Ömrü haldan-hala salar məhəbbət - Gülbala Teymurun şeirləri
Yazici.az ədəbiyyat portalı Gülbala Teymurun şeirlərini təqdim edir.
●●●
Ay görünür pəncərədən,
Bulud üzünə tül çəkir.
Çiçəklənən arzulara,
Ömür fırçası gül çəkir.
Səbr rəngli qoca dağlar,
Bulaqlarla gülər-ağlar.
İstək var ki, qırov bağlar,
Hasili aylar, il çəkir.
Zaman keçib, saxt gələndə,
Qocalığa taxt gələndə,
Rəsmlər var vaxt gələndə
Zaman- qarala, sil, çəkir...
●●●
Atam getdi, sən də getdin,
Könlüm bar gətirmir, ana.
Soruş oğul, necə bitdin,
Ruhum söz bitirmir, ana.
Havanın vələdi döndü,
Külək əsdi, soba söndü.
Buxarı da neçə gündü,
Tüstünü ötürmür, ana.
İş deyirsən, axı, nə iş?
Yuxudu, mövzunu dəyiş.
Sağda döyüş, solda döyüş,
Heç iş düz gətirmir, ana.
Namərdlərə qənim oğlun,
Haqqa, düzə əmin oğlun,
Həlimdən də həlim oğlun,
İndi söz götürmür, ana.
●●●
Nə danışsaq, nə desək,
Anlayır, duyur yağış.
Necə saxlayaq, kəsək?
İç yağış, bayır yağış.
Nə vaxt havalar aça,
Nə vaxt, buludlar qaça...
Bənzəyir "gizlinpaç"a,
Günləri sayır yağış.
Gərəksiz "gah-gah"lardan,
Nalələlərdən, ahlardan.
Suçlardan, günahlardan,
Dünyanı yuyur yağış.
28.03.26
●●●
Ümmandı, damcısı düşsə ürəyə,
Varlığı qul edər, alar məhəbbət.
Dönər qasırğaya, dönər küləyə,
Ömrü haldan hala salar məhəbbət.
Coşar, qarşısını tapılmaz kəsən,
Ürəklə vurulsan bilməzsən nəsən.
Əlin çatmayanda özün görərsən,
Çiçək tək saralar, solar məhəbbət.
Alovsuz yandırar, odsuz yandırar,
Nə yordum söyləyər, nə usandırar.
Ya ömrün yolunu dağa qaldırar,
Ya da kı daşlara çalar məhəbbət.
●●●
Ey can, nədir qurtarmayan səni bəlalardan?
Gəl özün qurtar özün, ol şərü-numalardan.
Getmə ardınca, səni sevməyəni sən sevmə,
Uzaq ol, düşmə dalınca, qəmü- mübtəlalardan.
Nə o kəs leylü-nüma, sən də dönüb məcnun ol,
Çətin zəmanədi, olmaz olasan maili leylalardan.
Nə tabın var, nə təbanın deyələr şahən-şah,
Çəkəsən şirəni, rəngi gülü- zibalardan.
Gülbala sevgi, məhəbbət özü m"əna istər,
İstəməm sən olasan təni- rahnümalardan.
●●●
Nə tez ötüşdü illər,
Nə tez doldum yaşa mən?
Qısa-qısa yolları
Yüyürdüm birbaşa mən...
Dindi könlümün simi,
hicran sıxdı əlimi.
Axıb, axıb su kimi,
dəydim daşdan daşa mən.
Oldum sözün təşnəsi,
nə imiş sözün bəsi?
Fırlandı söz kürrəsi,
gəlib çıxdım qışa mən.
●●●
Dilbər, nə ədadır, yenə can almaqmı qəsdin var,
Heç bilirsən neçə ağılsızın, neçə sərməstin var?
Bəzənmisən, bənzəyirsən dilsiz, ağıssız bütə,
Kaş biləydin, tərk-din olan, neçə bütpərəstin var?
Qoy qövmü ömr eyləyib yaşasın müctəhid kimi,
Eylədin kafər, nə dayanmaq, nə də bir "bəsdi"n var.
Yığ zülfünü üzdən kənarə, bir sərbərah eylə,
Döndərmisən öz yoluna, min-min həvəsdin var.
Ahu yerişli, dayan, çatım sənə, axı qaldım,
Bilirsən Gülbala kimi mərizi-şikəstin var.
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0