Sonuncu tramvay - Vüsal Hicranın hekayəsi

Avq 24, 2026 - 11:35
Avq 24, 2026 - 12:14
 0  24
Sonuncu tramvay - Vüsal Hicranın hekayəsi

Yazici.az ədəbiyyat portalı Vüsal Hicranın "Sonuncu tramvay" hekayəsini təqdim edir.

Şəhərin küçələri sərbəst şeirin sətirlərinə bənzəyirdi: bəziləri qısa, bəziləri uzun...
Dəmir yol vağzalında tramvaya mindik. Bizdən başqa bir nəfər də olsun, sərnişin yox idi. Maraqlıdır, hər gün basabas, çək-çevir, çəkmə yaxam cırıldı, amma bu gün tramvay bomboşdur. Sürücü də təəccübləndiyimizi hiss elədi:
— Tələbəsiniz?
— Səsiniz yaxşı gəlmir, necə?
— Deyirəm, tələbəsiniz?
— Hə, tələbəyik.
Əllərimdən bərk-bərk yapışan qız daha ucadan cavab verdi:
— Tələbəyik, həm də tələbə yoldaşıyıq. İkimiz də bir qrupda oxuyuruq, — deyib gözlərimə zilləndi.
— Başqa nə qaldı? Bəlkə, deyəsən, sevgiliyik?
— Demərəm... Amma haçansa biz bir ailə kimi yan-yana bu şəhərdə dolaşmayacağıq?
— Elədir.
Sürücü yenə səsləndi:
— Bundan sonra Gəncədə tramvay olmayacaq.
İkimiz də birdən:
— Niyə?
— Elə də. Bu sonuncu tramvaydır. Sabahdan tramvay xətləri söküləcək.
Yerimizdən qalxıb tramvayın içində üz-üzə dayandıq. Adam doğma evini tərk edəndə onun qapısına, divarlarına, pəncərələrinə əlini çəkdiyi kimi, bir əlimizlə tutuşub, o biri əllərimizi pəncərələrdə gəzdirə-gəzdirə məyusluq içində son tramvayla vidalaşdıq.
Günəşin işığı lap uzaqdan Kəpəzin üzündə qızılı rəngdə əks olunurdu.Həmişəyaşıl kolları və cürbəcür çiçəklərlə əhatələnmiş balaca parkın ortasında "Cücələrim"in bəstəkarı  uyuyur.Parkın içindən  keçib Sabir küçəsinin  başında dayandıq.
Çinar yarpaqları başını itirmiş küləyə qoşulub, dağdan yuvarlanan uşaq kimi küçənin o başına qədər gedir, balaca fontanın kənarında bənd alırdı. Kostyumunun ütüsü bıçaq kimi kəsən cavan bəy və ağ gəlinlik donunda xanım, ortasında Günəş doğan üzük təsvir olunmuş lövhənin qarşısında qol-qola dayanıb şəkil çəkdirirdilər.

Pəncərəsi yerdən aşağı köhnə kərpic evin qarşısında bir qarabuğdayı oğlan skripkada “Bella ciao” çalırdı. Günəbaxan tumları satan qadın arada belini dikəldib boğuq səslə “Bizim ailə” deyir, sonra yoluna davam edirdi.
Qabaqda gedən iki uşaq isə bu axşam Türkiyədə keçiriləcək  "2002-Dünya çempionatı" mövzusunda höcətləşir, Ronaldinyo ilə Maradonanı müqayisə edirdilər. Braziliya ilə Almaniyanın final oyununa bir yerdə baxacaqlarını da hiss etmək olardı.

Qaraçı qızı qırmızı kərpicli qədim evlərin döngəsində “Celem-celem” mahnısı oxuyur, sol əlini belinə qoyub, sağ əli ilə ətəkləri payız küləyi kimi yeri süpürən qırçınlı donunu sağa-sola yellədirdi.

Hara baxsan, orada biri-birini tamamlayan, gözəlləşdirən nələrsə görmək olardı. Balasına layla deyən ana kimi zümzümə edən Gəncəçayının səsi şəhərin bu havasına çox yaraşırdı.
O gün biz isə bu qədər mövzunun içində danışmağa söz tapmırdıq.

Küçənin ortasında salınmış balaca fontanın yanından keçəndə anidən mənə tərəf çevrildi:
— Vüsal, qoluna girə bilərəm?
— Əlbəttə! Sənə bir söz,deyim,dostlarım, yaxınlarım da mənə qardaş, əmioğlu, dostum deyəndə bir yana, amma məni adımla çağıranda çox sevinirəm. Sən isə... Bəlkə də, heç kim sənin kimi ürəkdən Vüsal demir, sanki mənə qoluma girdiyin bu yaxınlıqdan da çox ürəyimin içindən səslənirsən. Adımı elə gözəl pıçıldayırsan ki!

Karuselin yanından keçib Gəncəçayının sahilinə çatdıq.Dram Teatrının qarşısındakı tələbə parkında gəncləri hər gün görmək olardı. Burada çay, kofe içən, söhbət edən, gülən-danışan, əylənən və tələbəliyin bütün qayğılarını, imtahanların həyəcanlarını unudub öz dünyalarında yaşayan gənclər bu şəhərin bəzəyi idi.
Çayın sağ divarlarına bitişik stollar tələbələrlə dolu idi.
— Nə istəyirsən?
— Kofe.
— Öz aramızdı, amma keçən dəfə burada etdiyimiz mübahisələrdən sonra məndən bərk incidin.
— Sən mənim ürəyimin sahibisən, gülüm,mən axı...
— Yox, o başqa, amma elmi mövzularda nədənsə heç vaxt eyni nöqtəyə baxa bilmirik.
— Mövzunu dəyişək?
— Əsla.
Oturacağını yanımdan çəkib stolun qarşı tərəfinə keçdi və əlimdən tutub üzübəüz oturdu. Bu, artıq onun necə bir mövqe tutduğuna öncədən sərt işarə idi:
— Mən səni sevirəm, amma bu o demək deyil ki, elmi mövzularda  sənə güzəştə getməliyəm.
— Kim dedi ki, güzəştə get.
— Sən belə deyirsən, amma belə etmirsən. Keçən dəfə “Xosrov və Şirin” mövzusunda etdiyin yersiz müdafiələri sənə yaraşdırmadım.Hansı müəllim nə deyirsə,tez razılaşırsan,bəs sənin öz mövqeyin?
— Deyəsən, bu gün üçün yaxşıca hazırlaşmısan, gözəlim.
— Xeyr, mən həmişə sözümü deməyi bacarıram. Sən bunu necə edə bilirsən?
— Sən necə inadla deyə bilirsən ki, Nizaminin əsərlərində "Afaq" adlı qadın obrazı yoxdur?
— Fars dilini sən yaxşı bilirsən, ya mən?
— Mən də bilirəm.
— Yalan deyirsən, Vüsal, bilmirsən. Öyrənirsən. Mən isə...
— Professor sənin bu danışıqlarını eşidib?
— Nə üçün eşitməsin? Məqalə yazmışam.
— Hətta...
— Bəli, həttası yoxdur. Professor dedi ki, qızım, subyektiv fikrindir, amma çap edə bilərsən.
— Edəcəksən?
— Əlbəttə. Niyə də etməyim? Mən sübut edirəm ki, “Xosrov və Şirin”dəki “afaq” sözü orada şəxs adı deyil, gözəllik, cəsurluq, bəzən də cahangirlik mənasında işlənir.
— Bəzən deyərkən...
— İsgəndəri “şahi-afaqgir” adlandırır. Elə deyil, əzizim? Məhəmməd Cahan Pəhləvanı “şahi-afaq” adlandırır.
— “Xosrov və Şirin”dəki “qıpçaqe-afaq” ifadəsinə nə deyirsən, ay əzizimmmmm...
— Orada da "afaq"sözü ilə  qıpçaq kənizin bir dünya gözəlliyə sahib olduğunu vurğulayır.
— Qətiyyən. İnanmıram və inanmaq da istəmirəm. Belə çıxır ki, bütün dərslik kitabları dəyişməlidir. Nə var, nə var, 3-cü kursda oxuyan bir xanım “Afaq” adını qəbul etmir.

Birdən gülməyim tutdu və elə bu anda geri çəkilib əllərini qoynuna qoyub da başını aşağı saldı, dodaqları əsdi.
— Yaxşı, bağışla,-dedim.
— Bağışlamıram, sənin, doğrudan da, nə qədər elmdən uzaq olduğunu indi bildim. Sağ ol, mən gedirəm.
Ayağa qalxıb əllərindən tutdum:
— Yekə qızsan, özünü uşaq kimi aparma. Kənardan bizə baxırlar.
Ətrafdakı tələbələr  gözaltı bizə baxırdılar.İsrar elədi:
— Yox, burada dayana bilmərəm... Yaxşı, gedək burdan.
Nizaminin  heykəlinin kölgəsindən keçdik. Küsülü adamlar kimi danışmadan, səssiz-səmirsiz, amma yanaşı addımlayırdıq. Gülməyim tutsa da, birtəhər özümü saxlayırdım. Elmi mübahisələrimiz də sevgimizlə birlikdə böyüyürdü. Ürəyimdə isə onun nə qədər qeyri-adi istedada  sahib bir qız olduğunu qəbul edirdim.
Qaraçı qız əl çəkmədi:
— Səni bu gözəl qızın canı...
— Uzaqlaş, — dedim.
Kənara çəkilib əvvəlcə öz dillərində nəsə mızıldandı. Sonra da sözləri rezin kimi uzada-uzada:
— Siz ki bir-birinizi belə sevirsiniz, Allah sizi xoşbəxt eləməsin, — dedi.
Qədim kitabxanalara bənzəyən kirayə otağımda uzanıb eləcə onu düşünürdüm, gözlərim pəncərənin üstünə cızdığım V+... hərflərinə zillənmişdi.
Zəng gəldi. Dəstəyi tez qaldırdım və bildim ki, odur:
— Hə.İncikliyin keçdi?
Hüsnün gözəl ayətləri ey sevgili canan!
— Vüsal, mən səni sevirəm.
— ..., Mən də səni.
— Amma qaraçı qızın son sözlərini heç sevmədim.
— Əhəmiyyət vermə. O nə mahnıdır?
— Alagözlüm,səndən ayrı gecələr...

Ayın işığı pəncərənin ağzında 24 saat onun zəngini gözləyən telefonun üzünə düşürdü...

2007

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 1
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru