Milli dəyərlərin divanı - Əli bəy Azəri

Sen 3, 2026 - 20:24
 0  41
Milli dəyərlərin divanı - Əli bəy Azəri

Son vaxtlar sosial şəbəkələrdə və müxtəlif internet platformalarında, xüsusilə də YouTube kanallarında qəribə bir mənzərənin şahidi oluruq: sanki milli dəyərlərin divan-məhkəməsi qurulub. Tariximizə, milli yaddaşımıza, xalqın əsrlər boyu formalaşdırdığı qəhrəmanlıq obrazlarına qarşı çıxmaq, onları sorğu-suala çəkmək, hətta gözdən salmağa cəhd etmək adi müzakirə mövzusu səviyyəsindən keçib müəyyən məqsədlərə xidmət edən kampaniya təsiri bağışlayır.

Siyasətçilər, daha doğrusu, milli müstəqillik mübarizəsinin başlanmasından bəri siyasət donuna bürünmüş bəzi şəxslər milli dəyərlərimizə qarşı növbəti səlib yürüşünə çıxıblar. Onlar bunu müxtəlif zamanlarda bir neçə dəfə sınaqdan keçirsələr də, indiki qədər geniş rezonans doğuran və kütləviləşən mənzərə, deyəsən, əvvəllər müşahidə olunmayıb.

Burada əsas məsələ ayrı-ayrı şəxslərin hansı tarixi şəxsiyyət haqqında nə düşünməsi deyil. Əsas məsələ odur ki, niyə məhz indi, niyə məhz bu qəhrəmanlar və niyə məhz belə aqressiv ritorika ilə?

Çünki milli yaddaş təsadüfi anlayış deyil. Bir xalqın tarix boyu yaşatdığı qəhrəmanlar, dastanlar, ideallar və mənəvi dəyərlər onun kimliyinin mühüm dayaqlarıdır. Bu dayaqları sarsıtmaq isə yalnız bir şəxsiyyətin nüfuzuna xələl gətirmək demək deyil. Bu, cəmiyyətin öz keçmişinə, öz tarixi yaddaşına və nəticə etibarilə öz milli kimliyinə münasibətini dəyişdirməyə yönələn təhlükəli prosesə çevrilə bilər.

Bu baxımdan Şah İsmayıl Xətai, Koroğlu və Qaçaq Nəbi kimi adların hədəfə gətirilməsi xüsusi diqqət tələb edir. Bu şəxsiyyətlər müxtəlif tarixi dövrlərin və müxtəlif ictimai-siyasi reallıqların məhsulu olsalar da, xalq yaddaşında özünəməxsus yer tuturlar. Onların hər birinin fəaliyyəti, dövrü və tarixi rolu, əlbəttə, elmi şəkildə araşdırıla, müzakirə oluna və müxtəlif aspektlərdən qiymətləndirilə bilər. Tarixi şəxsiyyətləri bütləşdirmək düzgün olmadığı kimi onları siyasi məqsədlərlə qaralamaq da doğru deyil.

Şah İsmayıl Xətai və Koroğlu məsələsində xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, onların adına münasibət üzərindən Azərbaycan-Türkiyə münasibətlərinə, ortaq tarixi və mədəni yaddaşımıza kölgə salmağa cəhdlər yarana bilər. Bu cür yanaşmalar son dərəcə təhlükəlidir. Çünki Azərbaycan və Türkiyə xalqlarının tarixi, dili, mədəniyyəti və mənəvi bağları üzərindən süni qarşıdurma yaratmaq istəyən hər bir yanaşma nəticə etibarilə hər iki cəmiyyətə zərər vurur.

Ən təhlükəlisi isə budur ki, belə mövzular emosional şəkildə təqdim edildikdə insanlar məsələnin mahiyyətini araşdırmaq əvəzinə bir-birinə qarşı mövqe tutmağa başlayırlar. Beləliklə, tarix elmi müzakirənin mövzusu olmaqdan çıxır, siyasi və sosial manipulyasiyanın alətinə çevrilir. Zehni əvvəlcədən müəyyən qəliblərə salınmış kütlə isə çox zaman ağını-qarasını araşdırmadan bir-birinə qarşı cəmləşir, ittiham edir və sonda həqiqətin özünü görünməz edir.

Qaçaq Nəbi məsələsində isə başqa bir həssas məqam ön plana çıxa bilər: bölgə faktoru. Tarixən müxtəlif etnik və sosial qrupların yaşadığı ərazilərdə milli və etnik məsələləri süni şəkildə qabartmaq, cəmiyyət daxilində qarşılıqlı şübhə yaratmaq, insanları mənsubiyyətinə görə bir-birinə qarşı qoymaq sabitlik baxımından olduqca təhlükəlidir.

Xüsusilə uzun illər ərzində müxtəlif formalarda cəmiyyətin şüuruna yeridilən stereotiplərin yenidən gündəmə gətirilməsi ehtiyatlı olmağı tələb edir. Çünki etnik mənsubiyyət üzərindən qarşıdurma yaratmaq heç vaxt cəmiyyətə xeyir gətirməyib. Əksinə, belə yanaşmalar parçalanmaya, qarşılıqlı inamsızlığa və sosial gərginliyə yol aça bilər.

Ona görə də bu məsələlərə münasibətdə əsas prinsipimiz emosiyaya yox, tarixə və fakta söykənmək olmalıdır.

Bütün bunların arxasında vahid ideoloji yanaşmanın olub-olmadığını söyləmək üçün əlbəttə, konkret faktlar və ciddi araşdırma lazımdır. Lakin bir məsələ şübhəsizdir: milli dəyərlərlə bağlı hər bir müzakirə cəmiyyət üçün həssas mövzudur və bu həssaslıqdan siyasi məqsədlərlə istifadə olunmasına yol vermək olmaz.

Çünki bəzən hədəfdə görünən ayrı-ayrı tarixi şəxsiyyətlər, əslində, əsas hədəf olmaya bilər. Hədəf daha böyük ola bilər: milli yaddaş, milli həmrəylik, dövlətçilik düşüncəsi və nəticə etibarilə Azərbaycan cəmiyyətinin öz tarixi və gələcəyi haqqında təsəvvürləri.

“Bulanıq suda balıq tutmaq asan olur” deyimi bizə yaxşı tanışdır. Görünür, bu müdrik yanaşmanın mahiyyəti başqa xalqlar üçün də yad deyil. Cəmiyyətdə fikir qarışıqlığı, qarşıdurma və inamsızlıq yaratmaqla müəyyən məqsədlərə çatmaq tarix boyu müxtəlif qüvvələrin istifadə etdiyi üsullardan biri olub.

Bu gün də əsas məsələ kimin hansı qəhrəmanı sevməsi və ya sevməməsi deyil. Əsas məsələ odur ki, biz öz tariximizə nə qədər sağlam düşüncə ilə yanaşırıq. Tarixi şəxsiyyətlərə münasibətimizi emosional ittihamlarla deyil, elmi araşdırmalarla formalaşdırırıqmı? Milli dəyərlərimizi kor-koranə müdafiə etməklə yanaşı, onları sağlam düşüncə ilə dərk etməyi bacarırıqmı?

Təəssüf ki, uzun illər ərzində təhsil sisteminə vurulan zərbələr, savadlı və tənqidi düşüncənin arxa plana keçirilməsi, informasiya məkanında məqsədli manipulyasiyaların artması cəmiyyətdə ciddi düşüncə problemləri yaradıb. Bunun nəticəsində böyük bir kütlə bəzən nəyin doğru, nəyin yanlış; nəyin faydalı, nəyin zərərli olduğunu ayırd etməkdə çətinlik çəkir.

Məhz belə bir şəraitdə milli dəyərlərə qarşı yönələn hər hansı manipulyativ kampaniya daha asanlıqla kütləviləşə bilir.

Ən ağrılı tərəfi isə odur ki, bu prosesdə bəzən xarici təsirə ehtiyac belə qalmır. “Sapı özümüzdən olan baltalar” öz əlləri ilə milli yaddaşımıza zərbə vurmağa başlayırlar. Bəzən bunu bilmədən, bəzən siyasi ambisiyalar naminə, bəzən də cəmiyyətin həssas damarlarına toxunmağın onlara əlavə auditoriya və siyasi divident qazandıracağını düşünərək edirlər.

Ona görə də bu gün hər kəs daha ayıq, daha məsuliyyətli olmalıdır.

Hər deyilən sözə inanmaq, hər emosional çıxışın ardınca getmək, hər sosial media paylaşımını həqiqət kimi qəbul etmək olmaz. Tariximizi bilməli, mənbələri araşdırmalı, faktla təhqiri, tənqidlə qaralamanı, elmi yanaşma ilə siyasi manipulyasiyanı bir-birindən ayırmağı bacarmalıyıq.

Milli dəyərlərimizin qorunması keçmişi dəyişməz və toxunulmaz elan etmək demək deyil. Əksinə, öz tarixinə inanan xalq onunla bağlı bütün sualları sakit, obyektiv və elmi şəkildə müzakirə etməyi bacarmalıdır. Lakin tariximizi təhrif etmək, milli qəhrəmanlarımızı məqsədli şəkildə gözdən salmaq və cəmiyyəti onların ətrafında parçalamaq cəhdlərinə qarşı da mövqeyimiz aydın və kəsərli olmalıdır.

Bizim ən böyük gücümüz yalnız sərvətlərimiz, torpaqlarımız və dövlətimiz deyil. Ən böyük gücümüz həm də yaddaşımızdır. Kim olduğumuzu, haradan gəldiyimizi və hansı dəyərlər üzərində formalaşdığımızı bilməyimizdir.

Milli yaddaşını itirən xalqın gələcəyini də başqaları müəyyənləşdirir.

Ona görə də ayıq olmaq lazımdır. Həyəcan və hay-küyə qapılmaq qətiyyən yolverilməzdir. Bir-birimizə qarşı deyil, yalanın, cəhalətin və manipulyasiyanın özünə qarşı mövqe göstərmək gərəkdir. Tariximizi öyrənmək, milli dəyərlərimizi anlamaq, dövlətçiliyimizi və milli həmrəyliyimizi qorumaq ən yüksək missiyamız olmalıdır.

Çünki söhbət təkcə Şah İsmayıldan, Koroğludan, Qaçaq Nəbidən getmir.

Söhbət milli yaddaşımızdan, kimliyimizdən, ən nəhayət bütün varlığı ilə doğma Azərbaycandan gedir.

Allah Azərbaycanı qorusun!

Əli BƏY AZƏRİ

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 3
Bəyənmədim Bəyənmədim 1
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru