Mənim atam qazidir - Mina Rəşidin uşaq şeirləri

İyn 1, 2026 - 10:03
İyn 1, 2026 - 10:05
 0  29
Mənim atam qazidir - Mina Rəşidin uşaq şeirləri

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Yazıçı Ədəbiyyat Portalı bu münasibətlə Mina Rəşidin yeni uşaq şeirlərini təqdim edir.

BİZ QANADLI ƏSGƏRLƏRİK

 

Qayaları ram edərik,

Keçərik uçurumdan.

Qarşımızda dağ dayanmaz,

Enərik aşırımdan.

 

Düşmən bir də oyanar ki,

Biz artıq yanındayıq.

Hanı qurduğu istehkam?

Biz heç sədd tanımadıq.

 

Biz hər yandan yola çıxdıq-

Çaydan, dağdan, meşədən…

Düşməni saldıq tələyə

Çaş-baş qaldı bu işdən.

 

Biz qanadlı əsgərlərik

Göyümüz var uçmağa.

Düşməni aldıq araya

Yer tapmadı qaçmağa.

 

Aşdıq Murovu, Şişdağı,

Cıdır düzünə çatdıq.

Şuşada bayrağımızı

Uca zirvəyə taxdıq.

 

Biz qanadlı əsgərlərik

Heç zaman yorulmarıq.

Gecə-gündüz yurdumuzun

Keşiyində durarıq.

 

MƏNİM ATAM QAZİDİR

 

Vətən müharibəsində qazi olan Səbuhi Qurbanovun oğlu Fateh üçün

 

Mənim atam qazidir,

Mənim atam qəhrəman.

Vuruşmağa hazırdı

Vətən uğrunda hər an.

 

And içib bayrağına,

Sadiq qalıb andına.

Atam elin qüruru,

Hamı “Can!”, deyir ona.

 

Mənim adım Fatehdi

Atam qoyub adımı.

Bir gün mən də Vətənin

Ucaldacam adını!

 

GÖZƏL BAKIM

 

Baxın, Qız qalasının

Başı göylərə dəyir.

Xəzərimin tayı yox -

Şən ləpələr sölyəyir.

 

Nə doğmadır qucağın

Əzizlər qonağını.

Həzin küləklərinlə

Oxşadın yanağımı.

 

Ay İçərişəhərim,

İç-içə evlərin var.

İçindən çıxmaq olmur,

Qərib küçələrin var.

 

Qoy kor olsun düşmənin,

Gülsün dostların üzü.

Çiçəklən, əziz Bakım,

Dilimin şirin sözü.

 

Sən doğma Vətənimin

Vüqarı, baş tacısan.

Gözəl Bakım, ömrümə

Günəştək nur saçırsan.

 

QIZ QALASI

 

Başı göylərə dəyən

Bir qalam var, möcüzə.

Bu sehrli abidə

Nələr söyləyir bizə?

 

Elə vüqarla durub,

Əzəmət simvoludu.

Bir sənət incisidi,

İçi sirlə doludu.

 

Gözəllikdə tayı yox,

Nağıldı, əfsanədi.

Adı Qız qalasıdı

O, Bakının rəmzidi.

 

TURŞSU İNDİ BAL DADIR

 

Hamının üzü gülür,

Bu nə sevincdir belə?

Nənəm heç sevincini

Gətirə bilmir dilə.

 

Babam sanki uşaqdı

Sevincindən ağlayır.

Daha onun qəlbini

Yurd nisgili dağlamır.

 

Şuşa dağ başındadı,

Buludları başında.

Turşsu indi bal dadır,

Cıdır düzü yarışda.

 

Ruhu gülür Vaqifin,

Üzeyirin, Bülbülün.

Natəvana yaraşır

İndi Xarıbülbülüm.

 

Bu yurdun oğulları

Necə mərddi, igiddi

Şuşatək bir qalanı

Qaytarmaq möcüzədi.

 

AĞDƏRƏ

 

Duman-çənə bürünən

Ağ dərələr, necəsiz?

Ağ dağlar, ağ oymaqlar,

Ağ bərələr, necəsiz?

 

Xoş gördük, Ballıqaya,

Qozlukörpü, necəsən?

Burda üzüm bal dadır,

Taxıl tel-tel, biçəsən.

 

Bura necə gözəldi,

Havası can dərmanı.

Çölü-düzü bənövşə

İnsanları mərdanə.

 

Ağdərəm, ağ günlərin

Yaxındadı, çox yaxın.

Sənsiz çox darıxmışam

Oxu, bülbülüm, oxu.

 

QARABAĞ ATI

 

Balasına vəfalı,

Dostunu sevən atım.

Al günəşdən rəng alan,

Qızılı, kürən atım.

 

Sən cıdıra çıxanda

Yel kimi ötüb keçdin.

Çölləri, meşələri,

Sel kimi ötüb keçdin.

 

Şöhrətin-şanın gəzər

Dünyanın hər yerində.

Adında Qarabağ var-

Möhürün üzərində.

 

Sən igid oğulların

Can yoldaşı, qardaşı.

Pənah xanın dostusan,

Natəvanın sirdaşı.

 

Xan atım, Köhlən atım,

Sən Ağdamın incisi.

Xankəndidən boy atan,

Ay Cıdır mirvarisi.

 

Yel kimi qanadlanan

Sən zirəksən, güclüsən,

Dünyada yarışlarda,

Həmişə birincisən.

 

Balasına vəfalı,

Dostunu sevən atım.

Al günəşdən rəng alan,

Qızılı, kürən atım.

 

GÜLƏR

 

Gülərin güllü donu,

Güllü corabları var.

Güllü şəkil dəftəri,

Güllü daraqları var.

 

Şəklini çəkəcəyəm,

Gülər, mənə baxıb gül!

Gülər qırmızı donda

Gülə dönüb elə bil.

 

QUMRU

 

Ağappaq qar içində

Atılıb düşdü Qumru.

Qartopular düzəltdi

Balaca yumru-yumru.

 

Sonra qardaşı ilə

Qardan adam düzəltdi.

Buz kimi əllərini

Anasından gizlətdi.

 

XALÇA

 

Güllü, naxışlı,

Yaşıllı, allı.

Xalça toxudu

Nənəm Sayalı.

 

Bizim xalçamız

Uçacaq indi.

İçindən atlar

Qaçacaq indi.

 

Burda dəvələr

Düzülüb yola.

Zınqırovlarla

Səs sala-sala.

 

Bizim xalçamız

Necə əzizdir.

Tariximizdir,

Keçmişimizdir.

 

Uçar göylərə

Səmada süzər.

Bizim xalçamız

Dünyanı gəzər!

 

 XURMA

 

Həm şirni, həm meyvəyəm,

Süfrələri bəzərəm.

Hamı sevir xurmanı -

Mən dünyanı gəzərəm!

 

Min bir dərdin dərmanı,

Mən "Səhra çörəyi"yəm.

Sümüklərin dostuyam,

İnsanın dirəyiyəm. 

 

Qaraciyər, ürəyə,

Mədəyə gərəyəm mən.

Şəkərim zərərsizdi,

Bir kimsə çəkməsin qəm.

 

Süfrəndən əskik etsən,

Dərd gələr qoşa-qoşa.

Cənnət meyvəsiyəm mən,

Mənimlə uzun yaşa! 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0