Göydələn - Novella | Yazici.az

Apr 20, 2026 - 12:00
 0  27
Göydələn - Novella | Yazici.az

Yazıçı Ədəbiyyat Portalı Hümbət Həsənoğlunun "Göydələn" novellasını təqdim edir.

  Surxay kişi dülgər idi. 

Ətraf kəndlərdən belə taxta işi olanda onu çağırardılar. Yaxşı ustalığına görə onun bir xüsusiyyətinə hamı göz yumurdu. Hərçənd ki, onun bu xüsusiyyətinə göz yox, qulaq yumulmalı idi. O, söyüşkən insan idi.

Düşündünüz ki, hamı kimi əsəbləşəndə, o da söyüş söyür?

Yox, Surxay kişi söyüşlə danışırdı, onun danışığı söyüşlə başlayıb, söyüşlə də qurtarırdı, düzdür, arada adi sözlər də eşitmək olurdu.

Kənddə iki, üç mərtəbəli söyüş söyə bilən mütəxəssisər də az deyildi, amma Surxay kişi söyüşlərdən göydələnlər ucaldırdı.

Surxay kişinin bir özəlliyi də o idi ki, o gülə - gülə söyüş söyərdi. Gülməyi ilə də ola biləcək cox inciklikləri “rəndələyirdi”.

Kəndin qadın və uşaqları da onun 

“ danışığına” artıq vərdiş etmişdilər.

O, “ mismarını” əlinə alanda, sonda onu hara çalacağını heç kim tapa bilməzdi. O da mismarını növbə ilə çox yerə tuşlayıb gözlənilməz bir yerə dibinə kimi çalardı.

Kənd qadınları belə onun söyüşlərinə qulaqlarını şəkləyər, və bəziləri də onun son həmləsini “ oxxay” kəlməsi ilə tamamlayardılar.

Arvadı Bəsti onun monoloqlarının son cümləsini “ can” kəlməsi ilə bitirərdi. 

Arvadı onu çox sevirdi, çünki bu söyüşcül kişisinin incə, yumşaq qəlbinə, həlim xasiyyətinə yaxşı bələd idi. Onların sözləri tutsa da, bədənləri bir- birinə sevinsə də, uşaqları çox illər idi ki, olmurdu. 

Arvadı elə onu sevdiyindən onun ikinci dəfə evlənməyinin təşəbbüskarı olmuşdu. Kişisinin etirazlarına baxmayaraq ona qonşu kənddən özü qız da seçmişdi. Seçimi tədbirli idi.

Bəsti bir gün nənəsinin onun qardaşına dediyi sözləri beyninə bərk həkk eləmişdi.

Nənəsi qardaşına demişdi:- Qızın əvvəl çanağına bax, sonra sifətinə.

Uşaq qadının çanağında yetişir, çanaq nə qədər iri olsa, uşağın yeri rahat olar və sağlam yetişər.

Nənəsi qadınları yalnız bir cür tərifləyərdi. Deyərdi ki, filankəsin qızı gəmi kimidir, Maşallah!

O da nənəsinin dediyi “gəmilərdən” birini seçib əri üçün evə gətirmişdi.

Bir ildən sonra Surxay kişinin oğlu oldu.  

Mamaça uşağı Surxaya göstərəndə, o, mamaçanı sevindiyindən necə söymüşdüsə, mamaça az qala uşağı əlindən yerə salmışdı. Mamaçanı sonradan yalnız ikiqat muştuluqla güclə sakitləşdirmək mümkün olmuşdu.

O, oğluna dədəsi Qurbanın adını qoyub özünü ürəyində gəzdirdiyi ən böyük arzusuna çatmış hesab edirdi .

Vaxt gəldi, vədə yetişdi Qurbanı əsgər apardılar. Sonradan xəbər gəldi ki, oğlu Rusiyanın Həştərxan şəhərinə düşüb. Bütün Rusiya Surxay kişinin nəzərində qarlı bir yer idi ki, orada da küknar meşələrindən başqa heç nə olmur. Qurbanın əsgərlikdən yazdığı məktublar onların ən böyük sevinc səbəbi idi. Arada məktub kəsildi. Hamı narahat qaldı. Onunla bir hissədə olan ellisi onlara məktub yazıb bildirdi ki, bir kiçik komandir Qurbanı söyüb, o da onu salıb təpiyinin altına. Qurbanı veriblər hərbi məhkəməyə, yəni tribunala. Evdən kimsə gələ bilsə, yaxşı olar.

Surxay kişi anında yola düşməyi qərara aldı. Kəndin başbilənlərdən yolu, yolağanı öyrəndi.

Sovqat haqda düşündü. Elə sovqat aparmaq istəyirdi ki, daha çox əsgər dadsın, elə oğlunu söyən komandir də. Amma eyni zamanda onun içində bir sual daima fırlanırdı; -görəsən komandiri Qurbanı necə söyüb? Bu ona çox maraqlı idi. Surxay kişi əsgərlikdə olmamışdı, amma eşitmişdi ki, ruslarda ana söyüşü çox adidir, bizim “ başına dönüm” kimi. Azərbaycanlı uşaqlar da bunu kəskin etirazla qarşılayırlar.

Surxay kişi sovqat haqqında düşünəndə, ilk olaraq ağlına qarpız gəldi

 Bəlkə də qarpızın mövsümü idi, ona görə. Surxay kişinin oğlu Qurban qarpız yeməyi uşaqlıqdan xoşlayırdı. Kəndləri dağlıq yerdə olduğundan qarpız əkmirdilər, amma aşağı aran kəndlərində yaxşı qarpızlar olurdu.

Kolxoz sədrinin villis maşınını sürən bacısı oğluna iki iri qarpız sifariş verdi. Başqa sovqat təkliflərinə etiraz etdi, nar da aparardı, amma nar hələ yetişməmişdi.

 O, qapız torbalarını əlinə alanda başa düşdü ki, yükü çox ağırdır, amma oğlunun sevincini görmək üçün hər cür çətinliyə hazır idi.

Yol çətinlikləri düşündüyündən də çox oldu. Yükunu maşınlardan avtobuslara, avtobuslardan qatarlara daşımalı, dartmalı, hərdən sürüməli də oldu.

Min bir yol məşəqqətlərindən sonra o, Həştərxanın mərkəzi meydanında əlində ünvan yazılan kağızla taksi soraqlayırdı. Və birdən ətrafa diqqətlə baxıb təəccübündən çaşdı.

Küçələrin hər yerində qalaq- qalaq qarpızlar yığılmışdı. Bir belə qarpızı o ömründə görməmişdi. Sonradan o biləcəkdi ki, Həştərxan Rusiyanın qarpız paytaxtıdır. Bütün Rusiyaya qarpızlar elə buradan göndərilir.

Hələlik o meydanın qırağında dayanıb gülə- gülə uçadan danışırdı. Ətrafdakı insanlar ona təəccüblə baxır, onun nə dediklərini başa düşmürdülər. Heyif ki, başa düşmürdülər, çünki bu insan tək bir mismarla elə bu meydanın ortasında Qurbanın kiçik komandirinin yaxın, uzaq qohum və əqrabaları, bir sözlə bütün var- yoxu üçün söyüşlərdən möhtəşəm bir göydələn ucaldırdı...

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0