Məmməd Arazlı günlərim - Gülxanım Fətəliqızı
Yazıçı Ədəbiyyat Portalı Xalq şairi Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının "Ömürdən yarpaqlar" kitabından Məmməd Arazla bağlı xatirələrini təqdim edir.
Ədəbi şəxsiyyətlərimizlə, ədəbi həyatımızla bağlı dəyərli söhbətlərin cəmləşdiyi bu gündəliyin özü də Məmməd Araz ömrünün ayrılmaz bir hissəsidir. Onun dodağından qopan hər kəlmənin itib - batmaması üçün 5 il vaxtımı sərf etmişəm.
Çəkilən adlara, bəzi hadisələrə etiraz edərək Məmmədin dediyi sözlər:
- Belə hadisələri, adamların adlarını yazmazlar. Bu, gələcəyə düşmən qazanmaqdır. Uşaqlara düşmən qazanmazlar. Hüseyn Cavidin qızı Turan xanımdan nümunə götürmək lazımdır. O, heç kimin adını tutmur, yazmır...Pislik zoğdur. Pis adam əqrəbdən də, ilandan da qorxuludur. O, bütün həyatını ev yıxmağa, insanları ləkələməyə həsr edib. Özündən gücsüzlərə qənim, özündən güclülərə isə yazıqdır. Pis elə hamının yanında pisdir, hamı onu tanıyır, yazmaqla tanımırlar ki... “Bir dağa açıq məktub” şeirimdə yazmışam:
Sarmaşıqlar həmişə
Nəhənglərə sarınar.
Su udar, yem udar,
Sonra toxalar,
Xərçəngləşib çoxalar...
Dolaşdığı,
Yarpağı şirəsinə bulaşdığı
Gövdəni unudar....
1990 - cı il
20 iyul - Bir həftədən çoxdur ki, kənddəki evimizdə istirahət edirik. Nəvələrimiz də yanımızdadır. Qubada havalar sərin keçdiyi üçün istirahətimiz pis keçmir. Həyətdə oturmuşduq, heç kimin yolunu da gözləmirdik.
Birdən Tofiq Mahmudun səsi eşidildi:
- Əmi, qonaq istəmirsən?
Məmmədin tutqun sifəti açıldı. Tofiq yoldaşı Rəfiqə, qızı Süsənlə qonaq gəlmiş və gəlişləri ilə bizi xeyli sevindirmişdilər. Tofiq sözarası bildirdi ki, onlar da Qubaya istirahətə gəliblər və Məmmədi yada salmağı özlərinə borc biliblər.
Oturub olub - keçənləri yada salırdıq ki, Quba milis şöbəsinin rəisi Zakir Kərimov və Quba rayon komsomol komitəsinin katibi də gəlib çıxdılar. Söhbət qızışdı və hiss olunmadan siyasətə yönəldi.
Zakir gəlişinin səbəbini açıqladı:
- Məmməd müəllim, gəlmişəm ki, Sizi vertolyotla Bazar düzünə aparım, oradan Şah dağına baxaq.
Nədənsə Məmməd razı olmadı:
- Gülxanımsız getmək istəmirəm, nəvələrimi də vertolyota mindirmək olmaz, qorxarlar.
Qonaqlar xudahafizləşib getdilər.
29 iyul - Havalar qarışıb, yağış yağır. Qubanın “xasiyyətidir”, yağmağa ki başladı, günlərlə hava açılmaz. Özümü nə üçünsə tənha hiss etdim. Amma çevrilib yanımda mışıldayan Toğrula və suallarını yağdıran Tuncaya baxıb təsəlli tapdım.
- Tək deyilsən, Gülxanım, belə körpə aslanların var.
Yığışıb Bakıya qayıtdıq.
23 oktyabr - İşdən yaman kədərli gəldi, səbəbini soruşdum, dinmədi, bir az dincəldi və sonra kədərli olmağının səbəbini söylədi:
- Xəlili zaminə buraxıblar, yanına gedək. Ali Sovetə teleqram vurmuşdum. Yazmışdım ki, Xəlil günahkar deyil, xalqını müdafiə edir, xalqını müdafiə etmək günahdır? Əgər günahkardırsa,.. onun bütün günahlarını öz boynuma götürməyə hazıram. Onun yerinə məni həbs edin.
Xəlilin taleyi üçün yaman narahat idi Məmməd.
- Böyük Tolstoy deyirdi ki, vətən “Yasnaya Polyanadan başlanır”. Bu nəhəng qoca bir kiçik aləmdən başladığı Vətənin ətəklərini bütün dünyanın sərhəd xətlərinə qədər çəkdi. Bizə isə Vətən sözünü dilinizə gətirmə - deyirlər.
1991 - ci il
26 mart - Məmməd Aslan bildirdi ki, Məmməd haqqında yazdığı məqaləni o qədər “yonublar” ki, gülməli bir yazı qalıb, ona görə də məqaləsini “Ədəbiyyat” qəzetindən geri götürüb.
Məmməd bu sözlərə elə bir reaksiya vermədi:
- Canın sağ olsun, yazı, məqalə, söz, şeir atılmış güllə kimi bir şeydir, nə vaxtsa, hədəfinə deyəcək. - Yəni çap olunacaq.
16 iyun - Məşğuliyyətimiz televerilişlərə baxmaq idi. Adil Əfəndiyev haqqında veriliş gedirdi. Məmmədin “Yaxşı adamlar” silsiləsində Adil müəllimin xüsusi yeri var. Məmməd həmişə bu adam haqqında hörmətlə danışardı:
- Adil müəllimlə işləyəndə həmişə mənə İnfiloğlu deyərdi, təqdim etdiyim sənədlərə qol çəkərkən, “qoy məni öldürsünlər bir alagöz qız üstə” deyib imza atardı. Bütün işlərdə mənə azadlıq verərdi. Çox humanist adam idi və Mehdi Hüseynlə də yaxın idilər.
24 iyun - Arada Məmməd Fransadakı mühacirlər haqqında xatirələrini təzələyirdi:
- Təyyarədə pəncərə şüşəsindən buludlara baxırdım, elə bil gözümə bir misra göründü:
“Ürək deyir: Salamat qal, ana torpaq, ana yer!”.
Hər bir turist getdiyi ölkəni daha çox xaricdən görür. Səfər tarixi abidələrədən başlayır, tarixsiz mehmanxanalarda bitir. Təbiət hər yerdə gözəldir, Fransanın təbiəti də çox gözəldir. Təbiət heç nəyini təbliğ etmir, ancaq göstərir. Necə görürsən gör, öz işindir. Fransanın yollarına söz ola bilməz... Yolun yaxşıdırsa, deməli, hər işin yaxşıdır...
Başçımız mühacirlərlə görüşməyə bizə imkan vermirdi. Abbas Zamanov əsəbiləşib rus konsolluğuna zəng vurdu. Rus konsolluğundan mədəniyyət işlərinə baxan şöbə müdiri gəldi və görüşə razılıq verdi, baxmayaraq ki, o, erməni idi.
Ələkbər Topçubaşovla görüşdük, cibində vətən torpağını gəzdirirdi. Böyük bir kitabxanası vardı, ancaq vərəsəsi yox idi. Məndən kitab istədi. “Anamdan yadigar nəğmələr” kitabını verdim. Boş səhifəyə bədahətən bir şeir də yazdım:
Qohum da soyuyur, dost da soyuyur,
Gedən unudulur, gedən unutmur...
Qərib ürəyində bir səs uyuyur,
Vətən unudulmur, Vətən unutmur.
Ələkbər Topçubaşov səhəri yanımıza gəldi:
- Şair, sən mənim yaralı yerimə toxundun. Biz həqiqətən də Vətəni unutmamışıq. - Sonra üzünü Abbas müəllimə tutdu:
- Mənim çox böyük kitabxanam var, onu Vətənə bağışlayıram. Ancaq Moskvadan aparmayın, onu dağıdarlar, - dedi.
Sonralar onun və kitabxanasının aqibəti necə oldu, bilmirəm. Deyirdilər ki, müharibə dövründə Ələkbərin azərbaycanlı əsirlərin xilasında böyük rolu olub, onlardan ötrü gedib Göbbelslə görüşüb.
1992 - ci il
5 noyabr - Çoxdan Neftçalaya getməyə hazırlaşırdıq, lakin imkan düşmürdü. Neftçaladan bildirdilər ki, qoy pambıq planımız dolsun, sonra şairlə görüş keçirərik; hər iki bayramımız bir yerdə olar. Bizi isə Salyanda gözləyirdilər. Getməyi qərara aldıq, çünki Məmməd kimisə gözlətməyi xoşlamazdı. Yola əlavə benzin lazım oldu. Həmin vaxtlar ölkədə benzin qıtlığıydı. Neft ölkəsində benzin tapılmırdı. Əvvəl vermədilər, sonra Məmmədi görüb:
- Məmməd Araza hər şey qurbandır, - dedilər.
Salyanda bizi Xəlil Rzanın qardaşı gözləyirdi. Söhbətlər, sağlıqlar, təriflər...
Axşam İmamverdi Əbilovun qonağı olduq. Heç demə İmamverdi müəllim Məmmədin cavanlıqda oxuduğu şeirləri maqnitofona yazıbmış, üzünü köçürüb, bizə də verdi, ancaq sonralar kaset qarışıq düşüb itdi.
Bizi gəmi ilə Kürün Xəzərlə qovuşduğu yerə apardılar. Dedilər:
- Şair Səməd Vurğunun arzusu olmuşdu ki, Kürün Xəzərlə qovuşduğu yeri görsün, lakin arzusuna çata bilmədi. Indi onun timsalında sizi belə mənzərəli yerə gətirdik ki, özünüzün də, Səməd Vurğunun da hissini yaşaya biləsiniz...
Məmmədin isə ayrı dərdi vardı:
- Hər şeyi gördük, amma Vaqifin şeirlərindəki Tuqay meşələrini görmədik, - sonra əlavə etdi: - Uzanıb gedən bu çaya ana Kür deyirik. Amma anamız Kürə üzü Tiflisdən bəri tökülən böyük şəhərlərin kanalizasiyalarından, zəhərli maddələrdən söhbət açan yoxdur. Yol boyu bu şoranlaşan torpaqlar məni yaman düşündürür... Muğanın hələ nə qədər oxunmamış səhifələri var; muğan romanı, torpaq romanı...Tələm-tələsik kolxozları dağıtdılar, sahibkarlar peyda oldu. Yəqin ki, bir müddət sonra səliqəsiz, pinti münasibət münbit torpaqlarımızı da məhv edəcək. Buna dövlətin ciddi nəzarəti lazımdır. Torpaq romanı əbədi yazılan, yazıldıqca bitməyən, oxunduqca oxunan romandır.
Məmməd çox danışdı...
1993 - cü il
28 sentyabr - Naxçıvan Universiteti Məmmədin 60 illik yubileyini təşkil etmişdi. Saat 11 - də uçmalı təyyarə gecikdi. Bizi sonrakı təyyarə ilə yola saldılar, hava limanında gül - çiçəklə qarşıladılar. Hər şey lentə alınırdı. Qonaq evində yerləşdik. Bizimlə Bakıdan akademik Budaq Budaqov, Söhrab Tahir, Mikayıl Mirzə və Vaqif Yusifli gəlmişdi. Cəfər həkim isə artıq Naxçıvanda idi. Akif Mədətov bizi qonaq evində qalmağa qoymadı, öz evinə apardı. Axşam Məmməd və qonaqlar televiziyada çıxış etdilər.
Məmmədin çıxışından:
- Bu gün çox işıqlı idi. Mənə elə gəldi ki, nə vaxtsa bu işığı Naxçıvandan borc almışdım, indi isə geri gətirmişəm. Mən həmişə Naxçıvana gələndə Araz boyu şütüyən qatar Nehrəm dərəsindən burulub Araz dəryaçasının sahilindən düzənliyə çıxanda qəribə hisslər keçirirdim. Bu işıq dənizini heç yerin mənzərəsi ilə müqyisə edə bilmərəm. Mənə elə gəlirdi ki, bu məqamda burda hər şeydə işıq var: - daşda da, torpaqda da, sularda da.
Babalardan bizə yadigar qalan əyilməzliyi, dönməzliyi, lazım gələndə Vətənin bir parçasına dönməyi alqışlayıram.
Bütün döngə-dönüş, bütün gədik və aşırımlarda hamının bir adam olmağı hünər işdir, hünərsiz qələbə, qələbəsiz hünər yoxdur. Bu hünərə bələdçi olan oğulları alqışlayıram... Əgər gücüm çatsa, bu torpağı çiynimə qaldırıb bütün dünya sərgilərinə çıxardım və bu torpağın rənglərilə dünyanı sarsıdardım...
...Və Məmməd o torpağı çiyninə qaldırdı, şeirləri ilə, dünyanı deyə bilmərəm, milyonlarla ürəyi sarsıtdı.
29 sentyabr - Saat 12-də H.Cavid adına dram teatrında təntənəli görüş oldu. İrandan Cavad Heyət, Türkiyədən İbrahim Bozyel də gəlmişdi. Bozyel iki dəfə sərhəddə gəlib buraxılmadığı üçün geri qayıtdığını söylədi. İranın Naxçıvandakı konsulu da gəlmişdi. Gecədə bir nəfər H. Əliyevə həsr etdiyi poemasını oxudu.
İclasdan sonra qonaq evində banket verildi. Masabəyi Akif Mədətov idi. Məmmədin şeirləri oxunduqca Cavad Heyət ağlayırdı. Deyirdi ki, mən bu vaxta qədər Məmmədi niyə tanımamışam. Ürəyimdə deyinirdim, çünki Məmmədi tanıtmalı olanlar ancaq özləri ilə məşğul olublar. Məmməd isə həmişə sədlərlə üzləşib. Bir də ki, bu şeirləri yazan şeirdən nə qazanıb ki, sən də nə isə qazanasan.
Akifə dedim ki, Təbrizi görmək istəyirəm.
30 sentyabr - Səhər yeməyindən sonra Naxçıvan Universitetinin binasında Məmmədin yaradıcılığına aid sərgiyə baxdıq. “Məmməd Araz - 60” yazılmış bu sərgidə şəkilləri və kitabları qoyulmuşdu. Rektor Qasım müəllim çıxış etdi. O biri zalda isə Məmmədin yaradıcılığına aid elmi konfrans keçirilirdi. Sonra Şahbuza getdik. Yolda Məmməd Üç qardaş dağını göstərərək Toğrula dedi:
- Oğlum, qarşıdakı üç zirvəni görürsənmi? Onlar üç qardaşdır. Ona görə də Üç qardaş dağı adlanır. O zirvələrdən biri mənəm, biri də sən.
- Dədə, bəs Tuncay hansıdır? - narahatlıqla soruşdu Toğrul.
Bu sual Məmmədə yaman ləzzət verdi. Bütün yol boyu güldü. Toğrulu Naxçıvana özümüzlə ona görə aparmışdıq ki, dədə yurdunu görsün, naxçıvanlılar Toğrulu, o da naxçıvanlıları tanısın. Dədə yurdunu unutmasın, naxçıvanlılar da bilsinlər ki, Məmmədin varisləri var. Gələcəkdə onlarla əlaqə saxlaya bilərlər.
Şahbuzun icra başçısı yığıncağı açdı, çıxışlar, təbriklər, şeirlər, ithaflar oxundu. Təriflər və vədlər baş alıb getdi. Şahbuzun “Mədəniyyət evi”nə Məmməd Araz adı “verildi”. Sonralar yolum Naxçıvana düşəndə maraqlandım ki, görək sözə əməl olundumu? Yox, bu, vəd olaraq qalmışdı.
İclasdan sonra çay kənarında “Mustafa meşəsi” deyilən yerdə banket verildi. Çoxlu şəkil çəkilsə də mənə çatmadı.
1 oktyabr - Akifin fəallığı nəticəsində Təbrizə getmək məsələsi reallaşdı. Dəstəmiz böyüdü. Söhrab, Qorxmaz və biz üçümüz. O taydan maşın gəlməli idi. Maşınlar körpünün üstündə görüşdü, çünki Məmməd piyada gedə bilmirdi.
Sərhəddi keçdik. Elə bilirdim ki, Məmməd indicə yerə sərilib torpağı öpəcək, yox, belə bir iş olmadı. Amma əlim qolunda olduğundan bədənindən möhkəm bir gizilti keçdiyini hiss etdim. O tay Culfasının təmiz küçələrini bizim Culfa ilə müqayisə etdim, xalq eyni xalq olsa da, küçələr eyni təmizlikdə deyil. Yol boyu ətrafa baxıram. Eyni torpaq, eyni mənzərə, eyni insanlar. Təbrizə çatdıq, bizi “Dərya” otelində yerləşdirdilər. Elə birinci gündən hiss edirdim ki, ətrafımızda çoxlu “xüsusi adamlar” var və bizi kənardan izləyirlər. Bizi gətirən bələdçi də çıxıb getmişdi. Öz - özümə fikirləşirdim: “- nə olacaq, biz buraları tanımırıq, kimə güvənib belə bir iş tutmuşam. Tanımadığım adamlara, yoxsa əfsanə danışıqlara?..”
Heydər Həsənoğlu bizə telefon nömrəsi vermişdi. Həmin nömrəni yığdıq, bir qadın cavab verdi. Eyvaz Bəxşimənlini soruşduq, özümüzü nişan verdik.
Dedilər ki, evdə yoxdur, ünvanınızı qoyun, gələr, sizi tapar.
Bir az keçəndən sonra bizə iki nəfər yaxınlaşdı. Eyvaz və Kazım idi. Eyvaz bütün işlərimizi Kazıma tapşırdı və bir xeyli də rial verərək getdi.
İndi rahat nəfəs ala bilərdim, artıq bələdçimiz vardı.
2 oktyabr - Kazım öz maşınında gəldi, əvvəlcə, Məmmədin istədiyi kimi bizi Şəhriyarın məqbərəsinə apardı. Dediklərinə görə, çəkiliş də olmalı idi. Lakin heç kim gözə görünmədi. Şəhriyarın evinə də getdik. Orada bir nəfər bizim şəkillərimizi çəkdi, aydın məsələ idi ki, şəkillər yenə bizə çatmadı. Şəhriyarın evi iki gözdən ibarət idi, bir kiçik baxçası vardı. Sağlığında darısqal mənzildə yaşayan şairin məqbərəsi isə, əksinə, çox əzəmətli idi. Millət, o tayda da, bu tayda da, sənətkarlarını diri vaxtında saymadıqlarını ört-basdır etməkdən ötrü öləndən sonra məqbərələrini göylərə ucaltmağa çalışırlar. Həmin məqbərədə bir çox şairlərin də qəbirləri var.
Sonra bizi Təbrizdə nəşr olunan bir dini qəzetin redaktoru qəbul etdi (adı yadımda deyil). Söz verdi ki, bizi Məşhədə göndərəcək, biləndə getmək istəyirik, tez sözündən qaçdı və bu da Məmmədin ürəyindən oldu. Söhrab Tahir həmin gün geri qayıtdı. Mən isə Təbrizdə Ordubadinin “Dumanlı Təbriz” romanında təsvir etdiyi yerlərə baxmaq istəyirdim.
3 oktyabr - Kazımdan xahiş etdim ki, məni Bəzz qalasına apar. Cavabı:
- Bəzz qalasının bir tərəfini söküb namaz qılmağa yer düzəldiblər. Qəsdən tarixi yerləri sökürlər.
- Bəs Qaraçı məhəlləsi necə?
- Qaraçı məhəlləsi də çox uzaqdır.
Beləliklə, arzuladığım yerlərin birini də görmədim.
Məmmədin bu sözləri yadıma düşdü: “Hər bir xalq öz tarixi abidələrindən tanınır. Onun yazılı, tikili abidəsi yoxsa, onun dünənki yaşayış tərzi, ictimai həyatı, fəlsəfi - əxlaqi görüşü bu abidələrlə pillə - pillə qalxıb bizim zamana gəlməyibsə, nədən biləsən ki, bu xalq həqiqətən yaşayıb. Onlar dünəni bu günə gətirib. Bu günü sabaha aparan abidələrsə, bu gün yaranır, doğulur, tikilir. Bu günün bəzi “ictimai dumanı” hələ onların çoxunu gizlədib. Balaca bir küləkdən o duman dağıla bilər.
X11 əsr Naxçıvan memarlıq abidələrinin ənənəsi neçə yaşda olar? Özü - özünün sualına cavab verir. Hər hansı bir sənətin 500 - 800 yaşı olmalıdır. Bəzən adi saxsı qab qədim bir mədəniyyətin, qədim bir şəhərin müəyyən edilməsi üçün yeganə səbəb olur və arxeoloq bundan yapışır.
Deyirsən ki, Təbrizin küçələri tıxanmış mağazalardır.
Bir xalqı məhv etməyin yollarından biri də xalqın başını xırda alverə qarışdırmaqdır.”
Təbrizdən Naxçıvana, oradan da Bakıya qayıtdıq.
6-7 oktyabr - Axşam xəbərlərində Heydər Əliyevin Məmmədin 60 illiyini təbrik edən teleqramı oxundu. Teleqramda Məmmədin Azərbaycan ədəbiyyatındakı xidmətləri qeyd olunmuşdu.
Elçin Əfəndiyev telefonla Məmməddən soruşdu:
- Yazıçılar İttifaqı sənin 60 yaşın olduğu barədə heç bir məktub və ya məlumat verməyib. Nazirlər Soveti qərar çıxarıb ki, yubileyinizi ayın 25 - də dövlət səviyyəsində harada istəyirsinizsə, orada keçirək.
Məmmədin cavabı: - Heç bir yubiley - filan lazım deyil.
16 oktyabr - Nərimanov rayonu maarif işçilərinin iştirakı ilə görüş keçirildi. Balaca bir uşaq “Ayağa dur, Azərbaycan” şeirini elə məharətlə ifa etdi ki, bütün zal ayağa qalxıb uşağı alqışladı. Mikayıl da onu qucaqladı və əlavə etdi ki, Məmmədin yerinə də səni öpürəm.
23 oktyabr - Bakı Dövlət Universiteti də Məmmədin 60 illiyini qeyd edirdi. Axşam saat dörddə Universitetin akt zalı ağzına kimi dolu idi. Arxa tərəfdə və aralarda da tələbələr ayaq üstündə durmuşdular. Hamı intizarla Məmmədi gözləyirdi. Rektor Murtuz Ələsgərov görüşü açıq elan etdi. Həmişəki kimi çıxışlar, tələbələrin şeir oxumaları və s. Qara Namazov isə Məmmədə qoşulmuş bir əfsanə danışdı. Gecədə Nüsrət Kəsəmənli, Nəriman Həsənzadə və Zəlimxan Yaqub da iştirak edirdilər. Zəlimxan çıxışını belə yekunlaşdırdı:
- Məmməd Araz kimi nadir insanlara diri ikən heykəl qoyulmalıdır.
Nəriman və Nüsrət də çıxışlarında bu fikirlə razılaşdılar.
“Günay” şirkəti ilin ən yaxşı şeirinə mükafat təyin etmişdi. Məmmədə də mükafat verilmişdi, Mikayıl Məmmədi ora apardı.
Beləliklə, 93 - cü ili başa vurduq.
1994 - cü il
16 aprel - Söhbət Tofiq Bayramdan düşdü. Məmməd xatırladı:
-Tofiq Bayramın cavanlıqda bir “moskviçi” vardı. Əli Kərim o maşına “səyyar tabut” deyərdi.
- Məmməd, bu saat ona - buna ləkə yaxmaq dəb düşüb, bəzi ağzıgöyçəklər danışırlar ki, güya Tofiq şair deyil.
-Yox, elə deyil, özün bilirsən ki, bizimkilərin adətidir, çalışırlar həmişə məşhur adamlara nə isə bir damğa yapışdırsınlar. Tofiqin şair kimi öz dəsti-xətti var, çox gözəl lirik şairdir. Onun şairliyinə şübhə ola bilməz. Böyük bir axınla ədəbiyyata gələn bir nəslin seçilməsi üçün xeyli vaxt keçməlidir. Bizdən asılı olmayaraq zaman öz işini görür, əvvəl bütün adları eyni soyuqqanlılıqla arxivə tullayır, sonra tozunu silib hər kəsi yerində oturdur.
17 aprel - Yaxşı havalarda hərdən binanın ətrafında gəzişərdik. Həvəsi gələndə Məmməd keçmişə qayıdardı:
- Cavanlıqda işdən sonra və bazar günləri səni qoyub qaçardım. Həmin vaxtlarda dostlar dəniz kənarına çıxar, ədəbi mübahisələr edərdik. Bir dəfə Oruc Qoşqarlı da bizə qoşuldu və itindən söhbət saldı. Dedi ki, itimə həmişə təzə ət yedirdirəm, çimdirirəm, havaya çıxarıram və s.
Bunu eşidən Tofiq birdən əllərini göyə qaldıraraq dedi:
“-Allah, sən məni Oruc Qoşqarlının iti elə.”
Məmməd söhbətinə davam etdi:
- “Səba yeli” şeirində axırdakı bir misranı ürəyim istəyən kimi tapa bilməmişdim. “Açın, Füzulinin nəfəsidir o” misrası Tofiqin misrasıdır. O, mənə kömək elədi.
Tofiqin də “Günəşlə oynayan uşaq” şeirimdəki fikirlərlə səsləşən fikirləri varmış. Tofiq mənə bu barədə sonradan dedi. Mən ədəbiyyatın qanunlarına əməl edən şairəm və şeiri Tofiqə həsr etdim. Mirzə Ələkbər Sabirə yazdığım “Mən də insan oldum” poemamda Sabiri Şamaxı zəlzələsi adlandırmışdım. Bu fikri sonralar Tofiq öz şeirində işlətdi. Həmin deyimin birinci mənə məxsus olduğunu bildirib zarafatla dedim:
- Tofiq, səninlə heç-heçə olduq.
2 noyabr - Bir neçə gün bundan əvvəl Abdulla Qurbani Murovdağa döyüşçülərlə görüşə getmək söhbətini salmışdı, amma inanmırdım ki, Məmməd bu vəziyyətində razılıq versin. Çünki həmişə vəd versə də gedə bilməzdi. Ona görə də bu söhbətə bir o qədər əhəmiyyət verməmişdim. Işdən gələn kimi dedi:
- Hazırlaş, Gəncəyə gedirik.
- Bəs demədin bazar günü gedərik?
- Yox, hava dəyişə bilər, günlər yaxşı keçir.
- Mikayıla da de, o da gəlsin, sən şeir oxuya bilmirsən, lal görüşlər olar.
Mikayılla danışdı, lakin işi olduğu üçün o gələ bilmədi və bizə də getməyi məsləhət görmədi: - Qarışıqlıqdır, atırlar, - dedi.
Lakin Məmmədi yoldan saxlamaq mümkün olmadı. Saat 11-də yola düşdük. Dəstəmiz kiçik idi - Abdulla Qurbani, Əlirza, Məmməd, mən və sürücü Məhərrəm.
Gəncəyə çatanda Nizaminin məqbərəsini ziyarət etmək istədik, ancaq hasara alınmış, qapısı da bağlı idi. Gəncənin icra başçısı ilə görüşdük. Gecəni qonaq evində qaldıq. Bizə məlumat verdilər ki, bura bir vaxtlar Surət Hüseynovun quldurlarının məskəni olub.
3 noyabr - Səhər tezdən Abdulla Qurbaninin tərtib etdiyi planla əvvəl xəstəxanaya, yaralıların yanına getdik. Yaralı əsgərlərin valideynləri həyətə toplaşmışdılar. Məmməd onlara ürək-dirək verirdi:
- Əziz balalar, mənə baxın, vəziyyətimi görürsünüz, amma sizinlə görüşə özümdə güc tapdım. Məndən nümunə götürün. Heç nəyə əyilmək olmaz, nə qədər ki, torpaqlarımız tapdaq altında, körpələrimiz gözü yaşlı, insanlarımız intiqam həsrətindədir, arxada yerimiz yoxdur...
Bilmədim, onlar Məmmədin nitqini başa düşdülər, yoxsa yox, amma maraqla qulaq asırdılar.
Sonra Xanlara getdik. Xanların icra başçısı bizi qarşıladı. Mədəniyyət evində rayon camaatı ilə görüş keçirildi. Aparıcı Abdulla idi. Sonra Göygölə, əsgərlərin görüşünə yollandıq. Parol “Məmməd Araz” idi. Hacıkənddən bir az yuxarı qalxanda qəribə bir mənzərə gördüm. Keşikdə olan uşaqlardan biri köynəksiz oturmuş, o biri yoldaşı isə onu masaj edirdi. Görünür, soyuqlamışdı. Ana qoynundan yenicə aralanmış bu uşaq, dediklərim təbii ki, döyüşçülərimizdir.
Keçmiş MK - nın işçilərinin istirahət etdikləri binada indi əsgərlərlə Məmmədin görüşü keçirilirdi...
Abdulla Qurbani çıxışında söylədi:
- Bu istirahət evinin təşəkkür kitabı əlimə keçdi. Orada bizim “gözəl rəhbər işçilərimizin” Siranuşa çoxlu təşəkkürlərini gördüm...
Bir az kənarda əsgərlər özlərinə yemək hazırlayırdı.
Yenə də şəkillər çəkildi, yenə də Abdulla bizə onlardan birini də vermədi. Görüş başlandı, hərəsi öz şeirini oxudu. Məmməd özü oxuya bilmədiyi üçün başqaları da onun şeirlərindən oxumadı.
Axşam Gəncəyə qonaq evinə qayıtdıq.
Səhər Murovdağa qalxdıq. Yolboyu balacaboy, arıq, cılız əsgərləri gördükcə heyrətlənirdim, yəni cavanlarımız hamısı belədir?!
Abdulla Qurbani fikrimi oxudu:
- Yox, siz düşünən kimi deyil, qamətli oğlanlarımızın əksəriyyəti vəzifəli və pullu şəxslərin cangüdənləridir.
- Vətəni qorumaq, deməli, bu cılız balaların borcudur, eləmi? - soruşdum.
Maşınımız dağa dırmaşdıqca postlarda dayanır, əsgərlərlə görüşür, hal-əhval tutur, onlara can sağlığı arzulayırdıq.
Uca dağlar insanı mərdliyə, qürura, əyilməzliyə çağırır. Uçurumlar, yarğanlar isə, əksinə, vahimə yaradır. İnsan həmişə təbiətlə təmasda olmuş, gözəl mənzərələr onun qəlbini isitmişdir, Təbiət insanın ilk və son yuvasıdır. Ancaq cavanlarımız bu gözəlliklərdən zövq ala bilirmi? Zirvələr bu saat düşmənin əlindədir. Bizimkilərin əlindəki zirvədən boylanıb bizə baxan əsgərlərimizə əl edib ürəyimizdə onlara can sağlığı arzulayırıq. Və Qurbaninin ürək ağrısı ilə təsvir etdiyi Murov faciəsini törədənləri lənətləyirik.
Dedilər ki, indi bizim dayandığımız yerdə neçə gün əvvəl əsgər və zabitlərimizdən bir neçəsi düşmən gülləsinin qurbanı olub. Onlar hər an atəş aça bilər, ona görə də burda çox dayanmaq olmaz. Bu görüşdə Məmmədi “Fəxri döyüşçü” adlandırdılar və bir bulağa da “Məmməd Araz” bulağı adını verdilər. Geri qayıdanda yolun kənarındakı boymadərəni qoparıb mənə verən Abdulla Qurbani:
- Gülxanım bacı, gəlişinizin yadigarı kimi bu gülü sizə bəxşiş edirəm - dedi.
Gəncədə məskunlaşmış Kəlbəcər qaçqınları ilə də görüşdük. Bir hadisə məni yaman tutdu. Cavanlar qaçıb otaqlarından Məmmədin müxtəlif dövrlərdə çap olunmuş kitablarını avtoqraf yazdırmaq üçün gətirmişdilər.
Əhsən - qaçqın köçünün üstündə kitabları da yaddan çıxarmayıblar. Min əhsən.
Onlarla görüşüb geri qayıdırıq.
18 noyabr - Moskvada yaşayan Nəsib Nəbi oğlu Məmmədin görüşünə gəldi. Əsli kəlbəcərli olduğu üçün söhbətlərin çoxu da Kəlbəcərdən oldu.
Füzulu haqqında veriliş gedirdi:
- Axı Füzuli, həm də ərəb və fars dillərində də yazıb. Tərcüməsi ilə orijinalı bir gəlməz, - dedim.
- Düzdür, - təsdiqlədi Məmməd - “Şəbi hicran”ı tərcümə et görək necə edəsən. Mümkün deyil, lap Puşkin də gələ, rus dilində bu tərkibi verə bilməz. Çünki hər şair şeiri öz xalqı və öz dili üçün yazıb, Füzuli də həmçinin. Heç bir tərcüməçi Füzulini olduğu kimi başqa xalqa çatdıra bilməz.
“Bir də dilin zənginliyini qorumaq təkcə şairin, yazıçının vəzifəsi deyil. Onlar, düzdür, daha çox məsuliyyət daşımalıdır. Amma dilin taleyi xalqın taleyi olduğu üçün, onun sərkərdəsi də xalq olmalıdır.
Bunu bir neçə dəfə həm yazmışam, həm də çıxışlarımda işlətmişəm. - İsveçrədə belə bir qanun var. O ölkənin vətəndaşı olmaq istəyirsənsə, hökmən üç il burada yaşayıb bu dili öyrənməlisən. Dildən imtahan verə bilməsən, səni vətəndaşlığa qəbul etmirlər. Belə olmasa, ölkə öz simasını itirər.
Ədəbiyyat əslən sərhəd bilmir. Sərhəd xətti tanımayan poeziyanı tanıyıram. Amma bir iş də var, şair şeiri öz xalqı, öz dili üçün yazır, etiraf etsək də, etməsək də belədir.
Aşıq Alının “Gözlərəm səni” şeirini götürək: “Sürünərəm dizin-dizin; Yolunca gözlərəm səni; Dəryaya qan - yaş tökərəm; Dolunca gözlərəm səni” Eşq həsrətini bundan səmimi, bundan obrazlı, bundan fəryadlı de görüm. Ay dedin ha!
İndi bu misraları başqa dildə orijinal səviyyədə, ona yaxın səviyyədə səsləndir görüm?! Çətin, çox çətin...
Doğru deyiblər, poeziya bir dildə danışır...”
24 dekabr - “Məmməd Araz” mükafatının təqdimatına çağrılmışıq. Getmək istəməsək də məcbur idik. Hava yaman soyuq idi. Radioda Nigar Rəfibəylinin “Ayrılıq” mahnısı oxunurdu. Bu mahnı məni həmişə kövrəldir. “Ayrılıqdan betər dünyada nə var?!” Heç nə, Nigar xanım, indi nə sən varsan, nə də Rəsul. Zamanın qanunu ayırdı sizi. Bir belə gün bizim üçün də var... Çatdıq, göz yaşlarımı silirəm.
Mükafat təyin olunan gündən Məmməd mükafatın ilin ən yaxşı əsərlərinə verilməsinin tərəfdarı idi. Lakin H.Həsənoğlu və İ.Həbibbəyli buna razı olmamışdılar. Bu gün S.Rüstəmxanlı və ayrı bir çıxışçı həmin bu fikri bir daha vurğuladı.
Mükafat Arif Məlikovun Məmmədin “Dağlar” şeirinə bəstələdiyi musiqiyə görə verildi. Yerində olmayan, layiq olmayan adlar da çox idi.
Ağamusa Axundov çıxışında vurğuladı ki, Məmmədin şeirləri əsl fəlsəfə olduğu üçün onu təhlil etmək, haqqında fikir söyləmək çox çətindir. Bəlkə də elə buna görə Məmmədin yaradıcılığına aid məqalələr azdır. Bu fikri İ.Həbibbəyli də təsdiqlədi.
Mətin şeir oxuyanda Mikayılın gözləri sevincdən dolmuşdu.
1995 - ci il
18 yanvar - Hansı məktəbdənsə Füzuliyə həsr olunmuş verilişə baxırdıq:
- Füzuli heç Azərbaycanı görməyib, bu torpaq haqqında təsəvvürü belə olmayıb. Əksinə, Cəlil Məmmədquluzadənin xidməti daha çox olub, onun yubileyini çox sönük keçirdilər - deyindim.
Məmməd mənimlə razılaşmadı:
- Elə deyil, yoldaş müəllimə, özün də ədəbiyyatçısan. Füzuli bütün türk dünyasının dahi söz ustasıdır, müqayisəyə gəlməz dərəcədə böyük sənətkardır. Füzuli şeiri ürəkdə közərən məhəbbətdir. “Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm”... Bu misranın yükü, ağırlığı dünyanın bütün dərdli adamlarının yükünü, ağırlığını çəkər. Sən sözdən toxunmuş sözə bir bax! Bunu yalnız ilahi gücə malik zəka deyə bilərdi...
Hərdən fikirləşirəm, Füzuli haqqında dediklərim zərrənin zərrəsinin milyonda biri olmağa qadirdirmi?
“Nə yanar kimsə mənə atəşi - dildən özgə,
Nə açar kimsə qapım badi - səbadan qeyri”...
Elə bil bu misralarda dağ boyda Füzuli dərdi sıxılıb bir ovuc qurğuşun olub və bu bir ovuc dərd nə vaxtsa, hardasa “dünyanın bir küncünə yığılmış namərdlərin başında partlayacaq”.
Mən də demişəm:
Açın qapıları səba yelinə,
Açın, Füzulinin nəfəsidir o.
Bu, həmin səba yelidir ki, insanları əhatə edən mühitə dünyanın ab - havasını gətirir. Ancaq həmin dünya Füzuli ilə üzləşməkdən qorxur. Qorxur ki, şairin nəfəsindən od alıb yana. Beləliklə, Füzuli təklənir, tənhalaşır, tənhalaşdıqca zirvələşir, ümmanlaşır. Onun böyüklüyü ilə zaman özü görünməz olur. Füzuli ilə bağlı fikirlərimlə razısanmı? Bax, beləcə “Səba yeli” şeirim yarandı. Füzuli Azərbaycanı görməsə də söz sənətini uca mərtəbələrə qaldırmaq baxımından onun xalqımız üçün rolu misilsizdir.
Yazıçılar müxtəlif üsullarla öz xalqına xidmət edir; onlar xalqın içindən çıxdığı üçün haqq - ədalət, doğru söz, işıqlı əməllər tərəfində olub. Bu da təbii olaraq əks cəbhələr yaradıb...- “Döymək”, “lağa qoyub gülmək”, “tövsiyə etmək” və s. yollarla xalqı qəflət yuxusundan oyatmaq istəyənlər vardır ki, Cəlil, Sabir belələrindəndir. Cavid kimi sənətkarlar isə keçmişi canlandırmaq yoluyla bu işi görüb. O cümlədən, Füzuli. Zaman isə amansız hakimdir, bütün vaxtlarda obyektivdir, dəqiqdir.
6 fevral - Axşam saat 9-da prezidentin müşaviri Fatma Abdullazadə, Naxçıvan Ali Məclis sədrinin müavini Sevil xanım, Şahbuz rayon icra başçısı Telman Orucov və Fatma xanımın köməkçisi Məhərrəm Əhmədov Məmmədin görüşünə gəldilər.
Onları Heydər Əliyev göndərmişdi. Məmmədin səhhəti ilə maraqlanırdılar. Məmməd bütün suallara “yaxşıyam” cavabı ilə kifayətlənirdi. Söhbətə mən qarışmalı oldum:
- Fatma xanım, birincisi, yaşadığı mənzilə baxın. Ikincisi, hamı sağlamdır, kitablarını çap etdirir, tərcümə etdirib özlərini xarici ölkələrdə təbliğ edirlər və sair. Məmməd isə bunların birini də edə bilmir və onunla heç bir yerdən maraqlanan da yoxdur. Deyirlər ki, parkinson xəstəliyinin dərmanı Amerikada tapılıb. Qoy onu müalicəyə göndərsinlər.
Fatma xanım bütün bunları prezidentə çatdıracağına söz verib getdi.
19 mart - Mart hadisələri sovuşmuşdu. Axşam Zəlimxan Yaqub və Mikayıl Mirzə Məmmədlə görüşdükdə dedilər:
- Xalqımızın böyük oğlu bizi bu xatadan da qurtardı.
Oturub olmuş hadisələri təhlil etdilər, dərdləşdilər. Sözarası Mikayıl “Günaybank”ın təşkilatçısı Mahmudağanın tutulduğunu söylədi:
- Gülxanım, əhd elə, Mahmudağanı buraxsınlar, o, Məmmədi müalicəyə göndərər.
- Ay Mikayıl, mən Allaha yalvararam, ancaq o, eşidər - eşitməz, bilmirəm.
Cavabıma güldülər.
Mikayıl geyinərkən deyindi:
- Bütün işıqları söndürürsən, Elza da belədir, mən içəri girən kimi hamısını yandırıram.
- Bəs nə, Mikayılın evi işıqlı olmalıdır, - dedim.
Zəlimxan Yaqub da bu iki misranı söylədi:
Yandır işığını Məmməd Arazın,
Yandır işığını, Gülxanım bacı...
22 mart - Zəlimxan Yaqub telefon açdı:
- Əvvəla, Gülxanım bacı, ustada mənim salamımı yetir və sonra o iki misra böyük bir şeir oldu. “Günay” qəzetində çap olunub, alın oxuyun. Yaxşı əks - səda verib.
Səhiyyə nazirliyindən Umnyaşkin zəng edib bildirdi ki, biz İsrailə, Almaniyaya və Amerikaya sorğu göndərmişik. Təkcə Almaniyadan bizə dəvət gəlib, gəlin, maraqlanın.
23 mart - Mikayılla Zəlimxan Məmmədin görüşünə gəlməli idilər. Qapını açdım, gələn Mikayılla Musa Yaqub idi. Sonradan Zəlimxan da gəldi. Əvvəlcə mənə həsr etdiyi şeirini oxudu, səmimi şeir idi. Məmmədin də xoşuna gəlmişdi. Sonra Zəlimxan sazını dilləndirdi. Şifahi xalq ədəbiyyatından başlanan söhbət müasir şeirlə qurtardı.
Məmməd də öz fikrini belə izah etdi:
- Mən bəzən bu xalqa kənardan baxıram. Deyirəm, görən bu xalqın nəyi var, nəyi yox, nəyi yaxşıdır, nəyi pisdir. Məsələn, Aşıq Alının sözlərinə bax:
Dəryaya qan yaş tökərəm,
Dolunca gözlərəm səni...
Sürünərəm dizin - dizin,
Yolunca gözlərəm səni və s.
Belə mənalı fikirləri, sözləri ancaq və ancaq bizim xalq deyə bilər, başqası yox. Dilin təzyiqə qarşı müqavimətini, təsirə qarşı əks - təsirini heç bir şeylə müqayisə etmək olmaz. Min illərin tufanı, isti-soyuğu ondan cüzi qəlpələr qopara bilər, ancaq dilin əsas kökü qalır. Onu saxlayan müqavimət gücünün çoxu poeziyanın payına düşür. Bu dildə nə qədər şeir formaları mövcuddur. Təkcə folkloruna fikir verək, xalq ədəbiyyatı ilə üz-üzə oturaq. Atalar sözləri, məsəllər, zərb-məsəllər, bayatılar, holavarlar, və ya adicə sayaçı nəğmələri... Müqayisəyə sığmaz bir xəzinə. Azərbaycan dili imkanı böyük dillərdəndir.
Böyük dilləri də danmaq fikrində deyiləm. Hər dilin öz gücü, öz çaları var. Əslində, pis dil yoxdur. Hər xalqa öz dili şirindir... Bu xalqın Nizamisi, Füzulisi var, bu da yaxşıdır. Ancaq fikirləşirəm ki, mənim xalqımın arasında cılızları da çoxdur.
Mikayıl Mirzə Məmmədin bu sətirlərini söylədi:
Bu torpaq qədimlər toranlığında,
Nadan sürüsü də kökəldib axı.
Məmməd sözünə davam etdi:
- Təsəvvürə gətirə bilmirəm ki, əsgər ana - bacısını qoyub qaçır. Görəsən, bizləri bu dərəcəyə gətirən nədir?..
Xəyanətkar təbəqədən, ümumi vəziyyətdən gedən söhbət bir xeyli uzandı.
Sonra Musa Yaqub Məmmədi Buynuz kəndinə - əvvəllər gəzdikləri yerləri bir də yad etməyə çağırdı.
Təəssüfləndilər ki, video götürüb çəkiliş etmədilər, bir də belə fürsət ələ düşməzdi.
24 mart - Səhiyyə Nazirliyinə gedib məsələ ilə maraqlandım, iş belə idi: Almaniyada fəaliyyət göstərən bir şirkət var. “Hisaft” adlı şirkət. Həmin şirkət 41 min dollara müalicəni boynuna götürür.
Güldüm:
- Bizim heç 41 dollarımız da yoxdur.
Fatma xanımın köməkçisi Məhərrəmə məsələni çatdırdım. O, sabah məsələni Fatma xanıma söyləyəcəyini dedi.
Televizoru açdım, kimsə çıxış edirdi. Çıxış edən belə bir ifadə işlətdi:
- Mustafa Topçubaşov məndən soruşdu ki, Qəhrəman, insanların beynində “qeyrət nöqtəsi” varmı?
“Qeyrət nöqtəsi” ifadəsi Məmmədin yaman xoşuna gəlmişdi.
3 aprel - Müalicəyə gedəcəyimiz haqqında hələ ki, dəqiq məlumatımız yoxdur. Mikayıl və Zəlimxan xaricdə müalicəyə sərf oluna biləcək məbləğdən danışırdılar. Mən də danışığa qarışaraq fikrimi onlara çatdırdım ki, hamı o məbləğin şişirdilməsindən danışır. Deyirlər ki, sizə yalan deyirlər, o qədər pul çıxmaz.
Oxucularla Məmmədin görüşü 8 apreldən 16 aprelə keçirilmişdi. Mikayıl dedi ki, cənab Heydər Əliyev mütləq görüşdə iştirak etmək istəyir. Amma bu saat vaxtı yoxdur. Mikayıl onu da əlavə etdi ki, prezident məktuba imza atıb, sizə 45 min dollar ayrılıb, deməli, məsələ həll olunub. Sonra Mikayıl Fatma xanımla danışdı:
- Fatma xanım, sizin sevinc payınızı mən aldım. Məmmədi sizdən əvvəl mən sevindirdim. Sizin payınız flarmoniyaya qalsın.
Mətin Mirzə də gəlib onlara qoşuldu, aralarında kiçik bir ssenari hazırlayıb, çəkiliş etdilər ki, yadigar qalsın.
Həmin gün Türkiyədən bir verilişə baxırdıq. Məmməd:
- Yenə keçmiş hadisələr yenidən canlanır. Vaxtilə də türklər bizə kömək edib, qırğından qurtarıb.
4 aprel - Tofiq Mahmudla “Seçilmiş əsərlər”in ikinci cildinə şəkilləri əlavə edib qaydaya saldıq. Rejissor Vaqif yaradıcılıq gecəsinə aid ümumi məlumat verdi.
- Mikayıl və Vaqif gecəyə hazırlıqdan danışdılar... lakin fikirlər toqquşdu, mənə daha çox Mikayılın variantı xoş gəldi.
Hamı gecənin yaxşı alınmasına çalışır, çünki gecədə prezident iştirak edəcək. Qərara alındı ki, çıxışlardansa, şeirə çox yer ayırsınlar, çünki danışıqlar camaatı yorur. Məhərrəm Əhmədov xəbərdarlıq etdi ki, sabah Heydər Əliyev sizi qəbul edəcək.
8 aprel - Axşam saat 6 - da Prezident aparatından ardımızca maşın gəldi. Yuxarı qalxdıq. Dəhlizdə bizi Fatma xanım qarşıladı. Məhərrəm Əhmədovun müşayiəti ilə qəbul otağına girdik. Otaqda çəkiliş üçün hər şey hazır idi. Heydər Əliyev cənabları öz otağından çıxıb Məmmədlə görüşdü və sözə başladı:
- Çoxdan səninlə görüşmək istəyirdim. Məlumat verdilər ki, müalicən xaricdə mümkündür. Sərəncam vermişəm səni xaricə müalicəyə göndərsinlər. Elə cavanlığından bir kənara çəkilib yazı - pozunla məşğul olmusan. Sən xalqımızın milli şüurunun oyanmasında çox böyük xidmətləri olan bir şairsən. Sənin yaradıcılığın tədqiq olunmalıdır. “Dünya sənin, dünya mənim, dünya heç kimin”, - bunu ancaq Məmməd Araz deyə bilər... Mən sovet dövrünə aid olan yazıçıların üstündən xətt çəkmək istəyənlərin qəti əleyhinəyəm...
Söhbət səmimi keçdi.
Prezidenti aprelin 16 - da keçirilən yaradıcılıq gecəsinə dəvət edib ayrıldıq.
Almaniyadan birinci çağırışa çatmadığımıza görə ikinci çağırışı gözləyirdik. İsa Məmmədov (Məmmədin dostu, İqtisad Universitetinin müəllimi) yaradıcılıq gecəsinin hazırlığına nəzarət etdiyini bildirdi:
- Fatma xanım da hər gün gəlir, baş çəkir. Gecənin aparıcısının kim olması üstündə mübahisə gedir.
Məmməd cavab verdi ki, kim olur - olsun, gecəni yaxşı aparsın.
9-16 aprel - Demək olar ki, hər gün gecənin necə hazırlanmasından xəbər tuturduq. İsaya Məmmədin təzə yazdığı “Sənə inanıram” şeirini verib onu Nurəddin Mehdixanlıya çatdırmağı xahiş etdim.
Vaqif və İsa gecədə şeir deyən uşaqları təriflədilər.
Axşam bizə gələn Zəlimxan və Mikayıldan: - Türkiyə səfərlərində Məmmədi də təbliğ etdinizmi, - deyə soruşdum.
- Qoşa qanad kimi! - cavabını verdilər.
Yaradıcılıq gecəsi yaxınlaşdıqca həyəcanımız artır. Görəsən Mehriban xanım Vəzirova gecəni idarə edə biləcəkmi?
Müalicə ilə əlaqədar Nazirlikdən cavab gözləyirik. Hələ ki, şirkətdən bir xəbər yoxdur. Hamı deyir ki, bir kurs müalicə üçün 45 min dollar çoxdur. Fatma xanım da bunu təsdiq edir.
Artıq dəvətnamələr paylanıb. Bizə çox az dəvətnamə göndəriblər, dəvətnamə istəyənlərə nə cavab verəcəyimizi bilmirəm. İsa ilə Mikayıl gileylənirlər ki, gecənin aparıcısı hələ də bilmir ki, nəyi harada deməlidir. Nə isə...
Axşam saat 6-da gecə başlandı. Filarmoniya adamla dolu idi. Məmməd maşından düşən kimi içəri daxil ola bilməyən adamlar onu əhatəyə alıb yalvarırdılar ki, ya bizə dəvətnamə verin, ya da içəri buraxdırın. Qalan 5 - 6 dəvətnaməni çantadan çıxarmağımla əlimdən çalmaları bir oldu. Dəvətnamə çatmayanlar isə Məmmədin qolundan, əlindən, ətəyindən yapışıb içəri keçdilər.
Çox gözəl bir şeir gecəsi alınmışdı. Mikayılın gur səsi, oxunan mahnılar zalı əfsunlamışdı. Gecə lentə alındığı üçün geniş təsvir etmirəm.
Gecə qurtaran kimi H.Əliyev cənabları tədbirdə iştirak edən ziyalılarla görüşdü. Oradaca elan etdi ki, İstiqlal ordenini ilk dəfə olaraq üç nəfərə - Xəlilə, Məmmədə və Bəxtiyara verməyi qərara alıb və zənn edir ki, düzgün qərar verib.
Məmmədi arada keçmiş Kirov adına xəstəxanaya müalicəyə aparıram ki, yeriməyi az da olsa yaxşılaşsın. Bizə otaq ayrılsa da, orada qalmırıq.
İndi bilet və viza dalınca getməliyəm. Türkiyə - Frankfurt istiqamətində yalnız birinci günlər təyyarə uçur. Vizanı almaq isə yalnız 5 - ci günlər mümkündür, bizim isə yalnız bir beşinci günümüz var. Tələsməliyəm, bütün çətinliklər mənim boynumadır..
4 may - Viza üçün böyük növbə olur. Gecədən adımı yazdırmışdılar. Səhər açılmamış səfirliyin qarşısında oldum. Növbədə adam çox idi. Deyəsən, gecə yatmamışdılar. Səhər yeni siyahı tərtib etməyə başladılar. 53 - cü adam oldum. Xəbərdar etdilər ki, səfir cəmi 60 nəfər qəbul edəcəkdir. Dalaşanlara, bir - birini itələyənlərə, səs salanlara fağır - fağır baxıram, fikirləşirəm, mən belə vəziyyətdə içəri girə bilərəmmi? Gecə növbə tutanlarla gündüz növbəyə yazılanlar arasında “ölüm-dirim” mübarizəsi gedirdi. Hələ iki arvad saçlaşdı da. Mən itələnə-itələnə lap arxaya keçirildim. Birdən qızım Şəlalənin adını oxudular, tez irəli keçdim ki, mənəm. Qapının ağzında duranlar əllərimdən tutub məni içəri dartır, o biriləri isə geri itələyirdilər. Ayağımdan ayaqqabı da düşdü. Birtəhər məni içəri keçirtdilər, ayaqqabımı da tapıb verdilər. İndi içəridə oturub qəbulu gözləyirəm. Eyni zamanda çöldəki hay - haraydan qurtardığıma sevinirəm.
İndi də alman səfirliyinin işçisi başladı məni çək - çevirə salmağa. Tərcüməçi qıza dedim ki, bizim vaxtımız çox azdır, müalicəyə gecikirik, ayın 10 - da biz mütləq xəstəxanada olmalıyıq. Vizanı versin gedək.
Alman deyinməyə başladı:
- Şeirlərində rusları alqışlayıb, onları tərənnüm edib, indi də getsin Rusiyada müalicə alsın.
Yenidən qıza müraciət etdim:
- Birincisi, o cənaba bildir ki, əgər şeirlərində keçmiş partiyanı tərifləsəydi, təzyiqlərə məruz qalıb xəstələnməzdi. Haqsız incidilib ki, xəstələnib. Onu da bildir ki, Moskvada dəfələrlə müalicə olunub. İkincisi, kefinə düşüb ki, Almaniyada müalicə olunsun. Bu cənab niyə istəmir ki, onun dövlətinə xeyir verək?!
Alman güldü, pasportumu götürdü, Məmmədin pasportunu yenidən qaytardı ki, imzası yoxdur. Maşını sürətlə evə sürdürdüm, Məmməd pasportunu imzaladıqdan sonra geri qayıtdıq. İndi də ayrı bir səbəb çıxdı, ki, siz Azərbaycan vətəndaşı olduğunuzu təsdiq edən möhürü vurdurmamısınız. Aman allah, bu nə iş idi mən düşdüm? Bu dəfə maşını sürdürdüm möhür vurulan yerə. Nə yaxşı orada işləyən uşaqlar hər işi on dəqiqəyə qurtardılar. Haydı geriyə, Məhərrəm (Məhərrəm sürücümüzdür).
Nəhayət, o cənab sənədləri qəbul etdi, gəlib ikinci gün götürərsiniz söylədi. Evə çox yorğun qayıtdım, zarafata keçdim: - “Halıma yanan gərək məni belə görəndə” - mahnının sözlərini azca dəyişib oxudum.
Məmməd güldü:
- Onsuz da bəhanə axtarıram ki, getməyəm.
5-7 may - O başa, bu başa bilet alınmışdı. Mayın 10 - na təyyarə olmadığına görə bileti 8 - nə almışdıq. İki gün tez gedirdik. Nazirlik şirkəti xəbərdar etmişdi.
Səhər yerimdən qalxa bilmədim, deyəsən, xəstələnmişəm.
- Məmməd, özün - özünə xidmət eləməli olacaqsan, başım ağrıyır, dərman içim, görüm keçirmi?
Axşama qədər yerimdən qalxa bilmədim. Adi çayı da içə bilmirdim, öskürək məni boğurdu. Bütün günü yatdım. Qəribə xəstəlik idi, taqətimi kəsmişdi. Uşaqları xəbərdar etməyə məcbur oldum. Bilet alınmışdı.
Səhərisi vəziyyətim bir az da pisləşib. Ac qarına dərmanları içdiyimə görə mədəm də ağrıdı.
Aqil zarafata başladı:
- Xala, sən allah, bu saat ölmə, bu bir şansdı əlinizə düşüb. Gedin, əmi müalicə olunsun, qayıdıb gələndən sonra ölərsən.
Canımın hayında idim, zarafata halım yox idi. Uşaqların və Məmmədin gözü məndə qalmışdı. Sabaha az qalır, Allah kərimdi.
8 may - Özümü güclə ələ alıb ayaq üstə dayanmağa çalışıram. Elə bil gözə gəlmişəm. Yol üstdə bu nə xəstəlikdi? Yolda birdən əhvalım pisləşər, qorxuram. Dövlət televiziyasından Esmira Çərkəz qızı gəlib çəkiliş etdi. İsa dostu Hacını çağırıb gələcək film üçün çəkdirirdi. Nəvələrim, balalarım, rejissor Vaqif, bir sözlə, hamı yığışmışdı. Hava limanında Cəfər qardaş öz adamları ilə dayanmışdı. Səhiyyə nazirliyinin nümayəndəsi də orada idi. Çox təntənəli şəkildə yola salındıq.
Biletimiz ikinci salona idi, amma bizi birinci salonda yerləşdirdilər. Qəribə bir vəziyyətdə idim, nəfəs ala bilmirdim, özüm halsız, Məmməd isə yeriyə, danışa bilməyən bir adam, qərib ölkə... Kərəmi burda ağlamaq tutur...
Məmməd baxışlarını məndən ayırmırdı. Sinəm xışıldayır, öskürürdüm. Məmməd baxanda isə özümü gümrah göstərməyə çalışırdım.
Hələ hava limanında ikən bizi Frankfurtda yaşayan Məhəmməd adlı bir cənublu qardaşla tanış etmişdilər. O, bizə söz vermişdi ki, heç bir çətinlik çəkməyəcəksiniz, hər cür kömək edəcəyəm. Təyyarədə də bir neçə dəfə yanımıza gələrək əhvalımızı xəbər almışdı. Qəriblikdə ona bir arxa kimi baxmağa başlamışdıq.
Frankfurtun səması buludlu, yağışlı idi. Çıxacağa qədər uzun bir yol getməli idik. Bir xeyli yolu Məmmədi və yükü birtəhər bizim təyyarə bələdçilərimizin köməyi ilə aparmışdıq ki, xəstə üçün əl arabasını çatdırdılar və bizi gözləmədiyimiz üçün danladılar. Əl arabasını sürən türk qızı idi. Məhəmməd yenə də bizə bir neçə dəfə yanaşdı və bizi arxayınlaşdırdı.
Çıxacaqda iri hərflərlə yazılmış plakat gördüm:
Qospadin İbraqimov
Qospaja İbraqimova
Yaxınlaşıb özümüzü təqdim etdim. Məhəmməd bizdən arxayın olduqdan sonra özünün telefon kartını verib getdi, yenidən səhrada tək qalmış adamlara bənzədik.
Təbii ki, səfirliyin işçiləri bir xalq şairi kimi Məmmədi qarşılamalı idi, lakin bu, baş vermədi.
Xeyli keçəndən sonra maşını lap yaxına gətirib bizi mindirdilər. Xəstəxana yerləşən şəhərə 400 - 500 km - dən çox yol getməli idik. Hətta yolda tıxaca da düşdük. Iki saata yaxın yolun açılmasını gözlədik. Bekarçılıqdan sürücüyə suallar verməyə başladım:
- Almansınız?
- Xeyir, rusam, iki ildir gəlmişəm, adım Aleksandrdır.
- Ailəliklə gəlmisiniz?
- Tək gəlmişəm. Burada almanla evlənmişəm, həkiməm. Frankfurtda yaşayıram. Şirkətdə vəzifəm keçmiş SSRİ məkanından gələn xəstələri qarşılayıb Almaniyanın müxtəlif xəstəxanalarına aparmaqdır.
- Yəqin yaxşı maaş alırsınız ki, öz maşınınızla xəstələri aparırsınız.
- Pis qazanmıram.
Yol açıldı, sürücü öz işi ilə məşğul oldu, biz də öz aləmimizdəyik. Yol boyu səliqə, yaşıllıq, meşə, təmizlik...
Gecə yarısı pansiona çatdıq. Aleksandr bizi Nelli İvanovna adlı bir qadına təhvil verib getdi. Noyştatda ilk gecəmizin qalan hissəsini rahat yatdıq.
9 may - Nelli İvanovna səhər tezdən otağımıza keçib bizi salamladı. Əhvalımızla maraqlandı və yemək otağına apardı. Mən pansionda qalmalı oldum. Tərcüməçimiz də gəldi və özünü təqdim etdi:
- Mariya Ştab.
Sonra baş həkimə məlumat vermək üçün xəstəliyin tarixi, Məmmədin aldığı müalicələrlə, hazırki vəziyyəti ilə maraqlandı. Məmmədin danışığını başa düşməyəndə məndən soruşurdu. Sən demə, mən rus dilini ağıllı - başlı “bilirmişəm”.
Pansionda ancaq səhər yeməyi olur. Qalan vaxtı isə biz ayrı yerdə yeməli idik. Günorta toyuq gətirdilər. O qədər istiot səpilmişdi ki, bir toyuqdan ancaq 5-6 tikə yeyə bildik. Axşama isə “pizza” gətirdilər ki, mən ödümə görə yeyə bilmədim. Birini yedik, 2-sini isə pansionun sahibi qospodin Maya bağışladıq.
Məmməd elə təyyarədə hey deyirdi ki, “9 May” Qələbə gününə düşdük, almanlar bizə pis baxacaqlar. Amma elə bir davranış hiss etmədik.
10 may - İki gün pansionda qaldıqdan sonra Məmmədi xəstəxanada yerləşdirmək üçün Mariya əlil arabası ilə gəldi. Məmmədi əlil arabasına mindirib lazım olan əşyaları götürdüm. Yol yoxuş olduğu üçün nəfəsim təngiyir, öskürəyim çoxalırdı. Xəstəliyim hələ də davam edirdi. Mariya dayanır, məni gözləyir, yenidən yoluna davam edirdi. Piyada getdikcə ətrafda olan səliqə də gözümdən qaçmırdı. Bizdəki kimi orta əsrlərə qayıdış həsrətilə ucaldılan həyətyanı hasarlar gözümə dəymirdi. Baxçanın ətrafı ot və gül - çiçək. Heç kimin könlündən baxçaya girmək, ya da gül dərmək keçmir.
Xəstəxana əsəb xəstəliklərinə aiddir. Çox qəribə tikilişi var, onlarda birinci mərtəbə anlayışı yoxdur, ikinci mərtəbə birinci sayılır. Məmmədi 1 - ci, bizim anlayışımızda 2 - ci mərtəbənin 102 - ci palatasında yerləşdirdilər. Qəbul edən bir alban qızı idi. Tək - tək türk sözləri də işlədirdi. Axşam Məmməd darıxsa da pansiona qayıtmağa məcbur idim.
11 may - Pəncərəni açıq qoyub yatmışdım. Çöl qapıları şüşəli, pəncərələri dəmir barmaqsızdır.
Quşların səsinə yuxudan oyandım. Burda saat 7 - dir. Səhər yeməyi üçün mətbəxə keçdim. Saat 8 - də Məmmədin yanına getdim. Kefsiz oturmuşdu, gözaltı baxdım, varağın qırağına yazmışdı:
Axır ki, təkliyə öyrətdim səni,
Onsuz da, nə vaxtsa öyrədəcəkdim.
Sualla dolu baxışıma cavab verdi:
- Gecəni pis yatmışam, səni fikirləşmişəm, tək qalmısan, qorxarsan. Səhərə yaxın yatdım.
- Məmməd, gəlmişik ki, müalicə olunasan. Eybi yox, mən bütün əzablara dözərəm, təki sən sağalasan.
Məmmədlə otaqda cavan bir alman yatırdı. Otaqlar qəribə qurulmuşdu, xəstələr uzananda bir-birini görmürdülər. Alman təəssüflənirdi ki, türk və ya rus dilini bilmir, şairlə maraqlı söhbətlər edərdi. Bütün bunları bizə Mariya tərcümə edirdi və edəcəkdi.
Həkimlər məsləhət üçün bir yerə yığışdılar. Qəbul edilən dərmanların əvəzinə, özlərinin hazırladıqları dərmanları verdilər. Bir neçə gün müşahidə edəcəklərini dedilər.
Məmməd gileyləndi ki, mənə bir ağ həb verirlər, o məni halsızlaşdırır, durmağa taqətim qalmır. Çaşıb qalmışdım, bilmirdim ona nə cavab verim.
Ümumiyyətlə, xəstəxana iflic adamlara aid idi. Niyə Əli İnsanovun bizə buranı məsləhət gördüyünü hələ də başa düşmürəm.
Stepan adlı bir nəfər bizə təhkim olunmuşdu. Stepan həkimlərlə danışdıqdan sonra həftədə iki dəfə Məmmədə baş çəkəcəyini söylədi.
12 may - Səhər yavaş - yavaş üzüyuxarı xəstəxanaya tərəf addımlayıram. Yəqin Mariya da gəlmiş olar, fikirləşirəm. Otaqdakıları onların dili ilə salamlayıram: Quten.
Məmmədə idmanla müalicə yazıblar. Həkim deyir ki, xəstələrin çoxunu belə müalicə edirik. Baxıram, rəngi qaçıb, çox zəifləyib. Yenə də şikayətləndi ki, sən yanımda qalmırsan, Stepan sənə də yanımda çarpayı tələb etsin.
Stepana dedim, o da söylədi ki, baş həkimə deyərəm, ancaq çətin ki, onlar qanunlarını pozsunlar.
Bütün xəstələr özləri ilə çoxlu paltar götürüblər. Xəstəxana paltar vermirdi, mən də öz qanunumuzla hərəkət edib çox paltar və pijama götürməmişdim. Mariya ərinə deyəcək, o, məni özlərinin yaşadığı Şvaynfurta aparacaq. Mariya hər gün Şvaynfurtdan Noyştata gəlir. Yaxşı maşın sürür.
Hayıf, alman doğulmadım, mən də belə maşın sürərdim, ürəyimdən keçirirəm.
Dolları verdim ki, markaya dəyişsin, çünki burada heç bir yerdə dollar işləmir. Mariya saat 3-də getdi. Qaldıq dillərini bilmədiyimiz almanlarla.
Axşam pansiona qayıdıram, Məmməd pəncərədən boylanıb nəzərləri ilə məni yola salır. Bir-birimizə əl edirik.
Tez çatmamaq üçün yavaş addımlayıram, təmiz hava öskürəyimi azaldır. Çatan kimi telefon səslənir:
- Çatdınmı?
- Hə, əzizim, şirin yuxular, narahat olma, uzan, rahatlan.
- Səhər tez gəl, darıxıram.
- Yaxşı, darıxma.
Televizoru açıb 32 kanalı bir - bir çevirirəm. Başa düşməsəm də, hindulara və heyvanlar aləminə aid verilişlərə baxıram.
13 may - Səhər yenə quşların cəh - cəhinə qulaq asa - asa, yemişan çiçəklərinin ətrini ciyərlərimə çəkə - çəkə hospitala yollanıram. Ta yolda dayanıb çox öskürmürəm. Bir az gecikdiyimə görə Məmməd nigarandır. Mariya yoldaşı Volodyanı da gətirib. Mariya dedi:
- Hazırlaş, Volodya səni gözləyir.
- Çox gecikmə - dedi Məmməd.
Mariyanın yoldaşı çox mehriban bir adam idi. Şvaynfurta çatanda Volodya amerikanların yaşadığı ərazini göstərdi.
Soruşdum:
- Amerkanlar qoşunlarını hələ də çıxarmayıblar?
- Yox, əksinə, çoxaldıblar.
- Yerlilər sizinlə necə dolanırlar?
- Yerli almanlarla Rusiyadan qayıdan almanlar arasında bir neçə dəfə toqquşma olub, möhkəm savaşıblar. İndi - indi uyğunlaşırlar.
Şvaynfurtun küçələrində rus və türk dilindən başqa dil eşitmədim. Qazaxıstandan gələn almanları ən çox bu şəhərdə yerləşdiriblər.
Lazımi şeyləri alıb geri qayıtdım.
Məmmədin titrəyişi çoxaldığı üçün Mariya onu idmana apara bilməmişdi. Qanımız yaman qaralmışdı. Həkimlər isə müşahidələrini davam etdirirdi.
14 may - Bazar günü olduğu üçün Mariya gəlməyəcək. Dilbilməzlər arasında lal kimi qalmışıq. Qoy onda palataların və hospitalın quruluşunu təsvir edim:
102 saylı palatanın girəcəyində hər iki tərəf üçün ayrılıqda hamam və tualet var. Sonra salon, salonun sağ tərəfində iki nəfərlik, sol tərəfində iki nəfərlik palatadır. Palatalarda hər xəstə üçün böyük dolab var. Xəstələrə qiymətli əşya və pul üçün xüsusi seyf verirlər. Salonda televizor qoyulub, divanda oturub baxa bilərsən. Məmmədlə bir palatada qalan cavanı işarə ilə başa salıram ki, mənə Türkiyəni tutmağı öyrətsin. Türk dilini bilən Alban qızı da yoxa çıxıb.
Bunların yeməyini yeyə bilmirəm. Bir həftə keçsə də, yanımıza heç kim gəlməyib. Bərk darıxırıq. Nəvələr üçün burnumuzun ucu göynəyir.
Axşam yenə də pəncərədən boylanan Məmmədin intizar və narahatlıqla dolu baxışları məni yola salır.
- Narahat olma, əzizim.
15-16 may - Həmişəki kimi yenə quşların nəğməsi, qospoja Mayın səhər çayı, həmin yol, təmiz hava, yemişan ağacının ağ çiçəkləri... Mariya tezdən gəlib. O, Qazaxıstanda alman dili müəllimi işləyib. Almaniyada isə müəllim işləmək üçün təzədən imtahan verməlidir. Bir oğlu, bir qızı var, deyir, evdə rus dilində danışırıq. Yavaş-yavaş Məmmədin danışığını başa düşür. Hələlik həkimlərin dəqiq bir müalicəsi yoxdur. “Qud”, “qud” edib gedirlər.
Noyştatın qəribə havası var. Bizim Quba kimi, bir gündə bir neçə dəfə yağış yağır, sonra gün çıxır. Bütün günü pəncərə qarşısında oturub kilsə zənglərinə qulaq asır, kollarda yuva qurmağa yer axtaran bülbüllərə baxıram. Axşam isə Məmməd pəncərədən, mən həyətdən əl edib ayrılırıq.
Çatan kimi Məmmədin zəngi, mənim isə narahat olma, çatdım deməyim.
- “Morqen” - deyə otaqdakıları salamlayıram.
O biri palatada boyu 2 metrə çatan bir cavandı, ayrı adı var, ancaq mən onu Hans çağırıram. Mariya gülür, oğlan da gülür, ancaq Hans çağırmağıma etiraz eləmir. Məmməd əlil arabasında gəzməyində davam edir.
Bu gün həkimlər parkinson xəstələrini bir yerə yığmışdı; 2 qadın, 4 kişi. Aralarında ən ağırı Məmməddir.
Stepan şefi çağırıb Məmmədin müalicəsi ilə maraqlandı.
Şefin sözləri:
- Xəstə gərək özünü ələ alsın, inam yaratsın. Sən adi adamlardan deyilsən, sən Her İbrahimovsan. Buranın gözəl mənzərəsi var, özünü ələ ala bilsən, yaradıcılıqla da məşğul ola bilərsən və olmalısan da. Sənin beynində xəstəliklə bağlı heç bir dəyişiklik yoxdur. Bir az yaxşılaş, mən səni ailəmlə də tanış edəcəyəm. O ki qaldı Stepanın xahişinə, bizdə bütün çarpayılar hesabdadır. Növbəyə duranlar çoxdur. Əvvəlcədən xəbər verilsəydi, bəlkə mümkün olardı. Mən istəsəm belə, mümkün deyil. Müalicə üçün günləri heç olmasa iki həftə artırmaq lazımdır.
Xına rəngində bir dərmanın verildiyini, ancaq onu içmədiyini söylədi Məmməd, çünki dərman onu lap taqətdən salır.
Məmmədin nigaran baxışları gecə də məni narahat edir.
17-19 may - Pansionda ilk günlər Kalininqraddan gələn bir həkim və bir rus qadın vardı. Ürəyinə görə ərini əməliyyata gətirmişdi. Onu hospitalın yanındakı sanatoriyada yerləşdirmişdilər. Heç olmasa onunla söhbətləşirdim.
Vaxtaşırı almanların bayramları olur. Mariya da bu bayramların səbəbini bilmir. Maraqlı bir tibb qardaşı var. Mariya deyir ki, o, alman deyil, ləhcə ilə danışır. Tez - tez Məmmədin yanına gəlir, müxtəlif kitablar gətirir, hətta 47 - 48 - ci illərdə çap olunmuş rus - alman lüğətini də gətirib Məmmədə verdi. Çay gətirir, axşam yeməyinə aparır, bir sözlə, yaxşı xidmət edir. Bizə hamı rus deyir, biz başa salırıq ki, azərbaycanlıyıq, faydası yoxdur.
Məmmədi çimdirdim, özüm isə möhkəm islandım, corablarımı güclə quruduram. Yeməklərini yeyə bilmədiyimə görə, demək olar ki, acam. Amma yaxşı salatları olur.
Hələ ki, oralarda yaşayan azərbaycanlıların ləpirini görmürük. Və səfirimiz də bizimlə əlaqə saxlamayıb.
Qaldığım otağın pəncərəsindən bu balaca qəsəbənin yamyaşıl, təmiz küçələrinə, güllü balkonlarına baxıram. Hava çox təmizdir. Qəsəbə ikimərtəbəli binalardan ibarətdir. Binaların üstü qırmızı kirəmitlə örtülüdür. Yuxudan quşların səsinə oyanıram. O qədər bülbül var ki, elə bil bütün dünyanın qaraquşları da buraya toplaşıb.
Hospitala gedirəm:
- Morqen - salamlayıram.
- Hə, əzizim, necəsən?
- Yaxşı deyiləm.
- Fikir eləmə, yaxşılaşacaqsan, hələ təzə müalicəyə başlayıblar - onu dilə tuturam.
20 may - Narın yağış yağır. Belə havada gəzməyi xoşlayıram. Amma yad bir ölkədə, qəriblikdə, xəstəmlə üzbəüzəm... Beləcə, ürəyimlə danışa-danışa hospitala çatıram. Məmmədlə qalan oğlanın ayağı burxulub, o da əl arabasında gəzir. O biri palatanın sahibi olan kişi bütün günü divanda oturub mürgü vurur, amma mən kanalı Türkiyəyə keçirən kimi xəbər tutur, durur, təzədən alman kanalına keçirib mürgü döyməyini davam etdirir, bir-birimizlə “yola getmirik”.
Şənbədir - Mariya gəlməyib.
Almanların giriş adlandırdıqları mərtəbənin yuxarı küncündə İsanın çarmıxa çəkilmiş heykəli, yanında da müqəddəs Mariyanın ikonası var. Hər həftənin (hansı günü yadımda deyil) bir günü xəstələr keşişlə birlikdə dua oxuyurlar.
Şənbə, bazar günləri xəstələrin yanına çoxlu adamlar gəlir. Biz isə “yetimliyimizi” hiss edirik. Almaniyada yaşayan azərbaycanlılara ümidim çox idi, amma vəziyyət düşündüyüm kimi olmadı.
Məmmədi yavaş-yavaş gəzdirirəm, ayaqları açılmağa başlayıb.
21-23 may - Qəriblik...Bazar günü olduğuna görə tək qalmışıq. Gündə iki dəfə dəhlizdə Məmmədi gəzdirirəm. Döşənmiş fərş damalıdır. Məmmədə deyirəm, bax, hər ayağını damalara qoyaraq addımla. Çalışır, amma çox vaxt alınmır.
Əzimi adlı bir türklə tanış olmuşuq. O da müalicə olunur. Deyir ki, əlim zəif işləyir. Yaşayışı ilə maraqlandıq:
- Eşimlə əl - ələ verib dolanırıq. Vətəndə evim var, ora ilə əlaqəni kəsməmişik. Övladlarım burada oxuyur, özümüz də işləyirik.
Əzimi bizi görəndə ilk sözü bu olur:
-İyimisiz?
Səhər xəstələrə baxan ayrı bir həkim idi. Bir xeyli müayinədən sonra dərmanların qəbul qaydasını dəyişdi. Mariya bizə söylədi ki, “ergoterapiya” müalicə üsulunu yazıblar, görək bu nə deməkdir, səhər baxarıq.
Bakıdan Cəfər qardaşın səsini eşitdik:
- Bacı, necəsiniz? Mirzə Xəzər sizinlə əlaqə saxladımı?
- Yox, qardaş, heç bir Xəzərin ləpirini görməmişik.
Frankfurta, Məhəmmədə zəng etdik:
- Məhəmməd, xəstəxanada vaxtımız iyunun 6 - da qurtarır, biletimiz isə 12 iyunadır. Orada - sizin yanınızda qala bilərikmi?
- Məmmədə bizim canımız qurban, lap bir il də qala bilərsiniz. Təki bəndələr şairimizə xidmət etsin.
Məhəmməddən arxayın olduq.
- Səhər yenə də Məmmədi kefsiz gördüm. Masaya boylandım. Bir misra vardı:
İlahi, bu xalqın mən boyda şairi yetim...
Misra məni tutmuşdu. Almaniyada yaşayan azərbaycanlılar bilirlər ki, Məmməd burada müalicədədir...
Hətta səfirimizdən belə bir soraq yox idi...
Nəhayət ki, səfirimiz Hüseynağa Sadıqov gələcəyini bildirdi. Həkimlər daha da fəallaşdılar. Məmmədi çimdirdim.
Mariya tez - tez Qazaxıstanı yada salır. Axşam yenə də güclü yağış yağmağa başladı. Qaça - qaça pansiona çatdım, islanmışdım.
İlahi, deyirəm, sən mənim əziyyətimi heç eləmə, hər şey əlindədir.
24 may - Səfirimiz Hüseynağa Sadıqov köməkçisi ilə gəldi. Əvvəlcə baş həkimlə görüşdü, sonra Məmmədin yanına keçdi. Baş həkim də gəldi.
Azərbaycanca danışırdıq. Şef Zamland Mariyadan soruşdu:
- Bunlar hansı dildə danışırlar? Nə gözəl dildir, elə bil musiqi səslənir, hayıf, mən onların dilini bilmirəm, başa düşmürəm...
Səfir dilləndi:
- Bizim dilimiz əsil poeziya dilidir.
Məmməd əlavə etdi:
- Mən Heynedən tərcümələr etmişəm.
Sonra Zamland söhbəti yekunlaşdırdı:
- Hələ ki, her İbrahimovun xəstəliyinin dərmanı tapılmayıb, biz çalışırıq ki, inkişafın qarşısını alaq, yüngülləşdirək. 4 həftə müalicə üçün azdır, vaxtı uzatmaq, 7 həftə etmək lazımdır.
Məmməd müalicə günlərinin artırılmasına razılıq vermədi:
- Ölkənin bu qədər qaçqını olan bir vaxtda dövlətdən təzədən dollar istəyə bilmərəm, fikrim qətidir.
Səfirə gileyləndim:
- Hüseynağa müəllim, mən mətbuatda oxumuşam ki, erməni şairəsi Silva xaricə gedəndə xaricdə yaşayan ermənilər onun oturduğu maşını çiyinlərində aparıblar. Ancaq Məmməd kimi bir şairin görüşünə gələn azərbaycanlı görmədik.
- Vallah, mən neçə kultur cəmiyyətinə xəbər vermişəm. Siz deyirsiniz ki, heç birini görməmisiniz. Bəli, görə də bilməzsiniz. Bunlar bir - birilə didişən tayfalardır. Erməni diasporuna çatmaq üçün bizimkilərə bir əsr lazımdır.
- Bəlkə birliyimizə aid təbliğatımız azdır?
- O da yoxdur - dedi səfir.
Məmməd sözə qarışdı:
- Bizimkilərə pul göstərdin, hər şey yaddan çıxır.
25-26 may - Səhər yenə hospitala tələsdim. Mariya Məmmədə bir bloknot gətirmişdi.
Axır ki, təkliyə öyrətdim səni,
Onsuz da nə vaxtsa öyrədəcəkdim -
misralarını ora köçürmüş, Mikayıla aid bir misra da yazmışdı:
Uzaq Alman torpağından Mikayıl Mirzəyə məktub.
Sevindim, bəlkə işləməyə başlayacaq...
Evdən Şəlalə zəng etmişdi. Dedim ki, səfirimiz gəlmişdi.
Məmmədi artıq hospitalın həyətində gəzdirirəm.
Hava və ətrafdan ləzzət almaq üçün aram - aram addımlasam da, hospitala tez çatdım. Məmməd səhər yeməyindən gəlməmişdi. Polina otağı təmizləyirdi. O da Qazaxıstan almanlarından idi. Mariya gecikmişdi. Məmmədi gətirdim. İndi dərmanları hissə - hissə, iki saatdan bir verirlər ki, titrəməsi azalsın. Axşam üçümüz yenə həyətdə gəzdik. Otaqda Məmmədə alma yedizdirirdim, şef gəlib xeyli danışdı, gördü ki, başa düşmürəm, almanı göstərib “apfel” dedi və çıxıb getdi.
27-29 may - Artıq üçüncü həftə bitmək üzrədir. Məmmədi gəzdirəndə almanlar yaman maraqla baxırlar.
Qəribə tikintidir, birinci mərtəbə adlandırdığımız salonda şaxəli bir ağac var. Şef dedi ki, həmin ağacı kəsməmək üçün tikintinin planını yenidən işlədik. Yaşıllıq içində yaşıllıq. Aşağı mərtəbələrdə damların üstündə gül əkiblər. Xəstələr qışda da yaşıllıq içində olsun deyə, 6 - cı mərtəbədə üstü örtülü bağ düzəldiblər. Adam paxıllıq edir, - gör necə xəstənin qeydinə qalırlar...
Təkcə xəstəninmi? Həm də ağacların! Bizim düşmən münasibəti göstərdiyimiz ağacların! Gülürəm, buranı versinlər bizə, qoymarıq bir həftədən sonra burda bir ağac qala.
Səhər açılanda qatı duman idi. Amma saat 8 - dən sonra duman çəkildi, gün çıxdı. Pəncərədən gözəl mənzərə açılır. Yenə də yeməkxananın qapısı ağzında oturub Məmmədin çıxmasını gözləyirəm. Peşəm axşama qədər quşların nəğməsinə qulaq asmaqdır. Bu nəğmələr məni tək buraxmır. Nə olaydı, Allah, kaş insanlara da belə nəğmə oxudaydın Dillərini bilsəydim quşlardan nə oxuduqlarını öyrənər, quş dili mütəxəssisi olardım. Nəsimi necə deyir:
“Bu quş dilidir, təkcə Süleyman bilir ancaq!” Süleyman peyğəmbərə həsəd aparıram.
Yeməklərini yeyə bilmədiyim üçün pendir-çörək, bulka və kolbasa ilə dolanıram. Ərləri hospitalda olan iki alman qadını da mən olan pansionda qalırlar. Ərləri iflicdir. Kişilər Məmmədi görən kimi əl edib öz hörmətlərini bildirirlər. Hərdən Polinanı söhbətə tutub saxlayıram. Amma tez qaçır ki, oy, məni danlayacaqlar.
Yerimdən qalxmaq istəmirdim, nə isə özümdə deyildim. Məmmədi tutan xəstəliyə lənət oxudum. Hospitalda da Məmmədin narazı sifətini gördüm. İndi dərmanların dozasını çoxaltmışdılar. Hələ ki, müşahidə ilə məşğuldurlar. Mariya ilə dərdləşirəm. Sabah yenə bəzi lazımı şeyləri almaq üçün Mariyanın qardaşı arvadı ilə Şvaynfurta gedəcəyəm.
Axşam Zamland Məmmədə baxmağa gəldi, öz dilində danışdı. Məmmədin əllərini tutdu, kürəyinə vurdu, zarafatlaşdı. Gül buketini göstərib “blümen” dedi, getdi.
30 may - Hava yenə də Quba havası idi, dumanlı və yağışlı. Bufetə keçdim. Telefon çaldı, çatmadım. İkinci dəfə çaldı, telefonu götürdüm:
- Gülxanım, yağış kəsənə kimi gəlmə, Mariya burdadır.
Pəncərəni açıb yağışa baxıram. Elə bilirəm ürəyimə yağır. Deyəsən, kəsənə oxşamır. Darıxdım, bilirəm, gəlmə desə də ürəkdən demir. Qaçmalı idim ki, islanmayım, amma çatana möhkəm islanmışdım. Çətir gəzdirməyi xoşlamazdım, indi isə onun cəzasını çəkirəm. Məmməd də yaman əsəbi görünürdü. Mariyanın qızı və qardaşı arvadı da gəldilər.
Mariya məni arxayınlaşdırdı ki, bir az çıx gəz, bizim yaşayışımızla tanış ol, bacım səni gözləyəcək. Nə vaxtdır isti xörək yemirsən, heç yadımdan çıxmırsan, bunların xörəklərini biz də yeyə bilmirik.
Bu gün hospitaldan müvəqqəti “qaçan” günümdür. Gəlinin adı Tamaradır. Tamara Şvaynfurta qədər gileyləndi:
- Mən təmiz rusam, Qazaxıstanda işlərimiz pis getmirdi, aşpaz işləyirdim. Yaxşı dolanırdıq, mən də bunlara qoşulub gəlmişəm, iş tapılmır, uşağım yoxdur ki, başımı onunla qarışdırım. Düzdür, işsiz kimi mənə 2500 marak təminat verirlər, ancaq işləmək istəyirəm.
Mariya və bacısı üçmərtəbəli binanın eyni blokunda, eyni mərtəbəsində yaşayırlar. Bacısı əla borş bişirmişdi, iştahla yedim. Qeyd etmişdim ki, hospitalda mən onların xörəyini yeyə bilmirəm. Xörək gətirən qadın yeməyi qarşıma qoyanda “şvayn”, yəni donuz əti deyib gedirdi. Gəl indi bundan sonra həmin xörəyi ye.
Yeməkdən əziyyəti çəkən tək mən deyildim. Mən onlarda olanda Mariyanın bacısı oğlu da düşərgədən zəng etdi:
- Ana, mən bunların yeməklərini yeyə bilmirəm, iki gündür acam, mənə tezliklə yemək çatdırın.
Mariyanın bacısı gülə - gülə dedi:
- Gülya xanım, sən tək deyilsən, gördün, oğlum da bunların xörəklərini bəyənmir.
Yaxşıca gəzib geri qayıtdım. Məmməd nigaran qalmışdı. Onlar getdilər, Məmmədlə baş - başa qaldım.
31 may - Səhər yenə də Məmmədi kefsiz gördüm.
- Əzizim, səninlə birlikdə mən də əzab çəkirəm, eybi yox, təki sağal, hər şey yaddan çıxacaq.
Həkimlər yenə də dərmanları bölüb iki saat ərzində verməyi davam etdirirlər.
Mariyaya apardığım video lentləri vermişəm. Mariya təəssüfləndi:
- Kinoya baxıb dili bilmədiyimizə çox təəssüfləndik. Uşaqların yaman xoşuna gəlib. Gələn qonaqlara da göstərirlər ki, Azərbaycandan şair gəlib, anamız onun tərcüməçisidir.
Stepan vaxtlı - vaxtında bizə baş çəkirdi. Hospitalda vaxtımız iyunun 8 - də qurtarmalı idi. Stepan dedi ki, siz iki gün tez gəldiyiniz üçün 6 - da vaxtınız qurtarır. Pulunuz ancaq bu çərçivədə hesablanıb. Bəlkə sizi 5 - də yola salım, gedəsiniz.
- Fikirləşərik - cavabını verdik.
Stepan davam etdi:
- Şefimiz istirahətə gedir. Mən onu əvəz edəcəyəm. Sabahdan sizi ayrı bir yoldaşımız yoxlayacaq, nə işiniz olarsa, ona deyərsiniz. Getmək haqqında fikrinizi də ona bildirin.
Mariya yaman pərt olmuşdu ki, biz gedəcəyik. Gülməyim gəlirdi. Bizə bilet alanda Şəlaləyə acıqlanmışdım ki, niyə 12 - sinə alıb, bəlkə orada yaşayan azərbaycanlılar bizi bir neçə günlüyə saxlayıb Almaniyanı gəzdirərlər. Uşaqların cavabı bu olmuşdu:
- Təki sizi yaxşı qarşılayıb saxlasınlar, bileti üç ay müddətinə dəyişmək mümkündür.
- Azərbaycanlılar... amma çətin ki, belə bir şairin qədrini bilib ona xidmət etsinlər.
Bu söhbətlər Bakıda olmuşdu. İndi Noyştatda belə bir həqiqətlə üzbəüz idik. Fikirli oturmuşduq, Məmmədə həmişə hörmət edən tibb qardaşı əlindəki xaçı mənə uzatdı. Əvvəl onun nə olduğunu bilmədim, sonra başa düşdüm xaçdır və bu kişi bizim hansı dinə mənsub olduğumuzu bilmək istəyir. Mən xaça əl vurmadım, Məhəmməd - dedim, kişi üzr istəyib getdi və əvvəlki kimi qulluq da göstərmədi.
1 iyun - O biri qeydlərimdə yazmışdım ki, azərbaycanlı adında bəni insan görmədik. Hərdən türk Əzimlə danışırdıq. O da məlumat verdi ki, “yarın evimə gedirəm”.
Polinanın söhbətlərindən:
- Almanlarda bizdəki kimi qonaq getmək yoxdur. Qohum da desə ki, sizə gəlmək istəyirik, ev sahibi ya çaya, ya da yeməyə saatın vaxtını söyləməklə razılıq verməlidir. Deyilən vaxtdan təsadüfən tez və ya gec getsə evə dəvət olunmaz. Biz alışmışıq bir - birimizə qonaq gedək. Burdakılar bizə, biz də onlara vəhşi kimi baxırıq. Əgər pulun qurtarıbsa, sənə borc verməzlər. Belə bir məfhum onlarda yoxdur. Çarəmiz özümüzə qalır, Qazaxıstandan gələnlər bir - birimizi möhkəm tuturuq.
Palatada olan kişilər Polinaya “Gözəl” deyə müraciət edirdilər.
Mariya da deyir ki, mən burada bir nəfər də olsun qəşəng qadına rast gəlməmişəm. Rusiyadan gələn bütün qadınlarımız qəşəngdir. Mariyanın qızı da çox qəşəngdir. Qızı üçün yaman qorxur, deyir ki, buranın qanunları tamam başqadır.
Saat 7 - 30 - a qədər hospitalda qalmaq olar, sonra isə mütləq getməlisən. Yenə də şiddətli yağış başlayıb. Məmmədə əl edib yola buruluram. Həmişəki kimi islanmışam. Qospoja Mayın qoyduğu çaydan içib yerimə girdim, pultu əlimə götürüb, gecə saat birə kimi heyvanlar aləminə və hindulara aid kinolara baxıram.
2 iyun - Səhər yeməyində pansionda qalan qadınlara işarə ilə başa saldım ki, 4 gündən sonra Frankfurta gedəcəyik, ordan da Vətənə. Ucaboylu alman 2 barmağını göstərdi, yəni onlar da iki gündən sonra gedirlər. Onlarla yaxşı lal dili danışıram. Vaxt yaxınlaşdıqca yaman darıxırıq. Bir parkinsonlu xəstənin arvadı məni başa salır ki, əri çox yatır, yeriyə bilmir. Lal dilini bilmək yaxşı olardı, onda bütün millətlər işarə ilə bir - birini başa salardı.
Axşama yaxın yeni nəzarətçimiz Stanislav gəldi. Özünü təqdim etdi:
- Təmiz ukraynalıyam, millətçiyəm, öz xalqımın oğluyam. Lukaşenko düzgün siyasət yeritmir. Mən siyasətlə çox məşğul oluram. Yəhudilərdən əgər bir nəfər işdə olsa, bir aydan sonra görəcəksən işdə hamı yəhudidir. Və sair...
Arabir Məmməd də öz mövqeyini bildirirdi.
Axşam - səhərə qədər, əzizim, - deyib pansiona qaçıram.
3-4 iyun - Məmmədi çimdirib paltarını yığdım. Mariyaya tapşırıq verib Stanislavla Şvaynfurta çamadan almağa getdim.
Qayıdanda Stanislav yolu səhv saldığı üçün gecikmişdim. Mariya mən gələnə kimi gözləmişdi.
Pansionda yemək otağına keçdim. Qonşularımdan arıq alman məni yanına çağırdı, əlimə nəsə basdı. Baxdım, 100 marka idi. Təəccüblə ona baxdım, işarə ilə başa saldı ki, pulu mənə bağışlayır. Bu yazıqlar fikirləşiblər ki, mən yeməkxanada yemək yemirəmsə, deməli, pulum yoxdur. Hardan bilsinlər ki, özlərinin iştahla yediklərini mən dilimə vura bilmirəm. Pulu geri qaytardım və təşəkkür elədim, sonra da cibimdən dollarları çıxarıb onlara göstərdim ki, mənim pulum var. Hadisəni Mariyaya danışıram. Mariya təəssüfləndi ki, pulu nahaq qaytarmısan. Qəribsən deyə onlar pulu sənə hədiyyə ediblər. 100 marka 100 dollardır, az pul deyildi.
-Yox, əzizim Mariya, mən o pulu götürə bilmərəm. Buna qürurum yol verməz.
İyunun 6 - da gedəcəyimizi eşidən şef bizimlə dəhlizdə görüşdü:
- Siz iki həftə əlavə qalmalı idiniz. Çünki həkimlər indi-indi müalicəyə başlayıblar. Hər halda qalsanız yaxşı olar, siz yenə də yazmağınızı davam etdirə bilərsiniz. Sizin çox gözəl və qayğıkəş xanımınız var. Altı aydan sonra yenə də gəlməlisiniz. Mən iki günlük seminara gedirəm. Ona görə də sizinlə indi görüşüb ayrılıram. Ayrılmaq da istəmirəm, siz mənə çox şirin gəldiniz. Sənədlərinizi verəcəklər.
Sonra hər ikimizi qucaqlayıb öpdü.
Qaranlıq çökdükcə ürəyim sıxılır.
5 iyun - Noyştatda axırıncı gecəmizdir. Səhər Frankfurta yola düşəcəyik. Cənublu Məhəmməd otelin ünvanını dedi və bizə otağın da ayrıldığını söylədi.
Kövrəlirəm, qaldığım otaq bu qərib yerdə bir az mənə doğmalaşıb, elə Mariya da, xadimə Polina da. Onlara isnişmişik.
Qaldığım otağın quruluşu belədir - otağın ayaq hissəsindən kəsilib təmizlik işlərinə ayrılıb. Otağa kovrolit döşənib. Pəncərədən yaxşı mənzərə açılır, quşların səsini ara - sıra keçən maşınların səsi batırır. Bu təmizlik də, gözəllik də bizə yaddır. O tozlu - küləkli Bakımız üçün yaman darıxmışıq.
Artıq yır - yığış etmişəm. Hospitaldan pansiona qayıdanda, demək olar ki, hər gün islanıram, amma hava o qədər təmizdir ki, xəstəliyimi sağaldıb və heç xəstələndirməyib də. Yenə bərk yağış yağır, gözlədim ki, kəssin. Artıq hospitalda qalmaq olmaz, vaxtdır. Məcburən üzüaşağı qaçıram, islanmışam. Həmişəki kimi Məmmədin zəngi:
- Gülxanım, təbiəti qarğımışam, sən gedəndə bərk yağış idi. Görürsən, indi kəsib, islanmısan yəqin?
- Öyrəncəliyəm, kişi, mənə görə darıxma, sağlıq olsun, sabah gedirik.
Her və frau Mayların bu kiçik və səliqəli otaqlarında axırıncı dəfə yatıram, qəsəbənin təmiz və saf havasını ciyərlərimə çəkirəm.
Məmməd demişkən:
- Bu da belə bir ömürdü yaşadım...
6 iyun - Çamadanları və çantaları bir yerə yığıb otağa bir də göz gəzdirirəm. Hospitala gedirəm. Məmməd dərmanları qəbul edıb, ehtiyat üçün də dərman verəcəklər. Bizi Frankfurta Marat Bulatoviç aparacaq. Marat nədənsə gecikir, Məmmədi geyindirib gözləyirik. Deyəsən, günorta yeməyini hospitalda etməli olacaq və elə də oldu. Mariya da narahatdır, Nelli İvanovna Maratın çoxdan çıxdığını, indi gəlib çatacağını söylədi. Nəhayət ki, Marat gəldi. Gedib pansiondan əşyaları götürdük. Mariyaya ünvan verdim. Doğmalar kimi Mariya ilə qucaqlaşıb ayrıldıq...
...Ağlayırdı Mariya.
Bu balaca, gözəl şəhərdən ayrılırıq. Başqa ünvanda bizi nə gözləyir bilmirik. Məhəmməd “Turist” otelində yer ayırıb. Onu da bildirdi ki, bu adda otel Frankfurtda yeganə oteldir, azmazsınız.
Yol uzun və yorucu olduğu üçün Marata suallar yağdırmağa başladım:
- Adın Maratdır, tatarsan?
- Yox, ukraynalıyam, atamın Marat adlı dostu olub, ona görə Marat qoyublar.
- Atan, anan varmı?
- Var, onlar Kiyevdədir, hərdən onlara da kömək edirəm. Özüm burada ev tutmuşam, yoldaşımı da gətirəcəyəm, hələ ki, anamın yanındadır, oxuyur.
- Necə fikirləşirsən, şirkət sizi təmin edə biləcəkmi?
- Yol uzunu fikir verirsiniz? Bunların torpaqları qırmızı torpaqdır. Bu qırmızı torpaqdan aldığı məhsulla həm özlərini, həm də başqalarını saxlayırlar. Bizim isə ucsuz-bucaqsız qara torpaqlarımız var, özümüz isə acıq, hər yerə səpələnmişik. Şirkətə gəlincə, hələ ki, mövcuddur və bizi təmin edə bilir. Bundan sonra necə olacaq bilmirəm. Mariyadan razı qaldınızmı?
- Mariya çox yaxşı insandır, - dedi Məmməd.
Mən də əlavə etdim ki, ondan çox razı qalmışıq.
- Almanlar sizin fəaliyyətinizə necə baxır? - davam etdim.
- Biz siyasətə qarışmırıq və bizim şirkətimiz ölkəyə valyuta gətirir. Hələlik dəyib dolaşmırlar.
Uzun yoldan sonra Frankfurta çatdıq. Şəhərin bir neçə “giriş qapısı” var. Bizə hansı yolla şəhərə girəcəyimizi başa salmışdılar.
2-ci mərtəbədə otaq ayrılmışdı, yaman yorulmuşduq. Bir az dincəldik. Məhəmməd də gəlib bizimlə görüşdü, sonra yenidən tək qaldıq.
7-8 iyun - Səhər yeməyi üçün aşağı düşdük, bufetə Kola baxır, deyəsən hindlidir. Səid bizdən soruşdu:
- Ağa özünü necə hiss edir?
Səid Məhəmmədin qaynıdır. Bir neçə cənublu burda işləyir. Günorta yeməyini otağa gətirdilər. Sonra dil bilən cavanlar getdilər. Axşam necə olacaq bilmirəm.
Məmməd lap zəifləyib. Axşam Məhəmməd dedi ki, səfirə zəng edib Frankfurtda olduğunuzu demişəm.
Məhəmmədin söhbəti:
- Mənim burada 12 mehmanxanam var. Cənubluları bu sizin qaldığınız mehmanxanaya işə götürmüşəm. Peşəm ticarətlə məşğul olmaqdır. Atam, anam Təbrizdədir. Siyasətlə məşğul deyiləm, burada çoxlu xəbərçi var, o saat İrana xəbər aparırlar. Bütün familim Təbrizdədir, niyə mənə görə əziyyət çəksinlər...
Məhəmməd gedəndən sonra hay - küylü şəhərə pəncərədən baxırıq. 5 - də qayıtmadığımıza peşman olmuşuq.
Səhər Səidgil yox idi. Məhəmməd bizi axşam yeməyinə evinə dəvət etdi. Bizə hotelin yanındakı İran yeməkxanasından yemək gətirirlər, uşaqlarla söhbət edirəm, cavabları:
- Pis dolanmırıq, hamımızın maşınımız var.
Bizim millət belədir də, maşını varsa xoşbəxtdir.
Axşam Məhəmmədin evinə qonaq getdik, o, yol boyu binaları göstərir, məlumat verirdi. Binaların neçə mərtəbəli olduğu yadımda deyil (yəqin 20 mərtəbə olardı), bütün mərtəbələr ancaq şüşədən ibarət idi, yəqin ki, görünməyən material olardı. Mayn çayı boyunca tikilən hündür binalar təmiz küçələrə xüsusi gözəllik verirdi. Çöldə zibil deyilən şey görmədik. Almanlar öz torpaqlarına çox bağlıdır. Məqsədsiz tikinti, boş və istifadəsiz bir qarış torpaq yoxdur. Onu da deyim ki, şəhərlilərin 90 faizi şəhərin kənarındakı bağ evlərində yaşayırlar. Məhəmməd məlumat verdi ki, şəhərin meri də mənim evimin yanında özünə ev alıb. (Məhəmməd şəhərin kənarında yaşayır). Hava yenə də yağışlı və sərin idi. Evin xanımı Həmidə, Məhəmmədin anası Hacıxanım və iki nəfər tanımadığım adam bizi qarşıladı. Apardığım kasetləri “baxarsınız” deyib Məhəmmədə verdim.
9 iyun - Həmidə və Məhəmmədin anası ilə şəhəri gəzməyə çıxmışdıq. Başlarının kənarları qırxılmış, ortada qalan saçları yaşıl rəngə boyanmış bir dəstə gənc oğlan və qız geniş küçənin ortasında asfaltın üstünə sərələnmişdi. Həmidə xanım dedi ki, onlar faşist partiyasının üzvləridir.
Qayıdanda mənə hoteldəki uşaqlar xəbər verdilər ki, ağanın yanına səfirlikdən bir nəfər gəlmişdi.
Qaldığımız otağa qalxdım, güldanda qızılgül buketi gördüm, ətri otağı bürümüşdü.
- Məmməd, kim idi səfirlikdən gələn?
- Mirzə İbrahimovun qardaşı olduğunu söylədi.
- Axı Mirzənin bioqrafiyasında oxumuşuq ki, onun heç kimi qalmayıb.
- Mən də elə bilirdim, ancaq qəti bildirdi ki, qardaşıdır, çox baxdım görüm Mirzəyə oxşayırmı, həm oxşatdım, həm oxşatmadım.
Axşam Məhəmməd gecikdiyinə görə bizdən üzr istədi:
- Vallah, xəcalətliyəm, işim çoxdur, tez - tez sizə baş çəkə bilmirəm. Vaxt tapan kimi qaçıram yanınıza.
Mən gələn adam haqqında ondan soruşdum.
- Hə, xəbərim var, Şaiqandır, heç bilmirəm sizin gəlişinizi hardan bilib. İranda atamın dostu idi, atam məndən xahiş etdi ki, onu yanımda işə götürüm. İşlədiyi vaxtda bütün işçilərimi bir - birinə düşmən etdi, onları vuruşdurdu. Yaman yalançıdır. Deyir ki, Naxçıvan SES - ni mən tikmişəm. Hələ bu harasıdır, deyər ki, Assisoan bəndini də mən tikmişəm. Gördüm düz adam deyil, pensiyaya çıxartdım. Bütün vaxtını İran və Rus səfirliklərində keçirir, bir - birindən xəbər aparır. Bütün bu sözləri onun özünə də dedim ki, bir də təkrar məndən iş tələb etməsin. Onunla ehtiyatlı olun, bilinmir hansı səfirliyin xəbərçisidir, hər ikisinə xidmət edir.
Elə bu vaxt Kölndə yaşayan azərbaycanlıların “Kultur cəmiyyəti”nin nümayəndələri - doktor İbrahim və onun müavini Səbahəddin görüşümüzə gəldilər. Heç bir dəqiqə çəkmədi ki, Şaiqan hazır oldu. Hardan bildi, yoxsa bizə göz qoyur? Lap mat qalmışdıq. Gələnlər Məmməddən hal-əhval soruşdular.
İbrahim sözə başladı:
- Novruz bayramına Bəxtiyar müəllimi çağırmışdıq, nədənsə gəlmədi, bizim sizin kimi adamlarla görüşə böyük ehtiyacımız var.
Şaiqan onların yanında mənimlə rusca danışırdı. Çoxdan KQB sıralarında olduğundan, ruslara xidmətindən və ona görə də qohum-qardaşla arası olmadığından və s. söhbət açdı. Mirzə də mənim adımı çəkə bilməzdi axı - dedi.
Gələn qonaqlar xudahafizləşib getdilər. Şaiqan da onlara qoşuldu.
Frankfurtda yaşayan azərbaycanlılarla görüş keçirmək istəyimizə Məhəmməd ilk gündən razılıq vermişdi. Biz ilk qaranquş sayılırdıq ki, şəhərdə və onun ətrafında olan azərbaycanlıları bir yerə yığırdıq. Məhəmməd məlumat verdi ki, sabah axşam yığıncaq baş tutacaq.
10 iyun - Yığıncağı axşama saldılar. Məhəmməd yenə böyük xərc çəkmişdi. Şirin stol açmışdı. Məhəmməd yenidən bizdən xahiş etdi ki, siyasətdən danışmayaq və əlavə etdi:
- Mən də deyəcəyəm ki, ədəbiyyatçıdır, şairdir, ona görə də burda olan azərbaycanlılarla görüş keçirmişik. Ümumiyyətlə, biz cənublular siyasətə çox qarışmırıq. Bizim ata-anamız, qohumlarımız hamısı orada qalıb. Mollalar əvvəl adamı öldürür, sonra deyirlər ki, aparın mühakimə edin, haqq-ədalət yoxdur.
Əslində, onları qınamaq da olmaz. Çünki Şimal onların güvənc yerinə çevrilməyib. Elə Məhəmmədin də qorxusu cənubda qalan qohumlarındandır.
Axşam Məhəmməd bizdən bir də üzr istəyib yenidən xəbərdarlıq etdi:
- Siz allah, bir də sizdən xahiş edirəm, Şimalla Cənubun birləşməsindən danışmayın. Ümumiyyətlə, fars məsələsini ortaya atmaq lazım deyil.
Bu gün Şaiqan hamıdan əvvəl gəlib yanımızda oturmuşdu. Sualları:
- Türklərdən razısınızmı, sizə çox köməklik edirlər?
- Türklər dar ayaqda həmişə bizə kömək edib, qırğından qurtarıb, biz onlardan çox razıyıq.
Mənim qəti cavabımı eşidəndən sonra daha yanımızda türk adını tutmadı.
- Mirzəni barı yaxşı basdırdılarmı? Iştirak edə bilmədim.
Şaiqan həqiqətən ağlamağa başladı. Bu qərib yerdə yaman yazığım gəldi ona.
- Şaiqan, Mirzə müəllim sənin qardaşındırsa, Azərbaycan xalqının da böyük oğludur. O, bizim yazıçımızdır. Onu layiqincə götürdülər. Sağlığında da xətrini hamımız istəmişik, dərd çəkib ağlama, - dedim.
Qonaqlar yığışmağa başladılar. Məhəmməd ancaq tanıdığı ticarət işçilərini çağırmışdı. Aralarında “Kultur cəmiyyəti”ndən gələnlər də vardı. Hotelin bufetində məclis başlanmalı idi. Səfir Hüseynağa Sadıqov və köməkçisi Yılmaz bəy gəlib çıxdılar.
Səfir sözə başladı:
- Bütün qonaqları salamlayıram, belə görüşləri tez-tez keçirmək lazımdır. Görüşlər vasitəsilə qərib yerdə insanlar bir-birindən xəbər tuta bilirlər. Azərbaycan xalqının böyük oğlu bu gün bizim qonağımızdır. Eyni zamanda, Məmməd müəllim, biz sizə bir də minnətdar olmalıyıq ki, Almaniyada yaşayan azərbaycanlıların nümayəndələrini bir - birilə görüşdürən ilk pioner siz olmusunuz. Bu, burada yaşayan azərbaycanlılara ilk və böyük bəxşiş oldu.
Qonaqlar da Məmmədi tanıdıqlarını, sevdiklərini, lakin kitablarını tapıb oxuya bilmədiklərini söylədilər. Mən özümlə “Qayalara yazılan səs” kitabından bir neçə nüsxə aparmışdım. Qonaqlara payladım. Yeganə nüsxə olan “Aylarım, illərim” kitabını isə İbrahim bəyə verib əlavə etdim:
- İbrahim bəy, əgər siz verdiyim kitablardakı şeirləri oxusanız, yaysanız heç bir təbliğat lazım olmadan birləşəcəksiniz. Sizə Vətən naminə bir - birinizi qorumağı və birləşmənizi arzulayır Məmməd.
Qonaqlar məndən Məmməd haqqında məlumat istədilər. Mən özümlə iki kaset - H.Əliyevlə görüş və Opera və Balet Teatrında keçirilən gecənin kasetlərini götürmüşdüm. Qonaqlar hər iki gecəyə heyrətlə baxdılar. Sonra görüşüb ayrıldılar.
11-12 iyun - Növbədə hindlidir, o da dil bilmir. Dərman atan vaxtıdır. Iki gün bundan əvvəl bizdən “Mirzə qasimi” yeyərsinizmi, deyə soruşmuşdular. Onun necə xörək olduğunu bilmirdik. Sən demə, irandakılar pamidor çığırtmasına “Mirzə qasimi” deyirmişlər. Hə, Kola dil bilmir, saatı göstərib “Mirzə qasimi” adını söylədim. Pomidor çığırtması dadımıza çatdı.
Şaiqan yenə də qonağımızdır:
- Burada bir almanla evlənmişəm, çox bədbəxt adamam. Rusiyanın kəşfiyyatında işləyirdim. Adımı da dəyişdirdilər. Heç bir qohumla əlaqə saxlaya bilmədim. Uzun müddət İranda yaşayırdım...
Bu yazıq bəlkə indi-indi vətənin nə olduğunu başa düşüb. Bizə hədiyyə də gətirmişdi. Qəribədir. Sən indi kimsən, Şaiqan?
Axşam Məhəmmədin gəlişi bizi sevindirdi. Xeyli lətifə danışıb bizi güldürdü. Səhərin tez açılmasını istəyirik.
Səhər açılmamış ayıldıq. Yenə də yır-yığış... Biletləri bir də yoxladıq, artıq maşın gəlmiş, qəribliyin daşını atmağa ümid artmışdı. Dostlar - Məhəmməd, Şaiqan və bir neçə başqa adam bizi yola salmağa gəlmişdilər. Aeroporta yollandıq. Səfirin oğlu da əmanətlərini çatdırmağa gətirmişdi.
Almanlar xəstəyə xüsusi qayğı göstərirlər, yüklərimizi mini maşına yükləyib bizi də mindirdilər. Gömrükdən özləri keçirdilər. Beş dəqiqədən sonra ayrı bir işçi gəlib soruşdu: - “İbrahimov kimdir?”. Familiya bizə aid idi. O, təyyarənin qapısını açdırıb bizi içəri saldı və birinc
i salonda oturtdu.
Bu, alman qayğısı idi.
Stüardessalardan biri bizi birinci salondan çıxartdı:
- Siz ikinci salona keçin, birinci salonda hökumət adamları, deputatlar və biznesmenlər oturur. Sonra onlar bizi tənqid edərlər...
Səssizcə keçib ikinci salonda oturduq, azərbaycanlı xasiyyətinə bir də bələd olduq. Hələ sərnişinlər içəri buraxılmamışdı. Bələdçi qız bizdən birinci salona qayıtmağı xahiş etdi.
- Axı birinci salon böyüklərindir, - kinayə ilə cavab verdim, - bura bizə rahatdır, oturmuşuq.
Qız ikinci dəfə xahiş edəndən sonra Məmməd qayıtmağa razı oldu. Salona sərişinlər buraxıldı, hər kəs özünə yer tapıb oturdu. Salondakılar Məmmədlə görüşüb müalicənin təsirini soruşdu.
Təyyarə İstanbulda yerə endi, boş yerlər tutuldu, xeyli yük vuruldu.
Təyyarənin pəncərəsindən aşağı baxmağı xoşlaram. Qəribə təzad vardı - buludlardan yuxarı bədrlənmiş Ay, lap yanındaca ulduz. Aşağıda - buludlarda isə çaxnaşma. Dağların başında şimşəklər at oynadırdı, bu mənzərəni sözlə təsvir etmək çətindi. Buludlardan yuxarı Ayın işığı nağıl idi. Bu sevincimə Məmmədi də qatmaq istədim, o isə:
- Şimşəklər yaman qorxuludu, təyyarəyə də xətər toxuna bilər, - dedi.
Bələdçi qız qalın odyal gətirib Məmmədin üstünü örtdü və yatın dedi.
Mən “böyük aclıqdan” sonra təyyarədə verilən düşbərəni elə acgözlüklə yemişdim ki, ödümdən bərk ağrı qopmuşdu.
Səhər tezdən Binə hava limanında yerə endik. İçəri adam buraxmadıqlarına görə “qıl körpüsündən” Məmmədi və çamadanları tək keçirməli idim. Düzdür, təyyarəçilər kömək etdilər. Məmməd onlarla ayaqlaşa bilməyəndə sürütləyib aparırdılar. Mən: - yavaş, sürütləməyin, - qışqırsam da eşidən yox idi.
“Yazıq Məmməd”, ağlamağım gəlirdi.
Bu, bizimkilərin köməyi...
Nəhayət, evə çatdıq. Almaniya sərgüzəşti beləcə bitdi.
13-18 iyun - Artıq evimizdəyik, bütün əziyyətlər arxada qaldı, ancaq ikimiz də ümidsizliyə qapılmışıq. Ümidlə uzaqlara getmişdik...
Müalicə ilə əlaqədar soruşan jurnalistlərə Məmmədin cavabı bu olurdu:
- Müalicə çox yaxşı keçdi, qos-qoca xəstəlikdir, birdən-birə sağala bilməz.
Axşamüstü bizə gələn Heydər Həsənoğlu və Zəlimxan Yaqub necə Həccə getdiklərindən söhbət açdılar:
- Əmi, çox vaxt söhbətimiz səndən olurdu. Kaseti gətirərəm, baxarsınız, - dedi Zəlimxan.
Qonşularımız üstümüzə həmişə su tökdüklərindən tavan çökmək üzrədi. Məmmədi dilə tuturam ki, kəndə gedək.
- Kişi, ağcaqanadlardan qaçaq.
Məmmədsə:
- Mən onları yaxşı tanıyıram, bizi kənddə də dinc qoymazlar - zarafatla cavab verdi.
19-21 iyun - Poliklinikadan həkim gəldi. Dedilər ki, bizim müşahidəmiz altında müalicə davam etdirilməlidir. Həkim dedi ki, Almaniyada ona verilən ağ dərman (adı “Arten”) bizdə çoxdan müalicədən çıxarılıb, çünki onun çox pis təsiri vardır, xəstəni çox halsızlaşdırır.
Yadıma Məmmədin vəziyyəti düşdü. Yazıq kişi deyirdi ki, ağ dərmandan sonra yaman halsızlaşıram, əlimi belə qaldıra bilmirəm. Əlavə edirdi ki, bunlar dovşan kimi üstümdə təcrübə aparır.
Zəlimxanla Heydər Həsənoğluna qonaqlıq vəd etmişdim. Axşam gəldilər, Zəlimxan sazını da gətirmişdi. Gecikdiyinə görə Mikayılı cərimə etmişdilər. Almaniya və almanlar, Azərbaycan və azərbaycanlılar müqayisə olundu. Yaxşı bir gecə keçdi, hayıf, lentə alan olmadı.
3-5 sentyabr - Evimizi tamam su basdı, qonşuya dedim ki, insaf elə, otağın tavanı çökmək üzrədir, cavabı:
- Get kimə istəyirsən de, hara istəyirsən şikayət et, pulum yoxdur, təmir etdirim.
Məmməd dedi ki, onlar bilirlər bu saat qanun yoxdur, onlara baş qoşma.
Ayın 5 - də rəssam Adil Rüstəmov qonağımız oldu:
- Mənim sənə həsr etdiyim tabloları Almaniyaya sərgiyə aparıblar. Sonra məni də çağıracaqlar. Sən, mənim fikrimcə, ən yaxşı şairsən, bəzi şairlər cildini dəyişə bilir, sən isə əyilmirsən...
Adil bir xeyli söhbət etdikdən sonra getdi.
Səhər bütün qabları tavandan tökülən suyun altına düzmüşdüm. Evlə bağlı idarədən adamlar gəlir, baxır, başlarını bulayıb gedirdilər. Elə bil, tədbir görməli adamlar bunlar deyil, başqalarıdır.
Axşam Məmmədin tələbəlik illərindən yaxın dostu olmuş İlyas Tapdıq bizə gəldi. Oturub Məmmədlə xeyli dərdləşdilər.
İlyas:
- 1-ci sinfin kitablarına baxıram, hamının şeirləri salınıb, Məmməddən və məndən başqa. İstəyirəm Səməd Vurğun haqqında məqalə yazam. Onun şeirlərini mənim kimi təhlil edib açan bəlkə də yoxdur.
Söhbətə qarışdım:
- Səməd Vurğunun Lenini, Stalini, partiyanı vəsf etdiyi şeirləri heç oldu Elə yazmasaydı istedadı daha yaxşı üzə çıxardı.
İlyas mənimlə razılaşmadı:
- Düz demirsən.
Anamın dilbər gəlini
Yadlara açma əlini...
Bunu o vaxt ayrı necə deyə bilərdi, belə çox misralar deyə bilərəm (və dedi də) hanı o misralar başqa şairlərdə varmı? Bəzi şairlər onları tərifləyənləri himayə edirdi. Ancaq həmin bəzi şairlər Məmmədin ədəbiyyatdakı yerini dana bilmədilər, böyüklüyünü qəbul etməyə məcbur oldular.
7 - 8 sentyabr - Gündüz rəhmətlik Hikmət Ziyanın qırxına getmişdi. Yaman fikirli görünürdü. Axşam yenə də “Bəhram Gur” fəvvarəsinin yanında oturmuşduq:
- Gülxanım, sənə söhbətlərimdə demişdim, indi də söhbət ondan düşdü, deyirəm. Hikmət çox sadə, ürəyi təmiz adam idi. Sağlığında istəsin, mənim xətrimi çox istərdi. Həmişə də məndən xahişi bu idi. Əmi, deyərdi, bir şeirini də mənə həsr elə.
- Hikmət, - dedim, - axırıncı şeirimi sənə həsr etmişəm. Yaman sevindi rəhmətlik. Soruşdu ki, - əmi, hansı şerini? “Kallaşa - kallaşa karlaşır insan” şeirimi.
Hə, bir az da keçmişdən danışım sənə:
- Əhməd Cəmil Mədəniyyət nazirliyində işləyəndə “Üç oğul anası” poemasını ona oxudum, çox diqqətlə qulaq asdı.
- Məmməd, çox gözəl yazmısan. Təsirlidi, adam həyəcansız qulaq asa bilmir.
Bu hadisədən bir neçə ay keçəndən sonra onu “Azərbaycan” jurnalına redaktor qoydular. Poemanı çap etdirmək üçün jurnala apardım. Əhməd müəllim o qədər sual qoydu ki...
Artıq o, şair Əhməd Cəmil yox, redaktor Əhməd Cəmil idi.
İşdən gələndə dedi ki, “Bakı” qəzetində ona həsr olunmuş şeir çap olunub. Sərhədi qoruyan əsgərlər dağın başında , qarda, tufanda, qaranlıq səngərdə bütün gecə ancaq mənim şeirlərimi əzbər deyiblər. Keçirilmiş gecə və həsr olunmuş şeir belə adlanır: “Məmməd Araz axşamıdır bu axşam”. Şeirin müəllifi Abdulla Qurbani haqqında da dedi:
- Od parçasıdır, bütün əsgərlərin sevimlisidir. Murov faciəsi ilə əlaqədar çox şey bilir.. Onun üçün qorxuram.
9 sentyabr - Darıxdığımızdan fontanın yanında oturub gəlib-gedənlərə baxırdıq. Söhbətimiz isə keçmişdən idi:
- Mirzə İbrahimov əvvəllər mənim xətrimi çox istərdi. “Çuğulun anası ölsün” deyərlər. Çünki paxıllıqdan olmayan sözləri quraşdırıb deyənlər çox olur. Məndən də ona nə isə çatdırmışdılar. Sonralar mənim müstəqil fikirlərim, şerilərimin mübarizliyi, vətənpərvərliyi o nəslin nümayəndəsi kimi M.İbrahimovun da xoşuna gəlmədi. Əli Vəliyev soruşanda ki, - Niyə Məmmədi Yazıçılar İttifaqının 3-cü katibi qoymadın? - sualına cavabı bu olmuşdu: “- Ağzının cilovunu yaman buraxıb, özünü şeirlərində çox sərbəst aparır”.
- 70-ci illərin əvvəllərində mövcud siyasi rejimlə müxalifətdə olub onun “dadını” görən ziyalılardan, demək olar ki, biri də mənəm
Çətinliklərim həmişə başımdan aşıb. Günahsız yerə incidilmişəm, cəzalandırılmışam. Göründüyü kimi, bu da mənə baha başa gəlib. Haqsızlıqdan dəhşətli heç nə yoxdur.
Bu haqsızlıq məni üç ay gecə - gündüzümdən eləyib.
Məni “Ədəbiyyat və incəsənət” qəzetindən çıxaranda Danil Quliyev yanına çağırdı. Bir azdan İmran Qasımov və Mirzə İbrahimov da gəldilər. Çalışırdılar ki, haqsız işdən çıxarıldığımı ört - basdır eləsinlər. Mirzə başladı ki, mən sənə çox demişdim axı, belə elə, elə elə və s.
Cavab verdim:
- Mirzə müəllim, mənə heç nə tapşırmamışdınız, dedikləriniz yalandı.
10 sentyabr - Səhər yuxudan elə bir partlayış səsinə oyandım, elə bildim ki, ev sökülüb yerə tökülür. Evin tavanı suya davam gətirməyib uçmuşdu. Gülməkdən başqa çarəmiz qalmadı:
- Məmməd, siçovulları yaman qaçırtdılar, qorxublar, ta gəlməzlər, - dedim.
13-16-20 sentyabr - Prezidentin milli məsələlər üzrə müşaviri Hidayət Orucova zəng edib onunla görüşmək istədiyini bildirdi Məmməd.
Hidayət müəllim söz verdi ki, sabah gələrəm, dərdləşərik.
Hidayət Orucov gəldi və kitabını hədiyyə edərək Məmmədə həsr elədiyi şeirini oxudu və dedi:
- Məmməd müəllim, başqa şairlərdə qalxıb - enmə var, lakin siz həmişə zirvədə qərar tuta bilmisiniz.
“7 gün” verilişində Kəlbəcərin təslim edilməsi göstərildi. Camaatın rayondan çıxarılmalarına təəssüflə baxan Məmməd:
- “Bu xalqın barmağı tətiyə yatmır” - misrasını söylədi.
27 sentyabr - Cəlal Əliyev bizə günorta saat 2 - də görüş təyin etmişdi. Mikayıl da gəlib çıxdı. Cəlal müəllim ardımızca maşın göndərdi, biz onun iş yerinə getdik. Məmməd 5 - ci mərtəbəyə qalxa bilmədiyi üçün özü 1 - ci mərtəbəyə endi. Xeyli söhbət etdilər. Gəlişimizin səbəbini söylədik Cəlal müəllim bildirdi:
- Biz, ümumiyyətlə, evdə telefonu götürmürük. Təsadüfə bax, Gülxanım bizə deyəndə ki, Məmməd Araz sizinlə danışmaq istəyir, evdə hamı sevindi.
Mənzilimizin yararsız olduğu barədə Cəlal Əliyevi məlumatlandırdım.
- Ev məsələnizi mütləq Kişiyə çatdıracağam, sizin xətrinizi çox istəyir. Nə işiniz olarsa mənə deyin, neçə uşağınız var?
- İki qızımız, iki nəvəmiz var, - dedim.
- Mənim də İzzət adlı bir qızım var, - söylədi Cəlal müəllim... - Çalışacağam ki, xahişlərinizi yerinə yetirim.
Çox razılıqla Cəlal müəllimdən ayrıldıq.
5-7 oktyabr - Cəlal müəllim bizi sevindirdi:
- Ev məsələnizi Kişi ilə danışmışam, o, mənə dedi ki, tez-tez yadıma sal, məşğul olum.
Mikayıl dedi ki, Məmmədin əməliyyat olunması məsələsini naxçıvanlı uşaqlarla danışmışam, onlar öz xərcləri ilə Türkiyəyə aparacaqlar.
-Mikayıl, sən inanırsan, mənsə yox. Onlar yığdıqları pulun üstündə əjdaha kimi oturublar, xərcləmək istəməzlər...
Dostu İsa Məmməddən soruşdu:
- Deputatlığa namizədliyimi verəcəyəm, mənə vəkil olarsanmı?
- Niyə olmaram, əlbəttə, olaram!..
Məmməd mənə dedi ki, sən evdə olmayanda Məhərrəm Əhmədov dəqiq ünvanımızı soruşub, dedim, xeyir ola? Cavabı bu oldu ki, yaxınlarda özünüz biləcəksiniz.
- A kişi, bəlkə evlə əlaqədardır?
- Yox, ola bilməz, rusların duması bir neçə görkəmli yazıçını himayə edəcək, deyirəm bəlkə bunlar da belə eləmək istəyirlər.
- Eşit, inanma.
13-14 oktyabr - Telefonda Qurbaninin gur səsi eşidildi:
- Gülxanım bacı, bu saat televizorda Bəxtiyarın gecəsini verirlər. Mən də bir qaçqının evində “Məmməd Araz” gecəsi keçirirəm.
- Sağ ol, Qurbani!
Məmmədin ad günü ailə dairəsində olacaq.
“Vesti”də belə bir xəbər verdilər:
-Buninin heykəli Voronejdə, anadan olduğu yerdə ucaldılmışdır.
Məmməd sevincək dilləndi:
- Görürsən, Gülxanım, mən həqiqətən qabaqcadan görənəm. 61 - ci il idi. Azərbaycan Yazıçılar İttifaqında yığıncaqda bəzi yazıçılar Soljenitsinin “Odin den Denisa İvanoviça” əsərinə öz münasibətlərini bildirirdilər. Onda mən çıxış elədim və cıxışımda belə dedim, - vaxt gələcək, Soljenitsinin bütün əsərləri bəraət qazanacaq, çap olunacaq və Buninə də heykəl qoyacaqlar. Gördünmü, sözlərim necə düz çıxdı.
- Sənin də “Heykəlimlə görüş” şeirin var, yaman demisən, ha!
- Düzdü. Fikrən özümü-özümdən ayırıb dünyadan köçmüş təsəvvür etdim. Fikrən özüm-öz qarşımda durmuşam; Dünyaya nə gətirmişəm, nə aparıram. Heykəlimə oxşayırammı? Doğrudanmı belə olmuşam? Eynən mənəm, mən də zamandan çox şey gizlətmək istəyirdim, o isə məni çırın - çılpaq göstərir. Bəlkə də demək istəmişəm: Ucalan çox heykəllərin son taleyindən ibrət almaq...
Məmməd olub - olmuşlardan xeyli danışdı, ancaq mən yadımda qalanların “qolun-qıçın” sındırıb yazmışam.
15-16 oktyabr - Ağayar müəllim telefonda öz fikirlərini belə bildirdi:
- Gülxanım müəllimə, Məmməd yaxşı edib ki, vaxtilə elə şeirlər yazıb. Bütün şairlərə qulaq asıram. Boş hay-küydür. Bəxtiyar çıxışında dedi ki, zaman özü göstərəcək kim tarixdə qalacaq, zamanın işinə qarışmaq olmaz.
Ağayar müəllim bizə can sağlığı arzulayıb telefonu qoydu.
Abdulla Qurbani bizi evinə dəvət etmişdi. Söhbət ordunun vəziyyətindən düşdü, söhbətdən məlum oldu ki, Əliyev gələnə kimi ordunun vəziyyəti çox pis idi. Əsgərlərin qarnı ac, paltarı nazik. Nazirlikdə isə pula “ulduz” paylanırdı...
Indi Əliyevin nəfəsi duyulur, “əl-ayaqlarını yığışdırırlar”. Əsgərlər vuruşmaq, öz torpaqlarını azad görmək istəyirlər.
Abdulla Qurbani xəbər verdi:
- Mən bu saat nazir müavininin yanından zəng edirəm. 18 oktyabr Azərbaycanın müstəqilliyini elan etdiyi gündür. Burda danışmışıq ki, Bakı zabitlər evində həmin gün Məmməd müəllimlə görüş keçirək. Min nəfərlik yerdir. Bakı qarnizonlarından əsgərləri və zabitləri ora yığmaq olar. Nə deyirsən, Gülxanım bacı?
- Abdulla, Məmməd bu saat işdədir, onunla danışsan daha gözəl olar, çünki söz sahibi odur.
İşdən qayıdanda soruşdum:
- Qurbaniyə razılıq verdinmi?
- Yox, gündə görüş olmaz ki.
Evimizə baxmağa gələn usta dedi:
- Elə hər gecə televizorda Məmməd Arazın şeirlərini söyləyirlər, amma yaşadığı evə bax.
17 oktyabr - Saat 6 - da Kooperativ Texnikumunun hazırladığı görüşə getdik. Görüş Məmmədin 62 yaşı münasibətilə təşkil olunmuşdu. Gecəni Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə xanım açdı. O gecədə Xalidə Hasilova, Nəriman Həsənzadə, Əmir Mustafayev, Əmir Pəhləvan və tanımadığım xeyli adam vardı.
Söz Nərimana verildi:
- Mən və Məmməd işsiz idik. Belə qərara gəldik ki, rəhmətlik Əli Vəliyevin yanına gedək, ondan kömək istəyək. Yazıçılar İttifaqında iclas idi. Mən orada çıxış etdim. Dedim ki, məni və Məmmədi yarımştata Vyetnama vuruşa göndərin, işsizik, qoy orada yarımştata vuruşaq. Onda Məmməd yerindən söz atdı, Nəriman, bizi vuruşa da göndərməzlər. Elə bilərlər ki, biz orada şöhrətlənərik, bunlar geri qalarlar.
Xalidə Hasilova çıxışında Məmmədi qüdrətli şair adlandırdı. Gecədə Məmmədin şeirləri səsləndi.
Söhbətimiz çevrilib Elmira Qafarovanın üstünə gəldi. Dedim ki, Elmira 90-cı ildə qorxmadan rusların törətdiyi cinayətə etirazını bildirdi, ancaq onu bizimkilər gözümçıxdıya saldılar.
- Kim bilərdi ki, SSRİ dağılacaq, xalqlar rusların boyunduruğundan xilas olacaqlar. Bir iş də var. Rusların fitnəsi arxada da qala bilər. Bu saat 500 min rus Azərbaycanda qalıb, onları “qorumaq” bəhanəsi ilə yenə də qoşunlarını tökə bilərlər.
Oturub Mikayıl Mirzənin seçicilərinə məktub yazdı. Sonra da deputat seçilmək istəyənlərin çıxışlarına qulaq asmağa başladı.
- Onların nəyinə qulaq asırsan?
- Deputat olacaqlarımızın səviyyəsini öyrənmək istəyirəm.
23 oktyabr - Axşam saat 10 - a işləmiş Mikayıl Məmmədin yazdığı məktubu aparmağa gəldi.
- Mikayıl, bax, qardaşın sənin haqqında nə gözəl sözlər yazıb.
Mikayıl məktubu oxudu:
- Bu sözləri ancaq Məmməd yaza bilər. Beyindi, ha!
Sonra əlavə etdi:
- Əgər televizorda çıxış etsəm bu misalı deyəcəyəm. Bir dəfə Əmir Nizami ilə gəzməyə çıxmışdı. Bir səhrada qarşılarına üç kəllə çıxdı. Əmir dedi ki, ya Nizami, özünü hər şeydən hali sanırsan. De görək bu kəllələrin sahibləri necə adamlar olub.
Nizami bir çubuq götürüb saldı birinci kəllənin qulağına, çubuq qulaqdan içəri keçmədi. İkinci kəllənin bu qulağından girib, o biri qulağından çıxdı. Üçüncü kəllənin qulağına girən çubuq geri çıxmadı. Nizami üzünü Əmirə tutdu. Əmir həzrətləri, birinci kəllənin qulağına çubuq girmədi, deməli, sözlər də onun kəlləsinə çatmır. İkincisi deyilən sözü bu qulağından alıb, o biri qulağından ötürən olub. Üçüncüsü isə sözləri qulağında sırğa kimi saxlayan olub. Belə adamlar xalqın qeydinə qalan olur. Mən də belələrindənəm. Ağsu camaatı, sizin dərdlərinizi Milli Məclisə çatdıranlardan olacağam.
Söhbət Xəlil Rzadan düşdü, Mikayıl məzəli bir əhvalat danışdı:
- Xəlilgilə həmişə içmək istəyənlər gəldiyinə görə arağı çatışmırdı. Çox vaxt turşuya qoyulmuş sirkəli suyu araq yerinə içirərdi. Bir axşam evinə iki aşıq gəldi. Mən də aşağı düşdüm. “Vodka” yazılmış şüşəni mətbəxdən tapıb gətirdi. Bizə araqdan, özünə isə konyakdan süzdü. Aşıqlardan biri qədəhi içib dedi ki, bu araq deyil, “Borjomi”yə oxşayır. Biz də içdik, duzlu suya oxşayırdı. Xəlil özü də içdi. Birdən Firəngiz qışqırdı:
- Eviniz tikilsin, içdiyiniz şəkilləri aşkarlayıcı dərmandır. Mən yaman qorxuya düşdüm. Azdramın fotoqrafına zəng edib hadisəni danışdım. Soruşdu ki, içdiyiniz nə rəngdədir? Şəffafdır, - dedim. Onda qorxmayın, içdiyiniz “proyavitel” yox, “okrapitel”dir. Yoxsa ölərdiniz. Bir az özümüzə gəldik. Hə, Xəlil rəhmətliyin belə işləri də vardı.
Məmməd Mikayıla məsləhət verdi ki, televiziyada danışanda sənətkarların da əsl siyasətçi olduğunu söyləsin.
26-27 oktyabr - Arada Məmmədin başına gətirilən hadisələrə qayıdırdıq...
- Özün bilirsən ki, həyatımızda qara günlər ağ günlərdən yüz dəfə çoxdur. Hər vəchlə mənə mane olduqlarının şahidisən. Əməkdar incəsənət xadimi adını o vaxt verdilər ki, bundan o tərəfə yoxdur. Dövlət mükafatını da İsmayıl Şıxlının təkidi ilə verdilər. Qalan bütün adları bir ayağım qəbirdə olanda aldım.
- Cabiri üçüncü katib qoyanda söz çıxartdılar ki, “Ulduz” jurnalına səni redaktor qoyacaqlar. Amma ayrısını qoydular.
- Yadımdadır.
- Hə, Azad Şərifov (o vaxt mətbuat Komitəsinin sədri) məni çağırıb bəhanə gətirdi ki, guya naxçıvanlı olduğuma görə söz - söhbət olar. Bunlar bəhanə idi. Mənim azad fikirlərim onların xoşuna gəlmirdi. Deyirdilər ki, dilini dinc qoymur. Mənimlə bərabər sən də az çəkməmisən.
“Əslində, Vətəndaşlıq şeirlərim “kimlərəsə” xoş gəlməyib. Mən onları bir umu üçün yazmamışam. Bunlar ürəyimin səsidir, harayıdır. Eşidilibsə, nə yaxşı. Eşidilmirsə, deməli, ucadan deyə, ya da yaxından pıçıldaya bilməmişəm. Bu az ömürdəki imkanımdan az iş görmüşəm, sarsıntım çox olub, arzumun səviyyəsinə qalxa bilməmişəm.
Hərdən, ey dünya, haraylayıram. Qalan ömrümdə mənimlə işin olmasın. Gündüzümə artıq işığını, gecəmə artıq Ayını istəmirəm.
Üzümə gülənlə, rəddimi qazanı bir geyimdə mənə tuş eləmə... “
Mən də aldanıb həm “Etimad”, həm də “Vahid” banka pul qoymuşdum. Səhər təzədən qeydiyyatdan keçmək üçün getməli idi. Məmməd məzələndi:
- Keçmişdə bir kişi 100 adam öldürdükdən sonra Allahdan əhv diləyir. Səda gəlir ki, qarpız, yemiş bostanı sal, yol ilə keçənlərə payla. Kişi elə də edir. Yol ilə keçənlərdən biri qarpızdan imtina edir. Sahib çox israr edir ki, qarpızı mütləq yeməlidir. Yolçu isə yemir. Qarpız sahibi onu öldürüb deyir, 100 - nü öldürmüşəm, bu da olsun 101 - i. İndi sən də çox pul itirmisən. bu da olsun 101 - i, gedib növbədə durma.
29-31 oktyabr - Radioda matəm marşı çalınırdı. Səbəbini bilmirdik. Sonra metroda baş verən faciədən xəbər tutduq. Məmməd dayanmadan, yazıq ölənlər, deyirdi. Bütün bu hadisələr camaatın biganəliyindən, saymazlığından, hakimiyyət üstündə davalarından başlarına gəlir, birlik yoxdur, kimliyindən asılı olmayaraq, rəhbərə kömək etmək lazımdır, hərə çəkilib bir yana, öz işilə məşğuldur. Bu xalqın tamah dişini qoparmaq mümkün olsaydı...
- “Bu xalqın dişi daş gəvələyir” - misrasını da əlavə etdi.
Məmməd: - S. Vurğun həmişə deyərdi ki, kiçik xalqın böyük şairi olmaqdansa, böyük xalqın kiçik şairi olmaq şərəflidir. İttifaqa rəhbərlik üstündə İmran Qasımovla Mirzə İbrahimov çəkişərdi. İslam Səfərli də zarafatla deyərdi:
- Heç bilmirəm hansına daha çox yaltaqlanım.
Axşam dil məsələsindən danışılırdı. Məmmədin fikri:
Öz ana dillərində təhsil almağı bədbəxtlik sanırdılar. Ana dilini öyrənmək nə vaxtdan bədbəxtlik sayılır? Bizim faciəmiz də bax, elə buradan başlanır.
Mən qətiyyən rus dilinin, ümumiyyətlə, başqa dillərin əleyhinə deyiləm. Başqa dilləri bilmək vacibdir, öz dilini bilməmək isə, ən azı, qeyrəsizlikdir.
6-9 noyabr - İsa Həbibbəyli operasiya olunduğu üçün gec gəldiyini söylədi.
- İsa, Telmanın çapa apardığı cildlərin vəziyyəti necədir?
- Telmanı görməmişəm, mən xəstəxanada olanda 2-ci cildə giriş sözünü yazmağımı istədi, elə xəstəxanadaca yazıb verdim, pis alınmadı. Telmanı işdən çıxarıblar.
Axşam dil məsələsi ilə əlaqədar yekun iclası gedirdi. Hər iki tərəfə əl çalanları nəzərdə tutaraq şeirinin bu misrasını dedi:
Meymuna əl çalmaq öyrətmə, bala!
Axşam Mail doktorla Prezident Aparatında işləyən bir nəfər qonağımız oldu. Dedi ki, Sədərək kəndindənəm, sizinlə görüşmək istəyirdim, axır ki qismət oldu. Söhbət ordudan düşdü, elə hadisələr danışdılar ki, mat qaldıq.
Məmməd təəssüfləndi:
- Nə qədər ki, bizim tamah dişimiz belə itidir, biz heç vaxt irəli gedə bilmərik.
Məmmədin nədənsə bu gün yadına şair və nasirlərə ünvanlanmış məzəli söz və əhvalatlar düşmüşdü:
- S.Vurğunun belə bir misrası var:
Çıxaq sahilə, lövbər seyrinə...
S.Rüstəm ondan soruşur ki, lövbərin nə olduğunu bilirsən? Gəmiləri sahildə saxlayanda ağır dəmiri suya salırlar ki, gəmini su aparmasın, lövbər odur. S.Vurğun dillənir: - Pah atonnan, ömrümdə bir dəfə Bakıya aid söz götürdüm, o da əclaf çıxdı.
S.Rəhimov Səmədi bağına qonaq aparıbmış. Fəxrlə bağını göstərdikdən sonra Səməddən soruşur:
- Hə, Səməd, bağım xoşuna gəldimi?
- Yaxşı xarabalıqdır - cavabını verir Səməd Vurğun.
10 noyabr - Axşam Məmmədin görüşünə Hacı Mail gəlmişdi:
- Məmmədi tanıyırıq, hamı tanıyır, ancaq belə yaxından tanışlığım yox idi. Yaxşı ki, Allah mənə bu tanışlığı qismət elədi.
Və belə bir misal çəkdi:
- Mollanın arvadı ərinə sual verir ki, a kişi, niyə kişilərə üç - dörd arvad alıb saxlamağa icazə verirlər, arvadlara isə yox?
Molla cavab verir:
- Arvad, bu sualın cavabı çox sadədir. Qazı onlardan, molla onlardan. İndi dövlətin işçiləri də belə. Evinizə, yaşayışınıza baxıram, təəccüblənirəm. Ziyarətə gedəndə Məmmədin sağalması üçün dua edəcəm, Allah səsimizi eşidər.
Sonra yeni bir misal çəkdi:
- Böyük bir dəstə gəmi ilə gedirmiş, birdən bərk külək qopur, gəminin batmaq təhlükəsi artır. Hamı Allaha yalvarır, dua edir. Ancaq bir nəfər dor ağacına söykənib durubmuş. Ondan soruşurlar ki, sən niyə Allaha yalvarmırsan? Allah hərəsinin səsini bir cür eşidir. Bəlkə sənin səsini eşitdi, bizə köməyi oldu. Camaatın xahişini eşidən kişi əlini göyə qaldıraraq qışqırır:
- Ehey, ay Allah, dayandır küləyi.
Külək dayanır, adamlar kişinin ətrafına yığışırlar, onu övliya adlandıraraq paltarından hərəsi bir parça götürür. Kişi dillənir:
- Mən də sizin kimi adamam, 80 yaşım var. 20 yaşım olanda Allah dedi ki, o işi görmə, görmədim. 40 yaşım olanda dedi, görmədim. 60 yaşımda həmçinin, dedi eləmə, eləmədim. İndi 80 yaşımda mən ona dedim ki, belə eləmə, görünür, sözümü eşitdi, kömək etdi. Yəqin bizim də duamızı eşidər. Buna əminəm...
Qonaqlar getdikdən sonra televizora baxdıq. Söhbət seçki və seçicilərdən idi. Mikayıla zəng etdi, Mətin cavab verdi ki, Ağsudadır.
Məmməd güldü:
- Süleyman Rəhimovla Mirzə İbrahimov hərəsi bir dəstə düzəldib bir-birilə çəkişirdilər. Süleyman Rüstəm heç birinə qoşulmamışdı, amma gah o tərəfə, gah bu tərəfə meyl edirdi. Süleyman Rəhimov tez - tez tərəfdarlarına deyərdi, Süleymana göz qoyun, o tərəfə keçə bilər. İndi Mikayıl Ağsuda, Aqil Ağcabədidə seçicilərə göz qoyurlar ki, başqa tərəfə keçməsinlər.
17 noyabr - Saat 9 - a qalmış İsa Məmmədov telefonla bayramı təbrik etdi.
- Ay İsa, hansı bayramdır ki?
- Gülxanım bacı, gərək Məmməd Araz ocağından bu sözü eşitməyəydim.
- İsa, ta işləmirəm, ona görə də bayramları qarışdırıram.
Behrudi ilə birlikdə bizə gələn İsanın söhbətindən:
- “Millət” qəzetində müsahibəm çıxıb, seçkilərin keçirilməsində səhvlər çoxdur, Cəfər Vəliyev rəqəmləri saxtalaşdırmasa, biz qələbə qazanmalıyıq. Mən deputat seçilsəm, imkanlarım olacaq ki, sənə kömək edim, müalicəni təşkil edim. İmkanlı adamlar çoxdur. Fikrim var ki, kitablarını fransız, ingilis dillərində çap etdirim.
Fransız dili üzrə burda yeganə mütəxəssis (adı yadımda deyil) sənin “Dünya sənin, dünya mənim...” şeirini Fransada fransız dilində oxuyub. Fransa akademiyasının prezidenti mat qalıb soruşub ki, imperiya dövründə belə şeir yazmağa cəsarət edən şair sağdırmı? Mən Məmmədlə 1976 - cı ildə tanış olmuşam. Allah qoysa yayda 20 illiyini keçirəcəyəm.
Sonra estafeti Rüstəm Behrudi əlinə aldı:
- Mənim kitablarım dünyanın müxtəlif dillərinə tərcümə olunub. Hər yerdə səni ustad adlandırıram, həqiqətən ustadımızsan...
18-22 noyabr - Söhbətlərimiz Məmməd səhər yuxusundan gümrah duranda baş tuturdu:
- Gecə yuxumda Mehdi Hüseyni görmüşəm. Sən bu hadisəni bilirsən, bir də danışım. Mehdi Hüseynin yanındaydım. Vidadi Babanlı gəldi, dedi ki, nəşriyyatda boş yer var, məni ora göndər, işsizəm.
Mehdi gülüb cavab verdi ki, ora bu qara oğlan gedəcək. Və məni nəşriyyata ədəbiyyat şöbəsinin müdiri kimi Mehdi Hüseyn göndərdi.
Meydan əhvalatlarına baxanda yaman əsəbiləşdi:
- Sözləri qurtaranda meydandan danışırlar, meydan məsələsini rezin kimi istədikləri tərəfə çəkirlər, bilmirsən nə istəyirlər. Bəs, camaatı azadlığa necə hazırlamalı idilər? Axı, irəli gedən öz ardınca xalqı çəkib aparmalıdır. Yalvarmaqla azadlığa çıxmaq mümkün deyil. Tarixdə işğalçılara yalvarmaqla azadlıq əldə edən xalq yoxdur. Azadlıq ancaq mübarizə, qırğın, qan tökməklə mümkün olmuşdur. Özlərinə lazım olanda deyirlər ki, meydan xalqı mübarizəyə hazırladı, lazım olmayanda deyirlər ki, meydan xalqı qırğına apardı...
“Xalqı mübarizədən çəkindirmək, onu taleyi ilə barışdırmaq... Tale adlandırılan təsadüfün hökmü ilə barışmaqdan ağır nə ola bilər? Birisi səni ayaqlarından yapışıb selin qabağına atır, sən də gözlərini yumub özünü qəzanın hökmünə qul eləyirsən...
Öyrənməkdən betər söz var - “öyrənişmə”. Bu, laqeydliyin son pilləsidir”.
Abdulla Qurbaniyə telefon açıram:
- Ay Abdulla, hardasan, Məmməd yaman nigaran qalmışdı.
- Ölməmişəm, Gülxanım bacı, Naxçıvanda idim, çəkiliş aparmağa getmişdim. Məmməd müəllimlə görüşə aid yaxşı afişa hazırlamışam, rənglidir. Bütün əsgəri hissələrdən ora nümayəndələr gələcək. Prezident Aparatından da adam olacaq. Yaşar Aydəmirov sizdən küsüb, orada hər işi qaydaya qoymuşdum.
25-26 noyabr - Hidayət Orucov telefonla bildirdi ki, Gürcüstanda ədəbiyyat günlərində bir neçə yerdə çıxışında Məmmədin adını çəkib. Həmin ədəbiyyat günləri televizorda göstəriləndə isə Məmmədin adını çıxış edənlərin ağzından eşitmədim. Əzizə Cəfərzadə ilə müsahibə aparılırdı.
Məmməd təəssüfləndi:
- Əzizə qocalıbsa, deməli, qocalıq axmaq işdir.
Əzizə xanım müsahibəsində belə bir cümlə də işlətdi: “Yazıçının arvadı olmaq necə çətindirsə, görünür, yazıçı qadının əri olmaq da elə çətindir”.
- Verdiyin suala cavab verim, Yazıçılar İttifaqının katibliyi məsələsində Azad Şərifov əvvəl məni çağırıb söhbət etdi, sonra Cabiri. Aydın məsələ idi ki, Mirzə kimi müdafiə edirdisə, o da keçməli idi. Süleyman Rüstəmlə Əfqan mənə deyirdilər ki, üçüncü katib sən olacaqsan, amma mən bilirdim ki, boş söhbətlərdir, bildiyim kimi də oldu.
Axşam Mikayıl, Hüseyn və Mətin kinokamera ilə gəlib Məmmədlə birlikdə çəkiliş etdilər. Söhbət yeni seçilmiş deputatlardan düşdü. Sən demə, Musa Yaqub elə birinci gündən deputatlıq kartoçkasını itiribmiş.
Məmməd belə bir xatirə danışdı:
- Qəşəm İsmayıllıda katib işləyəndə Musa Yaqub qəzet redaktoru imiş. Heç bir iclasa getməz, 10 saat bir yerdə otura bilmərəm, deyərmiş. Qəşəm özü də yaradıcı adam olduğu üçün Musa Yaqubun xətrinə dəyməz, icazə verərmiş ki, kefin istəyəndə işə gəl.
28 noyabr - Saat 5 - də Avdı Qoşqar çəkilişə gəldi. Soruşdum ki, çəkiliş nə məqsədlə edilir?
- Bazar günü “Məqam” adlı verilişin bir qolu da Məmməd Arazdır, - dedilər.
Aqil evə gec gəldi:
- “Müsavat”ın yubiley iclasında idim. Sənin “Dilənçi qaçqın” şeirini Ağalar oxudu. Əmi, o nə qiyamət şeirdir? Bütün zal ayağa qalxdı. Æurnalistlər Ağaların üstünə töküldülər ki, şeiri ver çap edək. Ağalar vermirdi, dedim ki, ver, əmiyə mən deyərəm.
Məmməd deyindi:
- Bir xalq ki, öz işığının məftillərini kəsib xaricə apara, özünü işıqsız qoya, əsgəri tüfəngini sata... Xəcalət çəkirəm, görən xalqım niyə bu günə düşdü?
6-18 dekabr - Səhər tezdən qara xəbər qanımızı qaraltdı. Naxçıvanda təyyarə qəzaya uğramışdı. İkinci bəd xəbər isə İsi Məlikzadənin rəhmətə getməsi oldu:
- İsi gözəl insan idi, gözəl qələmi var idi. Mən nəşriyyatda şöbə müdiri olanda ilk kitabını mən buraxmışam. “Ulduz” jurnalında bir yerdə işləmişik. Allah rəhmət eləsin, - dedi Məmməd.
Axşam Ağalar görüşdə oxunacaq şeirləri aparmağa gəlmişdi. Seçib yeni şeirləri verdik. “Əsgər oğul”, “Bizi Vətən çağırır”, “Düşmən qabağından qaçan kişilər”, “Sənə inanıram”, “Sözüm qurtarıb” və s.
- Şeirlər həm çağırış, həm də tərbiyəvi şeirlərdir, oxusan pis olmaz, - dedim.
- Saat 12 - də “Qorqud” şirkəti mükafatların təqdim olunması mərasimini keçirirdi. Yığıncağı Eldar Salayev aparırdı. İsa Həbibbəyli mükafatların niyə və nə üçün verildiyini söylədi. Nəriman çox səmimi çıxış etdi. Mükafat Zəlimxan Yaquba, Yaşar Qarayevə və Mailə Muradxanlıya verildi.
Sözarası Mailə xanım mənə məlumat verdi ki, “Məqam” verilişində uşaqlar tavanınızı göstərməyi istədilər, dedilər ki, xanım dönə - dönə xahiş edib, ancaq mən icazə vermədim. Dedim ki, görkəmli adamdır, olmaz.
- Bizim yerimizə nədənsə həmişə başqası danışır, başım çıxmır, bəs o görkəmli adam şəraitsiz bir evdə yaşaya bilər, siz isə onu göstərə bilməzsiniz. Deyindim.
19 - u axşam Zəlimxan Yaqub Məmmədə həsr elədiyi şeiri gətirdi. Şeirin axırında bu sözlər yazılmışdı:
“Məmməd Araz mükafatı aldığım gün mənim ən xoşbəxt günümdür. Allah Məmməd Araz əbədiyyətini bu xalqa çox görməsin”. 19/XII - 95.
| 25 dekabr - Axşam Abdulla Qurbani bizə özünün 1990 - 91 - ci illərdəki faciələrə aid araşdırmalarını oxudu. Adama qəribə gəlir, necə ola bilər ki, adam öz torpağını satsın, rəhbərlik öz xalqını tapdağa versin. Belə söhbətləri eşitdikcə Məmmədin gözləri dolurdu. Şəlalə sual verdi ki, nə vaxtdan mərkəzdə işləyirsən? - 5-6 aydır, - cavab verdi Qurbani. - Mərkəzdə sıxılıram. Vətən səngərdən görünür. Müdafiə Nazirliyində işləyən bəzi adamlarda vətən haqqında anlayış yoxdur. Mənim günüm səngərlərdə keçir. Yığdıqlarımın hamısı tarixi sənədlərdir. Gələcəkdə tarixin düzgün yazılmısında, bədii əsərlərin yaranmasında yığdığım materialların, cəbhə araşdırmalarımın əvəzi olmayacaq. Meşəli kəndi haqqında hələ düzgün məlumat verilməyib. Ermənilər kəndi yandıranda qışqırırmışlar: “Bəs hanı sizin prezidentiniz, özünü Meşəli kəndindən sayırdı, bəs niyə kəndini müdafiə etmədi?..” Abdulla Qurbani çox danışdı, hamısını qeyd etməyi lazım bilmədim. - Sabah “Zabitlər evi”ndə görüş olacaq, deyib getdi. 26 dekabr - Saat 6-da Mikayıl Mirzə və Abdulla Qurbani ilə birlikdə “Zabitlər evi”nə getdik. Zaur Rzayev, Arif Məlikovun Məmmədin “Dağlar” şerinə bəstələdiyi musiqini təriflədi. Görüş başlandı. Zal dolu idi. Qabaq cərgədə “Dəniz məktəbi”nin kursantları oturmuşdu. Lap uşaq idilər. Sonra bizim sıra gəlirdi. Arxa isə müxtəlif bölmələrdən gəlmiş nisbətən yaşlı zabitlər idi. Görüşü Qurbani açdı: - Məmməd müəllim, sən bu gün gəlmək istəmirdin. Dedin, Abdulla, özümü pis hiss edirəm, görüşü mənsiz keçirin. Allaha and olsun, Murovdan gələn bütün zabitlər hamısı yığışıb gələcəkdilər sizə. Axı sən fəxri döyüşçüsən. Komandir əmr verdi, mütləq əmri yerinə yetirməlisən. Yaxşı ki, əmri yerinə yetirdin, görüşə gəldin... Sonra bədii hissə başlandı. Ağalar verdiyim şeirlərin birini də oxumadı. Görünür, əzbərləməmişdi. Deyindim ki, əsgərlərə təzə çağırış şeirləri lazımdır, Ağalar niyə oxumadı görəsən? Məmməd sözümlə razılaşmadı: - Onlar üçün bu şeirlər də təzədir... Mikayıl çıxışına lətifə ilə başladı: - Keçmişdə bir şah öz ölkəsinə səyahətə çıxıbmış. O, ölkəsinin müdafiə işləri ilə maraqlanır, əsgərləri ilə görüşür. Bir əsgərdən soruşur: - Adın nədir? - Məhəmməd. - Nə yaxşı, gözəl addır. Oğul, söylə görüm vətən sənin nəyindir? - Vətən mənim anamdır. - Çox gözəl, afərin bala, bax, Vətəni belə sevmək lazımdır. Sonra şah ayrı bir əsgərə yanaşır: - Sənin adın nədir? - Hüseyndir. - Maşallah, söylə görüm bəs Vətən sənin nəyindir? - Vətən mənim xalamdır. Şah təəccüblə əsgərə baxır: - Bəs, niyə elə, bala? - Çünki Məhəmmədlə xalaoğluyuq. Mikayılın lətifəsinə bütün zal gülüşdü. Mikayıl davam etdi: - 1990-cı il idi, Naxçıvana, oradan da Sədərək kəndinə getdik, Xəlil Rza da bizimlə idi. O vaxt əsgərliyə gələn uşaqlar ruslardan qalan böyük paltarları, 45 ölçülü ayaqqabı geyinmişdilər və paltarların içində itib-batmışdılar. Dünən ana qucağından ayrılmış uşaqlardı. Tətiyi çəkməyi də yenicə öyrənirdilər. Bu uşaqlar o uşaqlardılar ki, vaxtı ilə məktəbdə əlini yalandan tüfəng kimi tutub, yoldaşına yönəldir və deyirdilər, tıp, vurdum səni, ayə öl də, axı səni vurub öldürmüşəm, cığallıq eləmə! Bax, həmin uşaqların addımları indiki ordunun himi idi. Mikayılın belə şirin danışıqlarına qabaqda oturan kursantların pıqqıltısı da qarışmışdı. Müdafiə nazirinin siyasi işlər üzrə müavini də çıxış etdi: - Məmməd müəllim, siz Murova gələndə mən orada yox idim. Çox təəssüfləndim ki, sizinlə görüşə bilmədim. Siz gedəndən sonra Murovdan Kəlbəcərə gedən yolun kənarındakı bulağa sizin adınız verildi. Bulağın yanındakı qara daşa xatirə lövhəsi vurulub, o daş tarixə düşdü, tarixə qovuşdu. Əsgərlər sizi hörmətlə yad edirlər. Gələndə nazirə dedim ki, cənab nazir, bizim bir tədbirimiz var, Məmməd Arazla görüş. O, sizə öz salamını yetirdi. Bu saatı da sizə əsgər və zabitlərin adından hədiyyə verirəm. Məmməd təşəkkürünü bildirərək ancaq bu sözləri mikrofona deyə bildi: - Mən döyüşdə iştirak edə bilməsəm də, qələmimlə bir əsgərəm. Çalışacağam ki, Vətənə qələmlə daha çox xidmət edim. “Məmməd Araz axşamıdır bu axşam” başlıqlı, Məmməd Araz parollu belə bir gecəni hazırlayan, Abdulla Qurbaniyə, eşq olsun, dedim. 30 dekabr - Saat 4-də Məmmədin görüşünə gələn Heydər Həsənoğlu, Yaşar Qarayev, İsa Həbibbəyli və Mikayıl Mirzə onun şeirlərinin müzakirəsinə başladılar. Mikayıl danışdı: - Məmmədin şeirləri sirri - xudadır. Bir sözünü şeirdən götürsən şeirin ahəngi pozular. Onun şeirlərində hər vergülün, hər nöqtənin də öz yeri, öz vəzifəsi var. Başa düşmək olmur, haradan gəlir bu sözlər, necə edir ki, heç bir sözü, heç bir fikri artıq görünmür. Təkrar edirəm onun şeirləri sirri - xudadır. Mikayılın dərdi açılmışdı: - İstedadlar yetişmir, şeiri oxuyanda nəfəsə yox, səssizliyə yox, şairin dərdinin, fikrinin açılmısına diqqət yetirmək lazımdır. Mən teatrın ölməsinə yox, dirilməsinə çalışırdım. Əlimdə imkan olsa idi bütün artıq ştatları ləğv edər, Moskvadan rejissor çağırar, cavanları hazırlardım. Keçmiş nəslin axırıncı nümayəndəsi Mehdi Məmmədov gedəndən sonra heç nə qalmayıb. Fikrim “Otello”nu yeni formada tamaşaya qoymaqdır. Və sairə. 31 dekabr - 95-ci il nə ilə yadda qaldı? Məmmədin “İstiqlal”ordeni alması, Almaniyaya müalicəyə getməsi. Yeni ilimizi üçümüz qarşıladıq. 1996 1 yanvar -Xəstəmiz xəstə, qayğılarımız da öz işində. Almaniyadakı “Azərbaycan kultur” cəmiyyətinin nümayəndəsi Səbahəddinin danışığından hiss etdim ki, Azərbaycana iş dalınca gəlibmiş. Deyinirdi ki, əcnəbilər gəlib Azərbaycanda “iş açırlar”, bizə isə imkan vermirlər. Mənim suallarıma isə cavabı bu oldu: - Özünüz şahidi oldunuz ki, Almaniyadakı azərbaycanlılar arasında birlik yoxdur. Qəriblikdə də bir-birilə yola getmirlər. Ən çox da cənubluları günahlandırırlar, cənublular isə ticarətlə məşğul olan adamlardır, onlarda vətən məfhumu bir o qədər də olmur. Əslində olur ey, amma qabartmağa qorxurlar. Onu da əlavə etdi ki, dünən axşam yeni ili qarşılayanları müşahidə etmək məqsədilə “Gülüstan” sarayına getmişdim. Yeni ili qarşılayanların üzündə torpaqlarını itirən, müharibə dövrünü yaşayan bir ölkənin vətəndaşı olduğunu hiss etdirən bir əlamət görmədim... Səbahəddin unutqanlığımızdan da çox gileyləndi... 2 yanvar - İşdən qayıdanda dedi: - Deyirdin işə getmə, getməsəydim qəzetin baş məqaləsini verəcəkdilər. Məqalədə Komitənin sədrini tərifləyib göyün yeddi qatına qaldırmışdılar. Qəzet belə çıxsaydı hamı məni qınayardı. Getdim, bu işdən xəbərim oldu. Axşamüstü Cəfər qardaş, Hümmət həkim və tanımadığım bir nəfər yeni ilimizi təbrikə gəldilər. Söhbət işsizlikdən düşdü. Dedim ki, Mikayıl da işsizdir. Hümmət həkimin sözü belə oldu: - Mikayıl dahi adamdır, işi neyləyir? Getsin dahiliyi ilə məşğul olsun. Bu söz məni yaman tutdu: - Məgər dahilər çörək yemir, paltar geymirlər? Onlara pul lazım olmur, yoxsa ailələri yoxdur? Kim işsiz olan dahilərə çörək verir, çox qəribə psixologiyadır. Dahidir, deməli, hava ilə dolana bilərlər. 4-7 yanvar - Tofiq səni niyə axtarırdı? - Nəriman Həsənəliyev haqqında xatirələr çap etmək istəyirlər. Məndən də xahiş etdi ki, kiçik bir yazı yazım. Hafiz Əli yanıma gəlmişdi, sən də onu tanıyırsan. Mənim çoxlu cavanlıq şəkillərimin onda olduğunu söylədi. - Hanı bəs? - Sonra gətirəcək, birini gətirmişdi, cırıq olduğu üçün qaytardı, təzəsini gətirəcək. İradənin institut yoldaşı İlqar, Əmir Pəhləvan və adını bilmədiyim bir şəxs bizdə idilər. Söhbət zarafata keçdi. Əmir: - İnsanlar hansı heyvanın ətini çox yeyirsə, həmin heyvana oxşayırlar. Biz də qoyun ətini çox sevirik, ona görə də qoyuna oxşayırıq. Məmurların da çoxu öz ciblərini güdür, heç biri öz yerində deyildir. Görürsən, birini böyük bir ölkəyə səfir qoyublar, amma di gəl, bu adam doğma Azərbaycan dilini bilmir. Dilini bilməyən bir adam ölkəsini necə təbliğ edə bilər? Bütün sahələrdə belə kadrlarımız işlədiyinə görə, heç bir işimiz irəli getmir. Sonra gəlişlərinin səbəbini açıqladılar. Əmirin çəkdiyi filmə Məmmədin rəyini öyrənmək istəyirdilər. 8 yanvar - Osman Sarıvəllinin 80 illiyinə həsr olunmuş filmin təkrarına baxırdıq. Məmmədin xatirələri çözələndi: - Osman müəllim çox yaxşı adam idi. Əli Vəliyev kimi, o da tələbələri tez - tez evinə dəvət edərdi, onlara yaxşı süfrə açardı. 53 - 56 - cı illərdə arabir onun evinə gedərdim. Yaxşı ailəsi vardı. Adamı çox mehriban qəbul edərdilər. Osmanın çox səmimi şeriləri var: Heç kimə könlümü aça bilmədim, Cırıq paltarımdan eşqim utandı... Gör necə səmimi deyilib, amma sonralar partiyanın ardınca getdi... Ayrı yolları da yox idi. Səməd Vurğuna çox hörməti vardı. Ömrünün çox hissəsini onun əsərlərinin toplanmasına, çapına həsr etdi, özü kölgədə qaldı. Səməd öləndən sonra da təsirindən çıxa bilmədi. Bu sözlər mənim şəxsi fikrimdir, özü də bu haqda yazıb: Qəbrinin üstünə gələcəyəm mən, Ömürlük yanına gəlincə sənin... O, bir adət olaraq cümə günləri həmişə Səmədin qəbri üstünə gedərdi. Yazıçılar İttifaqında partkom idi Osman. Qabil də çox vaxt partiyanın əleyhinə şeir yazardı, bununla belə, partiyaya daxil olmaq üçün ərizə vermişdi. Partkomlar, bir qayda olaraq, yeni qəbul olunmaq istəyənləri raykoma aparardılar. O cümlədən, Osman da Qabili raykoma aparmışdı. Osman orada çıxışında belə deyibmiş: - Yoldaşlar, o, həmişə partiyanın əleyhinə yazıb, ondan partiyaçı çıxmaz, özünüz bilin... Osmanın bu çıxışından sonra kim Qabili partiyaya qəbul edərdi ki?.. Sonralar Qabil Yardımlıya müəllim işləməyə getdi və orada partiyaya daxil oldu. Bakıda Osmanla görüşəndə belə demişdi: - Osman qağa, soxuldum partiya sıralarına. Osman bir dəfə Qazaxda çıxış edəndə demişdi: - Yoldaşlar, Sovet höküməti bizə nə gətirdi? Bərabərlik gətirdi, məktəblər gətirdi, savad gətirdi. Nəyi aldı? Mərifəti, qanacağı aldı, böyüyə hörməti aldı, böyük - kiçik məsələsini aradan qaldırdı. Hə, bax belə çıxışları da olardı Osmanın. Qabillə bağlı bir söhbət də yadıma düşdü: Qabil Osmandan soruşur: - Osman müəllim, adamı təyyarənin belinə bağlayalar, görəsən, Moskvaya salamat gedib çıxarmı? - Ay Qabil, o adam adam kimi niyə təyyarəyə minib getmir ki?.. Süleyman Rüstəm həmişə Osmana sataşardı: - Bir kəndə gedin, təndirə baxın, çarıqlara baxın ki, rezindəndir, yoxsa dəridən. Osman sərbəst şeiri çox xoşlamazdı. Sərbəst şeir yazanlarla həmişə mübahisələri düşərdi, amma özü də arada sərbəst şeir yazardı. 10-12 yanvar - Mikayıl Mirzə Məmmədin “İbrət, nifrət muzeyi” şeirini götürdü. Dedi ki, bir aktyorun teatrını hazırlayıram. Sənin “Ya rəbbim, bu dünya sən quran deyil” şeirini qiyamət işləmişəm. Yeni nə yazdığını soruşanda dedim: - Almaniyada olanda bir misra sənə, bir misra mənə yazıb. Mikayıl güldü: - Eybi yox - dedi, - mən də yaxşı bir məclisdə deyərəm ki, hərəmizə bir misra həsr edib, deyib ki, ancaq ona layiqsiniz. Cəfər qardaş məni telefona çağırdı: - Bacı, yaxşı bir cərrah var. Uzun müddət Moskvada işləyib, yerlidir. Semaşkoda bir palata ayırarıq, damarına iynə vurub yatırdarıq və əməliyyat apararıq. - Bəlkə Türkiyəyə aparaq? - Bacı, Türkiyədə, Allah eləməsin, bir hadisə olsa, sonrası necə olacaq? - Onda sizi gözləyirik. 13-18 yanvar - Axşam Aqil Məmmədə dedi: - Əmi, üç gün əvvəlki “Millət” qəzetində sənə həsr olunmuş şeir çıxıb. Hələ sənin şeirinə nəzirə də çıxıb. “Parlament bizim, parlament sizin, parlament heç kimin.”. Necə yaşayaq dünyada, gülüm... Xəyanət duz qatsa xəmirimizə, Məhəbbət urvası dad olsun bizə. - Məmməd, bu misralar yaxşı deyilmişdir. Niyə “Necə yaşayaq ki...”şeirinə daxil etməmisən? - Nə bilim, görünür, ondan yaxşısını tapmışam. Zəng edən Akif Mədətov idi: - Naxçıvandan təzə gəlmişik. Şölə ilə sizə baş çəkmək istəyirik. Akif vəziyyətimizlə maraqlandı. - Akif, ürək açan bir hal yoxdur. Hamı vəd verir, onlar qapını örtüb çıxan kimi vədlər qalır bizimlə baş - başa. Axı, biz bu insan adlanan insanları məcbur eləmirik ki, yalan vədlər versinlər. Düzü, mən təəccüblənirəm, kişi də yalan danışar? Akif də təəssüfləndi. - Bəlkə bir sponsor tapa bildik? - Zakir demiş, belə ki “ötür - ötür, apar - apardır”, Akif, o baş tutan məsələ deyil. Cəfər telefonla soruşdu: - Bacı, Çərkəz həkim sizinlə danışdı? - Yox. - Bacı, həkim çox yaxşı həkimdir. - Vallah, operasiya məsələsinə qarışmıram, qorxuram, özü ilə danış. 21-22-23 yanvar - Xudayar babasını, Zəhra nənəsini tez - tez yada salardı: - Biz uşaqlar həmişə evimizin yuxarısındakı düzənlikdə oynayardıq. Bir dəfə gördük ki, Xudayar baba ağlaya - ağlaya nə isə axtarır. Soruşduq ki, baba nə olub, nəyi axtarırsan? O dedi ki, dişlərimi itirmişəm, onları axtarıram. Bu sözə pıqqıldaşdıq. Babam acıqlanıb bizi qovdu. Həmin hadisə indi də mənə ləzzət verir. Axşam Mikayıl Məmmədə baş çəkməyə gəlmişdi. Söhbət Xəlildən düşdü. Məmməd dedi ki, Xəlilə ölümü Moskvada hazırlamışdılar. Dustaq vaxtı Xəlil infarkt olmuşdu. Mikayıl: - 1990-cı ildə bizi tutub Təhlükəsizlik Nazirliyinə aparmışdılar. Onda ara çox qarışmışdı. Bilirsinizmi, ara - sıra verilişlər hazırlanmasa, təbliğ olunmasa Məmmədi də unudarlar. Sponsor tapsam, istəyirəm Məmməd haqqında bir veriliş hazırlayam. Fikrimdə filmə belə quruluş verməyi nəzərdə tutmuşam. Dənizin ortasında adadır. Məmməd adada təkdir. Dalğalar dörd tərəfdən hücum edir. Məmməd də dalğaların ona necə hücum etdiyinə baxır. Yaxşı fikirlərim var... Ammasını özünüz bilirsiniz. Əlirza şeirin bir misrasını dəqiqləşdirmək üçün gəlmişdi. Soruşdu: - “İlhamım” şeirində belə misra var. “Yenə dağ döşündə dənərləndi qar” misrasında “dənərləndi” və ya “dənələndi”? - Təbii ki, qar dənərlənər, dənələnməz, - dedi, Məmməd. 27 yanvar - Nəbi Xəzri haqqında verilişi Mehriban Vəzirova aparırdı: - Şairlər, nasirlər arasında axır vaxtlar bir növ dəb düşüb. Deyirlər ki, bizə ilahi bir qüvvə şeiri və ya nəsri pıçıldayır, biz də kağıza köçürürük, elədirmi? Mehribanın sualına Nəbinin cavabı: - Şairlər tərcümandır. Kənardan olan pıçıltıları kağıza köçürür. Mən heç vaxt şeir yazacağam deyib yazı masasına yaxınlaşmıram. Şeiri mənə diqtə edirlər, mən də köçürürəm... - Məmməd, Nəbinin cavabını eşitdin? Sənə də kimsə pıçıldayır, sonra yazırsan? Sualıma güldü Məmməd: - Yox, elə deyil. Şeir adi bir baxışdan, qeyri - adi səsdən, mehriban bir sözdən, bir gözəlin görünüşündən və ya təbiətdən yaranan fikirlərdir. Şeir nədir sualına cavab verən anasından doğulmayıb hələ... Şeir bir qədər möcüzədir, müəmmadır. Zamana verilən sualdır şeir. Zamanın sualına sualla cavabdır şeir. İnsanı dərddən xilas eləyən, insanın dərd yüküdür şeir. Yurdun üfüqünə boylanmaq üçün bir-iki pillədir şeir. Məmməd bir az ara verdi, sonra sözünə davam etdi: Poeziya insan yolunda yanan əbədi işıqdır. Həyatın nəfəsini duymaq, nəbzini tutmaq, onun ritmini poeziyaya gətirmək. Şeir nədir sualına elə-belə, bir sözlə, beş-on sözlə cavab vermək olmaz. Bu suala silsilə məqalələrlə də, qalın-qalın kitablarla da cavab vermək çətindir. Bəlkə heç bu sualın cavabı yoxdur?! Bəlkə bu sualı vermək naşılıqdır?! O necə yazılıb, necə yazılır, necə yazılacaq - əsasnaməsimi var?! Şeir oxunursa - içilir, içilirsə - demək yazılıb. Deyirlər ki, böyük istedad verilibsə, böyük təhlükədən özünü qoru. Qəfil badalaqlar hələ pusqudadır. Böyük yolların döngəsi də böyük olur. Cılızların pusqusunda dayanan olmur, amma cılızlar pusquda dayanırlar. Çox zaman da “boş qalan” yerləri tutmaq üçün. Mənim beynimdə çox vaxt şeirimin axırıncı misrası doğur. Həmin misraya əsasən sonrakı misralar, yəni əvvəlki yaranır. Baxır necə... Nəbi yaxşı dostdur, dedi Məmməd. Mən Moskvada oxuyanda Mehdi Hüseyn deputat idi. Vaxtaşırı Moskvaya gələrdi, gələn kimi də biz tələbələri yanına çağırardı. Söhrabla yanına gedərdik. Bizimlə gəzməyə çıxardı. Bir dəfə Mehdi Hüseyn məndən soruşdu: - Məmməd, Nəbi necə şairdir? - Nəbi çox yaxşı şairdir. - Bəs deyirlər ki... - Vallah, mən onu yaxşı adam kimi tanıyıram və zarafatla əlavə etdim, özünüz onu katib qoymusunuz, arvadı qazaxlıdır deyə. Mehdi şaqqanaq çəkib güldü və məni qucaqladı. Mən ayrı söhbətə keçərək soruşdum: - Məmməd, Qarabağ məsələsində Kazimirovun danışığından nə başa düşdün? - Ermənilər Yeltsini gözləyirlər, prezident seçilməsə, hələ yenə də vaxt qazanacaqlar. Ayrısı seçilə, o fikrini bildirə, uzun çəkər. Ermənilər ölsələr də, heç vaxt döyüşsüz torpağı geri qaytarmazlar. 29 yanvar - Telefon səsləndi: - Mən, Çərkəz Cəfərovam. Məmmədin operasiyasını mən edəcəyəm, gəlib baxmalıyam, ünvanı xahiş edirəm. Həkim gəlib çıxdı və söhbətinə belə başladı: - Semaşko təcili yardım xəstəxanasında lüks otaq hazırlamışıq. Xəstəxananın baş həkimi deyir ki, Məmməd müəllimin bizim xəstəxanada operasiya olunması fəxrimizdir. Yerli narkozla, sakitləşdirici dərmanlarla əməliyyat edəcəyik. Narahat olmayın, Allahın köməyilə hər şey yaxşı olacaq. Həkim gedəndən sonra Məmmədin həyəcanlandığını gördüm, ancaq özümü o yerə qoymadım. 7 fevral - Saat 11-də gedib hazırlanmış otağa baxdıq. Təbii ki, Almaniyadakı şəraitlə bizim təcili yardım xəstəxanası arasında yerlə - göy qədər fərq var. Buna da şükür. Həkimlər əlindən gələni ediblər, çox sağ olsunlar. Analizlərdən keçdi, səhər qayıtmaq şərtilə evimizdə gecələdik. Dostumuz İsa özünə məxsus hay-küylə içəri keçdi: - Neçə gündür zəng edirəm, evdə yox idiniz? - Hə, Məmmədi operasiyaya hazırladıqlarına görə neçə gündür xəstəxanada oluruq. Bu arada Mikayıl da gəldi, mübahisə başlandı: - Xalq çox pis yaşayır, əksəriyyəti dilənçi vəziyyətindədir. Bir qrup adamların pulu xarici banklardadır. Söhbət uzanır, milli burjuaziyanın inkişaf etdirilməsindən, sahibkarlıq olarsa, rüşvətin azalmasından danışdılar. Arif Mansurov xəbər vermişdi ki, Məmmədə “Həsən Əliyev” adına mükafat verilib, mükafat fevralın 9 - da təqdim olunmalıdır. Mükafat sözünü eşidəndə Mikayıl dedi ki, bəzi şairlər, Məmməd Araz var deyə biz ölməliyik? - deyə deyinirlər. 9-10-11 fevral - Saat 6 - da Məmmədi əməliyyat otağına qaldırdılar. Əməliyyat gecikdiyinə görə hamımız narahat olmuşduq. Nəhayət ki, salamatçılıqla qurtardı. Gecə yanında Cəfər qardaşla bacısı oğlu Süleyman qaldı. Məmməd mənə əməliyyatın gedişini danışdı: - Məni əməliyyat stoluna uzatdılar. Hamısının üzündə maska var idi, ancaq gözləri görünürdü, hə, tibb bacısının gözəl gözləri var, fikirləşdim. Bəs Cəfər hanı? Ayıra bilmədim. Əllərində bıçaq və başqa alətlər olan maskalılar başıma toplaşmışdılar. Öz-özümə, Məmməd Araz, sakit ol, dedim, ayrı çıxış yolun yoxdur. Onlar üzərimdə işlədikcə yadıma Puşkinin qəhrəmanı Çatski düşdü. Onun xəstə yanında özünü necə aparacağına aid söylədiyi misraları əzbərdən ürəyimdə dedim. Sonra öz yazılmamış şeirimin iki misrasını mızıldadım: Bu millətin dişləri daş gəvələyir, Bu millətin barmağı tətiyə yatmır. Bazar günü olduğuna görə həkimləri axırıncı kurs tələbələri əvəz edirdilər. Növbətçi həkimlər tez-tez Məmmədin yanına gəlir, halını xəbər alırdılar. Bizimlə üzbəüz palatada bir xəstə yatırdı. Yanında qalan yox idi. Tələbənin yazığı gəlib yanında oturmuşdu. Dedilər ki, qızı və nəvəsi var, amma mən onların heç birini görmədim. “Öləndən sonra yəqin ki, hay qoparacaqlar ki, camaat “afərin” desin”. Məmmədə Keçili kəndindən bir tələbə tanışlıq verdi, Məmməd onun atasını və babasını tanıdı. Bir xəstə isə çox orijinal çıxış elədi: - Məmməd müəllim, mənə qorxaq Salman deyirlər, qardaşlarım, babam, ata və əmilərim hamısı cəllad olublar. Onlar kimi olmadığıma görə mənə qorxaq adını veriblər. Demə ki, qorxaq gəlib mənə ürək - dirək verir, sağalacaqsan. 14 fevral - Məmməd, əməliyyat vaxtı Çatski niyə yadına düşmüşdü? - Ona görə ki, yaşamağımın xeyri nədir, bununla nə qazanıram? Bir də yadıma Qasım Qasımzadənin maşın sürməyi düşdü. Qasım maşını yaxşı sürə bilmirdi, xəbərdarlıq edirdi ki, qabaqda çala var özünüzü möhkəm tutun. Əməliyyatda da Cəfər və başqa həkimlər mənə təsəlli verirdi, möhkəm dur, qurtarırıq. Amma aralarında olan o qızın örtükdən kənarda qalmış son dərəcə gözəl qaş - gözü yadımdan çıxmır. Televizorda yenə də “müstəqil Azərbaycan”, deyə qışqırırdılar. - İran və Rusiya çalışacaqlar ki, müstəqil qalmayaq. İranla Rusiyanın mənafeləri üst - üstə düşür. Bu tərəfdən İran açıqca Ermənistana kömək edir, - əlavə etdi Məmməd. 16 fevral - İsa danışır, Məmməd sakit-sakit ona baxırdı. Sonra İsa mənə müraciətlə dedi: - Gülxanım bacı, bir dəyirman sahibi evinizi təmir etdirməyə söz verib. Sonra İsa həmin adama bizim yanımızdan zəng etdi: - Məmməd müəllimgildən zəng edirəm, dediyin söz necə oldu? Bildim ki, İsaya yalandan vəd veriblər. - İsa, görürəm hələ də yalan danışanlara inanırsan. - Yalançını evinəcən qovmaq lazımdır - deyib getdi İsa. Qapı döyüldü, açdım, qapıda əlində diplomat, səliqəli geyinmiş bir kişi dayanmışdı: - Məmməd Arazın evidir? - Bəli, buyurun içəri. - Yox içəri keçmirəm. O, məni tanımır, əziyyət vermək istəmirəm. Mən böyük şairimizə bir şeir həsr etmişəm. Xahiş edirəm şeiri ulu şairimizə çatdırasan. Çatdır ki, bir millət kimi ölürük, məhv oluruq, qələmini bir az da itilətsin şairim. Mənim adım Faiq, familim Babayevdir. Yerimdəcə donub qalmışdım. Danışdıqca kişinin gözlərinin dolduğunu, qəhərləndiyini görürdüm. - Eh, saman çöpündən yapışan qardaşım, Məmməd kimdir ki! Qələmlə məgər bu dərdlərə çarə tapılarmı? 17-18 fevral - Əlirza özü ilə “Vaxt” qəzetini gətirdi. Birinci səhifəsində Məmmədin məqaləsi, Çingiz Əlioğlunun Məmmədə həsr etdiyi şeiri, İmamverdi Əbilovun Məmmədə aid məqaləsi. Məmməd zarafatla: - Bütün qəzet mənə həsr olunub, - dedi. “Müxalifət” qəzetində isə Mürşüd Məmmədovun “Niyə susursan, Bəxtiyar müəllim?!” məqaləsini Məmmədə oxudum və əlavə etdim: - Yəqin bunu sənə də aid edirlər, yoldaş Məmməd Araz. - Mən canımla əlləşirəm, bunu hamı bilir. Danışmağa dilim də yoxdur ki, tribunalarda çıxış edim. Məgər susuram? “Bu millətin dərdi-səri”, “Bu millətə nə verdik ki?”, “Yol ayrıcında söhbət”, “Biz niyə bu günə düşdük ay dədə?” və sairə şeirlərim susmaqdırmı? Yazmışam “Əyilməkdir ağlamağın tərs üzü”; “Qadını ər doğmaz qorxaq millətin”; “Baş gödəndən aşağıda olan yerdə”... Çərkəz həkim yarasına baxıb: - Üç gündən sonra sarğısını açmaq olar, - dedi. Məmmədin vəziyyətinin ağırlaşdığını görüb Mikayıla gileyləndim. Mikayıl cavab olaraq məndən də çox gileyləndi: - İnsanlar çox vəfasızdır. Gərək mənim başım qanunlara qarışmasın, gərək mən lirik, epik şeirlər oxuyam, bəzilərini səhnələşdirəm, yaradıcılıqla məşğul olam. Vaxtım isə ayrı işlərə gedir, yaradıcılığımı çörəyə qurban verirəm, heç kim əlini cibinə salmır. Belədir pullular, Gülxanım, sən də hey deyinirsən. 22-28 fevral - Məmməd Arif Mansurova mükafata görə təşəkkürünü bildirdi və bayramını təbrik etdi. Arif cavabında bildirdi ki, Məmməd Arazın qeydinə qalmaq bütün Azərbaycan xalqının borcudur. Məmməd Aslan Əzizə xanım Cəfərzadə haqqında veriliş aparırdı. Söhbət bəzi sözlərin açılışından, yəni mənasından gedirdi. Onlardan biri də “başmaq seyrinə çıxmaq” birləşməsi idi. Əzizə xanım həmin birləşməni belə yozdu: - Yaxşı hazırlıqlı formada böyük gəzintiyə çıxmaq, yüngül gəzinti də sayıla bilər. Məmməd isə belə açıqladı: - Əvvəlki vaxtlarda qadınlar büsbütün örtülü çadrada gəzərdilər. Kişilər də gəzən arvadların başmaqlarına baxıb zövq alardılar. Süleyman Rəhimovdan da neçə dəfələrlə belə eşitmişəm. Əzizə xanım düz demir. Teleçıxışlara Məmmədin belə hirsləndiyini heç görməmişdim: - Bu xalq nə qədər minnətdar olar? Qırılırlar - minnətdardılar, kökünü kəsirlər - minnətdardılar, qaçqındır - minnətdardılar... Ayrı kanala keçirtdim. Belarusun prezidenti Lukaşenko çıxış edirdi. Æurnalist də yol ilə keçənləri dindirir, onlar da Rusiyaya birləşmək istədiklərini söyləyirdilər. Məmməd dilləndi: - Bunların hamısı yalandır. Hələ 60 - 70-ci illərdə belorusların 90%-nin rusları görməyə gözü yox idi. Ağalar Bayramov “Atamın kitabı” poemasını səhnələşdirdiyindən və bir neçə səhnənin quruluşundan söhbət açdı: - Məmməd əmi, Allah köməyin olsun, qoluna qüvvət versin, bu sözləri ancaq siz yaza bilərsiniz. Ağalarla gələn Hacı Əli gileyləndi ki, keçmiş deputatlardan birisi A. Bakıxanovu tənqid edib, deyir ki, o, ruslara xidmət edib, öz xalqına bir iş görməyib, Bakıxanovu tariximizdən silmək lazımdır. Ona dedim ki, ay qardaş, rus sənə desə idi ki, 50 vaqon ayırıb göndər, ağzın nə idi ki, göndərməyəsən. O da elə. Ruslar hakim idi, o, da hamı kimi ruslara xidmət edirdi. Ta, tarixdən silmək nə üçün? Ağalar: - Rəsul Rzanı da ədəbiyyatımızdan silək ki, “Lenin” poemasını yazıb?! Mən: - Qasımbəy Zakiri keçməyək ki, rus əsgərlərini yedirib - içirib?! Hacı bunu da bildirdi ki, “Qüds” fondu yaratmışıq. Bakıxanovun qəbrini tapıb, orada abidə qaldırmaq və məbəd tikmək istəyirik. 1-2 mart - Axşam Hüseynin “xəbərlərini” telefonla dinlədik: - Ölümlə əlaqədar 12 nəfəri dindirmək üçün Lənkərana getmişdim. Əvvəlki Lənkərandan əsər - əlamət qalmayıb. Bütün ağacları qırıb yandırıblar. Soruşan, eləmə deyən yoxdur. Nə qaz var, nə də işıq, hər ikisini İran verməli idi, lakin vermir. Bir para adamlar Əlikram Hümmətovu özlərinin Babəki adlandırırlar. Üsyan əhval-ruhiyyəsi var. Vəziyyət çox ağırdır. Yalnız Heydər Əliyev qarşısını ala bilər. Balığı kefləri istədiyi kimi gürcülərə satırlar və s. və i. Məmməd kədərlə cavab verdi: - Yazıq halımıza... - Arif Mansurovla jurnalın yubiley nömrəsini müzakirə edəcəksiniz, bir də ki, “Məmməd Araz” fondu yaratmaq istəyirlər, - bunları Vəli Xramçaylı xəbər verdi. - Bunun bizə nə xeyri? Məmməd acıqlandı: - Mənə görə yaradırlar. Görürlər ki, xəstə adamam, qeydimə qalan yoxdur, Arif çox ciddi adamdır. Arif, müavinləri Vilayət və Telmanla birlikdə televiziyadan çəkiliş də gəlmişdi. Çəkiliş qurtardıqdan sonra komitənin gündəlik ehtiyacları belə ödəməyə pulu olmadığını vurğuladılar. Arif müəllimin ürəyi dolu idi: - Göygöl qoruğunda ağacları vəhşicəsinə qırıb satırlar. Meşələr, meşə heyvanları talan olur. Qoruq gözətçilərinə aylarla maaş verilmirsə, onlardan nə tələb etmək olar? Ay Məmməd Araz, bunları yaz da, bəlkə onda ürəyimiz sakit olar. - Yazırıq da, deyirik də... Nə olsun? “Azərbaycan təbiəti” jurnalında bu məsələlərə geniş yer veririk, təbiətlə “zarafat” etməyin deyirik. “Təbiət çox etibarlı dostdur. Ona yaxşılıq elə, əvəzini beş qat qaytaracaq. Eyni zamanda, təbiət intiqamçı, çox qəzəbli düşməndir. Ona qarşı yönələn hər hansı hücumun qabağında istənilən əyaləti, diyarı, hətta bütün planeti məhv edə bilər. Təbii hadisələr sərhəd bilmir. Sənin haqqın yoxdur - hələ öz sərhəddində təkcə özünü yox, qonşunu da narahat edə biləcək bu və ya digər quruculuq işləri aparasan. Məsələn: bu tay Astarada o tay Astaranın razılığı olmadan meşə qırasan, təbiətə zərərli tullantı atasan və.s Bu yaxınlarda çıxış edən alimin bir sözü xoşuma gəldi: “Yaddan çıxarmayın ki, biz təbiətlə şahmat oynayırıq” Ağ fiqurlar həmişə təbiətin əlindədir. Bu illərdə Qərb yarımkürəsində, xüsusilə Latın Amerikası ölkələrində baş verən təbii fəlakətləri teleekranlarda hamımız görmüşük. Kim zəmanət verə bilər ki, bu fəlakət sabah qəzəbini Bakıya, Gəncəyə - Azərbaycana yönəltməyəcək və ya qonşu ölkələri bir də qar basmayacaq... “ Vilayət söhbətə qarışdı: - Bu saatkı Milli Məclisin deputatlarından birini vaxtilə rüşvətxorluğuna, alverinə görə işdən qovmuşdum, indi Milli Məclisdə oturub. 3 mart - Məmmədi görməyə gələn İsa Həbibbəyli dilləndi: - Mən gözləyirdim ki, Məmməd müəllim Təbrizdən qayıdandan sonra gözəl şeirlər yazacaq. Gözlədiyimizin əksinə oldu, heç nə yaranmadı. Niyə? - Təbrizi özüm istədiyim kimi görmədim, görə bilmədim, məni tutan bir mövzu olmadı. Ona görə də heç nə yaza bilmədim... Bəzən böyük bir faciənin şahidi olursan, amma ilham uyuşmur, qələm yaman inadcıl olur. Tapdığın gözəl bir mözunu bəzən əbədi, bəzən də uzun müddət dəfn etməli olursan. Gözlərin qarşısında zəlzələ qopub dağ uçursa da, qələm cana gəlmir, seyirçidir. Bəzən isə adi bir quşa dəyən güllə ürəyindən keçir, gözəl bir əsər yaranır. Bax belə, əzizlərim... İsa söhbətinə davam etdi: - Yaxınlarda yazıçıların qurultayıdır. Hamı ittifaqın üstünə düşəcək. Yəqin yenə də Anar seçiləcək. Müşavirə çox maraqlı olacaq. Bəziləri yerli - yersiz Anarı tənqid edirlər. Haqsızdırlar, ona görə ki, bəzilərindən qat - qat çox Azərbaycan xalqına Anar xidmət edib. Anarın xidmətləri çoxdur Məmməd onun sözlərini təsdiq etdi: - Anar istedaddır, tutalım sədr olmadı, nə itirəcək ki?.. 6 mart - Məmməd, indidən deyirəm, Novruz bayramında anamın, atamın qəbrlərini ziyarətə gedəcəyəm, xəbərin olsun. - Anam rəhmətə gedəndən sonra təkcə bircə dəfə onun qəbri üstünə getmişəm, atamın da həmçinin. - Bilmirəm, Məmməd Araz... ancaq və ancaq şeir üçün yarandığına görə nə ata-anaya oğul, nə də bizə himayədar olmusan. Nə yaxşı ki, Allah heç olmasa bu istedadı sənə verib. Sözlərimə güldü Məmməd: - Şeirdən də elə bir şey qazanmadım axı... Axşam dost - tanışlarla “Atamın kitabı” monotamaşasına getdik. Məclis başlandı. Tamaşa davam etdikcə səhnələrlə bərabər Məmməd cavanlaşdı, hadisələr bir - birini əvəz etdi, məni kövrəltdi. Ağalar Bayramov ovsunu zalı tutmuşdu, zal da kövrəlmişdi. 17-22-31 mart - Neft kontraktlarına aid danışıqları eşidən Məmməd: - Neft qayıdıb bizim düşmənimiz olacaq, hələ bilinmir nə qədər ehtiyat var, hamı daşınıb qurtarıb. Gürcülərə gəlincə, nə qədər ki, müəyyən mənada asılıdırlar, onlar bizimlə dostdurlar, işləri düzələn kimi buynuzları çıxır. Hələ ki, iki respublika arasında başlanan müqavilə işləsə yaxşı olar. Süleyman Rəhimov həmişə mənim şeirlərimi oxuyardı. Deyərdi ki, sənin şeirlərindən Şahbuz bulaqlarının ətri gəlir. Köhnə nəsil həmişə bir - birilə didişərdi. Dünyanın işinə bax, indi onların heç biri bu dünyada qalmayıb, əsərləri qalıb Almaniyadan tanıdığımız Məhəmmədin bacısı oğlu bizə qonaq gəldi. Camal Məhəmmədgildə çəkdirdiyimiz şəkli də gətirmişdi. O, söhbətə başladı: - Cənubda şərait çox yaxşıdır, ancaq azadlıq yoxdur, millətpərəst olduğum üçün Bakıdan ayrıla bilmirəm. Tehranda 12 milyon azərbaycanlı yaşayır. Təbrizdə isə yığma adamlardır, Təbriz dağılmaq üzrədir. Təbrizdə azərbaycanlıları sıxışdırmağa başlayıblar. 1 aprel - Kəlbəcərin işğalının 3 illiyinə həsr edilmiş veriliş gedirdi. Danışanlar bir-birini təqsirləndirir, hamsını xain adlandırırdılar. Məmməd belə bir lətifə söylədi: - Bir gün oğru mollanın evini qarət edir. Qonşular mollaya təskinlik verir, biri deyir qapını bərkitsə idin oğru girə bilməzdi, biri pəncərəyə görə mollanı günahlandırır. Hərənin bir söz söylədiyini görən molla acıqlanır: - Görünür, oğrunun heç bir günahı yoxmuş. İndi bunlar da bar - bar bağırırlar ki, ermənilərin heç bir günahı yoxdur, bütün günahlar bizdədir. - Həmişə deyirdin ki, Kəlbəcərin elə yerləri var ki, bir nəfərlə böyük qoşunun qarşısını almaq olar. Ordunun döyüşkən ruhunu qaldırmaq üçün təbliğatı gücləndirmək lazımdır. Rus şairlərinə fikir verin, onlar lazım gələndə həmişə ordunun içində olurlar. 6 aprel - Saraydan canlı yayımla mart hadisələrini verirdilər. Sabir Rüstəmxanlı danışırdı: - Böyük şairimiz Məmməd Araz demişkən: Bir ağılın budağından sallanıb Neçə - neçə ağlı dayaz yaşayır... Cənab prezident, ətrafınızdakı ağlı dayazları silkələyib tökmək lazımdır. İradə danışdı ki, sonradan tikilmiş balkonların sökülməsi haqqında yığıncaq olub. Yazıçıların kooperativ evində yaşayan Rəfiq Zəka böyük bir balkon tikdirib. Sökməsinlər deyə deyibmiş ki, bu ev Məmməd Arazın evidir. Bu sözləri eşidən Ədalət Əzizov acıqlanıb deyib ki, Məmməd Arazın bir evi var, adamın başına tökülür. Sizə kim deyir ki, ora Məmməd Arazın evidir? Sizə yalan danışıblar. Məmməd güldü: - Deməli, yazıçı dostlarım da adımdan istifadə edirlər... 12-17-18 aprel - Dəyanət adlı bir şair ittifaqa üzv olmaq üçün Məmməddən zəmanət istəyirdi. Fikrini belə açıqladı: - Məmməd əminin kimliyindən asılı olmayaraq bütün xalq onu istəyir, çünki o, heç kimi tərifləmir, yaltaqlanmır, öz yerişini itirmir. Bəzi şairlər indidən ölüdür, onları şair sayan yoxdur. Məmməd əmi diri ikən əbədiləşib. - Məmməd, bu qədər tərifdən sonra otur zəmanətini yaz, - dedim. Məmməd televerilişlərə münasibətini bildirdi: - Rusiyada çevriliş də olub, çevrilişə cəhdlər də olub. O boyda ölkəni dağıtdılar, lakin heç kimi asmırlar, kəsmirlər. Hamısı deputatdır, xalqın içindədir. Biz vəzifədən çıxanların hamısını günahkar hesab edirik. Sözümüzdən elə çıxır ki, özümüz erməniləri çağırıb torpaqlarımızı vermişik, onların heç bir günahı yoxdur. Öz içimizdə düşmən axrtarmaqla məşğuluq. Demirəm, Rəhimin günahı yoxdur, var, ancaq bütün hakimiyyəti günahlandırmaq olmaz. Vuruşmaq lazımdır, deyəsən, bizdə ona da həvəs qalmayıb. Yazıçılar haqqında xatirələrindən danışanda Ənvər Əlibəylinin adını çox hörmətlə çəkərdi Məmməd: - Mənim ilk şeirimi “Ədəbiyyat və incəsənət” qəzetində işləyəndə o çap edib. Televiziyada işləyəndə də mənim bir sözümə, bir misrama belə toxunmaz, olduğu kimi verərdi. -Bu yadımdadır ki, sən televiziyada çıxış edəndə səni hamıdan axıra saxlar, sözünü və ya şeirini yarımçıq kəsərdilər. - Elə deyil, sənin dediklərin ayrı adamın dövründə olurdu. Sənin dediyin adam həmişə mənim əleyhimə idi, bunu gizlətmirdi də. Ənvər Əlibəyli isə mənə həmişə hörmətlə yanaşıb. 19 aprel - Günorta iki qonağmız oldu. Geologiya-minerologiya institutunun şöbə müdiri İsrafil müəllim və Paşa müəllim. İsrafil müəllim: - Sizi çoxdan görmək, söhbət etmək arzusunda idik. İmkan tapıb gələ bilmirdik. Vəziyyət çox gərgindir. Daşkəsən dəmir filizi mədənlərini almanların köməyilə işə salmaq istəyirlər. Onlarla bir yerdə çalışıram. Neft məhsulları hazırlayan alimlərin az qala gözləri kor olur, köpük qusurlar, pul isə bir qrup şarlatanın cibinə gedir. Dərdimiz çoxdur, Məmməd müəllim, gözümüz səndədir, sənin də sağlamlığın belə... Paşa Məmmədə həsr elədiyi şeiri oxudu və əlavə etdi: - Məmməd Arazın gərək 8 otağı ola. Belə bir dahini zaman min ildən bir yetirir. Dahinin yaşadığı evə bax. Bu minillikdə üç dahi yetişib: - Nizami, Hüseyn Cavid, M. Araz. Biz vaxtında sənətkarlarımıza qiymət verməyi bacarmırıq. Ölümündən sonra qızıldan taxt - tac qururuq, onu da yalandan. Yüz il keçəcək, görəcəklər ki, Məmməd Araz kimi fəlsəfi söz deyən, şeir yazan yoxdur. Onda qədrini biləcəklər. Təbii ki, Məmməd Araz onun dahilərlə bağlı fikirlərinə etiraz etdi. 23 aprel - Dəyanət haqqında yazdığım yazını oxumusanmı? - Kitabına yazılmış ön sözü deyirsən? - Gör bu kiçik yazıda nələr söyləmişəm? - Axı belə yazılardan bir şey çıxmaz, şeir yazmaq lazımdır. - Düzdür, ancaq şeir yaza bilməyəndə publisistikaya əl atıram. Onlarda da çox gözəl fikirlər deyirəm. Toplu halında çap etmək olar. Bir də bu yazı resenziya idi, götürüb kitaba ön söz kimi istifadə ediblər... - Çoxlu yarımçıq şeirlərin var. Onları bitirmək lazımdır, Məmməd Araz. Deyəsən, yazı stolundan küsmüsən, Yılmaz masanı zəbt edib. - Nəvə də bir şeirdir... 3-11-12-15 may - Qardaşım oğlu Hikməti Yılmazın yanında qoyub içəri keçdim: Onunla danışan qadının nə dediyini soruşdum: - Bir qoca arvad bizimlə maraqlandı, cavab verdim ki, Məmməd Arazın yoldaşı mənim bibimdir. Qoca arvad dedi ki, Məmməd Araz Azərbaycanın danışan dilidir. Televerilişlərə baxan Məmməd münasibətini belə bildirdi: - Tutalım, Heydər Əliyevin başqa xidmətləri heç, təkcə “Naxçıvanski” adına hərbi məktəbə görə o, tarixdə qalmalıdır. Əsl padşahdır. Padşahın bir əlində qılınc, bir əlində mərhəmət olmalıdır. Yoxsa idarə etmək çətindir, xüsusən bizim milləti. Mən onu alqışlayıram. Söhbətarası Məmməd bir xatirə danışdı: - Vəzirovun dövründə yanıma naxçıvanlı Benyamin gəlib dedi ki, Heydər Əliyevin Naxçıvandakı büstünü götürməyə Vəzirovun xüsusi tapşırığı var. Mən yanıma gələnlərə qəti tapşırdım: - Gedin, gecə - gündüz qruplarla keşik çəkin, qoymayın götürsünlər. İşdən gələndə zarafatla dedi: - Beş gündür yanıma bir seyid gəlir, guya məni biotoklarla müalicə edir. Gəlib əlini o tərəfə, bu tərəfə yelləyir, gedir. - Özün necə, bir şey hiss edirsən? - Yox, nə edir, qoy etsin, niyə onun xətrinə dəyim, kefini çəksin. Ayrı bir həkim də gəlib deyir ki, səni otlarla sağaldacağam. Sənin bədəninə çoxlu duz yığılıb, duzları bədəndən qovmaq lazımdır. Sabah otların suyunu gətirəcək. 19 may - Keçmişi yada salanda Məmməd elə bil bir az dirçəlirdi: - Æurnalımız Hökumət Evində yerləşəndə Yasamaldan işə qədər piyada gedirdim. Çox vaxt səhərlər Rəsul müəllim bir tərəfdən, Süleyman Rəhimov o biri tərəfdən dəniz kənarına gələrdilər. Məni görən kimi yanlarına çağırardılar. Bu isə çoxdankı söhbətdir... Yazıçılar İttifaqında sədrin otağında Xəlil Rzanın “O sahildə, bu sahildə” əsərinin müzakirəsi keçirilirdi, hamı Xəlili tənqid edirdi. Ən çox bu misralar təkrarlanırdı: Yox, onu görməyin Arpaçayından, Deməyin Saranı sellər apardı. Şahənşah taxtından, Qış sarayından Yurduma uzanan əllər apardı... Mən çıxış edib Xəlili müdafiə etdim: - Qoy necə istəyir elə də yazsın, dedim, - mənim də adım cənub şeirlərimə, cəsarətli şeirlərimə görə millətçi çıxıb, bəs dərdlərimizi yazmayaq? Orada olanların əksəriyyətinin mənim sözlərimə acığı tutdu: - Nə istəyirsiniz bizdən? Sən Təbrizə getmək istəyirsən, biz istəmirik. Bizim əvəzimizə danışmayın. Xəlillə sən nə düşmüsünüz ortalığa... O vaxt Rəsul müəllim də cənubdan yazanlardan biri idi. Yadımdadır, Naxçıvana yazıçıların plenumuna getmişdik. Oradakı çıxışında Rəsul Rza demişdi: - Araz çayı bu torpağı üstdən ayırır, altdan torpaq birdir. Rəsul müəllim “Atamın kitabı” poemasını oxuyandan sonra mənə dedi: - Oxudum, sevindim, səni oxumamışdım. Sən də sərbəst şeir yazırsan ki... Rəsul Rzanın “Mənim fikrimcə” publisist kitabı çıxanda həmin kitaba aid “Fikir həqiqət axarında” adlı məqalə yazdım. Zəng edib mənə təşəkkürünü bildirdi. 1975-ci ildə mənim haqqımda “O, şairdir” adlı məqaləsini “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdi. Məni görəndə deyirdi: - Borcunun bir hissəsini ödədim, hamısını yox. Sonra da soruşdu ki, atan həqiqətən tutulub? - Bəli, Rəsul müəllim, iki dəfə, özü də haqsız. 21-26 may - Yılmaz ağlayırdı. Məmməd onu sakitləşdirə bilməyib məni çağırdı: - Yılmaza çox təbliğat apardım, kirimədi, keç gör necə sakitləşdirirsən, görünür, daha təbliğat keçmir. Axşamki televerilişdə 28 May bayramı ilə əlaqədar konsertdə Masallıdan bir şagird “Məndən ötdü qardaşıma dəydi” şeirini elə gözəl ifa etdi ki. Qızı möhkəm alqışladılar, prezident də ləzzətlə əl çalırdı. 1 iyun - Axşamlar həmişə heykəlin ətrafında gəzişərdik. Bu axşam qonşumuz İlyas Tapdığın xanımı Münəvvər və qızı müğənni Şəbnəm də bizə qoşuldu. Söhbət ensiklopediyadan düşdü. Münəvvər dedi ki, İlyasın bioqrafiyasını Azərbaycanın buraxdığı ensiklopediyaya salmaq istəmirdilər. Mən orada işləyəndə bəzi adamların öz adlarını ensiklopediyaya saldırmaqdan ötəri necə oyunlardan çıxdıqlarının şahidi olurdum. Bir gün Araz Dadaşzadəyə dedim ki, ay Araz, bu İlyas Tapdıq bitki qədər də olmadı ki, onun haqqında məlumatı salasan ensiklopediyaya? Bu sözlərimdən sonra Araz məlumatı saldırdı, ancaq şəkilsiz getdi. - Hə, - dedim - Məmmədi də ensiklopediyaya saldıqlarına görə Padiqan adlı işçini işdən çıxarmışdılar. O da heç kimə şikayət etmədən demişdi: - Fəxr edirəm ki, məni Məmməd Araza görə işdən çıxarırlar. Məmməd də sözə qarışdı: - İlyas çox gözəl uşaq şairidir, bunu görməmək olmaz. 10 iyun - Axşam saat beşin yarısında qapımız döyüldü. Qonağımız Vaqif Süleymanlı və onun tanışı idi. Söhbətdən məlum oldu ki, Abil İsmayılov Yazıçılar Birliyinə üzv olmaq istəyir, üç nəfər zəmanət verməlidir. Arzusudur ki, onlardan biri Məmməd olsun. Özümün “lazımsız” suallarımı verməyə başladım: - Abil, bala, neyləyirsən Yazıçılar Birliyinə üzv olmağı, özün görürsən ki, oranın heç bir xeyri yoxdur. Cavabı: - Bacı, bəlkə zəmanə dəyişdi, dövlət dəyişdi, ziyalıya qiymət qoyuldu. Gələcəkdə ev, maşın ala bildim. İndi yataqxanada qalıram. Vaqif otaqlarımızın sayını soruşdu. Cavabım Vaqif Süleymanlını təəccübləndirdi: - Zevin küçəsində böyük ərazisi olan geniş otaqları Əzizə Mustafazadəyə veriblər, bu, çox yaxşı! Məmməd Araz da Məmməd Arazdır axı. Hələ deyirsiniz ki, bu iki qaranlıq, nəm otağı da sizə nazla veriblər... Sonra Vaqifə Məmmədin “Ayağa dur, Azərbaycan!” şeirini verdim, yaxşı marş olar, dedim. 15 iyun - Köhnə adətimizi bərpa edərək yenə fəvvarənin ətrafında gəzməyə çıxdıq və Məmməd də keçmiş xatirələrdən danışmağa davam etdi: - Tofiq Bayram Məmməd Rahimə həmişə dədə deyərdi. Rahim tez - tez bizi bağına qonaq aparardı. Bir dəfə Məmməd Rahimin silsilə şeirləri qəzetdə çıxmışdı. Adətimiz üzrə, yenə də Yazıçılar İttifaqının qabağına yığışmışdıq. Süleyman Rüstəm qəzet alıb gətirmişdi. Tofiq şeirləri oxuyub, rəzalət, rəzalət, deyə deyinirdi. Mən Tofiqi acıqlandırmaq üçün dedim ki, şeirləri Rahim dədənə tərifləyəcəyəm. Tofiq acıqlandı: - Ə, vicdanın olsun, elə iş görmə, - dedi. - Niyə, özünü dost adlandırırsan, ona dədə də deyirsən? - Ə, vicdansız, nə edim, pulum yoxdur. Ona görə də dədə deyirəm, amma şeirlərini ki tərifləmirəm. Bu arada Məmməd Rahim də gəldi, artıq fürsət idi, oxumadığım şeirlərini Rahim müəllimə tərifləməyə başladım. Elə sevindi ki! - Hə, mənə də zəng edib tərifləyiblər. Onun şeirlərini hər dəfə tərifləyəndən sonra yaxşı bir qonaqlıq alardıq. 1975 - ci ildə mən xəstəxanada yatanda Məmməd Rahim də orada yatırdı. Gözləri tutulmuşdu. Mənim yanıma gəlib gedənlər çox olurdu. Məmməd Rahimin arvadı Mələk xanım da hamısını ona xəbər verirdi. Yanına keçəndə mənə gileyləndi: - Məmməd, sənin nəslin etibarlıdır, yanına gəlirlər, amma mənim nəslim etibarsız çıxdı, heç biri yanıma gəlmir. Onun xəstəxanada yazdığı şeirin axırıncı misrası yadımda qalıb: Dünya yerində qaldı, gedirəm... Başqa bir maraqlı əhvalat da söyləyim: Hüseyn Arif, Tofiq Bayram və başqa bir neçə şair köməkləşib parodiya qoşmuşdular. Ondan iki bənd yadımdadır: Qağamızdan məna sezmə, Meyl elədi neçə “izmə”, Yuxusunda qəmminizmə Çatıb, oyanmaz-oyanmaz! Oldu şairlərin xası, Silinməz şeirinin pası... Əməkdar xəngəl ustası Yatıb oyanmaz - oyanmaz! Ünvan sahibi inciməzdi. Cavanlarla həmişə zarafatlaşardı. 17 iyun - Bir dəfə Məmməd Rahim İttifaqda yeni şeirlərini oxuyurdu. Qabil yerindən dilləndi: - Rahim müəllim, baxmayaraq sənə beş min manat borcluyam, ancaq şeirlərin bir şeir deyil. Qabil həmişə Məmməd Rahimdən soruşardı: - Rahim müəllim, maşının necədir? Məmməd Rahim gülə - gülə cavab verərdi: - Yaxşıdır, Qabil. 21 iyun - Axşam telefon səsləndi: - Danışan kimdir? - Sizə kim lazımdır? -Məmməd müəllimin evidir? - Bəli, sizə cavab verən yoldaşıdır. - Mən Rəfail müəllimin köməkçisi Miriyəm. Aqili axtarırıq ki, sizə gələk. Ünvanı dedim. 15 dəqiqədən sonra gəldilər. Evin şəraitinə baxdıqdan sonra onların diqqətini Məmmədin arxivinə yönəltdim: - Rəfail müəllim, bizim sağlamlığımız heç, axı bu arxiv xalqa qalmalıdır. Nəm onların axırına çıxır, əlyazmaları yavaş - yavaş saralır. Bir şeir və ya məqalə lazım olur, tapa bilmirəm. Nə isə... Biz o xalqıq ki, Vaqifin şeirlərini erməni toplayıb çap etdirib. Yəqin nə demək istədiyimi bilirsiniz? Rəfail Allahverdiyevin cavabı: - Bu saat hökumətdə ev tikilmir, siz də dəniz görünən yerdən istəyirsiniz. Evlərin hamısı tutulub. - Yox, mütləq deyil ki, dəniz görünsün, rahat ev olsun. Bəlkə qonşu qadına iki otaq verib onun mənzilini bizə verəsiniz. Orada küçəyə pəncərə var, mənzildə hava olar, nəm çəkilər, mən də, nə qədər sağam, arxivi qaydaya salaram. Müavini dilləndi: - Bu binada bir arvad evini özəlləşdirib satmaq istəyir, bəlkə elə onu alaq, bura da qalsın arxiv kimi. - Bilirsinizmi, indi bizim yaşımızın elə vaxtıdır ki, bir də ev istəmək, mənzil gözləmək imkanımız olmayacaq, eyni zamanda blokdan - bloka gəzmək bizə çətin olacaq. - Onda məsləhət görürəm, türklərin tikdiyi binanı gözləyəsiniz, gözəl evlərdir, noyabr, dekabrda hazır olacaq. Hazır olanda sizi ora köçürərik. - Gözləməyib nə edəcəyik ki? Ancaq o vaxta bizi salamat görsəniz. - Vəziyyətinizi gördüm, ürəyim ağrıdı. Məmməd Araz belə evdə yaşamalı deyil. Çalışaram iki həftəyə məsələni həll edim. Başçımız bu saat Türkiyəyə gedib. O, gələndən sonra bir mənzilin pulunu almamaq şərtilə bəlkə məsələni həll etdim. Qonşular təmir üçün gətirdikləri qumu pəncərəmizin altına tökürdü. Külək də qumu evimizin içinə “süpürürdü”. Məmməd məni çağırdı: - Gülxanım, qum gətirənlər bir az mədəniləşiblər. Təəccüblə ona baxdım. - Görmürsən, indi qumu pəncərəmizin altına yox, bağa töküblər. 7-8 iyul - Kəndə getdik. Kəndin özünəməxsus hay - küylü, xoruzbanlı səhərlərindən biri. Məmməd zarafatlarından qalmır: - Şəlalə kənd itlərini görsəydi, şəhər itlərinə tərifnamə yazardı. Səhər yenicə açılıb, Məmməd eyvandan uzaqdan görünən dağları seyr edir. - Sabahın xeyir, Məmməd Araz, necə yatdın? - Yaxşı, gözəl havadır. - Sənsə gəlmək istəmirdin, bekarçılıqdır. Keçmişi yada sal görək. - Süleyman Rəhimovun Heydər Əliyev haqqında sözünü demişəm də sənə? - Yox, nə deyib ki? - Bir adət olaraq Süleyman Rəhimov dənizin içinə uzanan körpünün yanında oturardı. Çalışardım ki, gözünə görünməyim, işə gecikməyim, ancaq görərdi və yanına çağırardı. Məmməd, bura gəl, Heydər Əliyev haqqında fikriniz nədir? Sonra da əlavə edərdi. O, siyasi istedaddır, bunu bilin və siz cavanlar onu qoruyun. Bu sözlər hər görüşdə təkrarlanardı. Bu olmuş hadisədir. Bir dəfə yığıncaqdakı çıxışında Osman Sarıvəlli deyir: - Sovet hökuməti gələnə qədər babalarımızın yaxasında barmaq qalınlığında kir olardı. Süleyman Rəhimov özünü saxlaya bilməyib yerindən replika atdı: - Ay Osman, Nikolayın günahı nə idi ki, Kürün sahilində yaşayan baban bir vedrə su götürüb yuyunmayıb? 9 iyul - Məmməd, Adil Əfəndiyevə nə olmuşdu ki, Qılman onun yerinə gəldi? - Adili Mətbuat Komitəsinə apardılar. Şıxəli Qurbanov Qılmanı Adilin yerinə təyin etmək istəyəndə nəşriyyatda işçilər hay - küy qopartdılar, lakin Şıxəli Qurbanov gecə ikən Vəli Axundovla məsələni həll etmişdi. Səhər artıq əmri verilmişdi. İşçilər Adil müəllimi çox istəyirdilər. Adil müəllim sonralar Marksizm - Leninizm institutunda tərcümə şöbəsində işlədi. Çox mədəni bir adam idi, heç vaxt intriqalara qarışmazdı. Adil müəllimin yaxşı kəlamları vardı. Deyərdi: - Məmməd, müəllif lap Marks olsa belə, ona inanma, çünki müəlliflər əlyazmalarına çox məsulliyyətsiz yanaşır. Deyəsən, 1964-cü il idi. Mən Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərini plana saldım. Sən demə, gürcülər Şotanın yubileyinə hazırlaşırmışlar. Küy qopdu ki, əsər plana salınmalıdır. Dedim, - əsəri plana salmışam. İsrafil Nəzərov (o vaxt Mətbuat Komitəsinin sədri idi) təəccübləndi: - Nə yaxşı, bu hardan ağlına gəldi? “Pələng dərisi geymiş pəhləvan” əsərini Əhməd Cavad da tərcümə etmişdi. Adil müəllimə müraciət etdim ki, gəl Əhməd Cavadın tərcüməsini salaq. Adil müəllim soruşdu: - Məmməd, zınqrovu kim asacaq? - Mən! - cavabını verdim. Sonra həmin məsələni şöbədə müzakirəyə qoydum. Səhərisi Məmməd Rahim, onun ardınca Süleyman Rüstəm gəldi. Qoymadılar Əhməd Cavadın tərcüməsi getsin. Öz tərcümələrini saldırdılar. Adil müəllim mənə dedi: - Sənə deməmişdim ki, qoymazlar? Mənim “Qanadlı qayalar” kitabımdakı şeirlərin qarşısına baş redaktor çoxlu suallar qoymuşdu. Onda Əjdər Xanbabayev nəşriyyatın direktoru idi. Baş redaktoru (adını yazmadım) yanına çağırıb ona dedi: - Filankəs, kitab çap olunmalıdır, sən qol çəkməsən də, mən qol çəkəcəyəm... Kitabım ondan sonra çapa getdi. Əjdər rəhmətlik kimi bizdə nəşriyyat işini bilən yox idi. 10 iyul - Məmməd, “Ulduz”da işlədiyin vaxt Cəlal Bərgüşad da radioda işləyirdi, hə? - Cəlal radioda redaktor işləyirdi. Publisist yazılarımın radioda oxunması üçün hərdən Cəlala zəng vurardım. Əvəzində tez deyərdi: - Ə, qağa, mənim kiçik bir hekayəm var, bəlkə... - Ay Cəlal, axı birinci mən sənə zəng etmişəm, tez hekayənin çapına əvəz istəyirsən... Cəlal kürd deyildi, ancaq özünü kürd adlandırırdı. Soruşdum ki, Cəlal, kürd deyilsən, niyə özünü kürd adlandırırsan? - Ona görə ki, kəndimiz Kürdmahmud adlanır. - Atan, baban kürdcə danışırdı, görüb eşitmisən? - Yox, görməmişəm. - Bəs onda nə deyirsən? 11 iyul - Gecə itlərin konsertinə qulaq asdınmı? - soruşdu Məmməd. - Yox, yorğun idim, yatdım. - Hayıf, çox şey itirdin. Kənddə evimiz çiy kərpicdən olduğu üçün yayda sərin olur, eyvanımız isə əksinə. Soruşdum: - Məmməd, otaq sərindir? - Əgər eyvandan keçə bilsən otaq sərindir. Təzədən suallarımı yağdırmağa başladım: - Təkcə şeirdə yox, nəsrdə də yeni sözlər, ifadələr işlədirsən, hardandır onlar? - Hansıdır o? - Məsələn: “Taleyin yoluna qəfil zəlzələ çıxana qədər”, ifadəsi... Sonra da əlimə düşən yarımçıq misralarını oxudum: Düşünməyə macalım yox, Gecə - gündüz mən işdəyəm. Od içində, su içində, Buz içində yürüşdəyəm. Misraları təzədən mənə oxutdu, bir də təkrarlatdı: - Mənim ola bilməz - dedi. 14-15 iyul - Eyvandan yenə həsrətlə dağlara baxıram. Məmməd də nə isə qaralamağa başlayıb, yəqin işləmək istəyir. Həmişə ayın 14 - 15 - i Ay bədirlənər, çinarların arasından balkonumuza boylanardı. Ay görünmədi. Yenə də “solaxay” suallarıma başladım: - Həmişə bu vaxtlar Ay çıxardı, indi niyə yoxa çıxıb görəsən? - Qocalmışıq deyə, Ay da bizdən küsüb. - Kişi, görəsən dünyaya bir də gəlmək məsələsi düzdür? - Çox ağıllı suallar verirsən, təklənmə, arvad! - Gözəl cavabına təşəkkürlər. Niyə təklənmə dedin? - Nə bilim, bir anlığa təsəvvürümə tənhalığını gətirdim, ürəyim sıxıldı. Çünki tənhalara hücumların sayı çox olur. 1989-cu ildə “Ədəbiyyat və İncəsənət” qəzetində çap olunmuş məqalədə belə bir birləşmə yazmışdı: - “Hər yerdə səsi eşidilənlər birliyi” - yaratmaq. Məqalədə söhbət İranda asılmış azərbaycanlılardan gedirdi. Sözarası mənə çatdırdı: - Axırıncı dəfə Məhəmmədin bacısı oğlu bizi yoluxmağa gəlmişdi, ha. Burada “Savak”ın adamları çoxdur. Gəlib gördü ki, xəstəyəm, həm də o söhbətlərə meyl etmədim, çıxıb getdilər. Arada xatirələrimi ona göstərdim: - Bax, nə yazmışam, yaxşı əsər alınacaq, dahiyəm, ha. - Arvadlardan heç vaxt dahi olmur, çünki dahi olmağa onları mətbəx qoymur. 18 iyul - Xatirəsi: - 1956-cı il idi. Budaqla mən Ləzə kəndinin kənarında bulaq başında çadır qurmuşduq. Bizi orada gecələməyə qoymadılar, olmaz dedilər, qonaq saxlamağa yerimiz çoxdur. Evə apardılar. Qonaq qaldığımız evdə 100 yaşlı kişi vardı. Adına Ata deyirdilər. Beli əyilmiş bir arvad da gəlib bizimlə görüşdü. Qoca dedi ki, arvadıdır və yaşda məndən böyükdür. Arvadın 100 yaşdan sonra dişləri çıxmışdı. Dişlər ağ sədəfə oxşayırdı. Ata adlanan qoca söhbətə başladı: - Çar dövründə dəmir yolu çəkiləndə Bakıda işləyirdim. Məni vərəm tutdu, qayıdıb gəldim. Anam məni təmiz inək südünə tutdu, xəstəlik yoxa çıxdı, mən sağaldım. 100 il yaşadım. Südün qüdrəti çox böyükdür. Mən də hər səhər süd içirəm, o söhbət yadıma düşdü, sənə danışdım. 26 iyul - Uşaqlar hələ yatırdı. Səhər dünənki verilişin təkrarı gedirdi. Veriliş ağdamlı Zeynal müəllimdən idi. Zeynal müəllim hamıdan çox Bəxtiyar müəllimlə yaxın idi. Soruşdum: - Görəsən, Bəxtiyar müəllim də çəkilib? Zeynal müəllim gözüaçıq adam idi. Torpağın vurğunu olduğunu görmüşdüm. Turşsuda torpağı qucaqlayıb necə öpdüyünü görmüşdüm. Belə adamları qorumaq lazımdır, - dedim Düzdür, - təsdiqlədi Məmməd, - amma bizdə belə bir adət yoxdur. Hə, o günlərimiz yuxu kimi keçdi, Zeynal müəllim indi xatirələrdə yaşayır. 29 iyul - Dünən Aqillə İsmayıl Şıxlı haqqında nə danışırdın? - Heç, İsmayılın mənə qarşı hörmətindən danışırdım. Danışırdılar ki, mənə dövlət mükafatı verilməyində onun rolu olub. O vaxt İsmayıl İttifaqın üçüncü katibi idi. Əməkdar incəsənət xadimi adına da məni o təqdim edib. Yazıçıların rəyasət heyətində Şamil Salmanov haqqında çox qəti çıxışı olub, onun haqqımda yazdığı qərəzli məqaləsini tənqid edib. Mənim və Səməd Vurğunun haqqında danışıb. Onun apardığı şeir dərnəyinə qəbul olunduğum gündən ta ömrünün axırına kimi, mənim haqqımda yaxşı fikirdə olub. Fikrini heç dəyişdirməyib. İsmayıl müəllim Hüseyn Ariflə də dost idi. Hüseyn Arifin şeirlərini tez - tez “Azərbaycan təbiəti” jurnalında verər, şeirlərindən misallar gətirərdik. Ona görə də Hüseynin redaksiyamıza vaxtaşırı yolu düşərdi. Bir dəfə Hüseyn mənə zəng etdi ki, axşam bizə gəl, qaban ətindən yaxşı kabab verəcəyəm. Getdim, İsmayıl Şıxlı və İsaq İbrahimov da orada idilər. O məclisdəki söhbətlər yadımda deyil, ancaq Hüseyn Arifin oğlunu yadına salıb ağlaması yadımdan çıxmır. Kişinin elə göz yaşı tökməsini birinci dəfə görürdüm. İsaq İbrahimov ona çox misallar gətirdi, lakin əlavə etdi ki, bunlar təskinlik üçündür, səni heç nə kiridə bilməz. 31 iyul - Sakit kənd gecələrində Məmməd yatmayıb söhbət edərdi: - Yadıma neçə illər bundan əvvəlki bir əhvalat düşdü. Mən və Tofiq Bayram Xasıgilə (Xasməmməd mənim qardaşımdır) düşdük. Xası bizi Xucbaladan aşağı bir kəndə apardı. Yaxşı bir məclis qurdular. Bağçada ot dizə qədər qalxmışdı. Təmiz havada oturduq. Həm Tofiq, həm də Xası içən idilər. Ay işığında səhərə qədər yatmayıb söhbət etdiyimiz yadımdadır. Cavan idik, qayğımız bir o qədər yox idi. Onda cavan şairləri tez-tez görüşə çağırardılar. Biz də elə ona görə getmişik. Həmin görüşdən gözəl bir gecə yadigar şaldı bizə. Yasamaldakı evimiz də yadımdan çıxmır. Ay işığında çinarların kölgəsi yataq otağımızın divarına döşərdi. Onda bilirdim ki, sən də yatmamısan, aya baxırsan... Hə, keçdi yuxu kimi o günlər... 4-10 avqust - Səhər Aqilin qonaqları - Bayram Bayramovun qardaşı oğlu ailəsilə birlikdə gəldilər. Həyətimizə daxil olan qonaqlar dilləndi: - Aqilin xoşbəxtliyi bir də ondadır ki, qaynanası belə gözəl kənddəndir. Aqil bildirdi ki, bu gün yenə qonağım olacaq. İradə etiraz etdi ki, evimiz qonaq qəbul edilməli ev deyil. Mən isə evi təriflədim: - Bura bizim üçün bağ yeridir. Daimi yaşamırıq ki, hər cür şərait yaradaq. Bir-iki həftə qalıb, çıxıb gedirik, lap yaxşıdır. Soyuq hava olsa da hamımız Qəçrəşə getdik. Qonaqlardan Adil Minbaşyev dedi: - Bu süfrə gözəl və tarixi bir süfrədir ki, Məmməd müəllim başda oturub. İçək Azərbaycanın dahi şairi Məmməd Arazın sağlığına, valideynlərin sağlığına, onların sağlığına ki, sağlığında qiymətlərini bilmirik, adam elə bilir ki, belə də olmalıdır. Onları itirdikdə hiss edirsən ki, ölüm yavaş-yavaş sənə də yaxınlaşır. 13 avqust - Artıq təbiətdən şəhərin tüstülü havasına qayıtmışıq. Qardaşxan Əzizxanlı Məmmədə bildirdi ki, təbiətlə əlaqədar bir xeyriyyə cəmiyyəti təşkil etmək istəyirlər. İcazə versən, sənin də adını ora yazarlar. Onda nazirlikdən keçər. Məsələni sonraya qoydular. - Məqalələrini yazanda yenə də sənin maraqlı bir birləşmənə rast gəldim. - Nə demişəm yenə? - “Kəklik küsəyənliyi” ifadəsi təzədir. - Hə, “Məhəbbətdə kəklik küsəyənliyi olmaz” misrasını, deyəsən, “Araz axır” poemasında işlətmişəm. Yazıçılar İttifaqında bir çoxlarına sual verdim ki, “Kəklik küsəyənliyi” nə deməkdir? Heç kim cavab verə bilmədi, Qasım Qasımzadədən qeyri. Əslində, belədir: Kəklik yuva qurub yumurtlayır. Əgər həmin kola insan nəfəsi, hənirtisi dəysə, kəklik ora qayıtmaz. Dostu İsa ilə söhbətində Məmməd bir də bu ifadəyə qayıtdı: - Gülxanımdan başqa stoluma toxunan olsa, məndə də kəklik küsəyənliyi baş verir. 16 avqust - İşdən gətirdiyin “Vaxt” və “Azərbaycan təbiəti” qəzetinə baxıram. Biri səlyanlılara, neftçalalılara və biri də qazaxlılara xidmət edir. Məmməd Araz, bunu bilirsənmi? - Hiss etmişəm, belədir, nə edim? 25 avqust - Arxivə əl gəzdirirdim. Balaca qız Lemanın yazdığı məktubu ona oxudum. Söhbət Şəhla adlı bir qızdan düşdü: - O qızın yazdığı məktublar çox qəribə məktublar idi. Bir məktubunda belə yazmışdı. - Sən insansan, yoxsa Allah? Şeirlərindəki bu fikirlər hardandır səndə? - Şeirlərimin təhlilini elə verirdi ki, heç bir tənqidçi şeirlərimin tənqidini bu vaxta qədər belə verə bilməyib. Axırda gördüm ki, başı xarab olur, mənə sevgi elan edir. Daha məktublarına cavab yazmadım. Ona yazdığım cavab məktublarımda etikadan kənara çıxmamışdım. Bir dəfə mənə zəng edib dedi ki, rəfiqəmə sizə yazdığım son məktubumu vermişəm. Səhər çatdıracaq. Yadımda deyil, səhər nəyə görəsə işə çıxmamışdım. Səhərisi Şəhlanın məktub verdiyi qız mənə zəng edib bildirdi ki, Şəhla öldü. - Məktub sənə çatdımı? - Yox, heç maraqlanmadım da. Bilmədim, qız həqiqətən ölüb, yoxsa ərə verdilər. Sənə deyirəm, arxivdə mənim adıma böyük bir qovluq var. Orada xeyli sevgi məktubu da var ki, hərəsi bir sevgi dastanıdır. Gələcəkdə onları da işlərsən, mən istəyirəm ki, onları sən işləyib çapa verəsən. - Bəs niyə arxivə verdin? - Evimiz darısqal idi, həm də sən cavan idin, ürəyinə xal salmaq istəmədim. - Vaxtım olanda gedib baxacağam. Bu saat sənin haqqında çəkilmiş kinolentləri yığmaqla məşğulam. - Kinostudiyada xeyli çəkilişlər olduğunu sən də bilirsən. Faiq Dərgahov xeyli çəkiliş aparıb. Mənim çəkildiyim kadrları da salnamə adlandırıb. Ümumiyyətlə, “Ədəbiyyat salnaməsi” adı ilə orada yazıçılara aid xeyli çəkilişlər olmalıdır. Yəqin baxımsızlıq üzündən lentlər çürüyüb. - Pulum olanda düşəcəyəm üstünə, hər iş pula bağlıdır. - Bütün bunlar sən qalana kimidir. Sonra arxiv kimə lazımdır, hamısını atacaqlar, itib-batacaq hər şey... - Yox, elə demə, iki qızın, üç nəvəndən biri necə olsa, bu işi öhdəsinə götürər. 26 avqust - Nazim Hikmət çox içən rus şairlərinə zəng edərmiş. - Monoqo denqi poluçil, idi beri. Pulu çox olduğuna görə rus şairlərinə paylayardı. Pyesləri xaricdə tamaşaya qoyulurdu, pul hər tərəfdən üstünə axırdı, o da paylayırdı. - Bu sözlər birdən niyə yadına düşdü? - Elə-belə. Telefonda İsa Həbibbəylinin səsi eşidildi. - İsa, nə əcəb səndən? - Niyə elə deyirsiniz, Sabir Rüstəmxanlının yubileyinə gəlmişdim, sizə zəng edə bilmədim. Hacı Heydəri gözləyirəm, onunla gəlib şairlə görüşək. - Yox, Hacını gözləmə, xanımını götür, gəl bizə. 27 avqust - Fikrət Qoca haqqında nə danışa bilərsən? - Fikrət insan kimi yaxşı insandır. - Şair kimi yox? - Şair kimi də çox yaxşı şairdir. Bəzən elə şeirlər yazır ki, bənzəri olmur. Çox səxavətli idi, qəpiyi də olsa onu yoldaşları ilə bölüşərdi. Əkrəmlə dost idilər. Əkrəm ona Kotanarxlı deyərdi. Sonra söhbət 1947-ci ildə Vedidən köçürülən azərbaycanlılardan düşdü: - Mənimlə söhbətlərində Samvel Qriqoryan danışırdı ki, ermənilər mənə azərbaycanlılara satılmısan, azərbaycanlılar da erməni satqını deyirlər. Ermənilərə başa salmağa çalışıram ki, Orta Asiyadan tutmuş böyük bir zolaq türk xalqlarınındır. Bu reallıqla hesablaşın. Avetik İsaakyan mənə söyləyərdi ki, Samvel, elə bilirsən bizim babalarımızın ağlı olub? Babalarımız müsəlman dinini qəbul eləsəydilər indi Qafqazda adam kimi yaşayardıq. Nə itirərdik?.. Poeziya görüşləri olanda həmişə Paryur Sevak mənimlə mübahisə edərdi ki, Məmməd, Naxçıvan bizim olub... Cavab verərdim ki, Ay Sevak, mən babamdan, babam babasından, o öz babasından və sairə eşidib ki, Naxçıvanda yaşayıblar. Bu da nəsillikcə eramızdan əvvələ gedib çıxır. Necə olur ki, Naxçıvan bizimkidir deyirsən? - Yox, ancaq sonuncu min ili sizin olub, - cavabını verərdi. Soruşardım, bəs, XII əsrdə Mömünə xatun məqbərəsi, ondan əvvəl tikilmiş abidələr. Onlar necə? Sonralar Paryur Sevak qəzaya düşüb öldü. 28 avqust - Axşam Yusif Məmmədəliyevdən söz açdı: - Moskvada mənim “Payo Araks” kitabım çıxmışdı. Yusif müəllimin qardaşı oğlu Həbib Məmmədəliyev mağazada kitabımı görüb alır. Kitabı oxuduqdan sonra şeirlər xoşuna gəldiyinə görə müəllifini - yəni məni axtarır. Bir gün Mirmehdi Seyidzadə mənə telefonla bildirir ki, Həbib müəllim səninlə görüşmək istəyir, müəllifdən yadigar kimi “Payo Araks”ı və Azərbaycan dilində olan kitablarından ona göndər. Mən ünvanı götürüb kitablarımı Həbib müəllimə göndərdim. 70-ci illər idi. Günlərin birində Mirmehdi zəng edib dedi ki, Həbib müəllim Moskvadan gəlib, səninlə görüşmək istəyir. Köhnə “İnturist”də onunla görüşdük. Ondan sonra hər Bakıya gələndə mənimlə görüşməmiş getməzdi. Yadındadı, bizim evimizə də gəlmişdi, sən plov bişirmişdin. Bakıdakı arvadından ayrılmışdı. Bir qızı vardı. Hər Moskvaya gedəndə məni evinə qonaq aparardı. İki otağı vardı. Bir otağı ancaq Azərbaycan dilində kitablar idi. Rəsul Rza, Mehdi Seyidzadə ilə dost idi. Sənə çoxdan demişdim ki, “Yaxşı adamlar” adlı silsilə xatirələr yazmaq istəyirəm. Həbib müəllimi də fikrimdə ora daxil etmişdim. Ancaq xatirələri işləyə bilmədiyimə görə ona şeir həsr etdim, “Həbib müəllim” şeirimi. Dilinin əzbəri bir sözü vardı, “Yusif əmi”, bu kəlmələr ən gözəl aforizm idi onun dilində. Bütün söhbətlərində Yusif Məmmədəliyevdən danışar, ondan misal gətirərdi. Bir də, Şərq ədəbiyyatının çox gözəl üstünlükləri var, - deyirdi. 29 avqust - Gəl sənə bir əhvalat danışım dedi Məmməd: - 60-cı illərin ortaları idi. Özbəkistanda ədəbiyyat günləri keçirilirdi. Əli Vəliyev, Süleyman Rüstəm və Qabil nümayəndə kimi orada iştirak edirdilər. Banketdə kommunistlərin şərəfinə badə qaldırırlar. Qabil yerindən deyir ki, mən badəmi Əmir Teymurun şərəfinə qaldırıram. Əli Vəliyev tez dillənir: - Qabil, olmaz. - Niyə, Əli müəllim? - Ona görə ki, Əmir Teymur kommunist deyil. - Elə ona görə də içirəm Əmir Teymurun şərəfinə, - deyir və Əmir Teymura həsr etdiyi şeiri oxuyur. Məclisdəkilər yaman pərt olur. Bakıya qayıdan günün səhərisi Yazıçılar İttifaqına çatdırırlar ki, Qabil Özbəkistanda belə bir iş görüb. Tez Rəyasət Heyətini çağırıb hərəsi bir tərəfdən Qabili danlayırlar. Qabil iclasda söz verir ki, bir də həmin şeiri oxumayacaq. Sonra Qabili MK-ya çağırırlar. Şıxəli Qurbanov Qabildən soruşur: - Qabil, nə etmisən? - Əmir Teymura həsr etdiyim şeirimi oxumuşam. - Şeiri mənə də oxu görək. - Oxumuram. - Niyə? - Çünki söz vermişəm ki, bu şeiri heç bir yerdə daha oxumayım. - Yaxşı, onda get işinlə məşğul ol. Məmməd nəyi isə xatırlayıb gülür: -Gəl sənə Qabilin məzəli sözlərindən danışım. - Əhməd müəllim, heç padvala düşüb 100 qram vurmusanmı? Əhməd Cəmil cavab verərdi: - Ay, Qabil, mən xəstə adamam, mənə olmaz axı. Qabil pis sürdüyü üçün heç kim onun maşınına minməzdi. Bir dəfə Qabil görür ki, Hüseyn Arif Yazıçılar İttifaqı tərəfə gedir: - Hüseyn, min maşına aparım. - Qabil, sən get, mən tələsirəm. Bir dəfə də Əli Vəliyevə maşına minməyi təklif edir: - Əli müəllim, gəl səni aparım. - Qabil, əvvəl özümü sığorta etdirim, sonra minərəm. Axşam İsa Həbibbəyli yoldaşı Həqiqət xanımla Məmmədin görüşünə gəldilər. İsa üzrxahlıq etdi: - Məmməd müəllim, bağışla, “əli uşaqlıyam”, dünən Qalaaltına getmişdik, ona görə söz verdiyim gün gələ bilmədik. 12 gün orada qaldıq. Böyük oğlumun ödündə daş var, ona görə getmişdik. Heydər Həsənoğlunu görmək istədim, görmədim. İşçiləri dedilər ki, aldığı krediti xərcləyib qurtarıb, indi pulu yoxdur ki, yarımçıq işlərini bitirsin. Qəçrəşə getmişdik, çox gözəl yerlərdir, yol boyu almaları düzüblər, hərəsi bir yanan lampaya oxşayır. - Gördün ki, bizim yerlər də gözəldir?! |
1996-cı il
31 avqust - Yaxınlarda Səməd Vurğunun 90 illiyini keçirəcəklər, mənə yenə ondan danış.
-Səməd Vurğun məni yaxından tanımırdı. Ancaq harada görüşü olsa idi, mən də həmin görüşlərdə iştirak edərdim. Bir dəfə APİ-nin zalında Səməd Vurğunla görüş keçirirdilər. Sən həmin zalı görmüsənmi?
- Hə, sənin APİ-də görüşün keçiriləndə məni də özünlə aparmışdın. Rasim Balayev Söhrabın şeirini oxudu, sənə dedi ki, “şair, sənə borclu qaldım”.
- Bax, həmin zalda görüş oldu. Mehdi Hüseyn də Səmədlə gəlmişdi. Zal dolu idi. Yer qalmadığı üçün qapını bağladılar. Çöldə qalanlar arxadan qapını zərblə itələdilər, qapı adamların üstünə düşdü. Hamı ona qulaq asmaq istəyirdi, çünki Səməd xalqın istəklisi idi. Görüş vaxtı zaldan Səmədə sual verdilər:
- İndi niyə pyes yazmırsınız?
- İşıq yandı, işıq söndü, mədəniyyət evi göründü, bu, mövzu deyil axı. Mövzu yoxdur, ona görə - cavabını verdi.
- Bəs “Vaqif”?
- “Vaqif”də döyüş var, mübarizə var. Elə bir mövzu olsa yenə də yazaram...
Mehdi Hüseyn çıxışında “bizim ağ saçlı şairimiz” ifadəsini işlədəndə Səməd də zarafatla demişdi:
- Ə, nə ağ saçlı deyirsən, cəmi iki yaş məndən kiçiksən.
Molla Pənah Vaqifin yubileyinə Moskvaya gedirdik. Mən Cabirlə qabaqda Mirzə İbrahimovun yanında oturmuşduq. Ona Səməd Vurğunla bağlı suallar verirdim. Mirzə müəllim danışırdı:
- Məmməd, bilirsən Səməd necə cəsarətli adam idi? Mircəfər Bağırov bizi “öldürüb quyuya salanda” əl atıb bizi oradan xilas edərdi. Heç nədən qorxmazdı.
Səməd Vurğun yataqda xəstə yatarkən şeir müsabiqəsi keçirirdilər. Mən də onda “Sən tələsmədin” şeirini yazdım və bəyənilib çap olunan şeirlər içində mənim də şeirim vardı.
1 sentyabr - Gəzinti vaxtı sual verdim:
- Məmməd, Səməd Vurğun haqqında xatirən qurtardı?
- Yox, hələ var. Bir dəfə yazıçıların plenumuna hazırlıqla əlaqədar “Natəvan” klubunda yığıncaq keçirilirdi. Onda Yazıçılar İttifaqının sədri Mirzə İbrahimov, məsul katibi Əli Vəliyev idi.
Biz cavanlar - Sərdar Əsəd, Famil Mehdi, İlyas Tapdıq, Tofiq Bayram belə yığıncaqlara gedərdik. Hamıdan əvvəl gəlib Rəsul Rza oturdu. Sonra Anarla Nigar xanım gəldi. Səməd Vurğun onlara yaxınlaşıb Nigar xanımla görüşdü. Sonra Anara tərəf dönüb soruşdu:
- Anar, mən yaxşı şairəm, yoxsa Rəsul?
- Rəsul, - deyə, - Anar cavab verdi.
Hamı Anarın kəsə cavabına gülüşdü.
İclas başlandı. Cəfər Xəndan məruzəçi idi. Məruzə qurtarandan sonra zalda narazılıq oldu. Onda tərəflər arasında - Süleyman Rəhimov, Səməd Vurğun, Əli Vəliyev, Mirzə İbrahimov arasında çəkişmələr vardı. Mirzə İbrahimov iclasa gəlməmişdi. Cəfər Xəndanın məruzəsindən razı qalmamışdılar. Əli Vəliyev dedi:
- Elmlər doktoru, universitetin rektoru, tənqidçi Cəfər Xəndandan başqa məruzəni kimə verməli idim ki?
Həmin iclasda MK-da təbliğat şöbəsinin müdiri Cəfər Cəfərov çıxış etdi. O, Stalin mükafatına təqdim olunmaq üçün nəzərdə tutulan əsərlərin sənədlərini hazırlayıb vaxtında MK-ya göndərilməməsində Yazıçılar İttifaqını təqsirləndirdi. Cəfər Cəfərov çıxış edəndə Səməd Vurğun da zalda oturmuşdu. O, Cəfərovun çıxışına replikalarla cavab verirdi. Sonra dözə bilməyib ayağa durdu, papiros çəkə-çəkə qapıya yaxınlaşdı, papirosu zibil qabına atdı və “voobşe yazıçıya məsləhət lazım deyil”, - deyib çıxıb getdi. O vaxt bu, böyük cəsarət idi.
Məmməd Rahim mənə Səmədlə bağlı belə bir əhvalat danışmışdı:
- “Vaqif” əsəri Stalin mükafatına təqdim olunmaq üçün əvvəlcə Yazıçılar İttifaqında müzakirə edildi. Bəzi yazıçılar əsərin müasir tələblərə cavab vermədiyini deyib mükafata layiq olmadığını söylədilər. Sonra əsərin müzakirəsi Mircəfər Bağırovun iştirakı ilə keçirildi. Yenə də əsəri tənqid edib məsələni tamamilə ayrı səmtə döndərdilər. Onda Əli Vəliyev durub dedi:
- Səməd Vurğun xalqımızın ən böyük şairidir, ən böyük şairi olaraq qalacaq, əsəri də mükafata layiqdir.
Sonra fasilə elan olundu. Fasilədən qayıdanlar gördülər ki, Səməd Vurğun Mircəfər Bağırovla oturub çay içir. Bunu görən yığıncaqdakılar əsəri tərifləməyə başladılar.
Yaşlı yazıçılar həmişə söhbət edərdilər ki, Mircəfər Bağırov yazıçıların fəaliyyətini tənqid edib deyirmiş:
- Yazıçılar sosializmi yaxşı təbliğ etmir, gələcəyi, kommunizmi əsərlərində yaxşı əks etdirmir və sair.
Onda Səməd Vurğun söz alıb çıxış edər, zal alqışlarla sözünü kəsər, Səməd təzədən danışardı. Yenə də alqışlayardılar. Onda Bağırov da məcbur olub əl çalarmış.
2 sentyabr - Məmmədə Nüsrət Kəsəmənlinin ruhlarla danışması haqqında yazılmış məqaləni oxudum. Məqalənin adı “Məni birinci həyatımda balta ilə öldürüblər!” idi. Məmməd dedi:
- Nə olsun, o, özünü elə inandırır, başqasına ziyanı dəymir ki, qoy elə fikirləşsin. Nüsrətin axır vaxtlar yazdığı şeirlərindən xəbərim yoxdur. Əvvəllər yaxşı yazırdı. İndiki nəslin özündən əvvəlki şairlərdən öyrənmək imkanı var. Hüseyn Arifi, Bəxtiyarı, məni oxuyub bəhrələnirlər.
- Necə ki, Nizami məktəbi, Füzuli məktəbi, hə, kişi?
Güldü Məmməd:
- Hə, məktəbin Nizami, Füzuli kimi başçıları qalır, qalanları isə tökülür.
Orta məktəbdə oxuyanda S. Vurğunu o qədər tərifləyirdilər ki, şairin bu şöhrətinə vurulurduq, şeir yazmağa həvəslənirdik. Mən də o zaman “Ararat” adında bir şeir yazdım. Şeirin məzmunu belə idi ki, Ararat dağı kapitalistlərin əlində göz yaşı tökür, azad deyil, nə bilim nə, nə. Şeiri Şahbuzda çıxan “Sosializm maldarlığı”, ada bax a, qəzetinə apardım. Qəzetin redaktoru Bayram Qurbanov idi. Kişi mənə dedi:
- Ay Məmməd, axı belə sözlər yazmazlar, onlar bizim qardaşlarımızdır. Fikrini, sözlərini mənə elə incə şəkildə çatdırdı ki, yəni başa saldı ki, türklər bizim qardaşımızdır. Sonralar Bayram Qurbanovu görəndə şeirimə görə xəcalət çəkirdim.
3 sentaybr - Məmməd Araz, işdə yanına gəlib gedən olubmu?
- Bəli, bir ağbaş kişi idi, adını bilmədim. Salamdan sonra aşağıdakı sözləri döşədi qabırğama ki, mən də şeir yazırdım, gördüm ki, xalqıma xəyanət edirəm, daha qələmimi sındırdım, şeir yazmadım. Siz niyə Əliğa Kürçaylını unutmusunuz, Məmməd müəllim? Əliğa Kürçaylı sizi böyük şair adlandırmışdı “Narbənd ağacı” şeirində. Sizin böyük şair olduğunuzu xalq da təsdiq edib. Səməd Vurğun haqqında poema yazmışdım. Apardım Yusif Səmədoğlunun yanına. Soruşdum ki, Səmədin oğlusan, yoxsa Yusif Səmədoğlusan?
- Hər ikisiyəm, - dedi.
- Sənə poemamı oxumaq istəyirəm, xahiş edirəm qulaq as. Səni dinləməyə vaxtım yoxdur, cavabını verdi mənə, cənublu qardaşına.
Kişi bu sözləri deyib çıxıb getdi.
Məmməd Əli Vəliyev haqqında danışmağa başladı:
- Əli müəllim məndən bir neçə dəfə küsmüşdü, bilirsən. Süleyman Rüstəm “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru idi. Xəlil mənə dedi ki, gedək Süleymana şeirlərimizi oxuyaq. Getdik, yerində yox idi, gözlədik. Süleyman gəlib katibin otağına keçdi. Xəlillə içəri girdik. İçəridə Əli Vəliyev və Zeynal Xəlil də vardı. Xəlil Süleymana dedi ki, şeir oxumağa gəlmişik. Mən “Manilus Qlezus” şeirimi oxudum. Zeynal Xəlil dedi:
- Məmməd, bu fəlsəfən səni Bəxtiyarın yoluna aparır. - Başqa bir neçə söz də söylədi.
Süleyman isə şeirin çapına söz verdi.
Səhər İttifaqa getdim, mən qalxanda Əli müəllim düşürdü. Salam verdim:
- Sənin salamın mənə lazım deyil, - dedi, - Məşədi İbrahimin nəslindən xəbərçi çıxmayıb, sən o nəsildən deyilsən, get, bir də İttifaqa gəlmə.
Mən bu sözlərdən pərt oldum:
- Nə olub, Əli müəllim, mənim günahım nədir? - Cavab vermədi.
Mehdi Hüseyn də qalxırdı. Mənim yaman pərt olduğumu görüb Əli Vəliyevə dedi:
- Əli müəllim, hər şey cəhənnəmə, Məmməd yaxşı şairdir, xətrinə dəyməyin. Sonra məni öz otağına apardı. Mehdi o vaxt məsul katib idi. Sonra məsələnin böyüdüyünü görən Xəlil demişdi ki, Zeynal Xəlilin dediyi sözləri Bəxtiyara o çatdırıb. Bir neçə gün keçəndən sonra Əli müəllimlə yenə rastlaşdım. Mən salam verməmiş soruşdu:
- Nə təhərsən, bağışla, bilirdim ki, Məşədi İbrahim törəməsi xəbərçi olmaz.
Bir də yadındamı, Məsud Əlioğlu bizi qonaq çağırmışdı. Orada Mirzə İbrahimov, Əli Vəliyev, Mehdi Hüseyn, Kamal Talıbzadə, İsmayıl Şıxlı vardı. Yadımdadır, Kamal Talıbzadə badə qaldırıb dedi:
- Bilirsiniz, ağsaqqallar, siz özünüzdən sonra gözəl bir nəsil qoyub gedirsiniz. İçək başda İsmayıl Şıxlı olmaqla yeni nəslin sağlığına!
Mehdi onda yerindən qalxdı, acıqlandı:
- Hara gedirik, ə? - dedi.
Məclisdə bir az qanqaralıq oldu. Kamal Talıbzadə məsələni bir az yumşaltmaq məqsədilə əlavə etdi, yəni deyirəm, insan gedəridir.
O biri həftənin üçüncü günü İsrafil Nəzərov Mətbuat Komitəsinin kollegiyasını keçirirdi. Hökumət telefonu səsləndi, İsrafil dəstəyi götürdü, qısa pauzadan sonra dilləndi:
- Başınız sağ olsun, Mehdi Hüseyn keçindi.
Bu, Məsud Əlioğlunun evində olan söhbətdən dörd gün sonra oldu.
5 sentyabr - Məmməd, axı Əli Vəliyev səndən bir neçə dəfə küsmüşdü?
- Rusların Çexoslovakiyanı işğal edib əhalisini qırmaqlarını biz cavanlar müzakirə edir və rusların bu hərəkətini pisləyirdik. Bu danışıqlarımız bizim qoca kommunistlərə xoş gəlmirdi. Əli müəllim məni görəndə dedi:
- Eşitmişəm, qəhrəman olmaq istəyirsən, rusları pisləyirsən?
- Düz pisləyirik, rusların orada nə işi var?
Əli Vəliyev heç nə deməyib, çıxıb getdi. Sonralar Əli müəllimdən soruşdum:
- Əli müəllim, deyəsən, kommunizmdən bir şey çıxmadı?
- Düz deyirsən, bir şey çıxmadı, - cavabını verdi Əli müəllim.
7 sentyabr - 1989-cu ilin soyuq günlərindən biri idi. Deyəsən, noyabr ayı idi. Nemət Pənahov zəng etdi ki, səninlə görüşüb söhbət etmək istəyirəm. Görüşü növbəti həftəyə təyin etdik. Evimizin aşağısında, Tofiq Bayramın evi olan yerdə görüşdük. Bir az söhbət etdikdən sonra məni Səttərxan adına zavoda görüşə çağırdı.
Görüş başlanana qədər Nemət təzədən məni söhbətə tutdu:
- Xalq cəbhəsi təşkil etmək istəyirik, siz də xalq cəbhəsinin sədri olun.
Onda bir cavab vermədim. Sonra məni kabinetə apardılar. İçəridə Xəlil Rza, Ağamalı Sadiq, Əbülfəz Elçibəy, bir də zavodun direktoru Əyyam müəllim vardı. Söhbət başlanan kimi yenə də məndən xalq hərəkatına başçılıq etməyi xahiş etdilər. Elçibəyi göstərib dedim ki, xalq hərəkatına bu kişi rəhbərlik etsə yaxşıdır. Nemət də Əbülfəz də bir ağızdan dedilər ki, biz sənin şeirlərini oxuyandan sonra meydana atılmışıq, azadlığın yolunu şeirlərinlə bizə göstərmisən, sən də rəhbər olmalısan.
Cavab verdim:
- Vallah, fiziki cəhətdən mənim qüvvəm çatmaz, görürsünüz, necə xəstəyəm, amma mənəvi kömək etməyə hazıram.
Görüş başlandı. Ağamalı da, Xəlil də, Nemət də, Əbülfəz də haqqımda danışdılar, özü də çox yaxşı danışdılar. Beləliklə, başçılıq məsələsində məndən əl çəkdilər.
Sənə deyim ki, xalq hərəkatı çoxdan başlamışdı. Bir dəfə naxçıvanlı Benyamin yanıma gəlmişdi. 80-cı illər idi. Söylədi ki, təşkilat yaratmışıq, əhalini dövlətdən narazı salmaq məqsəd ilə təxribatla məşğuluq. Sən də bizim təşkilata üzv ol.
- Mən belə işlərə qoşula bilmərəm, - cavabını verdim.
8-10 sentyabr - Azad Nəbiyevlə kafenin qarşısında təsadüfən görüşdüm. O, universitetdə folklor şöbəsinə rəhbərlik edir. Azad gileyləndi ki, Məmməd müəllim, “Məmməd Araz və folklor” mövzusunda dissertasiya verməyə savadlı bir adam tapa bilmirəm.
- Bir dəfə Tofiq Bayramla Şahbuza gedəndə bizi şərab zavoduna apardılar. O vaxt zavodun direktoru Əsəd Quliyev idi. Kabinetə girdik. Başının üstündən Leninin böyüdülmüş şəklini asmışdı. Tofiq deyindi:
- Bu nə şəkildi, ə, vurmusan başının üstünə. Heç olmazsa bir möhkəm vuranın şəklini asaydın ordan.
... Çoxdankı söhbətdi, - dedi, - Məmməd:
- Yanımda oturub Azərbaycanı idarə edən adamları müzakirə edirdilər. Yerazdı, yoxsa yeraz motorlu naxçıvanlıdı. Belə söhbətdən acığım gəldi, axı xalqı nə qədər bölmək olar? Dedim ki, mən kanadalıyam, babalarım 5 min il əvvəl Azərbaycana köçüblər, heç azərbaycanlı olmaq da istəmirəm. Bu söhbət nə qədər olar? Bəsdirin...
Haralısan sualını nə vaxta kimi eşidəcəyik? Bu sual, bu əyri addım xalqın taleyində çox bəd rol oynayıb.
“Haralısan” sualını verənlər, heç şübhəsiz, “öz məhəlləsindən” olan kütləri, savadsız işbilməzləri, “başqa məhəllədən” olan istedadların yerində oturtmağa çalışıblar və məqsədlərinə nail də olublar.
“Məndən ötdü, qardaşıma dəydi” şeirimi bu məqsədlə yazmışam.
Çünki sənətin və sənətkarın boynuna burada çox yük düşür. Vətənə münasibətdə, vətəndaş borcunu yerinə yetirməkdə sənət və sənətkar insana yaxın qüvvə olur. “
11 sentyabr - Tehran televiziyası üçün Məmmədi çəkmək istədiklərini bildirdilər və gəldilər. Afaq, Əliəkbər Şərdust, operator Hikmət. Fasilədə Məmməd Şəhriyardan söhbət saldı. Və çəkilişə görə söhbət yarımçıq qaldı.
Axşam mənə dedi ki, sənə etdiyim bu söhbəti mənə Əli müəllim danışıb. O, “Kommunist” qəzetinin redaktoru olanda başına belə bir əhvalat gəlibmiş.
Mirzə İbrahimovun qudası Həsən Həsənov MK-da işləyirdi. O, mənə deyirdi ki, Ağdamın bölgə müxbirini işdən çıxar. Mən isə onun sözünə baxmırdım. Onda Həsən Həsənov əlimdən Bağırova şikayət etdi. Bağırov məni yanına çağırdı, getdim. Həsən Həsənov da yanında idi. Bağırov soruşdu:
- Bizim MK-nın bu gözəl işçiləri səndən nə istəyir, Muzduroğlu?
- Nə bilim, deyir müxbiri çıxar, mənim qohumumu ora işə götür, mən də sözünə baxmıram.
Bağırov H.Həsənova: - sən dur get, - dedi. Sonra mənimlə söhbət etdi. Söhbətarası mənə çatdırdı ki, o müxbir, eşitdiyimə görə rüşvət alır, bir-iki ay keçəndən sonra işdən çıxart.
M. İbrahimov da mənə belə bir maraqlı əhvalat danışmışdı:
- Vəli Axundovla Moskvaya plenuma getmişdik. Vəli plenumda çıxış etdi və çıxışında Xruşşovu bərk təriflədi. Aşağı düşəndə məndən soruşdu:
- Çıxışım xoşuna gəldimi?
Dedim, Vəli, dövlət rəhbərlərini tərifləyəndə gərək bir az ehtiyatlı olasan. Dediyim sözdən Vəlinin xoşu gəlmədi. Bir az sonra Xruşşovu işdən çıxartdılar. Hiss edirdim ki, Vəli məni görəndə xəcalət çəkir.
12 sentyabr - Mənim bu günki sözlərim sənin efirinə gedəcəkmi? Zarafatla soruşdu Məmməd:
- Nöqtəsinə, vergülünə qədər.
- Mən nəşriyyatda şöbə müdiri işləyəndə Beqdeli Şəhriyara həsr olunmuş nəzirələri çapa gətirdi. Mən etiraz etdim. Bir də gördüm ki, məni İsrafil Nəzərov çağırdı. Beqdeli məni görən kimi, bu cənab məni çap olunmağa qoymur, - dedi.
İsrafil məndən soruşdu:
- Nə olub?
Cavab verdim:
- Hə, mən cənab deyirəm ki, əvvəl Şəhriyarı çap edək, sonra ona həsr olunmuş şeirləri.
- Düz sözdür, - İsrafil müəllim razılaşdı.
Sonra Beqdeli ilə məsləhətləşib Şəhriyarın farscadan tərcümə olunmuş “Ayın əfsanəsi” kitabını çap etdik. Sonralar Beqdeli məndən üzr istədi ki, düz iş tutmadım. Beqdeli “Heydərbabaya salam” poemasını da gətirdi, onu da çap etdik. İrana getməmişdən əvvəl mənimlə görüşmək üçün evimizə gəldi, mənə İrandakı ünvanını və telefonunu verdi. Mənim “Şəhriyar gəlmədi” şeirimi İranda çap etdirdi. Halbuki o şeir burada hələ çap olunmamışdı. Bilirsən ki, Şəhriyar Vaqifin yubileyinə dəvət edilmiş, lakin gəlib çıxmamışdı. Bütün varlığı ilə Azərbaycana bağlı olan Şərqin böyük sənətkarı ustad Şəhriyarın gəlişini illərdən bəri gözləyirdik.
Vaqifin 250 illiyini qeyd etdiyimiz 1967-ci ilin son təntənə günündə “Şəhriyar gəlmədi” şeirim yazılıb:
Baxışlar asıldı təyyarələrdən,
Ümidlər yollara sərili qaldı,
Bu ağır xəbərdən, bu nəs xəbərdən
Güllər, güllüklər dərili qaldı.
Şəhriyar gəlmədi.
Hətta həmin şeiri kitabımdan da çıxartmışdılar.
- Hansı kitabından?
- Yadımda deyil, “Ömür karvanı”, yoxsa “İllərdən biri”. Beqdeli ilə belə dostlaşmışdıq.
“Biz bu vaxtacan həm tariximizi, həm də ədəbiyyatımızı birtərəfli öyrənmişik. Azərbaycan xalqı tanımalıdır, bilməlidir ki, Şəhriyar da bu torpağın oğludur, özü də nəğməkar oğlu. Şəhriyarın buna haqqı var.
Şəhriyar sağlığında Azərbaycan ədəbiyyatı dərsliklərinə düşmədi. Bu, biz nəslin günahıdır. Heç olmasa ölümündən sonra qədrini bilək.
Bir az dərindən fikir versək, iki əsrə qədər imperiya cəlladları quş da keçə bilməyən sərhədlərlə nə qazandılar? Burada uduzan xalq, onun tarixi, mədəniyyəti oldu...“
Axşam Afaq telefonla bildirdi: - Gülxanım müəllimə, çəkilişimiz elə gözəl alınıb ki, müdirimiz mənə çox sağ ol dedi, xüsusən, duet gözəl alınıb.
Çox təəssüf ki, indi həmin lent itib.
13 sentyabr - Bu gün Məmməd mənə vaxtilə çap olunmamış, ancaq şeirləri şifahi olaraq xalq arasında yayılmış şairlərdən bir neçəsinin adını çəkdi. Onlardan biri Qəmkeşdir. Yadında qalmış misralarından söylədi:
Burda dövran susub, zaman yatıbdı,
Şahdan yuxarıda çoban yatıbdı.
Bu iki misrada qəbiristanlığın təsvirini gör necə verib, torpaq üçün fərqi yoxdur, şah kimdir, çoban kim. Sağlığında şahdan yuxarıda otura bilməyən çoban o biri dünyada şahdan yuxarıda yer tutubdur. Hayıf ki, şeirləri yadımda deyil.
Məzahir Daşqın haqqında az da olsa məlumat verdi:
- Deyildiyinə görə almanlara əsir düşüb, əsirlikdən qaça bilib. Müsəlmanlarla birlikdə qəzet çıxarıbmış. Qəzet guya Sovet hökumətinin əleyhinə imiş. Ona görə də ona xalq düşməni damğasını vurublar. Azərbaycanın bütün aşıqları, xüsusən Gəncə, Qazax, Şəmkir, Göyçə aşıqları onun şeirlərindən oxumasalar, naşı aşıq sayılırdılar.
Tüstüsü göylərə çəkilən mənəm,
Yurdunda bostanlar əkilən mənəm,
- onun misralarıdır.
Məhəmməd Biriyadan da iki misra yada saldı:
Ya rəb, məni xar edəni, görüm xar olsun,
Sevdiyi, sevdiciyi özgələrə yar olsun...
Sonra əlavə etdi ki, Əli vardı ha, kəlbəcərli şair Əli, yadına düşdümü? Bu gün onu gördüm, fikirli olduğuma görə onunla çox rəsmi görüşdüm. İndi xəcalət çəkirəm ki, niyə elə etdim.
15 sentyabr - Məmməd Süleyman Rüstəm haqqında həmişə yaxşı danışır:
- Çox səxavətli kişi olub. Yazıçılar İttifaqına daxil olmaq üçün mənə birinci Süleyman Rüstəm, ikinci Əhməd Cəmil zəmanət veriblər. İttifaqa 1958-ci ildə qəbul olunmuşam. Mənə “Uğurlu yol”u Süleyman Rüstəm yazıb. Xətrimi çox istərdi. Dəfələrlə bağına qonaq aparıb. Süleyman Əhməd Cəmil haqqında zarafatla deyərdi:
- Əhməd Cəmil cibində iki ərizə gəzdirir; biri işə girmək, biri isə işdən çıxmaq üçün.
Mən nəşriyyatda şöbə müdiri işləyəndə Əhməd Cəmil də baş redaktor idi. Çox az işlədi. Fəridə Vəzirova M. S. Ordubadinin cildlərini toplayıb nəşriyyata təqdim etmişdi. Səkkiz cildlik idi. Mən şöbə müdiri kimi imza atmaya bilərdim, amma baş redaktor mütləq imza atmalı idi. Birinci cildi aparıb Əhməd Cəmilin qabağına qoydum. Soruşdu:
- Məmməd, bu nədir?
- Ordubadinin şeirləri toplanıb, Fəridə Vəzirova tərtib edib.
- Məmməd, bura o vaxt yaşayan şairlərin şeirləri də düşə bilər və ya şeirlər tam ola bilməz.
- Nə olar, Əhməd müəllim, çap edərik, bizi tənqid edərlər, səhvimizi düzəldərik
Əhməd müəllim əlyazmalarını oxumaq üçün evə apardı. Evdə də oxuya bilməyib geri qaytardı ki, gələn-gedən çox olub. Beləliklə, çapa imza etmədi, az sonra işdən çıxdı, məsuliyyət altına girmək istəmədi.
Səməd Vurğun Yazıçılar İttifaqının sədri olanda Əhməd Cəmil məsul katib olub. Deyərdi ki, Səməd məsuliyyət nə olduğunu bilməzdi, həftələrlə ovda olardı. Onun yerinə məni danlardılar, ona görə işdən çıxdım.
17 sentyabr - İsgəndər Coşqunla əlaqədar məzəli bir əhvalat danışdı:
- Moskvada oxuduğu vaxtlarda İsgəndər bir qıza vurulur. Dostları - Rüfət Zəbioğluna, Salam Qədirzadəyə və İbrahim Kəbirliyə əhvalatı bildirir. Deyir ki, bir ağsaqqal tapıb qıza elçi gedin. İbrahim Kəbirli cavab verir ki, ağsaqqal mən özüməm, hər işi həll edəcəyəm. Üçü də elçi gedir və özləri ilə bərabər bir yeşik araq da aparırlar. İsgəndər isə küçədə gözləyir. Qızın atası araq yeşiyini görüb bunları çox yaxşı qarşılayır. Yeyib-içirlər, hamı keflənir. Gələnlər nə üçün gəldiklərini yaddan çıxarırlar. Qızın atası görür ki, bunlar heç bir söz demirlər, onları qovur və dallarınca da bir söyüş fırladır.
İntizarla küçədə gözləyən İsgəndər soruşur ki, nə dedilər? Yoldaşları cavab verir:
- Sabah yenə gedərik...
İbrahim Kəbirli pul xərcləməyi sevməzdi, tələbədə də heç vaxt pul olmazdı. Ancaq İsgəndər İbrahimdən pul qopara bilərdi. İsgəndər İbrahimə dədə deyərdi. Uşaqlar pulları qurtaranda onu İbrahimin yanına göndərər, o da gedib özünü guya ağlayırmış kimi göstərər və deyərdi:
- Dədə, üç gündür acam, çörək yeməmişəm, pulum yoxdur.
Pul qoparıb uşaqların yanına qayıdarmış.
İsgəndər eşidir ki, bir qız ona ürəkdən vurulub. Həmin qızla da evlənir.
İsgəndər oxuyub qurtardıqdan sonra Bakıda ona yarımzirzəmi bir ev verirlər. İbrahim Kəbirlini evinə aparır. Qapıdan içəri keçməmiş İbrahim başlayır ağlamsınmağa ki, ilahi, İsgəndərin də evi olarmış.
18 sentyabr - Axşam İsa Məmmədov dedi:
- Məmməd müəllim, yaxşı bir gecə keçirəcəm, artıq hər şeyi fikrimdə qurmuşam. 150 nəfər ən yaxşı ziyalını çağıracağam, şeir oxuya bilən uşaqları da özüm təşkil edəcəyəm, çox gözəl bir gecə olacaq. Oktyabrın 12-də keçiriləcək, sənin razılığını almağa gəldim.
Məmməd bizə belə bir maraqlı əhvalat danışdı:
- Bu olmuşları bizə Mirzə İbrahimov danışıb.
Özbəkistandan Azərbaycana görkəmli bir bəstəkar gəlir. Üzeyir yaman zarafatcıl bir adam imiş. Bülbülə deyir ki, gələn qonaq bir az ağır eşidir, onunla hündürdən danış. Eyni sözləri Bülbül haqqında qonağa deyir. Görüş zamanı Bülbül qonaqla hündürdən danışır, qonaq da Bülbülə hündürdən cavab verir. Söhbət zamanı hər ikisi az qala qışqıra-qışqıra danışırmış. Sonra Bülbül məsələni başa düşür və bilir ki, bu, Üzeyirin işidir.
Bu əhvalatı da bizə Mirzə İbrahimov danışıb:
Bir gün Komitənin sədri Üzeyirə zəng edir:
- Üzeyir, burada, - yanımda iki kompozitor dalaşır, onları sakitləşdirə bilmirəm
- Nə üstündə dalaşırlar?
- Heç nə, biri o birisinə eşşək deyir.
- Əgər iki eşşəyin arpasını bölə bilmirsənsə, kresloda niyə oturmusan?
20 sentyabr - Moskvada yaşayan Nəsib Nəbioğlu yoldaşı və uşaqları ilə qonağımız oldu:
- Bakıya gəlib ağsaqqalı görməsəydim olmazdı, Nikolay Qoroxov da məni danlardı. Yoldaşım Dürdanə xanım dedi ki, məni Məmməd müəllimin yanına apar. Ustad, gəldik sizin görüşünüzə. Nikolay həmişə sizdən danışır. O, indi “Soyuz sovremennıx pisateley” nəşriyyatında işləyir. Görək, gələcəkdə işimiz yaxşı olsa, nəsə edə bilərik.
- Moskvada bizim ziyalılara dəymirlər ki? - soruşdum.
- Yox, ancaq alverə gələn azərbaycanlıları döyürlər. Allah qoysa, bütün işlər yaxşı olacaq, ruslar Qafqazdan çıxacaqlar. Çeçenlər onlara od qoyub. Onların dediyi kimi iki min yox, beş min əsgər ölüb. Lebed ağıllı hərəkət edir. Onlar Orta Asiyadan da çıxacaqlar.
- Deməli, belə çıxır ki, bizim işimiz Allaha qalıb. Bizdə də varlıların uşaqları vuruşmur, kasıblar ölür, torpaqlar gedir...
- Varlıların vətəni olmur, bacım, - dedi, - Nəsib. Onların pulu var, hər yerdə yaşaya bilər, aradan çıxarlar. Torpağı kasıblar qorumalıdır, çünki onlar qaça bilməzlər, burada yaşamalıdırlar. Ermənilər bu saat Braziliyaya da üz tutublar.
22 sentyabr - İsa günorta bizi xəngələ qonaq apardı. Həm də 12 oktyabrda keçiriləcək görüşün ssenarisini danışdı.
Məmməd: “İnnən belə o gözlərə baxmaram”, “Dağlar” mahnılarını da tapsan pis olmaz.
İsa dedi ki, bu gecə alınsa, fikrim var belə gecələri Gəncədə, Lənkəranda, Mingəçevirdə də keçirək. İsi Məlikzadənin ad gününə yaxşı bir gecə hazırlayırıq, qəbrini ziyarətə gedəcəyik. Allah qoysa, fikirlərim çoxdur, Məmməd müəllim.
Axşam Məmməddən soruşdum:
- Sizləri, bir çox görkəmli adamları bəziləri kürd adlandırırlar, xəbərin var?
- Hə, bir dəfə Əli Vəliyevdən soruşdum ki, Əli müəllim, sizi kürd kimi müzakirə edirlər, necə baxırsan?
- Kim, yəqin Şamil olar, peyğəmbəri kürd edib, az qala Allahı da kürd saya. Mən kürd deyiləm.
- Məni də kürd hesab edirlər.
- Sən Məşədi İbrahimin nəvəsisən, sən hardan kürd oldun?
25 sentyabr - Moskvadan Şostakoviç haqda veriliş gedirdi.
- Məmməd, Qara Qarayevi harada basdırıblar, Bakıda, yoxsa Moskvada?
- Bakıda, Fəxri xiyabanda.
- O ki, Azərbaycanda yaşamırdı.
- Niyə elə danışırsan, əsərləri hansı ölkədə səslənibsə, Azərbaycan adından səslənib. Nə yazıbsa, bu xalqın malıdır, azərbaycanlı oğludur, razısan mənimlə?
Susdum...
26-27 sentyabr - Xətai rayonunun 257 saylı məktəbində Məmmədlə görüş keçirildi. Televiziya da dəvət edilmişdi. Aparıcı xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar adlı bir uşaq idi. Görüşdə çox adam vardı.
Polad atası Bülbülə aid veriliş aparırdı. Məmməd əlavə etdi ki, Bülbülün arvadı Ada xanım çox qoçaq qadındır, mən nəşriyyatda işləyəndə Ada xanım Bülbül haqqında xatirələrini çap etdirdi.
Məmməd yenə keçmişə qayıtdı:
-Süleyman Rüstəmin yaxşı məzəli söhbətləri olardı. Ordubadi bərk xəstə imiş. Ordubadinin qonşusu olan Bülbül xəstənin yanına keçir, hal-əhval tutur:
- Mirzə, ölüm-itim dünyasıdır, vəsiyyətin varsa elə, - deyir.
- Yoxdur.
- Onda de görüm, Mirzə, kommunizmə inanırsanmı?
- Gədə, ölüm ayağında belə qlauznı suallar vermə.
Süleyman Rüstəm Ordubadinin deputat seçilməsini də lətifəyə çevirmişdi:
- Ordubadi mənə danışmışdı ki, gecə saat ikidə qapının zəngi çalındı, qapını açdım, gördüm çekist:
- Geyin, gedirik...
- 15 dəqiqə gözləyə bilərsinizmi, - soruşub səssizcə geri döndüm.
Paltarımı geyindim, yüngül yorğan, alt paltarımı götürüb vurdum qoltuğuma. Arvada tapşırdım ki, gəlməsəm yemək gətirərsən. Düşdüm çekistin ardınca, maşın dəniz qırağına döndü. Fikirləşdim, aparırlar podvala. Maşın Aznefti keçəndə ürəyimdə dedim, yəqin Bayıla aparacaqlar. Maşın oradan da keçdi, çatdı MK-nın binasına, liftlə qaldırdılar, ötürdülər bir otağa. Fikrimə gəldi ki, burada başımı kəsəcəklər, heç kimin xəbəri olmayacaq. Fikirli-fikirli ətrafa baxanda gördüm Mircəfər Bağırov oturub, məni oturmağa dəvət etdi:
- Otur, Mirzə.
- Yoldaş Bağırov, xeyir ola?
- Səni təbrik edirik, Mirzə.
- Yoldaş Bağırov, nəyi təbrik edirsən, ölümümü?
- Yox, Mirzə, səni deputat seçirik.
- Evin tikilsin, mən öldüm ki, belə deputat seçmək olar?
Yaşlı yazıçılarımız bizə danışırdılar ki, yığıncaqlarda M. Bağırov bir naziri, MK-nın işçisini tənqid edəndə, cəzalandırmaq istəyəndə Ordubadi yerindən deyərmiş:
- Güllələnsin, güllələnsin...
Soruşurduq niyə elə deyirsən, yazıq deyil?
Cavab verirmiş:
- Mən Mircəfərin xasiyyətini yaxşı bilirəm, o, həmişə tərsinə iş görər.
28 sentyabr - “Ədəbiyyat və incəsənət” qəzetində işləyirdim. Sabir adlı bir oğlan yanıma gəldi ki, əmi, mədəmdə yara var, evdə xörək bişirənim yoxdur, evlənmək istəyirəm. Süleyman Rüstəmi, Məmməd Rahimi götürüb elçi gedin. Dedim ki, Məmməd Rahimi götürüb gedərəm. Məsələni Rahimə danışdım, razılaşdı, getdik. Yaşlı bir arvad bizi qarşıladı, məsələni açdıq. Arvad deyindi ki, bəs oğlanın qohumları hanı? Məmməd Rahim dedi:
- Bacı, mən xalq şairiyəm, hamını əvəz edirəm, hər şeyə cavabdehəm.
Razılaşdıq, oğlan evləndi. Heç iki ay keçməmiş ayrıldılar. Sabirə dedim ki, mən daha sənin işinə qarışan deyiləm. Amma Rahim müəllimi də muştuluqladım:
- Rahim müəllim, elçiliyimiz düşmədi, ayrıldılar.
- Mən daha barışığa gedən deyiləm, - cavab verdi Rahim.
29-30 sentyabr - Axşam televiziyada “İnam” verilişi gedirdi. Dəqiq elmlər üzrə üç professor - Məmməd, Faiq, Tofiq “İnam”ın qonağı idilər. Suallardan biri belə idi:
- Hansı şairləri oxuyursunuz?
- Klassikləri, həm xarici, həm də özümüzünküləri. Müasir şairlərdən Məmməd Arazı, Musa Yaqubu...
Faiqin cavabı isə belə oldu:
- Puşkini oxuyuram, müasir şairlərdən Məmməd Arazı, ancaq və ancaq Məmməd Arazı.
Anarın Milli Məclisdəki çıxışına qulaq asırdım:
- Mingəçevir SES-in vəziyyəti təşviş doğurur, əgər bənd dağılarsa, 18 rayon su altında qalacaq...
Məmməd məzəli bir əhvalat danışdı:
- Bir dəfə İsi Məlikzadə ssenari yazıb kinostudiyanın direktoruna təqdim edir. Direktor da ümumi bir qayda olaraq üstünü yazıb oxumaq üçün verir baş redaktor olan Yusf Səmədoğluna. Bir müddət keçəndən sonra İsi Yusifdən soruşur:
- Yusif, əsərimi oxudun?
Hər dəfə soruşanda Yusif, “yox” deyib bir bəhanə gətirir. Bir neçə ay keçir, yenə də İsinin sualına Yusifin cavabı belə olur:
- Ay İsi, onsuz da İkar gəlir, dünya dağılacaq, neynirsən onu? İndi sənə də deyim, Mingəçevir gəlir, neyləyirsən gündəliyi?
2-4 oktyabr - Mahnı oxuyurlar... “Günəş sönər mən sönmərəm”
- Ağ mübaliğədir, - dedim. Məmməd əlavə etdi:
- İbrahim Kəbirli yazmışdı:
- “Lenin günəşdi, günəş sönər, Lenin sönməz”.
Əli Vəliyev oxuyub deyir:
- Yalan deyirsən, İbrahim, Lenin sönər, günəş qalar.
Birinci dəfə idi ki, Əli müəllimdən Lenin haqqında elə söz eşitmişdik.
Xeyir ola, görəsən, yenə nə olub, belə küy qalxıb küçədə?
- Yəqin, İlyas Əfəndiyevin dəfni ilə əlaqədardır.
- Səmədin dəfnini lentə almışdlar. Neçə dəfə şagirdlərimə nümayiş etdirmişəm. Amma...
Səməd çox əvəzsiz istedad olub. Başdan ayağa şeir idi Səməd. Ancaq ruslar qabağımızı kəsmişdi. Dünyaya, dünya ədəbiyyatına birbaşa çıxa bilmirdik.
Rus şairləri - Tvardovski, İsakovski, Pasternak - bunların heç biri şüara getmədilər, şüar yazmadılar. Buna baxmayaraq, Tvardovski ən gözəl Sovet şairi sayılırdı.
Şeirdə daşı tərifləyib mərmər də etmək olar, onu o qədər bəzəmək olar ki... sonra ayılıb görürlər ki, bu, daşdır. İndi xalqı aldatmaq mümkün deyildir, təbliğatla şairi sevdirmək olmur, ziyalılar ayıqdırlar, daşı mərmərdən seçirlər.
Şeirin nəfəsi böyükdür. Qədimdə İran orduları döyüşə hazırlaşarkən onlara Firdovsinin “Şahnamə”sindən parçalar oxunarmış. Bu yüksək poeziyanın ləngərindən vəcdə gələn hisslər sanki bütün ətraf mühiti, daşı-qayanı, suyu-torpağı əyninə geyib öz yurdunun müdafiəsinə qalxan əsgərin özünü qılınc kimi ovxarlarmış...
Bolşeviklər bunu bilir və şablon şeirlərə diqqəti artırırdılar.
R.Rzanın ən yaxşı şeirləri Xruşşov dövründə yazıldı, nisbətən azad nəfəs verildi qələm sahiblərinə.
S.Vurğun “Şair, nə tez qocaldın” kimi əvəzsiz şeirini Stalin öləndən sonra yazdı.
Bizim nəslimizin bəxti nisbətən gətirdi, sözü açıq demək mümkün olan dövrə düşdü. Bayaq dediyim kimi, Xruşşov rus şairlərinə nisbətən azadlıq vermişdi. Bu dövrdə Rusiyada Yevtuşenko, Bella Axmadulina, Andrey Voznesenki və bir sıra şairlər yetişdi.
5 oktyabr - Axşamüstü dostumuz İsa və Rüstəm Behrudi Məmmədin görüşünə gəldilər. Söhbət əsnasında İsa üzünü Rüstəmə çevirdi:
- Rüstəm, bilirik yaxşı şairsən, həm də böyüklüyün ondadır ki, sən həmişə özünü Məmməd Arazın şagirdi, onu isə ustadım adlandırırsan. Cavan olsan da tanınırsan, şeir aləmində öz yerin var. 41 yaşıma qədər mən Bakıya qeydiyyata götürülməmişəm, ancaq mən fikirləşmişəm ki, bir Məmməd Araz dünyası var və həmin dünyada mənim xüsusi yerim, qeydiyyatım var.
Behrudi sözə qoşuldu və dahiləri üç qrupa ayırdı:
- Rəzil olublar, sonsuz olublar, kasıb olublar. Məmməd əmi kasıblar qrupuna daxil olan dahilərdəndir. Nə yaxşı ki, Məmməd Araz var. O, Azərbaycan şeirində mizan tərəzidir. Məmməd Araz olan yerdə heç kim deyə bilməz ki, mən böyük şairəm. Məmmədin böyüklüyü bir də ondadır ki, sağlığında Məmməd Araz məktəbi yaranıb, Məmməd Araz məktəbi var. Məmməd əmi haqqında “Şeir Allaha oxunan duadır” başlığı ilə məqalə yazmışam. “Azərbaycan” qəzetinə verəcəyəm. Mən də kiçik adam deyiləm...
İsa dilləndi:
- Bir daha əlavə edirəm ki, yaxşı şairsən, ancaq Məmməd Arazın şagirdi olduğun üçün yaxşı şairsən, Məmməd Araz məktəbinin davamçısısan.
- Bəli, mən fəxr edirəm ki, Məmməd Araz məktəbinin şagirdiyəm.
6 oktyabr - Məmməd, Rüstəm Behrudi Sevaka millətçi deyil, dedi. Axı sən ayrı cür demişdin.
- Sevak o vaxtın Zori Balayanı idi. Elmi məqalələrlə çıxış edirdi. Rüstəm onu tanımadığı üçün elə deyir. Gör şeirində Sevak nə deyir:
Biz kiçiyik
Güllənin ucundakı qurğuşun kimi
kiçiyik.
Biz kiçiyik,
Palıd toxumu kimi kiçiyik...
Və sairə müqayisədən sonra gör necə deyir:
Biz kiçiyik,
Ətrafımızı yeyib böyüməliyik.
İzaha ehtiyac varmı? Millətçidi, yoxsa yox?
Sevak erməni şairlərinin çoxunu bəyənməzdi. Varped, yəni ustad dedikləri Avateki də bəyənməzdi. Deyirdi, oxumamışam, eşitmişəm ki, sizdə də “ustadlaşmış” şairlər var. Tərcümə olunmaq istəmirdi, tərcümədən xoşu gəlmirdi. Deyirdi:
- Tərcümə olunanda elə bil məni soyundurublar, çılpaq qalmışam. Sağlığında şeirləri az çıxmışdı, ya da heç çıxmamışdı.
7 oktyabr - Mənim Əlağa Vahid haqqında yaxşı xatirələrim var, qismət olsa, yazacağam.
- Bir yarımçıq yazın əlimə keçib. Yazmısan: “Mən Əlağa Vahidi görmüşdüm”. Onu gündəliyimə köçürmüşəm.
“Bu gün qürurla deyə bilərəm ki, mən Əlağa Vahidi görmüşdüm, həm də tanış olmuşdum.
1963-cü ildə məni Azərbaycan Dövlət nəşriyyatının bədii ədəbiyyat redaksiyasına müdir təyin etdilər. İşə girdiyim günün sabahısı şöbənin sifarişlər qovluğunu götürüb vərəqlərkən Vahidin şikayət ərizəsinə rast gəldim. Ərizə o zaman Az. MK-nın birinci katibi işləyən Vəli Axundova yazılmışdı. Ərizənin məzmunu təxminən yadımdadı; hətta bəzi detallarına qədər. Vahid yazırdı:
“Hörmətli Vəli Axundov yoldaş, mənim kitablarım anbarlar küncündə qalıb siçanlara yem olur. Ancaq məni çap eləmirlər. Bir kitabın çapından ötrü illərlə nəşriyyatlara ayaq döyürəm. Hamısı yalan danışır, vəd verir. Kitabın çıxması haqda göstəriş vermənizi xahiş edirəm”.
Bu məqamda mərhum yazıçı Salam Qədirzadə redaksiyaya gəldi. Vahidin məktubunu ona oxudum. Məktub yazılan ünvana çatmamış, adi şikayət ərizəsi kimi müvafiq şöbədə qeydə alınıb, baxılmaq üçün Mətbuat Komitəsinə göndərilmiş, İskəndərov yoldaş da baxmaq üçün Azərnəşrə, Azərnəşrin direktoru da “müəllifə” cavab vermək üçün dərkənarla şöbəyə göndərmiş və burada mürgüləmişdi.”
-- Yazı tam deyil, nə üçünsə davam edə bilməmişəm.
Əlağa Vahid Səməd Vurğundan başqa heç bir şairi qəbul etməzdi. Bir dəfə özü mənə danışıb:
- Səməd Vurğunun yanına gedib qəzəlimi oxudum, axırıncı misranı belə bitirdim:
Vahidəm, xalqımın qəzəl şairi.
Səməd Vurğun tez əlavə etdi:
Məhəbbət şairi, gözəl şairi.
Sonra Litfondun müdirini çağırıb göstəriş verdi:
- Vahidə iki min manat pul ver.
Onda Səməd Vurğun Yazıçılar İttifaqının sədri idi. Vahid ona maddi yardım edəni unutmazdı.
Şöbədə olan işçilərə göstəriş verdim ki, Vahidi yanıma çağırsınlar. Salam Qədirzadə də orada idi. Söz verdi ki, mən çağıraram, gələr.
İki gün keçəndən sonra 12 yaşlı oğlu ilə gəldi:
- Burda Məmməd İbrahim kimdir?
- Mənəm, Vahid əmi, nə qədər əlyazman varsa, gətir. 15 çap vərəqi həcmində bir kitabını çap edək.
- Vallah, inanmıram.
- İnan, Vahid əmi, inan, - dedim.
Üç-dörd gün keçəndən sonra Seyfəddin Dağlı da gəldi. Əlağa ilə qohum idilər. Seyfəddindən xahiş etdim ki, Vahidə kömək etsin kitabını çap edək. Adil müəllimlə də razılaşmışdım, yaxşı olar demişdi. Beləliklə, 64-cü ildə kitabını çap etdik, çox razılıq etdi.
Mənə həmişə Mamet deyərdi. Qaqraya istirahətə getməyə hazırlaşdığım vaxtlar idi. Arada çıxıb bağdakı kafedə ayaqüstü yemək yeyərdim. Gördüm ki, Vahid ayaq üstə dura bilmir. Bufetçidən soruşdum ki, Vahid nə yeyib, pulunu verim:
- 100 qram konyak - cavabını verdi.
Pulunu verib Vahidə yaxınlaşdım:
- Vahid əmi, nə yeyirsən?
- Mamet, aşağı düşək, hərəmiz bir piti yeyək.
Getdik, nə içirsən, Vahid əmi?- soruşdum.
- Hərəmiz 200 vuraq, - cavabını verdi.
Gətirdilər, elə bu vaxt uzun əlləri olan bir kişi bizə yaxınlaşdı. Vahidlə görüşdülər.
- Bu kişini tanıyırsanmı? - soruşdu.
- Yox, cavabını verdim.
- Bu kişi Seyid Şuşinskidir.
İçmək təklif etdim, Seyid içmədi. Söylədim ki, mən işə qayıtmalıyam, sizi hara lazımsa aparım.
- Mamet, sən get, biz Seyidlə burda dəmlənəcəyik.
Mən işə qayıtdım.
Bir dəfə mən tələbə olanda iclas olmuşdu, belə yerlərdə tələbələr maraqla iştirak edərdilər. Səməd Vurğun sağ idi. Zeynal Xəlil iclasda çıxış etdi:
- Yoldaşlar, Vahid bizim qabağımızı kəsib, bizi oxumurlar, kitablarımızı almırlar, baxmayaraq ki, sosializmi təbliğ edən bizik.
S. Vurğun yerindən dilləndi:
- Zeynal, gərək Vahiddən yaxşı yazasan ki, səni oxusunlar.
Zeynal dinmədən tribunadan düşdü.
Mənim də kitablarım çıxmış, Vahid oxumuşdu. Mənə deyərdi:
- Mamet, əşarın yaxşıdır, lap Səməd kimi yazırsan.
Həmişə zarafatla deyərdi, ə, oğraş, deyən gərək, iki arvad almaq sənin harana yaraşır. Taksi şoferləri hara desə idi onu pulsuz aparardılar.
- Məmməd, mənim fikrimcə, Süleymanın qəzəlləri Vahidin qəzəllərindən yaxşıdır axı.
- Yox, Vahidin qəzəlləri xanəndələrin oxuduğu musiqiyə yatır. Elə Süleymanın qəzəlləri də yaxşıdır.
11-12 oktyabr - Məmməd axşama qədər bir kəlmə də danışmadı. Axşam əhvalının yaxşılaşmasını gözlədim. Nəhayət ki...
- Mən Universitetin jurnalistika fakültəsində oxuyanda Yusif Şirvan dərnək aparırdı. “Mən” kəlməsi olan şeirdən xoşu gəlməz və onu müzakirəyə qoymazdı. Cavanlar da qəsdən “mən” kəlməsini işlədərdilər. Və elə vaxt olurdu ki, günlərlə dərnəkdə şeir müzakirə olunmazdı.
Gündüz bir az kefi durulmuşdu, həvəslə xatirələrə üz tutdu:
- Bu hadisəni Qubada bir məclisdə mənə Səməd Vurğunla ova gedən ovçu danışıb.
S.Vurğun çox vaxt Qubaya ova gedərmiş. Raykom katibinə deyir ki, mənə meşələri yaxşı tanıyan bir ovçu yoldaş tap. Mən təsadüf nəticəsində Səmədlə yoldaşlıq etdim. Sözarası Səmədə çatdırırdım:
- Səməd müəllim, siz çıxıb gedəcəksiniz, mənisə tutub dama basacaqlar ki, qanunsuz ov etmisən. Səməd müəllim mənə cavab verdi:
- Bu dünyada üç nəfərə qoruq-qaytaq yoxdur, bir şairə, bir dəliyə, bir də deputata. Onların üçü də məndə var, qorxma!
Bir dəfə də Səməd Xaçmaz meşələrinə ova gedir. Yenə də yerlilərdən bir nəfərini özünə bələdçi götürür. Bələdçi hörmət mənasında Səməd Vurğunla siz-biz kimi sözlərlə danışırmış. S. Vurğun acıqlanır:
- Adam kimi danışsana, nə dız-vız salmısan.
Bələdçi belə bir əhvalat da danışdı:
- Ov başımızı elə qatmışdı ki, bir-birimizdən xəbərimiz yox idi. Bir də ayıldım ki, Səməd yanımda yoxdur. Ətrafı gəzdim, çağırdım, cavab olmadı. Qaranlıq düşürdü, yaman qorxmuşdum. Sən demə, ovun izinə düşüb məndən xeyli aralanıbmış. Dedim, Səməd müəllim, məni yaman qorxutdunuz, azardınız.
- Qorxma, Səməd itən oğullardan deyil, - cavabını verdi.
Axşam saat 6-da AMİP-in binasında, zalda “Fikrimin çəkisi özümdən ağır” başlığı altında keçirilən gecəyə getdik. Həmişəki kimi zal dolmuş, camaat ayaqüstə qalmış, içəri keçə bilməyənlər isə qapıları açıq qoydurub dəhlizdən boylanırdılar. Çoxu ziyalılar idi. İlk əvvəl 4 yaşlı bir cocuq özünün uşaq aləmi ilə “Dünya sənin, dünya mənim” şeirini çox gözəl söylədi və hər bənddən sonra camaatdan alqış aldı. Uşaqlar bir-birini əvəz-əvəz edə-edə şeir söyləyirdilər. Arada mahnıya, saza, zurnaya da yer verildi. “Yuğ” teatrının artistlərinin ifasında “Sən kimə gərəksən, mən kimə gərək”, “İnnən belə o gözlərə baxmaram” sözlərinə yazılmış mahnılar alqışlarla qarşılandı. Mikayıl yenə də zalı ayağa qaldırdı. Rüstəm Behrudi çıxış etdi:
- Əslində şeirin heç bir tərbiyəvi əhəmiyyəti yoxdur, şair şeiri yazır, hər kəs ordan öz payını götürür. İndi sizə oxuyacağım şeir “Qoşul mənə, çıxaq gedək” adlanır. İndiki cavanlar həmin misranı belə dəyişdiriblər: “Qoşul mənə, gedək vuraq”.
Çıxışlar çox oldu, amma gecənin gözəlliyi onda idi ki, şeir ifaçıları hamısı uşaq idi.
Görüşdən sonra gecəni evdə davam etdirdilər.
14 oktyabr - Məmmədin ad günü münasibətilə AMİP axşam saat 6-da “Zümrüd” restoranında banket verdi. Banketin təşkilatçısı və aparıcısı İsa müəllim idi. Gecədə şeirlər, sağlıqlar deyildi. Mikayılın ifasında “Ya rəbbim, bu dünya sən quran deyil” şeiri çox gözəl səsləndi.
Evə qayıtdıqda qapıda Heydər Həsənoğlunun məktubu vardı:
“Çox hörmətli Məmməd müəllim, son iki ayda bu mənim dördüncü gəlişimdir. Sizi evdə tapa bilmirəm. Son vaxtlar Bakıda az olmuşam. Sizin ad gününüzü təbrik etməyə gəldim. Zəhmət olmazsa, Gülxanım müəllimə mənə zəng etsin. Hörmətlə: Heydər. 14.10.96”
17 oktyabr - Artıq hər axşam Məmməddən yeni bir söz eşitmək istəyim adət halını almışdı:
- Bir dəfə Yazıçılar İttifaqında partiya iclası idi. İclas tənqid şəraitində keçirdi. Hücumlar Mirzə İbrahimova yönəlmişdi. Mirzə təmkinlə cibindən nəsə çıxarıb ağzına qoydu. Bunu görən Bayram Bayramov durub iclasdakılara dedi:
- Bizə ayıb olsun ki, bu boyda kişini əsəbiləşdirdik, baxın, Mirzə müəllim dilinin altına validol qoydu.
Mirzə çox sakitcə cavab verdi:
- Bayram, validol deyil, konfetdir.
Mirzənin kəskin sözləri vardı. Deyirdi ki, yuxarı təşkilatlar yazıçıları milisioner atına döndərib, minmək istəyirlər. Bilmək istəmirlər ki, yazıçının vəzifəsi ancaq əsər yazmaqdır.
Bir dəfə Akademiyanın binasında nəsə bir yığıncaq idi. İclası Mirzə açdı. İclasdakılar uzun zaman əl çaldılar. Mirzə acıqlandı:
- Bəsdirin, əl çala-çala dostlarımı da mənə düşmən etdiniz...
Bayram Bayramov Mətbuat Komitəsində sədr müavini işləyəndə katibəsi M. İbrahimova zəng edib deyir ki, Bayram müəllim sizinlə danışmaq istəyir. Acıqlanan Mirzə qızdan soruşur:
- Bayram müəllim kimdir?
Sonra telefonu qoyub dövlət telefonunu götürür və Bayrama zəng edir:
- Bayram, sizinlə danışan SSRİ Ali Sovetinin deputatı, Yazıçılar İttifaqının sədri Mirzə İbrahimovdur. Bu nədir, katibə vasitəsilə danışırsan?
Bu söhbəti isə Mirzə müəllim özü böyük bir yığıncaqda danışıb:
- Ali Sovetin sədri idim. Mənə xəbər verdilər ki, bir qadın Sabunçudan gəlib sizinlə görüşmək istəyir. Qadını qəbul etdim, qarşımda üst-başı cırıq, vaxtsız qocalığa üz tutmuş bir qadın dayanmışdı. Soruşdum:
- Kimsən?
Sıxıla-sıxıla cavab verdi ki, filankəsəm.
Elə bil ürəyimə güllə sıxdılar. Dedim, zalım qızı, o idealı ürəyimdə niyə öldürdün?
Bu həmin qız idi ki, vaxtilə onu sevirdim. Ancaq onların evində nökər idim. Qız evdəkilərdən xəlvəti mənə ünsiyyət göstərər, yedirərdi. Demək olar ki, ürəklərimizdə qarşılıqlı sevgi vardı, aşkar etmək mümkün deyildi, çünki mən nökər, o, isə ağa qızı idi.
18 oktyabr - Hə, Gülxanım, arzuladığımız müstəqilliyi də belə qazandıq... Yadındamı, cavanları tez-tez rayonlara görüşlərə çağırardılar. Onlar da təzə yazdıqları şeirləri, kiçik hekayələri qoltuğuna vurub çağırılan rayona gedərdilər. Əkrəm Əylisli də Lənkərana gedir. Söhbətlər, suallar müxtəlif istiqamətdə olur.
Məlumdur ki, yaz, yay, payız gecələri dağ yerlərində bir cür, aran yerlərində bir cür olur. Söhbət vaxtı Əkrəmdən soruşurlar:
- Lənkəran gecələri necədir, göyü Naxçıvan göyündən seçilirmi, orada göy üzü təmiz olurmu?
Əkrəm suala belə cavab verir:
- Elə bil Lənkəranda göy bir az alçaqdır, ulduzları iridir.
Axşam televizoru açdıq. S.Vurğun - 90.
- Səməd Vurğunun sənətinə çox böyük sevgim vardı.
Yazıçılar İttifaqında M. Rahim şeir üzrə məsləhətçi idi. Cavanlar təzə yazdıqları şeirləri oxuyar, məsləhət alardılar. Mən də şeir oxumaq istəyirdim. Bu arada S. Vurğun da gəldi. Rahim müəllim ona müraciət etdi:
- Səməd, otur. Məmməd İbrahimov şeir oxumaq istəyir.
İtmiş-batmış şeirlərimdən biri idi. Şeirin ancaq iki misrası yadımda qalıb:
Onun saçlarını oxşayır hərdən,
Bir qadın əlitək dəniz küləyi.
Səməd Vurğun əlini çiynimə qoydu:
- Oğlum, qadın əlinin poeziyası ayrıdır, - dedi.
S.Vurğunu yaxından birinci dəfə idi görürdüm. Görünür, şeir xoşuna gəlməmişdi, qəlbimi qırmaq istəmədi, iki misraya münasibətini bildirdi, sonra Rahimdən üzr istədi:
- Rahim, səhərə qədər dişim ağrayıb, otura bilmirəm - deyərək getdi.
Bu söhbəti isə mənə danışıblar.
- Mehdi Hüseynin “Tərlan” romanının müzakirəsi imiş. Tənqidçilər hərəsi bir tərəfdən əsəri tənqid edirmişlər. Mehdi Səmədə müraciət edir:
- Sən də danış...
Səməd söz alıb əsəri tərifləyir,
- Əsər bədii cəhətdən qüvvətlidir, surətlərin dili səlisdir, sosializm-realizm tələblərinə cavaba verir, amma yaxşı olardı ki, kitabın üz qabığında Tərlanın şəklini də verərdilər, yaylığı da dalğalı.
Mehdi hirslənir:
- Səməd, Tərlan oğlandır, qız deyil, oxumamısan, nə danışırsan?
- Ə, oxumalı bir şey yazmısan ki, oxuyam!
19 oktyabr - Keçmişdən söhbət düşəndə Həsən Əliyevdən çox razılıqla danışardı Məmməd:
- Həsən müəllim mənim xətrimi çox istərdi, bacardığı qədər qeydimə qalardı. Əjdər Xanbabayev məni çağırıb dedi ki, Məmməd, mən istəyirəm “Həyəcan təbili” kitabının redaktoru sən olasan. Cavab verdim:
- Əjdər müəllim, vallah, bu tapşırığı Brejnev də versəydi mən qəbul etməzdim, çünki fiziki cəhətdən qüvvəm çatmır. Həsən müəllimin və sənin xətrinə təklifi qəbul edirəm. Bilirsən, alim əsəri işləyəndə ancaq elmi cəhətinə fikir verir. Alimə publisist köməkçi də lazımdır. Həsən müəllim mənə həmişə deyərdi ki, bu kitabda sənin zəhmətin çox olub.
24-25 oktyabr - İsa müəllimlə birlikdə gələn - hansı teatrınsa yadımda qalmadı - rejissorun sənət haqqında dediyi bu sözlər xoşuma gəldi:
- Poeziya heyrət deməkdir, heyrət yoxsa, demək, o, poeziya deyildir.
- Sənətçi külək və su kimi azaddır, ən gözəl sənət əsəri ən ağır əzabları unutdurmağa qadirdir - əlavə etdi Məmməd.
- Məmməd Nizamidən, Xaqanidən beytlər deməyə başladı:
Yerin dairəsi əyridir bir az,
Bu əyridən düzlük gözləmək olmaz.
Bunu Xaqani XI əsrdə deyib. Özü də gör necə deyib. Yerin öz oxuna maili olmasını üzərində yaşadığı adamların xasiyyətinə uyğunlaşdırıb.
Nizami öz əsərlərində ona görə qadın hökmdarları seçmişdi ki, dünyanı düzəltsə, qadın mehri, qadın ülfəti, qadın sevgisi düzəldər. Kişilərdən əlinizi üzün, onlar bu dünyanı düzəldə bilməz.
Nizami XII əsrdə yaşadı, indi isə XII əsr Nizamidə yaşayır:
Hər tarix şeir ilə alsa yaraşıq,
Şübhəsiz, olacaq bir az dolaşıq.
Doğruya azacıq bənzəyən yalan,
Yaxşıdır yalana bənzər doğrudan. (Nizami)
Nizami kimi bir dühanın poeziyasında onun yaşadığı dövrün tarixini öyrənirik, poeziya, fikir, fəlsəfə - nə yoxdur Nizamidə?!
- Belə çıxır ki, hər dövr o dövrün poeziyasında yaşayır və yaşamalıdır.
- Bəli, bu günün poeziyasında bu gün olmalıdır. Bu keyfiyyətlərdən məhrum olan, ilk baxışda parıldayan, parıltısından işıq və istilik alınmayan əsərlər uzaqdan gözəl görünən hissiz gözəlləri xatırladır. Onlara baxan tapılar, ancaq sevən tapılmaz.
“Poeziya ağlın və hissin məhsuludur. Bunlarsız poeziya qanadı qırılmış quşa bənzəyir.”
Deyirəm: “Yazıçı qələminin həyatdan dərs alması əbədi ehtiyacdır, sənətin ünvanına yazılmış əbədi qanundur...”
- Məmməd, özün deyirsən ki, tərcümədə şeir itir, əvvəlki kimi, yəni müəllifin yazdığı kimi qalmır. Nizamidə də, yəqin, poetik fikirlər itib.
- Yox, tərcümədə nə qədər itirsə də, Nizami kimi şairlərdə nəsə qalır. Bax, Nəsimiyə girişə bilmirlər. Onu yaxşı təhlil edən tənqidçini, hələ ki, tanımıram. Nəsimi çox böyük şairdir. Hər şeydən əvvəl, onda çox qəribə şeir formaları var. Amma Nizami kölgəsi onu üzə çıxmağa qoymur. İndi belə şairlərdən sonra, hünərin varsa təzə söz de.
26 oktyabr - Prezident aparatından soruşdular:
- Biz sizi Hüseyn Cavidin məqbərəsinin açılışına gedən nümayəndə heyətinin tərkibinə salmışıq, etiraz etmirsiniz ki?
Məmməd razılıq verdi, mənim də adımı yazıb götürdülər. Dedilər ki, 29-u gedəcəyik.
- Bilirəm, söhbətlərim üçün darıxırsan, otur, sənə danışım. Bu söhbəti Vahidin özü mənə danışıb:
- Cavan vaxtlarımız idi, içmək istəyirdik, amma pulumuz yox idi. Kommunist küçəsi ilə üzü yuxarı gedirdik. Xoşbəxtlikdən, Cəfər Cabbarlı ilə rastlaşdıq, ona şikayətləndik: Cəfər, ölmüşük, bizi yerdən götür.
Cabbarlı ərinmədən qoltuğundan “Bakinski raboçi” qəzetini çıxarıb yerə atdı, üstünə də bir üçlük tulladı və dedi:
- Gedin, özünüzü yerdən götürün.
Məmməd Əkbər həmişə deyərdi:
- Vahid böyük şairdir. Mənim dostum idi. Məni görəndə həmişə zarafatla deyərdi:
Həmi şöhrətlisən, həmi adlısan,
Dostumsan, hayıf ki, ordubadlısan.
Süleyman Rüstəmin Vahidə aid gözəl bir lətifəsi vardı:
- Vahid it saxlardı. İtin quyruğunu kəsdirir. Bunu lotular eşidir və içmək məqsədilə gəlirlər Vahidgilə:
- Vahid, eşitmişik iti kəsdirmisən, gəlmişik təbrik edək.
Vahid özünü itirmir, arvadını çağırır:
- Ay qız, dur bir süfrə aç, itin qohum-əqrəbaları yığışıb gəliblər.
27 oktyabr - Səhər əlimə Məmmədin yarımçıq misraları düşdü.
Tabutum olaydı kaş yazı masam,
Yataydım yazılar arasındaca (20.04.81)
İki il ömrümün iki varağı,
Yazılıb əbədi çevrildi artıq (ili yazılmayıb)
- Oxudum, bu misralar çox gözəl deyilib, niyə onları şeirləşdirmirsən? Yazı masana bir neçə şeir yazmısan, deyəsən, yenə yazmaq istəmisən?
- Bu cansız masa nə vaxtsa ağac olub, boranla-qarla, yağışla döyüşüb, canlı təbiətlə üz-üzə durub, indi evin bir küncündə, əli-ayağı bağlı, heç yana tərpənə bilmir. Onu danışdıra bilən sənətlə nə üçün ünsiyyətdə olmasın. Yəqin ki bunları demək istəmişəm... Bir də, şər deməsən xeyir gəlməz, məndən sonra ölsən, bütün yarımçıq misralarımı yığıb çap etdirərsən...
29 oktyabr - Səhər saat 9-a işləmiş evdən çıxdıq, gedənlər yığışmışdılar. Təyyarəyə minəndən sonra çox gözləməli olduq. Darıxan Məmməd başını söhbətlə qarışdırmağa üstünlük verdi:
- 1981-ci ildə Moskvaya qurultaya mən də nümayəndə salınmışdım. Təyyarədən düşəndə ayaqlarım yerimədi. Dayandım. Yazıçıların çoxu dedi ki, yeriyə bilmirsən, niyə gəlmisən? İsaq İbrahimov əl atıb çamadanımı götürdü. Dedi ki, Məmməd, bunların sözünü ürəyinə salma, insanlıqları yoxdur ki, sənə elə söz deyirlər. Yavaş-yavaş gedək. İndi yenə ikifikirli idim. Naxçıvana getmək istəmirdim, amma yaxşı oldu gəldim.
Nəhayət, uçduq. Təyyarə Naxçıvana enəndə 1230 idi. Məmməd ayaq üstə dura bilmədiyi üçün ətrafa boylananda, bizi axtardıqlarını gördüm. Yol uzunu camaat Məmmədi alqışlayır, onu görüb sevinirdilər. Bizi qonaq evində yerləşdirdilər.
Saat 3-də ardımızca maşın gəlməli idi. Ancaq gecikmişdi. Narahat olduq. Axır ki, maşın gəlib çıxdı. Eyvanlarda, məqbərənin ətrafında olan camaat Məmmədi görən kimi: - Məmməd Araz! Məmməd Araz! - deyə alqışlayırdılar. Prezident stul təşkil etdirib Məmmədi oturtdu. Məqbərənin açılışı başa çatdı.
Axşam saat 7-də banket verildi. Biz - Cabir Novruz, Fikrət Qoca, Musa Yaqub, Xeyrəddin Qoca bir stolun ətrafında oturduq. Maraqlı söhbətlər, sağlıqlar oldu. Aparıcı Fəraməz Maqsudov idi. Çıxışının bir yerində özünün şeir yazdığını, mahnı bəstələdiyini, hətta özü oxuduğunu söyləyən Fəraməzin sözünə Qabil yerindən replika atdı:
- Fəraməz rəqs eləsin.
Zal gülüşdü. Şahmar Əkbərzadə Müşgünaz xanıma həsr elədiyi şeiri oxudu. Bir misrası belə idi:
Müşkünaz məzardan məzara gəlin köçübdü...
Qabil şeirə də münasibətini bildirdi.
Mikayılın çıxışı daha maraqlı idi:
- Hörmətli Heydər Əliyev, Hüseyn Cavidi lap çox istədiyinizdən nəvənizin adını da Azər qoymusunuz.
Mikayıl sözünə davam etdi: - Naxçıvan torpağı möcüzəli torpaqdı. Məmməd Arazın bu vəziyyətdə bura gəlməsi, adamları yara-yara məqbərəyə çıxması özü də möcüzə idi. Sizin, Naxçıvan və Məmməd Arazın da sağlığına içək və sözümü “Azər” poemasından bir parça ilə bitirmək istəyirəm.
Danışanlar çox oldu. Arada fasilədən istifadə edərək ətrafımda oturanların hamısı yazıçı olduğu üçün belə bir sual verdim:
- Mən neçə dəfə televerilişlərdə tanınmış və ya tanınmamış şair və nasirlərdən eşitmişəm ki, onlara şeiri də, nəsri də tanrı pıçıldayır, onlar da hazırını ağ kağıza köçürürlər. Siz necə? Sizə də kimsə pıçıldayır?
Cabir:
- Mən, ümumiyyətlə, inanamıram ki, elə bir qüvvə var və o da şeir pıçıldasın. O insan beyninin məhsuludur.
Fikrət Qoca:
- Həyatda elə bir şey ola bilməz ki, kimsə sənə diktə edib yazdırsın.
Musa Yaqub:
- Mən inanıram, nəsə bir şey var, yoxsa hardan gəlir bunlar insan beyninə?
Xeyrəddin Qoca:
- Şairlər şeirlərini ürəklərinin qanı ilə yazırlar.
Fasilədən sonra Heydər Əliyev çıxış etdi:
- 5 yaşımda olanda məni böyük qardaşım Həsən Əliyev bağçaya aparardı. Bağçamızın pəncərəsi Mömünə xatun məqbərəsinə baxırdı. Çox heyranlıqla məqbərəyə baxar, onun rəsmini çəkərdim...
Çox gözəl bir gecə idi. Yəqin ki, Cavidin ruhu da razı qalardı.
30 oktyabr - Səhər yağış yağırdı, hava tutulmuşdu. Qonaq evinin həyətində tanış adamlarla salamlaşdıq. Təntənəli keçirilən yığıncağa getmədik, çünki Məmməd otura bilmirdi.
Axşam düşəndə abidəyə baxmağa çıxdıq, mədəniyyət evinə yaxınlaşdıq, lakin içəri girmədik.
Qonaq evində tanış naxçıvanlılarla söhbətləşirdik ki, arxamızca maşın gəldi və biz konsertə getdik. Lap arxada oturduq ki, oxuyanlara mane olmayaq.
Məmmədin “Bu şeytanlar” şeirini Fatma xanıma vermişdim ki, konsertdə ifa etsinlər, çünki şeir Hüseyn Cavidə həsr olunmuşdu. Fatma xanım Abdullazadə şeiri oxuyub çox bəyənmiş və ifaçı artistə vermiş, vaxt az olduğuna görə ifaçı şeiri tam əzbərləyə bilməmişdi. Onu ayrı şeirlə, “Dünya sənin, dünya mənim, dünya heç kimin” şeiri ilə birləşdirib ifa etmişdi. Yenə də uzun alqışlarla qarşılanmışdı şeir.
Arada operatorlar gəlib Məmmədi çəkirdilər. Sonra Nizami Xudiyev dedi ki, onları mən göndərirdim, çünki bunlar bir də təkrar olunan hadisələr deyil.
Konsert qurtaranda Möhtərəm prezident camaata təzim edərək qapıya yönəldi və birdən çönüb bizə tərəf gəldi, Məmmədlə görüşdü:
- Nə yaxşı konsertdə iştirak etdin, yorulmamısan ki, yaxşısan?
Sonra görüşüb ayrıldı. Banketə getməyib qonaq evinə qayıtdıq. Gecə Naxçıvanın səması elə aydın, elə gözəl idi ki...
31 oktaybr - Səhər çox gözəl bir hava vardı. Amma yenə Bakının zəhrimar havasına qayıtmalıydıq. Qayıtmaq vaxtını soruşdum. Saat ikidə cavabını verdilər. Bufetdən çay, yemək gəldi. Məmmədi yedirib, həyətə çıxdıq. Nizami Xudiyev Məmmədin əhvalını soruşdu və söhbətə başladı:
- Rəhbərliyə keçən kimi Məmmədə aid veriliş verə bilmədim. Bizim hər işimizə qulp qoyanları görürsünüz, o dəqiqə deyirlər ki, naxçıvanlıdır, ona görə də veriliş verir. Onun haqqında nə çəkilibsə qalsın fondda. İndi yavaş-yavaş çəkilişlər aparaq. Mikayılla söhbətimizdə o, Məmmədin bir şeirini oxudu, “qurd mələrtisi, tülkü qaqqıltısı” - ə, bu kişi belə sözləri haradan tapır. Ssenarisini özüm yazacağam. Gözəl bir kino çəkək, qoy qalsın tarixdə.
Məmməd də söhbətə qoşuldu:
- Nizaminin atası ilə bir yerdə oxumuşuq. Sonralar görüşərdik, Nizami ilə nəfəs alardı, Allah rəhmət eləsin.
Gələnlər hərəsi bir tərəfə dağıldı. İşçilərdən bildik ki, geri qayıtmaq saat 4-ə qalıb. Biz İnqilabgilə getməli olduq, çünki Məmmədin dərmanının vaxtı keçirdi, yemək yeməli idi. Həyətdə ancaq Cabir və Musa qalmışdı. Onları da götürüb Mömünə xatun məqbərəsinə getdik. Sonra İnqilabgilə yığışdıq, yemək vaxtı çox maraqlı söhbətlər oldu.
Musa Yaqub:
- Tofiq Bayramla Qazaxa getmişdik. O vaxtın dəbi ilə gələn qonaqlara birinci tövlələri göstərərdilər. Bizi də əvvəl ora apardılar. Tofiq dözə bilmədi, üzünü raykoma tutub dedi ki, ə, Qazax ancaq tövlələrdən ibarətdir, restoran yoxdur?
- Olacaq, olacaq, Tofiq müəllim, o da olacaq - dedilər.
Musa söhbətinə davam etdi: - Məmməd əmi bizim kəndimizə gəlmişdi. Dağlara, gəzməli yerlərə çıxmalı idik. Atlar ayrılmışdı. Məmməd mənə dedi:
- Musa, onlar yaxşı atları minib gedəcəklər, bizim payımıza yabı düşəcək, şairlərin taleyi belədir.
Həqiqətən, elə də oldu. Dağ kəndinə çatdıq. Evin divarlarında çoxdan yapışdırılmış qəzet qalmışdı. Gözümüzə iri hərflərlə yazılmış bir başlıq sataşdı: - “Xalq düşməni Mikayıl Müşfiq” - acgözlüklə oxuduq. Məmməd əlavə etdi:
- Məqalənin müəllifi Əkbər Məftun idi. Özünü şair sanırdı, universitetin müəllimi idi. Sonralar boynuna almırdı məqaləni o yazıb, yalandan deyirdi ki, adımdan yazıblar.
Musa söhbətini məzəli əhvalatlarla davam etdirdi.
- Məmmədi heyrətləndirmək istəyirdim - əmi, bax su burada necə qırmızıdır, bir az o tərəfdə isə ağdır, görürsən?
Əmi isə gülüb cavab verərdi:
- Musa, mənə də yox da, suyun altındakı torpaq hansı rəngdədirsə su həmin rəngdə görünür.
Söhbətlər, sağlıqlar baş alıb gedirdi. Qarabağdan söhbət düşəndə Cabir dilləndi:
- Heydər Əliyev cənabları deyir ki, bu saat Qarabağda 35 min silahlı rus əsgəri var, mənə təklif ediblər ki, qoşunlarımızı Azərbaycanda yerləşdirsəniz Qarabağ məsələsini həll edəcəyik, ancaq gördüm ki, gürcüləri aldatdılar, Şevarnadzeyə söz vermişdilər ki, rus qoşunları Gürcüstanda yerləşsə, Abxaz məsələsi həll olunacaq. Qoşunları yerləşdirdilər, amma Abxaz məsələsini həll etmədilər.
Sonra əlavə etdi: - Bu da bir taledir, vallah. Bir yerdə oturduq, təsadüfə bax.
- Bu bir tarixdir, billah, bunlar tarixin səhifələridir, - dedi, - Musa.
Saat 4-ə qalmış qonaq evindən əşyalarımızı götürüb aeroporta yollandıq. Hamı yığışmışdı. Yol boyu Niyaməddinin ifasında Məmmədin mahnısı səslənirdi. Yerimizdə oturduq. Vaxt keçir, Prezident gecikirdi. Təyyarədə ən çox danışan şairlər idi. Salonun arxa tərəfində qafiyə müzakirəsi gedirdi. Hamıdan gur Zəlimxanın səsi çıxırdı. Sən demə, şairlər Cavidə hərəsi bir bənd şeir yazmalı, qafiyə sualla qurtarmalı idi. Məmmədə də təxminən belə məzmunda bir məktub gəldi:
“Ərtoğrulun ruhu məqbərənin içində dolaşır, atasının ruhu ilə danışır, olub-keçənlər haqqında atasına suallar verir. Bəndlər sualları əhatə etməlidir”.
Zəlimxan, Sabir, Musa, Mikayıl, Kamal və s. yazdıqları bəndləri də göndərmişdilər. Məmməd də yazdı:
Bu torpağın ürəyinə çəkildin,
Ürəyinə, bəbəyinə çəkildin.
Barı indi azadsanmı, şairim,
Şimşəklərə qanadsanmı, şairim?
Mikayıl onu belə redaktə etdi:
Bu torpağın ürəyinə çəkildin,
Ürəyinə, bəbəyinə çəkildin,
Dən-dən olub torpağına əkildin,
Torpağında azadsanmı, əfəndim,
Şimşəklərə qanadsanmı, əfəndim?
Məmməd etiraz etdi ki, torpaq sözü çox olur, bənd yenidən dəyişildi. (Bu bəndlər sonradan hansı qəzetdəsə çap olundu).
Nəhayət, qaranlıq düşəndə Prezident gəlib çıxdı. Təyyarənin sağ tərəfindən boylanan İlanlı dağ da dumana bürünməklə geri qayıdanlar üçün darıxdığını bildirmək istəyirdi. Təyyarə Təbrizin üstündən uçanda Rza İbadov, “Musa Yaqub, gözü yolda Təbrizin” - Təbrizin üstündən uçuruq dedi. Prezident camaat olan salona keçib gecikməsinin səbəbini dedi. Kimlərləsə görüşdü, söhbət etdi, Məmmədi axtardı və onunla da görüşdü:
- Mən çox sevindim ki, tədbirdə iştirak etmisən, gəlib ata yurdunu gördün. Yorulmadın ki? Sənə tez-tez Naxçıvana gəlmək lazımdır.
- Düzdür, mənəvi zövq aldım, hər şeyi gördüm, yazacağam.
- Yaz da, niyə yazmırsan, yazsan yaxşı olar...
Sonra Anarı, Fatma xanımı, Elçini öz salonuna çağırdı.
Bununla da Naxçıvan səfərimiz başa çatdı.
1 noyabr - Bu söhbəti mənə bir neçə dəfə söyləyib Məmməd:
- 60-cı il idi. Mən Moskvada oxuyanda Mehdi Hüseyn nə vaxt Moskvaya gəlsə idi məni və Söhrabı axtarardı. Yenə də Mehdi ilə görüşdük. Mehmanxanadan çıxıb Qorki küçəsi ilə Puşkinin heykəlinə tərəf gedirdik. Müasir şairlərdən söhbət düşdü. Birdən Mehdi müəllim məndən soruşdu:
- Hüseyn Cavidə münasibətin necədir?
- Mehdi müəllim, mən Cavidi dərindən oxumamışam, ancaq Cavid böyük şairdir.
- Böyüklüyü nədədir?
- Dram əsərlərində çox böyük problemlər - bəşəri, əxlaqi, insani problemlər qoyur. Ona görə də...
Mehdinin yoldaşı Fatma xanım dilləndi:
- Cavidin böyüklüyü elə böyüklüyündədir. Sizin nasir, dramaturq, şairlərdən - hamınızdan müqayisəyə gəlməz dərəcədə böyükdür Cavid.
- Hüseyn Cavid müəllimi olduğu üçün belə danışır Fatma, amma o biri yazıçılardan söhbət düşəndə Fatma xanım susur, Caviddən söhbət düşəndə dillənir. Mənim və Fatma xanımın Cavid haqqında fikirlərimiz bir-birilə üst-üstə düşmür. Hər halda, Cavidlə ideoloji mübarizəmiz davam edir, - dedi Mehdi.
7 noyabr - Dedikləri vaxt H. Həsənoğlu və İsa Həbibbəyli gəlib çıxdılar. İsa özünün tələbəlik illərindən söhbət açdı:
- Naxçıvanda institutda oxuyanda əynimdə dirsəyi getmiş bir pencək vardı. Anam ora elə yamaq salmışdı ki, çox bilinmirdi. Bir gün, ürəyimdə gizli məhəbbət bəslədiyim qız da daxil olmaqla, bir neçə nəfərin yanında müəllim məndən soruşdu ki, İsa, pencəyin yamaqlıdı? Ona cavab vermədim, yataqxanaya qayıtdım, o qədər ağladım ki, yastığım tamam su olmuşdu. Sonra televiziyada “Köhnə pencəyim” şeirimi oxudum. Müəllimə zəng vurub soruşdum, şeirimə qulaq asdınmı? Cavab verdi ki, işıqlarımız yanmırdı. İndi tale elə gətirdi ki, həmin məzunu olduğum institutun rəhbəriyəm.
Sonra mükafatların nə vaxt veriləcəyini dəqiqləşdirib getdilər.
8 noyabr - Ağalar Bayramov iki qızla qonağımız oldu:
- Məmməd müəllim, bu qızlar bacıdırlar, sənin pərəstişkarlarındır. Qızların böyüyü Fəzilə İncəsənət institutunda dərs verir, Yeganə isə həkimdir, eyni zamanda, həvəskar bəstəkardır. Sənin “Ata millət, ana millət ağlama”, “Ağarma saçım, ağarma”, “Dünya düzəlmir” şeirlərinə musiqi bəstələyib, - məlumat verdi Ağalar.
16 noyabr - Gündəliyim sənin söhbətlərini gözləyir axı.
- Sual ver, cavab verim.
- Yaxşı. Mənə qaranlıqdı, həyat həqiqətini poeziyada olduğu kimi necə vermək olar ki, inandırıcı olsun?
- Həyat həqiqəti ilə poeziya həqiqəti əkiz olmasalar da qardaşdır. Amması var: - hər həyat həqiqəti bədii həqiqət, hər bədii həqiqət də həyat həqiqəti deyil. Əsl yazıçı olan bir bəndə həyat həqiqətinin elə gözəçarpanını alır ki, ona elə bir boya verir ki, burada həyat həqiqəti ilə bədii həqiqət qaynayıb qarışır. Hansının harada başlanıb harada qurtardığını seçmək olmur. Yazıçı qələmi üçün həyat həqiqəti xammaldır. Ondan sonra polad, dəmir və ya çuqun alınması üçün nə proseslər gedirsə, bədii həqiqət də yazıçının qəlbində, təxəyyülündə yaradıclıq laboratoriyasında həmin yolu keçir.
Sənətkardan xaric sənətin gözəlliyi yoxdur. O varlıq sənətkarın qəlbində yetkinləşir, zəhmətində dünyaya gəlir.
Boyük həyatın, bəşərin övladı olan sənətkar qələmi zamanın ən qüdrətli müəllimi səviyyəsinə qalxmalıdır.
Poeziya o zaman yaranır ki, onun obyekti var, istedadın ağıl fənəri bunlara yönəlib və görməlini göstərir. Gözəllik ola biləcək lövhəni işıqlandırır. Gözəllik də o zaman gözəldir ki, yüzlərin, minlərin zövqünü oxşaya bilir.
Bütün həqiqətlər o zaman sənət həqiqəti olur ki, bunlar sənin vətəndaşlıq borcun və amalınla birləşir. Bu günün mürəkkəb hadisələri, bu günün adamının mənəvi aləmi, şəxsi və ictimai duyğuları bu günün yazıçısının ən yaxşı məktəbidir.
Heç bir elmin “hava bürosu” xəbər verə bilməz ki, yüz ildən sonra nəğmə yağışı, qarı nə donda olacaqdır...
18-20 noyabr - İşdən gəldi, istirahətini etdi.
- Gülxanım, Şəmkirdə mənimlə görüşə hazırlaşırlar. Yaxşı keçirəcəklər. Deyirlər ki, sən Məmməd Arazsan, onun üçün hər şey çox yaxşı olmalıdır.
Axşam Cəlal Əliyev telefonla danışdı:
- Nə vaxt idi xəstəydim, Mikayılla hər dəfə danışırıq ki, gəlim, Məmmədlə görüşüm, amma imkan düşmür. İcra hakimiyyətinə tapşırmışam, sizə ev axtarır. Kişinin nəzərindəsiniz. Deyirdi ki, Naxçıvanda görüşmüşük, xanımı ilə oturmuşdu. Aslan müəllim çox qeyrətli oğlandır. Xalça hazır olan kimi ya burda, ya da Şəmkirdə təqdim edərik, necə istəsən.
Məmməd mənə göstəriş verdi ki, bütün yarımçıq qalmış şeir və misralarımı topla. Onlarda bitməmiş fikirlər var, lazım gələndə çap etmək olar. Sonra dedi ki, sənin yazdıqlarını redaktə edəcəyəm.
21 noyabr - Doğrudan yazılarımı redaktə edəcəksən?
- Hə, necə ki?
- Bir şərtlə, mənim yazdıqlarımın heç birini çıxarmayasan gərək. Bu şərtlə razı olaram.
- Sənin məntiqinə görə çıxarılmamalıdır, ancaq “sovet redaktorunun” məntiqinə görə çıxarılmalıdır. 50 ildir bizi pozurlar - necə dözürük?
22 noyabr - Məmməd, deyirsən ki, kim ki pisliklə məşğuldur, onun adını çəkməzlər. Yaxşıları yaz deyirsən, niyə?
- Niyə? Ona görə ki, pis elə hamının yanında pisdir, onu hamı tanıyır. Yazmaqla tanımayacaqlar ki...
- Səninlə çəkişənlərdən birilə necə oldu ki, sonralar aranız düzəldi?
- Bilirsən, ara vuranlar hər vaxt mövcuddur. Məni həzm edə bilməyənlər həmişə kölgəmi qılınclayıblar.
23 noyabr - Sənə məzəli bir əhvalat danışım: Bir dəstə cavan şair “İnturist”də yeyib-içir. İçəndən sonra xörəkpaylayanları təhqir edib dava salırlar. Məsələ İttifaqa çatır. Mehdi Hüseyn, başda Atif Zeynallı olmaqla, onların hamısını çağırır. Məsələni prezidiuma qoyub onları Yazıçılar İttifaqından çıxarmağı qərara alırlar. Əli Vəliyev təklif verir:
- Mehdi, ora Cabbarı da əlavə elə.
- Əli müəllim, mən orada olmamışam, mən niyə?
- Sən orda ola bilərdin, təsadüfən olmamısan, onlardan da çox içə bilərdin. Adını yazın.
İçənlərin arasında Mehdi müəllim Yusif Həsənbəyi görüb soruşur:
- Sən niyə gəlmisən, orda ki, yox idin, sən də içirsən?
- İçirəm e, Mehdi müəllim, ancaq doyunca içə bilmirəm, pulum yoxdur.
Onun “doyunca içə bilmirəm” sözünə Mehdini gülmək tutur və hamısını bağışlayır.
1 dekabr - Rəssam Adil Rüstəmov zəng etmişdi:
- “Vahid” xeyriyyə cəmiyyəti səninlə görüş keçirmək istəyir, Məmməd müəllim.
- Vahid haqqında mənim gözəl xatirələrim var, gələrsən danışarıq, vaxtını dəqiqləşdirərik.
Dedim, Məmməd, Vahid haqqında yenə də xatirələrin var?
- Sinəm Vahidlə əlaqədar xatirələrlə doludur, onları özümlə aparmayım.
- Mən yazdıqlarımdan əlavə yenə də varsa, danış yazım.
- Sənin yazdığın hələ ki, xalqa çatmır.
3 dekabr - EMZE-nin mədəniyyət evində Məmmədlə görüş keçirildi. Görüş Çərkəz həkimin təşkil etdiyi xeyriyyə cəmiyyətilə idi, Dəmirçi kəndinin “Sarısu” cəmiyyəti. Gecəni Vaqif Əsədov aparırdı. Müğənni Rəhilə Bəndəliyeva Məmmədin sözlərini aşıq havası ilə oxuyurdu, gözəl bir gecə alınmışdı.
6 dekabr - Bu gün isə Şəmkirə yola düşürük. Aslan Aslanovun qardaşı Elsevər bizi aparmağa gəlmişdi. Yol uzun olduğuna görə söhbətlər müxtəlif istiqamətlərdə gedirdi. Elsevər özünün ancaq bir şairi - Məmməd Arazı tanıdığını söylədi. Bütün xalq ancaq Məmməd Arazı qəbul edib, - dedi.
- Mənim kimi şairlər çoxdur, onların haqqını danmaq olmaz... etiraz etdi Məmməd.
Şəmkirə yaxınlaşanda Elsevər sevinclə:
- Xala, vallah, yağış yağsın deyə, nəzir verirdilər, bir damcı da düşmürdü. Məmməd müəllimin ayağı düşdü, yağış yağmağa başlayıb.
Şəmkirdə qonaq evinə düşdük. Şəhərin rəhbərliyi Məmmədi qarşıladı, amma yaman soyuq idi. Axşam xəbərlərində Xalidə Hasilovanın vəfatı haqqında məlumat verildi. Bir neçə gün əvvəl biz Xalidə və Ələviyyə haqqında danışmışdıq. Bu gün isə Xalidə xanım həyatda yoxdur.
Səhər tezdən Aslan müəllim və icra aparatının işçiləri Məmmədin yanına gəldilər, onunla görüşdülər.
İclas zalında 1100 nəfər yerləşir - dedilər, - bir o qədər də çöldə qalıb, biz onları geri qaytarmışıq, qarışıqlıq olmasın deyə, artıq adamları içəri buraxmamışıq.
Görüşü Soltan aparırdı. Məktəblilər yaxşı hazırlaşmışdılar. Şəmkirlilər tələb edirdilər ki, stolun üstündəki gülü götürsünlər, biz şairi yaxşı görək. Çıxışlar və təbriklər çox oldu. Aşıq Murad belə bir cümlə işlətdi: “Dağlar ağlamasa, aran yanar”. Çıxışlar qurtardıqdan sonra hamı Məmmədi əhatə edib öpür, onunla şəkil çəkdirirdilər. Axşamüstü Cəlal müəllim iki dəfə zəng edib görüşlə maraqlandı. Səhərisi Bakıya qayıtdıq.
9 dekabr - Şəmkir görüşlərinin xülasəsini televiziyada verdilər. Mətin Mirzə telefonla Məmmədi təbrik etdi:
- Atam və mən belə görüşlərə sizinlə getməyə həmişə hazırıq. Bundan sonra bizə bir neçə gün qalmış xəbər verin.
İsi Məlikzadə haqqında veriliş gedirdi, büstünün açılışı idi.
- İsinin, - dedi Məmməd, - çox gözəl yumoru vardı. Yazıçılardan ibarət futbol komandası təşkil etmişdi. Əli Vəliyev, Əhməd Cəmil, Mirzə...
Məmməd fikrini tam izah edə bilmədi.
14-15 dekabr - “Rəşid 20 il bundan əvvəl” adlı kinosu gedirdi.
Məmməd: - Azərnəşrdə şöbə müdiri işləyəndə İranda konsert verib gələn Rəşid mənimlə görüşdü. Mənə bir şeir verdi, dedi ki, bu şeiri verən şəxs söylədi ki, onu Məmməd İbrahimə çatdırarsan. Oxudum, şeirdən başım çıxmadı...
Mən də şeiri Rəşiddən götürüb oxudum. Çox səthi yazıldığına görə heç bir mətbuata verə bilmədim...
Mirzə Xələflini işə götürtmək üçün Şamaxıya Sayılovun yanına getmişdim. Mən Xələflini adi bir işçi kimi işə götürməyi xahiş etdim. Sayılov mənə hörmət edib onu məsul katib götürmüşdü.
- Sonra necə oldu?
- Sonra redaktor oldu.
- Səninlə əlaqə saxladı?
- Daha bağdan ərik qurtarmışdı.
Qəndab oxuyur: - Sudan gələn kuzəli qız...
- A kişi, kuzə ilə qızı hara aparırlar?
- Yəqin suları yoxmuş, kuzəni alıb, qızı geri qaytaracaqlar!..
Oxunur: Kuzəni əlindən allam...
- Hə, gördün, dediyim düz çıxdı, kuzəni əlindən alırlar, suyun boşaldıb qaytarırlar.
31 dekabr - Bu il nə ilə yadda qaldı.
Yılmazın dünyaya gəlməsilə, vəssalam!
1997-ci il
2 yanvar - Axşam şəhidlərə həsr olunmuş verilişə baxan Məmməd dedi:
- Əslində, müharibə yoxdur, amma dırnaqarası müharibə qurtaran kimi hər şey yaddan çıxacaq, onların heç adını tutan da tapılmayacaq, çünki tez unudan xalqıq. Hər halda, öz halımıza özümüz yanmalıyıq, dərd burasındadır ki, biz hələ öz halımıza yana bilmirik, həmişəki kimi, gözləyirik. Və gözləyə-gözləyə özümüzdən uzaqlaşır, özümüzə yad oluruq...
5 yanvar - Mən ilk sevgi şeirlərini tapıb çıxarmışam. Oxu, bəlkə onları da kitaba salaq?
- Bəzən yarımçıq sayılan, lakin tam fikir olan misraları da salmaq olar və lazımdır. Həm də yadımda ikən deyim “Göydən dörd alma düşdü” şeirini ancaq kitaba vermək olar. Niyəsini bilirsən. Çox çətin yazıram, əlim işləmir. Amma bədənimdə ömürlük yaşayan bir ağrı var - yazmaq ağrısı. Yəni ağrıya-ağrıya yazmaq. Sonrakı söz oxucularındır. Mümkün qədər təzə söz, təzə deyim, təzə lövhə və təzələr, - mənim planım budur. Bu da çox çətin işdir. Bəlkə buna görə çox yarımçıq misralarım var. Sinəm söznən doludur...
- Yarımçıq misraları işləmək lazımdır. Həmin misralarından “Kəlbəcər qaçqınlarına” şeirin yarandı. Gördün ki, necə səs qopartdı?
6 yanvar - Qabil axır ki öz dediyinə çatdı, - nəhayət, opera binasında 70 illiyini qeyd etdilər - dedim.
Məmməd güldü və dedi:
- Görürsən, Əliyevə nə deyir? “Mənə deyirlər ki, ay Qabil, niyə tələsirsən, hələ səndən əvvəl Rəşid Behbudovun, Üzeyirin yubileyləri var, axı onları da keçirməliyik. Cənab Əliyev, mən onlara cavab verdim ki, onlar ölüb, daha dirilə bilməzlər. Amma mən ölə bilərəm”.
- Gördünmü, o, Qabildir, orijinal adamdır, Heydər Əliyevi də güldürdü.
17 yanvar - Nahardan sonra bizə Şərafəddin adlı jurnalist gəldi. Æurnalistin vədləri:
- Məmməd müəllimin maşınının təmirini bir nəfər boynuna götürüb. Yalan və ya doğru olduğu iki gündən sonra məlum olacaq. Xala, əmiyə necə baxırsınız?
- Əmiyə əmi kimi.
- Əmiyə bir iş olsa mən ölərəm, mən onunla nəfəs alıram.
- Şərafəddin, bala, özün də bilirsən ki, danışdığın yalandı. Yalandan ölənlərin biri də sən. Mənim gəlişigözəl sözlərdən acığım gəlir.
18 yanvar - “Dünyanı dərk etdim” şeirini tapıb köçürtdüm. Üç bənddir, hə?
Çapırdım atımı belədən-belə,
Üzəngi parlatmaq adətim idi.
İstəsəm, dağların belindən belə,
Bir anda aşardım, nə çətin idi?!
Məmməd, çox gözəl demisən, cavanlıqda adam elə bilir ki, hər şeyə qadirdir...
- Bəlkə də bir əl gəzdirdim.
“...Dünyanı dərk etmək, onun sirlərinə vaqif olmaq, yarandığı gündən insanları min cür sual verməyə vadar edib. “Niyə, nə üçün” sualları, “ona görə ki” - cavabları filosoflar kimi sənət adamlarını da düşünməyə, özü ilə üz-üzə oturmağa vadar edib. Dərinə varmağa isə ömür çatmır.
Ən yaxşısı budur ki, - sual vermək əvəzinə, əlini üzünə qoyub nəğməni oxu. Küləklərə qoşulub ömrün çatana qədər yol get.
Amma oxumağın cırcırama oxumağına oxşamasın.
Bir gün ömrün son qarı, son yağışı yağacaq, üfüqün son qızartısını son dəfə seyr edəcəksən...
Demişəm:
Bu ünvan - taleyim yazan mənzilim,
Zirvəyə yolumdu bu yoxuş demə...
Məzardan o yana insan mənzili,
Üfüqdən o yana yol yoxdu, bildim...
Hər bir qəbir də insan ömrü yaşayır. Oğul-qızdan sonra qəbri ziyarət edən nəvələr az-az olar. Və sahibsiz qəbirlər torpağa yem olmağa başlayır. Adi insanlardan fərqli olaraq, sənətkar qəbri bir müddət yaşayır.
Amma yox, ömür bundan sonra da başlaya bilər, - bir şərtlə, qayalara, dağlara hopan səsin olubsa... Küləklər onu dindirəcək, oxudacaq. Onda bir qələm əhlinin ömrü səsə, nəğməyə dönəcək. Ürəkdən gəlibsə, ürəyə köçəcək!
Bəlkə, şeirimdə bunları demək istəmişəm...”
Ağıldan kəmlər bizim evin yerini yaxşı tanıyırlar. Biri gəlib pul istədi, verdik, sonra Məmməddən tələb etdi ki, onun məktublarını mütləq Heydər Əliyevə çatdırsın.
Bir nəfər isə gəlib boş-boş danışdı ki, məndə Nəsiminin ruhu var, bu vaxta kimi “Qurani-kərim”də gizlənmişdi, indi mənim bədənimə daxil olub. Bilin ki, mən artıq Nəsimiyəm. Yazdığı qəzəlləri oxumaqla baş-beynimizi apardı.
Allah, sən bizi bu dəlilərdən qoru!
24-25-27 yanvar - Telefonda Akif Mədətovun səsi eşidildi:
- Həkimə gəlmişəm, ayaqlarım yaman ağrayır, görək buranın həkimləri nə deyəcəklər. Şair Naxçıvana gələndə bizə düşmədiyinə görə möhkəm incimişəm, xüsusən də səndən.
- Akif, - dedim, - incimə, o vaxt yaman qarışıqlıq idi. Sizə gələ bilmədik. Sən şeir xoşlayansan, gəl bizə. Məmmədin yeni şeirlərini oxu.
Akif sabah axşam Şölə xanımla gələcəyini söylədi.
Axşam gəldilər və Akif Heydər Əliyevlə bağlı söhbətə başladı:
- Heydər Əliyev xalqımızın böyük oğludur. Heydər Əliyev olmasaydı, bu saat Quba, Qusar, Lənkəran da əlimizdən çıxmışdı. Onun siyasəti nəticəsində indi Azərbaycanda sakitlikdir.
- Laqeydlik bizim azarımızdır,.. - deyə Məmməd Akifin sözlərini təsdiq etdi.
Nizami adına İnstitutdan Məmmədin xaricdə çap olunan kitabları haqqında məlumatın lazım olduğunu bildirdilər. Zəng edən qadın dedi ki, bütün yazıçılardan məlumat toplayırıq.
Məmməddən soruşdum: - Axı Türkiyədən başqa heç yerdə kitabın çıxmayıb, mən nə cavab verim?
- Niyə, Rusiyada, Gürcüstanda kitablarım çıxıb, qəzetlərdə, jurnallarda başqa dillərdə şeirlərim çap olunub.
Qadına çatdırdım ki, gəlib lazım olanları götürə bilər.
28-30 yanvar - Alo, salam yoldaş katibə müəllimə, rəis sizi incitmir ki, necəsiniz? Biz 31-i gedirik, dediyin sözlər hamısı qulağımdadır, çalışacağam ki, hamısını yerinə yetirim. Daha naxçıvanlılarla “müxalifətdə” qalmayasan.
- Akif, mənim gileylərim həyata keçərsə, müxalifətdə qalmaram.
Cəfər qardaş dediyi kimi papağı tikdirib gətirdi:
- Şirvani də, Zakir də, Sabir də başına belə papaq qoyublar. Sənin də elə papağın olmalı idi, oldu da.
Biz Cəfər qardaşa Həccə gedəcəyinə görə yaxşı yol arzuladıq.
3 fevral - Axşam Nemət Pənahlı bizə gəlmək istədiyini bildirdi. Təzə kitabını da gətirmişdi. Dilim dinc durmadı, soruşdum:
- Nemət, qəzetdə oxudum ki, səni partiyadan çıxarıblar?
Cavabı:
- Yox, yalan söhbətlərdir, öz işimdəyəm. Kitabımı çap etdirdim, 5000 nüsxədir. Öz partiyamda olan işçilərə verdim. Qiyməti 10000 manatdır. Ondan gələn pulun üstünə bir az da əlavə edib siyasətə aid xatirə və hadisələri toplayıb çap etdirəcəyəm. Bütün hadisələri, onun içində olan adamları aid olduqları sifətləri ilə təsvir etmişəm. Kitabım yaman səs qoparacaq, çünki hamı bu saat həqiqət acıdır.
8 fevral - “İllərdən biri” kitabım varmı?
- Bir nüsxə var.
- Oradakı şeirlərim təkrar çap olunmayıb.
- Niyə yadından çıxarırsan ki? Sənin bütün şeirlərin təkrar-təkrar çap olunub. Təzə şeir yazmırsan ki... Elə illər olub ki, əlinə heç qələm almamısan.
- Mən cəfəng şeirlər yazmamışam. Söznən oynayan, sözü oynadan şairəm. Sözdən hibrid yaratmağı xoşlayıram. “Dünya düzəlmir” şeirindəki ... “tərəf”, “tərəfgir”, “tərəfsiz”sözləri kimi. Şeir yaza bilməyəndə Mirzə Cəlil, Sabir, Ə. Cavad və başqaları haqqında məqalələr yazmışam. İşləmişəm, ya yox? O da ədəbiyyatdır. Mənim yaşıdlarım mənim qədər məqalə yazmayıblar.
- Məmməd, publisistika dram, poema deyil. Sənin irihəcmli əsərlərin çox azdır, tənbəllik etmisən, boynuna al.
- Mən qafiyə düzməyi xoşlamıram. Kiçik-böyük, nə yazmışam ürəyimin səsi ilə yazmışam. Yeri gəlmişkən, “Təsəlli” şeirini kitabın lap əvvəlinə salmaq lazımdır. “Qəfil” şeirini də 70-ci səhifəyə sal.
9 fevral - Axşam İlyas Tapdıq qonağımız oldu:
- Sizdən sonra Şəmkirə getmişdim. Şəmkirdə hələ də Məmmədlə keçirilən görüşün söhbəti gedir. Sultan müəllim əminin “Ayağa dur, Azərbaycan” şerini yaxşı diksiya ilə oxudu. Orada bir gürcü şairi də var idi. Onun azərbaycanca çap olunmuş kitabının təqdimatı idi. Gecədə mən və Nəriman da iştirak edirdik. Birdən işıqlar söndü. Gürcünün adı Quram idi. Quram ləmpə şüşəsinin bir ucuna kağız tıxıb şampan ilə doldurdu və dedi:
- Mən şüşədəki şampanı Azərbaycan xalqının sağlığına içirəm. Kim mənim kimi içə bilirsə, gürcü xalqının şərəfinə içsin. Aslan dedi ki, mən elə içə bilmərəm. Mən də susdum, ancaq Nəriman özünü sındırmadı və içəcəyini söylədi. Quram kimi şüşəni doldurub içdi və sonra əzabına dözmədikcə ləmpə şüşəsini icad edənləri söyməyə başladı.
İlyas bu əhvalatı məzə ilə danışdıqca Məmməd də ona qoşulub gülürdü. Təəssüf ki, mən İlyasın danışdığı kimi gülməli yaza bilmədim.
16 fevral - Taleyimizdən gileylənirdim.
- Gülxanım, Məmməd Araz gör necə deyir:
Daşda, dəmirdə yaşadım,
- Açıq qəbirdə yaşadım,
- Dəni xəlbirdə yaşadım...
Allah, xəbərin olmadı.
“Açıq qəbirdə yaşadım”; “Allah, xəbərin olmadı”. Dizlərim qatlanır, yeriyə bilmirəm, taqətim kəsilib.
Ağayar müəllimin səsi otağa yayıldı:
- Şəruru qar basıb, kəndlərlə əlaqə kəsilib, sonra qar əriməyə başlayıb, ətrafı su basıb. Söhbətinə davam etdi;
- Teymurla XX əsrin əvvəllərindəki fikirlərə aid araşdırmalar aparırıq. Nə qədər mütərrəqqi fikirlər var imiş. Bizim tarixçilərimiz hamısını alt-üst edib. Heç bir erməni belə hərəkət etməzdi.
Belə- belə söhbətlərdən Ağayar müəllim xeyli danışdı.
19 fevral - “Gənclik” nəşriyyatında kitabın çapına 45 milyon pul lazım olduğunu söylədilər:
- Mən “Gənclik” nəşriyyatının baş redaktoru Çəmənliyəm, hesablamışıq, 5000 tirajla, üz qabığı, kağızı, kətanı və sair ilə 45 milyon manat, dollarla isə 11 min dollar edir.
- Vallah, bizim elə pulumuz yoxdur, amma bu xəzinə camaata çatmalı bir xəzinədir. Məmmədi hamı sözdə istəyir, kitabına isə pul köçürən müəssisə tanımıram. Hamı yalan satıb gedir. Vəssalam... Gələndə özü sizə zəng edib cavabı deyər.
Çörəyini yeyə-yeyə söhbət etdi Məmməd:
- Maşında radionu açanda Həsən Əblucun ifasında şeirlərimi verirdilər. Yaman oxuyurdu:
Adı Pənah - Pənahı yox,
Günah paylar, günahı yox.
Bu allahın allahı yox,
Heç dərdimə şərik çıxmaz...
Verilişi axıra qədər dinlədim. “Bu Allahın allahı yox...” nə isə.
- Təsdiq etdim:
Dovşanlıq ki dəbə mindi,
Göy talaya əlik çıxmaz...
“Hərdən fikirləşirəm; gərəkliyimi, gərəksizliyimi görəydim, günahlarımı, yaxşı cəhətlərimi tərəziyə qoyub çəkəydim.
Xalq yaxşını pisdən yaxşı seçir. Görəsən mənim gedişimdən dağlar duyuq düşəcəkmi? Dağ çəni saç yolub ağlayacaqmı? Bilmirəm... Şairə dağlar xeyir-dua verməsə, o, yarı yolda qalar”.
Axşamüstü nəşriyyatın direktoru Əlican telefonla Məmməddən soruşdu:
- Bəlkə kitabı nəşriyyatın hesabına çap edək? 4-5 şirvana satılarmı?
- Yox, - dedi Məmməd, - kitabı geri qaytarın.
20 fevral - Fürsət tapan kimi Məmmədi tənqidə başlardım:
- Sənin o qədər tam fikirli yarımçıq şeirlərin var ki, onları tamamla da, nə olar?
- Necə yazım, harda yazım? Ömrüm qurtarıb, amma bir isti küncüm, ayrı yazı masam olmayıb.
- Yaxşı, qəmlənmə. Gəl sənə bir yarımçıq şeirini oxuyum.
Bu yurdun güneyi yaz,
Quzeyi bənövşəli.
Baharı qarlı dağlı,
Payızı göy meşəli.
Bu yurdun gözəli
Əhdini gülə yazdı.
Bu yurdun daşı ollam,
Bu yurdu sevmək azdı.
- Saxla, əvvəl oxuduqların da daxil olmaqla, bu şeir də mənim deyil - acıqlandı Məmməd.
- Tələsmə, niyə acıqlanırsan? Sənə sübut edəcəyəm ki, sənindir.
- Yox, ola bilməz, mən belə cəfəng sözlər yazmaram.
- Qışqırma, nəğməli ana, yaraqlı ata sənin ifadələrindir axı. Bir də, bu sənin öz xəttindir.
Məmməd əl yazılarına baxdı, sonra güldü:
- Vay-vay, ayıb olsun, ətim töküldü, amma mahnıya oxşayır. Yəqin ki, bəstəkarlardan kimsə sifariş verib yazmışam, ancaq tamamlamamışam. Bir də bizim bəstəkarlar dərin mənalı şeirlərə girişmək istəmirlər.
22 fevral - Köləlik psixologiyası uşaqlarımızın beyninə elə hopub ki, sərbəst çıxış edə bilmirlər, - deyindim.
Məmmədin danışdığı:
- 1970-ci il idi. Rəhmətlik Əliağa Kürçaylı, Mirzə İbrahimov və mən Tbilisiyə getmişdik. Ermənilər də var idi. Karlo Kaladzenin evində qonaqlıq idi. Məclis qızışanda gürcülər ağız-ağıza verib oxuyurlar. Bizə də oxu dedilər. Biz çaşdıq. Nə oxuyaq? Mirzə müəllim bizə müraciət etdi:
- Ay Məmməd, siz də bir mahnı oxuyun, özünüzü göstərin.
Dedim ki, Mirzə müəllim, körpəlikdən ta indiyə qədər bizi böyüklər sıxışdırıb - səsini çıxarma, ata var, gülmə, böyük var, oxuma, nə deyərlər və s. Böyük olan yerdə sərbəstliyi itirmişik, indi də bəhrəsini görürsünüz. Biz oxumadıq, amma Silva Kaputikyan bizim “Bəri bax” mahnımızı elə yaxşı oxudu ki... Heç olmasa, indi olsa da uşaqlarımızı sərbəstliyə alışdırmırıq. Uşaq özünü sərbəst hiss etməlidir.
Sonra şeirləşməmiş bənd və misraları ona oxumağa başladım ki, bəlkə həvəslənib işləyə.
Ayrılıq bir dağ olsa,
Vulkan olacaq sinəm.
Ölüm olsam düşmənin,
Həyat olsam səninəm.
və ya
Uğursuz taleyin uğursuz sonu,
Eni var, yönü yox yola bənzədi.
Gözəl fikirlərdi? Heç təzə mövzu axtarmaq lazım deyil. Bu iki misra böyük bir kitabdır elə bil.
- Sənə çox asan gəlir, maşın deyiləm ki, knopkanı basan kimi işə düşsün.
23 fevral - Ziya Bünyadovun ölümü Məmmədə çox pis təsir etmişdir. Neçə gün idi ki, özünə gələ bilmirdi:
- Qoca kişi idi, öz əcəli ilə ölmədi. Hayıf... Salam-sabahımız var idi.
Sonra bu misraları dedi:
Hayıf, qəbirlərin qapısı olmur,
Qapılı ev var ki, qəbirdən betər.
Ziya Bünyadov çox bilikli alim idi. Çox gözəl bir ziyalımızı itirdik.
- Məmməd, bir tərəfdən yazırsan:
“Ağıllı azaldıqca ağılsız artır.”
Bu tərəfdən də yazırsan: “Qoruyun dünyanı ağıllılardan”, necə başa düşək?
- Ağlasığmaz texnikanı yaradan, bunları daha çevik, qorxunc, ağlasığmaz eləyən “insandır”, “ağıldır”. Ağıl məcrasına sığmayanda “ağıl daşqını” başlayır. Bu da ağlın azmasıdır. Və ağıllı azanda ağılsız artır. Böyük dövlətlər də bundan istifadə edir, dünyanı top kimi bir-birinə atır. Əgər xalq yetkindirsə, onun özünün sözü varsa, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, o xalq ölməzdir, məğlub edilməzdir.
Dünyada yerim var bir çarpayılıq,
Bəsimdir bu boyda dünyanın payı.
və ya
Dünyada yerim var bir çarpayılıq,
Ona da şərikli gözlər var hələ.
Nə vaxt şeirləşəcək?
????
24 fevral - Qədir Rüstəmov haqqında yazdığın yazı qarabağlıların xoşuna gəldimi?
- Hə, Şahmar məndən həmin yazını “Mədəniyyət” qəzetində çap etmək üçün icazə istədi. Mən də razılıq verdim.
- Bəs jurnalın məsələsi nə yerdə qaldı?
- Sabah məlum olacaq...
Danışmağa həvəsim olmadığına görə yarımçıq beytlərini gündəliyimə köçürtdüm.
Ağla, ağlayanda “Kərəmi” üstə,
Sıyır qılıncını qoy ortalığa.
Və ya
Bu dəfə Şahdağın üzü dumandı
Ya da
Səttarxan küçəsi çıxır dənizə,
İtir dalğalarda bu yol nə yaxşı.
Nə demək istəmisən?
Arazın o taylı-bu taylı həsrətinə son qoymaq üçün çomaqdan yapışmaq olmaz. Çox ağıllı, təmkinli, heç kimə, heç nəyə mane olmayan mədəni əlaqədə, ticarət əlaqəsində, çox səmimi, çox təbii get-gəldən başlamaq lazımdır.
O taylı-bu taylı sözünü çox çeynəməmək, xırdaçılığa yol verməməklə bir amalla, bir yeni sabaha doğru addımlamalıyıq.
O iki sətir hansı hissin məhsuludu, bilmirəm.
Dalğalar həmişə hərəkətdədir. Bəlkə istəmişəm Səttarxan hərəkatı təzədən “doğulsun”.
Bir də Nəriman Nərimanov haqqında şeir yazmaq istəyirdim, yarımçıq qaldı.
25 fevral - Tofiq yaşayışlarından razıdır?
- Bu saat ölkədə bir neçə quldurdan başqa kim yaxşı yaşayır ki? Xüsusilə sənət adamlarının vəziyyəti ağırdır.
- Elə buna görə də sovetlərin dövründə özünüzü oda atmışdınız ki, quldurlar kef çəksin...
- Dediyim quldurlar bütün dövrlərdə olub və yenə də olacaq. Bir xalqın azadlığı uğrunda payın olmaq, bu, ayrı məsələdir. O xalqın qulduru oldu və ya olmadı, - deyə cavab verdi Məmməd.
28 fevral - Axşam bizə gələn Əhməd Elbrus söhbətə belə başladı:
- Mən televiziyada dini veriliş aparıram. Mənim verilişimə prezidentin özü baxır. Məmmədi çəkmək istəyirəm. Mən ruhlarla danışıram. Məmmədin də ruhunu çağırıb onunla danışdım. Ruhu mənə təzə şeirlər oxudu; o şeirlərdən Məmmədin özünün xəbəri yoxdur. Verilişdə Azad Mirzəcanzadə, Bəxtiyar və Məmməd Aslan da olacaq.
O qədər qəribə söhbətlər etdi ki...
Sirusun yanından keçib Allahın yanına getmişəm. Allah mənə dedi ki, get, sənə yarım kilo qızıl, 4500 dollar pul bəxş etmişəm, onu filankəslərdən alarsan. Məmməd canlı klassikdir, baxın bu xalq belə bir adamı qorumur, qeydinə qalmır. Rəhmətlik Əli deyərdi:
Sən mənim qədrimi biləsən deyə,
Bu cavan yaşımda ölümmü indi.
- Bizim millətin xasiyyətidir ki, sənətkarlarına, böyük adamlarına öləndən sonra qiymət verirlər. Bəxtiyar da böyük şairdir. Ancaq Məmməd başdan-başa fikirdir. Məsələ qaldıracağam ki, niyə ona fəxri akademik adı vermirlər. Sonra da əlavə etdi ki, sabah saat 6-nın yarısında gəlib çəkiliş edəcəyəm.
1 mart - Əhməd Elbrus dediyi vaxtda çəkiliş qrupu ilə gəldi. Çəkiliş qurtarandan sonra vədlər başlandı:
- Səni “Qorqud” nəşriyyatına fəxri başqan secəyəm və 500 min manat maaş təyin edəcəyəm.
- Elbrus, - dedim, - yerinə yetirməyəcəyin işə söz vermə.
Elbrus mənim sözlərimi eşitməməzliyə vurdu.
6 mart - Bu gün Hacı İbrahimin yanına getmişdim. Æurnalın çapına maliyyə köməyi göstərməsini xahiş etdim. Cavab verdi ki, bu saat pulumuz da, imkanımız da yoxdur. Vəssalam. Azərbaycanda yeganə ekoloji jurnalın vəziyyəti belədir.
Cəfər qardaş xəbər verdi ki, Məmmədin əmisi oğlu Zakirlə danışmışam, kitabın çapına pul verəcəyini söylədi.
- O dedi, siz də inandız? Nisyə söhbətdir, bir də ona heç nə deməyin.
Axşam Səmədin ev-muzeyini göstərdilər. Məmməd muzeyi təriflədi və məndən soruşdu:
- Baxırdın?
- Yox, Yılmazla “mübarizə”də idim, baxa bilmədim. Mənim də elə yerim, şəraitim olsa onlardan yaxşı muzey düzəldərəm.
- Əlbəttə, həm evi, həm də yeri yaxşıdır, neçə illərdir ki, muzeyə lazım olan əşyaları yığırlar - cavabını verdi Məmməd.
7-8 mart - Müxtəlif ölkələrdən gəlmiş şairlər yubiley gecəsində çıxış edirdilər. Qazaxıstandan - qazax şairi çıxışında məlum siyahını sadaladı: Elçin, Anar, Bəxtiyar, Sabir, Zəlimxan, bunlar Azərbaycanın “sağ gözləridir” - söylədi.
- “Sol gözlərin” adı çəkilmədi. Deyirsən ki, zaman hər şeyi öz yerinə qoyacaq, düzdür, vaxt gələcək biz dünyada olmayanda sənin də adını belə yerlərdə çəkməlidirlər axı.
Etiraz etdi Məmməd:
- Bir iş var ki, o adları çəkilənlər onlarla görüşlərdə iştirak edən, bir məclisdə yeyib-içən adamlardır və belə yerlərdən bir-birini tanıyırlar. Məni isə görürsən.
Müğənni oxuyur:
İnan tellər ağarmaz, sənin acığına...
- Yalandı, - dedi Məmməd, - Məmməd kimi oğlanın da telləri ağardı. Vaxt gələndə Məmmədin əlindən estafeti başqa şair götürəcək...
Televizoru açdım. Rəsul Həmzətovdan müsahibə götürürdülər.
Məmməd: - Həyatın vəfasızlığına bax, vaxtilə tribunaları titrədən Rəsul indi danışa bilmir.
- Rəsulu tərcümə edən Tofiq Bayram isə həyatda yoxdur, - dedim.
8 mart Qadınlar Bayramına həsr olunmuş yığıncağı Məmmədin “Dünya sənin, dünya mənim” şeiri ilə yekunlaşdırdılar. Şeiri balaca bir qız oxuyurdu.
9 mart - Səhər yeməyini hazırlayıram. Məmməd eyvandan mətbəxə, mətbəxdən eyvana keçir. Zarafatla deyirəm:
Axı dedim belə olmaz,
Yeri-yeri şeirini yaz...
- Elə bil o adda şairimiz olmayıbmış, - təəssüfləndi Məmməd, - Səmədin sevimlisi idi Hüseyn Arif. Bizim Hüseyn deyərdi Səməd ona. Rəhmətlik yaxşı şair idi. Elə bil dünyaya heç gəlməyibmiş.
Mən: Mənə elə gəlir ki, çox şairlərimiz Xəlil kimi heç nədən qorxmayıb mübarizə aparmayıblar.
Düzdür, mən özüm bunu etiraf etmişəm. Xəlil bir tərəfdən deyirdi ki, “Yest takaya partiya”, o biri tərəfdən isə, öz işini görürdü. Səməd Vurğun isə partiyanın qılıncı idi, elə də olmalı idi. Çünki inanmışdı partiyaya.
- Xəlil bizim balaca otağımızın qonağı olubmu?
- Hərdənbir, qalanlarını isə bilirsən. Rəhmətlik Əli Kərim ədəbiyyata bitkin silsilə şeirləri ilə gəldi. Bir çox tənqidçilər başladılar onu tərifləməyə. Bəzən adamı çox tərifləyirlər. Bundan sonra qaldırıldığın zirvədən enmək çətin olur, buradan yumalanmaq qorxusu var.
Əgər şairi bütün bir xalqın, diyarın, bütün ölkənin vətəndaşı, əsrin, zamanın bir çox məsələlərinə cavabdeh hesab eləsək, şair olmaq çox çətin işdir.
İslam İbrahimov “Əli, tı geniy”, - deyə onu içməyə dartardı. Yaxşı oğlan, istedadlı şair idi. Hayıf oldu. Ölümünə az qalmış dəniz kənarına gəzməyə çıxmışdıq. Dəniz kənarında olan dəyişikliklərə sevindi:
- Məmməd, buralar nə gözəldir, heç vaxt belə gözəl görməmişdim dəniz sahilini.
Hə, Əli həm də yaxşı dost idi.
Dünyada iqlim dəyişkənliyi, siyasi hadisələr elə tez-tez, elə qəfil baş verir ki, bunlara cavab vermək, nəyi günün öhdəsində saxlamaq, nəyi gələcəyə ötürmək çox ciddi ağıl, son dərəcə düzgünlük tələb edir.
Təkrar edirəm, bax, şair olmaq, düzünü yazmaq çox çətin işdir...
Gecə saat 12-yə işləmiş Rüstəm Behrudi zəng etdi:
- Əmi, dörd nəfər dostumla görüşünə gəlmək istəyirik.
Məmməd kefsiz olduğunu söylədi.
11-12 mart - Məmməd işdən qayıdanda məni “muştuluqladı”:
- Bu gün yanıma “Açıq söz” qəzetinin redaktoru gəlmişdi, yanınca bir müəllimə də gətirmişdi. Redaktorun uşaqlarına ingilis dilindən dərs deyir. Mənim “Salamat qal” şeirimə “düzəliş” etmək istəyirmiş, bir misra əlavə edibmiş.
- Bu necə misradır ki, müəlliməni sənin hüzuruna gətirib? Misranı de görək.
- Misra? Hə, “Sel, salamat qal”
- Elə bunu demək üçün yanına gəlmişdi?
- Hə.
- Vallah, camaatın başı xarabdı.
Əhməd Elbrus telefonla bildirdi ki, çəkdiyi veriliş axşam saat 19:10-da “Bu dünyanın qara daşı göyərdi” başlığı ilə veriləcəkdir, baxın.
Veriliş yaxşı alınmışdı. Məmmədin dili elə bil açılmışdı. Çox yaxşı danışırdı. Şeirlərindən parçaları da gözəl söylədi.
Çəkilişdə Əhməd Elbdrus yaman asıb-kəsirdi ki, burda nə danışmışıq hamısı efirə gedəcək, amma onun bəzi adamların ünvanına dediyi sözlərdən əsər-əlamət qalmamışdı. Ancaq quru təşəkkür sözləri qalmışdı. Veriliş qurtarandan sonra Saatlıdan Hüseyn, Şəmkirdən Aslan Aslanov verilişə baxdıqlarını söylədilər. Aslan müəllim dedi ki, veriliş bizi sevindirdi, yanımda Gəncədən Bağır müəllim də var. Gül-çiçək vaxtı gəlib sizi Şəmkirə aparacağam. Sonra Cəlal Əliyev zəng edib verilişi təriflədi:
- Məmməd, ev məsələn kişi ilə mənim yadımdan çıxmayıb, bu günlərdə məsələ həll olunacaq, Novruz bayramında sənə yenə zəng edəcəyəm.
13 mart - Sənə bir əhvalat danışım:
- Keçmişdə bir padşah ölkəsinə fərman yayır ki, gedər-gəlməzə göndərmək üçün adam axtarır. Ölkə adamlarından bir səs çıxmır. Bir xeyli müddət keçəndən sonra görür ki, elçi daşının üstündə bir adam oturub. Şah sevinib adamı yanına çağırır:
- A kişi, nə istəyirsən, tələbin nədir?
- Padşah sağ olsun, gəlmişəm ki, bildirəm mən də gedər- gəlməzə gedə bilməyəcəm.
İndi sənə xəbər verim ki, kitaba sponsorluğa söz verən biznesmen telefonla bildirib ki, bağışla, xərci çəkə bilməyəcəm. Əlirza da əlində bir balaca suvenir kitabla gəlib ki, icazə ver sənin də belə bir kitabını çap edək. Mən icazə vermədim.
24 mart - İlyas Tapdıq bizə düşdü. Başım çox qarışıq olduğuna görə söhbətlərinə dəqiq qulaq asa bilmədim. İlyas danışırdı:
- Mənim ilk şeirim atamın cəbhə məktublarına aid idi. Şeirim yaxşı sonluqla qurtarmışdı. Sonra ədəbiyyat müəlliməmiz şeiri oxuyub məni yanlış yola saldı. Dedi ki, belə yazsan yaxşı olar. Sonra müəlliməmiz bizə təklif etdi may bayramına şeir yazaq. Yazdım, sonralar həmin şeiri Bakıda Qabilə oxudum. Qabil özündən çıxdı, mənə möhkəm təpindi: “Bu nə şeirdir yazmısan, get öz yolunu tap”, - dedi. Amma həmin “şüarı” ədəbiyyat dərnəyində oxuyanda İsmayıl Şıxlı bəyəndi. Nasir olsa da, şeiri bir o qədər bilməsə də bəyəndi. Məmməd, onda sənin də “Yanın işıqlarım” şeirin çıxmışdı.
İlyas bunu da əlavə etdi ki, indinin özündə də, baxmayaraq ki, Məmməd xəstədir, ona paxıllıq edənlər var. Mən bir-ikisinin cavabını verdim, onlar özlərini dahi hesab edirlər. Guya haqlarını hələ də ala bilməyiblər (adlarını da çəkdi. Məmmədin möhkəm tənbehinə görə adlarını yazmadım).
İlyasın sonrakı söhbətlərinə qulaq asa bilmədim. Ümumiyyətlə, bu nəslin çox maraqlı söhbətləri olur.
3 aprel - Əhməd Elbrus verilişdən sonra ona zəng edib sponsorluq etmək istəyənlərin saysız olduğunu, eyni zamanda onlardan birinin milyarder Həbib olduğunu söylədi.
- Vallah, mən o qədər yalan eşitmişəm ki, heç birinin vədinə inanmıram.
Sonra ironiya ilə Məmmədən soruşdum:
- Kişi, nə oldu görəsən, Elbrusa zəng edib sponsorluq etmək istəyənlərdən biri heç olmasa meydana çıxarmı görəsən?
- Millət öz içindən özünə düşmən axtarmaqla məşğuldur, sponsorluq bu saat heç kimin yadına düşmür - cavab verdi Məmməd.
5 aprel - Tuncay səhər tezdən məni xəbərdar etdi:
- Nənə, sənə iki pis xəbər verəcəyəm, deməsəm olmaz.
- Nədi mənim balam.
- Nənə, Türkeşi tanıyırsan da. O, əvvəl Almaniyaya, türklərin yandırıldığı şəhərə gedib. Oradan qayıdandan sonra bir neçə başqa yerə gedib, ürəyi partlayıb ölüb. Ikincisi lap pis. Sizin yaxın dostunuz Tofiq Mahmud bu gün səhər ölüb. Təzyiqi qalxıb, paralic olub, iki gün qalıb, sonra ölüb.
Məmmədə baxdım, o, nəyin isə yaxşı olmadığını anladı.
- Özünü ələ al, Məmməd, Tofiq Mahmud rəhmətə gedib.
- Necə ola bilər, axı onunla dünən görüşmüşdüm? Deyirdi ki, əmi, bu kitabına da redaktor olmaq istəyirəm. Məni 4-cü gün Yusif Əzimzadənin xatirə gecəsinə dəvət etmişdi.
- Yox, sən 4-cü gün işə getmədin axı. O da həmin gün evə qayıdanda huşunu itirib.
- Tofiqin qəh-qəh çəkib ürəkdən gülməyi vardı. Deyərdi, əmi, sənin xidmətində durmağımla fəxr edirəm. Təəssüf edirəm, məni sevənlər bir-bir yoxa çıxır, təklənirəm.
7 aprel - Məmməd, Əhməd Elbrusa söz verən adamlar gör nə cür mahir yalançıdırlar ki, hamıya fırıldaq gələn adamı da aldada biliblər.
- İdris Zamanlı haqqında lətifəni eşitmisən?
- Yadımda deyil.
- İdrisin yalanlarını eşidən molla istəyir ki, İdrislə üzləşib onu yalanla məğlub etsin. Görüşürlər. İdris mollaya deyir ki, sən burda dayan, mən bu saat gəlirəm, deyişərik. Molla xeyli gözləyir, İdris gəlib çıxmır. Molladan soruşurlar ki, molla, xeyir ola, belə kimi gözləyirsən?
- İdris Zamanlını gözləyirəm, bu saat gəlirəm deyib gedəndir, hələ gəlib çıxmayıb - cavab verir molla.
Adamlar gülüşürlər:
- Molla, İdris səni aldadıb, aldanmaq bəs necə olar? İndi Elbrusa da yalandan vəd verib mollanı aldadan kimi aldadıblar.
14-15 aprel - Mətbəxi yığışdırmaqla məşğul idim. Məmməd soruşdu:
- Xəbərlərə baxdınmı?
- Yox.
- Sən də axmaq verilişlərə baxırsan, lazım olana baxmırsan. Qəzetləri tənqid ediblər ki, İsgəndərin müdafiəsinə qalxıblar. Nə olsun? Rusiyada Yeltsinin bütün siyasətini alt-üst edirlər, hökumət öz işini görür, prezident öz işini. Qəzetlər öz vətəndaşını müdafiə edir, bunun üçün kompaniya şəklində hücuma keçmək lazım deyildi, belə olan halda hansı demokratiyadan danışırlar görəsən?
Nizami adına muzeydən Nərmin adlı elmi işçi Məmmədin xaricdə çıxan kitabları, ümumiyyətlə xarici dildə nəyi vardırsa maraqlanırdı. Məndə olan materialları qaytarmaq şərtilə verdim. Həmin materiallar əsasında monoqrafiya yazacağını və bir də müxtəlif şairlərə aid guşə hazırladıqlarını söylədi. O cümlədən də Məmmədə aid. Nərmin xanımı razı yola saldım.
- Gülxanım, bu gün işə yanıma Saleh bəy adlı bir nəfər gəlmişdi. “Ermənilik” adında bir kitab yazıb, ingilis, rus dillərində çap etdirib. Kitabda 1937-ci illərin hadisələrini əks etdirib. Onun yazı stilindən xoşum gəldi. “Ermənilik” kitabının ideyasını mən vermişdim. Onların ziyalıları həmişə ayıq olub və həmişə də xalqını başqasının torpağını işğal etməyə çağırıblar. Raffini, Silvanı oxumusan. İnanmıram ki, Qarabağ kimi bir torpağı döyüşsüz geri qaytarsınlar. Bu torpaq nə qədər hücumlara məruz qalıb. Adlara bax, “Bağrı qan” - Nə qədər nakam məhəbbətlərə, əliqoynundalara xatirə yeri. “Topxana”, “Çaxmaq” - və s. hücum, müdafiə, döyüş, atışma... Xalqın tarixinə tuşlanan güllələr, tökülən nahaq qanlar, yandırılan əl yazmaları...
25 aprel - Məmmədin işdən qayıtması ilə Nərmin xanımın bizə gəlişi eyni vaxta düşdü. Apardığı kitabları da gətirmişdi. Nərmin xanım bir istəyini də bizə bildirdi:
-Mən istəyirəm ki, Məmməd müəllimə aid bir guşə düzəldim, gələn xarici qonaqlara deyəm ki, bizim belə gözəl fəlsəfi şairimiz var. Bax, bunlar da onun xaricdə çıxan şeirləridir. Bir şəklini də versəniz yaxşı olar. Məmməd müəllimin şeirlərini mən yenidən oxudum, elə bil yeni bir dünya kəşf elədim, yoldaşlarıma söylədim, qulaq asın qızlar, gör Məmməd müəllim nə yazır:
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdir yazanım...
Onun “Dünya sənin, dünya mənim” şeirinin əlyazmasını da versəydiniz, pis olmazdı.
Nərmin xanımla söhbətində Məmməd ədəbiyyatımızın təbliğinin zəif olduğundan danışdı:
Bizdə qardaş xalqlar ədəbiyyatına geniş yer verilir. Necə ki, biz Nizamini, Füzulini, Sabiri öyrənirik, eləcə də Puşkini, Lermontovu, Tolstoyu öyrənirik. Amma Nizamini, Füzulini, deyək ki, Puşkin, Tolstoy səviyyəsində öz içimizdə tanımayanlar da var, ədəbiyyatımızı qaldıra, təbliğ edə bilmirik...
Nərmin xanımın xahişini yerinə yetirəcəyimə söz verdim.
2 may - Cəfər qardaş Məmmədin görüşünə gəlmişdi, həcc ziyarətindən ürək dolusu danışır, yol boyu ərəb dili ilə paralel türk dilinin işləndiyini sevinclə qeyd edirdi. Məmməd özünün Sumqayıtdakı görüşünə görə narahat olduğunu bildirdi. Sonra kitabın çapı ilə maraqlandılar. Onlar getdilər.
Cəfər Sumqayıtdan bir də zəng edib telefonla bildirdi:
- Bacı, mən bu saat icra başçısının köməkçisinin yanından danışıram. İcra başçısına deyiblər ki, ssenarini siz yazmısınız.
- Yox, Cəfər qardaş, biz ssenari yazmamışıq, xəbərimiz yoxdur, amma Sabir Sarvan dedi ki, gecə Aybəniz Haşımovanın çıxışı ilə açılacaq. Söz veriblər ki, hər iş yaxşı olacaq.
- Bacı, bunlar Sabir Sarvanı axtarıblar, tapmayıblar. Mən Şakir müəllimə dedim ki, qardaşım ömründə ssenari yazmayıb, bacım da elə. Qardaşıma de ki narahat olmasın.
Gecə saat 1-də Akif Mədətov zəng etdi:
- Ay Akif, xoş gəlmisiz, bizə niyə düşmədiz? Belə gec danışmaqda bir hadisə olmayıb ki?
- Müəllimə, bir həftədir ki, qanköçürmə xəstəxanasındayıq. Vəfanın vəziyyəti ağır idi. Qanında zəhərlənmə var. Evə təzəcə gəlib sizə zəng çalmışam. Bir de görüm, Məmməd bizim dediyimizi yazıbmı?
- Ay Akif, heç yaxınına belə getmədi.
- Hə? Kişi adamdı.
3 may - Məmməddə xasiyyətdir, çağırılan yer olanda vaxtından əvvəl hazırlaşar. Yenə də 5-in yarısında hazır dayanmışdı. Sumqayıt Mədəniyyət evinin qarşısında icra başçısı Məmmədi qarşılayıb içəri apardı. Çay süfrəsinin arxasında Cənublu qarmon çalan Rəhman, bir nəfər də Almaniyada yaşayan ayrı cənublu, Piruz Dilənçi, Musa Yaqub və Söhrab oturmuşdular.
Salona daxil olanda gözəçarpan yerdə iri plakatda bu sözlər yazılmışdı:
“Azərbaycan ədəbiyyatında Məmməd Araz poeziyası fövqəladə hadisədir...”
Heydər Əliyev
Solda:
“Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim...”
Məmməd Araz
Aparıcı İlham Abbasovun giriş sözündən sonra icra başçısı Şakir Abışov danışdı. Ağalar Bayramov və Azad Şükürov şeir oxudular. Musa və Söhrab Məmmədlə bağlı xatirələrini danışdılar. Cəfər ailə adından təşəkkürünü bildirdi.
9 may - Axşam qonağımız Çərkəz doktor və xanımı Æalə oldu. Çərkəz doktor özünün sıxıntılarından danışdı:
- O boyda yer tikdirmişəm, tələbələr daha dəhlizlərdə dərs keçmirlər. Heç olmasa sağ ol demədilər. Eh, mən də özümdən danışıram, bu boyda dahimizi yada salan yoxdur. Məmməd müəllimin yaradıcılığı indi olmasa da gələcəkdə çox tədqiq olunacaq.
- Hə də, biz olmayanda kimə lazımdır o tədqiqat - deyindim.
Æalə xanım etiraz etdi:
- Elə deməyin, Məmməd müəllim başdan-başa fəlsəfədir, siz də onunla fəxr edə bilərsiniz.
11 may - Məmmədin heç kimlə bölüşmədiyi xüsusi fikirləri var. Məsələn, əlimə keçən bu kiçik məktubdakı kimi:
“Əzizim Cəfər!
İran prezidentinə yazdığın açıq məktubu oxudum. Mətləb aydındır. İran rəhbərliyi İslam bayrağını qəbul edib ona tərəf addımlayan din qardaşlarına əl uzatmaq əvəzinə, əksinə, bizimlə işğalçılıq müharibəsi aparan erməni qonşularına daha doğma münasibət bəsləyir. Bu məsələləri təsdiqləyən açıq faktlar varsa, çox pisdir. Bir məsələ var ki, prezident hələ İran xalqı demək deyil. Mənim yekun fikrim budur ki, İranı bütün bu hadisələrə münasibətdə neytrallaşdırmaq lazımdır. Diplomatik kanalları, danışıqları işə salmaq lazımdır. Münaqişəyə mümkün qədər yol vermək lazım deyil.
9. 6. 92
Məmməd Araz”
22 may - Məmməd xəbər verdi ki, bir türk jurnalisti onu axtarıb.
Türk qonağımız gəlib çıxdı:
- Mənim adım Saleh bəydir - Saleh Okumuş. Trabzon universitetində dərs deyirəm. Azərbaycan yazarlarından birindən müdafiə etmək istəyirəm. Mən sağdan sordum, soldan sordum, Yaşar Qarayev də, Nizami də bene indi yaşar şairlərdən Məmməd Arazı nişan verdilər. Dedilər ki, türk dünyasının ulu şairidir.
Saleh bəyə lazım olan materiallardan, qaytarmaq şərtilə, bir hissəsini verdim. Saleh suallar da verirdi. Suallardan bəziləri:
1. Ustad, “Dünya düzəlmir, baba” bu kimdir ki, müraciət etmisiniz?
Məmməd Cəlil Məmmədquluzadənin adını çəkdi, mən də Cəlilin şəklini ona göstərdim.
2. Türk yazarlarından kimləri oxumusunuz?
Mətbəxdə olduğum üçün cavabını eşitmədim...
25 may - Soruşdum:
- A kişi, Saleh bəylə söhbətində dedin ki, şeirlər məni dağın başından səsləyir, bu necə ifadədir işlətdin?
- Yox, düz demirsən, belə dedim, mən yazanda elə bilirəm ki, dağlar mənim çiynimdən boylanıb baxır, mən həmişə dağların əzəmətindən, onların ucalığından zövq almışam.
Axşamlar Məmməd həmişə evin ətrafında gəzişərdi. Qayıdanda mənə söylədi ki, 64 saylı məktəbin şağirdləri oturduğum yerə gəldilər, məni əhatəyə alıb hamı birlikdə “Vətən mənə oğul desə” şeirimi əzbər dedilər. Və mənimlə şəkil çəkib getdilər.
- Axı bu gün son zəngdir, ona görə də şagirdlərin hamısı dəniz kənarındadır.
27 may - Məmməd, o gün Saleh bəy sənə çoxlu suallar verdi, eşidə bilmədim, nə suallar idi?
- Deyirdi ki, bəzi şairlərin mövzusu dağdan-daşdan gəlir, bəzisi kənddən yazır, bəziləri təbiətdən və sair. Sizə hansı mövzular doğmadır?
Ona cavab verdim ki, mən bir sahədə, bir qolda köklənmirəm, bu mövzuların hamısı mənə doğmadır, yeri gələndə hamısından yazıram, amma ən çox dağlara meyl edirəm - ucalıq, əlçatmazlıq... İkincisi, belə sual verdi ki, kimi özünə ustad sanırsan, kimdən öyrənirsən?
Dedim: - Ustad yox, ustadlar - Nizamini, Nəsimini, Füzulini. İzah etdim ki, fikir şairi kimi Nizamiyə çatan yoxdur:
Qəlbində yaxşılıq olan bir insan,
Cahan tutar, onu tutmaz bu cahan.
Böyük Nizami 800 il bundan əvvəl sənətin baş qəhrəmanını yüksək insanlıqda axtarırdı. Onun axtardığı ideal hökmdar yüksək insan olmalı idi. “Dünyanı becərər ağıllı insan” deyirdi...
Kainatda hər şey cəzbə bağlıdır,
Filosoflar bunu eşq adlandırır.
Nizami bunu XII əsrdə deyir, Nyuton isə bir neçə əsrdən sonra, - XVI əsrdə Yerin cazibə qanunundan danışmışdı.
Nizami qürubu ilə keçən bu axtarış Nəsimi üfüqündə yenidən baş qaldırıb, “Mənəm Allah “, “Məndə sığar iki cahan...” - deyir.
Mən yazmışam: “Nə zamansa Nəsimini görəsiyəm”; “Nə vaxtsa dünyanın duru çağında; Yenidən dünyaya qayıdacağam”.
Görəsən, dünyanın duru çağında “Nəsimi olacaqmı?” “Olsa - onu görmək mümkün olacaqmı?”...
Çətin ki, görünsün. Bəlkə ayrı bir Nəsimi olacaq - onun zərrələrindən göyərmiş ayrı bir Nəsimi...
Nə vaxtsa “Dünyanın duru çağında “ dünyaya qayıtmamaq insafsızlıq olardı.
Nə yaxşı ümid yeri, güman yeri var. Deməli, hardasa bir ümid ocağı yanır, bir səs hardasa səni çağırır.
“Bu haray, bu od-ocaq “taleyin ümid payıdır”...
- Sabir də həqiqət axtarırdı. Ondan qabaq da, ondan sonra da axtarmışlar. Lakin Sabirin həqiqəti ayrıca bir poeziya dünyası idi. Onun “Amerikasını” ilk dəfə Sabir tapmışdı. Bilirsənmi, - Nizami məktəbi, Füzuli məktəbi və s. məktəblər çox şairləri bədbəxt edib, kölgədə qoyub onları, deyiblər ki, ustadı keçmək olmaz, o sözü ustad dedi, mən deməyim və s.
- Yox, əzizim, mən bir ədəbiyyat müəllimi kimi sənin sözlərinlə razılaşmıram. Onlar o cazibədən çıxa bilməyiblər, yəni özlərinə yeni cığır tapa bilməyiblər. Bax, indi cavanların dilindən sən də eşitmisən, mən də. Məmməd Araz məktəbi deyirlər, sənin üslubunda yazanlar çoxalıb, cazibəndən çıxa bilmirlər. Ancaq bu o demək deyil ki, onlar sənə hörmət edib səni keçmək istəmirlər. Özün bilirsən ki, elə deyil. Nizami məktəbinin davamçıları da elə.
30 may - “Millət” qəzetindən Məmməddən müsahibə götürmək istədiklərini bildirdilər. Axşam saat 6-ya razılaşdıq. Sualları mənə yazdırdılar. Dedilər ki, Məmməd müəllim bu suallara cavab hazırlasın:
- AMİP-in təşəkkül tapdığı günləri necə xatırlayırsınız?
- Təşkilat komitəsi yaradıldığı vaxt ən yadda qalan hadisə.
- O vaxt respulikada siyasi-ictimai vəziyyət bir o qədər də yaxşı deyildi, yəni sovet DTK tərəfindən terror aktlarının və həbslərin gücləndiyi bir vaxtda sizi ailə üzvlərinizdən kimsə siyasi mübarizədən çəkindirməyə çalışıbmı?
- Xalq hərəkatının geniş vüsət aldığı bir vaxtda sizi AMİP-ə gətirən nə idi?
Sualları Məmmədə oxudum. O, səhhəti ilə əlaqədar olaraq suallara cavab verməkdən imtina etdi və cavabını müxbirə çatdırdım.
Axşam Firəngiz telefonla Məmmədə vəziyyətindən danışdı:
- Qərar çıxarmışdılar ki, dövlət Xəlilin qəbrinin üstünü götürsün, amma qərara əməl edən yoxdur. Xəlilin qəbri eləcə qalıb. Gündəliklərini bilmirəm hara verim. Mənə köhnə bir maşın veriblər. Heydər Əliyevin qəbuluna düşə bilmirəm. Kömək edən də yoxdur.
Hə, belə-belə işlər, kişi. Dünyanın belə işləri də olur. İki eşşəyin arpasını bölə bilməyənlər pulla oynayır, ölkəni tanıdan, tarixdə qalan sənət adamları isə... yazıqlar olsun, sizin əsl sənət adamlarınıza.
31 may - Söhbət yenə Xəlildən düşdü. Məmməd dedi:
- Sənətin qəribəlikləri var, öldün hər şey yaddan çıxır; sənətkarın etdiyi yaxşılıqlar, pisliklər, ad-san, şöhrət də... Ancaq təmiz poeziya qalır. Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza da, Osman da, Əhməd Cəmil də və s. Bir insan kimi etdiyi yaxşılıq da, pislik də onunla torpağa gedir, amma poeziyası, yəni şeriləri qalır. Süleyman Rüstəm süfrəsi açıq kişi idi, yaddan çıxıb.
- Deyirsən ki, poeziyası qalır, mən Nəbatini çox sevirəm, lakin adını çəkəni görmürəm, onun adını ancaq ədəbiyyat fakültəsində oxuyanlar bilir. Xalq isə tanımır, təbliğ olunmur, televizora alışıblar, kim oradan təbliğ olunur, onu tanıyırlar.
- Elə demə, yaxşı şeirləri oxuyur, bir-birinə ötürürlər və əzbər yadda saxlayırlar. Özün öz dilinlə dediklərimi təsdiq edirsən. Sən ki, Nəbati ilə bir dövrdə yaşamamısan. Deməli, poeziyanın vurğunusan, “Gəlsin gəlməsin” rədifli şeiri dillər əzbəridir.
Nəbati istəməz sənsiz dünyanı,
Neyləyər izzəti, şöhrəti, şanı.
Heç nəyə qalmayıb daha gümanı,
Bu baş o meydana gəlsin, gəlməsin...
- “Nəbati istəməz sənsiz dünyanı”... Bəli, poeziyadır, ürəyi titrədir və Nəbatinin yaxşılıqlarını, pisliklərini bilmirsən, amma şeirlərini bilirsən. Xəlil də qorxmazdı, alovlu natiq idi, yaxşı nitqi vardı, o vaxt hökumət çinovnikləri ondan qorxurdular. İndi bilirlər ki, Xəlil yoxdur, danışa bilmir, ona görə də biganədirlər.
4 iyun - İnqilab Nadirovun təşkil etdiyi Binəqədi zəhmətkeşlərinin görüşünə getdik. Əvvəlcə İnqilabın otağında “Koka-Kola” şirkətinin prezidenti olan türklə görüşüb tanış olduq. Türk dedi:
- Mənim babamın və atamın da adı Məhəmməddir. Bizlər Mehmet deyərik, sizlər isə Məmməd deyirsiniz. Ad sarıdan da görürsünüz ki, yaxınıq. Bizlərin sizə çox hörmətimiz var.
Görüşü neftçilərin mədəniyyət sarayında keçirirdilər. Başlıq belə idi: - “Ürəklərdə bir Məmməd Araz var”. Çəkiliş üçün Telli xanım gəlmişdi. Binəqədi rayon məktəblilərinin hazırladıqları proqram əsasında musiqi, şeir və oyun havaları ilə tərtib edilmiş gecə başa çatdı. Rəssam Cabbar Quliyev Naxçıvandan çəkilmiş bir tablonu təqdim etdi və dedi:
- Sənə təqdim etdiyim bu rəsmi özüm çəkmişəm. Bu, Vətən torpağının bir hissəsidir və mənə əziz olduğu kimi, bilirəm ki, sənə də əziz olacaq.
Sonralar isə Asif Mərzili bu gecə haqqında belə yazacaq:
“Bəli, Məmməd Araz ömrünü damla-damla şeirlərinə köçürüb; xalqın, millətin dərdinə bürünə-bürünə və ürəyinə yığa-yığa! Təbii olaraq düşünməyə məcburuq! Məmməd Araz ürəyinin tutumu nə qədərdir ki, o boyda Azərbaycanın dərdi bu boyda şair Məmməd Araz ürəyinə necə köçə bilər? Və bu qədər dərdi ürəyində və sinəsində daşıyan və bu dərddən çərləyən Məmməd Araz niyə də xəstə düşməsin?!
Həm də düşünürük:
Səhhəti göz qabağında olan şairin dərdə dözümü millətimizə sirayət eləsə, necə olar? Həm də, görünür, M. Arazı bu qədər xəstəlikdən və Azərbaycanın Qarabağ dərdindən çəkdiyi sıxıntılara dözdürən xalqın böyük şairinə sonsuz xeyir-duaları, bir də təmənnasız sevgisidir...”
Æurnalistin bu səmimi ürək sözlərindən yan keçə bilmədiyimə görə bir hissəsini gündəliyimə yazdım.
İnqilab Nadirov görüşü belə yekunlaşdırdı:
- Xalqın odunda deyil, xalqın oduna yanan Məmməd Araza uzun ömür, Azərbaycan nisgillərindən çəkdiyi dərdində səbr və dözüm, bir də çağdaş Azərbaycanımızda baş verənlərə münasibətində hövsələ arzulamaqla səmimi olaraq deyirəm, Məmməd Araz, mən demirəm ki, Allah mənim ömrümdən kəsib sizin ömrünüzə calasın, amma deyirəm ki, Allah sizin öz ömrünüzü özünüzə çox görməsin!
11 iyun - Bura Məmməd Arazın evidir?
- Bəli.
- Mənim adım Həqiqətdir, müəlliməyəm, “525-ci qəzet”də Məmməd müəllimin “Dilənçi qaçqın” şeiri çap olunub. Burada 15 müəllim mübahisə edirik ki, o şeir 1992-ci ildə yazılıbsa, deməli, Ermənistandan qaçan qaçqınlara aiddir. Hamı bilir ki, biz dilənməmişik, hətta Ayazın ayırdığı maddi yardımı da almamışıq. Hamı bilir ki, ermənistanlı qaçqınlar alın təri ilə yaşayan qaçqınlardır.
- Həqiqət müəllimə, o şeir ünvanlanmayıb, ancaq şair həmin hadisənin şahidi olub, o hissləri keçirib. Cavan bir gəlin, yanında uşaqla, qaçqınıq, - deyə dilənirdi. Uşağı görən şair həqiqətən sarsıldı. İnanın mənə, bizim yaşadığımız evin qapısını tez-tez döyürlər. Burada kefinizə toxunası bir söz yoxdur. Evini, varını qoyub qaçıblar, hansı yollasa da yaşamalıdırlar. Şeir isə tərbiyəvi xarakter daşıyır. Oxumusunuz, orada deyilir ki, şirlər də, ilanlar da, quşlar da öz balalarını belə öyrətməz, dilənçiliklə böyüyən uşaq sabah torpağı üçün vuruşarmı? Belə çıxır ki, dilənçi yetişdirən ölkənin adamları əvəzinə heyvanlar vuruşacaq?
- Düzdür, ancaq Məmməd müəllim şeirin tarixini dəyişsin.
- Məmməd müəllim sifariş qəbul eləmir, mənim bacım, onun “Düşmən qabağından qaçan kişilər” şeiri də var, onda bütün ordu tökülüb gəlsin ki, niyə belə yazmısan?
- Allah Məmməd müəllimə can sağlığı versin. Həmişə, o vaxt da, indi də kişi kimi yazır. Sağ olun.
12-16 iyun - Saat birə yaxın Nərmin xanım əlyazmalarını və şəkli götürdü:
- Mən çox şad oldum ki, sizin kimi bir xanımla tanış oldum. Məmmədin Arazın elə özünə layiq xanımı olduğunu gördük. Allah sizi bir-birinizdən ayırmasın.
“Müxalifət” qəzetində İsgəndərlə bağlı yazı çıxmışdı. Əlillər cəmiyyəti Azərbaycandan kənarda yaşayan ziyalılara - Rastropoviçə, M.Maqomayevə, G.Xazanova, L.Yakuboviçə müraciət etmiş, onların H.Əliyevə İsgəndərin azad edilməsi üçün xahiş etmələrini rica etmişdilər. Həmin yazıda belə bir hissə də vardı:
“Respublika ziyalılarının bir hissəsi canından, bir hissəsi də malından qorxub İsgəndər bəy haqqında pıçıltı ilə danışdıqlarından, səsləri eşidilmir. Əslində onları qınamaq da olmaz. Çünki üstündən 60 il keçməsinə baxmayaraq 37-nin xofu canlarından çıxmayıb. H.Cavidin, Ə.Cavadın, M.Müşfiqin, S.Mümtazın və digər neçə-neçə Azərbaycan ziyalısının faciələrini unutmayıblar. Bir də hamıdan B.Vahabzadə, M.Araz, X.Rza (Allah rəhmət eləsin) olmağı tələb edə bilmərik... (“Müxalifət” 14 iyun 1997. Şənbə)”.
Qəzetdəki materialı Məmmədə oxudum.
19 iyun - Bu gün yaman darıxıram... Elə bil bir əl ürəyimi tutub sıxır.
... Ömrün qürub çağı... kim deyib bu sözü, nə qəribə bənzəri var sonu çatan həyatla... ömrün qürub çağı... ala-toranlı ömürdən neçə səhifə qalıb? Hər səhifə cırılıb atıldıqca ömür daralır, qocalıq əlindən yapışıb qəbrə dartır.
Gözünü açıb işıq görəndə sevinirsən. Nə yaxşı səhər doğan günəşi gördüm... Günlər ilk baxışda bir-birinə oxşayır. Aylı-aysız, ulduzlu - bəzən də ulduzları görünməz gecələr də bir-birinə oxşayır. Aydın, təmiz səmalı yay gecələrində “ağ yolun” səmti ilə qaçmaq istəyirsən... Hara? - bilmirsən...
Günlər bir-birinə oxşasa da, bu gün dünənki deyil. Bəs sabah? Hər açılan səhərin öz işığı, öz nəfəsi - bir sözlə öz “nəğməsi” var.
Qışda dünən yağan qar bu gün yağmayacaq və ömrün qürubu da beləcə bitəcək...
Hər bir insan ömrü özü bir romandır, tarixdir.
Kiminin romanı oxunur, kiminin isə bir tərəfə atılır.
Ömrün qürub çağı... Ömrün sonu!
23 iyun - Bir şeir və ya nəsr əsəri haqqında öz fikrimi bildirən kimi Məmməd həmişə bu misalı çəkirdi:
- İlyas Əfəndiyev cavan vaxtlarında Əli Vəliyevin, o vaxt “Azərbaycan” jurnalının redaktoru idi, yanına təzə yazdığı hekayələrini aparar və ona oxuyarmış. Hekayəni dinləyən Qumru xanım əsəri tərifləməyə başlayarmış. İlyasın sualedici baxışına Əlinin cavabı belə olarmış:
- Ver, Qumru çap eləsin.
15 iyul - Axşam yenə də fontanın yanında fırlanırıq.
- Gəl, yenə də yazıçılardan danışım: Osmanla Mehdi baletə baxmağa gediblərmiş. Osman Mehdidən soruşur:
- Mehdi, o nədir elə, hey ayaqlarını qaldırırlar, niyə?
- Osman, məhəbbətlərini izhar edirlər.
- Ayrı cürə, yəni adam kimi izhar edə bilməzlər?
Əli Vəliyev “Azərbaycan” jurnalının redaktoru olanda Hüseyn Arif Əli müəllimə müraciətlə deyir:
- Əli müəllim, romanını oxumuşam, çox gözəl əsərdir.
- Hüseyn, şeirini çap etməyəcəm.
- Əli müəllim, doğru deyirəm, romanı oxumuşam.
- Hüseyn, dedim ki, şeirini çap etməyəcəm, çap etməyəcəm, eşitdin?
Əli müəllimin üstünə yeridiyini görən Hüseyn məcbur olub çölə çıxır. Otaqdan çıxan kimi də deyinir:
- Muzdur oğlu muzdur, romanın iki varağını da nahaq oxudum.
Əli Vəliyev çox orijinal xarakterə malik adam idi. Mən çoxunu onun haqqında xatirələrimdə yazmışam.
- Sən həmişə Mehdi Hüseyndən hörmətlə danışmısan, arvadı Fatma xanımı da həmişə hörmətlə yad edirsən.
- Düzdür, Mehdinin yoldaşı Fatma xanımın yaxşı zövqü vardı. Hüseyn Cavidin tələbəsi olmasıyla həmişə fəxr edərdi. Bir dəfə “İnsan ürəyi” şeirimi H. Arifə oxudum. Hüseyn məni məcbur elədi ki, gedək şeiri Mehdi qağama oxuyaq. Getdik, şeiri oxudum. Mehdi şeiri mənə bir neçə dəfə oxutdu:
- Nə yaman demisən, şair, ürəyim ağrıdı, - dedi, - əlini ürəyinin üstünə qoydu. Şöbə müdiri işlədiyim vaxtlarda ədəbiyyata aid planı həmişə Mehdi müəllimlə birgə tutardım.
Mehdi müəllim rəhmətə gedəndən sonra Fatma xanımdan əhval tutmaq üçün evlərinə getdim. Fatma xanım kövrəldi:
- Məmməd, özlərini bizə “ən yaxın adam adlandıranlar” Mehdidən sonra qapımızı bir dəfə də açmadılar.
Fatma xanım Mehdidən sonra çox yaşamadı...
17 iyul - Məmməd halının pisləşməsindən şikayətləndi. Mənim təsəllim də bir fayda vermirdi. İsa müəllim beş-altı yoldaşı ilə Məmmədin görüşünə gəldilər. İsa gələnlərə bizi “təqdim etdi”:
- Bu şairdir, bu da Gülxanım bacıdır. Gülxanım bacı olmasa idi Məmməd Araz da olmazdı.
- O sözü təkcə sən deyirsən, ay İsa, - dedim.
- Yox, bu bir həqiqətdir, Məmməd Arazın daha parlaq olmasında sənin zəhmətin çoxdur.
Rüstəm Behrudi əlavə etdi:
- Qubada oldum, o gözəllikdən çıxan ancaq və ancaq sizin kimi gözəl insan ola bilər, ayrı cür ola bilməz. Qəçrəş əsl cənnətdir.
Məmmədi götürüb gəzməyə getdilər.
22 iyul - İsa qardaşım yenə də özünəməxsus bir hay-küylə içəri girdi, yanında bir nəfər də vardı:
- Gülxanım bacı, bu mənim qardaşım İsmayıldı, bilirsən nə deyir? Yaxşısı budur özü desin...
Sualla üzünə baxıram.
- İsmayıl sizin yerlidir, yaxşı oğlandır. Özün bilirsən ki, Məmməd müəllimi kim çox istəyirsə, mən də onu çox istəyirəm. İsmayıl deyir Məmməd müəllim razı olsa, mən onu öz evimə köçürər, özüm isə ayrı yerdə qalardım. İsmayıl belə oğuldur.
Fikrimdə eh, ay İsa, özün bilirsən ki, bu belə deyil. Bilir və ona görə də deyir ki, onun təklifi ilə evinə köçən deyilik. Mənim fikrimi oxuyan İsa İsmayıla tərəf çevrildi:
- İsmayıl, bilirsən Gülxanım bacı bu otaqda nə qədər yalan vədlərin şahidi olub? Varlı adamlar yalan vədlər verir və aradan çıxırlar. Söhbət düşəndə mən bir dəyirman sahibinə - Məmməd müəllimin evinin təmirə ehtiyacı var dedim. Vəd verdi, gəlib kişi ilə də görüşdü, sonra isə zəng edib vəziyyətinin yaman pis olduğunu söylədi. Bu yaxınlarda bir məclisdə yekə-yekə danışdılar: “Əşşi, Məmməd Arazın vəziyyəti çox pisdir, heç arvadı da ona baxmır və ilaxır və s” . Onların sözlərinə dözə bilmədim, ağızlarının üstündən elə vurdum ki... Söylədim, hansı biriniz gedib bir dəfə onun qapısını açmısınız, ehtiyacları ilə maraqlanmısınız, Məmməd müəllimi gəzməyə aparmısınız, kiçik bir dərdinə şərik çıxmısınız, hələ böyüyünü demirəm. Ancaq 30 ildir ki, o millət qızı xəstə bir adamın problemləri ilə üz-üzədir, ona xidmət edir, özü də necə yaxşı, mən şahidiyəm. Bu sözlərimdən sonra hamı susdu. Gülxanım bacı, sən mənim bacımsan, mən bilirəm ki, sən mənim qardaşıma necə yaxşı baxırsan.
23 iyul - Ağdamın işğalı haqqında danışır və arabir “Sona bülbülləri” səsləndirirdilər. Səs kəsildi.
- A kişi, niyə söndürdün? Qoy gülü yarpıza döndərəydilər də.
- Mən söndürmədim, özlərinin xoşuna gəlmədi.
- Bəs niyə eyni motivli verilişlərə belə maraqla baxırsan?
- Baxıram ki, nəticə çıxaram, keçmiş müharibə ilə bu müharibəni müqayisə edəm. Tamam əksinədir. Başıpozuqluq, hərc-mərclik, sözə, əmrə baxmamaq, hazırlıqsızlıq.
- Bunları niyə müqayisə edirsən ki, onsuz da bir şey yazmayacaqsan.
- Bəlkə yazdım, demək olmaz.
28 iyul - Alo, Məmməd müəllimin kabinetidir?
- Oğul, kabineti yoxdur, evidir.
- Sizi Nazirlər Kabinetindən Dilsuz Mustafayev narahat edir, Məmməd müəllimi olarmı?
Telefonu Məmmədə verdim və sonra soruşdum ki, nə məsələdir?
- İlyas Əfəndiyev haqqında xatirə kitabı hazırlayırlar, məndən də xatirə istəyirlər.
- Əli Vəliyev haqqında xatirən çox geniş alındı. İlyas haqqında da geniş yaza bilərsənmi?
- Əli müəllimlə çox oturub-durmuşam, ona görə də yazım bir az geniş alındı. İlyas müəllim haqqında da geniş yaza bilərəm.
Axırıncı illərdən biri idi. İlyas müəllimlə qarşılaşdım, görüşdük, dedi:
- Axır vaxtlar yaman heyrətləndirici şeirlər yazırsan.
- Heç evinə getmisənmi?
- Şöbə müdiri işlədiyim vaxtlar hansı kitabısa çıxmışdı. O münasibətlə məni də qonaq çağırmışdı. Yaxşı dramaturqdur, son 20 il ərzində Azərbaycan səhnəsini saxlayan o olmuşdur.
Bu böyük sənətkarla qiyabi tanışlığım 1950-ci ildə olub. 17 yaşım vardı. 10-cu sinfi bitirib Bakıya getmək qərarımı özüm verib, özüm də təsdiqləmişdim. Mart ayı - Novruz bayramı ərəfəsi idi. Bir gün ədəbiyyat müəllimi Vəlyəddin Əliyev İlyas Əfəndiyevin “Bahar suları” pyesini sinfə gətirdi. Bizlər, yəni şagirdlər bu kitabı ilk dəfə görürdük. Müəllim qısa məlumat verdi:
- Ədəbiyyatımızın orta nəslinə məxsusdur, yaxşı yazıçıdır, dramaturq kimi cavandır.
Ədəbiyyat müəllimi kitabı sinifkoma verib dedi ki, rolları bölüşdürüb yanıma gəlin, bir aydan sonra tamaşa verməliyik. Razılıq verdik, “təcrübəmiz” var idi, çünki bir il əvvəl “Vaqif” dramını tamaşaya qoymuşduq. Tamaşanı oynadıq. Orta məktəbi bitirib Bakıya gəldim. Ancaq məni sevən qızın, əlbəttə, obrazın, mənə dediyi bu sözləri hələ də unuda bilmirəm:
“ - Bu gecə sübhə qədər sənin xəyalınla diz-dizə oturmuşam”
Sonra o qızın “səsi qulaqlarımda”, Bakı küçələrini çox gəzdim, çox axtardım ki, o qızın səsini reallaşdırıb canlı bir qız görəm, alınmadı. İlyas müəllimlə də qəfildən üz-üzə gələm, deyəm ki, bəs sizin pyesinizdə baş qəhrəman rolunu oynamışam. Birdən desə ki, gözüm aydın.
Çox utancaqdım. İlyas müəllimlə aramızda yaş fərqi çoxdur. Odur ki, onunla, necə deyərlər, “stəkan-stəkana” vurmamışıq. Bir də ki, badə cingiltisini yazıçı əlində yalnız görkəmli yazıçı yubileyləri ilə əlaqəli təşkil olunan qəbullarda gördüm. “Gənc şair” olandan sonra ara-sıra belə qəbullarda iştirak edərdim. Yaddaşım məni aldatmırsa, bu məclislərdə İlyas müəllim kiminsə, hansı”rəhbərinsə” şərəfinə parlaq sözlər deməzdi. Ancaq ədəbiyyat məsələlərinə, xüsusən nəsr və dramaturgiyaya dair keçirilən plenumlarda, müşavirələrdə və sairə yığıncaqlarda o, özünəsığmaz olurdu. Belə çıxış və məruzələrdə “boyaqçı” qələm sahiblərini tənqid edərdi.
Yenə də yadıma düşsə, İlyas müəllim haqqında sənə danışaram.
29 iyul - Telefonun səsi məni fikrimdəm ayırdı:
- Mən Məmmədin tələbə yoldaşıyam, Türkiyədə işləyirəm, orada bir yoldaş Məmmədin həyat və yaradıcılığına aid dissertasiya yazır. Məndən xahiş etdi ki, kitablarından hərəsindən bir nüsxə və haqqında yazılmış məqalələri ona aparım. Həm də məktub gətirmişəm, onu necə sizə çatdıra bilərəm?
- Evə gətirə bilməzsinizmi? Qaldı ki, kitablara, məndə hərəsindən bir nüsxədir. Haqqında yazılmış məqalələr, qəzetlər də həmçinin. Məmməd işdədir, telefonu verim, zəng edin.
23 avqust - Ayın 6-dan yığışıb kəndə gəlmişdik. Məmmədi güclə kəndə aparıram. Qaldığımız günlərin yadda qalan bir qonağı oldu, o da Abdulla. Abdulla birinci dəfə bizə gələndə qaynanasının bir mis camını qoltuğuna vurub bizə pay gətirdi.
- Yoldaş Abdulla, Məmmədin hələ 65 yaşına var və mis camı da qaytar apar, bizə lazım deyil. - Və gedəndə camı Abdullaya verdim.
Bir neçə gün keçdi. Tuncay çox əsəbi halda içəri girdi:
- Nənə, başın xörək bişirməyə qarışıb, bir bax, küçəyə nə qədər adam yığışıb, dədə də Abdullanı başa sala bilmir.
Küçəyə çıxdım, Abdulla tutduğu taksini lap qapıya qədər sürdürmüş, maşının qabaq şüşəsinə Heydər Əliyevin şəklini vurmuş, özü də fəxrlə dayanıb gah aşığın kasetinə qulaq asır, gah da şeir deyir, belə şeyləri görməmiş kənd camaatı da ona baxır gülüşürdülər. Məmməd də onu başa sala bilmirdi ki, bura nümayiş yeri deyil. Şəkli götürüb maşının içinə qoydum:
- Abdulla, bu nə hərəkətdir edirsən, yekə kişisən, bu düşük hərəkətlərindən utanmırsan?
Mənim əsəbiləşdiyimi görən Abdulla yazıq-yazıq dilləndi:
- Bağışla, Gülxanım bacı, dünən sizdə yediyim çörəyin üstündəyəm, acam mənə çörək ver.
Abdulla bizə belə bir konsert verdi.
24 avqust - Şəhərə qayıtmaq istədiyimiz gün Cəfər qardaş qonağımız oldu.
- Bacı, bağışla, yasa gələ bilmədim. Bacına allah rəhmət eləsin, başıma çox hadisələr gəldi. Bildim ki, hələ Qubadasınız, gəldim sizi görməyə.
Söhbətarası Cəfər qardaş keçmişdən də danışdı.
- Mən Məmmədi Məmməd İbrahim olandan izləyirdim, ancaq o, özü bunu bilmirdi. Bir dəfə Səməd Vurğunun yaradıcılığına aid şeir gecəsi idi. Onda Bəxtiyara hücumlar başlanmışdı. Gecədə danışanlara 3 dəqiqə söz verirdilər. Məmməd kürsüyə qalxmamışdan əvvəl dedi ki, sözünü 3 dəqiqəyə çatdıra bilmədiyi üçün 5 dəqiqə danışacaq. Zal bu sözə əl çaldı. Məmməd sözə belə başladı:
- Səməd Vurğun yaradıcılığına bələd olan, onun tədqiqatçısı olan Bəxtiyara hücumlar əbəsdir. Deyildiyinə görə Məcnun çox gözəl bir gənc olubmuş, Leyli isə kifir bir qız imiş. Atası Məcnuna deyəndə ki, sənə gözəl bir qız alaram, Leylidən əl çək, onda Məcnun bir daş götürüb damarını kəsmiş, damarından axan qan öz-özünə Leyli, Leyli, Leyli yazıbmış. İndi əgər Bəxtiyarın damarından kəssələr, ondan çıxan qan Təbriz, Bakı, Azərbaycan yazacaqdır.
Sonra Cəfər Məmməddən soruşdu:
- Yadındadır, qardaş?
- Hə, o gecə aktyor evində idi.
- Onda, qardaş, sənin çıxışına çox əl çaldılar. Öz - özümə fikirləşdim, ay aman, bu kişini tutacaqlar. Yaxşı ki, elə bir hadisə olmadı.
25 avqust - Bakıya qayıtdım, nəfəsim yenidən təngiməyə başladı. “Dədə Qorqud” dastanındakı toponimlərdən danışırdılar. Məmməd Səmədlə bağlı bir əhvalat danışdı:
- Bunu bizə Mirzə İbrahimov danışıb. Türkmənlər dastanın onların olduğunu iddia edir, az qala bizimlə dalaşırdılar. Sonra dastan düşmən çıxdı. Elə bu vaxtlar Moskvada yazıçıların iclasımı, qurultayımı gedirdi. İclas qurtarandan sonra geri qayıdırdıq. Səmədin çox gözəl atmacaları olardı, təyyarəyə minməyə hazırlaşırdıq. Başda Berdi Kerbabayev olmaqla Türkmənistanın nümayəndələri də öz təyyarələrinə tərəf gedirdilər. Səməd Berdini çağırdı:
- Berdi, Berdi “Dədə Qorqud”u verdik sizə.
Berdi də zarafatla cavab verdi ki, ta istəmirik.
5 sentyabr - Məmmədin yarımçıq misralarını tapıb yazı masasının üstünə qoydum, görək nə vaxt şeir olacaq.
Sən mənim oğlumsan, qələmim, oğlum,
Qoyma bu atanın ocağı sönə...
Yaman üşüyürəm səndən ötəri
(Qoy bir az üşüyüm səndən ötəri)
Qalsın o məhəbbət, ürək istisi.
Səndən nə umuram: ürəkdən gələn
Qılıq istiliyi, söz istiliyi.
Riyasız, boyasız üzümə gülən
Baxış istiliyi, göz istiliyi.
İki il ömrümün iki varağı
Yazılıb əbədi çevrildi artıq.
Bolluca göz yaşı gətirdim sənə,
Bolluca yuxusuz gecələr bəsin.
Həmişə fikirli, həmişə dalğın,
Nəyinsə, kiminsə sorağındasan,
Elə hər sözündən tənə yağışı,
Elə hər nidanda bir küsü-umu.
Tutaq ki, mən pisəm, dünyada yaxşı...
Nəğməkar sarıdan, şair sarıdan,
Mənim də torpağım münbit olubdu.
Bu torpaq ən münbit torpaq olubdu
Dünyanın ən müdhiş sərkərdələri
Nizami önündə baş əyibdilər.
Əlləri nahaq qan tökən oğluna
Nənələr südünü haram buyurdu.
Qılınclar qəzəbdən su içib durub
Buyruq istəyəndə Qacar tacından
Xəyallar qoynunda yol gedirəm
Gecələr yuxum çəkilir göyə.
- Yazı masama qoyduğun misraları oxudum, görürəm ki, onların hərəsində tam bir fikir var. Qoy onlar da belə yarımçıq çap olunsun.
- Yazmırsan, yarımçıqları tamamlamırsan, öz işindir, deyirlər ki, şairlər Allaha yaxın adamlardır, Allahla danışırlar. Soruş, gör bu yağış nə vaxt kəsiləcək?
- Allah ta danışmır, daha doğrusu, danışdırmır.
8 sentyabr - Æül Renarın gündəliyini oxuyuram. Onun fikirləri:
- Bəli, mən bilirəm: bütün dahi adamları əvvəlcə tanımaq istəməmişlər.
Əsl məşhur yazıçı o yazıçıdır ki, adını bilmirlər, əsərlərini isə heç vaxt oxumamışlar. “Şöhrət şeypurları” onların yalnız adlarını bizə çatdırmışlar.
- Ağıllı adamlarla istedadlı adamları dolaşıq salmayın...
- Xəyal - fikrin ay işığıdır.
- Balaca vətənlə böyük vətənin arasında fərq yoxdur. Axı o, yeganədir.
- Quş ağacın köçəri bəhrəsidir.
- Qocalıq qar kimi qəflətən gəlir, səhər oyanıb görürsən hər şey dümağdır.
Bunlar nə gözəl fikirlərdir!..
9 sentyabr - Axşam xəbərlərində Haiti sahillərində bərənin batmasından danışılanda Məmməd professor Gülü xatırladı:
- Gül deyirdi ki, bir litr neft dənizdə 10 kv.m. sahəni öldürür. Neft kəmərindən sonra Xəzərdə gəmilərin batması, buruqların partlaması hadisələri çox olacaq.
İşıq idarəsindən gələn nəzarətçi cavan oğlan öz işini qurtarandan sonra məndən bir kağız istədi və onu Məmmədə verdi:
- Məmməd müəllim, mənə bu kağıza bir neçə söz yaz.
O da bu sözləri yazdı: “Allah sənə yar olsun”. İmza. Tarix.
- Məmməd müəllim, mən bu kağızı tütyə kimi saxlayacağam.
13 sentyabr - “Xəbərlər”də tərif şeypurları işə düşmüşdü. Məmməd:
- Belə işlərə baş qarışanda mən yada düşmərəm - dedi. Elə bu vaxt aparıcı Esmira Çərkəzqızının səsini eşitdik:
- Müəllimlər, Məmməd Arazın təbirincə desək, əsl vətəndaşlar, vətənin qayalarında mamır ola bilən vətəndaşlar yetirməlidilər.
- Hə, - dedim, - gördün, yaddan çıxmamısan.
Tusi adına Pedaqoji İnstitutunda dərs ilinin başlanması münsaibətilə görüş keçirilirdi.
- Bu zal o qədər adamlar görüb ki, yadındadır, bu zalda mənimlə də görüş keçirilib. Tələbə vaxtı daxil ola bilmədiyim anlar da olub - kədərlə gülümsündü Məmməd.
15 sentyabr - Axşam şeirini köçürtməyə verdi:
Papaq tapdıq, baş tapmadıq,
Üzük tapdıq, qaş tapmadıq
Özül tapdıq, daş tapmadıq,
Mat-məəttəl qalmışam.
- Təzə şeirdir, işləyib qaydaya saldım, təzə formadır, deyilməyib.
- Görürsən ki, stoluna yaxınlaşanda yazırsan, işləmək lazımdır.
- Dərman içirəm, vəziyyətim pisləşir, axşam işləyirəm, onda da yata bilmirəm. Beynim oyaq qalır, bunlar elə-belə ağnağazdır.
- Ağnağaz? Bu sözü təzə eşidirəm, o nə deməkdir?
- El arasında işlənən sözdür, əvvəllər hər yaxın kəndin özünün su dəyirmanı vardı. Dəni çox olanlar növbə tutar, dənlərini üyüdərdilər. Torbanın dibində bir az dəni olan kasıb da gəlib dəyirmançıya deyərdi ki, başına dönüm, bunu ağnağaz elə ver. Dəyirmançı da arada kasıbın dənini üyüdüb verərdi ki, uşaqları ac qalmasın. Ağnağaz bizim kəndlərdə işlədilən el sözüdür.
- Deyəsən, apostrofu atıblar.
- Yaxşı ediblər, Cəfər sözündə apostrof vardı, atdılar, düzgün tələffüz etmirik? Səməd Vurğun apostrof dilimizin simfoniyasıdır, deyərdi. Niyə axı o dilimizin simfoniyasıdır sualını da özü verdi Məmməd.
17-19 sentyabr - Bu günün bir yeniliyi bu oldu ki, “Füzuli” adına beynəlxalq mükafatın təsisi haqqında qərar oxundu:
- Məmməd, səncə, Azərbaycandan mükafatı kim alacaq? İndi də 10 min dollar üçün bir-birini qıracaqlar.
- Bəxtiyar “Şəbi-hicran”ı yazıb, mükafat ona düşür. Bir də şərt qoyulmur ki, əsər ancaq Füzulidən olsun, başqa əsərlərə də düşə bilər. Məktəbə yaxın küçədə gəzirdim, iki məktəbli mənə yaxınlaşdı və söylədi ki, biz bu gün sizin şeirinizdən 5 almışıq.
- Hansı şeirimdən? - sual verdim.
- “Müharibə olmasa” şeirindən.
- Əzbər söyləyə bilərsinizmi?
Hər iki uşaq mənə şeiri əzbər söylədi, başlarını tumarladım, sevinə-sevinə getdilər.
- Təzə şeirlərini oxudum, əladır. “Yalan”, “Sınma, könül”. “Sınma” şeirində niyə “şair” müraciətini “könül” sözü ilə əvəz etmisən? Könül çox işlənmişdir, çeynənib.
- Düzdür, mənim də bir o qədər xoşuma gəlmir, beş-altı gündən sonra yenidən köçürəcəyəm, onda əl gəzdirmək olar. Ümumiyyətlə, məni həvəsləndirmək üçün tərifləyirsən, ancaq beş-altı şeirdən biri yaxşı çıxar, bu da təbiidir. Hə, yadıma düşdü, bayaq gəzəndə bir cavan oğlan mənə yaxınlaşdı, Məmməd müəllim, sizinlə görüşmək olarmı soruşdu. Olar, olar, dedim.
- Mənim adım Arifdir. Bakı Universitetinin riyaziyyat fakültəsində dərs deyirəm, sizin “Daş harayı” kitabınızı əzbər bilirəm. Şərq ölkələrində işləmişəm. Özünü türk adlandıranlar sizi çox sevirlər.
Sonra da mənim “Gecə pəncərəmə dırmaşan pişik” şeirimi əzbər dedi. 30-35 yaşında, səliqəli geyinmiş, şivərək bir cavan idi.
Elə marıtdama altdan yuxarı,
Nə var yuxarıda, büdrəmək, aşmaq.
Başa başsızları başsız çıxarır...
Yeri get, qabını yala, ay axmaq!
Gecə pəncərəmə dırmaşan pişik!
Ayrılanda da belə dedi:
- Məmməd müəllim, XX əsrin korifeyliyi sizinlə bitdi, bunu bilin.
21 sentyabr - Axşam türk Saleh bəy bizə gəldi. Məmməd haqqında material axtarırdı, doktorluq yazmalı idi:
- Teyzə, mənə kömək et, siz gərək fəxr edəsiniz ki, türk dünyası sizin eşinizi tanıyacaq.
- Saleh, axı məndə nə varsa hamısı bir nüsxədir. Onları sənə versəm, məndə heç nə qalmır, sizdən başqa ayrı salehlər də gələcəklər. Bəs onlara necə kömək edim?
- Belə danışaq, siz qəzetləri mənə verin, mən kserokopiya çıxarıb qaytarım.
- Saleh, evimiz bir az darısqaldır, gərək nəzərə alasan.
- Nə olar xalq şairinin evi belə olar, çox şairlərin evində olmuşam, onları tanıyıram. Bizlərdə belə laf var, - “yandı, döndü”, onlar, teyzə, elədirlər. Məmməd əmi onlardan tamam fərqlənir.
Sayıb 125 məqalə, 3 diplom işini verdim. Bir neçə günə qaytaracağını söylədi. Saleh gedəndən sonra söhbətimiz Mirzə İbrahimovdan düşdü:
- Biz gənclər İttifaqa yığışanda Mirzə müəllim maraqlı söhbətlər edərdi. Ən çox da Səməd Vurğunla bağlı. Deyərdi:
- Səməd Vurğun nə vaxt evinə çatsa, gecə yarısı olsa da, zəng edərdi ki, Mirzə, nə edirsən?
- Yatıram.
- Dur bir az gəzək.
Çıxıb gəzərdik. İlahi, Bakının gecələri nə gözəl olurmuş, küçələr bomboş, sakit. Ancaq süləng itlər olur küçələrdə.
- Qlavlitdə Knyaz adlı bir yaşıdım işləyirdi, bir yerdə işləmişik, Qlavlitə keçdi. Mənim kitablarımın çoxunu, bir sətrinə də toxunmadan, siyasi şeirlərimi də, qol çəkib verib, çap olunub.
Bir dəfə Knyaz belə bir söhbət etmişdi:
- Qılman baş redaktor olanda mən kiçik redaktor işləyirdim. Səməd Vurğunun kitabına bağlanmış müqaviləyə imza atmağa məni onun yanına göndərdi, orta qonorar yazmışdı. Səməd qol çəkmədən müqaviləni qaytardı və dedi: - “Get Qılmana de ki, mən quyruq acıyam, sür-sümük acı deyiləm”.
24 sentyabr - Saleh bəy apardığı materialları geri qaytardı.
- Düzünü de, Saleh, bu qədər materialı axtarıb tapa bilərdinmi?
- Yox, teyzə, demək olar ki, heç bir faizini də tapmazdım. Heç kim bilmir ki, belə zəngin arxiv saxlayırsınız.
Zarafat etdim: - İndi de görək teyzəni tərifləyəcəksənmi?
- Teyzə, kitabın izahat bölməsində mütləq sizə təşəkkür edəcəyəm ki, mənə kömək etmisiniz. - Ciddi cavab verdi. Sonra soruşdu:
- Mən müdirimi bəkləyirəm, olarmı onları gətirib Məmməd əmi ilə tanışdırım?
- Olar, Saleh, olar, ancaq bizi xəbərdar et.
26 sentyabr - Məqalələrini hazırlamaqla bərabər arxivi də araşdırmalı, səliqəyə salmalı oldum. Yeni-yeni yazılarla rastlaşdım. Səməd Vurğun haqqında mənə danışdıqlarının bədii variantını gördüm:
- Məmməd, Səməd haqqında yazın tam deyil axı.
- Mən Səməd haqqında 4 yazı yazmışam, 3-ü çap olunub. Dediyin yazı da, məncə, “Ulduz” jurnalında gedib, yadımdaır, Yusif mənə təşəkkür etdi həmin yazıya görə. “Aygün” poeması mənim kurs işim idi. Onun təhlilini vermişəm. İndi sən əlyazmalarımın içində adını oxuduğun yazını ver, baxım.
Axşam Heydər Həsənoğlu bizə gəldi:
- Gəlmişəm ki, “Məmməd Araz” mükafatının kimə veriləcəyini dəqiqləşdirəm. Nizami Xudiyev özünün kitabının münsiflər heyətinə təqdim edilməsini lazım bildi, kitabının bu mükafata layiq olduğunu söylədi. Sizin fikriniz nədir?
- Nizami çox savadlı alimdir, elə bir məsələ varsa, lap yaxşı - söylədi Məmməd.
28 sentyabr - Arabir yarımçıq yazılar haqqında verdiyim suallara Məmməd belə cavab verirdi:
- Bunu bil ki, nə çap olunubsa, hamısı olduğu kimi, bir sətrinə belə toxunulmadan çap olunub. Belədə çox yazılarımı evə gətirməmişəm, “Ulduz” və “Azərbaycan” jurnallarında çoxlu yazılarım gedib, kitablara ön söz yazmışam. Tatar şairlərinin tərcümə şeir kitablarında ön söz mənimkidir.
- Sən yerini de, mən tapım, gələcəkdə çap etdirək.
29-30 sentyabr - Gülxanım, məqalələri hazırlayırsan, mənə elə gəlir ki, məqalələrlə bərabər bəzi məktublar da çap olunsa yaxşıdır.
- Özün bilirsən ki, publisistikan şeirlərindən çoxdur, 3 cild olar. Məktubların dərdini çəkmə, onları sonra çap edərik
- Niyə, məktublarımda çox gözəl fikirlər var. Məsələn, İbrahim Bozyelə yazdığım məktublar çox mənalı məktublardır. Gör nə deyirəm: - Dünyada məni şeir qədər ovudacaq haray və təskinlik tapmaram; sənət körpüsündən keçənlər xoşbəxtdirlər, bu körpünü yaradan ululardır; ya da yenə də dağ çayına bənzər təmiz, gur, duru səsini eşitdik, qardaş, dünyada səsin batmasına inana bilməm...
- Bütün bunlar düzdür, amma...
Yazırsan:
...Qələmim dünyaya əmanət olsa,
Gözümün işığı bir gözə töhfə;
Bir də gəlişimə zəmanət olsa -
Gəlməzdim mən belə dünyaya, tövbə!
İnam olacaqdır - dözüm vardısa,
Qəmi dəm eləmək o mənə qaldı.
Bir-iki yaraqlı sözüm vardısa,
Vətəndən almışdım, Vətənə qaldı.
Məmmədin Vətənə qalacaq sözlərinə Fəttah Heydərov havadar çıxdı və 1997-ci ildə “Yol ayrıcında söhbət “ kitabını çap etdirdi.
- Deyəsən yerin sürəti də çoxalıb, ay da tez qurtarır, amma işlərimiz yarımçıqdır, Məmməd Araz.
- Kitabla bağlı baş redaktor Nihadla görüşdüm, ciddi bir kişidir, olar 50-55 yaşı. O dedi ki, bizim nəşriyyat Zəlimxan Yaqubun kitabını yaxşı formatda çap edib, biz istəyirik ki, sənin kitabın ondan da yaxşı olsun, buna çalışırıq.
Sonra məndən misraların sayını soruşdu.
2 oktyabr - Axşam özünün təzəcə yazıb qurtardığı şeiri mənə verdi, əlavə etdi: cəfəng şeirdir.
Oxudum, “İt qaya kölgəsində”.
- Bütün misraları sətiraltı məna ilə dolu şeiri nə üçün cəfəng adlandırırsan?
- Məndən əvvəl deyilmiş fikirdir, amma məndə təzə formada alınıb.
- Bütün fikirlər müxtəlif vaxtlarda müxtəlif şairlər tərəfindən deyilib. Ustalıq ondadır ki, onu təzələşdirəsən. Bu şeirin əla şeirdir. O biri şeirləri də ver oxuyum.
- Köçürəndə oxuyacaqsan.
- “Cırcırama” şeirin bənzərsizdir...
Sonuncu nəşəsiylə verib baş-başa
Oxuyar, oxuyar, oxuyar cırcırama.
Sonra da əbədi yuxulayar cırcırama...
Ömrün son çağında nəğmə oxumaq,
Ölüm ayağında nəğmə oxumaq.
Qəribə ömürdür, qəribə ölüm...
Sonu əvvəlindən xəbərsiz olan:
Əvvəli sonu tək əsərsiz olan,
Birisi söyləyər: bixəbər yazıq,
Birisi söyləyər: bəxtəvər yazıq...
3 oktyabr - Ev işlərini qurtarandan sonra söhbəti yenə Səməd Vurğundan saldım.
- Səmədi bir neçə dəfə yaxından görmüşəm, çıxışlarını dinləmişəm. Bu, elə bil dünən olub, ancaq dəqiq hansı il olduğu yadımda deyil.
“Natəvan” adına klubda mərhum Cəfər Xəndan məruzə elədi. Məruzə ətrafında qızğın mübahisə başlandı. Səməd şeirimizin ümumittifaq miqyasında yerindən, çəkisindən və bəzi qüsurlarından danışdı. Bəzi çıxış edənlərə üzünü tutub dedi ki, balam, aladağdan, qaradağdan misallar gətirirsiniz, bizim poeziyamızın uğurlu addımları azmı? Niyə bunlardan bizim cavan yazıçılarımız öyrənməsin? Bir neçə qələm dostumun adını çəkdi. Qoy bir dəfə qeyri-təvazökarlıq edim, axı bu poeziyanın S.Vurğunu da var. “Vaqif”i o yazıb. Həmin vaxt nə ilə əlaqədarsa bu aforizm dilindən qopdu, indiki kimi yadımdadır. Dedi - “kiçik xalqın böyük şairi olunca, böyük xalqın kiçik şairi olasan”.
4 oktyabr - Səhər yeməyindən sonra Əli Bayramlıya getdik. Bizi qonaq çağıranın oğlu qarşıladı. Məclisdə məlum oldu ki, ev sahibləri ailə qurduqlarının 30 illiyini qeyd edirdilər. Həmişə kimi yenə də Məmməd tərifləndi, onu Pir adlandırdılar. Ailənin Məmmədi ilahiləşdirməsi, onu dəfələrlə Pir adlandırması Məmmədin gözlərini yaşartdı.
Sonra Kür qırağına gəzintiya çıxdıq. Məmməd ot basmış asfaltı göstərib dedi:
- Gülxanım, bura Əli Bayramlının bulvarıdır. Vaxtilə Tofiq Bayram, Rüfət Zəbioğlu və mən buralara çox gələrdik. Burada adam əlindən tərpənmək olmazdı. Adamları poeziya sevəndirlər. Sabirabadda da həmçinin. Burada gözəl poeziya gecələri keçirərdik.
10 oktyabr - Axşam yazdığı təzə şeirlərini köçürməyə verdi. “Sınma, şair” şeirini köçürdükdən sonra soruşdum:
- Bu şeiri yekunlaşdırmısan, səncə tamdırmı?
- Hə.
- Mənə elə gəlir ki, şeir hələ tam deyil. Bəlkə,
“Əzil, xışlan, sınma qəti,
Sınıq salma bir milləti.”
- Misralarını axıra salasan, ya da təkrar yazasan.
- Olar, təkrar olsa şeir bitkin olar və həmin misralardan sonra “sınma şair” - əlavə elə.
Sonradan “Sınma” şeirinə çox əlavələr olundu.
- Bura bax, “Azərbaycan” adlı şeirin yaxşı mahnılıqdır. Bəstəkar girişsə, himn kimi səslənən sözlərdir.
11 oktyabr - Gedib “Təzadlar” qəzetini aldım. Xudu Məmmədov haqqında çoxları öz ürək sözlərini yazmışdı. Hamısını Məmmədə oxudum:
- Bəxtiyar hamımızdan səmimi yazıb - dilləndi Məmməd.
Sonra qəzetdə olan atmacaları oxudum. Birində belə yazılmışdı: “Azərbaycandan gedənləri əli çomaqlı çoban heykəli yola salır. Gələnləri isə qoç qarşılayır. Görəsən, azərbaycanlılar haqqında xaricilər nə düşünürlər?”.
- Məsələ düzgün qoyulub. Qoyun, çoban və s. bunları yığışdırmaq lazımdır, - əlavə etdi Məmməd.
Büküb atdığı qəzetin kənarında iki misra vardı:
Nə gəldi qəlbinə, gətir dilinə,
Dilindən qəlbinə səd çəkmə, ey mən.
14-15 oktyabr - Məmməd Araz, doğum gününü təbrik edirəm. Yeyib-içməyə hara gedirik?
- Hara istəsəniz.
Ağalar Bayram telefonla məlumat verdi:
- Bacı, ayın 20-də Almas İldırımın 90 illiyilə bağlı xatirə gecəsi keçiriləcək. Məmməd müəllimə həm dəvətnamə var, həm də məktub, sabah onları gətirəcəyəm. Eyni zamanda, əminin təzə şeirlərini də verərsiniz.
- Var, icazə versə götürərsən.
Ağalar dəvət və məktubu Məmmədə verdi, məktubda yazılmışdı:
“Hörmətli Məmməd Araz!
Sizin kimi vətəndaş bir şairi bu təntənəli tədbirə dəvət etmənin sevinci içindəyik. Əgər gəlmək imkanınız olmasa, xahiş edirik ürək sözlərinizi bir neçə cümlə ilə ifadə edib yeni şeirlərinizlə birlikdə gecəmizə göndərəsiniz.
Vətəndaş sayğılarıyla;
Güney Azərbaycan “Aydınlar” cəmiyyəti adından Böyük Rəsuloğlu.”
Məmməd fikirli-fikirli əlavə etdi:
-1992-ci il martın 1-də nakam şair Almas İldırıma həsr olunmuş bir radio verilişi gedirdi. Onun bu misrası məni dəhşətə gətirdi. “Mən tufanla doğulmuşam, tufanla da öləcəyəm”. Bu bədbəxt öz faciəsini necə obyektiv, necə də poetik harayla oxucuya çatdırır. O, hər şeydən keçməyə hazırdır, təki doğma torpağın bircə qarışında yaşaya bilsin. Onun bütün harayları bircə nöqtədə duruş tapır: “Axı mən neyləmişdim Vətənə? Vətəni sevmişdim. Vətəni sevməyə görə də insanı öz yurdundan didərgin salarlarmı?” Bu şair, həqiqətən, ildırımdır.
Ağalar Məmmədin təzə yazılmış “İt qaya kölgəsində”, “Sınma”, “Azərbaycan”, “Mat-məəttəl qalmışam” şeirlərini oxudu.
- Əmi, “Sınma” şeirini aparım, elə Almas İldırımın gecəsi ilə yaxşı səsləşir. İndi keçən dəfəki kimi etmərəm, çap etmək istəyən qəzetlərin heç birinə şeiri vermərəm.
Heydər Həsənoğlu da gəldi, yaxşı ki söhbətimizdə iştirak edir, “Müsavat” partiyasının 80 illiyini keçirirdilər, mənə söz verildi. Elə əminin yanından getmişdim gecəyə. “Dilənçi qaçqın” şeirini özümlə götürmüşdüm. Zala müraciət etdim:
- Hörmətli dinləyicilər, elə bu saat böyük şairimiz Məmməd Arazın yanından gəlirəm, onun salamını sizə yetirirəm və təzə yazdığı şeiri sizə oxumaq istəyirəm. Şeiri oxumağa başladım, zal elə susmuşdu ki... Şeirin axırıncı misraları qurtarmamış, zalda bir alqış, bir gurultu qopdu ki, hamı ayağa qalxmışdı, arada ağlayanlar da vardı. Yığıncaq qurtarandan sonra qəzetlərin nümayəndələri məni əhatəyə alıb şeiri çapa istədilər. Aqil də məni məcbur etdiyinə görə şeiri “7 gün” qəzetinə verdim.
Ağalar gedəndən sonra Heydərdən soruşdum:
- Mükafatı kimə verməli oldun?
- Elə danışdığımız kimi Nizami Xudiyevi nəzərə almışıq, bu saat onun yanından gəlirəm. Ssenarini yazacaqlar, Nizami çalışır ki, gözəl bir gecə olsun, bütün elita - bir sözlə bütün rəhbər işçilər orada olacaq. Təxmini bir 20 günə hər şey qaydasına düşəcək.
17 oktyabr - Almas İldırımın xatirə gecəsinə yazdığı təbrik itməsin deyə gündəliyimə köçürtdüm:
“Təbrik edirəm.
Bu gözəl təşəbbüsün hörmətli müəllifləri, Almas İldırımın poeziyası işığına yığışan sənət adamları, şeirsevər oxucular, şairin qohum-əqrəbaları, Sizin hamınızı ürəkdən təbrik edirəm. Məni bu tədbirdə iştirak etməyə dəvət etdiyiniz üçün sizə təşəkkürümü yetirirəm.
Almas İldırımın taleyi nə cür olub, o, zamanın hansı fırtınalarına tuş olub - hamısı aydındır. Taleyin fırtınası bircə onun qəlbində gizlətdiyi doğma ocaq niskilinə, doğma yurd həsrətinə, poeziya havarına toxuna bilməyib. Səhhətim imkan vermədiyinə görə tədbirdə iştirak edə bilmədim. Almas İldırımın böyük nəfəsli poeziyasına baş əyirəm.
Dərin hörmətlə M. Araz”
Bu da yeni deyimdir, yoldaş M.Araz, “taleyin fırtınası”.
Mənbə: "Azərbaycan" jurnalı. 2010\1,2,3
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0