Adil İsgəndərov: Boşluq ağrısı

May 5, 2026 - 15:19
 0  12
Adil İsgəndərov: Boşluq ağrısı

Yazıçı Ədəbiyyat Portalı Nəriman Əbdülrəhmanlının "Adil İsgəndərov: Boşluq ağrısı" yazısını təqdim edir.

                                            

***

         Biz xatirə söyləməyi sevirik...

         Nə vaxtsa bizimlə bir torpaq üstündə, bir səma altında yanaşı yaşamış, yaxından-uzaqdan tanıdığımız İNSAN əbədiyyətə qovuşanda gücümüz ancaq xatirə danışmağa çatır...

         Çox vaxt da o xatirələrin çəhrayı rəngi həddən artıq bol olur...

         Bəlkə də bunun səbəbi yaddaşımıza yazılmış həmin İNSANA sevgimizin böyüklüyüdü...

         Mən cəmi iki dəfə canlı gördüyüm, amma ünsiyyətdə olmadığım İNSAN – unudulmaz sənətkarımız Adil İsgəndərov haqqında xatirə danışmaq iddiasında deyiləm...

         Yalnız işıqlı bir yaz günündə dünyaya gəlmiş BÖYÜK SƏNƏTÇİnin özündən sonra qoyub getdiyi BOŞLUQ AĞRISI, o ağrının illərdən bəri səngiməyən, bəlkə də daha aydın duyulan göynərtisi, milli teatr və ekran sənətimizdəki yeri, yaşadığı ekran ömrü və Azərbaycan kinosunda haqlı olaraq anılan “Adil İsgəndərov dövrü” anlamında düşüncələrimi bölüşmək istəyirəm...

 

1. O, öz teatrını yaratmışdı...

         Adil İsgəndərovun ötən əsrin 40-50-ci illərində Azərbaycan teatr sənətinin inkişafındakı rolu haqqında çox yazılıb, elə təkcə “İsgəndərov teatrı” deyiminin ortaya çıxması onun səhnə sənətimizin inkişafında göstərdiyi ölçüyəgəlməz xidmətlərini təsdiq eləyir...

         Gəncədə doğulan (1910-cu il mayın 5-də) Adil Rza bəyin ailəsində böyüyüb, əslində soyadı İsgəndərov yox, İsgəndərbəyli olub, sovet hökumətinin təzyiqləri ilə qarşılaşmamaq üçün soyadlarını dəyişiblər. Gəncədə çox hörmətli bəylərdən sayılan Rza bəy Adilin 6 yaşı olanda rəhmətə gedib, ailə düşmənliyinin qurbanı olub. Anası isə Möhsün bəyin qızı idi.

Adil 1930-cu ildə Bakıda M.F.Axundov adına Azərbaycan Teatr Texnikumunu və 1935-ci ildə Moskvada A.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirdi, bir il Moskva Bədaye Teatrında rejissorluq təcrübəsi keçmiş 1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basdı. Rejissor debütü olan “Polad qartal” (1936) tamaşası həm sənət adamlarında, həm də tamaşaçılarda heyrət doğurmuşdu, əsl mədəni hadisəyə çevrilmişdi. Sonra da bir-birinin ardınca “Platon Kreçet”, “Həyat” “Vaqif” tamaşalarına quruluş verdi.

“Vaqif” milli teatr tariximizdə ən uğurlu, teatr tarixində əlamətdar hadisəyə çevrilən, Bakının mədəni mühitində oyanış yaradan tamaşalardan biriydi. Teatr həyatında yeni, coşqun mühit formalaşmağa başladı. Hər şeydə yenilik vardı, dekorlar da, aktyor oyunu da, ümumi kompozisiya quruluşu da klassik ənənələrin yeni formada təqdimatı idı.

         Amma uğurlarını gözləri götürməyən bədxahları da yatmamış, Mircəfər Bağırova donos yazmışdılar ki, “Vaqif”dəki Ağa Məhəmməd şah Qacar obrazı onun prototipidi, Səməd Vurğun onu baş kəsən, qan içən kimi göstərmək istəyir. Rejissora xəbər gəlib ki, Mircəfər Bağırov gəlib tamaşaya təkcə baxacaq, Səməd Vurğunla birgə böyük həyəcan keçirib, evdəkilərlə sağollaşıblar ki, birdən qayıtmazlar. Donos yazanlar gözləyiblər ki, tamaşadan sonra müəllifi də, rejissoru da maşına basıb aparacaqlar, ancaq əksinə olub, Bağırov tamaşanı çox bəyənib, onlara təşəkkür eləyib, bədxahların da arzuları gözlərində qalıb.

Sonralar Adil İsgəndərov “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “1905-ci ildə”, “Dumanlı Təbriz”, “Şərqim səhəri”, “Otello”, “Türkiyədə” və s. əsərləri tamaşaya qoyan  istedadlı rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirirdi...

Çox keçmədi ki,  teatrın baş rejissoru, sonra isə direktoru təyin edildi və 25 ilə yaxın bir dövrdə öz məktəbini yaratdı. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını “Adil İsgəndərov teatrı” adlandırırdılar.

 

2. Ekranda da milli ruhuun daşıyıcısı idi..

Adil İsgəndərov eyni dərəcədə böyük xidməti milli kino sənətimizin formalaşmasında da göstərib – bu barədə isə, təəssüf ki,  hələ kifayət qədər danışılmayıb...

Cəfər Cabbarlının vəfatından, Abbas Mirzə Şərifzadə, Şamil Mahmudbəyov kimi sənət fədailərinin amansız repressiya maşınının tırtılları altında qalmasından sonra ekran sənətimizdə milli ruh sarıdan böyük boşluq yaranmış, kinomuz “benəlmiləlçilik mövqeyi”nə yuvarlanmış, sonra müharibənin araya düşmüş, ardınca isə ortaya çıxan“beskartinye” dövrü milli və beynəlmiləlin çarpışması kimi xarakterizə olunmuşdu. Əlbəttə ki, “Arşın mal alan” (1945), “Fətəli xan” (1947) bədii və “Arazın o tayında” (1947) sənədli filmləri bu ölçülərə uyğun gəlmədiyinə görə hər cür vasitəylə beynəlmiləlçilik çalarları aşılamağa çalışıblar...

Belə bir vaxtda – 40-cı illərin axırı-50-ci illərin əvvəllərində Adil İsgəndərov öz teatrını yaradır,  həm də ekranda ilk rollarını ifa eləyirdi...

“O olmasın, bu olsun” (1956) filmindəki epizodik Qoçu rolundan sonra həmin il lentə alınan “Qara daşlar” lentindəki “Azərneft” birliyinin rəisi olan vəzifəpərəst, ancaq öz mənafeyi barədə düşünən Xəlilov roluyla da Adil İsgəndərovun milli kino sənətimizdəki aktyor ampluası müəyyən olundu, o, ekranda bir-birinin ardınca ancaq mənfi obrazlar yaratmağa, vəzifəpərəst, şöhrətsevər, hökmlü adamların rolunu oynamağa başladı.

Bu da onun öz istəyilə seçdiyi sənət taleyi deyildi, görkəminə, boy-buxununa, zəhminə yaraşan silsilə obrazlar idi. Məhkəmə sədri (“Bir məhəllədən iki nəfər”, 1957), Rosselini (“Uzaq sahillərdə”, 1958), Tacir (“Məhəbbət haqqında əfsanə, 1961), Klub Müdiri (“Əmək və qızılgül”, 1962) rolu da beləcə Adil İsgəndərovun boyuna biçilmişdi, xarakterinə, portret cizgilərinə görə əvvəlki rolları ilə səsləşirdi...

 

3. Dramatik, komik və faciəvi çalarlar ustası

Adil İsgəndərov teatrda olduğu kimi, kinoda da həmişə axtarışlar aparır, obrazların bir-birinə oxşamaması üçün hər birinə yaradıcılıqla yanaşır, müxtəlif səpkili rolları eyni ustalıqla oynayır, obrazlardakı dramatik, komik və faciəvi çalarları tamaşaçılara məharətlə çatdırırdı...

Rejissor Şamil Mahmudbəyovun 1963-cü ildə bəstəkar Rauf Hacıyevin eyniadlı operettasının motivləri əsasında ekranlaşdırdığı “Romeo mənim qonşumdur” filmi bu haqda fikir söyləmək üçün yetərincə əsas verir. Ekranda yaratdığı Quliyev obrazında aktyor bu üç ifa tərzini birləşdirir, sənətçi kimi böyük yaradıcılıq imkanlarını aşkara çıxarır.

O, Kamil Rüstəmbəyovun quruluş verdiyi “Zəncirlənmiş adam” (1964) qısametrajlı televiziya filmində də zalım Nikandro obrazıyla çıxdı: o, iş axtaran Alvaradonu it yerinə zəncirləyən harınlamış varlı sahibkarın insanlıqdankənar xüsusiyyətlətini tamaşaçılara məharətlə çatdırır

Elə Adil İsgəndərovun quruluş verdiyi yeganə film olan “Əhməd haradadır?” (1965) lenti də ekran ömrünün məntiqi davamıydı: o, kinomuzada milli xarakter yaratmaq yönümündəki axtarışlarını rejissor qismində də davam etdirirdi. Filmdə ilk baxışdan onun təbiəti, yaradıcılq ampluası ilə uyuşmayan incə yumor tamaşaçını elə ilk kadrlardan ovsunlayır. Rejissor eyni zamanı baş verən hadisələrdəki lirik xətti ustalıqla ayırır, inkişaf etdirir, məntiqi sona çatdırır.

Görkəmli dramaturq Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi bu ekran əsərində Adil İsgəndərovun sənətkar mövqeyi də açıq-aşkar nəzərə çarpır: rejissor azad məhəbbəti köhnə adət-ənənələrə qarşı qoyur, lakin dədə-baba adətlərini də istehza hədəfinə çevirmir, filmdəki yumor sağlam, sirayətedici gülüş doğurur.

Hər bir obrazın xarakterik cizgilərini tapmaq Adil İsgəndərovun bəxtinə düşən sənətkar məharətiydi. Onun ifa elədiyi rollar çox vaxt ekran əsərinin ümumi bədii dəyərindən və səviyyəsindən yüksəkdə dururdu...

 

4. Ekran sənətimizin ağsaqqalı...

Adil İsgəndərov öz teatrını yaratmış, Azərbaycan teatr sənətinin əvvəlki şöhrətinə qovuşması üçün əlindən gələni əsirgəməmişdi...

O, ekran sənətimizdə bitkin obrazlar qalereyası yaratmaq naminə istedadını və təcrübəsini səxavətlə sərf eləyirdi...

Yaradıcılığının son dövründə isə böyük sənətkar bütün gücünü Azərbaycan teatrı və kinosu üçün kadrlar hazırlanmasına, ekrana milli ruh, milli düşüncə, milli xarakterlər gətirilməsinə yönəltmişdi. 1966-cı ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru təyin olunması bu yönümdə fəaliyyətini daha da gücləndirmişdi. Ekran sənətimizə, sözün əsl mənasında, üzağlığı gətirən “Dəli Kür”, “Uşaqlığın son gecəsi”, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Şərikli çörək”, “Gün keçdi”, “Nəsimi”... filmlərinin məhz onun vaxtında ortaya çıxmasını təsadüfi hesab eləmək olmaz.

O dövrdə də əksər ekran əsərləri günümüzə Adil İsgəndərovun sayəsində çatıb. O, filmlərin senzurasına gücü çatan qədər müqavimət göstərib, imkan olmayanda rejissorları kiçik güzəştlərə getmək üçün dilə tutub. “Axırıncı aşırım” filmində Fərman Kərimzadə Moskvanın filmi ssenaridə olduğu kimi çəkməyə qoymmasından, edilən dəyişikliklərdən bərk hirslənəndə deyirmiş, nə çəkilsə, qənimətdi, gələcəkdə böyük dəyəri olacaq.

Adil İsgəndərov yuxarıdakı şəxslərin işinə müdaxilə eləmələrini sevmir, hər cür müqavimət göstərir, bu da əlbəttə ki, hökm sahiblərinin xoşuna gəlmirdi. Ona kimsə deyə bilməzdi ki, filankəsə, film, yaxud rol ver. Heç özü də rejissorlara təzyiq göstərmirdi, yalnız məsləhət verirdi. Elə bil, Allah vergisi vardı, adamın üzünə baxan kimi bilirdi ki, kim hansı rolu oynaya bilər. Hətta bir dəfə AKP MK-nin ikinci katibi Sergey Kozlov zəng eləyib ki, filankəsi filan rola çək, bir yahudi var, onu da rejissor köməkçisi elə. Deyib, yoldaş Kozlov, bilirsiniz ki, mikrorayonda su gəlmir? Yaxşı olar ki, su ilə məşğul olun, kino ilə mən məşğul olaram. Sonra da sağollaşmadan dəstəyi qoyub.

Bu, böyük sənətkarın “öz kinosunu yaratmaq” cəhdi kimi dəyərləndirilməlidi, amma o vaxtlar belə şeylər “beynəlmiləlçilikdən sapınma” sayılırdı, nəticədə də 1974-cü ildə vəzifədən kənarlaşdırılmasına səbəb oldu...

 

5. O səkkiz ildə cəmi iki filmə çəkildi...

Adil İsgəndərov kinostudiyaya rəhbərlik elədiyi dövrdə nəfsini özünəxas ağayanalıqla saxlamağı bacardı, cəmi iki-üç ekran əsərində çəkildi...

Nüfuzuna, vəzifəsinə basılıb rol təklif eləyənlər az deyildi, amma boyun qaçırır, vaxtını təşkilatçılıq işinə, kadr hazırlığına sərf eləməyə üstünlük verirdi...

“Qanun maminə” (1968) filmindəki Kamilov obrazı Adil İsgəndərovun yaratdığı hakimiyyət və hökm sevən, vəzifə və şöhrət vurğunu olan obrazlar silsiləsinə daxildi. Aktyor onun simasında 1930-cu illər Azərbaycan “yerli xadimlər”inin xarakterik cizgilərini toplayıb, təbiətcə mürəkkəb olan bir şəxsin hökmranlıq eləmək xislətini və ani səmimiyyətini (rast gəldikləri toy məclisində qol götürüb oynaması) tamaşaçılara böyük ustalıqla çatdırır. Onun Kamilovu vəzifəsini itirəndə belə, ağayanalığını, vüqarını saxlayır...

C.Cabbarlı adına “Azərbaycanfilm” və “Mosfilm“ kinostudiyalarının birgə ekran işi olan “Ulduzlar sönmür” (1971) filmində Adil İsgəndərov Milli Hökumətin baş naziri Nəsib bəy Yusifbəylinin obrazını yaradır və bir neçə epizodda görünür. Aydın ideoloji çalarlar belə, ifaçının peşəkarlığını və ustalığını pərdələyə bilmir, obrazı tamaşaçının yaddaşına həkk eləyir.

Milli kinomuzun ən böyük uğurlarından biri olan “Axırıncı aşırım” (1972) filmini tənqid ehtiyatla qarşılamış, milli özünüdərkin ekran ifadəsinin bariz nümunəsi olan lent layiqli qiymətini almamışdı. Halbuki, filmdə əsas obrazları yaradan aktyorlar – Adil İsgəndərov (Kərbəlayı İsmayıl) və Həsən Məmmədov (Abbasqulu bəy) elə həmin il Tbilisidə keçirilən Ümumittifaq kinofestivalında “Kişi rollarının ən yaxşı ifasına görə mükafata layiq görülmüşdülər.

Adil İsgəndərovun Kərbəlayı İsmayılı xarakterinin bütün mürəkkəbliyi ilə öz simasında milli çalarları, azərbaycanlı kişisinə xas olan cizgiləri birləşdirir. Aktyor onun zahiri əhval-ruhiyyəsini də, daxili yaşantılarını da tamaşaçılara böyük ustalıqla çatdırır. Kərbəlayı İsmayıl mövcud rejimə və hökumətə düşmən də olsa, sözübütöv, mərd adamdı, ideoloji rəqibi kimi üstünə gələn, bir vaxt çörək kəsdiyi adama silah qaldırmağı namusuna sığışdırmır. Onun yaratdığı obraz qondarmaçılıqdan, saxta çalarlardan çox uzaqdı, gerçəkliyi, milli tutumuyla diqqəti çəkir, şəxsi kinobioqrafiyasında, eləcə də milli ekran sənətimizdə koloritiylə seçilir. Bu da, şübhəsiz ki, aktyorun əsl sənət uğurudu...

Məsələn, istəsəydi, “Dəli Kür” filmində Cahandar ağa obrazını özü yaradardı, rejissor Hüseyn Seyidzadə dilə tutumuşdu, amma “Cahandar ağa Gəncədədi” deyib Ələddin Abbasovun yolunu açmışdı; istəsəydi, “Nəsimi” lentində Teymurləng rolunu özü oynaya bilərdi, ancaq imtina eləmiş, demişdi ki, Yusif Vəliyevin Teymurləngi daha mükəmməldi.

Adil İsgəndərov vəzifə yox, sənətkar mövqeyindən çıxış eləyir, özü yox, ekran sənəti, Azərbaycan mədəniyyəti barədə düşünürdü.

 

6. Enişli-yoxuşlu yolun son dövrü...

Adil İsgəndərovun yaradıcılıq yolu enişli-yoxuşlu olub, bu da, yəqin ki, əsl SƏNƏTÇİnin və böyük ŞƏXSİYYƏTin əbədi tale yazısıdı...

Adil İsgəndərov öz qəhrəmanlarının obrazını sadəcə yaratmır, onların həyatıq, qayğı və düşüncələriylə yaşamağı bacarırdı. Oynadığı rollara sırf sənət nöqteyi-nəzərindən yanaşmaq onun xarakterindəydi, hər bir təklif olunan obrazı yaratmaq üçün mənəvi haqq axtarırdı...

Yaradıcılıq ömrünün son dövründə Adil İsgəndərov Azərbaycan kinosunda cəmi bir neçə filmdə çəkilib, Əliqafar (“1001-ci qastrol”, 1974), Hatəmxan ağa (“Dərviş Parisi partladır”, 1977), Dadaşlı (“Arxadan vurulan zərbə”, 1977), Fərman  (“Üzü küləyə”, 1977) obrazlarını yaradıb. Yaratdığı Hatəmxan ağa və rayon prokuroru Dadaşlı aktyoru yaradıcılıq yolunun əvvəlinə qaytarıb: hər ikisinin ağır təbiəti, hökmü, zabitəsi Xəlilovun və Kamilovun xarakterinə çox yaxındı, amma onlardan özümlü cizgiləriylə seçilir.

SSRİ və Türkiyənin birgə istehsalı olan “Məhəbbətim mənim, kədərim mənim” (1978) filmində isə rejissor Əjdər İbrahimov sənət dostunu fərqli ampluada təqdim eləyib, ona qoca ustanın rolunu tapşırıb. Amma aktyor o kiçik rolunu belə, tamaşaçıların yaddaşına yazmağı bacarıb.

Üstəlik, son filminin Türkiyəylə bağlı olması da tale işiydi: o, ömrü boyu qardaş ölkəni görmək istəmişdi. Həmişə Əjdər İbrahimova deyirmiş, belə bir film çək, mütləq məni də dəvət elə. Axır ki, arzusu gerçəkləşəndə DTK-da xəbərdarlıq etmişdilər ki, Türkiyədə 1920-ci illərdə Azərbayacanı tərk edib gedən Gəncə bəylərinin övladları, nəvələri, nəticələri ilə görüşmək fikrinə düşməyin. Çünki orada yaşayan Gəncə bəyləri Adil İsgəndərovun bəy oğlu olduğunu bilir, onu görmək istəyirdilər.

Sonralar da Türkiyədən xeyli dəvət gəlmiş, amma o görüşməkdən boyun qaçırmışdı, DTK-nın mütləq xəbər tutacağını, həyatını zindana çevirəcəyini bilirdi...

 

7. İkinci Fəxri Xiyabanın sakini

1978-ci il sentyabrın 18-də cəmi 68 yaşında həyatla vidalaşanda da rəsmi məqamlarla “ixtilafda” olmuşdu...

Qardaşı oğlu Elxan İsgəndərov xatırlayır ki, “səhəri gün saat 10-da da Sov.İKP MK-nın Baş Katibi Leonid Brejnev Bakıya gəlməliydi. Camaatı Moskva prospektindən hava limanınadək küçələrə düzmüşdülər. Rəsmilərin başı Brejnevin gəlişinə qarışdığından Heydər Əliyev dəfn mərasimini Kamran Hüseynova tapşırmışdı. Kamran Hüseynov dedi, meyiti yarıb diaqnoz qoymalıdırlar. Birinci Fəxri Xiyabanda dəfn etmək üçün birinci katibin icazəsi lazım idi, mən də vaxtı uzatmaq istəmədim. Vida mərasimi Aktyor evində oldu. Cənazəsini Musiqili Komediya Teatrınadək çiynimizdə apardıq, İkinci Fəxri Xiyabanda dəfn elədik”.

Adil İsgəndərov sənətiylə ucalmış, şöhrətə çatmış, sonsuz nüfuz qazanmışdı...

Cəmi 28 yaşında “Azərbaycan SSR əməkdar incəsənət xadimi", 33 yaşında “Azərbaycan SSR xalq artisti, 49 yaşında “SSRİ xalq artisti” (üstəlik də Zaqfqaziyada ilk sənət adamı kimi) fəxri adlarına, 38 yaşında “Stalin” (sonralar SSRİ Dövlət) mükafatına layiq görülmək, üstəlik, 36 yaşında “Qırmızı Əmək Bayrağı”, 39 yaşında “Lenin” ordeniylə təltif olunmaq, iki çağırış respublika Ali Sovetinin deputatı seçilmək hər sənətçinin qismətinə düşən uğur deyildi.

“Azərbaycan teatrının Adil İsgəndərov dövrü”, “Azərbaycan kinosunun Adil İsgəndərov dövrü” “Adil İsgəndərov məktəbi” anlayışlarının yaranması onun bu həyatdakı nəhəng missiyasının sonucuydu...

Adil İsgəndərov 1937-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Teatr İnstitutunda (sonralar M.Əliyev adına ADİİ, indiki ADMİU) dərs demiş, bütöv bir sənətçi nəslinin yetişməsinə böyük əmək sərf eləmişdi...

Azərbaycan mədəniyyətində daim görünən yeri bizə daim böyük sənətçi Adil İsgəndərovu xatırladacaq...

2025, may

 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 1
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0