Sərraf Talıb: 70 ilin qazancı - Nəriman Əbdülrəhmanlı

Sen 4, 2026 - 11:15
 0  16
Sərraf Talıb: 70 ilin qazancı - Nəriman Əbdülrəhmanlı

Yazici.az ədəbiyyat portalı yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının "Sərraf Talıb: 70 ilin qazancı" yazısını təqdim edir.

Tanınmış jurnalist, publisist, tərcüməçi, bütün bunlardan da əvvəl, şair Sərraf Talıbın 70 yaşı, tanışlığımızın, az qala, 50 ili tamam olur…

Könlümdən onun doğulub-böyüdüyü, ömrünü, ağırçəkili sözünü, fəaliyyətini həsr elədiyi, bir çox şeirlərinin mğövzusuna çevirdiyi Lənkərana, Şağlaser kəndinə getmək, birgə ötən günləri vərəqləmək keçirdi, amma güzəranın qayğıları, can sıxıntısı, dost itkisi qarşımı kəsdi, borcumu beş kəlmə sözlə verməkdən başqa əlacım qalmadı…

Sərrafla tanışlığımıza səbəb olan, pandemiya salğını dövründə dünyasını dəyişən qardaşı, istəkli tələbə yoldaşım Teyyubun ruhu qarşısında da borclu qaldım. Məkanı cənnət olsun…

Sərrafla tanış olanda cəmi iyirmi yaşı vardı, əsgərlikdən yenicə qayıdıb universitetin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdu. Elə ilk ünsiyyətdəncə sözümüz tutdu, dostlaşdıq. İldə iki dəfə sessiyaya gəlməyini intizarla gözləyirdim, gələndə də saatlarla söhbət eləyirdik, yeni yazdığı şeirləri, tərcümələrini oxuyurdu. Duyumunun zərifliyinə, zövqünə, bir də təbiətə bağlılığına heyrətimi gizlətmirdim. Lənkəranın daşı-torpağı, ağacı, çayı, gülü-çiçəyi ondan ötrü müqəddəs idi. Bəlkə elə buna görə, dəfələrlə imkan yaransa da Bakıya köçmək barədə düşünmədi, ömrünü doğma yurduna həsr elədi.

Sərraf Talıb Azərbaycan Radiosunun cənub bürosunda, rayon qəzetində, jurnalda çalışdı, ləyaqətli zəhmət adamlarını vəsf elədi, bölgənin inkişafı ilə bağlı işlərə öz töhfəsini verdi. Həmişə də başlıca yaradıcılıq ölçüləri peşəkarlıq və vicdan kriteriyası oldu. Mətbuatda yazılarına rast gələndə həmişə könül rahatlığıyla oxuyurdum, bilirdim ki, Sərraf həqiqətdən və səmimiyyətdən zərrə qədər də uzaq düşməyəcək.

İndi AMEA Cənub Bölməsinin etnoqrafiya şöbəsinin müdiri kimi söz yatırımızın tədqiqi ilə məşğuldur, amma qanından və tərbiyəsindən gələn mənəvi xüsusiyyətlərini olduğu kimi qoruyub saxlamağı bacarıb.

 

***

Sərraf Talıbın poetik nəfəsinə ilk şeirlərindən bələdəm. Həmişə də kövrəkliyi, zərifliyi, iddiasızlığı ilə diqqətimi çəkib. Sovet dönəmində qovluğunu qoltuğuna vurub jurnal-qəzet redaksiyalarının qapısı ağzında dayanmayıb, səlahiyyət sahiblərinə “yol tapmağa” can atmayıb, kitabını nəşriyyatların planına saldırmaq üçün cürbəcür üsullardan istifadə eləməyib, müstəqillik dövründə isə kitabının çapı üçün imkan sahiblərinə ağız açmağı özünə sığışdırmayıb.

Sərraf Talıb könül adamıdı, şeirlərini ictimai motivlərlə yükləmir, insan qəlbinin ən incə tellərinə toxunmağı bacarır. Onun şeirlərində təbiət, təbiətin daşı, ağacı, çayı, meşəsi, gülü-çiçəyi, quşu-heyvanı, yağışı-qarı var. Onun duyumunda Lənkəranın yağışı başqa yağışlara oxşamır, yalnız Sərrafın ayırd elədiyi çalarlara malikdi; Lənkəranın qarı da başqa cürdü, o qar ancaq müəllifin sevdiyi torpağa yağa bilər.

“Ata ocağına, ana yurduna sığınıb, günlərin hərəsinə, ağına da, qarasına da bir cümlə yazıb-yazmayan, o günlərini odun yerinə ocağa atan” (“Avtoportret” şeirindəndi) Sərraf Talıb sözün əsl mənasında, öz könlünün tərcümanıdı. Üzünü görməyən, yalnız şeirlərini oxuyan hər kəs onun mənəvi portretini asanlıqla cıza bilər.

 

***

Sərraf Talıb təkcə könül tərcümanı deyil, həm də yaxşı tərcüməçidi, poetik mətnləri də, nəsr əsərlərini də dilmizə ustalıqla çevirir. Əksər qələm sahibləri üçün əlavə gəlir mənbəyi olan tərcümə ondan ötrü mənəvi ehtiyacdı, heç vaxt maddi qazanc əldə eləmək xətrinə bəyənmədiyi mətnlərə vaxt sərf eləməyin. Rus, yapon, yunan, Amerika şairlərindən dilimizə çevirdiyi şeirlər elə Sərrafın öz şeirlərinin havasındadı, buna görə də altında imza olmasa, tərcümə saymaq çətindi.

Üstəlik, Sərraf Talıb nəsr nümunələrini də dilimizdə eyni məsuliyyətlə “danışdırmağı” bacarır. Mixail Şoloxov, Qabriel Qarsia Markes, Nodar Dumbadze, Çingiz Aytmatovun əsərləri onun tərcüməsində ən tələbkar oxucunu belə təmin eləyir. Təsadüfən, Nodar Dumbadze və Çingiz Aytmatovun eyni hekayəsini bir-birimizdən xəbərsiz ikimiz də çevirmişik, maraq üçün hər iki mətni müqayisə eləmişəm, Sərrafın yazıçının ruhuna və orijinala sadiqliyini dərhal sezmişəm.

Amma Sərraf Talıb tərcüməçiliyi də çörək ağacına çevirmədi. Həmişə onun bu potensialının tamam açıəlmamasına təəssüfümü bildirmişəm, çünki öz ciddiyyəti və məsuliyyəti ilə tərcümə sənətimizə sanballı əsərlər qazandıra bilərdi. Bir neçə il əvvəl nəşr olunmuş, dünya ədəbiyyatından etdiyi tərcümələrin toplandığı “Sonuncu sağlıq” kitabı buna əsas verir...

 

***

Sərraf Talıb “Bu yerin üstü də məni tanımır” (2022) adlı ilk şeirlər kitabını oxuculara 66 yaşında təqdim elədi. Müxtəlif illərdə qələmə aldığı şeirləri və “Bu dünyaya gedən yol” adlı lirik poemasının yer aldığı o nəşr müəllifin poetik boyunu göstərmək baxımından diqqəti çəkir. Dünyanın ziddiyyətli hadisələrinə ictimai-fəlsəfi baxış, doğma yurd sevgisi, vətəndaşıq təəssübkeşliyi, saf sevgi duyğuları kitabdakı şerlərin əsas leytmotivini təşkil edir. 

“Ədəbi varislik zənciri: Lənkəran ədəbi mühiti Azərbaycan ədəbiyyatı müstəvisində” (2026) adlı elmi və elmi-publisistik məqalələr toplusuna isə 2020-ci ildən başlayaraq müxtəlif illərdə Azərbaycanda və xarici ölkələrdə nəşr olunmuş, beynəlxalq və respublika konfranslarında səsləndirilmiş və konfrans materiallarına salınmış məqalələrin əksəriyyəti daxil edilib.

Beləcə, Sərraf Talıb 70 yaşına əliboş gəlmədi, yaşadığı həyatda özünün də, sözünün də ləyaqətini qorumağı bacarması ilə söz arealında halal yerini tutdu…

O, hay-küy salmadan, yaxa cırmadan, qapılar döymədən, mənfəət güdmədən bəxtinə düşən yaradıcı və ziyalı ömrünü yaşayıb.

Məncə, 70 illik ömrünün ən böyük qazancı da elə budu…

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru