Don Kixot - Etimad Başkeçidin pyesi

Avq 30, 2026 - 17:39
 0  13
Don Kixot - Etimad Başkeçidin pyesi

Yazici.az ədəbiyyat portalı tanınmış yazıçı, tərcüməçi Etimad Başkeçidin "Don Kixot" adlı yeni pyesini təqdim edir.

İştirak edirlər:

Don Kixot (Alonso Kixano)

Sanço Pansa

Antoniya

Mirzə (Miqel de Servantes)
Pero Peres (Keşiş)

Diyakon
Sanson Karrasko
Komissar Rodriqo
Doktor Pedro

Kastellan (Taverna sahibi)

Xuan
Aldonso Lorenso

Usta Nikolas (Dəllək)
Çoban oğlan (Andres)

Varlı kəndli (Xuan Aldudo)

Hersoq

Majordom

Qadınlar (Balta Ordeni)

BİRİNCİ PƏRDƏ

I ŞƏKİL

Birmərtəbəli daş ev. Evin köhnə, əyilmiş taxta qapısı aralıdır. Həyətdə su quyusu – mancanaqdan köhnə taxta vedrə asılıb. Tövlə, ağac, xırda müxəlləfat anbarı görünür.

Arxa planda, ala qapının o tayında kənd yolu uzanır. Hasardan müxtəlif məişət əşyaları asılıb. Yoxsul zadəgan evinin anturajı: rəngi solmuş divarlarda köhnə rəsmlər; çərçivələrdən biri boşdur. Pəncərənin taxta laylarından biri açıq qalıb. İri çarpayı, kreslo, masa. Çarpayının yanındakı tül pərdə yüngülcə tərpənir. Hər tərəfdə kitablar yerə səpələnmiş, masanın üstündə qalaqlanmış halda. Divardan köhnə cəngavər geyimləri, paslı dəbilqə, sınıq qalxan asılıb. Səssizlik. Uzaqdan eşidilən kənd səsləri.

İşıq yavaş-yavaş öləziyir, səhnə qaranlığa qərq olur.

Yalnız kağız üzərində sürüşən (yazı yazan) qələmin quru xışıltısı eşidilir. Get-gedə qələmin xışıltısı damcı səsləri ilə əvəz olunur: tır...tıp...tıp... cıqq...çıqq... Damcı səsləri sanki boş kilsənin içində əks-səda verir...

Qəfildən işıq topası divardakı boş çərçivənin üzərinə düşür. Boş çərçivədə bir anlığa əlində nizə tutmuş atlı silueti çapır.

Ardınca damcı səsləri bər taqqıltılarla əvəzlənir: alaqapını döyürlər.

Səhnə işıqlanır

Pero Peres. (Alaqapıdan içəri boylanır, əlində «Bibliya» və iri xaç tutub. Yanındakı diyakonun əlində şamlar, buxurdan, müqəddəs su qabı var. Diyakona). Oğlum, bir səslə, görək kim var, kim yox evdə?

Diyakon. (İrəli çıxır). Ev yiyəsi, sinyor Kixano… Sinyor idalqo… Antoniya… (İçəridən səs gəlmir). Hanı bunlar? Xadimə də gözə dəymir. Nə yaman sakitlikdir! Lap belə monastır bağçası kimi. Hanı bəs qonşuların dediyi hay-küy, iblis mərəkəsi, filan. Sakitliyə bax, binəva idalqonun evində mələklərin qanadının xışıltısını eşitmək olar. Qonşular niyə bunlardan şikayətlənir, başa düşmürəm.

Pero Peres. Sən sakitliyə aldanma, oğlum: şeytan sakitliyi sevir, çünki onda adamların qulağına pis-pis şeylər pıçıldamağa heç nə mane olmur.

Diyakon. Doğrusunu siz bilirsiniz, müqəddəs ata. Amma yenə də, sinyor idalqonun evi heç cin-şəyətin yuvasına oxşamır… Bizim idalqo – don Kixano yaxşı adamdır, heç kəslə işi yoxdur, öz tükünün üstündə dolanan adamdır, Allah görür…

Pero Peres. (Onun sözünü kəsir). Oğlum! Müqəddəs Antonio buyurur ki, doğrudur, Allah görür, amma qonşular ondan da artığını görür… Sən boş-boş danışmağın başını burax! İşinlə məşğul ol!

Diyakon. Baş üstə! (Əllərini rupor kimi ağzına tutub, bərkdən bağırır). Ev yiyəsi, sinyor Kixano!..

Pero Peres. (Diksinir. Hirsli). Dayan görüm, nə səsini başına atmısan? Ətini kəsirlər, nədir? (Fikirli-fikirli). Onsuz da, çağır, çağırma, xeyri yoxdur!

Diyakon. Necə bəyəm, niyə xeyri yoxdur? Nəsə bilirsiniz, müqəddəs ata?

Pero Peres. Əmin deyiləm, amma mənə elə gəlir ki, ev boşdur. Bilirsən nə var, gəl keçək içəri, hər şeyi öz gözümüzlə görək…

Diyakon. Dəvətsiz keçək, müqəddəs ata?

Pero Peres. (Qapını aralayıb, asta addımlarla içəri keçir). Eksorkiso te… eksorkizo immunde ut rekedas… Arxamca gəl! (Ətrafa göz gəzdirir). Hm, qılınc, qalxan, dəbilqə, dəmir çəkmələr... belə ev olar? Əsl cəbbəxanadır ki! Bu hansı əsrdə yaşayır? (Masanın üstündəki kitablardan birini əlinə götürür). «Əyalət cəngavərinin qəribə və ibrətli şücaətləri haqqında həqiqi hekayətlər toplusu». Hm, kitaba qoyduqları ada bax…

Diyakon. Müqəddəs ata, deyirəm, qəribə zəmanədə yaşayırıq: sinyor idalqoya sakitcə evində oturub kitab oxumağı da çox görürlər – ay nə bilim, iblis belə gəldi, şeytan elə getdi. Deyirəm sizə, sinyor Alonso Kexano sakit, ağıllı adamdır, baxın, görün nə ağıllı kitablar oxuyur!

Pero Peres. Oğlum! Kitab var, adamı ağıllandırır, kitab da var ki, adamın olan-qalan ağlını da alır. Məsələn, bax, bu… bu… bu kitablar (rəfdən kitabları götürüb, diyakonun qucağına yığır) adamı dəli etmək üçündür. Bunu da götür («Əyalət cəngavəri…» kitabını da onlara əlavə edir). Apar, apar bayırda yandır bunları.

Diyakon. Müqəddəs ata…

Pero Peres. Apar dedim! Bunlar inkvizisiyanın yandırdığı kitablardan da betərdir. Belə görürəm, qonşular boş yerə şikayətlənmir: kitab oxumaqdan zavallı Alonso Kexanonun başı xarab olub. Əlli ol, tez qayıt, evi təqdis edək.

(Diyakon tələm-tələsik bayıra qaçır. Pero Peres buxurdanı, şamları, xaçı, müqəddəs su qabı masanın üstünə düzüb, təqdis ayininə hazırlaşır. Təkrarlayır: «Eksorkiso te… eksorkizo immunde ut rekedas…»)

(Xarakterik musiqi səslənir. Az sonra bayırda yandırılan kitabların tüstüsü içəri dolmağa başlayır. Kitabların tüstüsü buxurdanın tüstüsünə qarışır).

Diyakon (qayıdıb keşişə əl-ayaq verməyə başlayır). İcazə verin buxurdanı mən götürüm!

Pero Peres. Götür. Yandırdın kitabları?

Diyakon. Buyurduğunuz kimi! Müqəddəs ata! Olar bir söz soruşum?

Pero Peres. Soruş görək!

Diyakon. Müqəddəs ata, hardan bildiniz ki, ev boşdur? Hanı bu evin adamları? Evi təqdis etmək üçün sinyor Kexanonun razılığını almalı deyilikmi?

Pero Peres. Eh, Allahın anlamaz bəndəsi… Sənə neçə dəfə demişəm, müqəddəslərin həyatını oxu, apokriflərdən hali ol. Qulaq as, deməli, müqəddəs Pavelin zamamında Romada varlı-hallı bir əyan yaşayırmış. Senator Oktavian. O da bizim idalqo kimi dəmdəməkinin biriymiş. Nə isə, günlərin birində birdən-birə evdəki əşyalar öz-özünə hərəkət etməyə başlayır.

(Sürüklənən əşya səsi eşidilir. İkisi də bir anlığa qulaq kəsilir).

Pero Peres. Nə bilim, qapı açılıb-örtülür...

(Açılıb-örtülən qapı səsi…)

Pero Peres. ...gecələr evdən addım səsləri gəlir!

(Tələsik addım səsləri… İstər-istəməz səs gələn tərəfə boylanırlar).

Pero Peres. Lənət şeytana!.. (Xaç çevirib dodağının altında nəsə mızıldanır).

Diyakon (qorxmuş səslə, xaç çevirə-çevirə). Lənət şeytana, müqəddəs ata, bəlkə əkilək buradan? Nə olar, nə olmaz…

Pero Peres. (Tərs-tərs ona baxır, sözünə davam edir). Hə, sonra Oktavian evdən yoxa çıxır. Külfəti ilə birlikdə. Təsəvvür edirsən, bomboş ev, qu desən qulaq tutular. Günlər keçir, onlardan xəbər çıxmır. Gördüm deyən olmur onları. Axırdan-axıra müqəddəs Pavel işə qarışır: gəlib senatorun evini təqdis edir, dualar oxuyur. Handan-hana əyan tapılır, ardınca da o birilər… Sən demə, şeytan onları aparıb evdən uzaqda, hansısa çöllükdə azdırıbmış.

Diyakon. Belə de! Aman Yarəbb! Fağır idalqonun başına gələnlərə bax! Görəsən nə günah işlədib, şeytan bunu niyə qaralayıb axı?

Pero Peres. Oğlum, günah işlədənlərin işinə Allahın özü baxır, şeytanın işi elə idalqo kimi axmaqları başdan çıxarmaqdı.

(Qapı cırıltısı… addım səsləri…)

Pero Peres. Yaxşı, məni boş-boş danışdırıb vaxtımı alma. Gəl ayinə başlayaq.

(Bir əlində müqəddəs su qabını tutan diyakon o biri əlindəki tüstülənən buxurdanı yüngülcə yellətməyə başlayır. Bir əlində xaç tutmuş Pero Peres o biri əlindəki fırçanı müqəddəs suya batırıb, ətrafa çiləməyə, oxuya-oxuya evi təqdis eləməyə başlayır).

Pero Peres.
Uca Tanrı, ey külli-ixtiyar Rəbb,
Bu evin astanasından keçən hər kəsi mübarək qıl.
Hər növ vəsvəsəni, qorxunu uzaq et bu evdən.
Sənin lütf və mərhəmətin
İndi və əbədiyyən könüllərdə bərqərar olsu-u-un...

Xorla.
Exorcizo te, omnis spiritus immunde,
ut recedas ab hoc loco-o…

Pero Peres.
Murdar ruh nə gündüz, nə gecə
Nə fikirdə, nə sözdə
Qalmağa cürət etməsi-i-in bu evdə-ə-ə…

Xorla.
Exorcizo te, omnis spiritus immunde,
ut recedas ab hoc loco-o…

(Kilsə musiqisinin müşayiəti ilə təqdis ayini davam edərkən qapı bərkdən çırpılır. Keşişlə diyakon yerlərində donub qalırlar. Səslər kəsilir, dərin sükut çökür. Qəfildən Don Kixot əlində qılınc, böyük hay-küylə səhnəyə atılır, Pero Peresin başının üstünü alır).

Don Kixot. Aha-a-a! Cadugər Friston, Səni göydə axtarırdım, yerdə əlimə keçdin! Diz çök, yaramaz, təslim ol, boynuna al, de görüm, səni kim göndərib üstümə?

Pero Peres. Sinyor Kixano, İsa xatirinə! Bu mənəm, keşiş Pero Peres… Tanımadınızmı məni?

Don Kixot. Səni yaxşı tanıyıram, zəhləmgitmiş Friston, indi də keşiş qiyafəsində qalalara soxulursan?

Pero Peres (kənara). Başı gedib yazığın. (Ucadan). Sinyor Kixano, əzizim, bir diqqətlə bax, keşişəm mən... Qonşular şikayətlənir, deyirlər sənin evində pis ruhlar at oynadır, şeytanlar mərəkə qurur. Bizi baş keşiş Arsensio ata göndərib ki, evini təqdis edək…

Don Kixot. Aha-a, deməli, Brandabarbaran mənimlə açıq döyüşdən çəkinir, sehrbazlardan, cadugərlərdən mədəd umur, hə? Yox, bata bilməzsiniz mənə! Diz çök dedim, yalvar mənə, imdad dilə, yoxsa… yox, dua elə, çünki bu dəqiqə başını bədənindən ayıracağam!

(Keşiş diz çökür. Diyakon kənarda qərarsız dayanıb).

Pero Peres. Sinyor Kixano! İcazə verin…

Don Kixot. Nə Kixano, Kixano salmısan? Kixano kimdir? Mən nəhəng Brandabarbaranla, qoluzorlu Karakuliambronun qənimi, məzlumların ümid yeri və himayədarı, adıbəlli Lamançlı Don Kixotam.

Pero Peres (diyakona, dodağının altında). Bu havalanıb, tez bir şey fikirləş, yoxsa öldürəcək bizi! (Ucadan). Sinyor Lamançlı Don Kixot!..

Don Kixot. Dua elə dedim, yaramaz, yoxsa ruhunu tapşırmadan ölmək istəyirsən?

Pero Peres (diyakona, dodağının altında). Oğlum, bir şey fikirləş dedim, nəsə elə, eşitmirsən?

Diyakon. Bəs dua eləyirəm də, müqəddəs ata…

Pero Peres. Oğlum! Dua eləmək vaxtıdır məgər? Öldürəcək bu məni…

(Don Kixotun kənarda dayanmış diyakona gözü sataşır).

Don Kixot. Aha-a! Ençantador sehrbaz Marfio… Sən də burdasan? Gəl görüm, sən də gəl bunun yanında diz çök… Şanlı bahadır Lamançlı Don Kixotun əlinin düzündən dadın, yaramaz cadugərlər.

Diyakon. Əcəb işə düşdük…

(Bu zaman Antoniya ilə əlində zənbil tutmuş bir kəndli qadın həyətə gəlirlər. Antoniya Don Kixotun qılınc çəkdiyini görüb irəli atılır).

Antoniya. Vay-vay, bu nədir, dayı, Allah xatirinə! Aman Tanrım! Bu zavallıların günahı nədir? Müqəddəs ata… diyakon… Nə gəzirsiniz burada?

(Don Kixotun gözü kəndli qadına sataşır. Antoniyanı görmürmüş kimi. Qılınc əlindən düşür, heyranlıqla dal-dalı çəkilir. Keşişlə diyakon fürsətdən istifadə edib, aradan çıxırlar. Diyakon qaçarkən təqdis vasitələrindən bir neçəsini ətəyinə yığmağa macal tapır).

Don Kixot. Tobosolu Dulsinaya… Dünyanın bütün gözəlliyi, yaradılışın bütün ehtişamı səndə cəmləşib. Xanımım mənim, gözümün işığı, həyatımın mənası, bütün qəhrəmanlıqlarım sənə görədir. (Yaxınlaşıb, qadının qarşısında diz çökür, onun əllərini öz əlinə alır). Mən yalnız sənin adını yüksəltmək üçün qılınc çalacağam, təkcə səninçün yaşayacağam, ey könlümün pasibanı! Sən təzə-tər bir çiçəksən, bənzərsən günə, Aya, Tobosolu Dulsinaya…

Kəndli qadın. Nə danışırsınız, sinyor? Mən Aldonsoyam, cütçü Simeone Lorensonun qızıyam, adi qazotaranam, siz məni kiminləsə səhv salırsınız, sinyor idalqo. Toboso hara, mən hara?

(Gözlənilməz diqqətdən karıxmış Aldonso əzilib-büzülməyə başlayır, hiss olunur ki, Don Kixotun sözlərindən xoşlanır).

Aldonso. Xahiş edirəm, buraxın əllərimi, işim-gücüm var. Sinyora Antoniya, dayınıza deyin, əllərimi buraxsın…

Antoniya. Dayı, həvəsdir, bəsdir. Bizi qonum-qonşunun yanında biabır eləməyin. Bu kəndli qızı Aldonsodur, mənə kömək eləyir. (Aldonsonun qolundan tutur). Gəl, bacım, gəl gedək, fikir vermə, dayım zarafat eləyir.

(Aldonso nazlana-nazlana zənbili götürüb Antoniyanın arxasınca gedir).

Don Kixot (könülsüz qızın əllərini buraxır. Onun arxasınca baxa-baxa). Getdi o rəna gözəlim, günəşim, ayım söndü. Eh, Tobosolu Dulsinaya, sənin sinsi ayrılığına bu yaralı qəlbim necə dözsün… Gözəl Dulsinaya, rica edirəm, sənin üçün kirpiyiylə od götürən, hər cür fədakarlığa hazır olan bu qara qulunu unutma!

(Sanço Pansa qaça-qaça səhnəyə daxil olur. Yaxası açıqdır, papağı yana əyilib. Əlində şərab şüşəsi, hiss olunur ki, sərxoşdur).

Sanço Pansa. Sinyor idalqo, sinyor idalqo!..

Don Kixot (yerindən dik atılıb, qılıncını qamarlayır). Lənətə gəlmiş ençantadorlar, cadugərlər! Yenə düşmən ordusu qapını kəsdirib, hə? De görüm, Sanço, nə olub, nə xəbər?

Sanço Pansa. Sinyor… ordu-filan yoxdur, amma…

Don Kixot. Amma nə? Danış görüm!

Sanço Pansa. Sinyor Kixano, qəsəbədə danışırlar ki, idalqo havalanıb, şeytana uyub…

Don Kixot. Hm…

Sanço Pansa. Deyirlər, idalqonun evi cin-şəyətin yuvasına çevrilib, qəsəbənin yolunu şeytana siz tanıtdırmısınız, deyirlər.

Don Kixot (fikirli-fikirli oturub, qılıncına söykənir). Bütün bunlar lənətə gəlmiş Fristonun işləkləridir. Sanço, dostum, qoy qəsəbə nə düşünür düşünsün, tarix bizim haqqımızda həqiqəti yazacaq…

Sanço Pansa. Tarix nə yazacaq, bilmirəm, amma bu gün qəsəbə camaatı məni ələ salıb gülür, deyirlər, ağıllı adam belə dəlinin arxasınca getməz. Onlar səndən Müqəddəs Ermandadaya şikayət etmək istəyirlər.

Don Kixot. Sanço, sən kiçik dünyanın kiçik qayğıları ilə yaşayırsan. Məlumun olsun ki, bu dünyada cəngavərə göydə Tanrı, yerdə isə yalnız sevgilisi hökm eləyə bilər. Başqa heç kəs! Müqəddəs Ermandada və komissar Rodriqo xəbis sehrbazların alçaq xidmətçiləridir. Onlar bizə heç nə eləyə bilməzlər. Papağını düzəlt, dostum Sanço, bizi irəlidə böyük qəhrəmanlıqlar gözləyir. Səni özümün vəfalı dostum və silahdaşım təyin edirəm. Biz xanimanlar yıxacağıq, Sanço, çox qəhrəmanlıqlar göstərəcəyik. Adımız dillərdə dastan olacaq…

Sanço Pansa (bir az tərəddüdlə papağını düzəldir, gözləri parlayır). Silahdaşım?! Sinyor, mən ömrümdə bircə dəfə də olsun, əlimə silah almamışam, tək bildiyim şey tarlada bel vurmaqdır. Amma madam ki, bu qədər böyük işlərdən danışırsınız… Nə deyirəm… Sadəcə ümid edirəm, yağlı tikə sevdasına düşüb, bir parça çörəyimizdən də olmayacağıq.

Don Kixot. Mənim vəfalı silahdaşım Sanço, ruhun azadlığını vəsf edən bir cəngavərə çörəkdən danışmaq təhqirdir! Biz zalımlara qalib gələndə, məzlumların duası ən böyük ruzimiz olacaq! Amma sənin əməyin də yerdə qalmayacaq. Elə bu başdan sənə gözəl bir ada boyun oluram. Sən o gözəl, yaşıl adanın qubernatoru olacaqsan; mələksima Beliyanisi zalım, qaniçən Blankoflorun cəngindən qurtarıb sənin ixtiyarına verəcəyəm. Gün görüb, dövran sürəcəksiniz.

Sanço Pansa. Yox, yox, Beliyanisi istəmirəm – arvadım Teresa Pansa çox qısqancdır. Məni canavarın ağzına vermə, sinyor Kexano, elə qubernatorluq bəsimdir.

Don Kixot. Özün bilərsən! Artıq yola çıxmaq vaxtıdır, tale bizi səsləyir. Tələs, dostum Sanço, yaraq-əsləhəmi götür, atları çək, məni qala qapısında gözlə, nə qədər ki sakitlikdir, çıxaq aradan. Yolçu yolda gərək, bizi çətin sınaqlar, macəra dolu səfərlər gözləyir, Sanço.

II ŞƏKİL

Don Kixotla Sanço Pansa yol kənarında, qayanın önündə oturublar. Atla eşşək kənarda ot qırpır. Don Kixot cəngavər geyimində, əlini qaşının üstünə qoyub, uzağa baxır. Uzaqdan qaraltı görünür.

Don Kixot (yerindən dik atılaraq qalxanını və nizəsini götürür). Sanço, dostum! Görürsənmi? Tale bizə elə ilk addımda böyük bir qəhrəmanlıq, şan-şöhrət və qənimət vəd edir. Bax o uzaqdan gələn cəngavərə! Ürəyimə damıb ki, bu, mənfur Brandabarbaranın silahdaşıdır. Əlindəki torbaya bax! Bu, onun məğlub etdiyi cəngavərlərdən topladığı xəracdır.

Sanço Pansa (gözlərini ovuşdurur). Sinyor, mənim gördüyüm sadəcə eşşəyin belində oturan bir adamdır, o torba da daha çox dəllək torbasına oxşayır. İçində yəqin ki, ülgüc, sabun, daraq, filan var. O yazıq kəndlərdə bir-iki adamın saqqalını qırxıb, bir-iki peso qazanmaq istəyir. İcazə verin, əvvəlcə öyrənim, görüm kimdir, nəçidir, haradan gəlib, hara gedir…

Don Kixot. Eh, Sanço, səni cəhalət basıb, sən bu fitnə əhlini yaxşı tanımırsan. Yaxşı, dostluğumuzun xatirinə, bu dəfə xahişini yerə salmayacağam. Öyrən görək, kimdir, nə yuvanın quşudur?

(Eşşək fınxırtısı eşidilir. Yolçu eşşəkdən enir, yoğun addımlarla yaxınlaşıb, yükünü yerə salır. Maraqla onları süzür. Üzündə istehzalı bir təbəssüm).

Dəllək. Salam, ey qədim zamanların yadigarı qəhrəmanlar!

Sanço Pansa. Salam.

Dəllək. Hansı karnavaldan gəlirsiniz? Bu paslı dəmirləri muzeydən oğurlamısınız yoxsa? Sinyor, bu oyuncaq qılıncla milçək də öldürmək olmaz! (Pıqqıldayır). Hi-hi-hi, bunun atına baxın. Qanadları olsa, deyərdim ki, bu Peqasdır, belə isə Makedoniyalı İsgəndərin atı Buşefaldır ki var… Nə olsun, qabırğaları çıxıb. Bıy, eşşəkləri də varmış… Ha-ha-ha…

Don Kixot (dişlərini qıcayır). Görürsənmi, Sanço? Mənfur sehrbazlar onu elə azğınlaşdırıblar, hətta səyyah cəngavəri məsxərəyə qoymağa cürət edir. Ey, Brandabarbaranın alçaq nökəri, mən adi bir insan olsaydım, səndən soruşardım ki, mənim fələklərlə əlləşən Rosinantımın Buşefaldan nəyi əskikdir? Amma mən cəngavərəm və səninlə ağızlaşmaq mənə yaraşmaz. Ona görə də, təslim et o xərac torbasını və məndən əfv dilə, yoxsa ruhun cəhənnəmə vasil olacaq!

Dəllək. And olsun bütün müqəddəslərə, sinyor, sizin bu gülməli görkəminiz mənə elə ləzzət edir ki, pulsuz-parasız da saqqalınızı qırxaram.

(Torbasını açıb, əşyaları çıxarmağa başlayır. Don Kixotun gözü parıldayan mis ləyənə sataşır).

Don Kixot. Hərbə-zorbanı kəs, dilinə güc vermə, sinyor…

Dəllək. Nikolas! Mənim adım Nikolasdır. Hamı məni usta Nikolas kimi tanıyır!

Don Kixot. Madam bu qədər cəsarətlisən, usta Nikolas qılıfına girmiş sehrbaz, gəl o qızıl dəbilqənin möhkəmliyini yoxlayaq. Görək cəngavər qılıncının zərbəsinə tab gətirəcəkmi? Qoy o dəbilqəni başına!

Dəllək (varam də belə zarafatlara). Buyurun, sinyor! Mənim dəbilqəm elə bərkdir ki, onu heç top gülləsi də deşməz! (Mis ləyəni bərk-bərk başına keçirib, gülə-gülə dayanır).

Don Kixot (nərə çəkir). İndi isə qoru özünü!

(Qılıncını havada fırladıb bütün gücü ilə ləyənə ağır bir zərbə endirir. «Cıınnn!..» – qulaqbatırıcı bir səs ətrafa yayılır. Zərbə o qədər güclü olur ki, dəlləyin gözləri kəlləsinə çıxır, dizləri bükülür və o, tir-tap yerə sərilir. Torbasındakı sabunlar, ülgüclər hərəsi bir tərəfə dağılır).

Sanço Pansa (dəhşət içində). Aman Allah, adamı öldürdünüz!

Don Kixot (hələ də qılıncını havada tutaraq). Sakit ol, Sanço! O, sadəcə bu ağır sınağa dözməyib, huşunu itirdi. Amma bax... (günəşin altında parıldayan ləyəni göstərir). Sən mənə bunun sadəcə dəllək ləyəni olduğunu deyirdin? Bax bu parıltıya! O gördüyün sıradan bir əşya deyil, məşhur Mambrinonun dəbilqəsidir! Onu ələ keçirmək hər bir səyyah cəngavərin borcudur. O qorxaq sehrbazlar dəbilqənin əsl görkəmini gizlətməyə çalışsalar da, qılıncımın zərbəsi həqiqəti üzə çıxardı!

(Dəllək özünə gəlib, qorxu içində ətrafına baxır, hələ də zirehli adamın qarşısında olduğunu görüb, canının hayına düşür. Yarımhuşsuz halda, tir-tir əsərək eşşəyinə tərəf sürünməyə başlayır).

Don Kixot (qılıncını yerə dirəyib, vüqarla ona baxır). Dayan, ey məğlub edilmiş rəqib! Qaçmağa tələsmə. Bil ki, mən sənə qarşı amansız olmaq istəmirəm. Sənin cəsarətin, hər nə qədər cahillikdən irəli gəlsə də, mənə xoş gəldi. Bu gün mən sənə ən böyük neməti – həyatını bağışlayıram!

Dəllək (dili-ağzı quruyub, kəkələyir). Sinyor... aman günüdür... mən sadəcə saqqal qırxmağa gedirdim... ləyənim də, torbam da sizin olsun, təki məni sağ buraxın!

Don Kixot. Sus və dinlə! Sənə bağışladığım miskin həyatının qarşılığında sən mənə bir xidmət borclusan. (Zirehinin altından bir kağız parçası çıxarır). Al bu məktubu! Əgər yolun uzaq Toboso tərəflərə düşsə, orada yer üzünün ən gözəl mələyi, qəlbimin sultanı Tobosolu Dulsinayaya rast gəlsən, bu məktubu ona çatdır. De ki, onun sadiq cəngavəri mənfur sehrbazlarla, ədalətsiz feodallarla vuruşaraq onun şərəfini ucaldır!

Dəllək (məktubu titrəyən əlləri ilə götürür). Baş üstə, sinyor... mütləq... İşimi-gücümü buraxıb, elə bu dəqiqə Tobosoya yola düşürəm. Harada olsa, tapıb verəcəyəm, əmin olun... təki məni buraxın!

Sanço Pansa (kənardan baxıb ah çəkir). Sinyor, bu yazıq adam Tobosonun yolunu heç xəritədə də tapa bilməz. O indi ancaq öz canını qurtarmağın dərdindədir. Görürsünüzmü, eşşəyinə necə sarılıb?

Don Kixot. O, mənim elçimdir, Sanço! Tarix yazacaq ki, Don Kixot ən qatı düşmənini belə mərhəməti ilə özünə sadiq qul etdi. (Dəlləyə tərəf). Gedə bilərsən!

(Dəllək məktubu cibinə qoyub, canını qurtardığına şükür edərək, ayaqqabılarını belə götürmədən eşşəyini çapıb uzaqlaşır. Don Kixot isə yerə düşmüş ləyəni (onun gözündə dəbilqəni) təntənəli şəkildə başına qoyur).

(Elə bu vaxt uzaqda, təpənin üstündə nəhəng, qolları ağır-ağır fırlanan yel dəyirmanı görünür).

Don Kixot (gözləri parlayır, əli ilə uzağı göstərir). Bax, Sanço! Tale bizə düşmənlərin ən qəddarı ilə üz-üzə gəlmək fürsəti verir! Görürsənmi o nəhəngi? O çoxqollu divi? Adı Briarey olmalıdır, qollarının sayı-hesabı yoxdur!

Sanço Pansa (təşvişlə uzağa baxır). Hansı div, sinyor? Mən orada ancaq qanadları küləkdən fırlanan yel dəyirmanı görürəm. O qollar dediyiniz isə dəyirman daşını fırladan taxta pərlərdir!

Don Kixot. Ah, Sanço, sən hələ də qorxudan özünə gəlməmisən! Sehrbazlar yenə sənin gözlərinə pərdə çəkiblər. Amma mən o mənfur nəhəngi hərəkətlərindən tanıyıram. O, bizi döyüşə səsləyir! Mən indi onunla təkbətək vuruşub bütün qollarını kəsim, sən də gör! Sən burada qal və mənim zəfərimə şahidlik et!

(Don Kixot Rosinantı mahmızlayıb irəli atılır).

Sanço Pansa. Sinyor, dayanın! İsaya and olsun ki, o dəyirmandır! Boş yerə özünüzü təhlükəyə atmayın!

Don Kixot (eşitmək belə istəmir, nizəsini qabağa uzadır). Qoru özünü, ey azğın nəhəng! Sənin qollarının çoxluğu mənim gözümü qorxuda bilməz! (Rosinantı amansızca mahmızlayır). İrəli, Rosinant! Şərəf və qəhrəmanlıq naminə!

(Don Kixot nərə çəkərək dəyirmana doğru şığıyır. Külək daha da bərk əsir və dəyirmanın qanadları sürətlə fırlanmağa başlayır. Sanço isə arxadan əl-qolunu ölçərək qışqırır, amma artıq gecdir… Don Kixot Rosinantı sürətlə irəli çapır. Nizəsini bərk-bərk sıxıb, hədəfi, yəni «divin qolunu» nişan alır. Bu anda güclü külək qopur, dəyirmanın nəhəng pəri sürətlə aşağı enərək Don Kixotun nizəsini parça-parça edir, onun özünü isə atı ilə birlikdə göyə qaldırıb, yerə vurur. Don Kixot bir az aralıda ağır zirehi ilə yerə çırpılır. Başındakı mis ləyən (dəbilqə) cingilti ilə səhnənin ortasına yuvarlanır).

Sanço Pansa (təngnəfəs özünü yetirir. Don Kixotun yanında diz çökür). Sinyor, sinyor… Vay-vay, hayıf səndən, zavallı idalqo! Vay mənim bəxti kəm ağam, vay! Göylərin qartalı, eşq sərrafı ağam! Sən getdin, tozlu yollar boş qaldı, paslı qılıncın kimsəsiz qaldı…

(Eşşəyin fınxırtısı eşidilir. Sanço dönüb ona baxır).

Sanço Pansa. Hə, mənim dilsiz-ağızsız dostum, hər şey bura qədər imiş. Əlvida, mənim xəyallardakı adam, eh, bəxtsiz Sanço, heç vaxt görmədiyin adanla vidalaş. Mən artıq özümü o adanın qubernatoru kimi görürdüm: qarnım tox, yatağım yumşaq, hamı mənə təzim edir... Görünür, taleyimə qubernator yox, elə ömürlük nökər olmaq yazılıb. Heyif o dualardan, heyif o xəyallardan...

(Kəmərindən asılmış şərab tuluğunu açıb, içməyə başlayır).

Don Kixot (iniltili səslə). O-o-ox... Sanço... mənim vəfalı dostum...

Sanço Pansa. Sinyor, sinyor, sağsınız?

Don Kixot. Səncə?..

Sanço Pansa. Vallah, inildəyirsinizsə, deməli sağsınız, amma səsiniz elə bil o dünyadan gəlir…

Don Kixot (zirehinin altında güclə tərpənərək dərindən, titrək bir səslə inildəyir). O-o-ox... Sanço... Sus, vəfalı silahdaşım... Sənin bu ümidsiz sözlərin mənə o xain cəngavərin nizəsindən daha ağır yara vurur... Sanço, mənim qılıncım sındı, qalxanım parçalandı… mən ölürəm, Sanço… Heyf, ölümü təkbətək döyüşə çağırmaq olmur… Ora bax… buludların arxasından Dulsinaya boylanır… görürsənmi? Necə gözəldir…

Sanço Pansa. Görürəm, ağam, görürəm. Gözəlliyi göz qamaşdırır, elə gözəldir, günəş onun yanında şam işığına bənzəyir.

Don Kixot (ağır-ağır nəfəs alır, öskürür, pafosla əlini sinəsinə qoyur). Dulsinayaya deyərsən… deyərsən ki, mən onlarla… yox, yüzlərlə məkrli sehrbazla döyüşdə qəhrəmancasına həlak oldum! Sanço, kitablarda deyilir ki, cəngavər öləndə göy üzü parçalanmalıdır, atlar dil açıb ağlamalıdır... Bəs niyə belə sakitlikdir? Hanı mənim Rosinantım? Niyə quşlar hələ də oxuyur?

Sanço Pansa (onun zirehini çıxarmağa kömək eləyir). Çünki quşlar kitab oxumur, ağam. Elə mən də. Amma atların, eşşəklərin dilindən anlayıram. Odur, Rosinant orada dayanıb, məlul-məlul sizə baxır, çox güman sizin üçün dua eləyir. Odur ki, əgər ölməmisinizsə, qalxın (çiyinlərindən tutub, qaldırmağa çalışır). Çünki, baxın, odur, oradan biz tərəfə bir təşrifat gəlir. Sizi bu vəziyyətdə, çarəsiz, aciz görsələr haqqınızda nə fikirləşərlər? Deməzlər ki, şan-şöhrəti dünyalara sığmayan, ordular yenən, dağ boyda nəhəngləri devirən Lamançlı Don Kixot budur? Budur…

Don Kixot (birdən-birə canlanır, yavaş-yavaş dikəlir). Dayan!.. Bilirsən nə var, Sanço? Kitab oxuya bilməsən də, bəzən sən də yanılıb, doğru sözlər danışırsan. Doğru buyurursan, Sanço, mən belə ölə bilmərəm. Mənim oxuduğum o minlərlə kitabda... o qədər cəngavər dastanında belə bir aqibət yazılmayıb! Hansı qəhrəman belə səssiz-səmirsiz, tozlu yolun kənarında can verib? Amadis de Qalual, Palmerin... onlar ya döyüş meydanında, ya da sevgililərinin qollarında haqqın dərgahına ucalıblar. Mən belə şərəfsiz, ucuz ölümü qəbul eləyə bilmərəm. Bu, o xain sehrbazların oyunudur, məni belə miskin hala salıb rüsvay etmək istəyirlər! Yaxşı, kömək elə mənə görüm!

Sanço Pansa (onu güclə ayağa qaldırmağa çalışır, Don Kixotun beli bükülür, ayaq üstə güclə dayanır). Hə, bax belə, ağam! Dişinizi dişinizə sıxıb oturun bu daşın üstündə. Onlar yaxınlaşırlar. Qoy görməsinlər ki, dizləriniz əsir. Qoy elə bilsinlər ki, siz bu daşın üstündə dincəlirsiniz, son döyüşdən sonra növbəti qələbəniz haqqında düşünürsünüz. Amma yalvarıram, o qılıncı hələlik qınına qoyun, qoymayın nahaq qan tökülsün.

Don Kixot. Sanço, dəbilqəmi ver! Qoy gəlsinlər, kim olurlar olsunlar, bilsinlər ki, Lamançlı Don Kixot hələm-hələm dizini yerə qoyan deyil. Amma… Sanço… əlimi buraxma… elə bil, yer ayağımın altından qaçır…

Sanço Pansa. Bərk dayanın, atınızı çəkim. Ayaq əssin, bel oynasın, fərqi yoxdur, ata minənəcəndir – at belində heç nə bilinməyəcək.

(Sanço Pansa tələm-tələsik onu ata mindirir, özü də eşşəyinə minir, əli ilə gələnləri göstərir).

Sanço Pansa. Baxın, ağam, baxın! Gələnlərə baxın! Məni gün vurmayıbsa, şərabdan beynim dumanlanmayıbsa, mən orada qəribə bir mənzərə görürəm. Bir dəstə qadın sanki öküz əvəzinə boyunduruğa girib, nəhəng arabanı itələyirlər.

(Arxa fonda yorğun və toz-torpaq içində olan bir qrup qadın ağır, yüklə dolu bir arabanı güclə itələyirlər. Təkərlərin gıcıltısı və qadınların ağır nəfəsi eşidilir. Ön planda Don Kixot arıq atı Rosinantın, Sanço Pansa isə eşşəyin belində dayanıblar. Nəhayət araba onlarla bərabərləşir).

Don Kixot. Sanço, sən hər şeyi baş-ayaq görürsən. Cəhalət sənin gözlərini bağlayıb, həqiqəti görməyə imkan vermir.

Sanço Pansa. Nə həqiqət, ağam? Göz qabağındadır da! Yazıq qadınlardır, üst-başları toz içində, çarvadar yükü daşıyırlar. Bəlkə də kənddən qovulmuş bədbəxtlərdir.

Don Kixot. Yox, səhv edirsən, mənim sadiq silahdaşım. Bunlar kəndli qadın, filan deyillər. Bunlar sehrlənmiş şahzadələrdir. Görünür, hansısa azğın bədheybət bunları əsir götürüb, gözəl atlarını əllərindən alıb, özlərini də bu ağır taleyə məhkum edib. (Nizəsini havaya qaldırıb, ucadan). Dayanın, zavallılar! Görürəm bu ağır yükü daşımağa gücünüz çatmır, zərif bədənləriniz dözmür, yükün altında əyilir. Deyin görüm, hansı bədxah cadugər sizi bu lənətə düçar edib? Bağlarda çiçək kimi açmalıykən, hansı qara qüvvə sizi bu ağır işə məcbur edib?

(Qadınlar ayaq saxlayıb, dikəlirlər. Onların başçısı əllərini belinə vurub, Don Kixotu başdan-ayağa süzür).

Başçı qadın. Maraqlıdır, niyə sizə elə gəlir ki, bizi hansısa qara qüvvə bu işə məcbur edib?

İkinci qadın (tərini dirsəyi ilə silərək). Şalvar geyinmisiniz, elə bilirsiniz, bu sizə hərzə-hərzə danışmaq haqqı verir? Çəkilin, bizi yolumuzdan eləməyin!

Don Kixot. Yox, ola bilməz! Şahzadələr belə danışmamalıdır: siz sehrin təsiri altındasınız, sayıqlayırsınız. Ağlınız dumanlanıb, səsiniz quru, əlləriniz qabar içində, bu, ağır sehrin, cadunun əlamətləridir. Deyin mənə, sizi əsarətdə saxlayan kimdir, adını deyin, yerin deşiyində də olsa, tapıb o çirkin kahin qəlbini nizəmlə parça-parça eləyim! Sizi bu zillətdən qurtarım!

Üçüncü qadın. Qulaq asın, kişi qırıqları, bizdən heç nə qopara bilməyəcəksiniz. Ona görə, al dillə, yalan-palanla başımızı piyləməyə çalışmayın. Sizin kimi qaçaq-qulduru çox görmüşük. (Don Kixota üzünü tutur). Bir bunun geyiminə-geciminə bax! Çəkil yoldan, yoxsa sənə bir divan tutarıq, sədası aləmə yayılar…

(Qadınlar gülüşür).

Sanço Pansa. Xanımlar, comərd cəngavər, həşmətli sinyor Don Kixotun sözlərini nahaq yerə qəribçiliyə salırsınız. Onun qəlbi təmənnasız yaxşılıq və mal-dövlətdə gözü olmayan bir azadlıq ehtirası ilə döyünür.

Qadınlar. (Xorla oxuyurlar. Ritmik, hərbi marş tempində, araba təkərlərinin gıcıltısı və ayaq səsləri ilə müşayiət olunur).

Tozlu yollar, dik yoxuşlar qorxutmaz bizi,
Biz silmişik qəlbimizdən o köhnə izi.
Nə bir saray istəyirik, nə gümüş, nə zər,
Bizim azad ruhumuzdur ən böyük zəfər!

Sizin kimi quldurları çox görmüşük biz!

Sizin kimi quldurları çox görmüşük biz!

(Əllərində oraq, yaba, dırmıq, bel tutmuş qadınlar yavaş-yavaş Don Kixotla Sanço Pansanı əhatəyə almağa başlayır. Onlar dal-dalı çəkilməyə başlayır).

Sanço Pansa. Xanımlar, xanımlar, bir dəqiqə. Konsertə görə təşəkkür edirik, amma… deyəsən, siz sinyor cəngavərin niyyətini düzgün başa düşmədiniz. Biz qaçaq-quldur deyilik, sadəcə sizin kimi şanlı, zərif məxluqların qəlbini fəth etmək istəyirdik…

Don Kixot (vüqarını pozmadan, başındakı ləyəni düzəldir). Dayanın, ey zərif məxluqlar! Məlumunuz olsun ki, cəngavər kodeksi qadınlara qarşı qılınc çəkməyə icazə vermir. Amma görünür, o mənfur sehrbaz Friston sizi də öz cadusuna salıb, əlinizə bu kəndli alətlərini verib, mənə qarşı ordu düzəldib!

Başçı qadın (orağını yelləyərək). Nə cadu, hansı sehrbazdan danışırsan, ay ağlı kəm?! Sən bizim kəndin yeganə dəlləyini vurub şikəst eləmisən! İndi bizim kişilərin saqqalını kim qırxacaq? Xəstələrdən kim qan alacaq? Alın payınızı!

(Qadınlar daha da yaxınlaşır, yaba və dırmıqlar havada hədələyici şəkildə tərpənir).

Sanço Pansa (geri-geri gedərək, əlləri ilə başını qoruyur). Xanımlar, xanımlar, yanlışlıq olub! Sinyorum sadəcə bu dəlləyin başındakı ləyəni... yəni dəbilqəni yoxlamaq istəyirdi. Sinyor Don Kixot o cəngavəri… yəni dəlləyi sağ buraxdı, sadəcə bir az başı fırlanırdı! (Don Kixotun qolundan yapışır). Sinyor, İsa xatirinə, indi qəhrəmanlıq vaxtı deyil, necə deyərlər, qaçmaq da igidlikdəndir! Bu qadınların dırmığı sizin nizənizdən də itidir! Rosinanta tərəf qaçın!

Don Kixot (tərəddüdlə). Sanço, axı cəngavər döyüş meydanını tərk etməz... Amma bir tərəfdən də… qadınlarla döyüşmək cəngavər qanunlarına ziddir. Bəli, bu geri çəkilmək deyil, sadəcə strateji bir manevrdir!

Sanço Pansa. Elədir, sinyor, sadəcə manevrdir, mövqe dəyişikliyidir!

(Sanço özünü eşşəyin belinə atır, Don Kixot isə birtəhər Rosinanta dırmanır. Qadınlar qışqıra-qışqıra onların ardınca qaçır, yerdən kəsək və daş götürüb atırlar. Don Kixotun başındakı mis ləyən «taqq-tuqq» səsləriylə atılan daşlardan qorunmağa kömək edir. Musiqi sürətlənir, daşların ləyənə dəymə səsi ritmik bir döyüş marşına çevrilir).

Don Kixot (atın belində yellənə-yellənə, ləyəni hər dəfə düzəldərək). Eşidirsənmi, Sanço? Bu sədalar mənim qəhrəmanlığımın səsidir! Mambrino dəbilqəsinin çıxardığı səslər, elə bil, göylərdən gələn alqış sədasıdır!

Sanço Pansa (eşşəyini var gücü ilə qovur, başını aşağı salıb). Sinyor, məncə bu, qonşu kəndin qadınlarının «xeyir-duasıdır»! Tez olun, yoxsa yabayla Rosinantın qarnını deşəcəklər!

(Onlar bir qədər qaçdıqdan sonra qadınların səsi uzaqlaşır. Toz-torpaq içində meşənin kənarına çatırlar. Don Kixot Rosinantı saxlayır və nəfəsini dərir, ləyəni başından çıxarıb baxır. Sonra atdan, eşşəkdən düşüb, yerə əyləşirlər).

Sanço Pansa. Şükür, yaxşı qurtardıq. Şükür göylərin kəramətinə!

Don Kixot (maraqla onun üzünə dikilir). Dostum Sanço, bəs deyirdin kitab oxuya bilmirsən, savadsızsan. Əvvəllər ağzın qatıq kəsmirdi, sözü sözə qoşub danışa bilmirdin. Bu cür bəlağətlə, ibarəli danışmağı haradan öyrənmisən?

Sanço Pansa. Sinyor, atı atın yanına bağlarsan, ya huyunu götürər, ya xasiyyətini.

Don Kixot. Aydındır! Sən hələ məndən çox şeylər öyrənəcəksən, mənim vəfalı dostum. İllər, qərinələr keçəcək, yer üzündəki bütün xalqlar bizim şücaətlərimizdən danışacaq.

Sanço Pansa (yerə sərdiyi süfrədən bir parça çörək götürüb dişləyir). Sinyor, bu günlük bu qədər şücaət və «strateji manevr» bəsimizdir. Mənim bu «manevrlərdən» sonra qarnım elə quruldayır, elə bil içimdə on dənə yel dəyirmanı fırlanır.

Don Kixot (uzaqlara zillənərək). Haqlısan, Sanço. Qəhrəmanlar da dincəlməlidir. Gedək o uzaqdakı işıq gələn tərəfə. Orada bizi möhtəşəm bir qala, ləziz təamlar və bəlkə də yeni bir macəra gözləyir. Amma əvvəlcə toqqanın altını bərkitmək, yaxşıca yatıb dincəlmək lazımdır. Çünki başımda şiddətli ağrılar hiss edirəm…

Sanço Pansa. Təəccüblü deyil, o Mambrino şlemi olmasaydı, indi başınızda yel dəyirmanının daşı böyüklüyündə bir şiş vardı. Qadınların qırımını gördünüz də…

Don Kixot (acıqlı səslə). Nə dəyirman, dəyirman salmısan? Bəsdir yel dəyirmanından danışdın! Ömründə bircə dənə kitab oxumuş olsaydın bilərdin ki, dediyin o qadınlar Balta Ordeninin üzvləriydi.

Sanço Pansa. Hansı ordenin?

Don Kixot. Balta ordeninin! Sanço, doğrudur, cəngavərin silahdaşı savadsız olsa yaxşıdır, amma day bu qədər də yox! Xəbərin olsun, qadınlardan ibarət «Balta Ordeni»ni Barselonanın qrafı dördüncü Ramon Berenger yaradıb. Bu, Avropada yeganə qadın cəngavər ordenidir.

Sanço Pansa (kənara). Zalım oğlu, gah deyir sehrlənmiş şahzadələrdi, gah da deyir Balta Ordeniydi..., nə bilim, Oraq ordeniydi.

(Onlar yavaş-yavaş üfüqə tərəf addımlayırlar. Arxa fonda meşənin sakitliyi və Sançonun eşşəyinin ayaq səsləri eşidilir).

İKİNCİ PƏRDƏ

I ŞƏKİL

Komissar Rodriqonun otağı. Komissar, köməkçisi Xuan, Müqəddəs Ermandadanın üzvləri, Antoniya, Don Kixotun qonşusu Sanson Karrasko, Doktor Pedro, keşiş Pero Peres.

Komissar Rodriqo (masanın arxasında əyləşib, qarşısındakı qovluğu vərəqləyir. Sonra başını qaldırıb, otaqdakıları süzür). Belə! Xəbərlər heç də ürəkaçan deyil. Lamançalı zadəganın macəraları artıq həddini aşır. Kralın da qulağına çatıb ki, Lamançada aləm dəyib bir-birinə, at izi it izinə qarışıb. Ətraf kəndlər bu adamın əlindən dad eləyir. Deyirlər, bir dəlinin əlində qalmışıq… Müqəddəs Ermandada hara baxır deyirlər! Xuan, vəziyyəti məruzə elə görüm!

Xuan (əlində kağız, irəli çıxıb boğazını arıtlayır. Rəsmi tonda oxumağa başlayır). «Lamança vilayəti üzrə Müqəddəs Ermandada rəhbərliyinə növbəti məruzə: Dünən günorta saatlarında əyalət yolunun kənarında növbəti asayiş pozuntusu qeydə alınıb. Şahidlərin və zərərçəkmişin ifadəsinə görə, özünü „Lamançalı Don Kixot“ adlandıran silahlı şəxs və onun nökəri, Sanço Pansa adlı eşşək minən bir kəndli, dinc sakinə, qonşu kəndin dəlləyinə qəfil hücum çəkmişlər. Hadisə belə cərəyan edib: Dəllək yağışdan qorunmaq üçün mis ləyənini başına qoyub, yol gedirmiş. Təqsirləndirilən şəxs Don Kixot, bu adi məişət əşyasını hansısa „Mambrino dəbilqəsi“ adlandıraraq, dəlləyin əlindən alıb. O, heç bir xəbərdarlıq etmədən, nərə çəkərək atını yazıq adamın üstünə çapıb və qılıncın arxası ilə dəlləyin başına ağır zərbə endirib. Zərbənin gücündən dəllək huşunu itirərək yerə yıxılıb. Cinayətkarlar onun əmlakını, içində sabun, ülgüc və daraq olan dəri torbanı və həmin mis ləyəni zorla mənimsəyiblər. Üstəlik, təqsirləndirilən şəxs ayılan zərərçəkmişə hansısa „Dulsinaya“ adlı qadına çatdırılmaq üçün mənasız bir məktub verərək onu hədələyib. Bununla da kifayətlənməyən bu qəribə cütlük, tarlada işləyən dinc kəndli qadınları „div ordusu“ adlandıraraq onlara hücum etməyə cəhd göstəriblər. Qadınlar müqavimət göstərdikdə isə, təqsirləndirilən şəxslər „strateji manevr“ bəhanəsi ilə hadisə yerindən qaçıblar. Hazırda dəllək ağır kəllə-beyin travması və sarsıntı içindədir, ləyən isə hələ də cinayətkardadır. Bundan başqa…»

Komissar Rodriqo. Bax belə! Buyurun, müqəddəs ata, nə deyəcəksiniz?

Pero Peres (əlini sinəsinə qoyaraq, dərindən ah çəkir). Mənim sevimli qonşum, kəndlim, təəssüf ki, lap ağlını itirib. Mən onun kitabxanasını yandıranda elə bildim ki, şərin kökünü kəsmişəm. Sənə demişdim, Sanson, o «Qall Amadis», «Palmerin» sayaq kitabcığazlar sinyor Kixano kimi zavallıları başdan çıxarır. Buyurun, Allahın mağmın bəndəsi Alonso Kixano özünü o kitabların qəhrəmanı sanır, hamını «məlun sehrbaz» və ya «nəhəng» gözündə görür. (Birdən-birə səsini ucaldır). Onun üçün hətta Komissar Rodriqo da hansısa qalanın zalım hakimi, müstəbid və qaniçəndir…

Komissar Rodriqo. Hm!.. Məsləhətiniz nədir, müqəddəs ata?

Pero Peres. Məsləhət deyəndə ki… Onu bu hala salan kitablardır. Yoxsa, bizim zavallı Alonso Kixanonun ürəyi təmizdir, amma beyni səfsəfələrlə doludur.

Komissar Rodriqo. Atarıq zindana, orada ağıllanar!

Antoniya. Sinyor Komissar…

Pero Peres. Mənim fikrimcə, bu bəlanın çarəsi onu və onun kimiləri zəhərləyən o mənasız kitabları yığışdırıb, oda verməkdir. Bilmirəm nə tapıblar kitablarda? Məgər müqəddəs kitabda, İncili-Şərifdə hər şey yazılmayıbmı? Sadəliyi və itaəti öyrədən kitabı qoyub, təkəbbürə, xəyallar dünyasına sürükləyən kitablara nə ehtiyac var? Nə ehtiyac var, sizdən soruşuram…

Komissar Rodriqo. Məndən niyə soruşursunuz? Mən ömrümdə alayarımçıq bir kitab oxumuşam, o da cinayət məcəlləsidir.

Doktor Pedro (eyniyini düzəldərək). Bu, artıq sadəcə kitab məsələsi deyil, sinyorlar. Tibbi dildə bunun adı «delirium»dur! O, adi dəllək ləyənini qızıl dəbilqə kimi başına qoyub gəzirsə, deməli, karvansara görsə onu padişah sarayı zənn edəcək…

Komissar Rodriqo (qəhərlə). Məni onun tibbi diaqnozu maraqlandırmır, sinyor Doktor! Məni maraqlandıran odur ki, Kralın müfəttişləri gəlib məndən hesabat istəyəndə nə deyəcəyəm? Deyəcəyəm ki, bir dəlinin qarşısında aciz qalmışıq? (Xuana üz tutur). Oxu görüm, başqa nə hoqqalardan çıxıb? Başqa kimlər şikayət edib?

Xuan (yeni bir vərəq çıxarır). Padşah sarayı demişkən, sinyor Komissar, yol kənarındakı bir mehmanxana sahibi şikayət edir ki, Don Kixot oranı qəsr hesab edərək, hay-küylə içəri təpilib, şərab tuluqlarını qılıncla doğrayıb ki, deməzsənmi bunlar hansısa sehrbaz nəhənglərin başıdır. Üstəlik, o, mehmanxana sahibini «qalabəyi» adlandıraraq ona cəngavər rütbəsi verməyi tələb edib...

Komissar Rodriqo (ayağa qalxır, əsəbi halda otaqda var-gəl edir). Kifayətdir! Hər şey aydındır. Şərab tuluqlarını doğrayıb, o qədər neməti məhv eləmək günahdır.

Pero Peres. Böyük günahdır.

Komissar Rodriqo. Aydın məsələdir ki, bu adamın ağlı çatmır.

Doktor Pedro. Zır dəlidir.

Komissar Rodriqo. Mən bir komissar kimi hesab edirəm ki, bu adam ilk növbədə cinayətkardır. Müqəddəs Ermandada onu cinayət məcəlləsinin 27b, 37c, 105a maddələri üzrə müqəssir hesab edir. Maddələr ortadadır: mülkiyyətə qəsd, fiziki xəsarət və asayişin kobud şəkildə pozulması!

Antoniya (dəhşət içində). 105a?! Amma, Komissar, bu maddə ağır cəza nəzərdə tutur! Yazıq əmimi zindan küncündə çürütmək istəyirsiniz? O, sadəcə yüngülvari havalıdır, xəstəhaldır! Buna görə adamı zindana salarlar? Aman Tanrım, dayım bəzən özündə olmurdu, nağıl kitablarından oxuyub, qılıncını qapır, daş-divara hücum çəkirdi. Sonra guya döyüşdə yaralanıb, su içirdi. Deyirdi ki, bu dirilik suyudur. Onda heç kimə demirdim ki, deməsinlər dayım dəli olub…

Komissar Rodriqo (sərt şəkildə). Xəstələrlə həkimlər məşğul olur, mənim işim isə qanunları qorumaqdır. Əgər o, şərab tuluqlarını «div» bilib doğrayırsa, sabah bir kəndlini «əjdaha» sanıb nizəyə çəkməyəcəyinə kim zəmanət verir?

Antoniya. Sinyor Komissar, müqəddəs ata, sinyor doktor, xahiş edirəm, xahiş edirəm, xahiş edirəm… Doğrudur, dayım son vaxtlar bir qədər özünü qəribə aparır…

Komissar Rodriqo. Bir qədər?

Antoniya. Ola bilsin, bir qədərdən bir az çox… Amma indi kim özünü qəribə aparmır ki?.. (Pero Peresə sarı yönəlir). Məsələn, mən katolik keşiş tanıyıram ki, gündüzlər insanların günahlarını bağışlayır, evlərə təpilib təqdis eləyir, cəngavər kitablarını yandırır, gecələr isə, «mənəvi qızım» adlandırdığı qadınların evindən çıxmır. Üç qadından beş uşağı var… Bəs harada qaldı bu keşişin Allah qarşısında and içib, söz verdiyi bakirəlik əhdi?

(Pero Peres yerində qurcuxur. Üzündə donuq ifadə, başını yelləyir).

Antoniya. Keşiş cəhənnəmdən qorxmur, özü bilər. Bəs kralın qəzəbindən də qorxmur? İanə qutularından topladığı pulları eyş-işrətə xərcləyirsə, fani dünyada kefindən qalmırsa, buna nə ad verəsən, hə, müqəddəs ata? Sizdən soruşuram, müqəddəs ata, bu keşiş özünü qəribə aparır, ya yox?

Pero Peres. Qəribə aparır? Hə, əlbəttə, qəribə aparır… Belə isə, doğrudur, keşiş də insandır, könlü-gözü var, amma bakirəlik əhdi veribsə… (mızıldanır).

Antoniya (doktor Pedroya sarı yeriyir). Və ya, tutalım, doktorlar tanıyıram ki, ölüm ayağında olan, canıyla əlləşən xəstələrin son qəpiyinicən cibini soymaqdan utanmır. İnsanların çarəsizliyini qızıl mədəni bilir. Hələ mən sağlam adamları xəstə çıxarıb, xəstə qohumlarının önündə hoqqa verən, şəbeh çıxaran, lazımsız prosedurlar təyin edib, sehrli iksirlər bazarlayan doktorları demirəm. (Qəfildən komissara sarı çevrilir).

Doktor Pedro (kənara). Bunlar ailəlikcə xəstədirlər ki…

Pero Peres. Bunun diliylə şeytanın özü danışır…

Antoniya. Mənim yaxşı tanıdığım bəzi komissarlar da var… Qatillərin, rüşvətxorların, şeytanın əlaltılarının əl-ayağını yığmaq əvəzinə, gümüş sikkələrini alıb, arxa qapıdan sərbəst buraxır. Yol kənarındakı mehmanxanalara tuluqlarda şərab tədarük eləyir… Bu sizə qəribə gəlmirmi, sinyor Komissar?..

Komissar Rodriqo. Ehtiyatlı olun, sinyora Antoniya, siz Müqəddəs Ermandadadan danışırsınız…

Antoniya. Yox, mən «müqəddəs» ifadəsinin arxasında gizlənib, altdan-altdan iş çevirən acgöz komissarlardan danışıram…

Komissar Rodriqo. Lənət şeytana… Yox… İstənilən halda idalqo cəzasını almalıdır! (Ermandada üzvlərinə). Sinyorlar, gedin tapın onu, nökəri ilə birlikdə, zəncirləyib atın zindana. Qoy inkvizisiyanın özü qərar versin: bu adam dəlidir, xəstədir, yoxsa kral qanunlarını saya salmayan cinayətkardır? Vəssalam, uzun çək-çevirə ehtiyac yoxdur!

Sanson Karrasko (ayağa qalxır). Bir dəqiqə, sinyor Komissar. Bilirsiniz, sinyor idalqo mənim də qonşum və dostumdur. Bildiyiniz kimi, Alonso Kixanonun bacısı qızı sinyora Antoniyanın xahişi ilə onu müşayiət edirəm.

Komissar Rodriqo. Xahiş edirəm, müxtəsər danışın, işimiz başımızdan aşır…

Sanson Karrasko. Sinyorlar, başa düşürəm, idalqo qaydalardan kənara çıxır. Amma mənə elə gəlir, onu zəncirləmək vəziyyəti daha da pisləşdirə bilər. Sinyor Komissar, əgər siz onu zəncirləyib zindana atsanız, o, özünü «zülmkarın əsirliyinə düşmüş məsum qəhrəman» elan edəcək. Bu isə onun xəyallarını daha da alovlandıracaq, xalqın gözündə isə onu əfsanəyə çevirəcək.

Komissar Rodriqo. Yaxşı, nə təklif edirsiniz?

Sanson Karrasko. Özünü cəngavər sandığı üçün onu yalnız «cəngavər qanunları» ilə məğlub etmək olar. Mənim bir planım var... Mən də onun kimi cəngavər zirehi geyinəcəyəm. Özümü «Gümüş Ay Cəngavəri» adlandırıb onun yolunu kəsəcəyəm. Onu təkbətək, açıq döyüşə çağıracağam. Cəngavər qanunlarına görə, məğlub olan tərəf qalibin istənilən şərtini yerinə yetirməlidir. Mən onu məğlub edəcəyəm və şərtim bu olacaq: «Silahı yerə qoy, evinə dön və iki il ərzində ümumiyyətlə bayıra çıxma!» Necədir?

Pero Peres (ümidlənir). Bu, dahiyanə fikirdir! O, cəngavər andına xəyanət etməz. Beləcə həm qanun yerini tapar, həm də qonşumuz sağ-salamat evinə dönər.

Doktor Pedro (istehza ilə). Əlbəttə, əgər o, sizi nizəsilə vurub atdan salmasa...

Komissar Rodriqo (masaya yumruq vurur). Yaxşı! Sizə bir həftə vaxt verirəm, Sinyor Karrasko. Gedin, o «Gümüş Ay» oyununuzu oynayın. Amma yadda saxlayın, əgər bir həftə sonra, gün batana qədər o, evində diz çöküb tövbə etməsə, ağlını başına almasa, Müqəddəs Ermandadanın əsgərləri işə qarışacaq. O zaman nə sinyora Antoniyanın ittihamları, nə də sizin dostluğunuz onu zindandan qurtara bilməyəcək!

Pərdə

II ŞƏKİL

Günəşin yandırıcı şüaları altında geniş, kimsəsiz bir düzənlik. Uzaqda qədim bir su quyusu və tək-tük qurumuş kollar görünür. Don Kixot və Sanço Pansa yavaş-yavaş irəliləyirlər. Don Kixotun başındakı mis ləyən günəşdə bərq vurur.

Don Kixot (dərindən ah çəkir). Dostum Sanço, ürəyim sıxılır. Görürsənmi bu sükutu? Bu tozlu yollar, bu boş düzənliklər sanki mənim cəngavər ruhumu sınağa çəkir. Nə vaxtdır ki, həqiqi, şanlı bir qəhrəmanlıq göstərə bilmirik. Dünya sanki yatıb, sehrbazlar gizlənib, nəhənglər isə qorxudan yerin altına təpilib.

Sanço Pansa (eşşəyinin belində mürgü vurur). Vallah, sinyor, dünya yatıbsa, qoyun yatsın. Bu istidə heç nəhənglər də dəli deyil ki, çölə çıxsınlar. İndi mənim üçün ən böyük qəhrəmanlıq bir ağac kölgəsi tapıb yarım saat mürgüləmək olardı.

Don Kixot. Səni də yeyib-yatmaqdan başqa heç nə düşündürmür. Bir az döz, mənim vəfalı dostum, fəth etdiyim adaya yerləşəndən sonra işin elə yeyib-yatmaq olacaq.

Sanço Pansa. Bu bəxt ki, məndə var…

(Uzaqdan fəryad səsləri eşidilir).

Don Kixot (əlini qaldırır). Dayan! Eşidirsən? Bu, taleyin səsidir, Sanço, məni cəng meydanına səsləyir. Arxamca gəl!

(Atını mahmızlayıb, səs gələn tərəfə cumur. Sanço onun arxasınca düşür. Qarşıdakı kolluğu aralayıb, baxanda görürlər ki, bir kəndli bir oğlanı ağaca sarıyıb, kəmərlə döyür).

Kəndli. Al payını, yaramaz. Nə qədər demək olar ki, sürüdən gözünü çəkmə, gözdə-qulaqda ol, hə? Al! Al, yaramaz!

Oğlan. Of, of… Ağam, amanın günüdür, ah, bərk vurmayın! Başa düşdüm, bildim!

Kəndli. Gündə bir qoyun itirir, hələ bir utanmaz-utanmaz məndən aylıq-donluq da istəyir. Al, gəldi!

Oğlan. Ağam, and olsun bizi yaradana, əlimdən gələni eləyirəm, bir qarın ac, bir qarnı tox, gecəm-gündüzüm yox, çöllərdə qoyun güdürəm, daha nə istəyirsiniz məndən?

Kəndli. Canına azar istəyirəm! Al!..

(Don Kixot şığıyıb, nizəsini kəndlinin sinəsinə dayayır, nərə çəkir).

Don Kixot. Dayan, ey mənfur, alçaq cəngavər! Utanmırsan özündən zəifə, kömək diləyən bir bəndəyə əl qaldırırsan? Dərhal o kəməri yerə at, nizəni götür: səni təkbətək döyüşə çağırıram! Sanço, bu yaramazın nizəsini əlinə ver!

(Sanço Pansa yerə düşmüş çoban dəyənəyini götürüb, zorla çobanın əlinə verir).

Kəndli (qorxudan rəngi ağarır, dəyənəyi götürür, kəməri əlindən salır). Sinyor cəngavər, axı bu uşaq mənim nökərimdir... Hər gün bir qoyunumu itirir. Mən də onu tərbiyə edirəm ki, ayıq-sayıq olsun, gözü ovda-quşda olmasın, qoyun güdmək bunları tələb edir...

Don Kixot (oğlana). De görüm, mənim gənc dostum, bu cəngavər doğrumu danışır, doğrudanmı sən gündə bir qoyun itirirsən?

Oğlan. Sinyor cəngavər, qoyun itirdiyim olur: çöllükdür, qurdu-quşu var, oğrusu-qulduru var… Amma gündə bir qoyun itirsəydim, ağamın sürüsü qalardı?

Sanço Pansa (altdan-altdan kəndliyə baxır). Sinyor, bu adamın gözləri fırıldaqçı tərəzisi kimi oynayır, heç xoşuma gəlmir… Elə bil kəndli deyil, hiyləgər tülkü gözüdür.

Oğlan. Sinyor cəngavər, on aydır işlədir, pulumu vermir, hər dəfə bir bəhanə ilə pulumu kəsir! Hər dəfə haqqımı istəyəndə, basıb döyür məni… (Ağlamsınır).

Don Kixot (kəndliyə sarı dönür). Sən nə cürətlə mənim qarşımda yalan danışırsan? Sən sadəcə onun haqqını vermək istəmirsən, bəhanə axtarırsan! (Oğlana tərəf dönür). De görüm, ey məzlum gənc, bu zalım sənə neçə real borcludur?

Kəndli. Sinyor…

Don Kixot. Kəs səsini! (Oğlana). Buyur, qulağım səndədir.

Oğlan. Sinyor, on aydır bu adama çobanlıq eləyirəm. Ayda on realdan danışmışdıq. Cəmi yüz real eləyir.

Kəndli. Yüz real? İnsafınız olsun, məndə o qədər pul haradandır? Bu qədər pulum olsaydı, mavrlar kimi, bir arvad da almazdımmı? Heç bu sürü o qədər pul eləmir.

Don Kixot. Eləmi? Bu yer üzündə gördüyüm ən xəsis cəngavər sənsən! Üstəlik də qanmazsan, qanmazın yekəsisən, istismarçısan. Qaldır nizəni, özünü qoru!

(Kəndli dəyənəyini əlindən salıb, diz çökür; əlləri ilə başını tutur).

Kəndli. Mən təslim oluram, təslim oluram! Sizi and verirəm müqəddəslərə, İsa xatirinə, öldürməyin məni.

Don Kixot. Elə isə, çıxar ver çobanın pulunu!

Kəndli. Bir dəqiqə! (Kisəsini çıxarır). Bu mənim pul kisəm, borcumu ödəməyə hazıram. Amma, sinyor cəngavər, əvvəlcə hesab-kitab etməli deyilikmi?

Sanço Pansa. Bəs deyirdin pulum yoxdur?

Don Kixot (kəndliyə). Nə hesab-kitab?

Kəndli. Baxın, bu on ay ərzində mən çoban oğlana üç cüt başmaq almışam, çünki başmaqsız çöllərdə qoyun güdmək olmur, özünüz başa düşürsünüz… Dəri başmaqlar. Başmağın cütü üç realdan, bu eləyir doqquz real.

Don Kixot. Başqa?

Kəndli. Başqa da, üç dəfə xəstələnib, hər dəfə də ondan qan almışam. Bu da eləyir…

Don Kixot (əlini qaldırır). Dayan!

Sanço Pansa (Don Kixota tərəf əyilib pıçıldayır). Sinyor, deyəsən, bu hesabla axırda bu yazıq çoban buna borclu çıxacaq. Gəlin o kisəni ondan alaq, məsələ bitsin.

Don Kixot (kəndliyə). Mənə bax, cəngavər, bu zavallının dərisini soymusan, bu olsun aldığın başmaqların əvəzi. Bax, qanına qəltan eləmisən, bu da aldığın qanın əvəzi. Oldunuz əvəz-əvəz. İndi bunun pulunu ver, yoxsa, and olsun yenilməz qoluma, cəngavər şərəfinə və qəlbimin tək sahibi Tobosolu Dulsinayanın gözəlliyinə ki, əgər bu uşağın bir realını, bircə maravedisini belə kəssən, səni elə buradaca parça-parça edib quzğunlara yem edəcəyəm! Dərhal say pulları!

Sanço Pansa. Əlin niyə əsir? Ver o kisəni mənə, mən özüm sayaram…

Kəndli (məcbur qalıb pulları saymağa başlayır). Yaxşı, yaxşı... Sinyor cəngavər, başınıza dönüm, o nizəni bir az kənara çəkin. Baxın, sayıram... Bir, iki, üç... Vallah, ürəyim qan ağlayır, amma sizin o müqəddəs andınız qarşısında boynum qıldan incədir… birdən-birə bu qədər pulu vermək... (Ah çəkir). Al, bu sənin pulların, yaramaz! Sinyor cəngavərin xətrinə səni bağışlayıram.

Sanço Pansa. Sinyor Don Kixot, icazə verin bu yenilmiş cəngavərin əbasını qənimət kimi özümə götürüm, kisəsindən də bir neçə real məhkəmə xərcləri olaraq müsadirə edim. Yoxsa neçə gündür bu tozlu yollarda ac-yalavac dolaşırıq. Bir qarnı ac, biri tox. Bir doyunca yemək yeyərdik deyirəm.

Don Kixot (özünü sındırmadan, Sançoya tərəf bir az əyilərək). Səbirli ol, Sanço! Bir az da döz, az qalıb, mənim vəfalı silahdaşım. Uca Tanrı, cəngavərin Allahı bütün bu məhrumiyyətlərin əvəzini artıqlaması ilə verəcək. Söz verdiyim kimi, mən tezliklə fəth edəcəyim ilk adanı sənə bağışlayacağam və sən oranın qubernatoru olacaqsan! Bax, onda ürəyin istəyən qədər yeyib-içərsən, süfrəndə şah təamları olar. (Oğlana sarı dönür). Gənc dostum, yolun açıq olsun, çıx get! Amma bundan sonra kiməsə nökərçilik eləyəndə yaxşı-yaxşı fikirləş, gör kimdir, kimlərdəndir, nə itin yiyəsidir.

Oğlan. Sinyor cəngavər, bu adam bu yerlərin ən varlı adamıdır, burada Kintanarada yaşayır. Qorxuram siz gedəndən sonra yerin-göyün heyfini məndən çıxa.

Don Kixot. Gənc dostum, kitablarda yazır ki, insan öz qorxularının quludur. Allah səni Kintanaralı cəngavərin qarşısında tir-tir titrəmək üçün yaratmayıb. (Kəndliyə sarı dönür). Qulaq as, məlun, sənin qorxunun adı isə mənəm – Don Kixot. Eşidib bilsəm ki, mən uzaq diyarlara çıxıb gedəndən sonra burada kiminsə xətrinə dəymisən, bütün işlərimi yarımçıq qoyub, məxsusi olaraq sənin üçün qayıdıb, səni həmin bu ağacdan asacağam. Başa düşdün?

Kəndli (məyus səslə). Başa düşdüm, başa düşdüm…

Oğlan. Allah sizdən razı olsun, sinyorlar, sinyor cəngavər, icazə verin çəkmənizi öpüm!

Don Kixot. Yox, çəkməmi öpməyinə ehtiyac yoxdur, amma bizə gecələmək üçün bir qəsr və ya saray yeri göstərə bilərsənmi? Çünki Tanrı şahiddir ki, yuxusuzluq və aclıq silahdaşım şanlı Sanço Pansanı əldən salıb və uzaq səfərə çıxmazdan əvvəl biz bir qədər dincəlsəydik heç də pis olmazdı.

Oğlan. Sinyor, elə bu yolla getsəniz düz bir tavernanın üstünə çıxacaqsınız. Elə orada gecələyərsiniz.

(Don Kixot əlinin hərəkəti ilə onların getməsinə işarə eləyir. Varlı kəndli ilə çoban oğlan bir-birinə tər-tərs baxa-baxa, hərəsi bir tərəfə gedir. Sanço Pansa ilə Don Kixot sakitcə yola davam edirlər. Işıqlar sönür. Səhnə yavaş-yavaş işıqlanır; toranlıq: Don Kixotla Sanço Pansa tavernada samanın üstündə yatıblar. Pəncərədən gün işığı sızır. Uzaqdan qab-qacaq səsləri, astadan danışıqlar, at fınxırtısı eşidilir).

Don Kixot (yuxudan ayılıb gərnəşir). Sanço!.. Sanço, yatırsan? Eh, dünya-aləm vecinə deyil. Üçdə alacağı yox, beşdə verəcəyi. Nə yar həsrəti çəkir, nə dünyanın gərdişi ilə maraqlanır. Mindiyi eşşək bundan ağıllıdır. Bir qarın yemək, doyunca yatmaqdan başqa dərdi yoxdur.

Sanço Pansa (yerdəki köhnə palazın üstündə hıqqana-hıqqana çevrilir, mızıldanır). Eşidirəm hamısını…

Don Kixot. Ah, sadiq silahdaşım Sanço, oyan! Bax, günəş şüaları bu möhtəşəm qəsrin bürclərini necə al-qırmızı rəngə boyayır. Etiraf etməliyəm ki, bu qəsrin sahibi, o nəcabətli kastellan bizə böyük lütf göstərdi, mehriban qarşıladı bizi. Onun alicənablığı məni valeh elədi. Amma, deyəsən, bu gecə mənə hazırladıqları yataq bir az narahat idi. Bəlkə də, hansısa qədim bir cadunun təsirindəndir, ya da bədxah bir sehrbaz gecə boyu sümüklərimi sızlatmaq üçün döşəyimə daş-kəsək doldurub.

Sanço Pansa (qalxıb palazın üstündə oturur, belini ovuşdurur). Ah, ağam, nə qəsr, nə kastellan? Deyəsən, siz hələ yuxudan ayılmamısınız? Vallah, o sizin «nəcabətli» dediyiniz adamı hamı tanıyır, belə tamahkar adam gəlməyib yer üzünə. Yatağınızın narahat olmasına gəlincə, təəccüblü deyil – altınızdakı döşək deyil, bir topa çürümüş samandır! O samanı mənim eşşəyim ağzına da vurmaz. Mənim isə bütün bədənim göynəyir, elə bil gecə boyu altımdakı palazla güləşmişəm. Allahın altında qubernator da olmadıq ki, adam balası kimi pərqu yorğan-döşəkdə yataq…

Don Kixot. Bəsdir donquldandın, bu maddiyyat yıxacaq səni! Sanço, sən heç mənim sözümdən qaçdığımı görmüsən? Baratariyanın qubernatoru olanda mənim canıma dua eləyəcəksən. Di, hazırlaş yola çıxırıq, ürəyimə damıb ki, tale bu gün bizə yeni zəfərlər vəd edir. Qalx, yuxu bişirməyin zamanı deyil…

(Bu zaman bayırda bərk səs-küy qopur. İt hürüşməsi. Söyüş, hədə və yalvarış səsləri. Don Kixot qulaq kəsilir).

Don Kixot. Eşidirsən, Sanço?

Sanço Pansa. Nəyi, nə olub ki?

Don Kixot. Necə yəni nəyi? Bayırdakı gurultu-patırtını eşitmirsən?

Sanço Pansa. Bənd olmayın, ağam, bu mənim qarnımın gurultusudur…

(Səslər güclənir. Don Kixot cəld qalxıb pəncərəyə sarı götürülür).

Don Kixot. Sanço! Belə də bilirdim… Əlifanfaronun ordusu qəsrə hücum çəkib. Qəsri yağmalamaq, həşmətli kastellanın qızı gözəl İolantanı əsir aparmaq istəyir. Dostum Sanço, gözlədiyimiz zaman gəldi. Tez yaraq-əsləhəmi gətir, atımı yəhərlə; bu gün Əlifanfaronla savaşıb, dünyanı onun zülmündən xilas edəcəyəm…

Sanço Pansa. Yenə başladı… (Qalxıb qarnını qaşıya-qaşıya pəncərəyə yaxınlaşır, zənnlə baxır). Ağam, sinyor Don Kixot, məni qınamayın, amma mən orada tamam başqa mənzərə görürəm.

Don Kixot. Nə görürsən?

Sanço Pansa. Bax, o gördüyünüz qırmızısifət adam tavernanın sahibidir, o gəncin yaxasından tutub silkələyir, vəssalam. Çox güman o gənc gecələdiyi yerin və yediyi bir parça çörəyin pulunu ödəyə bilmir, karvansara sahibi də onun köhnə bürüncəyini və çantasını əlindən almaq istəyir.

(Taverna sahibi cavan bir oğlanı pəncərənin önünə sürükləyir).

Taverna sahibi. Hara qaçırsan, hiyləgər tülkü? Elə bilirsən, gün çıxmamış aradan çıxa biləcəksən? Ya dünənki şam yeməyinin və yatdığın o samanlıgın pulunu ver, ya da bu çantanı və bürüncəyini mənə verəcəksən! Yoxsa səni şəhər hakiminin yanına sürüyüb aparacağam!

Oğlan. Sinyor, mənə rəhminiz gəlsin, heç nəyim yoxdur, bütün varım-dövlətim bu kitablardır!

Taverna sahibi. Sənin kimi müftə yeyib-yatanları, yalan-palan həvəskarlarını çox görmüşəm. Hələ utanmaz-utanmaz özüylə kitab da gəzdirir. Ver görüm bunları mənə!

Oğlan. Sinyor, sinyor, son realımı gecə ikən oğurlayıblar, amanın günüdür, mirzəyəm mən…

(Don Kixot bir göz qırpımında nizəsini qapır, şlemini başına qoyub, tuman-köynəkdə çölə qaçır. Nizəni sahibin boğazına dayayır).

Don Kixot. Dayan, ey rəzil, qaniçən qəsbkar! Mən, Lamançalı Cəngavər, sənə bu zülmü davam etdirməyə imkan verməyəcəyəm!

Taverna sahibi (oğlanın yaxasını buraxır). Sən haradan çıxdın? Hansı zülmdən danışırsan? Başındakı ləyəndən utan! İmkan ver, bir parça çörəyimizi qazanaq!

Don Kixot. Mənə qulaq as, qəsrin məkrli komendantı. Sahibin Əlifanfarona deyərsən ki, qədim qonaqpərvərlik adət-ənənəsinə xilaf çıxdığı üçün, bu müdrik səyyahı incidib, qarət etmək istədiyinə görə qəsri müsadirə edirəm. Mən buraya başqa bir komendant təyin edəcəyəm. Elə bir komendant ki, müştərilərin pulunu oğurlamasın, onların əşyalarına göz dikməsin.

Taverna sahibi. Sinyor, sizin gözünüzü qan örtüb, çəkilin önümdən, məni günaha batırmayın! Bu adam mənim samanlığımda yatıb, bir kasa kartof şorbası yeyib, pulumu versin! Sən qarışma! (Oğlanın üstünə yeriyir).

Don Kixot (nizəni sahibin qarnına dayayır). Sus, mənfur, möhtəkir məxluq!

Taverna sahibi. Mənfur, möhtəkir varlıq?

Don Kixot. Sən mənə, adıbəlli səyyah cəngavərə ağıl öyrədirsən? Doğrudanmı sənin qəlbində elmə-sənətə, səfərdə olanlara hörmətdən əsər-əlamət yoxdur? Sənin bu saymazlığın və təkəbbürün artıq səbrimi daşırır. Bax, bu şərəfli gənc elm dünyasının elçisidir. Sən isə onun yaxasından yapışmaqla günəşin qarşısını kəsməyə çalışan qaranlıq bir kölgə! Bu saat bu müdrik səyyahı azad et və öz rəzil əməllərinə görə ondan üzr istə!

Taverna sahibi. Necə, necə? Üzr istəyim? Tanrı günaha yazmasın, amma mənə elə gəlir ki, siz əlbirsiniz! Gəlin belə eləyək, ona belə ürəyiniz yanırsa, borcunu ödəyin, vəssalam! Bu qədər hay-küyə, şəbeh çıxarmağa nə ehtiyac var?

Sanço Pansa (Don Kixotun ətəyindən çəkir, astadan). Ağam, bizi işə salmayın, xəbəriniz olsun, bircə real pulumuz var, onu da bu hərifə versək, quru yerdə qalacağıq.

Don Kixot (onu eşitmirmiş kimi, ona tərəf dönərək). Eşitdinmi, Sanço? Bu rəzil varlıq hələ də öz çirkli pullarından dəm vurur.

Kastellan. Rəzil varlıq?

Don Kixot. Bu adam anlamır ki, bu gəncin çantasındakı bir vərəq, bir lələk onun bütün tavernasından daha dəyərlidir. (Sahibə sarı çevrilir). Sinyor komendant, məncə məsələni asanca yoluna qoymaq olar: gəlin belə eləyək, bu cavan oğlan burada, hamının qarşısında söz verir ki, sənin şövkətini öz kitablarında vəsf edəcək, adını ucaldacaq, tavernanın şöhrətini dünyaya yayacaq, sən də əvəzində onun borcunu bağışlayırsan. Hə, nə deyirsən, ədalətli qərardır, elə deyilmi?

Taverna sahibi (bir qədər duruxur, sonra yenidən mirzənin üstünə cumur, çantasından yapışıb çəkişdirir). Əşşi, nağıl danışmayın mənə! Ver çantanı görüm…

(Taverna sahibi mirzənin çantasını əlindən almaq istəyir. Bunu görüncə Don Kixot nizənin dəstəyi ilə sahibin əlindən vurur. Dava düşür: yumruqlar, bardaqlar, qab-qacaq havada uçuşur. Sanço çəlləyin arxasında gizlənməyə çalışır. Onu sürüyə-sürüyə ortaya çəkib, Don Kixotla birlikdə döyürlər. Mirzə dabanına tüpürüb, aradan çıxır…

Bu zaman ucadan səs eşidilir: «Hersoq gəlir!». Bir anda dava-dalaş dayanır. Hersoq öz majordomu və başının dəstəsi ilə, dəbdəbəli geyimdə səhnəyə çıxır. Taverna sahibi və əlaltıları ehtiramla ona baş əyir, əmrə müntəzir dayanırlar. Sanço Pansa yerdə uzanıb, Don Kixot oturub, əynin-başını düzəltməyə çalışır).

Hersoq (qarşısındakı mənzərəni süzür. Ciddi və təmkinli bir səslə). Bu nə rəzalətdir? Mənim torpaqlarımda sülh və asayişin yerini nə vaxtdan bu cür daxili çəkişmələr alıb? Kim izah edə bilər, burada nə baş verir?

Kastellan (ağır-ağır nəfəs alan taverna sahibi, təşvişlə baş əyir). Ah, hersoq həzrətləri, xoş gəlmisiniz, səfa gətirmisiniz, qədəmlərinizə qurban! Sizin hüzurunuzda xəcil olduq, bağışlayın.

Hersoq. Burada nə baş verir, soruşuram?

Kastellan. Əlahəzrət, bu… bu… bu başıxarab idalqo və onun köməkçisi mənim işimə qarışdılar. İmkan vermədilər müştəri borcunu ödəsin; səhər-səhər dava saldılar burada, bir borclu mirzəni qaçırdılar, üstəlik mənim tavernamı da alt-üst etdilər!

Hersoq. Necə yəni, bu nə özbaşnalıqdır?

Don Kixot (Sançonu silkələyib özünə gətirir, qalxıb qürurla üst-başını düzəldir, şlemini (ləyəni) başına qoyur, nizəsini götürüb, yüngülcə Hersoqa baş endirir). Zati-aliləri! Külli-ixtiyar sahibi, cəngavər ruhlu bir zatın hüzurunda dayanmaqdan şərəf duyuram. Qılıncım hər zaman sizin xidmətinizdədir. Mən, La Mançalı Don Kixot, sadəcə müdrik mirzənin şərəfini və kitablarını bu tamahkar divin pəncəsindən xilas etməyə çalışırdım. Ədalət məndən bunu tələb edirdi!

Hersoq (maraqla Don Kixotu süzür, onun kim olduğunu anlayır və üzündə bir təbəssüm yaranır. Yanındakı majordoma tərəf əyilir, astadan). Don Kixot de La Mança? O məşhur səyyah cəngavər deyilmi bu? O gömbul da Sanço Pansa olmalıdır. (Don Kixota sarı dönür, ucadan). Hörmətli cəngavər, sizin şücaətləriniz haqqında çox eşitmişəm. Boş yerə deməyiblər ki, igidin adını eşit… şöhrətiniz küləkdən də bərk uçur! Görürəm ki, bu kiçik məkanda belə böyük bir qəhrəmanlıq göstərmisiniz. (Ətrafındakılara səslənir). Sinyor cəngavərin və xilas etdiyi gəncin borclarını ödəyin, bu qaba adama da həddini bildirin, deyin ki, cəngavərlərə qarşı bir qədər diqqətli olsun, hörmətlə davransın onlarla.

Don Kixot (məmnuniyyətlə). Görürsənmi, Sanço? Budur həqiqi izzət sahibi.

Hersoq (gülümsəyir). Cənab Don Kixot, bu çirkli və səs-küylü taverna sizin kimi nəcabətli bir cəngavərə layiq yer deyil. Mənim qəsrim yaxındadır. Sizi və sadiq silahdaşınızı orada görməkdən məmnun olaram. Buyurun, sabah mənim qonağım olun, sizi sarayda gözləyəcəyəm.

Sanço Pansa (heyrətlə pıçıldayır). Möcüzəyə bax! Ağamın ağlı bir dəfə bizi bəlaya salmadı deyəsən, düz qəsrə apardı! Canım bu samanlıqdan qurtardı! Heç olmasa...

Don Kixot (özünü tox tutur, şəstlə). Dəvətinizi böyük bir minnətdarlıqla qəbul edirəm, Hersoq həzrətləri. Bir səyyah cəngavər kimi hər zaman taleyin bütün kəşməkəşlərinə hazıram və…

Hersoq (gülə-gülə). Bu hələ hamısı deyil, hörmətli cəngavər. Eşitdiyimə görə, siz öz vəfalı dostunuz, sadiq silahdaşınız şanlı Sanço Pansaya bütöv bir səltənət vəd etmisiniz.

Don Kixot (şəstlə, başını dik tutaraq). Doğru buyururunuz, Hersoq həzrətləri. Mən ləyaqətli bir cəngavər kimi öz sadiq silahdaşıma söz vermişəm ki, çəkdiyi zəhmətlərin müqabilində, fəth edəcəyim torpaqlardan birini, Baratariya adasını ona bağışlayacağam. Qoy oranı kefi istəyən kimi idarə eləsin. Sözüm imzamdır, çünki cəngavərin dili yalan bilməz.

Hersoq (nəyisə xatırlayıbmış kimi irəli əyilir, bic-bic gülümsəyərək davam edir). Təsadüfə bax! Mənim mülklərim arasında uzaq və bərəkətli bir ada var, adı da Baratariya. Əgər qəbul edərsinizsə, mən o adanın idarəsini sizin bu sadiq silahdaşınıza həvalə etməyə hazıram. Sanço, sənin ağan sənə ada vəd edib, mən da o vədi yerinə yetirmək üçün həmin adanı sənə verirəm. Sabahdan etibarən sən artıq rəiyyət deyil, hakim olacaqsan!

Sanço Pansa (eşitdiklərinə inana bilmir, gözləri kəlləsinə çıxır). Baratariya?! Aman Tanrım, sən fələyin işləklərinə bax! Ağam, mən həmişə bilirdim ki, siz mənə dediyiniz o ada hansısa dənizin dibində yox, elə bu yaxınlıqdadır! Hersoq həzrətləri, mən artıq özümü o adanın başında, əlimdə ədalət tərəzisi, qarşımda da ləzzətli yeməklər olan bir süfrə arxasında görürəm!

Don Kixot. Görürsənmi, Sanço? Sənə demişdim axı: sədaqət gec-tez öz bəhrəsini verir. Taleyin çarxı fırlandı və sənə layiq olduğun şöhrəti gətirdi.

Hersoq. Elə isə vaxt itirməyək. Sabah sarayda həm sizi layiqincə qonaq edərik, həm də bu yeni qubernatorun vəzifə planlarını müzakirə edərik. Buyurun, sinyorlar!

(Don Kixot əlini ürəyinin üstünə qoyub təzim edir, Sanço sevincindən papağını göyə atmaqdan özünü güclə saxlayır. Don Kixot şəstlə Rosinantın belində, Sanço isə sevincindən rəqs edə-edə səhnədən çıxırlar. Taverna sahibi hələ də, əlində sınıq bardaq, donub qalmışdır. Majordom onu və adamlarını əlinin hərəkəti ilə oradan uzaqlaşdırır. Səhnədə yalnız Hersoq və adamları qalır).

Hersoq (başının dəstəsinə, hiyləgər bir təbəssümlə). Deməli belə, diqqət! Əmrim belədir: sabah onları elə qarşılayın ki, elə bil qəsrimizə imperatorun özü təşrif buyurub! Qoy şeypurlar Məhşər günündəkindən də gur çalsın, xalçalar isə yolların tozunu gizlətsin. Papaqlarınızı çıxarın, təzim edin, üzünüzdəki ciddi ifadəni saxlayın. Biz bu cəngavərə və silahdaşına yaşadığı nağılı bəxş edəcəyik. Qoy burada atdığı hər addım bir qəhrəmanlıq, hər naharı isə krallara layiq ziyafət kimi görünsün. Ha-ha, çoxdandır belə əyləncəsiz olmamışdı. Sarayda işimiz-gücümüz darıxmaqdır, bir az əylənmək pis olmazdı: bu iki dəli isə bizə göydəndüşmə hədiyyədir. Biri xəyallar aləmində uçur, o birisi isə qarnını doyurmaqdan başqa bir şey düşünmür. Tamaşamız başlasın!

(Gülüşmə).

ÜÇÜNCÜ PƏRDƏ
I ŞƏKİL

Qubernator sarayının gözləmə zalı. Don Kixotla Sanço Pansa əyləşiblər. Don Kixot Sanço Pansaya öz məsləhətlərini verir.

Don Kixot (Sanço ilə üz-üzə dayanır, əlini onun çiyninə qoyur, atalıq qayğısı ilə, ciddi səslə). Qulaq as mənə, Sanço! Bir azdan sən insan oğlunun ən çətin sınağına çəkiləcəksən – sənə hakimiyyət veriləcək və sən bu yerlərin külli-ixtiyar sahibi olacaqsan. Baratariya adasının qubernatoru olmaq təkcə ləzzətli təamlar yemək, yumşaq yorğan-döşəkdə xumarlanmaq demək deyil. Sənə bir neçə nəsihətim var, onları qulağında sırğa elə.

Sanço Pansa (həyəcanla papağını əllərində fırladır). Buyurun, ağam, qulağım sizdədir. Çalışaram hamısını yadda saxlayım, hərçənd mənim yaddaşım deşikli şadara kimidir, buradan tökürsən, oradan axıb gedir.

Don Kixot. Birincisi, Sanço, dırnaqlarını vaxtı-vaxında tut, əyin-başına fikir ver, belə töküldüm-itdim görkəmdə camaatın qarşısına çıxma. Süfrə arxasında, adamların arasında gəyirmə. Canım sənə desin, donuz kimi stolun üstündə nə var silib-süpürmə. Az ye, görməmişlik eləmə, çünki çox yeyən adam daim mürgülü gəzib-dolaşır, verdiyi qərarlar da bir zibilə yaramır. Bir sözlə, çalış məni hersoqun yanında rəzil-rüsvay eləmə, La Mançanın adını batırma, əzizim Sanço! Sənə inanıram.

Sanço Pansa (şövqlə). Söz verirəm, ağam! Elə qubernator olacağam ki, hətta sizin o kitablarınızdakı cəngavərlər də mənə həsəd aparacaq. Yadıma düşdükcə, sizin bütün tövsiyələrinizə əməl edəcəyəm.

Don Kixot. Bu hələ hamısı deyil. Sanço, Allahdan qorx, rüşvətdən, haramdan çəkin, yoxsa o qubernatorluq əsası ilan olub əlini çalar, inan mənə! Öz kökünü unutma, Sanço, kimsən, haradan gəlmisən, yaddan çıxarma. Vaxtilə donuzotaran olduğunu gizlətmə. Onsuz da Allahdan gizlin heç nə yoxdur! O da, lazım gələndə, hər şeyi elə faş eləyir, qalırsan mat-məəttəl. Bundan başqa, seçim qarşısında qalsan, mərhəmətdən yapış, sərtlikdən yox, qoy sənin tərəzində yoxsulun göz yaşları varlının şikayətlərindən ağır gəlsin.

Sanço Pansa (Don Kixotun əllərindən yapışır, səsi titrəyir). Ah, ağam, canım ağam! Nəyə gərəkdir bu qədər öyüd-nəsihət, bu ağır kəlamlar? Axı siz yanımda olacaqsınız! Darıxanda sizdən soruşar, çətinə düşəndə ətəyinizdən yapışaram. Siz o qəsrdə, mən bu adada, ikimiz də hersoqun lütfünə sığınmışıq. Aramızda cəmi bircə divar olacaq... Siz yanımda olduqdan sonra, mənə zaval yoxdur axı!

Don Kixot (başını kədərlə bulayır, baxışlarını üfüqə dikir). Yox, vəfalı dostum Sanço, yanılırsan. Səyyah cəngavər sarayların yumşaq ipək-qumaşı arasında can çürüdə bilməz. Bu bəzəkli zallar, zəngin süfrələr, bu divarlar, bu tavan ruhumu darıxdırır, məni sıxır. Sən öz adanda ədalət tərəzisini qurarkən, mən yenidən tozlu yollara, qılıncların toqquşduğu, poladın polada çırpıldığı meydanlara qayıtmalıyam.

Sanço Pansa (təəccüblə). Yenə yollar? Yenə quru çörək yeyib, soyuq samanlıqlarda gecələyəcəksiniz? Axı burada hər şey var, ağam! Rahatlığın nəyi pisdir?

Don Kixot. Mən gedirəm, Sanço, eşitmişəm ki, Saraqosada böyük cəngavər turniri keçiriləcək. Bütün dünyanın ən yenilməz pəhləvanları toplaşacaq orada. O turnirin bütün mükafatlarını alıb, şöhrətimizi bir daha bütün İspaniyaya, oradan da dünyanın dörd bir yanına yayacağam. Mənim nəsibim saraylarda mürgüləmək deyil, qılıncımla şərəfimizi ucaltmaq və gözəl Dulsinayanın könlünü qazanmaqdır. Sən qubernatorluq əsasını bərk tut, Sanço, mən də nizəmi əlimdən buraxmayacağam.

Sanço Pansa. Qərar sizindir, sinyor Don Kixot, Baratariyanın qubernatoru olaraq hər zaman qulluğunuzdayam.

Don Kixot. Bir şey də var, Sanço… Saraqosaya aparan yolda bir nəcabətli və şanlı cəngavərlə görüşməliyəm. Eşitmişəm ki, o, ruhun dərinliklərinə vaqif, həyatın sirlərini çözmüş bir zatdır. Biz onunla qürub çağı ulduzların altında oturub varlığın mənası, insanın bu dünyadakı taleyi və ruhun ölməzliyindən danışacağıq. Çünki əsl cəngavər təkcə qolunun yox, həm də ağlının gücü ilə savaşır…

(Bu zaman təntənəli musiqinin müşayiəti ilə qapılar açılır; kilsə zənglərinin səsi. Əyan-əşrəf əllərində Baratariyanın açarı yavaş-yavaş onlara yaxınlaşır, majordom açarı və qubernator əsasını təntənəli şəkildə Sanço Pansaya təqdim edi. Sanço Pansa şənlik-şadyanalıq nidaları altında, rəqs edən qızların müşayiəti ilə yavaş-yavaş gedib, qubernator kürsüsünə əyləşir. Don Kixot mərasimin içində yer alır. Sanço Pansa əyləşincə sakitlik çökür).

Majordom (təntənəli şəkildə irəli çıxır, əlində bəzəkli bir perqament tutur). Əlahəzrət, qubernator Sanço Pansa! Eşidin və agah olun! Bütün Baratariya xalqı sizin gəlişinizi böyük bir bayram kimi qeyd edir. Şəhərin hər küçəsində sizin şərəfinizə məşəllər yandırılıb, süfrələr açılıb. Hersoq həzrətləri də sizə bu bəzəkli, qızılı möhürlü təbrik məktubunu göndərib. (Məktubun lentini açır və Sançoya uzadır). Buyurun, bu xoş sözləri özünüz oxuyun ki, qəlbiniz fərəhlə dolsun!

Sanço Pansa (məktuba baxır, duruxur, gözlərini qırpır. Məktubu tərsinə tutur, məlul-məlul Don Kixota baxır). Hə... bəli... əlbəttə. Məktub... Lap yerinə düşdü… Bilirsən, Majordom, açığı… o qədər həyəcanlıyam, hərflər gözlərim önündə rəqs eləyir.

Don Kixot (cəld əlini atıb, məktubu düzəldir, Sançonun qulağına). Sənin qubernator boyunu yerə soxum, neçə dəfə dedim, hərfləri öyrən, heç olmasa, donuzlara aid bir kitab oxuya biləsən… De ki, evdə oxuyaram.

Sanço Pansa. Hə də… (Majordoma). Məktub mənə yazılıb, bunu camaatın arasında oxumağa nə ehtiyac var? (Məktubu qatlayıb cibinə qoyur).

Majordom (xəfifcə gülümsəyir). Necə məsləhətdir, qubernator həzrətləri. Elə isə keçək... Amma adətimizə və əlahəzrət Hersoqun buyruğuna görə, qubernator kürsüsünə əyləşən şəxs Baratariya camaatı qarşısında öz müdrikliyini sübut etməlidir. Bunun üçün sizə adamızın sakinləri arasındakı bəzi mübahisəli məsələləri yoluna qoymağınız təklif olunur. Nə deyirsiniz, hazırsınız?

Sanço Pansa (kürsüsündə dikəlir, qarnını qabağa verir. Don Kixota göz vurur). Bax bu işlər mənlikdir. Hazıram! Buyursunlar şikayətçilər…

Majordom (ucadan). Şikayətçilər gəlsin!

(Qapı açılır. Bir qadın bir kişinin yaxasından yapışıb, az qala sürüyə-sürüyə içəri çəkir. Həşir qopur).

Qadın. Ədalət istəyirəm, ədalət! Bu dağılmışda niyə mənim halıma acıyan yoxdur?

Sanço Pansa üzünü turşudur.

Majordom. Şikayətinizi deyin, bu qədər hay-küy salmağınızın səbəbi nədir? Qubernatorun hüzurunda olduğunuzu unutmayın.

Qadın. Hörmətli sinyor qubernator, bu yaramaz, bu azğın kişi mənim namusuma əl uzatdı! Günün günorta çağı, tarladan evə qayıtdığım yerdə, çölün ortasında tutub zorladı məni. İndi mən bu rəzalətlə necə yaşayacağam? Vay, mənim bəkarətim, əldən getdi-i-i… Ədalət yerini alsın, yoxsa mən özümü bu sarayın bürcündən aşağı ataram!..

Sanço Pansa (üzünü turşudur, saqqalını sığallayır, əlini qaldırır). Dayan, dayan! Səsin başıma düşdü. (Kişiyə tərəf dönür). Sən nə deyirsən, kişi? Doğrudanmı sən bu zərif qadının gücsüzlüyündən istifadə edib, belə bir alçaqlıq etmisən?

Qadın. Boynundan ata bilməz, şahidim də var…

Kişi. Şahid haradan çıxdı?

Sanço Pansa. Şahid gəlsin.

(İçəri yüngülcə axsayan bir kişi girir. Saçları pıtlaşıq, gözləri oyun-oyun oynayır. Təzim edib, Sanço Pansanın önündə dayanır).

Sanço Pansa. Danış görüm, nə görmüsən, nə bilirsən?

Şahid. Qubernator həzrətləri, bu qadının dediklərini təsdiqləyirəm, öz gözlərimlə görmüşəm. Sadəcə yaxınlaşmağa ürək eləmədim, dedim gözü qızıb, vurub məni də öldürər...

Sanço Pansa. Təbii ki, and içməyə də hazırsınız…

Şahid. And olsun kilsəyə, kitaba, bütün müqəddəslərə, göydəki ulduzlara, Tanrının yerdəki bərəkətinə! Yalan deyirəmsə, qoy ildırım vursun məni… (Birdən şiddətli göy gurultusu qopur, şahid istər-istəməз qorxub boynunu içinə çəkir. Sonra sözünə davam edir). Bu kişinin o xanımın üstünə şir kimi atıldığını, onu yerə yıxdığını öz gözlərimlə gördüm. Yazıq qadının fəryadı göyə bülənd olmuşdu!..

Sanço Pansa. Eləmi? Hm…

Kişi. Sinyor qubernator, zati-aliləri, inanın ki, bu gözəl xanım mənə şər atır. Özü göz-qaş elədi, başımı piylədi… Kəndli babayam, donuzlarımı bazara satmağa aparmışdım. Bazardan qayıdanda bu xanıma ilişdim, məni yoldan çıxardı… İstədiyi pulu da verdim. Amma qane olmadı, yapışdı yaxamdan ki, bəs filan qədər də verməlisən. Bəs mən yazıq filan qədər də versəm, evə nə aparım çıxarım?.. Bu kişini isə tanımıram. Birinci dəfədir görürəm…

(Hamı maraqla Sanço Pansanın üzünə zillənir).

Sanço Pansa (yüngül götür-qoydan sonra). Qərarım belədir: (Üzünü kişiyə tutur). Ədalət naminə, çıxar pul kisəni, ver bu qadına!

Kişi. Ağam, sinyor qubernator!.. Axı…

Sanço Pansa. Danışma! Çıxar pullarını ver bu qadına!

(Kişi əlləri əsə-əsə pulqabını çıxarıb qadına verir. Qadın bunu gözləyirmiş kimi, pulları havada qapır. Qubernatora razılıq eləməyə başlayır).

Qadın. Allah sizdən razı olsun, sinyor qubernator, o dəqiqə bilinir ki, oxumuş adamsınız, haqqın-ədalətin nə olduğunu bilirsiniz…

Sanço Pansa. Yaxşı, sən gedə bilərsən!

(Qadın sevinclə pulları qoltuğuna vurub qapıya tərəf götürülür. Amma Sanço onu dayandırır).

Sanço Pansa. Dayan, bir dəqiqə, gözlə, gözlə! (Kişiyə tərəf dönür). Ey kəndli, indi isə sənə əmr edirəm: dərhal o qadından pul kisəsini geri al, nəyin bahasına olursa-olsun!

Kişi (gözləri parlayır). Baş üstə, sinyor qubernator!

(Kişi qadının üstünə atılır. Onların arasında əsl dava başlayır, süpürləşirlər. Qadın kisəni elə bərk sıxır ki, kişi nə qədər çalışsa da, onu qopara bilmir. Qadın qışqırır, onun üzünü cırmaqlamaga çalışır, amma pulu vermir).

Kişi. Ver kisəni, sərsəm qadın, qubernatorun əmridir!

Qadın. Yerlə göy bir olsa da vermərəm, qubernator yox, lap belə İsa Məsihin özü də əmr eləsə, canımı verərəm, amma bu pul kisəsini vermərəm!

Sanço Pansa. Aydındır! (Qadına, hökmlə). O pul kisəsini mənə ver görüm!

(Qadın çəkinə-çəkinə, məcburən pul kisəsini ona uzadır).

Sanço Pansa. (Pulu götürüb kişiyə qaytarır). Al, kəndli dostum, pullarını götür və sağ-salamat evinə get. (Qadına tərəf dönür). Sənə gəlincə, «zərərçəkmiş» xanım! Əgər sən öz namusunu bu pul kisəsini qoruduğunun yüzdə biri qədər qorusaydın, heç bir kişi sənə yaxın düşməzdi. İndi isə rədd ol buradan, gözüm səni görməsin!

(«Şahid» də qadına qoşulub əkilmək istəyir. Sanço Pansa onu dayandırır).

Sanço Pansa. Sən dayan! Yaxına gəl görüm, niyə axsayırsan, deyə bilərsən? Nolub ayagına?

Kişi. Heç, elə-belə… Uşaq vaxtı eşşəkdən yıxılməşam…

Sanço Pansa. Eləmi? Ssağ ayaqqabını çıxar görüm! Majordom, bax gör, onun ayaqqabısının içində nə var.

(Kişi qorxa-qorxa, tərəddüdlə ayaqqabısını çıxarır. Majordom əyilib, ayaqqabının içindən tikanlı bitki çıxarır. Hamı ah çəkir).

Sanço Pansa. İzah etməyə ehtiyac varmı? İspanlarda belə bir inanc var ki, ayaqqabının içinə tikan qoyub and içsən, yalandan üzə dursan, Tanrı bunu görməyəcək, ya da səni bağışlayacaq. Yaramaz məxluq. Axsaya-axsaya içəri girəndə bildim bu nə yuvanın quşudur. O qadın sadəcə əxlaqsızdır, əsl qəhbə budur! Qəhbənin yekəsidir! Aparın şallaqlayın bunu!

(Şahidi aparırlar. Hamı Sançonu alqışlayır).

Don Kixot (kənarda, heyranlıqla pıçıldayır). Afərin, Sanço! Sən sübut etdin ki, ədalət üçün təmiz qəlb və fərasət lazımdır. Sən əsl Süleyman peyğəmbər kimi hökm verdin!

Majordom (məyus halda, öz-özünə). Deyəsən, bu savadsız kəndli bizim başımıza iş açacaq... (Ucadan). Digər şikayətçilər gəlsin!

(İçəri iki yaşlı kişi girir. Birinin əlində əsa var).

Sanço Pansa. Buyurun, şikayətinizi ərz eləyin!

Əsasız kişi. Qubernator həzrətləri, bu adam mənə beş real pul borcludur. Danışdığımız vaxtın üstündən aylar keçib, qaytarmır. Deyir, çoxdan qaytarmışam. Özü neçə illik dostumdur, bir tərəfdən ona inanıram, fikirləşirəm ki, mənə yalan danışmaz, o biri tərəfdən də, nə illah eləyirəm, o pulları mənə qaytardığını yadıma sala bilmirəm. Axırda bu qərara gəldik ki, sizin hüzurunuza çıxaq, bu adam əlini İncilə basıb and içsin. Əgər burada and içsə, bir daha ondan pul istəməyəcəyəm: demək ki, pulumu qaytarıb, ola bilsin sadəcə xatırlaya bilmirəm.

Sanço Pansa (əsalı kişiyə). And içməyə hazırsan?

Əsalı kişi. Əlbəttə, qubernator həzrətləri. Əziz dostumun xatirinə hər şeyə hazıram!

Sanço Pansa. Elə isə, buyur, and iç!

Əsalı kişi (əsasını “dost”una verir). Bir dəqiqə bunu saxla, mən and içim.

(Əsasız kişi əsanı götürür).

Əsalı kişi (əlini İncilə basaraq, təntənəli şəkildə). And içirəm ki, mən bu adama olan borcumun hamısını geri qaytarmışam, pulları onun öz əlinə vermişəm! Əgər mən yalan deyirəmsə, qoy bu saat dilim qurusun, bu kitab mənə qənim olsun. Mən borcumu onun öz əlinə vermişəm, indi o unutsa da, Allah şahiddir ki, mən artıq ona heç nə borclu deyiləm!

Əsasız kişi (kədərli səslə). Yaxşı, madam ki, and içdin, mən daha səndən pul istəmirəm. Deməli, doğrudan da mən unutmuşam. Demək ki, yaddaşım yerində deyil. Allah sənin andını qəbul eləsin, dostum. (Əsanı sahibinə geri verir).

Əsalı kişi (əsanı geri alır, sevinclə oradan uzaqlaşmaq istəyir).

Sanço Pansa. Bir dəqiqə! Dayan görüm! Hey sən, əsalı kişi, bura gəl! Ver o əsanı mənə.

Əsalı kişi (təşvişlə). Sinyor qubernator, bu adi bir ağac parçasıdır, neyləyirsiniz onu?

Sanço Pansa. Ver görüm! (Əsanı əlinə alır, ağırlığını yoxlayır və Majordoma verir). Majordom, bu əsanı vur sındır!

Əsasız kişi. Aman, sinyor qubernator! Yazıqdır, axı bu əsaya söykənib yeriyir, axı o and içdi!

Sanço Pansa. Sən sakit ol! Majordom, sındır dedim!

(Majordom əsanı yerə vurub sındırır. Birdən əsanın içindən gümüş sikkələr yerə tökülür. Hamı heyrətdən donub qalır).

Sanço Pansa (qəhqəhə çəkir). Baxın! Bu da bu adamın «and»ı! O, and içəndə dedi ki, «pulları onun öz əlinə vermişəm». Düz deyirdi! Çünki and içərkən içində pul olan əsanı dostunun əlinə vermişdi ki, saxlasın. O elə bilirdi ki, bu kələklə həm Allahı, həm də qubernatoru aldada bilər. (Əsasız kişiyə tərəf). Al, dostum, bu pullar sənindir. Sənin yaddaşın yox, bu adamın vicdanı yerində deyil.

(Yenidən hamı heyrətlə içini çəkir. Alqış sədaları).

Majordom (heyrətlə əllərini bir-birinə vurur). And olsun bizi yaradana, sinyor qubernator, siz dahi hakimisiniz! Biz bu hiyləni heç vaxt başa düşməzdik!

Sanço Pansa. Yaxşı, bu günlük bəsdir! Mən yoruldum, heç donuz otaranda bu qədər yorulmurdum. Üstəlik acından ölürəm. Mən necə qubernatoram ki, ac-susuz oturub dövlət işləri ilə məşğul oluram? Tələb edirəm ki, gözəl bir məclis qurulsun. Quş iliyi, can dərmanı, hər şey olsun süfrədə. Mənim qubernator təyin olunmağımın şərəfinə Baratariyada üç günlük bayram elan olunsun. Majordom, nəzarət elə, dostum şanlı cəngavər Lamançalı Don Kixot böyük bir təntənəylə Saraqosaya yola salınsın!

(Musiqi səslənir. Pərdə).

II ŞƏKİL

(Açıq düzənlik. Hava istidir, cırcıramaların səsi ətrafı bürüyüb. Don Kixot Rosinantın belində məğrur dayanıb, uzaqlara, Saraqosaya tərəf baxır. Yolun kənarında, bir ağacın kölgəsində əynində nimdaş paltar, bir gənc oturub. Bu, vaxtilə Don Kixotun xilas etdiyi həmin mirzədir).

Don Kixot (atını saxlayır). Bax, Rosinant, taleyin bizə hazırladığı yeni bir görüş! Bu cəngavərin baxışlarında mən dərin bir hikmət görürəm. O, adi yolçuya bənzəmir. Salam olsun sənə, ey Tanrının qulu! Bu kimsəsiz yolda rahatlığını pozduğum üçün məni bağışla, amma bir cəngavər heç vaxt çölün düzündə, tənha ağacın altında tək-tənha oturmuş başqa bir cəngavərin yanından salam vermədən keçməz.

Mirzə (başını qaldırır, təbəssümlə). Xoş gördük, Lamançalı cəngavər.

Don Kixot (maraqla onun üzünə baxır). Sənin səsin mənə tanış gəlir... Dayan! Sən o heybəsində kitab gəzdirən cəngavər deyilsən?

Mirzə. Bəli, həmin adamam. Amma cəngavər deyiləm. Sənə məktub yazıb görüşmək istəyən də mənəm, məlumun olsun. Buyur, gəl əyləş, qonağım ol. Yolun uzundur, çox yorğun görünürsən, otur dincəl.

Don Kixot. Belə de! (Yaxınlaşıb, onun improvizə olunmuş süfrəsinə əyləşir). Yaxşı, sən kimsən, yerin-yurdun, damın-daşın haradadır? Bu çölün düzündə tək-tənha neyləyirsən?

Mirzə. Mən əslində, odur, o mağarada yaşayıram, günüm burada keçir, buradan demək olar heç yana uzaqlaşmıram.

Don Kixot. Bəs o gün…

Mirzə. O gün tavernaya səni görmək üçün getmişdim…

Don Kixot. Məni görmək üçün? Sən məni haradan tanıyırsan axı?..

Mirzə. Lamançalı Don Kixot, səni tanımayan varmı?

Don Kixot (yüngül fikrə gedir). Düz buyurursan, ey kitab əhli. Saraqosadakı cəngavər turnirində qələbə qazandıqdan sonra, uca Tanrının köməyi ilə bütün dünya tanıyacaq məni…

Mirzə. Tanrının köməyi ilə?

Don Kixot. Hə, nədir ki? Olmaya sən də Allahdan, Tanrıdan qorxmayan kitabçılardansan, inkvizisiyadan, Müqəddəs Ermandadadan bu çöllükdə gizlənirsən, hə?

Mirzə. Yox, heç kəsdən gizlənmirəm, amma Tanrıdan da qorxmuram. Mənə görə, Tanrıdan qorxanlar sadəcə qorxaq adamlardır. Vicdanının səsini dinləməyi bacaran adam Tanrıdan niyə qorxsun ki?

Don Kixot (fikirli-fikirli başını yelləyir). Hə də, niyə qorxsun ki?

Mirzə. Bilirsən, idalqo, Tanrı heç kəsi cəzalandırmır. Onun heç kəsə acığı tutmur; xüsusi sevdiyi adamlar da yoxdur, heç kəsə nifrət etmir, heç kəsdən heç nə ummur.

Don Kixot. O necə Allahdır ki, sevimli bəndəsi yoxdur, heç kəsdən acığı gəlmir?

Mirzə (əvvəlcə Don Kixota, sonra qalxıb zala üzünü tutur). Sevgili idalqo, mən oxuduğum kitablardan birində bilirsən nə yazır? Tanrı buyurur ki: «Mən sizdən gecə-gündüz mənə yalvarmağınızı, gününüzü xahiş-minnətdə keçirməyinizi istəmirəm, sizə verdiyim həyatı dolu-dolu yaşamağınızı istəyirəm. Deyin-gülün, sevin, sevilin, hiss edin, görün-götürün, səyahətə çıxın!

Mən sizin mənim üçün tikdiyiniz o soyuq binalarda deyiləm. Mən dağlarda, dənizlərdə, küləkdə, günəşdəyəm. Mən körpələrin qığıltısında, ata-ananızın təbəssümündəyəm. Sevgidə, dostluqda, təbiətdə gördüyünüz bütün möcüzələrdəyəm.

Miskin, ala-yarımçıq həyatınıza görə qətiyyən məni günahlandırmayın. Mən sizi günahkar qul kimi yaratmamışam.

Mənimlə heç bir əlaqəsi olmayan o qədim kitabları əzbərləməyi buraxın. Əgər məni mavi səmanın ənginliyində, ulduzların sayrışmasında, övladınızın gözlərində, güllərin-çiçəklərin təbəssümündə görə bilmirsinizsə, hər hansı bir kitabda da tapa bilməyəcəksiniz.

Səhər-axşam mənə „bağışla məni“ deyə bihudə yalvarıb-yaxarmaqdan əl çəkin. Axı sizi „siz“ edən nə varsa, hamısını mən vermişəm. O zaman sizi cəzalandırmağın adı nədir?

Mən sizi sevirəm. Sizi asıb-kəsmək, cəhənnəmdə oda vermək üçün yox, sevmək üçün yaratmışam. Bütün səhvlərinizlə, zəif tərəflərinizlə və sevinclərinizlə birgə sizi sevirəm. Mən sizi bu dünyada mənalı ömür sürmək və yaşamaq üçün yaratmışam.

Özünüzü uca tutun, dəqiqəbaşı mənim varlığımı sübut etməyə çalışmayın. Məni tərifləməyin, buna ehtiyacım yoxdur və bundan həzz almıram. Əgər mənə təşəkkür etmək istəyirsinizsə, özünüzə yaxşı baxın, dünyanıza yaxşı baxın, insanlarla mehriban davranın.

Bu həyat bir imtahan və ya məşq deyil. Bir mükafat və ya cəza mərhələsi də deyil.

Mənə inanıb-inanmamağınız önəmli deyil, mənim üçün bundan daha vacib bir şey var: hiss etmək. Bir körpəni qucağınıza alanda, sevdiyiniz birini öpəndə, dənizə girəndə, musiqi dinləyəndə, dağa qalxanda… məni məhz o anlarda hiss edin. Bax, mən oradayam.

Mən sizdən yalnız bir şey soruşmaq istəyirəm: sizə verdiyim həyatın dadını çıxardınızmı? Sevdinizmi? Nələr öyrəndiniz? Doğrudan yaşadınızmı?»

Don Kixot (bir müddət fikrə gedir). Sənin bu dediklərindən İnvizisiyanın xəbəri varmı? Ya da heç olmasa, Müqəddəs Ermandadanın?.. Yaxşı, bəs milyonlarla insanın o soyuq binalarda etdiyi dualar hara gedir?

Mirzə. Sinyor idalqo, insanlar səmi-qəlbdən dua eləyib Tanrıdan möcüzə istəyir. Yəni ondan tələb edir ki, günəş şərqdən yox, qərbdən doğsun. Amma Tanrıdan bunu xahiş etmək, Tanrının öz təbiətinə xilaf çıxmasını xahiş etməkdir. Bizim yaşadığımız kainat nəhayətsiz bir dəryadır, biz də bu dəryanın bir damlası. Damla dəryadan nə istəyə bilər axı? Biz sadəcə Tanrının bir parçasıyıq, necə ki, sənin qolun sənin bədəninin bir parçasıdır. Və sən öz qolunu cəzalandırmadığın kimi, o da səni cəzalandırmır. Sən əlini közə basanda, məgər köz səni cəzalandırır? Yox, o sadəcə istidir. Məgər dərya qayığı qayalara çırpılan dənizçini cəzalandırır? Yox, dərya sadəcə var, başa düşürsən? Külək heç kəsi cəzalandırmır, o sadəcə əsir. Tanrı həmin o oddur, közdür, dəryadır, küləkdir, idalqo dostum, əbədi qanundur, vəssalam. Sən bu qanuna uymayanda, özün özünü cəzalandırmış olursan. Bütün hikmət budur!..

Don Kixot (fikirli-fikirli). Bu məntiqlə mən düşmənsiz qala bilərəm ki… Əgər hər kəs dəryada bir damla kimi çalxalanırsa, bəs Sanço Pansa ilə mənim göstərdiyimiz qəhrəmanlıqlar, şücaətlər necə olsun? Düşmənsiz cəngavər olmaz ki!

Mirzə. Yeri gəlmişkən, əziz idalqo, Sanço çoxdan Lamançadadır. Onu qubernatorluqdan azad ediblər, daha doğrusu, qovublar.

Don Kixot. Qovublar, necə yəni?

Mirzə. Əzizim idalqo, Baratariya adında ada yoxdur, sinyor Hersoq bütün bu məzhəkəni məzə üçün, öz əyan-əşrəfini əyləndirmək üçün fikirləşmişdi…

Don Kixot (dönüb zənnlə onun üzünə baxır). Demək istəyirsən ki… Bura bax, sən bütün bunları haradan bilirsən? Kimsən, kimlərdənsən? Düzünü de, yoxsa…

Mirzə (ağır-ağır yerindən qalxır, heybəsindən bir kitab çıxarır, yüngülcə təzim edərək). Miqel de Servantes, Alkala de Enaresli Miqel. Buyurun, bu kitabda həşmətli silahdaşın Sanço Pansa ilə sənin bütün sərgüzəştlərin yazılıb!

(Don Kixot təəccüblə kitabı əlinə alarkən, aralıdan yaraq-əsləhə səsləri eşidilir. Üzü maskalı, əllərində nizə və qılınc tutmuş bir neçə yaraqlı qaça-qaça səhnəyə daxil olur. Don Kixot təəccüblə ətrafına boylanır, amma Servantesi görmür. Servantes ortadan qeyb olur. Yaraqlılar Don Kixotu əhatəyə alırlar).

Don Kixot (nizəsini qaldırır). Siz kimsiniz? Servantes hanı?

Yaraqlılardan biri. Servantes kimdir? Siz burada təkcə oturub, öz-özünüzlə söhbət edirdiniz.

Don Kixot. Yalan danışırsan, məlun! Mən öz-özümlə söhbət edirdimsə, bu kitab haradandır?

Yaraqlı (yanındakı yoldaşına). Bu adamı islah etmək mümkün deyil. Kitabı əlindən yerə qoymur. (Don Kixota sarı dönür. Ucadan). Lamançalı cəngavər Don Kixot, mən həyatı boyu bir dəfə də olsun yenilməmiş cəngavər Diyeqo del Montalvo sənə meydan oxuyuram. Çünki sən… çünki… Şərtim belədir: mən qələbə qazansam, qayıdırsan öz evinə, bir daha əlinə silah götürüb cəngavərlik sevdasına düşmürsən. Buyur, sən də öz şərtini de!

Don Kixot (xeyli yorğun və üzgün görünür, istər-istəməz qalxanını və nizəsini döyüşə hazır vəziyyətdə tutur). Sənin kim olduğunu bilmirəm və üzünü açmağa qorxan cəngavərin şərtini də qəbul etmirəm. Al, gəldi…

(İki atlı bir-birinə tərəf şığıyır. Toz-duman ətrafı bürüyür. Don Kixot var gücü ilə nizəsini rəqibinə tuşlayır, lakin Diyeqo del Montalvonun zərbəsi daha dəqiq və sarsıdıcı olur. Don Kixotun köhnə zirehləri cingildəyir, o, yəhərdən ağır bir gurultu ilə qumun üstünə yıxılır. Yaraqlılar üzlərini açıb, onun başına toplaşırlar. Məlum olur ki, bunlar Antoniya, Karrasko və onların özlərilə gətirdiyi iki nəfər kəndlidir).

Antoniya (həyəcanla dayısının başını qucaqlayır). Karrasko, sən neylədin? Öldürdün onu!

Karrasko. Narahat olma, sevgilim, sadəcə huşunu itirib. Ümid edirəm, Lamançaya qədər ayılmaz.

(Onu birtəhər qaldırıb arabaya qoyurlar. Xarakterik musiqi. Araba uzaqlaşır).

Pərdə.

Epiloq

(Birinci səhnədəki anturaj. Don Kixot ölüm yatağında. Ağır-ağır nəfəs alır. Karrasko, keşiş, Antoniya, Komissar, həkim, bir az aralıda Sanço Pansa).

Antoniya (ağlamsınan səslə, dayısının əlindən tutur). Dayı, eşidirsənmi məni? Mənəm, Antoniyadır. Bax, biz hamımız buradayıq. Daha o əcaib macəralar, qəribə yollar, o təhlükələr yoxdur. Sən öz evində, öz yatağındasan... Nə olar, bir söz de, bizi qorxutma!

Həkim (Antoniyaya, astadan). Xanım, onu çox yormayın. Onun artıq bu dünya ilə əlaqəsi kəsilir. İndi ona lazım olan tək şey hüzurdur.

Karrasko (peşmançılıq dolu baxışlarla). Mən onu xilas etmək istəyirdim... Onu evə qaytarmaqla sağaldacağımı zənn edirdim…

Keşiş (əlini Don Kixotun alnına qoyur). Alonso Kixano, oğlum... İndi həqiqət zamanıdır. O yalançı kitabları, o uydurma cəngavərləri unut. Ruhunu Allaha təslim etməyə hazırlaşırsanmı?

Don Kixot (halsız, gözlərini açır). Antoniya!..

Antoniya. Dayıcan? Mən buradayam, yanındayam.

Don Kixot. Qonşumuz Sançonu çağırsana yanıma, qızım…

Sanço (özünü yetirir). Ağam… sinyor idalqo… buyurun, buyurun, buyurun.

Don Kixot (yüngülcə canlanır). Mənim vəfalı dostum, Sanço! Səninlə gözəl… gözəl günlər yaşadıq… deyilmi?

Sanço Pansa. Elədir, sinyor idalqo, həyatımızın ən gözəl günlərini yaşadıq…

Don Kixot (əlini birtəhər qaldırıb, bir-bir ətrafına toplaşanları göstərir). Sanço, kiminə görə biz quldur, kiminə görə günahkarıq… Kimi də bizi ağıldankəm sayır.

Keşiş. Allah eləməsin, sinyor idalqo, bu nə sözdür?..

Həkim. Nə danışırsınız, sinyor idalqo…

Komissar. Yox, yox, belə deməyin, sinyor idalqo…

Don Kixot (onları eşitmirmiş kimi). Amma biz… sadəcə ulu dəryanın bir damlasıyıq… damlasıyıq… mənim vəfalı dostum, Sanço Pansa!..

(Don Kixotun əli yavaşca Sançonun çiyninə düşür. O, sonuncu dəfə dərindən nəfəs alıb gözlərini əbədi yumur. Otağa ağır bir sükut çökür. Antoniyanı«Dayı!» fəryadı. Sanço ağasınıəllərindəöpüb hıçqırır. Keşiş dua oxumağa başlayır. Xarakterik musiqi sədaları altında əldən düşmüş Don Kixotun cismi uyuduğu yataqdan yavaşca və səssizcə ayrılır. O, tavanın altındakı solğun, ilahi bir işığa doğru get-gedə yuxarı, ucalara doğru yüksəlir və nəhayət, o nurun içində əriyib yox olur. Antoniya, Sanço və keşiş gözlərində yaş, sakitcə baxışlarıyla onu son mənzilə yola salırlar. Bu zaman çarpayıdan başqa bir Don Kixot qalxır, sakitcə otaqda toplaşanlara yaxınlaşır və onlara qoşulub, uçub-gedən “Don Kixotun” arxasınca yuxarılara zillənir. Toplaşanlar nəhayət onun burada olduğunu fərq edir, heyrət içində onu dövrəyə alırlar...)

Musiqi.
Pərdə.

Mənbə: Kulis.az

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru