Gözümdə əridi üzün qar kimi - İmir Məmmədlinin şeirləri
Yazici.az ədəbiyyat portalı tanınmış yazıçı, tərcüməçi İmir Məmmədlinin şeirlərini təqdim edir.
Allahı görmək üçün
Ömür bəlkə ölümdü,
Bəlkə indi ölmüşük.
Bəlkə diri olanda,
Biz Allahı görmüşük.
Daha zaman tez keçir,
Gün qədərdi bir ilim.
Allahı görmək üçün,
Gərək bir də dirilim.
Təzad
Atam çiyininə alardı məni,
Balaca əllərim göyə çatardı.
Böyüdüm, geyindim dumanı, çəni,
İndi mən burdayam, göy orda qaldı.
O günlər layiqdir hər cür tərifə,
Yorulub yatıram, qayğılar yatmır,
Durub boylanıram dörd bir tərəfə,
İndi mənim əlim heç yana çatmır.
Tədricən dəyişdi dünyanın işi,
Həyat solda qaldı, vaxt sağa getdi.
O məni göylərə qaldıran kişi
Mənim çiyinimdə torpağa getdi.
Anam
Öz çayını, çörəyini,
O bölərdi altı yerə.
Sevgi dolu ürəyini,
O bölərdi altı yerə.
Bax beləcə ömrünü də,
Altı yerə böldü anam.
Verdi altı balasına,
Sonra rahat öldü anam.
Anamın heykəli
Qəbrinin üstündə incə bir lalə -
Anama gül heykəl qoyubdur bahar.
Elə bil, qəflətən - ay ana! - desəm,
Bu çiçək çevrilib üzümə baxar.
Kölgə
Burda hər şey dəyişdi,
Mən özümə tən qaldım.
Dayanmışdım kölgədə,
Kölgə getdi mən qaldım.
Vaxt gələcək canımı,
Can alanım alacaq.
Mən gedəcəm dünyadan,
Kölgəm burda qalacaq.
Həmişə keçmişdə
Həyatın bir anı ana bərabər,
Ölümün bir anı-əbədiyyətə.
Ömürdən ölümə yol gedən insan,
Həmişə istəyir vüsala çata.
Əzəldən ürəyə düşüb vəlvələ,
Bilmirik nəçiyik, bilmirik nəyik.
Hər gün gələcəyə can atsaq belə,
Həmişə sabahın keçmişindəyik.
İki vətən - iki qürbət
İşıq içdin, zülmət yedin,
"Alaverdi" keçdin mənə.
Sən gedəndə, getdim dedin
Bu vətəndən o vətənə.
Ürəklərdə qalan duman
Şişir, sonra ürək dolur.
Vətən iki olan zaman
İkisi də qürbət olur.
Olmazdı
Çaylara düşməsə, göylərin əksi,
Sular belə şəffaf, duru olmazdı.
Suların işığı göyə düşməsə,
Nə günün, nə ayın nuru olmazdı.
Suyu sevə-sevə içməsə səma,
Dənizdən dənizə quru olmazdı...
Ərə gedən qız
Gözüm öyrənmişdi, eyvanınızda
Şəritdə görərdim donunu hərdən.
Don xəbər verərdi incə bir qızdan,
Mənsə boğulardım gizlin qəhərdən.
Axır bu işin də bildim sonunu,
Bu fani dünyanın hər işi kimi,
Dünən yad şəritdə gördüm donunu,
Ovlanmış bir maral dərisi kimi.
Vaxtında
Olanımı qəpiyə satdım
Zəmanənin xar vaxtında.
Mən gəlib qapıya çatdım
Qapıçının kar vaxtında.
Susadım, susadım içdim
Bulaqların şor vaxtında.
Bəxtimin önündən keçdim,
Eh, onun da kor vaxtında.
Şəkil
Şəklimi çəkdirdim, mat qaldı çəkən,
İlahi, şəkildə yox idim özüm.
Onun üzərinə həkk olunmuşdu
Ən sirli muradım, ən gizlin sözüm.
O sözü heç kəsə deyə bilmərəm,
Dilimə gələndə, bağlanır çənəm.
Əgər biz üz-üzə gəlsək bir kərə,
Xəlvət göstərərəm o şəkli sənə.
Evimiz
Atam elə yerdə ev tikmişdi ki,
Üstündən keçirdi günəşin yolu.
Belədə insanın duzu, çörəyi,
Suyu və şərabı işıqlı olur.
Atam elə yerdə ev tikmişdi ki,
Tavanında quşlar yuva salırdı.
Bizim pəncərəmiz gündüz günəşi,
Gecələr hilalı yola salırdı.
Atam elə yerdə ev tikmişdi ki,
Ətrafı qorusun şəfəq qoşunlar,
Qapımızı daim tapa bilsinlər
Qonaqlar, qohumlar, bir də qonşular.
***
Gün çıxdı...
Sən çıxıb getdin, gözəlim,
Gözümdə əridi üzün qar kimi.
Arxanca çırpındı ayaq izlərim
Sahilə atılan balıqlar kimi.
Yazmıram daha
Sevgi şeirləri yazmıram daha,
Qənaət edirəm ağ vərəqlərə.
Harda kağız, vərəq düşsə əlimə
Təyyarə düzəldirəm,
Gəmi düzəldirəm
Nəvələrimə.
Gecə mənzərəsi
Sorağı gəlirdi könüldən tək-tək
Köhnə arzuların, köhnə muradın.
Dişi yalquzağın ulartısıtək
Gedirdi zülmətə bürünmüş qadın.
Elə bil, çöllərin pərisi idi,
Gecə də tək idi, qadın da təkcə.
Erkək canavarın dərisi idi
Əyninə geydiyi tüklü gödəkcə.
Sevgi dəmi
Dünyada olanlar bəxtin işidir,
Qəflətən baş verir sevgi dəmi də...
Əli ovucumda elə dinşidi,
Sanki bildirçindi yaşıl zəmidə.
Şəkillər
Mənə külək şəkli çəkmək istəsən,
Əyilmiş bir ağac şəkili bəsdir,
Dağılmış telləri bir gözəl qızın,
Ya da bir oğlanın kəkili bəsdir.
Əgər sevgi şəkli çəkmək istəsən,
Çiçəkli kolların şəkili bəsdi.
Tənhalıq şəkili çəkmək istəsən,
Ot basmış yolların şəkili bəsdi.
Həyatın şəklini çəkmək istəsən,
Ağır bir ömürün şəkili bəsdi,
Yəni ağac kimi qəddi bükülmüş
Qocalmış İmirin şəkili bəsdi.
İlk məhəbbətin tərsinə etirafı
Onu sevdiyimi hamı bilirdi,
Sir sözü yaymaqda gənclikdə cəldik...
Havalı gəzirdim artıq bir ildi,
Qəflətən məktəbdə üz-üzə gəldik.
Güclü həyacandan əsdi bədənim,
Karıxdım, bilmədim, indi nə edim.
Dedi, doğrudanmı sevirsən məni,
Onunçün ölürdüm, SEVMİRƏM dedim.
Dedi, bu necə eşq, bu necə oyun!?
Mən elə bilirdim, qəlbində sirəm...
Odu-budu, Allah, bir ömür boyu
Ona SEVDİYİMİ təsdiq edirəm.
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0