Qoca Xalidin şeirlərində milli-mənəvi yaddaşın poetikası - Tural ADIŞİRİN
Bu gün unudulmaz şair, tərcüməçi Qoca Xalidin doğum günüdür.
Yazıçı Ədəbiyyat Portalı Qoca Xalidin yaradıcılığı haqqında AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az Ədəbiyyat Portalının baş redaktoru Tural Adışirinin "Qoca Xalidin şeirlərində milli-mənəvi yaddaşın poetikası" məqaləsini təqdim edir.
XÜLASƏ
Məqalədə Şəki ədəbi mühitinin tanınmış nümayəndəsi Qoca Xalidin poeziyası XX–XXI əsr Azərbaycan şeirində kənd mövzusunun milli-mənəvi kimliyin poetik ifadəsi kimi təzahürü baxımından təhlil olunur. Göstərilir ki, şairin yaradıcılığında kənd, torpaq, təbiət və yaddaş motivləri poetik düşüncənin əsas ideya-mənəvi dayağı kimi təsvir edilir. Xüsusilə “kövşən iyi” obrazı Qoca Xalidin şeirlərində zəhmət və torpaq yaddaşını, təbiiliyi və süni estetikaya qarşı mənəvi müqaviməti simvollaşdırır. Məqalədə həmçinin təbiətin antropomorfik poetikası araşdırılır və bunun insanla təbiət arasında dərin mənəvi vəhdəti ifadə etdiyi vurğulanır. Şairin şeirlərində kənd–şəhər münasibəti sadə qarşıdurma kimi göstərilmir, səmimiyyətlə sünilik, yaddaşla özgələşmə, daxili sədaqətlə zahiri parıltı arasında seçim problemi kimi təqdim edilir. Nəticədə Qoca Xalid poeziyası kənd yaddaşının estetik müdafiəsi, milli varlığın mənəvi dayaqlarının qorunması və müasir insanın öz köklərinə qayıdış ehtiyacının bədii ifadəsi kimi dəyərləndirilir.
Açar sözlər: Qoca Xalid, poeziya, kövşən iyi, milli-mənəvi yaddaş, poetika
XX–XXI yüzil Azərbaycan poeziyasında kənd mövzusu yalnız etnoqrafik və ya nostaljik təzahür xarakteri daşımır, həm də milli-mənəvi kimliyin poetik ifadə forması kimi çıxış edir. “80-cilər ədəbi nəsli”nin ən parlaq nümayənlərindən biri olan Şəkinin Kiçik Dəhnə kəndində yaşayıb yaradan şair-tərcüməçi Qoca Xalid (Namizəd Xalidoğlu) yaradıcılığı bu prizmada xüsusilə diqqətəlayiqdir. Onun şeirlərində kənd, torpaq, təbiət və yaddaş motivləri poetik düşüncənin mərkəzi ideya-emosional oxunu təşkil edir.
Qoca Xalid poeziyasında “kövşən iyi” anlayışı əsas poetik simvollardan biridir. Kövşən iyi onun poetik dünyasında üç əsas semantik qat yaradır: zəhmət və torpaq yaddaşı, təbiilik və səmimiyyət, süni şəhər estetikası ilə qarşıdurma.
Mənim şeirlərim ətrinə görə –
Heç kəsin şeirilə dəyişik düşməz. [1, s.13]
Bu misralarda şair öz poeziyasını fərqləndirən əsas keyfiyyəti formal yenilikdə yox, mənəvi mənbədə görür. “Ətir” burada metaforik anlayışdır; lakin bu ətir süni deyil, torpaqdan gələndir. Şair açıq şəkildə müasir poeziyada artan süni estetikaya etiraz edir:
Düşmən sevincini duydum uzaqdan,
Bezdim dinləməkdən dost gileyini...
Süni ətirlərin artdığı vaxtda
Sevən olacaqmı kövşən iyini?−
Kövşən iyi gəlir şeirlərimdən. [1, s.13]
Bənd demək olar fəlsəfi kulminasiyadır. Süni ətirlərlə kövşən iyinin qarşılaşdırılması ontoloji seçim məsələsidir: təbiilikmi, yoxsa saxta parıltımı? Şair oxucuya sual verir, lakin cavab vermir — bu, akademik baxımdan açıq fəlsəfi diskurs yaratmaq üsuludur.
Qoca Xalidin şeirlərində daha bir diqqətçəkici detal təbiətin antropomorfik poetikasının qurulmasıdır. Onun şeirlərində təbiət insaniləşdirilir: çinar susur, külək pıçıldayır, bildirçinlər giley edir, çöllər yatır. Bu antropomorfizm şairin dünyagörüşündə insan–təbiət vəhdətinin ifadəsidir.
Unutmuram bütün ağrı-acını;
Nə olsun ki girən yoxdu qoluma?−
Külək özü sığallayır saçımı,
Günəş özü nur çiləyir yoluma... [2, s.54]
Üçüncü və dördüncü misralarda insandan təbiətə keçid var. Burada təbiət ünsürlərinin antropomorfizasiyasını müşahidə edirik. Külək “sığallayan”, günəş isə “nur çiləyən” subyekt kimi təqdim edilir. Bu semantik keçid təsadüfi xarakter daşımır; əksinə, sosial boşluğun təbii harmoniya ilə əvəzlənməsi prosesini əks etdirir..
Yapışaraq qolumdan
Pıçıldayır: "Gəl, gedək!"
Çıxardacaq yolumdan
Deyəsən, məni külək...
Yox! Küləyə qoşulmaq
Yaraşarmı yaşıma?
Onzuz da hara getsəm−
Payız çıxar qarşıma. [2, s.61]
Bu antropomorfizasiya yalnız bədii effekt yaratmaq məqsədi daşımır, insanla təbiət arasında simvolik empatiya münasibəti qurur. Və yaxud “Kim deyir ki qaya kardır, dərə key…” – misrasında təbiətin “eşidən” və “duyğulu” varlıq kimi təqdimatı xalq poeziyası və folklor düşüncə tərzi ilə səsləşir. Şair təbiəti insandan ayırmır; əksinə, insanın psixoloji vəziyyəti təbiətin halı ilə paralel verilir.
Qoca Xalid peoziyasında mühüm tematik xəttlərdən biri şəhər–kənd qarşıdurmasıdır. Şəhər — şöhrət, imtahan, imkan və təzyiq məkanıdır; kənd isə — bahar, torpaq, yaddaş və azadlıq deməkdir.
Bir də geri qayıdarmı ötən an?−
Güllər bir də öz şaxını əyərmi?
Alnıaçıq qurtardığım imtahan
İtirdiyim bir bahara dəyərmi?! [3, s.28]
4-cü misradakı sual poetik subyektin əsas faciəsini açır: ictimai uğur naminə mənəvi itki. Şair bu problemi həm didaktik mövqedən, həm də daxili tərəddüd və emosional ağrı ilə təqdim edir. Bu isə onun şeirlərinin psixoloji dərinliyini artırır.
Dostlar da cürbəcür işə qoşulub,
Köçdülər, köçəri quşa qoşulub...
Mən isə doqqazda daşa qoşulub
İlişib qalmışam kənddə-kəsəkdə. [3, s.76]
Şairin “İlişib qalmışam kənddə-kəsəkdə” misrasını taleyin poetik qəbul forması kimi başa düşmək olar. Bu şeirdə şair öz taleyini ironik, lakin acı bir dillə qəbul edir. “İlişib qalmaq” ifadəsi həm fiziki, həm də sosial-mənəvi durğunluğu ifadə edir. Dostlar köçür, imkanlar dəyişir, lakin poetik subyekt torpaqdan qopa bilmir. Burada kənd artıq yalnız məkan kimi nəzərə çarpmır — taleyə çevrilmiş məkan kimi diqqətçəkicidir..
Bürüyür qəlbimi həm də bir həsəd.−
Bəlkə də bu dərdi çoxusu çəkir;
Şairin şəklini şəhərdə − qəzet,
Kənddəsə − arxlardan axan su çəkir. [4, s.83]
Bu şeir kənd–şəhər qarşıdurması, şöhrət–sadəlik dilemması və daxili mənəvi parçalanma motivlərini özündə cəmləyən lirik-psixoloji xarakterli ən gözəl şeirlərindən biridir. Şeir mahiyyət etibarilə belə bir sual qoyur: Şöhrət üçün köklərdən qopmaq olarmı? Lirik qəhrəman nə şəhəri tam qəbul edə bilir, nə də kəndi tərk edə bilir. Bu isə onu mənəvi limbo vəziyyətində saxlayır. Deməli, şeir seçimdən çox, ikiliyin faciəsini ifadə edir. Burada kənd yalnız məkan deyil, milli kimliyin və yaddaşın rəmzidir; şəhər isə müasirliyin və görünürlüyün məkanıdır. Şair bu iki qütb arasında qalan “keçid insanı”dır. Mətn göstərir ki, şöhrət insanı ucaltsa da, köklərdən uzaqlaşdırır; köklər isə insanı qorusa da, onu görünməz edir. Şairin dilemması məhz bu paradoksun içində yaşamasıdır.
Şeir yazdım burda aydın səhərdən,
Nəğmə qoşdum burda adi yarpağa.
Köçsəm də, heç baş açmaram şəhərdən,
Amma kənddə lap yaxınam torpağa. [4, s.87]
Şair şəhər–kənd qarşıdurmasını müxalif qütblər kimi göstərmir, eyni taleyin iki fərqli mədəni məkanı kimi təqdim etməsi ilə diqqət çəkir və məhz bu yanaşma onun poetik-estetik dəyərini yüksəldir. Mətnin əsas ideyası yaradıcılığın məkanla münasibəti yox, yaradıcılığın məkanı necə yenidən yaratmasıdır. Şair “kənddə yaşayıram” deməklə poeziyanın mövcudluq şərtini müəyyənləşdirir: harada şeir yazılırsa, mərkəz də oradır.
Tapanacan axtardığım yolu mən
Cığırlarla aza - aza getmişəm.
Nə işim var şəhərlərdə solum mən,
Hazır kənddə çiçək kimi bitmişəm. [4, s.87]
Bəndə diqqət etsək poetik yol metaforası üzərində qurulub. “Cığırlarla aza-aza getmək” ifadəsi həm fiziki, həm də mənəvi axtarışı bildirir. Şairin “şəhərlərdə solmaq” istəməməsi məkan nifrəti yox, yaradıcı uyğunluq prinsipinin ifadəsidir. “Hazır kənddə çiçək kimi bitmişəm” misrası isə kəndin şairi formalaşdıran, onu yetişdirən mədəni torpaq olduğunu göstərir. İdeya baxımından şeirdən belə nəticə çıxır: şair məkanı seçmir, məkan şairlə mənalanır. Kənd burada periferik yox, mərkəzi dəyərdir; şəhər isə alternativ deyil, sadəcə başqa ritmdir. Şeir oxucuya kənddə qalmağı yox, öz yaradıcılıq torpağını tanımağı təklif edir.
Qoca Xalidin şeirlərində kənd və şəhər anlayışları insanın daxili varlığında müxtəlif psixoloji və mənəvi durumları təmsil edən həyat təbəqələri kimi təqdim olunur. Şair üçün kənd yalnız coğrafi məkan kimi başa düşülmür; o, torpaqla bağlılıq, ilkin təbiilik və mənəvi köklərin daşıyıcısıdır. Şəhər isə modern həyatın dinamikası fonunda formalaşan sınaq, hərəkət, daxili gərginlik və tərəddüd məkanı kimi poetik məna qazanır. Beləliklə, bu iki məkan şairin poetik sistemində qarşı-qarşıya qoyulmur, bir-birini semantik baxımdan tamamlayan anlayışlardır.
Burda məni hamı duymur heyf ki...
Uzağa da getmirəm heç, bax, bu yaz
Kolxoz sədri üzüməcə deyib ki,
Şair kənddə yaşamaz! [4, s.88]
Qoca Xalidin poeziyasında əsas problematik xətt “harada yaşamaq” sualından çox, “harada və necə özün olaraq qalmaq” məsələsi üzərində qurulur. Kənd və şəhər burada dəyərlər iyerarxiyasında biri digərindən üstün tutulan məkanlar deyil; onlar insan taleyinin, həyat təcrübəsinin və mənəvi inkişafın müxtəlif mərhələlərini ifadə edən simvolik müstəvilərdir. Şair nə kəndi romantik ideal səviyyəsinə yüksəldərək şəhəri inkar edir, nə də şəhər həyatını modern üstünlük kimi təqdim edib kəndi arxaik məkan kimi kölgədə qoyur. Əksinə, onun poeziyasında kənd yaddaşı ilə şəhər təcrübəsi dialektik vəhdətdə təqdim olunur və bu vəhdət insanın daxili bütövlüyünün formalaşmasında əsas rol oynayır.
Bu kontekstdə Qoca Xalidin şeirləri kənd–şəhər qarşıdurması üzərində qurulan ənənəvi diskursdan kənara çıxır. Buradakı əsas qarşıdurma məkanlar arasında yox, təbii ilə süni, səmimi ilə saxta, daxili mənəvi sədaqətlə zahiri parıltı və sosial maskalar arasındadır. Şairin poetik mövqeyi daha çox insanın mənəvi duruşuna və daxili etik seçiminə əsaslanır. Məhz bu yanaşma Qoca Xalid poeziyasını həm kənd mühitindən gələn, həm də şəhər təcrübəsi yaşayan oxucu üçün eyni dərəcədə anlaşılan, qəbul edilən və estetik baxımdan yaxın edən əsas amillərdən biri kimi çıxış edir.
Qoca Xalidin poeziyası müasir Azərbaycan ədəbiyyatında kənd yaddaşının estetik müdafiəsi, təbiətə söykənən mənəvi fəlsəfə və şəxsi dürüstlüyün poetik ifadəsi kimi dəyərləndirilə bilər. Onun şeirlərində torpaq, kövşən, yağış, külək və xatirə — obraz olmaqla yanaşı, həm də mənəvi yaddaş, milli kimlikdir. Şairin kənd yaddaşında qorunan bu poetika nostalji bir geri dönüş yox, itirilmək təhlükəsi ilə üz-üzə qalan milli varlığın səssiz müdafiəsidir. Torpaq burada sadəcə fiziki məkan kimi diqqəti cəlb etmir, insanın taleyi ilə yoğrulmuş bir mənəvi məkan kimi çıxış edir; kövşən — zəhmətin izi, yağış — təmizlənmə və ümid, külək — zamanın nəfəsi, xatirə isə yaddaşın sönməyən işığıdır. Beləliklə, şairin poetik yaddaşı yalnız keçmişi xatırlatmır, eyni zamanda oxucunu sual qarşısında qoyur: müasir insan öz kökləri ilə hansı məsafədə dayanır? Qoca Xalidin şeirlərinin mənəvi gücü də elə bundadır. Onun poeziyasında milli kimliyə qayıdış şüar xarakteri daşımır, süni pafosla deyil, daxildən gələn mənəvi ehtiyac kimi təqdim olunur. Şair üçün milli kimlik, mənəvi dəyərlər torpağın qoxusunda, kənd yaddaşında, sadə insan talelərində yaşayan canlı bir gerçəklikdir.
NƏTİCƏ
Nəticə etibarilə, Qoca Xalid poeziyası XX–XXI əsr Azərbaycan şeirində kənd mövzusunun yalnız nostalji-estetik bir xatırlama forması olmadığını, əksinə, milli-mənəvi kimliyin, tarixi yaddaşın və insanın ontoloji bağlılıqlarının bədii təcəssümünə çevrildiyini aydın şəkildə nümayiş etdirir. Şairin poetik dünyasında kənd obrazı məkan anlayışını aşaraq torpaqla mənəvi bağlılığın, əmək etikasının, təbii həyat harmoniyasının daşıyıcısı kimi mənalanır. Bu baxımdan onun yaradıcılığında kənd semantikası milli varlığın daxili dayaq nöqtələrini üzə çıxaran dərin ideya-estetik sistem kimi çıxış edir. Araşdırma göstərir ki, Qoca Xalid poeziyasının bədii gücü, ilk növbədə, təbiət, torpaq, kənd həyatı və yaddaş motivlərini canlı, funksional və fəlsəfi məzmun daşıyan poetik struktura çevirməsindədir. Xüsusən “kövşən iyi” kimi obrazlar şairin poetikasında maddi aləmin sadə detalı olmaqdan çıxaraq, mənəvi təbiiliyin, halal zəhmətin, əcdad yaddaşının və milli özünüdərkin simvolik ifadəsinə çevrilir. Eyni zamanda, təbiətin antropomorfik təqdimatı insanla təbiət arasında qarşılıqlı mənəvi münasibətin, daxili ahəngin və varlıq bütövlüyünün poetik modelini yaradır.Beləliklə, Qoca Xalidin şeirləri müasir Azərbaycan ədəbiyyatında kənd yaddaşının estetik və mənəvi legitimliyini qoruyan mühüm bədii hadisə kimi dəyərləndirilə bilər. Onun şeirləri kəndi keçmişin monoton xatirəsi kimi deyil, bu günün mənəvi ehtiyaclarını cavablandıran, insanı öz köklərinə, daxili saflığına və milli varlığın etibarlı əsaslarına qaytaran bir dəyər məkanı kimi təqdim edir. Məhz bu xüsusiyyətlərinə görə Qoca Xalid yaradıcılığı Azərbaycan poeziyasında milli-mənəvi özünütəsdiqin, yaddaşın estetik müdafiəsinin və kökə dönüş ideyasının orijinal poetik ifadələrindən biri kimi xüsusi elmi-nəzəri əhəmiyyət kəsb edir.
ƏDƏBİYYAT:
1. Namizəd Xalidoğlu. Sakit çöllərin mahnısı. Yazıçı nəşriyyatı. Bakı. 1986, 86 səh
2. Qoca Xalid. Bu su dəhnədən gəlir. Şirvannəşr. Bakı, 2000, 110 səh
3. Qoca Xalid. Mən də cığır açdım. Adiloğlu nəşriyyatı. Bak, 2013. 144 səh
4. Qoca Xalid. Seçmə şeirlər. Qanun nəşriyyatı. Bakı, 2024. 308 səh.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0