Ədəbiyyatşünas, yazıçı Allahverdi Bayraminin 10 cildlik külliyyatı işıq üzü görüb
Masallı rayonunda yaşayan tanınmış filoloq, ədəbiyyatşünas, şair və yazıçı Allahverdi Bayraminin çoxillik zəngin yaradıcılıq fəaliyyətinin bəhrəsi olan 10 cildlik “Seçilmiş əsərləri” külliyyatı işıq üzü görüb.
Yazici.az ədəbiyyat portalı xəbər verir ki, uzun illər Azərbaycan ədəbiyyatına və filologiyasına dəyərli töhfələr verən müəllifin bu möhtəşəm nəşri onun 2026-cı ilin avqustunda qeyd olunan 80 illik yubileyinə ən böyük hədiyyələrdən biridir.
Bakıda fəaliyyət göstərən “Dodo” MMC nəşriyyatında çap olunan külliyyata müəllifin Azərbaycan və Talış dillərində qələmə aldığı poeziya və nəsr əsərləri, elmi-filoloji və ədəbi-tənqidi məqalələri, folklor araşdırmaları, tərcümələri və digər yaradıcılıq nümunələri daxil edilib.
Külliyyatın cildlər üzrə məzmunu:
- I cild (2025, 248 səhifə) – Müəllifin Azərbaycan dilində yazdığı lirik, satirik və fəlsəfi şeirləri, həmçinin “Cənnət bağına səfər” dastanı yer alıb.
- II cild (2026, 242 səhifə) – Talış dilində qələmə alınmış lirik, satirik və fəlsəfi şeirlər, poemalar və bədii tərcümələr toplanıb.
- III cild (2026, 268 səhifə) – Talış dilində yazılmış “Sıləhuyo bemə vılon” (“Peyinlikdə bitən güllər”) və “Zərinə vəyu” (“Zərinə gəlin”) romanları, eləcə də povest və hekayələr təqdim olunub.
- IV cild – “Elmü sənət işığında” (I) (2026, 244 səhifə) – Müəllifin Azərbaycan dilində yazdığı elmi-publisistik və ədəbi-tənqidi məqalələr, habelə yumoristik deyimlər daxil edilib.
- V cild – “Elmü sənəti ruşnədə” (II) (2026, 244 səhifə) – Talış dilində ədəbiyyatşünaslıq və dilçiliyə dair elmi-publisistik, ədəbi-tənqidi məqalələr və müsahibələr toplanıb.
- VI cild – “Poetik çələng” (2026, 248 səhifə) – Müəllifin Azərbaycan dilində yazdığı ikinci poetik topludur. Cildə lirik, satirik, fəlsəfi və tənqidi şeirlər, həmçinin poemalar daxil edilib.
- VII cild (2026, 248 səhifə) – Talış dilində qələmə alınmış əlolə (bayatı), kırdi (ağı), lirik-satirik şeirlər, tərcümələr və poemalar yer alıb.
- VIII cild (2026, 248 səhifə) – Azərbaycan dilində yazılmış “Ötkəm adam” povesti, Məşhəd və Kərbəla ziyarətnamələri, ibrətamiz hekayələr, dini rəvayətlər və oçerklər toplanıb.
- IX cild – “Azərbaycan talışlarının ədəbiyyatı” (I cild) (2026, 248 səhifə) – Genişhəcmli filoloji tədqiqat əsəridir. Birinci fəsildə Talış folkloru və antologiyasına, ikinci fəsildə XX əsrin 20–30-cu illərindəki ədəbi mühit və onun
- X cild (2026, 248 səhifə) – Azərbaycan dilində yazılmış lirik-satirik və fəlsəfi şeirlər, esselər, mənzum nağıl və pyeslər, həmçinin poemalar yer alır və külliyyat bu cildlə yekunlaşır.
Ümumilikdə 2500 səhifəyə yaxın elmi və bədii irsi əhatə edən 10 cildlik “Seçilmiş əsərləri” külliyyatı Allahverdi Bayramının çoxşaxəli yaradıcılığını bütöv şəkildə təqdim edən fundamental nəşrlərdən biridir.
Külliyyatın həm Azərbaycan ədəbiyyatının və Talış ədəbi irsinin tədqiqi ilə məşğul olan ədəbiyyatşünaslar, filoloqlar və tədqiqatçılar, həm də geniş oxucu auditoriyası üçün dəyərli mənbə olacağı gözlənilir.
Sizin reaksiyanız nədir?
Bəyən
3
Bəyənmədim
0
Sevgi
1
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0