Könüllər sultanı olmağa çalış - Xuraman Muradovanın şeirləri

Mar 29, 2026 - 19:37
 0  5
Könüllər sultanı olmağa çalış - Xuraman Muradovanın şeirləri

Yazıçı Ədəbiyyat Portalı Xuraman Muradovanın şeirlərini təqdim edir.

ÇALIŞ

Kimsənin qəlbinə dəymə, toxunma,
Dəysən də o könlü almağa çalış.
Dostların gözündə mərd ol, uca ol,
Daima ucada qalmağa çalış.

Boş vədlərə uyub boşuna yanma,
Doğrunu doğru de, sözünü danma,
Özünü heç zaman ucada sanma,
Qəlblərdə bir körpü salmağa çalış.

İstisi bir olmur alovun, hisin,
Qəlbində kövrəklik vardır hər kəsin, 
Verıb qiymətini yaxşının, pisin.
Könüllər sultanı olmağa çalış.

İnsanda nəfs var heç zaman doymaz,
Allahı sevənlər şeytana uymaz,
Qəlbi daş olanlar sevgini duymaz,
Arabir xəyala dalmağa çalış.

Hər gözün görənə eyləmə həvəs,
Çalış sadə dolan, sadə danış, gəz,
Bu dünya malına meyl etmə əbəs,
Haqq adlı bir izi qoymağa çalış..

SƏNİ YAŞADACAM

Səni məndən alıb aparan yollar.
Mənə qaytaracaq, bilirdim bunu.
Yenə gələcəksən sən həyatıma..
Yenə olacaqsan ömrümün nuru.

Sənin xəyalınla tutub əl-ələ,
Gedəcəm səninlə bir sevgi yolu.
Səni aparacam dünyama hələ,
Səni yaşadacam bir ömür boyu.

O elə dünya ki, elə dünya ki,
Orda verməyəssən yalan vədləri.
Xəyaləndə olsam orda səninlə,
Vurub keçəcəyəm bütün sədləri.

Qayğılı, qayğısız ömür yaşayıb,
Quracam səninlə gözəl bir aləm.
Bu dünya dərdini unutmaq üçün
Son anda biləcəm mən tək deyiləm.

DARIXMAQ

Darıxmağın rəngi olmur, əzizim,
Darıxmaq şeh düşən gülə bənzəyir.
Yandırar qəlbini gözə görünməz.
Ocağında sönmüş külə bənzəyir.

İnsana ayrılmaz bir yoldaş olar,
Sığınar dərdinlə bir sirdaş olar,
Darıxmaq qəlbində dərin iz salar.
Tufanla sovrulan yelə bənzəyir.

Çox dayaz görsənər,amma dərindi,
Həsrəti ömürlük qəlbdə yerindi,
Üşüyər hər zaman, yeri sərindi,
Darıxmaq bir çaya,gölə bənzəyir.

Yaralar adamı öz can evindən,
Əridər, məhv edər,saça salar dən,
Susarsan,ürəyin dolar kədərdən.
Darıxmaq lal olmuş dilə bənzəyir.

Eyləyər qəlbinilap oyuq-oyuq,
Hərdən qaynar olar,hərdən də soyuq,
Eyləməz özünü heç nəyə layiq
Darıxmaq, səhraya,çölə bənzəyir.

SƏNDƏN ELƏ  KÜSƏRƏM

Mən elə küsərəm səndən, əzizim,
Bir daha üzümü görə bilməzsən.
Mən elə küsərəm səndən əzizim, 
İstəsən də geri dönə bilməzsən.

Sənə olan sevgim sonsuz olsa da, 
Danışa bilməzsən, dinə bilməzsən.
Yanarsan qəlbində sən için- için, 
Dərdini kimsəylə bölə bilməzsən.

Mən elə küsərəm səndən əzizim,
Durnalar ağlayar göyün üzündə.
Gözü yaşlı qalan bu sevdamızın,
Zülmətə çevrilər dünya gözündə.

Son payızda  əsənsoyuq küləklər, 
Aparar sevgimi cox uzaqlara.
Fikrin bir nöqtədə ilişib qalar, 
Gözlərin tikilər uzaq yollara.

Mən elə küsərəm səndən əzizim, 
Bulud tək hönkürər sevda yağışın.
Qalarsan hicranın ümidlərində, 
Dikilər yollara həsrət baxışın.

AĞ SAÇLARIM

İllər pıçıldadı ki, saçlarının ağı çox.
Dedim, hesabsız olan bircə telim belə yox.
Sevda ilə ödənmiş, ağ saçların hesabı,
Eşqlə möhürlənibdir onların hər kitabı.

Güzgü söylədi mənə, saçlarına yağmış qar...
Dedim, onlar ömrümün çiçəkləri, gülüdür.
Səni dərdə salmasın bu ağların çoxluğu,
Hər telim bir xatirə, bir ömrün mənzilidir.

Saçlarımdakı ağlar həsrətimin izidir,
Qaranlıq gecələrin işıqlı gündüzüdür.
Sevgi ilə yazılmış susqun məktubdu onlar,
Ürəyimdə gizlənən bir sevdanın izidir.

Ağ tellər Yaradanın verdiyi hikmət tacı,
Onlar ömrümün yolu, sevda fəlsəfəsidir.
Ağaran hər bir telim həyatın həqiqəti,
Ömrün ağ çiçəkləri, ürəyimin səsidir.

Saçımdakı ağ tellər bir xatirə, bir dua,
Qocalıq yükü deyil, səbrin nişanəsidir.
Səni dərdə salmasın qoy ağaran saçlarım,
Onlar Allahdan gələn ömrün hədiyyəsidir.
Onlar mənlə yürüyən eşqin pərvanəsidir.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0