Arısı Bağdaddan gələn bal - ƏLABBAS

May 8, 2026 - 12:45
May 8, 2026 - 12:46
 0  76
Arısı Bağdaddan gələn bal - ƏLABBAS

Yazıçı Ədəbiyyat Portalı "Yazıçının arxivi" rubrikasında Əlabbasın "Arısı Bağdaddan gələn bal" yazısını təqdim edir.

Əziz Fəxri!

 Biləndə ki, naşirlik eşqi yenidən başına vurub, gərək ki, yadında ola, könlüm necə açıldı! Məncə, nədənini də bilməmiş olmazdın: daha Simurğ quşu da karımıza gəlmirdi, baxma ki, lələyin Bakıda, bizlərdə idi, bir; Sənin «Gəncəli» təxəllüsü daşımağına bir şey qalmamışdı, iki; demə, söz adamlarının halına yananlar hələ də varmış, bu da üç… O biri yandan, söz deməyə bir kürsün ola, daha dağa-daşa düşüb hər yetən önündə saqqal tərpətməyəsən – az şeydi bəyəm? Hələ heç onu demirəm ki, naşiri olduğun digər mətbu orqanlar kimi, o dərginin də büsbütün siyasiləşmiş həyatımıza yeni ədəbi rəng qatıb, təzə çalar verəcəyinə bir çimdik də şübhəm yox. Bu başdan uğurlar Sənə! Qutlu olsun!

 Yəqin, onu jurnal barədə söhbət düşən andaca hiss eləmişdin ki, ilk say üçün nəsə verməyə əlimdə çapa layiq bir şey yoxdu. Bu sözü ona görə deyirəm ki, Sən, yaxşı-pis, qələmimdən çıxan nə varsa, onları oxuyan beş-üç nəfərdən birisən və o əsərlər barədə təkcə oxucular deyil, elə özümçün də olduqca dəyərli və ağlabatan fikirlər söyləmisən. Necə ola bilər, o sözüm yadından çıxmış ola ki, «Qiyamçı» mənim son əsərim olacaq. Elə bütün həngamələr də bu bircə əlləm-qəlləm cümlənin başındadı! Üstəlik hələ ona bir izah da vermişdim ki, «istəmirəm, məni oxuyanlar sağ qaldığıma təəssüflənsinlər»

 Yaxşı-yaman, hələ ki, dediyim sözün üstə durmuşam: döşə döyməli, fəxr eləməli bir şey olmasa da, 2004-dən, yəni «Qiyamçı» işıq üzü görəndən sonra bircə hekayəm çap olunub və hazırda da əlimdə bircə povestim var: «Xırsız», vəssalam. İlk qələm təcrübələrim kimi, onu da özümçün yazıram, çap üçün yox. Çünki mən o əvəzsiz, gözəl və doymadığım vərdişi ömrün ən dadlı günlərində saatlarla yox, günlərlə, bəlkə də, aylarla, məşq eləmişdim və əlli yaşa çataçatda, beş-on nəfərin qazandığım hörmətini də adına əvəzsiz dediyim elə o qəribə vərdişin hesabına əldə eləmişəmsə, o, daha mənim günahım deyil ki, dara düşən kimi birinci qələmə əl atıram. Elə-belə baxanda pis iş də görmürəm axı… Siyasətə qarışıram? Ona-buna yarınıram? Ya çıxıb televiziyada əttökən-əttökən danışıram?

 Mən indi ona, yəni qələmə tək dərdlərimin dəvası və baş qatmağa ciddi bir məşğuliyyət yox, ondan da çox, infarktdan nicatım kimi baxıram.

 Xülaseyi-kəlam… Bir az əvvələ qayıdaq.

 Çexov «Albalı bağı»nı 1803-cü ildə yazıb bitirdi və zərfə qoyaraq «Mən bir ədəbiyyatçı kimi artıq bitdim» dərkənarıyla arvadına göndərdi və sonra yaddaqalan, ciddi bir şey qələmə almadı.

 Bu sözlər də digər bir nəhəngin, Heminqueyin dilindən çıxıb: «Yaza bilmirəm, tükənmişəm, ölmüşəm artıq»

 Folkner də altmış il əvvəl verdiyi müsahibələrdən birində «Qiyamət günü» kitabından sonra qələmini sındırıb bir daha heç nə yazmayacağını heç bir xəcalət hissi keçirmədən, oxucular qarşısında təntənə ilə bəyan etdi.

 Səbəb və bəhanə müxtəlifliyinə baxmayaraq, bütün ömrünü həsr elədiyi sevimli işdən, nəhayət ki, yorulub, usanıb, bezmək, göründüyü kimi, heç dahilərdən də yan keçməyib.

 Baxaq, bizdə vəziyyət necədi, mənim çox yaxşı tanıdığım 80-cilər, yəni yaşıdlarım nə ilə məşğuldu?

 Ədəbiyyata bizlərdən daha tez və ulduz kimi parlaq gəlmiş Sadayın on beş ildən az deyil, çoxdu ki, nəsə yazdığını görən olmayıb. Səfər «maestro səddinə» çox erkən, elə ilk hekayələri ilə çatmışdı, amma nə edəsən ki, uzun müddət onun da başı heç kimi ağ günə çıxarmayan siyasətə qarışdı. Elə elədilər, «Soyxa»nı yazan oğlan, YB-yə üzv olmağı da şəninə sığışdırmadı və axırı, gedib hikkəsindən «Kişi familiyasını» qələmə aldı. Eyvazı rəsmi sənədlərin tərcüməsi yarı yolda qoydu. Rafiq qapısını, əstəfürullah, öz əliylə bağladı. Aslanı əlli ilə yaxın ədəbi aləmdən kənarda saxladılar. Gələn il əsrin tən yarısını yaşayan Nəriman kimi qiymətli fiqura ərazisi Azərbaycanın indiki coğrafi məkanından qat-qat böyük olan ədəbi meydanda nə vaxtdı, layiqli bir yer tapılmır. Hərçənd «yazıçılarımız» var ki, beş yerdən məvacib alır, yazıçı da var ki, ailəsinə allahın quruca çörəkpulunu aparmağa iş yeri qəhətdi. Şəxsən Sən neçə ildi maaş cədvəlinə qol çəkmirsən? Yəqin, Əlisəmid Kür onun nəmənə olduğunu daha yuxularında da görmür. Rəfael İncəyurd, Tofiq Qaraqaya, Şaiq Vəli, Aydın Uluxanlı, Murad Köhnəqala… da elə o sayaq. Nə çoxdu dostlarımızın bu vəziyyətdə olanı? Dünyanın ən namərd imtahanı çörəklədi, tərs kimi o da gəlib daha çox bu nəslin qismətinə düşdü.

 Kim də bilməsə, Sən bir dost kimi çox yaxşı bilirsən ki, sevməyə dəli kimi sevdim, yazmağa divanə kimi yazdım, ağlamağa isə hamıdan betər ağladım. Özü də elə-belə yox, hönkür-hönkür… Təkcə balalara gün ağlamadım.

 Hərçənd, deyirlər, kişi ağlamaz, amma bilən bildi ki, «Qiyamçı» bir roman yox, yurdunda bayquşlar ulayan ellərə dediyim ağıdı. Di gəl, beş-üç dostdan başqa, o ağını dinləyən olmadı. Olmadı o ağını dinləyən, qardaş! Nağdı-nağdı əlimdə kitab təqdim elədiyim dilçilər belə (söhbət adlı-sanlı dil mütəxəssislərindən gedir) o cür dil materialına malik (bunu təkcə sözün ətrini duyanlar yox, o əsəri ala-yarımçıq gözdən keçirənlər də etiraf ediblər) əsərə mütəxəssis rəyi bildirməyə əməlli-başlı qısqanclıq elədilər. Mən gərək, onu «böyük «Köhnə kişi» macərası» baş verəndə biləydim ki, illər uzunu sadəlövhcəsinə tapındığım o inam yalan şeymiş ki, yazıçının birinci, yəni inqilabi borcu yaxşı əsər yazmaqdı. Onu yaxşı bilənlərdən biri də sənsən ki, mən özündən boy deyən deyiləm. O fikri də beynimə daha çox Sabir Bəşirovun «Kənd uşaqları və ya əlli yaşlı növcavan» yazısından bir fikir salıb: «Köhnə kişi» ədəbiyyatımızın qızıl fonduna daxil olan əsərdir. Ən maraqlısı isə odur ki, belə mükəmməl bir povest iyirmi-iyirmi bir yaşı olan təcrübəsiz və yazı texnikasına kifayət qədər yiyələnməmiş bir gəncin qələmindən çıxıb… Tam məsuliyyətlə söyləyə bilərəm ki, 60-cı illərdən bu yana o yaşda heç kim bu cür əsər yaratmayıb»

 Axırı nə oldu? Mən qatarından cüda düşmüş durna kimi səmalarda təkcə düz otuz il qanadsız pərvaz eləmədim, həm də nə yazdımsa, yarı başla, ən əsası isə ləzzət almadan yazdım, amma allah haqqı, heç vaxt fikirləşmədim ki, bu sənətdə pul var, ya yox? Varsa, onunla ailə-uşaq saxlamaq olar, ya olmaz?

 Və düz iyirmi yeddi ildən sonra, 2007-ci ilin fevralında xalq yazıçısı Mövlud Süleymanlıya ünvanladığım «Acı bir xatirəyə sözardı» yazısı işıq üzü görən gün ədəbiyyata sayğısı olan diqqətli və ciddi oxucuya bəlli oldu ki, «Köhnə kişi»ni səkkiz il məhbəsdə, haqq-nahaq «hansı maddə» ilə yatızdırıblar? Mənimçün bundan heç də az maraq doğurmayan o vaxtlar qılıncının qəbzəsi də kəsən, indi isə quruca adı qalmış ədəbi tənqidin təkcə inadkarcasına yox, həm də namərdcəsinə ağzına su alıb susması oldu. Bu günün özündə də tək yumurtadan dünən dınq eləyib çıxanların deyil, elə ömrün ahıl çağını yaşayanların da dılğır bir cızma-qarası barədə hərdən elə tanınmış imzaların yazısını oxuyuram ki, başqalarını bilmirəm, şəxsən mənim dilimə gələn ilk kəlmə o doqquzhərfli məşhur söz olur.

 Sağ-soluma baxıram, halı pərişan istedadlı qələm dostlarımı görürəm və yadıma rus lətifəsi düşür.

 

 Biri açılışı olacaq abidənin yanına çatıb, dayanır. Çox baxandan sonra soruşur ki, bu nədi belə? Deyirlər, Qoqolun heykəli. Kişi «Qoqolun» ora-burasına çox baxıb qabiliyyətini göstərir: «Hansı Qoqolun? «Mumu»nu yazanın?» «Mumu»nu Turgenyev yazıb» deyə ona gülürlər. Utandığından heç nə deməyən fəqir çıxıb getsə də, bir azdan təkrar geri qayıtmalı olur və bəlkə, heç özünün də fərqinə varmadığı ibrətamiz bir sual verir: «Mumu»nu Turgenyev yazıb, bəs Qoqola niyə heykəl qoyurlar?

 

 Sənətə daim yüksək meyarlarla yanaşmaq duyğusundan da çox, elə o yaşda və illərdə gözlə gördüklərim idi məni inanmaq istəmədiyim namərd həqiqətə gətirib çıxaran: «Nə qədər ki, bu dünyanın işdəklərindən başım çıxmırdı, mən daha asan, daha rahat, həm də çox yazırdım, bəzi mətləblərdən hali olandan, bu çərxi-gərdunun nə olduğunu az-maz anlayandan sonra həm çətin, həm də günü-gündən daha az yazıram»

 Mən bu sözləri ona görə demirəm ki, söz demək növbəsi indi də mənimdi, ona görə deyirəm ki, mənim papağı harda günə yandırdığım məni istəyən, izləyən və gözləyən oxucuya aydın olsun. Söz düşmüşkən, neçə il əvvəl redaksiyalardan birində, özümü ilk dəfə gördüyüm bir tərcüməçimizə təqdim edəndə ondan eşitdiyim cavaba bu günün özündə də gülməyə bilmirəm. Nəsə yazan tərcüməçi bir xeyli keçəndən sonra soruşdu ki, hansı Əlabbas, o «Güdaz»ı yazan? «Hə» cavabı alan dostun heyrətdən gözü kəlləsinə çıxdı: «Nə deyir, ə, bu? Mən elə bilirdim, o ölüb! Ürəyimdə neçə dəfə rəhmət oxumuşam sənə… Çox şükür!» Yəni, sağsan.

 Düzdü, diriyə də rəhmət düşür, mən onu sağlığında qazanmışam, amma bu rəhmət o rəhmətlərdən deyil axı! Mən də diri ikən zəbun olunmuşlardan biriyəm.

 Mən bilən, indi haqqım çatar ki, Səndən, çox şeyi çoxumuzdan fərqli və soyuq başla düşünən Fəxridən elə-belə, dostyana soruşum ki, bir qara qəpiyin yiyəsi olmayacağını dəqiq bildiyin halda, bir qarın ac, bir qarın tox dolanmağın, körpə balasının boğazından, əyin-başından kəsməyin hesabına özünü qara yellərə, oda-közə vurmağına dəyərmi? Mən hələ hər şeyin qızıl tək vaxtdan, ömürdən-gündən getdiyini bir yana qoyuram. Nədi-nədi, həyatında heç nəyi dəyişməyə qadir olmayan kitabın işıq üzü görəcək? Hələ üstəlik o şeyi də hiss eləməyə xüsusi ağıl lazım deyil ki, nə qədər ağır zəhmət bahasına olsa belə, mənim mənsub olduğum nəsildən heç kim Mirzə Cəlil, ya Sabir olası deyil daha. Bəs onda adamdan soruşmazlar ki, əgər belədirsə, nə görmüsən bu qələmdə? Səni buna məcbur-zad eləyən var? Ya deyiləsi nəsə qalıb? Üstəgəl xalq üçün yanan, canından belə keçən oğulların adı bu gün kitablardan silinib, təhsil ocaqlarından, küçələrdən, elm müəssisələrindən bir başqa yerdə yox, gözümüzün qabağındaca çox urvatsız bir halda alınırsa, daha hansı mənəviyyatdan söhbət gedə bilər? Və nəhayət: qiymətini sağlığında almayanların hekayətinin dünya bina olan gündən bitən vaxtı olub ki?

 Hələ o da dəqiq yəqinin ola ki, prezident təqaüdünə düşməyənlərin sırasını bəzəyən adlardan biri də səninki olacaq.

 Bütün bu acıları, sıxıntı, əzilmə, əyilmə və sınmaları dəfən-dəfən gözlə gördükdən sonra dizini qatlayıb ilhamla və şövqlə yenidən nəsə yazmaq eşqinə düşmək, divanəlikdi, qardaş. Şəxsən mən yaxşı bir hekayə yazmağı onu çap etdirib, araya-ərsəyə gətirməkdən qat-qat asan və zövqlü bir iş bilirəm. Yoxsa o sözü niyə demiş olaydım ki, yarıyolda dayanmağın xəcaləti olmasaydı, bu gün kimsə məni qələmlə barışdıra bilməzdi. Hərdən elə bilirəm, indi ona görə yazıram ki, sadəcə bu iş boynuma düşüb. Və onda dərd götürür məni: niyə axı qələmdən yarımadım? Niyə vaxtında balalara gün ağlamadım? Sadəlövh, sadəlövh, bu qədər? Qələm də adamı ağ günə çıxarar? Su qiymətinə satışı belə mümkün deyilsə, balaca bir kitabın çapı adam tamam-kamal dost-düşmən xəcaləti olanacan çəkirsə, çox lazımdı bu qul əməyi sənə? Əllimi, yüzmü il bundan sonra xatırlanmaq, anılmaq «xoşbəxtliyi»nə görə? Bəlkə, ona görə son vaxtların ən çox ağlıma gələn fikirlərindəndi ki, allah üzü qəsdən ətdən yaradıb ki, xəcalət hissi səni dostların hamısından məhrum olmağa qoymaya. Açığı, mən onların bir neçəsini elə bu cür itirmişəm. İllah da kitablarım çıxan ərəfədə… Cavabsız qalan telefon zənglərim, tərs kimi, gümanımda yanılmadığımı həmişə təsdiq eləyib.

 Baxma ki, bu günün yazısı iyirmi il əvvəlin yazısı deyil, nə də qələm əhli o vaxtların əhli. Bütün dəyərlər dəyişib, ölçülər təzələnib, mizan-tərəzinin özü belə bazarlarda işlənən əl tərəzilərinə dönüb. Həqiqətin harda olduğunu ən ağıllılar belə tapmaqda acizdi. Heç iyirmi il əvvələcən olduğu kimi, daha toyda da ilk sözü yazıçıya verib, xeyir-şər məclisində onu yuxarı başda oturtmurlar. Bununla belə, mənimçün yazıçılıq bu gün də ən nüfuzlu sənətlərdəndi, yazıçı sözü nəzərimdə hələ də xüsusi çəki və sanbala malikdi. Amma kimsənin səninlə maraqlandığına, səni oxuduğuna şübhən varsa, bu, bəs deyil ki, doğrudan, indi «şeir vaxtı» deyil? Əcaib səslənsə belə, bütün yüzillərin şerin zamanı olmayan bir vaxtı olur, o da gəlib indiyə, bizlərin qismətinə düşüb.

 Bu gün Azərbaycanın ən zövqlü kitabsevərləri belə ən yaxşı halda «oxucunun» yazdığı əsəri oxumağa məhkumdursa, ortada niyə dəyərli bir əsərin olmadığı fikri, gərək ki, onların özünə də az aydın deyil. Çoxdanın fikridi ki, bir vaxtlar yazıçılar yazar, oxucular oxuyardı, indi isə oxucular yazır, heç kim də oxumur. Məncə, belə olur ki, mövcud ədəbi boşluğu teatrallaşmış cındır musiqi səhnələri ilə dolduranlar, illah da yarlı-yaraşıqlı qadın «sənətçilər» ictimai fikrə daha çox təsir imkanına malik olurlar, nəinki istedadlı qələm sahibləri. Ortabab bir şou-biznes əhli, bir-iki nəfəri istisna olmaqla, hal-hazırda istənilən Azərbaycan yazıçısını satın ala bilər. Bu, əsl faciədi!

 İndi nə eləyək? Üzdə olmaqdan ötrü bir çox başqaları kimi, durub bu yaşda ünlü şəxsiyyətlərin adından özümüz haqda yazılar qondaraq? Ya deputat dostları işə salaq ki, imzalarını bizlərdən əsirgəməsinlər? O da olmasa, hələ sözü keçən xalq şairi və yazıçıları qabağa verək? Səncə, bu, nəyisə dəyişəcək?

 Və nəhayət…

 Onu deyim… Hələ ilk gənclik illərində, o vaxt ki, nadir səsləri acgözlüklə dinləyirdim, heç elə olmurdu ürəyimdən keçməsin ki, əgər allah-taala o avazlardan bircəciyini mənə vermiş olsaydı, üç ildə-beş ildə yalnız bircə kərə oxuyar, o səsin intizarını çəkənləri illər uzunu həsrətdə qoyardım.

 Mən bilən, Böyük Nazimi ömrün sonuna yaxın «arısı Bağdaddan gələn bal» fikrinə gətirib çıxaran da elə o düşüncə idi:

 

 Nə minməli gümüş yəhərli

 bir atım,

 Nə də başqa varidatım.

 Nə mülküm, nə malım var,

 sadə bir çanaq balım var.

 Rəngi alovdan al –

 bir çanaq bal.

 Varım-yoxum bu baldı.

 Mən mülkümü, malımı,

 yəni bir çanaq balımı

 qoruyuram həşəratdan.

 Bəklə, qardaşım, bəklə!

 Çanağında balın olsun,

 arısı gələr Bağdaddan!

 

                                               19 iyul 2007

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 1
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0