“Klassik şeirdən müasir şeirə” - poeziya gecəsi

İyn 27, 2026 - 22:25
 0  6
“Klassik şeirdən müasir şeirə” - poeziya gecəsi

İyunun 27-də “LİBRAFF” kitab mağazalar şəbəkəsinin “Park Akademiya” filialında “Klassik şeirdən müasir şeirə” adlı poeziya gecəsi keçirilib.

YAZİCİ.AZ xəbər verir ki, tədbirdə klassik və müasir Azərbaycan poeziyasının inkişaf mərhələlərinə, ədəbi ənənələrin davamlılığına və yeni poetik axtarışlara dair fikir və müzakirələr səsləndirilib.

Şair İlkin Naibin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, şair və dramaturq İlqar Fəhmi klassik poeziyanın milli ədəbiyyatın formalaşmasında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, klassik ənənələr müasir şeirin inkişafı üçün möhkəm zəmin yaradır və bugünkü ədəbi prosesdə bu irsə istinad etmək vacibdir.

Azərbaycan Yazıçılar Birliyinin Xəzər Bölməsinin sədri, şair Kamal Hüseynzadə çıxışında poeziyada ənənə və yeniliyin vəhdətindən danışıb. O vurğulayıb ki, müasir şairlər klassik irsdən bəhrələnməklə yanaşı, yeni poetik ifadə vasitələri axtarmalıdırlar. Onun sözlərinə görə, ədəbi mühitin inkişafı üçün yaradıcılıq azadlığı və poetik eksperimentlər mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Kənan Hacı isə ədəbiyyatda sözün məsuliyyətindən bəhs edərək, poeziyanın cəmiyyətin mənəvi dəyərlərinin formalaşmasında xüsusi rol oynadığını qeyd edib. O bildirib ki, şeir yalnız estetik ifadə vasitəsi deyil, həm də ictimai düşüncənin formalaşmasında mühüm təsir gücünə malikdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvləri – şairlər Əfsər Abdullayev və Pərviz Qurbanlı, həmçinin Xəzər Bölməsinin üzvləri Rəsul Ümməti və Elnur Əliyev çıxışlarında klassik Azərbaycan poeziyasının zəngin ənənələrindən, müasir şeir istiqamətlərindən və gənc yaradıcıların ədəbi mühitdəki rolundan danışıblar. Onlar qeyd ediblər ki, bu cür tədbirlər ədəbi əlaqələrin möhkəmlənməsinə və yeni yaradıcılıq mühitinin formalaşmasına xidmət edir.

Tədbirin bədii hissəsində muğam ifaçıları - Daşqın Kürçaylı və Leyla Mehdiyeva tamaşaçılara musiqi nömrələri təqdim ediblər.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0