“Qarabağ savaşı ədəbiyyatımızda” – Yazıçılar Birliyində konfrans

Apr 17, 2026 - 14:46
Apr 17, 2026 - 15:03
 0  10
“Qarabağ savaşı ədəbiyyatımızda” – Yazıçılar Birliyində konfrans
15 aprel tarixində Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda “Qarabağ savaşı ədəbiyyatımızda” mövzusunda konfrans və sərgi keçirilib.
YAZİCİ.AZ xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli idi. O, çıxışında bildirib ki, Qarabağ savaşı yalnız hərbi qələbə ilə məhdudlaşmayan, milli yaddaşın bədii ifadəsini formalaşdıran mühüm tarixi mərhələdir və bu mövzunun ədəbiyyatda sistemli şəkildə işlənməsi gələcək nəsillərə ötürüləcək mənəvi irsin əsas istiqamətlərindən birini təşkil edir. Elçin Hüseynbəyli vurğulayıb ki, Qarabağ mövzusu artıq müasir Azərbaycan ədəbiyyatında yeni estetik mərhələnin başlanğıcını şərtləndirən aparıcı ideya xəttinə çevrilməkdədir.
Konfransda müxtəlif ədəbi istiqamətlər üzrə məruzələr dinlənilib. Nəsr və dramaturgiya üzrə məruzə ilə AYB-nin katibi İlqar Fəhmi, publisistika üzrə Azər Turan, poeziya üzrə isə İbrahim İlyaslı çıxış ediblər. Məruzələrdə Qarabağ savaşının müasir Azərbaycan ədəbiyyatında bədii inikası, janr xüsusiyyətləri və ideya-estetik istiqamətləri geniş şəkildə təhlil olunub.
Tədbirdə çıxış edənlər sırasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, AYB sədrinin müavini Rəşad Məcid, AYB-nin beynəlxalq və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, Xalq yazıçısı Elmira Axundova, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli, nasir-publisist Yasif Nəsirli, millət vəkilləri Hikmət Babaoğlu və Elnarə Akimova Qarabağ mövzusunun ədəbiyyatımızda yeri və perspektivləri barədə fikirlərini bölüşüblər.
Çıxışlarda qeyd olunub ki, Qarabağ savaşı Azərbaycan ədəbiyyatında yalnız tarixi hadisə kimi deyil, həm də milli kimliyin, vətənpərvərlik ideyasının və mənəvi bütövlüyün bədii ifadəsi kimi mühüm yer tutur. Vurğulanıb ki, Vətən müharibəsinin reallıqları, şəhidlik zirvəsi və qazilik salnaməsi çağdaş ədəbi prosesdə yeni poetik və publisistik yanaşmaların formalaşmasına təkan verib.
Konfrans çərçivəsində təşkil olunan sərgidə Qarabağ mövzusuna həsr edilmiş kitablar, poeziya və publisistika nümunələri, xatirə nəşrləri və müxtəlif illərdə qələmə alınmış ədəbi materiallar nümayiş etdirilib. Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzunun ədəbiyyatımızdakı geniş əhatə dairəsini əyani şəkildə təqdim edib.
Tədbirin sonunda Qarabağ həqiqətlərinin ədəbiyyatda daha sistemli şəkildə tədqiqi, yeni bədii əsərlərin yaradılması və bu mövzunun beynəlxalq müstəvidə təqdiminin gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0