Göyü sevən Yerdə qərib kimidi - Hüseyn Bağıroğlunun yeni şeirləri

May 2, 2026 - 00:02
May 2, 2026 - 00:12
 0  12
Göyü sevən Yerdə qərib kimidi - Hüseyn Bağıroğlunun yeni şeirləri

Yazıçı Ədəbiyyat Portalı Hüseyn Bağıroğlunun yeni şeirlərini təqdim edir.

VƏTƏN SEVİLMƏSƏ ANADAN ARTIQ

Hər yerindən duran yağıya dönər,

Ömür başdan-başa ağrıya dönər,

Ana laylası da ağıya dönər,

Vətən sevilməsə anadan artıq.

 

Bilirəm bu sözü nadan anlamaz,

Amma ki, neyləyim ürək deyir yaz.

Vətən göylərində ulduz da qalmaz,

Vətən sevilməsə anadan artıq.

Başımız dünyaya qarışıb gedər,

Hərə bir günaha bulaşıb gedər,

Millət yad əllərdə cırlaşıb gedər,

Vətən sevilməsə anadan artıq.

Göylərin bağrından bizi kim dərib?

Hansı niyyət ilə Yerə göndərib?

Vətən qürbət olar sən də bir qərib,

Vətən sevilməsə anadan artıq.

DÜNYANI GÖZÜMDƏN SALMA

Bu qoca dünyadan kənar dur bir az,

Sən bu dünya üçün solma, ay adam.

Onun nökərləri yazıqdan yazıq,

Gəl, onun hambalı olma, ay adam.

Sən tox tut özünü darda bəy kimi,

Dərdi də dərd ilə dağıt ney kimi,

Nur ilə dol boşal göydə Ay kimi,

Hər gür zir-zibillə dolma, ay adam.

Bir eşqin oduna, gəl, qalan hər gün,

O eşqin nuruyla durulan hər gün;

Buludlar üstündə gəz-dolan hər gün,

Ayaqlar altında qalma, ay adam.

Gözəllik yaratdı Allah eşq ilə.

Yaşamaz bir canda günah eşq ilə.

Adam ol, adam ol Allah eşqinə,

Dünyanı gözümdən salma, ay adam.

 

BAXT GÜLMƏYƏNDƏ

Sanki Allah da sənin yerini bilmir,

Vədə gəlməyəndə, vaxt gülməyəndə.

Dostlar da adamın üzünə gülmür,

Adamın üzünə baxt gülməyəndə.

Eşqin ayağına gələn tapılmır,

Bölənin özünü bölən tapılmır,

Təbrizin göz yaşın silən tapılmır,

Arazın dərdini Kür bilməyəndə.

İblis də quludur, mələk də eşqin.

Zühur edər güldə, çiçəkdə eşqin.

Sağalmaz yarası ürəkdə, eşqin,

Yardan gözlədiyin “həb” gəlməyəndə.

Qiyamətmi qopur, sonumu çatır,

Günümü qaralır, Ayımı batır,

Yoxsa ki, olmayan baxtımı yatır

Bu dünya mənimlə çəp gəlməyəndə.

O pak mələklərdən bir səs də gəlmir,

Gedir, bax, bu quru nəfəs də gəlmir,

Vallah, yaşamağa həvəs də gəlmir,

Hər gün bir şeirlik təb gəlməyəndə.

 

İNSAN ÜMİDİNƏ QALSA

Min illərdir seyr edirəm beləcə,

Yer Göy kimi duru olmaz, İlahi.

Göyü sevən Yerdə qərib kimidi,

Yeri sevən Göyü duymaz, İlahi.

Aldadıb özündən alar Adəmi,

Hər gün barmağına dolar Adəmi,

Ələ salıb əldən salar Adəmi,

İblis onu bir şey saymaz, İlahi.

Sevinci bir damla, kədəri dərya,

Dözər hər dözülməz ağrı acıya.

İnsan ümidinə qalsa bu dünya,

Bu dünyada insan qalmaz, İlahi.

EY GÜL

Gözlərindən özgə bir göyüm yoxdu,

Gecə bəxt ulduzun görməyə, ey gül.

Ömrümdən savayı bir şeyim yoxdu,

Hər gün qədəminə sərməyə, ey gül.

Mələklər qapımı döyə, deyirəm,

Bu Yer də bənzəyə göyə, deyirəm,

O qədər gözəlsən, dəyər, deyirəm,

Sənə gündə min gül dərməyə, ey gül.

Kim açar, kim bağlar dünya qapısın?

Qoyma eşqin gözün şeytan qapasın.

Qıymadın külümü yellər aparsın,

Qatdın gözlərində sürməyə, ey gül.

Sev, bir də özünü tanı dünyada,

Sevgidir insanın canı dünyada.

Bir işim yox idi fani dünyada,

Gəlmişdim mən səni sevməyə, ey gül.

 

GƏLİRƏM

Bələyə bilmədim nura günləri,

Başımı köksümə əyib gəlirəm.

Qanımı qaraldan qara günləri,

Bəyaz kəfən kimi geyib gəlirəm.

Hər üzə gülənə gül uzatmıram,

Qibləsiz mənzilə yol uzatmıram.

Özgə süfrəsinə əl uzatmıram,

Mən öz ürəyimi yeyib gəlirəm.

Yuxarı qalxmadı bir yol qaşları,

Bəs haçan dəyəcək o kal başları?!

Yoldaş olsun deyə bu yol daşları,

Sözümü daşlara deyib gəlirəm.

Gəlmədim Adəmlə deyişmək üçün,

Gəldim bu şeytanla döyüşmək üçün.

Mən hər gün havamı dəyişmək üçün,

Gedib o dünyaya dəyib gəlirəm.

BƏNÖVŞƏ OLURDU BOYNUN BÜKƏNDƏ

O, mənim bəxtimə doğan Gün idi,

Getmişdi ömrümdən duman da, çən də.

Güləndə elə bil qızılgül idi,

Bənövşə olurdu boynun bükəndə.

Bu ruhum sıyrılıb çıxardı təndən,

Tərlər düzülərdi alnıma dən-dən;

Həyat əlaməti qalmazdı məndə,

O, məndən bir anlıq gözün çəkəndə.

Onun mələk halı, onun gül halı,

Heyrətə düşərdi insan xəyalı.

Gözəllik verərdi ona, İlahi,

Onun gözlərindən boylanan qəm də.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0