Bir də gördün fotodu - Ələkbər Salahzadənin şeirləri

Sen 1, 2026 - 16:31
 0  21
Bir də gördün fotodu - Ələkbər Salahzadənin şeirləri

Bu gün Əməkdar incəsənət xadimi, bənzərsiz şair Ələkbər Salahzadənin anım günüdür.

Yazici.az ədəbiyyat portalı Ələkbər Salahzadənin şeirlərini təqdim edir.

AXŞAM

Qanadlara qondu axşam–
yordu, yordu quşları.
Yarpaqlara qondu axşam –
silkələyin ağacları!

Küləklər axşam daşıdı,
küləklər yavaşıdı.
Axşam, axşam...
Qüdrətinə mat qalıb
öz yerində dondu axşam.
Gülüşlərin, sədaların
üzərində dondu axşam.

Adamlar, adamlar...
Çıraqları gur yandırıb
işığını itilədi, –
Kölgələri qapılardan itələdi.
Axşamüstü
axşam üstə
atam çəkic vurdu,
anam paltar ütülədi.

Biz əl verib görüşəndə
axşam sanki sıxılırdı,
çırpınırdı əlimizdə!..
Yarpaqlara qondu axşam –
silkələyin ağacları!

MƏNSİZ GECƏ

Ulduzları mürgü döyən
sakit, heysiz bir gecədi.
Ay hardasa itib-batib,
yoxsa göysüz bir gecədi.

Öz-özünə axır keçir,
qədim, nəfis bir gecədi.
Bir az xəfə, bir az qəfəs
təngnəfəs bir gecədi.

Nə yaxşı ki, sonsuz deyil,
uzun, ensiz bir gecədi.
Bir az həzin, bir az qərib,
sanki mənsiz bir gecədi…
2000

BİR DƏ GÖRDÜN

Bir də gördün beşikdi adam,
bir də gördün bəbədi.
Bir də gördün uşaqdı adam,
bir də gördün babadı.

Bir də gördün oğuldu adın,
bir də gördün atadı.
Bir də gördün yox oldu adam,
bir də gördün fotodu.

Bir də gördün oddu adam,
bir də gördün ot oldu
Bir də gördün adamdı adam,
bir də gördün ad oldu

GƏLƏCƏK

Nə bilirsən, dar günündə
o gələcək, bu gələcək?
Ağladıqca gözlərindən
göz yaşı yox, su gələcək.

Yalayacaq su üzünü.
o üzünü, bu üzünü.
Ağla, ağla yu üzünü,
ömrün boyu yu, gələcək

Bircə-bircə sal yadına
bir günahın düş oduna
Alışdıqca fəryadına
“qa” deməmiş qu gələcək.

Dolan çölü-biyabanı
axtar onu, ara bunu.
Gözlə, sınıq arabanı
aparmağa “TU” gələcək

AĞLAYIR

Yenə də mi bu dünyaya
uşaq gələndə ağlayır?
Hardan hara gəldiyini
bir gün biləndə ağlayır.

Tanıdıqca sol-sağını
qaralır da tez-tez qanı
Görür – bir dostu soğanı
yarı böləndə ağlayır.

Güləyən hər yandan gülür,
ağlayan var sonda gülür.
Kimi ağlayanda gülür,
kimi güləndə ağlayır…
2005

DÜZƏLMƏDİ

Gözlədim –
Bu dünya düzələ bəlkə,
Otuzumda düzəlmədi.
Otuz yazı otuz qışa
Uduzdum da düzəlmədi…
Döz, dedim,
Bu dünya bəlkə düzələ;
Yolum boyu düz getməyə
Bir yerində düzəlmədi.
Qırxımda düzəlmədi,
Qırx birimdə düzəlmədi.
Yüz dedim,
Bircə gün düzələ bəlkə,
Düz ilə, doğruyla düz gələ bəlkə;
əyildi ki, əyildi,
əllimdə də düzəlmədi.
Bildim, bala, düzəlmədi,
Qaldım, baba, düzəlmədi,
Öldüm, dədə, düzəlmədi!..

QAR

Elə bil gün o gün, qar o qar,
haradasan?
O günə qar yağar,
o qara qar yağar –
şığıyar qara qar.
Qar o qar,
Yağar ha, ha yağar,
o saça, kirpiyə qar yağar,
ağarar, ağarar,
haradasan?
Söyüdlər qarıdı,
haradasan?
Saçları ağara-ağara
yayda da düşərəm o qara.
Qurudu, yerində qurudu,
dayanıb qapıda
o qara qarğıyar
bir qarı –
haradasan?
Qar o qar,
baxaram, gözlərim ağrıyar,
izlərim qar altdan çığırar, çığırar.
Çığırar – çığırmaz
üstünə qar yağar,
qar yağar o qara,
o günə qar yağar –
haradasan?!

***
Yanımdan keçirlər,
Piyadalar, maşınlılar,
Dərdlilər keçir önümdən
Pərişanlar keçir
Taleyilə, qismətilə barışanlar keçir.
Vaxt axıb gedir altdan-altdan,
Gün keçib gedir,
Bir yerimə toxunmadan,
Gözümə də dəymədən.
Mən də keçib gedirəm,
Yanımdan ötüb keçənlərin önündən,
Hardasa yeyib-içən gedənlərin önündən.
Bəlkə də ölümün yanından ötür,
Üstündən adlayıb keçirəm.

Tural Adışirinin təqdimatında

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru