Üzü tanış gəlir bu ayrılığın - Müşfiq Cəbinin şeirləri

İyn 27, 2026 - 20:30
 0  11
Üzü tanış gəlir bu ayrılığın - Müşfiq Cəbinin şeirləri

Yazıçı Ədəbiyyat Portalı Müşfiq Cəbinin şeirlərini təqdim edir.

XXX

Bir kənd uşağıyam çək mənə göndər,

Uzaqdan uzağa şəhər şəklini..

Mən rəssam olsaydım, bir belə rənglə 

Görən çəkəcəkdim nətər şəklini.?

Sel gəlsə yuyarmı su ayrılığı.?

Tanrım, selsiz -susuz yu ayrılığı,

Üzü tanış gəlir bu ayrılığın..

Durub çəkəcəyəm səhər şəklini..

Bu zəmi həsrətdir bir yaşıl dənə,

Bilmirəm, ögeyəm özgəyəm sənə.

Özün gəl, özünü xatırlat mənə,

Mən seçə bilməsəm əgər şəklini!.

Axan göz yaşımı hələki su san,

Mən oldum önündə min illik susan,

Bir az yaxına gəl, oxuyacaqsan.!

Mənim gözümdəki kədər şəklini...

XXX

Gözlərim yorulub yol gözləməkdən, 

Sənə də baxmağa həvəsim yoxdur. 

Hardasa oturub dincini almaq, 

Doyunca dərməyə nəfəsim yoxdur. 

Bir damla yaş idim göyün gözündə, 

Tanrı silib atdı məni üzündən.

Küsmuşəm dünyanın çoxdan özündən,

Gedib yaşamağa qəfəsim yoxdur. 

Bir yol da qalmadı, çıxasan yoxa,

Özüm qarışıram çəkdiyim aha.

Elə bil yalqızam başdan ayağa.

Elə bil dünyada heç kəsim yoxdur. 

Elə sən gördüyün o köhnə damdır, 

Bircə mən yalqızam hər yan adamdır. 

Baxma ki, aramız bircə addımdır.

Mənim sənə yetən bir səsim yoxdur.

XXX

Ağıram içimdə neçə müddətdi,

Qorxuram, yer üzü çökər altımda.

Yerişim nizamı pozacaq, Yeri-

Tanrı qəzəblənib, çəkər altımdan.

Mən elə ağıram, elə ağıram,

Daşıya bilmirəm heç nəfəsimi.

Təngiyib çökürəm, nədir, elə bil,

Qoyublar belimə yer kürəsini.

Tökülüb düşəcəm yerin altına

Elə bil, bir dünya üzür içimdə.

Baş-başa dayanan bu qayaları

Tanrı sıralayıb, düzüb içimdə.

Məni qaldırmayın göyün üzünə,

Qoymayın baş vurum üzü göylərə.

Sən də öz öhdənə götürmə, Tanrı

Sənə də yük olub, düşəcəm yerə.

XXX

Gəlirsən, bir üzdən səadət gətir,

Salıb ürəyimi qəm aha gəlmə.

Mən qalxan zirvəyə, can atıb belə

Bu ucuz sevginlə çox baha gəlmə..

Sən getdin, səninlə yox oldu kölgən,

Sənsən, ayrılıqdır yoxdur bir özgə,

Gəlsən, qəm gələcək səninlə birgə,

Yıxıb ürəyimi dərd daha, gəlmə.

İndi ha alışam, indi ha yanam,

Odsuz, atəşsiz də onsuz yananam,

Dağılmış bir ruham, sökülmüş canam

Yoxdur o əvvəlki iştaha gəlmə..

Bir üzdə payızam, bir üzdə qışam

Nə fayda adına min nəğmə qoşam,

Qayıdıb görərsən bir quru daşam,

Səni and verirəm Allaha, gəlmə.

XXX

Deyirsən qəm çəkmə, qəmsiz yaşamaq,

Mümkünmü görəsən həyatda bir an.

Göz açıb dünyaya qəm çəkdik ancaq,

Qəmsiz ötüşmədi bizə bu dövran.

Qüssədən uzaqda qəmdən uzaqda,

Kef damaq içində yaşayan gördüm.

Kefdən dəm vuranı bir gün axırda,

Ən böyük kədəri daşıyan gördüm.

Yaddı çoxlarına çəkdiyim bu qəm,

Mən yaza bilmərəm qəm çəkməsəm bil.

Mən öz ləzzətimi qəmdə görmüşəm,

Qəmsiz yaşamaq da, yaşamaq deyil.

Axtarır əlacı gəzir məlhəmi,

Qovrulur ürəyim köz içindədir.

Bəlkədə dünyanın ən böyük qəmi,

Kiçik bir insanının öz içindədir.

Demirəm yaşayaq sevincdən uzaq,

Sevinci kədərə tən tutmuşam tən.

Yalandı sevinclə istəyə çatmaq,

Qəmlənə qəmlənə sevinirəm mən.

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0