İlk əməliyyat - Orxan İsmayılovun hekayəsi

İyn 12, 2026 - 22:19
 0  9
İlk əməliyyat - Orxan İsmayılovun hekayəsi

Yazıçı Ədəbiyyat Portalı Orxan İsmayılovun "İlk əməliyyat" adlı hekayəsini təqdim edir.

Gənc tibb bacısı dəhliz boyu addımlayırdı. Yeridikcə nişastalı xalatı xışıldayır, hər hərəkətində səs salırdı. Qibtə etdiyi baş tibb bacısına bənzəmək üçün ombalarını azca yırğalayır, qəsdən şux və əmin görünməyə çalışırdı. Bir əlini yüngülcə önlüyünün cibinə qoymuşdu; elə bil bu duruşu ilə ətəyini yelkən kimi qabağa qabartmaq istəyirdi. Digər əli ilə yanından keçdiyi radiatorların üstünə sığal çəkirdi. Valideynləri, bacıları onu bu görkəmdə görsəydilər, yəqin ki, heyranlıqlarını gizlədə bilməzdilər. Sanki ailəsinin baxışlarını üzərində hiss edirmiş kimi qətiyyətlə irəliləyirdi.

Lakin dəhliz kimsəsiz və sakit idi. Budur, qarşısına “Əməliyyatxana” yazılmış qapı çıxdı. Qapının soyuq dəstəyini çevirəndə qızın bədəni qəfildən gərildi. Bayaqkı süni şuxluqdan əsər-əlamət qalmadı; ağlamaq dəmində olan uşaq kimi alt dodağını gəmirməyə başladı.

İçəridə heç kəs yox idi. Hər tərəf bəmbəyaz işıq saçırdı. Otağın iki divarı tamamilə pəncərələrdən ibarət idi. Bahar günəşi maneəsiz içəri dolaraq şüşə dolabları, polad alətləri bərq vurdururdu. Pəncərələrin önündə üzərinə səliqə ilə adyal, mələfə və yastıq qoyulmuş emallı xərək dururdu.

Gənc qız rəngi qaçmış halda, olduğu yerdəcə donub qalmışdı. Alnını qəfil soyuq tər basdı. Bir teli ətli yanağına yapışmışdı. İndi artıq geri çəkilməyə yol yox idi. İstirahət otağında kiminsə: “Hələ bir histerektomiya və ya amputasiya gör, onda bilərsən”, – deməyinə gülüb keçmək asan idi. Orada, hamının içində qorxmamaq adama asan gəlirdi. Deyirdilər ki, əməliyyatxana bacısı səni o qədər buyuracaq ki, qorxmağa vaxtın belə olmayacaq; baş tibb bacısı isə öyüd verirdi ki, "ilk kəsiyə" baxmasan, hər şey yolunda gedəcək. Amma indi o otaq da, oradakı səslər də uzaq bir boşluqda əriyib yox olmuşdu; gənc qız dəhşətli bir tənhalığın ağuşunda idi. Sinir gərginliyindən doğan sancını kəsmək üçün əlini qarnına qoyub özünü sıxdı. Qurumuş alt dodağı dişlərinin arasından sürüşdü və qəfildən boğazından hıçqırtı qopdu.

Dəhlizdə qəfil ayaq səsləri və paltar xışıltısı eşidildi. Qız diksindi; guya işləyirmiş kimi təlaşla otağın o biri başına – parıldayan sterilizatorun yanına qaçdı. Baş tibb bacısı içəri girən kimi kəskin səslə onu haqladı:

– Qapını niyə açıq qoymusan? Heç düşünmürsən ki, bura əməliyyatxanadır? Gör temperatur nə qədər aşağı düşüb!

Gənc qız əl-ayağı dolaşa-dolaşa, sanki nəsə itirmiş kimi termometri lazımsız yerlərdə axtarmağa başladı. Baş tibb bacısı cihazı asanlıqla tapdı və narazı halda dodaqaltı mızıldandı:

– Tfu... temperatur iki dərəcə aşağıdır. Radiatorun klapanını bir az da aç!

Qız radiatorla əlləşə-əlləşə, qadın acıqla sözünə davam edirdi:

– Hələ də əllərini yumağa hazır deyilsən? Saçlarını yığ, qollarını da çırmala. Formana bax, lap əynindən tökülür. Kəmərini bir az sıxa bilmirsən? Tez ol!

Geniş çanağın qarşısında yan-yana durub, əllərini dezinfeksiyaedici isti suyun altında yumağa başladılar. Baş tibb bacısı bərk fırçanı dərisinə rəhmsizcəsinə sürtürdü. Sonra fırçanı gənc qıza uzadıb, ona da eyni şeyi etməsini tapşırdı. İşlərini bitirəndə hər ikisinin qolları qızarmışdı və göynəyirdi. Baş tibb bacısı sterilizatordan maşa ilə iki tənzif parçası çıxardı; birini öz üzünə, digərini isə gənc qızın sifətinə doladı. Bir anlığa ağ maskaların üstündən bir-birlərinə soyuq, nifrət dolu baxışlarla baxdılar. Gənc qız ürəyində deyirdi: “Şükür sənə, İlahi, nəhayət, o deyingən ağzı yumuldu; bəlkə, indi bir az əl çəkə məndən”.

Bu vaxt cərrah və anestezioloq içəri daxil oldular. Onlar baş tibb bacısını səmimiyyətlə salamlasalar da, gənc qıza məhəl belə qoymadılar. Bu etinasızlıq qızın özünə inamını bir az da sarsıtdı. Bədəni ona ağır və qaba görünürdü, qıpqırmızı əlləri isə yanlarında eybəcər və dəhşətli dərəcədə böyük görsənirdi. Əməliyyatxanada boğucu bir istilik vardı. Maskasının altında yanaqları od tutub yanır, tər tökürdü; tənzif maska ona ağır bir yük kimi gəlirdi. Özündən daha təcrübəli və yaşlı olan bu üç nəfərə həsədlə baxırdı. Onlar hər hərəkətlərində necə də rahat, əmin və təmkinli idilər.

Cərrah keçəl başı parıldayan, gənc və gülərüz bir adam idi. Radiatorun yanında durub əllərini bir-birinə sürtdükcə, barmaqları qeyri-adi bir təmizliklə parlayırdı. Anestezioloq isə sakit, diqqət çəkməyən yaşlı bir kişi idi. Baş tibb bacısı tənzif maskasının altından məhz cərraha gülümsəyirdi. Bayaqkı kəskin gərginliyi yoxa çıxmışdı; indi gənc qıza nə edəcəyini daha mülayim, hətta ipək kimi bir tonla başa salırdı.

Gənc qız yaşlı həkim üçün ağ xalat və maska gətirdi. Baş tibb bacısı isə uzun gecə köynəyini xatırladan xalatı cərraha tərəf uzatdı, o da qollarını cəld xalata keçirdi. Qadın xalatın boğazındakı ipləri bağlayarkən, cərrah ona tərəf əyilib nəsə pıçıldadı. Gənc qız baş tibb bacısının üzünə qəfil qan sızdığını gördü, işvəylə güldüyünü eşitdi. Cəld gözlərini yayındırdı. O keçəl kişi ilə evdə qalmış bu yaşlı qızın bir-birinə naz etməsi qızda ikrah hissi doğurdu. Onların bu qədər arxayın olmalarına, öz üzərindəki ağalıqlarına və onu sanki yoxmuş kimi saymalarına nifrət edirdi. İndi onların bu davranışlarına nifrətlə, yuxarıdan aşağı baxmaqdan qəribə bir həzz alırdı.

Lakin bu hisslərdən özü üçün bir təskinlik tapmağa macal tapmamış, dəhlizdə təkərlərin taqqıltısı eşidildi. Qızın ürəyi dəhşətli bir qorxuyla döyünməyə başladı. İki həkim və baş tibb bacısı indi nəzərlərini qapıya dikib gözləyirdilər. Günəş şüaları hər tərəfə – onların ağappaq libaslarına, cərrahın çılpaq başına və cərrahi alətlərin kəsif, soyuq, gümüşü parıltısına süzülürdü.

Xəstəni içəri gətirdilər. O, kəskin işıqdan gözlərini qıydı, əlini gözünə sipər etdi, sonra dodaqlarını isladıb boğuq, süni bir şuxluqla pıçıldadı:

– Sabahınız xeyir...

İki sanitar onu ehtiyatla qaldırıb xərəyin üstünə qoydu. Cərrah mehribanlıqla gülümsədi:

– Salam, Cəsarət. Necəsən?

Xəstə boğazındakı əsəbi xırıltını təmizləyərək, güclə cavab verdi:

– Yaxşıyam, həkim, çox sağ olun...

Baş tibb bacısı xəstəni yavaşca yastığa tərəf itələdi. Kişi çarəsiz bir təslimiyyətlə:

– Hə, belə yaxşıdır, – deyə mızıldandı.

Qadın isə kəskin, buyruq dolu bir səslə nidanı qoydu:

– Gəl bura, ay qız!

Gənc tibb bacısı sığındığı küncdən – sterilizatorun yanından ayrıldı; nə edəcəyini, öyrəndiklərini xatırlamağa çalışırdı. Baş tibb bacısı biz kimi deşici baxışlarını ona dikmişdi; qız isə tilsimlənmiş bir heyvan kimi yerində donub qalmışdı.

– Adyalı gətir!

“Bəli, bəli”, – deyə pıçıldayan qız tələsik, adyalı açıb xəstənin üstünə sərdi. Adyalın kənarlarını düzəldərkən bir anlıq bütün qorxularını unutdu, qəlbi bu tanımadığı adama qarşı sonsuz mərhəmətlə doldu. Xəstənin qırışmış, hər şeyə boyun əymiş nurani çöhrəsi vardı; gözləri uşaq baxışları kimi yazıq və sual dolu idi. Ədyalı yerinə yerləşdirib, ana nəvazişiylə pıçıldadı:

– Bax belə, narahat olmayın...

Kişi zəif səslə:

– Çox sağ ol, bacı, – deyəndə, bayaq dəhliz boyu yeriyərkən hiss etdiyi o qürur, o özünəinam yenidən qızın ruhunu sardı.

Amma yox, axı o, baş tibb bacısı deyildi; o, hələ yolun başında olan çox gənc bir qız idi. Cərrah bıçaqlarını spirtli qaba yığarkən çıxardığı o polad səsi qızın sinirlərini sanki soyuq, ölümcül bir dəniz dalğası kimi yenidən silkələdi.

İndi baş tibb bacısı xəstənin başını yastığın üzərində elə çevirmişdi ki, qız onun qulağının arxasındakı qırxılmış, çılpaq yeri gördü. Bir də onda ayıldı ki, əlində eterli sabun qabını tutub xəstəni yuyur. Sonra sterilizə olunmuş dəsmalları gətirdi; baş tibb bacısı onları yastığa, xəstənin alnına və kobud adyalın üstünə elə sancdı ki, yazıq adam tanınmaz hala düşdü. Xəstə o qədər ağlığa bürünmüşdü ki, üzünün görünən o kiçik, solğun hissəsi meyit rəngi almışdı. Gözlərini yumanda o qədər cansız görünürdü ki, gənc qızın ürəyindən bir fəryad qopdu: “Baxın! Axı bıçağınız ona toxunmamış o artıq ölüb... Onu rahat buraxın!”

Yaşlı anestezioloq gödək ayaqları ilə xəstənin baş tərəfindəki hündür kətilə dırmaşdı. Ətraf şüşə qablar, uzun qara borularla dolu idi, boynundan isə gümüşü bir maska asılmışdı. O, maskanı ehtiyatla xəstənin burnuna qoyub, alçaq, mehriban səslə:

– İndi rahat nəfəs al, – dedi.

Lakin elə həmin an xəstə can hayına düşdü; nəfəsi boğazında tıxandı, adyalın üstündə hərəkətsiz duran əlləri qıc olaraq havada çırpınmağa başladı. Baş tibb bacısı işini bilən adam ədasıyla irəli atıldı və gözü ilə gənc qıza xəstənin əllərini tutması üçün işarə etdi.

Qız ona toxunmaqdan çəkinirdi. Bu qorxunc çarəsizlik içində vurnuxan adama duyduğu mərhəmət hissini artıq dəhşət əvəz etmişdi. Özünü anlamazlığa vurub, sevimli sığınacağı olan sterilizatorun yanında daş kimi donub qaldı; həm inadkar, həm də qorxu içində idi. Bu sükutda baş tibb bacısının səslə əmr verməsi qeyri-mümkün idi, lakin o “biz baxışlar” ağ maskanın üstündən polad kimi sərtləşdi, sonra isə zəhərli bir təhdidə çevrildi. Gənc tibb bacısı sarsıldı, bütün iradəsi qırıldı. Nəm, soyuq əlləri ilə xəstənin can dərdi ilə vurnuxan əllərindən yapışdı və onları kişinin döyünən sinəsinə bərk-bərk sıxdı.

İndi o, xəstə ilə vahid bir bədənə çevrilmişdi; adamı saran o vahimə qızın da canına vəlvələ salmışdı. Hıçqırıqlar boğazında düyünlənsə də, iradəsinin gücü ilə özünü ələ almağa çalışırdı. Qorxu dalğaları qanını ürəyinə qovur, içini vəhşi bir ikrah hissi bürüyürdü. Bu yad adama toxunmaq ona rüsvayçı və iyrənc gəlirdi. Onun qaba, kələ-kötür, üstü qısa qara tüklərlə örtülü əllərinə nifrət edirdi. Xəstənin yoğun barmaqları qızın əllərini kəlbətin kimi sıxırdı. Qız diksindi, əllərini güclə dartıb qurtararaq, bu dəfə onları kişinin biləklərindən yuxarıda, daha möhkəm qovuşdurdu. Xəstənin çabalaması getdikcə amansızlaşırdı. Bədəni elə sarsılırdı ki, sanki özünü o dar xərəkdən yerə atacaqdı. Tibb bacısı dirsəkləri ilə onun üstünə çökdü; bütün gücünün bu amansız çarpışmada tükəndiyini hiss edirdi. İndi baş tibb bacısının öyrətdiyi kimi, xəstənin qollarından yapışmışdı və bütün çəkisini onun gövdəsinə vermişdi. Kişinin boğuq iniltiləri qızın qanını dondururdu. Lakin xəstənin müqaviməti zəiflədikcə, qız özünü qəddar və qalib bir fateh kimi hiss etməyə başladı.

Nəhayət, xəstə sakitləşdi və əməliyyatxanaya ağır bir sükut çökdü. Cərrah bıçaqları ilə oynamağı dayandırmışdı. Baş tibb bacısı yerindəcə donub qalmışdı; artıq nişastalı xalatının xışıltısı belə eşidilmirdi. Anestezioloqun bozarmış başı xəstənin üzərinə sanki yuxudaymış kimi əyilmişdi. O, orada bir ruh kimi dolanırdı; elə bil xəstəyə etdiyi o tilsim bu səssiz məkanda onları izləyən hər kəsə sirayət etmişdi. Bura artıq ağır nəfəslərin ritmi və sükutla dolmuş qızılı rəngli bir röya hücrəsi idi. Günəş şüaları ağ divarlar və şüşə rəflər boyunca süzülən su damcıları kimi axırdı; eterin mürgü gətirən şirinliyi hüzurunu ətrafa yayırdı. Hava eter və yuxu ilə ağırlaşmışdı, ilıq idi.

Gənc tibb bacısı bütün ağırlığını xəstənin və xərəyin üstünə salmışdı. Qorxu canından çıxmış, yerini gərgin əzələlərini yumşaldan ağır bir süstlük almışdı. Beləcə nə qədər qaldıqlarını bilmirdi; bu an ona sonsuz və ləzzətli görünürdü. Sonra yaşlı anestezioloq sanki yenidən həyata qayıdıbmış kimi başını qaldırdı. Bir barmağı ilə xəstənin göz qapağını qaldırıb, yuxarı dikilmiş ağ bəbəyinə toxundu. Heç bir tərpəniş, heç bir etiraz yox idi. Bütün müdafiə sədləri çökmüşdü.

Anestezioloq dərindən ah çəkib kətildən aşağı düşdü. Birdən canlanan cərrah onun yerini tutdu. Mürgü gənc qızı hələ də o saxta rahatlıq pəncəsində saxlayırdı. O, əllərin və sarsılan bədənin mübarizəsindən qalib çıxmışdı; özünü çox cəsur sayır, bu qələbənin zövqünü yaşayırdı. Zəif bir zəfər hissi ilə əllərini hələ də o çarəsiz qolların üstündə saxlayaraq, rahatca dayanmışdı.

Anidən xəstənin başı yenidən çevrildi, qırxılmış dəri gün işığında parladı və bıçaq incə bir cırıltı ilə dərinin üstündən keçdi. Bir, iki... və budur, qan fışqırmağa başladı.

Küləkdə titrəyən buğda saplağı kimi gənc tibb bacısının bədəni əsməyə başladı. Boğazındakı o bərk-bərk sıxdığı düyün hıçqırıqla qopdu. Çünki o, baxmamaq lazım olduğunu unutmuşdu; heç bir müdafiəsi olmadan, sanki o bıçaq onun öz gənc bədənini, öz canını deşib keçmişdi. Həyatı damla-damla axıb gedirdi. Kiminsə səsi yarıuçuq qulaqlarına pıçıldayırdı; elə bir səs idi ki, ölüm donuqluğu canını sarsıtsa da, əgər bacarsaydı, o səsə tabe olardı: “Özünü ələ al, bacı. Hər şey yaxşı olacaq”.

Qoca qarı kimi ləngərli addımlarla, soyuq və taqətsiz ayaqları üstündə pəncərəyə tərəf süründü. Bu zəiflik, bu canındakı ölgünlük ona xoş gəlirdi. Qoy bu soyuqluq bütün vücuduna yayılsın, onu tamamilə silib yox etsin; qız bunu arzulayırdı. Həyat xəyanətdən və dəhşətdən ibarət idi, zəiflik isə hüzur verirdi... asan idi. O qorxunc insanlar və xərəyin üstündə xoruldayan o bədən artıq geridə qalmışdı. Nə ayaqlarının yerə toxunduğunu hiss edirdi, nə də əllərinin isti radiatorda olduğunu; qarşısındakı pəncərə qatı bir dumanla qaralmışdı. Qaranlıq çayda ləpələnən su otu kimi orada yellənə-yellənə müvəqqəti bir dinclik tapmışdı. Lakin gözlərindən süzülən yaşlar dumanı seyrəltməyə başladı və qız anladı ki, bu hüzur, sadəcə, bir ilğımdır. Ayaqlarını yenidən hiss etdi; əlləri isə od tutub yanır, yöndəmsiz görünürdü. Başı sanki yerinə qayıtmışdı, amma indi özünə iynə ucu qədər balaca görünürdü. Nə qədər də bezdirici idi! Bu hal onu ərköyüncəsinə qıcıqlandırırdı.

Pəncərədəki duman çəkilmişdi. Aşağıda, təpənin ətəyində uzanan balaca küçələr, bir az uzaqdakı yamacda isə qatırquyruğu çiçəkləri ilə örtülmüş düzənlik görünürdü. Alçaq kolların arasında sarı çiçəklər alov kimi yanır, gənc və nazik ağcaqayınlar zərif göy üzünə doğru boylanırdı. Hər yan, hətta ağcaqayınların yenicə çırtlamış yarpaqları belə günəşin şəfəqlərindən sapsarı idi. Belə canlandırıcı bir işıqla dolu dünyada yatmaq, yaxud ölmək qeyri-mümkün görünürdü. Gənc tibb bacısı gözlərini qırpa-qırpa donub qaldı. Xatırladı ki, cəmi iki saatdan sonra azad olacaq, bu divarlardan kənara çıxa biləcək; uşaqların, gəzintiyə çıxmış insanların, şəhər sakinlərinin arasına qarışacaqdı. Bunları düşündükcə indicə yaşadıqlarına inanmaq ona çətin gəlirdi. Əgər o düzənlik, o sarı çiçəklər həqiqətdirsə, onda arxasındakı bu insanlar sadəcə bir qarabasmadır; yox, əgər bu əməliyyatxana həqiqətin özüdürsə, o zaman adi dünyaya qayıdan yolu bir də necə tapa bilərdi?

O, hələ bu tapmacanın içində vurnuxarkən, itiləşmiş duyğuları qəfil bir taqqıltı səsi eşitdi. Əlləri yanana qədər radiatorun üstündən bərk-bərk yapışdı. Deməli, sümüyü kəsirlər... Baş tibb bacısının xəbərdarlıq etdiyi o məşum an gəlib çatmışdı. “Ah, kaş mənə ora baxmağı tapşırmasalar, hər şeyə dözərdim; bura bitənə qədər məni bu pəncərənin önündə unutsalar, sonra nə desələr, itaətlə yerinə yetirərdim”.

Xəstəxanaya qalxan yoxuşda əlində zənbil olan kök bir qadın göründü. Gənc qız ehtiraslı bir maraqla bu yeni fiquru izləməyə başladı. Elə bil öz-özünə and içmişdi: əgər o taqqıltı kəsilənə qədər bu qadını gözündən qoymasa, xilas olacaqdı. Kök qadın artıq gözdən itmək üzrə idi; bir an da keçdi və döngə onu sanki heç vaxt olmayıbmış kimi udub apardı.

Şüşə masanın üstünə qoyulan ağır bir alətin səsi otağın sükutunu pozdu.

– Yaxşıdır, – cərrahın səsi eşidildi, – Əla.

Gənc tibb bacısı dərindən nəfəs aldı. Dəhşətli nə varsa, artıq bitmişdi və pəncərədən kənardakı dünyada hələ də ümid var idi.

– Bacı, – deyə baş tibb bacısı onu bu dəfə mülayim bir tonla çağırdı.

Qız rahatlıqla əməliyyat masasına tərəf çevrildi. Bu dəfə nə bir lovğalıq, nə də bayaqkı süni zəfər hissi vardı. Çox təvazökarlıqla yaxınlaşdı və baş tibb bacısının ona uzatdığı qanlı su ilə dolu qabı götürdü. Qabı alarkən əllərinin əsmədiyini hiss etdi; içindəki şükranlıq duyğusu az qala sevincə çevrilirdi. Artıq o, sadəcə, bir müşahidəçi deyil, bu çətinənətin bir parçası idi.

(Yanvar, 2026-cı il)

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0