sonra görək yerində nə qalacaq. Get, gözlətmə.
- Gəldim! - Soltan gümrah addımlarla mətbəxə getdi.
* * *
Soltanı inandırmışdılar ki, Nəsrinin əsəbləri pozulub. Tanış psixiatra göstərmək lazımdı. Soltan Həsənlə Çiçəyin yanında Cəfərə zəng etdi:
- Professor, salam! Soltandır. Nəsrin xanımın da sizə salamları var. Bəli, çox sağ olun. Bəli, sizin təsəlliniz və dostların mənəvi dəstəyi ilə vəziyyətdən çıxmağa çalışırıq. Sizin söhbətinizə, məsləhətinizə ehtiyacımız var. Mənim də, Nəsrinin də. Bəli, əlbət ki, izi qalır. İnsan daş deyil, dəmir deyil. Elədir, professor, belə faciələr izsiz ötüşmür. Sizinlə görüşə ehtiyac duyuruq. Oldu. Altıncı gün. Saat on birdə. Oldu. Təşəkkür. Burda Çiçək xanımın da, Həsən müəllimin də sizə salamları var. Çatdıraram.
Soltan dəstəyi yerinə qoyan kimi Həsən tapança kimi açıldı:
- Pah atonnan. Alim ki alim. Malades, Soltan müəllim. Əsl centlmendi. Nəsrin xanımı tək demədi, dedi ikimizi də. Vot ona çto. Nəsrin xanım, sizdən üzr istəyirəm.
- Allah bağışlasın, burda nə var ki, həkimdi də.
- Elədi, elədi, Nəsrin xanım. Çiçi, gördün da. Necə yüksək mədəniyyətlə, hansı səviyyədə söhbət getdi. Vot ona çto.
* * *
Altıncı gün saat onbir idi. Baş həkimin kabineti qarşısında Nəsrin xanımla Soltan müəllim dayanmışdı. Uzun dəhlizə açılan qapılardan biri açıldı. Oradan bir neçə ağ xalatlı çıxdı. Doktor Cəfər Nəsringili görən kimi saatına baxdı. Düz onlar tərəfə gəldi. Ağ xalatlı qızlardan biri qaça-qaça gəlib kabinetin qapısını açdı.
- Xoş gəlibsiniz. Abxod, yəni palataları gəzirdim. Yenə çatdıra bilmədim. Xoş gəlibsiniz. Keçin içəri. Əyləşin, əyləşin -yer göstərdi. Narahatlıqla ətrafa göz gəzdirdi.
Soltan hiss etdi ki, Cəfər harasa tələsir. Darıxmalıdı, rəngi də boğulub. Birdən ürəyinə damdı ki, gələndən palataları gəzir. İndi də birbaşa bizim yanımıza gəldi. Onun tualet ehtiyacı var. Bizimlə söhbətə başlamağın narahatlığını keçirir. Soltan düşünmədən dedi:
- Professor, siz gedin ora, rahat-rahat əlinizi yuyun. Biz heç hara tələsmirik, gözləyirik.
Cəfərin elə bil çiynindən dağ götürüldü.
- Çox gözəl, siz oturun - katibəyə - qızım, qonaqlara çay ver. İndi gəlirəm - qapıdan çıxdı. Nəsrin baxdı ki, kabinetdə əlüzyuyan var. Onun baxışını Soltan da hiss etdi. "Onun başqa işi var. Qısnamışdı" - pıçıldadı.
- Ayıb oldu - Nəsrin Soltana məzəmmətedici nəzərlə baxdı-heç belə şeyi deyərlər?
Qız çay gətirdi:
- Buyurun, çay için. Xoş gəlmisiniz. Professor sizi gözləyirdi. Bizə tapşırmışdı sizi qarşılayaq. Başımız qarışıb.
- Sağ ol, qızım - Nəsrin xanım dilləndi - Professor Soltan müəllimin gənclik yoldaşıdı. Soltan müəllim də professordu.
- Elə o saat bildim. Cəfər müəllimə ərki olan adamdı. Elə ərklə dedi ki, -qız gülüb otaqdan çıxdı.
Az sonra Cəfər gəldi. O, gülərüz, gümrah idi. Gəlib yerində əyləşdi:
- Bu başqa məsələ - dedi. Düz Soltanın gözlərinə baxdı, bir an susdu. Gülümsündü - Siz hardan bildiniz ki, mən qısnanmışam?
Soltan sualı gözləyən adam kimi sakitcə cavab verdi:
- Rənginizdən, darıxmağınızdan, çatdırmadım deməyinizdən.
- Hı...Bunu çox adam hiss edə bilər. Amma bunu demək...
Nəsrin onun sözünü kəsdi:
- Cef, elə indi mən də Soltanı danlayırdım ki, adam belə sözü... vallah nə bilim. Hər halda bağışla bizi.
- Yox, yox, əksinə, onu deyə bilmək mədəniyyətin yüksək, çox yüksək olduğunu göstərir. O bunu elə adi, elə təbii dedi ki, mən söz tapmadım-gülümsünür-sadəcə, tapşırığı yerinə yetirdim.
- Əgər sizə toxunan bir şey olubsa, bağışlayın.
- Tam səmimi deyirəm ki, sizin hərəkətiniz yüksək mədəniyyətin göstəricisidir. Yüksək mədəniyyət və özünə arxayınlığı olan insanlar belə hərəkət edərdi. Nəsrin xanım, bağışlayın, sizin üçün bu ağır gündə görüşümüz lətifəvari bir söhbətlə başlasa da, yenə Allah sizə səbr versin.
- Çox sağ olun, Cəfər müəllim.
- Mən sizin üçün həmişə qardaşınız Cefəm. Siz də bacım Neskasınız. Bunu Soltan bəy də yəqin bilir.
- Bilirəm, Cəfər bəy -bəy sözünü xüsusi vurğuladı -biz elə bir dövr keçmişik ki, bəy deyəndə özümü yaxşı hiss etmirəm. - Niyə, bəylərin çoxu elə burdadı. Vaxt vardı, adamlar tərcümeyi-halına fəxr ilə "nökər oğluyam" yazırdılar. İndi sən niyə deməyəsən ki, bəy oğlu bəyəm. Qeyrət, millət keşikçisi o bəy babalarımızın nəyindən utanmalıyıq, qardaş.
- Cəfər müəllim, ey, bağışla, Cəfər bəy, ölkə belə ağır yol keçdi, Qarabağ, İyirmisi yanvar, az qala vətəndaş müharibəsi. Yəqin bu səbəbdən xəstələrin də sayı artıb.
- Burda bir az var. Amma vəzifə başında olan, pulu çox olan xəstələr də var. Onların xəstəliyi pul gedəndən, vəzifədən çıxardılandan sonra bilinəcək. Bu elə bir xəstəlikdi ki, əsl həkimi Allahdı.
- Bunu həkimlər müalicə edə bilmir.
- Yox, bu, ruhun xəstəliyidir. Ruha iynə vurmaq, dərman içizdirmək olmur axı. Allah bu elmin qapısının açarını insanlara verməyib. Düzdü, Soltan bəy, sən ateistsən. Allaha inanmırsan.
- Əstəğfürullah, mən inanıram, amma bu dindarlar deyən kimi yox. Bir az başqa cür.
- Soltan, Soltan, yaxşı bəsdi, başlama - Nəsrin hirsləndi.
- Naska, sakit ol, qoy desin. Özümüzük - səsini bir az da alçaldıb -bura dəlixanadı, heç kəs dediyinə cavabdeh deyil. Qoy desin. Ürəyini boşaltsın. Daha nədən qorxacaq. Daha bundan da ağır günü olacaq? Qoy desin, ürəyi boşalsın, bəlkə bir az yüngülləşdi.
- Yox, yəni mən elə də allahsız deyiləm. Bu kainatı bir idarə eləyən var axı. Kainatda milyardlarla planetlərin bu qədər nizamlı, məntiqli hərəkəti təsadüf ola bilməz axı. İdarə edən qüvvə var.
- Yəni Allah var demək istəyirsən, Soltan bəy, de utanma. Bax, otuz beş ildi bu sahədə çalışıram. Doktorluq müdafiə eləmişəm, professoram, çlenkoram. Özüm də indicə dedim ki, bu xəstəlikdən heç nə bilmirəm. Təcrübəm var, vəssalam. Yaxşı, o qüvvə kimdi, nədi?
- Bəlkə biz o qüvvənin içindəyik.
- Hə, bu maraqlı versiyadı, de görək.
Şəfqət bacısı içəri daxil oldu. Qonaqları görüb özünü yığışdırdı. Cəfər onun çaşdığını görüb:
- Buyur, qızım, nə olub?
- Bağışlayın, mane oldum.
- De qızım. Bunlar yaxın adamlardı, de.
- On ikinci palatadakı qoluyox kişi sizi çağırır, yenə zarıyır.
- İynə hazırla...gedək -nəsə düşündü -dayan qızım. Ordan-yan otağı göstərdi-iki xalat ver. Maraqlı variantdır. Soltan bəy, Nəsrin xanım, xalat geyin, gedək. Soltan bəy doktordu, hə, professordu, hə. Gedək.
Maraq elə böyük idi ki, Nəsrin xanım da etiraz edə bilmədi. Xalatı geydi, getdilər. Otaq tərtəmiz idi. Mələfələr ağ, səliqə göz oxşayırdı. Divarın biri yaşıl rəngdə idi, o biri qırmızı. Yaşıl divarın yanındakı çarpayıda uzanan xəstə üzünü divara çevirib zarıyan otaq yoldaşına, gələnlərə məhəl qoymadan divarda barmağı ilə dairələr cızırdı. Qırmızı divarın çarpayısında xəstə ağrıdan qıvrılırdı. Qolu dirsəkdən aşağı yox idi. Sol əli ilə sağ qolunun olmayan yerini çarpayıda sığallayıb zarıyırdı.
- Oy, oy, oy, əlim dondu oy-gələnləri görüb səsini bir az da qaldırıb- ay doktor, mən öldüm, əlim soyuqdan ağcaqayın ağacı kimi çatdayır. Oy, oy, oy.
Cəfər asta, lakin xəstənin də eşidə biləcəyi bir səslə dedi:
- Soltan bəy, cənab professor. Bu nadir hallardandır. Əli yoxdur, sinir yaşayır.
Soltan xəstəyə yanaşdı. Diqqətlə onun qolunun kəsilən yerinə baxdı. Adyalın üstündə əli ilə qolun davamını izləmək istədi. Xəstə sol əli ilə olmayan qolun yerini göstərdi.
- Burdadı, burda...
- Harda olub?
- Nə?
- Qolun harda kəsilib?
- Omsk şəhərində.
- Hə...Omsk, Omsk-Soltan təkrar etdi.
Xəstə maraqdan zarımağı unutmuşdu, diqqətlə yeni həkimə baxırdı:
- Dəzgaha düşdü əlim, tamam əzildi. Kəsdilər.
- Hə...hə indi may ayıdı. Hə də, Omsk hələ soyuqdu. Hələ orda qar-buz tam əriməyib- əlin yerini göstərdi - bura isti şey qoyun. İsti saxla buranı. Xəstə özü tez yastığı sol əli ilə götürüb o yerə qoydu. Əli ilə üstündən basdı, sakitləşdi.
- Oxqay...sağ ol, professor.
Şəfqət bacısı iynəni Cəfər müəllimə göstərib:
- Bunu neyləyək, professor, vuraq?
- Yox, ağrı kəsdi, lazım deyil - deyib xəstə üzünü divara çevirdi. Cəfər əli ilə qıza yox işarəsi verdi, otaqdan səssizcə çıxdılar. Dəhliz boyu kəlmə kəsmədən, bir-birinin üzünə baxmadan getdilər. Otağa keçib hər kəs öz yerində əyləşdi. Bir an susdular. Cəfər nə isə kəşf etmiş adam kimi sözə başladı.
- Soltan bəy. Sizin oxşar cəhətiniz var. Sən də ağrıyırsan. Sənin də olmayan və ağrıyan yerin var. O xəstə səndən çox sənin üzündəki ağrıya inandı. Siz ikiniz də Soltan bəy, siz də, Nəsrin xanım da ruhən çox sağlam və gümrah insanlarsız. Mənimlə telefonda danışanda Soltan bəy dedi ki, insan daş deyil, dəmir deyil. Doğrudu. Sizdə də izi qalıb. Siz bunu heç kəsin köməyi olmadan keçəcəksiniz. Soltan bəy, siz nəsə maraqlı bir şey başlamışdınız, yarımçıq qaldı.
- Yox, siz hələ deyin görüm o divarın hərəsini niyə bir rəng eləmisiniz?
- Bu mənim metodumdu. Onlar çox səliqəli və dəqiqdilər. Həm də vasvasıdılar. Əli o birinin dəsmalına dəysə, aparıb tez yuyur. Yaddaşları yoxdu. Çarpayılarını dəyişik salırlar. Ona görə divarı hərəsinin xoşladığı rəngdə boyayırıq. Problem qalmır. Hə, siz söhbətinizi tamamlayın.
- Nə söhbət idi?
- Xəstəyə baş çəkməzdən əvvəl.
- Yadımdan çıxıb, məndə bəzən belə şeylər olur.
- Allahın içində yaşayırıq deyirdin.
- Hə, hə! Yadıma düşdü. Bu kainat bir canlıdı. Mənim kimi, mənim bədənimdə milyonlarla hüceyrələr yaşayır. Barmağımın ucunda yaşayan hüceyrə nə bilir ki, mən nə boydayam, nə formada. Görə bilmir və deyir ki, mən yoxam. Amma bir gün o hüceyrə ağrıyanda, ağrısının səsi beynimə çatır. Bütün bədən o hüceyrəni sağaltmaq əmri alır. Çünki, hətta o bir hüceyrənin yoxluğu bütöv bir bədənə zədə sala bilər. Bu kainatdakı nizam-intizam ona görədi ki, planetlər bir orqanizmin hüceyrələridir. Odur ki, Allahın hər şeydən xəbəri var. Biz az şey bilirik. Cəfər bəy, mən bunları dəlixanada deyirəm ha. Bax, sözlərimə görə məsuliyyət daşımıram -Soltan hiss etdi ki, Cəfərin fikri başqa şeylə məşğuldu, burda deyil - Cəfər bəy! - dedi.
- Bəli, bağışlayın - deyib fikrini topladı, ciddi görkəm aldı. Diqqətlə Soltana baxdı-Nəsrin xanım, sizin ruhunuz güclü və sağlamdı. Elə ikinizin də. Amma mənə elə gəlir ki, Soltan bəyin bir problemi var. Ruh əsəblə bağlı deyil. Mən müsəlman kimi yox, həqiqi dost və həkim kimi düşündüyümü deməliyəm. Allah eləsin, düşüncəmdə yanılmış olum. Diaqnostika mərkəzinə getmək lazımdı. Başınızı yaxşı-yaxşı yoxlasınlar.
Nəsrin qorxmuş adam kimi yerindən dik qalxdı:
- Nə olub? Cef, sən nə deyirsən?
- Bacım Neska, qorxma. Mən həkim kimi işin bir tərəfini deyirəm. Düzünü deyirəm ki, bir az qorxmayasınız. Gedib yoxladasınız. Heç nə olmaz, lap yaxşı olar, tez düşərik üstünə. Əyləşin. Soltan bəy uşaq deyil.
- Nədən şübhələnirsiniz, həkim, mən özümü yaxşı hiss edirəm.
- Mən də dedim, maşallah indilik sağlamsınız. Nəsrin xanım əyləşin -Nəsrin əyləşir - Bəlkə haçansa beyin travması almısınız. Vulkan kimi yatıb, indi oyanmağa başlayır.
- Beyin travması? Yadıma gəlmir. Məncə, elə şey olmayıb.
Nəsrin xanım nəsə demək istədi. Boğazı qurumuşdu. Səsi çıxmadı. Qarşısındakı qalıb soyumuş çaydan bir qurtum içdi.
- Deyim çay gətirsinlər?
- Yox, yox. Mənim də travma kimi bir şey yadıma gəlmir.
- Ola bilər, sizdən əvvəl uşaq vaxtı. Ola bilər heç olmayıb. Mənim təcrübəm deyir ki, gərək yoxladaq. Təki heç nə olmasın. Arxayın olarıq. Sizi gördüm abxodu yarımçıq qoydum. Sürücünü çağırım sizi aparsın.
- Yox, yox, sağ ol. Vaxtını aldıq. Özümüz gedəcəyik.
- Sağ ol, Cef, səni işdən elədik.
- Nə sözdü, siz mənim əzizlərimsiniz, amma mütləq yoxladın. Soltan bəy, Tusi Mərkəzinə gedin, orda yaxşı mütəxəssislər, aparatlar var.
- Gedərik, mütləq gedərik. Gedək Nəsrin. Otaqdan çıxdılar.
Cəfər bir müddət onların arxasınca baxırmış kimi gözlərini qapıya zillədi, susdu. "Gözlərindəki azmalar, baxışlarındakı qırıq-qırıq donmalar. Elə indi yaddaşında əmələ gələn qırılmalar". Allah eləsin, zənnimdə yanılmış olum.
Nəsrinlə Soltan bir qədər yanaşı addımladılar. Sükutu Soltan pozdu:
- Buna nə oldu, birdən-birə yüz səksən dərəcə dəyişdi?!
- Siz qəribə bir intellektual duel keçirdiniz. Sən onu mat elədin. O da həmişə birinci olub, uduzmağı bacarmır.
- Hər halda, özümü gərək yoxladım. Son vaxtlar hərdən əlim, ayağım, dilim iradəmdən kənar hərəkətlər edir.
- Məni qorxutma, ay Soltan. Yoxladaq, amma məni qorxutma. Adam fikirli olanda bəzən özünə nəzarət edə bilmir. Bəzən əlimdə tutduğum bir şeyi axtarıram, olur belə şeylər -köks ötürdü-Allaha təvəkkül.
* * *
Diaqnostika mərkəzindəki yoxlamalar, gəlinən nəticə baş psixiatr Cəfərin haqlı olduğunu göstərdi. Nəsrin xanım onkoloq Cəmillə uşaqlıq yoldaşı idi. Ataları dostluq edərdi. Zəngləşib vaxt təyin etdilər. Soltandan xəlvət getməyi qərara aldı. Görüşdülər.
Cəmil onu çoxdan görmədiyi bacısı kimi hərarətlə qarşıladı.
- Dəyişmisən.
- Dəyişərəm də, Cəmil... başıma o qədər işlər gəlib ki...
- Eşitdim. Gəlmişdim də. Allah səbr versin. Orda sizi görmək mümkün deyildi. Düzü, heç özüm də sizi görmək istəmədim.
- Sizi başa düşürəm. İndi də Soltan belə...hamısı bu qovluqdadı.
Professor həkimləri dəvət etdi. Məsləhətləşdilər. Nəhayət, qərara gəldilər "cərrahın müdaxiləsini məsləhət bilmirik", bura, xaric, fərqi yoxdur, hamımız eyni işi görürük. Gecdir". Nəsrin təəccübünü bildirdi:
- Axı lap bu yaxınlarda hiss eləmişik. Heç özü də şikayət eləmirdi.
- Nəsrin xanım, bu xəstəlik bildirmir. "Uroqanıy” formasıdır.
Yaşlı bir həkim söhbətə qarışdı.
- Nəsrin xanım, kənd yerində xəlvət tutan itlər olur. Gəlirsən yanından keçirsən, sənə baxıb üzünü yana çevirir. Keçib gedirsən, hürmür, mırıldamır, bir də görürsən arxadan ayağını qapdı. Bu elə namərd xəstəlikdi. Beyin əməliyyatı çətin deyil. Amma bu vəziyyətdə ümidsizdi. Sizə yalançı ümid verərik, ona əlavə əziyyət...
Cəmil bu söhbətlərdən əziyyət çəkdiyini açıq hiss etdirdi. Nəsrin xanımın qoluna girdi:
- Gedək, Nəsrin xanım, sizi yola salım.
- Siz zəhmət çəkməyin.
- O nə sözdü? Etiraz qəbul etmirəm! Kaş ki əlimizdən daha çox şey gəlsəydi.
- Bu qədərmiş...
Cəmil özünü eşitməməzliyə vurdu:
- Maşınınız harda dayanıb?
- Maşınsız gəlmişəm. Xəlvət gəldim.
- Mənim maşınım aparacaq.
- Yox, yox...
Cəmil onun sözünü kəsdi.
- Eşitmək istəmirəm. Yox, yoxdu! Vəssəlam. Əyləş maşına.
* * *
Nəsrin qapını ehmal açdı. Elə həmin an Soltanın səsini eşitdi.
- Nəsrin, gəldin?
- Hə, mənəm.
- Arada oyandım, evdə yox idin. Tənbəllik basdı, yenidən yatdım. Hardaydın?
- Çiçəkgilə keçmişdim. Acmısan? Hazır yemək var. Qızdırım.
- Gəl bura. Gəl yanımda otur. Bir nəfəsini dər. Gəl. Ora-bura qaçmaqdan əldən düşmüsən.
- Yox a... sözə bax ey... hara qaçıram ki. Sən çox mintelli olmusan. Özün-özündən şübhələnirsən -Nəsrin sözarası qovluğu gizlətdi - gəlirəm. Hə gəldim-divanda Soltanın yanında otur - ox, of...yoruldum.
- Töşük basıb səni.
- Bu pilləkanları qalxanda həmişə belə oluram.
- Bəyəm Çiçəkgil aşağı mərtəbəyə köçüblər.
- Eh, sən də...
- Ay qız, sən yalan danışa bilmirsən axı...danışma.
- Düşmüşdüm bulvar tərəfə.
- Gözəl eləmisən. Arvad -qolunu Nəsrinin boynuna salıb üzündən öpür-qoy bir dəfə sənə ağızdolusu arvad deyim, dədə-baba qaydasıyla.
- Qurban olum, nə deyirsən de.
- Sən mənə "can", "qurban olum" deyəndə gözüm dolur. Biz axı bu otuz ildə belə sözləri işlətməmişik. Son günlər gör necə qorxmuşuq.
- Vallah, mən səni həmişə çox istəmişəm. Çox, lap çox istəmişəm -kövrəlir.
- Yaxşı, yaxşı. Nə yaxşı indi də olsa, bir-birimizə bu sözləri deyə bilirik. Çox şükür. Bayaq sən evdə olmayanda hardansa yadıma düşdü ki, bu otuz ildə bir dəfə də dodaq - dodağa öpüşməmişik.
- Yaxşı, Soltan, ayıbdı, gör nə danışırsan? Yas içindəyik.
- Mən səni həmişə sevmişəm. Elə indi də dərdindən ölürəm, amma indiyə kimi ürək dolusu "səni sevirəm, dərdindən ölürəm" deməmişəm sənə. Niyə? Özüm də bilmirəm.
- Aydın idi, ehtiyac yox idi.
- Var ehtiyac, ehtiyac həmişə olub. İndi də ehtiyac var deyəsən; Cəfər haqlı çıxdı. Ehtiyac var deyəsən, hara özümü çırpıram xeyri olmur. Deyirlər gecdi. Əlac yoxdu.
- Kim deyir onu? Yalan deyir.
- Birinci mənim halım deyir, ikinci sənin halın. Biz bir-birimizi yaxşı tanıyırıq, Nəsrin. Mən onu da bilirəm, mənim dəniz gözlüm, sən qüruruna sığışdırmayıb, özün üçün eləmədiyini mənim üçün edirsən.
Nəsrin birdən onun boynunu qucaqlayıb körpə kimi hıçqıra-hıçqıra ağladı. Soltan onun başını tumarlayırdı. Belə bir söhbətin başlanmasına ürəyində sevindi. Nəsrini hazırlamaq üçün bunu yaxşı fürsət bildi, pıçıltılı səslə:
- Əzizim, - dedi, - burda çox sıxlıqda yaşayırıq. Suyun altında balıqlar, suyun, torpağın üstündə biz, havada, başımız üstündə quşlar yaşayır. İnsan heç vaxt tək olmur, sən də tək qalmayacaqsan.
- Nə danışırsan sən - Nəsrinin boğuq pıçıltısı eşidildi- səndə heç nə yoxdu. Kim nə deyib sənə?
- Nəsrin, əzizim, mənim bir az təhsilim var axı. Sənədlərə səndən xəlvət baxmışam. Diaqnostikada dostum var. Onunla söhbət elədim. Əməliyyatın xeyri yoxdu, amma zərəri ola bilər.
- O quşlardan, balıqlardan nə istəyirsən? Nə deyirdin elə - Nəsrin mövzudan qaçmağa yeganə bəhanə idi tapmışdı.
- Hı, hı, hı -güldü- aydındı, -dedi.
- Nə aydındı? - Abırsız adamsan da... bu halımıza gülürsən də...
- Nəsrin, mələyim, bu mənzil də bir ərazidir. Burada da gördüyümüz, görmədiyimiz sakinlər yaşayır. Biri onlara mələk deyir, biri damdabaca, hərə bir ad qoyur. Bizim evdə də elə bir ailə yaşayır.
- Deyəsən, sən məni də dəli eləmək istəyirsən.
- İstəyirəm sən tək qalanda qorxmayasan. Onlar səni qoruyacaqlar. Mən xahiş etmişəm.
Nəsrin Soltana bərk-bərk sarıldı. Ayaqlarını da yerdən qaldırıb divanın üstündə altına yığdı.
- Soltan, belə danışma, tüklərim biz-biz oldu.
- Niyə qorxursan, onlar bizdən çox-çox əvvəl burda yaşayır. Hələ heç kəsə toxunmayıblar.
- Necə yəni bizdən əvvəl?
- Əvvəl bina olmayanda burda, torpağın üstündə, sonra bina tikildi, onlar da qalxıb otaqlarda yaşadılar.
- Hər yerdə onlar var?
- Əlbət ki, bu mənim ərazimdi, mənim evimdi demək sadəlövhlükdü. Orda yüzlərlə gördüyümüz, görmədiyimiz canlılar yaşayır. Mən bizim evdəkiləri görürəm, onlarla danışıram.
- Boy, nə deyirsən. Məni doluyursan? Qorxudursan?
- Yox, canım-gözüm, yox. Amma onlar səni həmişə qoruyacaqlar.
- Lazım deyil, çıxıb getsinlər.
- Nə deyirsən, ay qız. Yersiz gəldi, yerli qaç. Bir də onlar bizim kimi adam deyillər, hədə gələn kimi yer-yurdunu qoya qaça.
- İndi deyirsən evimizdə başqa yaşayanlar var?
- Deyirdim axı, köhnə kişilər, qadınlar öz evinə girəndə də evinə salam verir. Onlar səni qoruyacaq. Sən də unutma, evdə tək deyilsən, səni görürlər. Hərəkətlərinə fikir ver.
- Onsuz da mən neyləyəcəyəm, tək, ya cüt -çiyinlərini çəkdi.
Nəsrinin sözləri o qədər səmimi, o qədər sadəlövh səsləndi ki, Soltan gülüb, uşaq oxşayan kimi Nəsrinin yanağından öpdü.
* * *
Nəsrin qapının zənginə ayıldı. Elə mətbəxdə yuxuya gedibmiş. Qapıya qaçdı. Çiçək xanım idi.
- Xoş gəldin. Çiçi, keç mətbəxə. Mən baxım Soltan yatıbmı -yataq otağına getdi. Qapı aralı idi. Soltan yatmışdı. Qapını örtdü. Mətbəxə gəldi, mətbəxin də qapısını örtdü ki, səs getməsin -ay qız, necəsən? -gəlib Çiçəyin yanında əyləşdi.
Çiçək tələm-tələsik danışmağa başladı.
- A... a... bəs necə, getmişdim Cefrinin yanına, yenə səpdi komplimentləri başıma. Ölürəm onun komplimentləri üçün -gülüb bir əli ilə Nəsrinin çiyninə vurdu, - ağəz, onsuz da komplimentdən başqa əlindən bir şey gəlmir.
- Ay qız, bəsdi, abırın olsun.
- Eh, haçan olub ki, indi olsun. Abırdan kompot düzəldəcəyəm?
- Yaxşı, de görüm nə dedi.
- Sən deyənləri dedim. Dedim Nəsrin ərinə yenidən aşiq olub, deyir ağıllıdır, həssasdır, səmimidir. Dedi mən də tamam başqa bir Soltan gördüm. Dedi bu özü də o xəstəlikdəndir.
- Necə yəni xəstəlikdən?
- Elə mən də dedim, Cefri, o nə xəstəlikdi ki, adamı ağıllı, səmimi, həssas edir. Qurban olum, Qasançiki də bu xəstəliyə yoluxdur.
- Tfu sənin dilinə. Çiçi, adam kimi danış.
- Ağəz, deyir ki, bu beyin şoğərib kainatın modeli kimidi. Orda da çoxlu ulduzlar var-yəni mərkəzlər. Bu şiş onlardan yaxşısına toxunub, oyadıb, olub ayrı Soltan. Amma dedi bu da çox çəkməz.
- Necə yəni çox çəkməz?
- Yəni şiş böyüyür, başqa mərkəzlərə də toxunacaq - gördü Nəsrinin halı pozuldu. Söhbəti dəyişmək istədi - qoy sənə bir anektod danışım. Az qalmışdım Cefriyə danışım, birtəhər qaytarıb uddum. Yaydı, ər-arvad oturub...
- Yavaş, ay qız. Sənin ağzına bələdəm, danışma, ayıbdı...
- Kimdən? Kimdən ayıbdı?
- Heç utanırsan? - Nəsrin "ayıbdır" deyəndə Soltanın dediyi kölgəsizləri, ev şəriklərini nəzərdə tuturdu.
- Ağəz, səndən niyə utanmalıyam?
- Cefə danışardın, utanmazdın?
- Aaa, nöş danışmıram. O da mənim kimi şeydi da... Amma məmə canı, danışmadım, uddum.
- Dedin ki, evdə canlılar görür, onlar adamın fikrini də eşidirlər.
- Elə deyirdi.
- Aa... - ətrafa boylanır. Evin künclərinə müraciətlə - siz Allah bağışlayın, sizin də tərbiyənizi pozdum.
- Ay qız, yaxşı. De görüm nə dedi?
- Dedi ki, dediklərinin Nəsrinə ziyanı yoxsa inansın, inananda nə itirir. Bəlkə görür. Bəlkə doğrudu. Biz olanların mində birini bilmirik. Dedi havada efiri görürük? Yox, gözümüz o qədər həssas deyil, atom zərrələrini görürük? Yox, çünki gözümüz üçün çox kiçikdi. Yer kürəsini bütöv görürük? Yox, çünki gözümüz üçün çox böyükdü. Bəlkə o görür.
- Hə də, gözünü yum, de ki dünya yox oldu. Bir qədər bundan əvvəl oğlum, ərim vardı, dünyanın ən xoşbəxt adamı idim. Özümün xəbərim olmayıb.
* * *
Ölənin sahibi çox olur. Nəsrinin ən çox qorxduğu şey Soltanın da, özünün də qohum-əqrabasız olması idi. Ortada tək qalacağı qorxusu idi. Qonşular, akademiyanın işçiləri, xüsusilə institutun əməkdaşları qardaş-bacı qayğısı göstərdi. Nəsrinin əlini ağdan-qaraya vurmağa qoymadılar. Hər şeyi özləri təşkil elədilər. Xəstəxanadan məscidə apardılar, yuduzdurub namazını qıldılar. Sonra elə birbaşa vida mərasimi üçün akademiyanın kiçik binasına apardılar. Evindən götürülməsini Çiçək xanımla Həsən müəllim məsləhət bilmədi. Dedilər Nəsrin xanım tək adamdır, üst-üstə iki ağır zərbəyə dözmək çətindir. Həyat yoldaşı olsa da, meyidin vahiməsi ağırdır. Əsas təşkilatçılar Çiçək xanımla Həsən müəllim idi. Həsən müəllim belə şeylərdə özünü suda balıq kimi hiss edirdi. Soltan son günlər adam tanımayanda, gecə-gündüz zarıyanda Həsən dedi "daha Soltana harda olmasının əhəmiyyəti yoxdur, amma Nəsrin üçün bu, evdə ağır işgəncə ola bilər". Xəstəxanaya qoydu. Akademiyada, dəfnin təşkilində də Həsənin böyük rolu vardı. Dedi akademiyanın bütün institutları ayrı-ayrı əklil sifariş versin. Ailə üzvləri adından akademiyanın prezidentinin yanında olanda əvvəlcədən düşündüyü cümlələri ürəyində dəfələrlə təkrar eləmişdi.
- Bu gündən hamımıza var. Biz ailəsiyik, hər şeyi özümüz eləyə bilərik. Amma akademiya, bu elm məbədi də ona evi, ailəsi qədər əziz idi. Dedik sizin iştirakınızdan, qayğınızdan onun ruhu şad olar. Yaradıcı ziyalılar sağlığında bir-birinin paxıllığını çəksə də, qeybətini qırsa da, bir-birini bəyənməsə də, ölüb gedəni hamısı çox istəyir. Hamısı sevir. Onun istedadının böyüklüyünü görür, sağ qalanlara da nümunə göstərirlər.
Vida mərasimində hamı canla-başla iştirak edir. Bir çətin iş çıxışçıların siyahısını azaltmaq idi. Hər kəsin deyilməli sözü vardı, heç kəs də geri addım atmaq istəmirdi. Əslində, bu rəhmətliyi bəhanə edib çıxış edənlər sözarası bir-birini sancmaq üçün səhnəyə can atırdı.
Adlar dəyişir, pozulur, yazılır. Amma bir ad dəyişməz qalırdı. Həsən Mərdanlı ailəsi adından təşəkkür edəcəkdir.
Çiçək Nəsrinin geyiminə kömək elədi. Qoluna girib zala gətirdi. Birinci sırada əyləşdirdi, özü də yanında oturdu. Çantasını Nəsrinin o biri yanındakı stula qoydu, astadan pıçıldadı:
- Həsənə yer saxlayaq.
Zal dolurdu. Bu arada Çiçək qolu ilə Nəsrinə toxundu. Nəsrin başını qaldırdı. Çiçək pıçıldadı:
- Fatma xanımdı.
Fatma xanım hüznlü görkəmlə salamlaşdı.
- Tanıdım -dedi Nəsrin. O da başı ilə razılığını bildirdi.
- Prezident səfərdədir - dedi Fatma xanım.
- Hə, çox sağ olun -dedi, eyni anda Nəsrin nəyə görə sağ ol dediyini anlaya bilmədi. Utanıb başını aşağı dikdi. "Görəsən Soltan doğrudan deyirdi ki, bizim evdə yaşayanlar var? Deyirdi məni onlara tapşırıb. Görəsən, elə şey var? Deyirdi sən ürəyində düşünəndə onlar eşidir. Onlar da birbaşa səsini qəlbinə danışır. Bəzən elə bilirəm vicdanımla danışıram. Bəli, Soltan elə onu deyirmiş. Bəlkə onlar doğrudan var" - Nəsrin başını qaldırıb tabuta baxdı. "Nə olar, Soltan, mənə bir işarə ver. Dediklərinin doğru olduğunu mənə başa sal" - səhnəyə baxdı. Tabutun ayaq tərəfindən böyük bir əklil qoyulmuşdu. Əklilin tən ortasında qəşəng bir ağ gül vardı. Bir anlıq elə bil gülün ətrini duydu Nəsrin. "Bağışla məni, ay Soltan" - Nəsrinə elə gəldi ki, bunu özü düşünmədi. Onu təsdiq etmək üçün tabuta baxıb "bağışla məni, Soltanım, bağışla" - dedi. Ona bir anlıq elə gəldi ki, səhnədən danışanlar onun Soltanla söhbətinə mane olur. Yenə öz içinə qayıtdı. "Gərək səni son günlər xəstəxanaya qoymayaydım aparsınlar. Tək idim, vallah, gücüm çatmadı. Qulluq eləyə bilmədim. Hər dəqiqə həkim çağırmaq olmurdu. Həlbət ki, dözmək də olardı”.
Həsən gəlib onun yanında əyləşdi. Hamı ayağa qalxmışdı.
- Nəsrin xanım, adamlar çölə çıxır ki, biz də rəhmətliklə vidalaşaq. Rəhbərliyin başsağlığını qəbul edin.
Nəsrin başını qaldırıb qarşısında Fatma xanımı və onun arxasınca başsağlığı vermək istəyənləri gördü. Özünü ələ aldı.
- Başınız sağ olsun. Bizim hamımız üçün böyük itkidir-Fatma xanım dedi.
- Sağ olun, zəhmət çəkmisiniz. Bu sözləri nə qədər təkrar etdiyi Nəsrinin yadında deyil. Nəhayət, Çiçək xanım onun qoluna girib səhnədə tabutun yanına qaldırdı. Nəsrin tabutun yanında donub qalmışdı. Çiçək ona yanaşıb:
- Ağəz, ağla da, heç olmasa yalandan olsa ağla, hamı sənə baxır axı -gözlərini sildi - ağla - Nəsrini tabuta tərəf itələdi. Nəsrin səndələyib əklilin üstünə yıxılmaqdan özünü zorla saxladı, zalda qadınların ağlaşma səsi eşidildi.
Cavan adamlar gəldi:
- Tabutu aparmalıyıq -dedilər.
Çiçək Nəsrinin qolundan yapışıb tabutdan araladı. Hamı kənara çəkilib onlara yol verirdi. Adamların onlara təəccüblə baxdığını görüb Çiçək bir özünə, bir də Nəsrinə baxdı:
- Aaa... vaxsey. Bu nədü?
Nəsrin elə bil yuxudan ayıldı, Çiçəyə baxdı.
- Nə?
Çiçək gözləri ilə Nəsrinin sinəsində qara kəlağayısının ətəyini göstərdi. Nəsrin baxanda əvvəl bütün bədənində tükləri ürpəşdi. Əklilin ortasındakı həmin ağ gül kəlağayısına ilişib durmuşdu. Düz Nəsrinin üzünə baxırdı. Ağ gülün yumşaq, olduqca zərif ətri nəfəsinə, ürəyinə doldu. Gözünün yaşları üzündən süzülüb sinəsinə, gülün üstünə töküldü. Gülü kəlağayıqarışıq sinəsinə basdı, uşaq kimi hıçqıra-hıçqıra ağladı.
Evə dönəndə Çiçək istədi onunla getsin. Nəsrin dedi:
- Çiçi, sağ ol, bacı. Sən olmasan, heç bilmirəm mən necə olardım. Sağ ol. Sən get evinizə.
- Yox a, o nə deməkdi? Gəlim başın qarışsın.
- Yox, bacı, get. Mən də yatmaq istəyirəm.
- Yaxşı, darıxsan çağır. - Çiçək öz evlərinə keçdi.
Nəsrin qapını açdı. Dönüb Çiçəkgilin qapısına baxdı. Qapı bağlı idi:
- Salam evimiz, evdəkilər, salam.
Evə keçdi. Elə bil ağır bir döyüşdən çıxıb gəlmişdi. Evi alınmaz bir sığınacaq, basılmaz bir qala idi. Çarpayıya uzandı. Qızılgülü yaylıqdan qopardı. Soltanın yerinə qoydu, əli ilə Soltanın yastığını sığalladı. "Heyf, bu boyda xoşbəxtliyin qədrini bilmədik" - düşündü.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0