Mənimki bu yollardı - Ağamir Cavad yazır
Yazıçı Ədəbiyyat Portalı Ağamir Cavadın yazısını təqdim edir.
Arif Fərzəli - 70
Tanrı dünyanı nizamla, ritmlə yaradıb. Həyatda bütün yaranmışların ölçüsü, mizanı var. Allahın aləmi ən ali, ən kamil şeirdir. Dünyanın paralel və meridianları şeir qəliblərinə bənzəyir. Hər insan da öz aləminin ritmini, ölçüsünü, öz tale şeirini yaradır. Bu şeirlərin mayası isə sevgi ilə yoğrulur. ..Və hər kəs tapındığı sevgisi ilə Allaha, Haqqa doğru yol gedir. Yollar isə müxtəlifdir: məhəbbət yolu, həqiqət yolu, ədalət yolu, hürriyyət yolu, sədaqət yolu, yaxşılıq yolu, insanlıq yolu və s...
Sevgi donu geyinib bu yollara baş vuran şairlərdən biri də "Mənimki bu yollardı..." - deyən Arif Fərzəlidir.
Mənimki bu yollardı
qurşamışam belimə.
O ki var qurşanmışam
Dünyanın get-gəlinə.
Həyat yolunun fəlsəfəsini açıqlayan bu şeir parçasında müəllif insanın ona verilən zaman daxilindəki taleyini, seçimlərini və ömür yolunu poetik dillə ifadə edərək onu dəyərləndirir. Həyatda bəziləri var-dövlətə, bəziləri mənfəətə bağlı olduğu halda, müəllifin idealı olan lirik qəhrəmanın ən böyük sərvəti Yoldur.
Burada “yol” sözü yalnız adi məna daşımır, həm də ömür yolu, taleyin sınaqları, mənəvi inkişaf və axtarış rəmzi kimi çıxış edir.
“Mənimki bu yollardı, qurşamışam belimə” misraları lirik qəhrəmanın bütün varlığı ilə bu yolu seçdiyini göstərir. O, həyatın sevincini də, kədərini də qəbul edərək xarakterin dönməzliyini, mətinliyini, bütövlüyünü insanlığa layiq görür.
Sonrakı bəndlərdə şeir nağıl üslubuna yaxın obrazlarla davam edir.
Gedib- gəldim, nə gördüm?
Doşab aldım, bal çıxdı.
Bala-bala gedirdim,
Qarşıma bir sal çıxdı.
Sal üstə mücrü gördüm,
Açanda bir ləl çıxdı.
Ləli ikiyə böldüm,
İçindən bir yol çıxdı. -
Mənimki bu yollardı...
Bədii cəhətdən şeirdə təkrarlar (“Mənimki bu yollardı”), simvolik obrazlar (yol, sal, mücrü, ləl), metaforalar və xalq yaradıcılığına xas sadə, axıcı dil diqqəti cəlb edir. Bu xüsusiyyətlər şeirin ideyasını daha təsirli şəkildə oxucuya çatdırır.
“Doşab aldım, bal çıxdı”, “Sal üstə mücrü gördüm”, “Açanda bir ləl çıxdı” kimi misralar həyatın gözlənilməz sürprizlərini və insanın qarşılaşdığı nemətləri simvolizə edir. Ən təsirli məqam isə “Ləli ikiyə böldüm, / İçindən bir yol çıxdı” misralarıdır. Burada müəllif göstərir ki, insan üçün ən qiymətli xəzinə nə ləldir, nə də var-dövlət; əsl sərvət insanı daim irəli aparan haqq yolu, həyat yoludur. Yol burada həm fiziki hərəkəti, həm də mənəvi kamilləşməni ifadə edir.
“Mənimki bu yollardı” ifadəsi insanın həyat fəlsəfəsini, azad ruhunu və mənəvi kamilliyə doğru sonsuz yolçuluğunu ümumiləşdirən əsas fikir kimi səslənir.
Arif Fərzəlinin oxucuları tərəfindən ən çox sevilən, irfan məclislərində əzbər söylənən əsəri haqq, ədalət və insan mövqeyini özündə ehtiva edən "Dünya, çək gəlsin" adlı şeiridir. Bu şeir parçasında müəllif dünyanın ədalətsizliklərini, insanların mənəvi dəyərlərdən uzaqlaşmasını və haqq uğrunda mübarizəni poetik dillə ifadə edir. Şairin fikrincə, zaman dəyişsə də, həqiqət və ədalət insan üçün ən ali dəyər olaraq qalır. Lirik qəhrəman dünyanın bütün sınaqlarına baxmayaraq haqq yolundan dönmədiyini qətiyyətlə bəyan edir.
Köhnə təzə dəbindədi,
Küpəgirən küpündədi.
Haqq quyunun dibindədi,
Dünya, çək gəlsin, çək gəlsin.
“Köhnə təzə dəbindədi, / Küpəgirən küpündədi” misraları min illərdir insanların zahiri dəyişikliklərə aludə olduğunu, əsl mahiyyətin isə dəyişmədiyini bildirir. “Haqq quyunun dibindədi” ifadəsində isə şair xalq hikmətinə söykənərək həqiqətin çox vaxt gizli qaldığını, ədalətin asanlıqla üzə çıxmadığını vurğulayır.
Şeirdə müəllif həyatın ağır reallıqlarını göstərərək “Bu qan izi, bu tər izi” misraları ilə insanın mübarizəsi və zəhmətini, “Bu sən, bu da daş-tərəzi” obrazı ilə isə haqq-hesabı, vicdanı ədalətin rəmzi kimi ifadə edib sanki dünyanı doğru tərəzi qarşısında cavab verməyə çağırır.
Mənim yolum haqq yoludu,
Haqq yolu Babək qoludu.
Dəndanın qəmdən doludu,
Dünya, çək gəlsin, çək gəlsin. -
bəndi şeirin əsas ideya mərkəzidir. “Mənim yolum haqq yoludu” misrası lirik qəhrəmanın, müəllifin həyat mövqeyini açıq şəkildə ifadə edir. “Haqq yolu Babək qoludu” deyərək müəllif haqq uğrunda mübarizəni qəhrəmanlıqla əlaqələndirir. Burada Babək azadlıq, cəsarət və əyilməzlik rəmzi kimi təqdim olunur. “Dəndanın qəmdən doludu” misrası isə bu mübarizənin asan olmadığını, böyük ağrı və çətinliklərlə müşayiət olunduğunu göstərir.
Şeirin sonunda səbir və dözüm mövzusu ön plana çıxır. Müəllif bildirir ki, insanın səbrinin də bir həddi var. “Sən də bir cür lotusana” ifadəsi dünyanın daim dəyişən və insanı sınağa çəkən mahiyyətini poetik şəkildə ifadə edir. Təkrarlanan “Dünya, çək gəlsin, çək gəlsin” misrası isə lirik qəhrəmanın bütün çətinliklərə hazır olduğunu, haqq yolundan dönməyəcəyini göstərən güclü bir çağırışdır.
Bədii cəhətdən şeirdə müraciət, təkrar, simvol, metafora və xalq deyimlərindən geniş istifadə olunmuşdur. "Çək gəlsin" ifadəsi hər bənddə ayrı omonim məna daşıyaraq şeirə xüsusi gözəllik qatır. “Haqq quyunun dibindədi”, “daş-tərəzi”, “qan izi”, “Babək yolu” kimi obrazlar şeirin fəlsəfi məzmununu dərinləşdirir və oxucuya təsirini artırır.
Bu şeir haqq, vicdan, səbir və azadlıq ideyalarını tərənnüm edir. Müəllif oxucuya çatdırır ki, dünya nə qədər çətin və ədalətsiz olsa da, insan doğru yolundan dönməməli, zəhmətə, həqiqətə və ədalətə sadiq qalmalıdır. Şeir öz məzmunu ilə oxucunu düşünməyə, mənəvi dəyərlərə sahib çıxmağa və həyatın sınaqları qarşısında möhkəm dayanmağa çağırır.
Vətən sevgisi, demək olar ki, bütün şairlərin yaradıcılığında bu və ya digər şəkildə öz əksini tapıb. Bu mövzuda şair Arif Fərzəlinin qələmə aldığı "Vətən de..." şeiri öz orijinallığı və ideyası baxımından xüsusi ilə seçilir.
İnsan həyatında vətən anlayışının ən ali dəyər olduğunu təsirli şəkildə ifadə edən bu şeirdə şair müraciət formasından istifadə edərək balaca bir qıza ilk dəfə "vətən" sözünü deməsini arzulayır. Burada "ilk söz" təsadüfi seçilməyib. Uşağın dilindən çıxan ilk sözlərin insanın dünyagörüşünü və mənəvi dəyərlərini formalaşdırdığı fikri ön plana çəkilir.
Dilinin üstündə
ilk sözün nübarı,
çoxdan gözləyirdim
bu baharı.
Çörək desən - çörəyin olar,
su desən - suyun olar,
ana desən - anan olar.
İlk dəfə
vətən de, qızım!
Vətənin olsun-
çörəyin də olacaq,
suyun da olacaq,
anan da olacaq...
Şeirin əvvəlində çörək, su və ana kimi insanın yaşaması üçün vacib olan nemətlər sadalanır. Şair göstərir ki, insan çörəksiz, susuz və anasız yaşaya bilmədiyi kimi, vətənsiz də tam mənalı həyat sürə bilməz. Lakin əsərin əsas ideyası bundan da dərindir. Müəllif bildirir ki, insanın vətəni varsa, onun çörəyi də, suyu da, anası da qorunacaq. Yəni vətən bütün digər mənəvi və maddi dəyərlərin təminatıdır.
"İlk dəfə vətən de, qızım!" misrası şeirin ən təsirli, emosional hissəsidir. Bu müraciət gələcək nəslin vətən sevgisi ilə böyüməsi arzusunu ifadə edir. Şair uşağın qəlbində vətənə bağlılıq hissinin erkən yaşlardan formalaşmasının vacibliyini vurğulayır.
Şeirdə təkrarlar ("çörəyin də olacaq, suyun da olacaq, anan da olacaq") fikrin təsir gücünü artırır və oxucuda vətənin insan üçün ən böyük sərvət olduğu qənaətini möhkəmləndirir. Sadə və aydın dil, emosional müraciət və müqayisələr əsərin bədii dəyərini yüksəldir.
Bu şeir oxucuya vətənin hər şeydən üstün olduğunu, insanın kimliyini, təhlükəsizliyini və gələcəyini məhz vətənin müəyyən etdiyini çatdırır, oxucuda vətənə məhəbbət, milli qürur və məsuliyyət hissi oyadır.
Şairin qələmə aldığı "Durnalar dedi ki..." şeiri Azərbaycan xalqının ailə dəyərlərini, ata-qız münasibətlərini və qız övladının ata ocağından ayrılmasının yaratdığı kövrək duyğuları poetik dillə əks etdirən təsirli bir əsərdir. Müəllif durna obrazından istifadə edərək qız taleyini ümumiləşdirir və xalq düşüncəsində durnanın daşıdığı ayrılıq, həsrət və köç motivlərini insan həyatı ilə əlaqələndirir. Əsərin əsas ideyası qız övladının böyüməsinin valideyn üçün həm sevinc, həm də ayrılıq hissi doğurması, eyni zamanda onun yeni həyat yoluna uğurla qədəm qoymasının arzu edilməsidir.
Üşənər evində qız böyüdükcə,
Payız buludutək dolar-tutular.
Durnalı yuxular görər hər gecə,
Durnalı yuxular görər atalar.
Ata yuxusunda bir qərib səda
Üzü ayrılığa yol gedər hələ.
Qızlara cürbəcür ad qoyulsa da,
Qızların bir adı Durnadı elə.
Ötən durnaların mənzili uzaq,
Ötən duranların nəğməsi həzin.
Durnalar dedi ki,
Qızlar bizim kimi köçsünlər, ancaq
Qızlar bizim kimi geri dönməsin...
Şeirin ilk bəndində qızın böyüməsi ilə atanın daxilində yaranan narahatlıq təsvir olunur. "Üşənər evində qız böyüdükcə, / Payız buludutək dolar-tutular" misralarında payız buludu təşbehi atanın qəlbindəki kədəri və ayrılıq hissini ifadə edir. Payız təbiətdə solğunluğun və ayrılığın rəmzi olduğu kimi, burada da qızın ata evindən uzaqlaşacağı günlərin yaxınlaşmasını simvolizə edir. "Durnalı yuxular" ifadəsi isə atanın gələcəklə bağlı düşüncələrinin və nigarançılığının poetik ifadəsidir.
Şeirdə müəllif qız övladının taleyini ümumiləşdirərək bildirir ki, qızlara müxtəlif adlar verilsə də, onların hamısının taleyi durnaların taleyinə bənzəyir. "Qızların bir adı Durnadı elə" misrası şeirin əsas bədii yükünü daşıyır. Burada "Durna" obrazı məcazi məna daşıyaraq köçü, ayrılığı və yeni həyata başlanğıcı ifadə edir. Ata yuxusunda eşitdiyi qərib səda da yaxınlaşan ayrılığın xəbərçisidir.
Şeirin son bəndi müəllifin ən dərin fəlsəfi qənaətini əks etdirir. Durnalar hər il köç edib yenidən öz yuvalarına qayıdırlar. Lakin müəllif deyir:
"Qızlar bizim kimi köçsünlər, ancaq
Qızlar bizim kimi geri dönməsin."
Bu misralarda qızın ailə quraraq yeni ocağında xoşbəxt yaşaması arzusu ifadə olunur. Buradakı "geri dönməsin" ifadəsi ata evinə qayıtmamaq deyil, qurduğu ailənin möhkəm, xoşbəxt və davamlı olmasını arzulamaq mənasını daşıyır. Beləliklə, şair xalqın ailə ənənələrini və valideyn duasını poetik şəkildə ifadə edir.
Durna obrazı əsərin əsas simvoludur və ayrılığı, köçü, sədaqəti, həmçinin həyatın davamlılığını təcəssüm etdirir.
Bu şeir yalnız bir atanın qızına olan sevgisindən bəhs etmir, həm də Azərbaycan ailə-məişət ənənələrini, valideyn qayğısını və qız övladının müqəddəs yerini ümumiləşdirən bədii nümunədir.
Şairin keçdiyi yollardan biri də Eşq yolu, sevda yoludur. Bu yol sədaqətdən, dözümdən, sınaqlardan, özünüqınaqdan, ariflikdən keçir. Bu yolun ağrı-acısını, sevincini, kədərini dadaraq orijinallığı ilə seçilən gözəl poetik nümunələr yaradıb Arif Fərzəli. Onun "Bu sevdanın yolunda", "Qar üstə bitən çiçək", "Qəlbə yaxın, qismətdən uzaq", "Bir də görərsən ki...", "İncit məni, sev məni" və s şairləri oxucu yaddaşında özünə əbədilik qazanan məhəbbət nəğmələridir. Şair həsrətini görün necə ifadə edir:
Nə üstünə çaxa bildim özümü,
Nə üstündən yığa bildim izimi.
Dədə Kərəm, külün tutsun gözümü,
Öləmmədim bu sevdanın yolunda.
Şairin vüsal anına həsr etdiyi nəğmə də göynərtisi ilə, ağrısı ilə əbədi sevgiyə çağırış kimi səslənir:
Sanalama dünya belə, baxt belə,
Vaxt deyəni yandır belə, yax belə.
Əldə əlim, bircə ömür, bax, belə
Göynət məni, incit məni, sev məni.
Bu şeirlər öz bəstəsi ilə birlikdə doğulub desək, yəqin ki səhv etmərik.
Şair Arif Fərzəli həmişə sözü uca tutmuş, aliliyini qorumuş, əlinə qələm alanda sözə məsuliyyətlə yanaşmışdır.
"Sözü bağışla " şeirində müəllif klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Füzuliyə müraciət edərək müasir dövrün mənəvi problemlərini, sözün dəyərinin azalması, həqiqətin arxa plana keçməsi və insanların mənəvi məsuliyyət hissinin itirməsini təsirli şəkildə ifadə edir.
Bağışla nəvəni, Füzuli baba,
Yanında qaradı üzü, bağışla.
Saldıq zarafata, saldıq kitaba,
Saldıq mərtəbədən "Söz"ü, bağışla.
Müəllif sanki Füzulinin yüksək sənət və söz məktəbi qarşısında öz nəslinin məsuliyyətini etiraf edir və buna görə ondan üzr istəyir.
Şeir "Bağışla nəvəni, Füzuli baba" misrası ilə başlayır. Burada Füzuli "baba" kimi təqdim olunur. Bu müraciət müəllifin klassik irsə olan hörmətini, özünü isə həmin böyük məktəbin davamçısı hesab etdiyini göstərir. "Yanında qaradı üzü" ifadəsi isə xəcalət və peşmanlıq hissini ifadə edir. Müəllif etiraf edir ki, bu gün söz əvvəlki müqəddəsliyini itirib, bəzən zarafat və əyləncə vasitəsinə çevrilib.
Tanrını öyməyə söz qalmadı ki!
Şeytanı söyməyə söz qalmadı ki!
Əyrilər əyməyə söz qalmadı ki!
Susmaqdan lallaşan düzü bağışla.
Göründüyü kimi, müəllif bu bənddə sözün gücünün zəifləməsini vurğulayır. "Tanrını öyməyə söz qalmadı ki!", "Şeytanı söyməyə söz qalmadı ki!" misraları sözün öz həqiqi mənasını itirdiyini göstərir. Hətta doğru insanları müdafiə etməyə belə söz tapılmır. "Susmaqdan lallaşan düzü bağışla" misrası isə cəmiyyətdə həqiqəti deyən insanların susmağa məcbur qalmasını ifadə edir.
Şeirdə müasir cəmiyyət tənqid olunur. Müəllif bildirir ki, yalanın qarşısını alan yoxdur, həqiqət isə məğlub vəziyyətdədir.
Ağızlar taybatay, bağlayanı yox,
Yalanı yolundan saxlayanı yox.
Qalib ortalıqda, ağlayanı yox,
Sözü öldürüblər, sözü bağışla.
"Sözü öldürüblər" ifadəsi məcazi məna daşıyır və sözün nüfuzunun azalmasını, etibarının məhv edilməsini göstərir. Şair demək istəyir ki, söz öz təsirini itirdikdə cəmiyyət də mənəvi böhran yaşayır.
Şeirin sonunda müəllif Füzulinin arzuladığı mənəvi cəmiyyətin qurulmadığını etiraf edir. "Sən deyən olmadı, bizi bağışla" misrası həm peşmanlıq, həm də gələcək nəsillərə ünvanlanan xəbərdarlıq mesajı kimi səslənir.
Şeirdə müraciət, təkrar, məcaz və bədii suallardan geniş istifadə müəllifin hisslərini daha təsirli ifadə etməyə kömək edir, oxucuda sözün müqəddəsliyi və həqiqətin qorunmasının vacibliyi barədə güclü təəssürat yaradır.
Müəllif Füzulinin timsalında bütün böyük sənətkarlar qarşısında mənəvi hesabat verir və oxucunu sözə məsuliyyətlə yanaşmağa, həqiqəti qorumağa çağırır.
Arif sevgi dolu həyatında çox yollardan keçib, dağ aşırımlarından, çəhlimlərindən adlayıb, yeni cığırlar açaraq haqqı, həqiqəti söz-söz, nəğmə-nəğmə sabaha aparıb. Onun poeziyasının ruh yolu hələ sabahları adlayacaq.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0