Qonar misralarım dodaqlar üstə - Hüseyn Kürdoğlunun şeirləri

May 7, 2026 - 12:48
 0  11
Qonar misralarım dodaqlar üstə - Hüseyn Kürdoğlunun şeirləri

Yazıçı Ədəbiyyat Portalı Hüseyn Kürdoğlunun şeirlərini təqdim edir.

 

Ellərin qəlbində

yuva quranda

 

Yadımdan çıxarmı yaşlı güneylər,

Ayağım yer tutmuş o dağlar üstə.

Bir gözəl ovcunda su vermiş mənə,

Alışıb yanmışam bulaqlar üstə.

 

Sənət beşiyində açıb gözümü,

Bəxtiyar sanmışam mən də özümü.

Yaza bilməyəndə ürək sözümü

Tökülüb göz yaşım varaqlar üstə.

 

İstərəm sel kimi kükrəyib-coşam,

Vətən gülzarına nəğmələr qoşam.

Pərvaza yetişən bala bir quşam,

Yuvamdan uçmuşam budaqlar üstə.

 

Şeiriyyət yolçusu bir həvəskaram,

Hər sözün üstündə qan verir yaram.

Pərvanə oldum ki, işıq axtaram,

Yandı qanadlarım çıraqlar üstə.

 

Könlümün sazına mizrab vuranda,

Min dastan deməyə hazır duranda,

Ellərin qəlbində yuva quranda,

Qonar misralarım dodaqlar üstə.

1955

 

Nələr keçər dünyadan

 

Ümman üstən bir körpüdür bu dünya,

Aman Allah, nələr keçər dünyadan?!

İblis gələr, baxar çaşqın bəşərə,

Qəhqəh çəkər, gülər, keçər dünyadan.

 

Ümidizdir bu körpünün özülü,

Yollarına qəm karvanı düzülü.

Məzarından qalxsa dərdli Füzuli

Göz yaşını silər, keçər dünyadan.

 

Şad olaram əcəl məni uyutsa,

Yanğınımı torpaq altda soyutsa.

Yer üzünə min kərə də qayıtsa,

Mənim ruhum mələr keçər dünyadan.

1991

 

Üzünü görsəm

 

Deyirlər sözlərim düşmür dilindən,

Min nəğmə yazaram üzünü görsəm.

Surətin qəlbimdə Leyliyə bənzər,

Bəlkə Məcnun ollam özünü görsəm.

 

Bir sona qaldımı eşqin gölündə,

Yanaram sazımın sarı telində.

Laçın bulaqları düşmən əlində,

Bir çeşmə taparam gözünü görsəm.

 

Dünya dərd evidir, hər arzuna çat,

Qovla qara günü, dalınca daş at.

Mənə bir gənclik də verərdi həyat,

Gözündə gizli bir sözünü görsəm.

 

Taleyim dönükdür, üzümə gülməz,

Sənəmlər gözümün yaşını silməz.

Hər gözəl könlümə iz sala bilməz,

Nə dərdim, könlümdə izini görsəm.

 

Hayıf, tez ağardı saçım qar kimi,

Mən xəzan kimiyəm, sən bahar kimi.

Köçərdim dünyadan bəxtiyar kimi,

Bir gün başım altda dizini görsəm.

1993

 

Körpələnmişəm

 

Bu payız gecəsi xəzəllər kimi

Getdiyin yollara səpələnmişəm.

Dönmüşəm doluxan boz buludlara,

Dağların başında təpələnmişəm.

 

Tayından ayrılan yalqız əliyəm,

Mələyə-mələyə sənsiz ləliyəm.

Köksümdə az üzün, bir dağ gölüyəm,

Çalınıb-çalxanıb, ləpələnmişəm.

 

Bir quşam, yuvası tar-mar kimi,

Xəyalım inlədi bir ruzgar kimi.

Oyanıb döş gəzən cocuqlar kimi,

Bu gecə ağlayıb, körpələnmişəm.

1992

 

 

***

Hər yetənə sirrim açma,
Tanıtma hər dilə məni.
Mən dünyanın dərd oğluyam,
Qorxutma dərd ilə məni.

 

Bulaqlar göz yaşım olsun,
Ulduzlar sirdaşım olsun.
Xəyalın yoldaşım olsun
Yola sal mərd ilə məni.

 

Kürdoğlunun ər dili var.
Nəğməsinin tər dili var
Gözlərində şər dili var
Öyrətmə şər dilə məni,
Qorxutma dərd ilə məni.

 Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0